AKİF ABBASOV – ƏVVƏLA, SALAM ƏLEYKUM…


ƏVVƏLA, SALAM ƏLEYKUM…
(hekayə)
Atlılar yol gəlirdilər. İsti onları əldən salmışdı. Nəhayət, gəlib üç yol ayrıcına çatdılar. İndi onlara lazım olan kəndə getmək üçün bu yollardan hansını seçsinlər?
Ətrafa boylandılar. Xoşbəxtlikdən iri gövdəli, uca, qollu-budaqlı ağacın kölgəsində saçı, saqqalı ağarmış ixtiyar bir kişi əyləşmişdi. Lakin ətraf aləmdən, dünyadan bixəbər görünürdü. Xəyalı uzaqlara getmişdi. Gələnləridən xəbəri tutmadı.
Məcid bəy çar-naçar ona müraciətlə:
-Əşi, – dedi.
Kişi səksəndi. Key-key onlara baxdı: “Bu atlılar haradan peyda oldular? Heç xəbəri olmayıb. Bura adamı deyillər”.
Məcid bəy sorğu-sualına davam etdi:
-Bu yollardan hansı Məlikli kəndinə gedir? Biz xamıq…
İxtiyar kişi özünə gəldi. Ayağa qalxıb ağır-ağır:
-Əvvəla, salam əleykum…- dedi. -İkincisi, siz xam deyilsiniz. Xam at olar, eşşək olar.
Atlılar bir-birlərinə baxdılar: “Bu kişi nə çərənləyir? Onları niyə təhqir edir?”
Kişi dərindən nəfəs alıb sözünə davam etdi:
-Siz xam deyilsiniz, nabələdsiniz. Bu yollardan sol tərəfdəki sizi aparıb Məlikli kəndinə çıxaracaq. Di xudahafiz, di yaxşı yol!
Atlılar yollarına davam etdilər. Nəcəf bəy üzünü Məcid bəyə tutaraq:
-Halal olsun, görüb-götürmüş kişi idi. Belə çıxır ki, o bizə qarşı yox, biz ona qarşı hörmətsizlik eləmişik. Nə rastlaşamda salam verdik, nə də ayrılanda Allahın sağ olunu demədik. Kişi bizə yol göstərmişdi. Amma borclu da qalmadı. Bu bəyənmədiyimiz adam bizə əməlli-başlı dərs verdi.
Şirvan şəhəri, 17.02.2024-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Deyin, hardadır o, üzü dönmüş…

Deyin, hardadır o, üzü dönmüş…

                      (hekayə)

Hava  çox isti idi. Gün adamı yandırırdı. Hər kəs bir kölgəliyə  çəkilib, günəşin istisindən qorunmaq istəyirdi. Şahbaz da əl üzünü yuyub, evə  keçdi. O, pəncərədəki radionun düyməsini basdı. Niyaməddin Musayev “Şahnaz təsnifi”ni oxuyurdu: Deyin hardadır, o üzü dönmüş. Şahbaz pəncərənin  yanındakı  çarpayıya uzandı. Əllərini bir-birinə daraq edib, gözlərini yumdu. Niyaməddin oxuyurdu: Deyin hardadır, o üzü  dönmüş, sevən ürəyim onu soraqlar.Fikir, xəyal Şahbazı çox-çox uzaqlara  apardı.

                                                            xxx

Dərs ili yenicə başlamışdı. Səməd müəllim sinif uşaqlarını bir-bir durğuzub, yerlərini dəyişdi. Hər partada bir oğlan, bir qız oturdu. Şahbazla Gülyaz üçüncü cərgədə, ikinci partada oturdular.

            Gülyaz sakit təbiətli, tərbiyəli, savadlı bir qız idi. O, hər gün dərsə  hazırlıqlı gəlir, müəllimin verdiyi tapşırıqları mütləq yerinə yetirirdi. Şahbaz da pis oxumurdu. Onlar orta məktəbi bitirdikdən sonra təhsillərini davam etdirmək fikrində idilər. Gülyaz riyaziyyatı çox sevirdi. O, riyaziyyat müəllimi olmaq istəyirdi. Şahbaz isə  mühəndis olmağı qarşısına məqsəd qoymuşdu. Onları hər şeydən çox  bu riyaziyyat fənni yaxınlaşdırırdı. Çünki onlar eyni müəllimin  məşğələsində mütəmadi olaraq iştirak edir, bu fənn üzrə çox sorğu-sual edirdilər.

            Deyirlər məhəbbət həm də vərdişdən yaranır. Artıq Şahbazla Gülyaz bir-birinə o qədər vərdiş etmişdilər ki, birinə bir şey olanda o birisi çox narahat olurdu. Hər birinin ailə üzvüləri bunu çox normal qarşılayır, məktəb, sinif yoldaşı olduqlarını düşünürdülər.

            Günlər, aylar bir-birini ötüb keçirdi. Uşaqlarda həmin uşaqlar deyildi artıq. Onlar böyüyüb həyata başqa gözlə baxırlar. Şahbazın qəlbində başqa bir hiss yaranmışdı. Bir gün Gülyazı  görməyəndə özünü çox narahat hiss edirdi. Elə Gülyaz da Şahbaza biganə deyildi.

                                                            xxx

            Səməd müəllim uşaqları çağırıb, onlara sabah  riyaziyyatdan  əlavə  dərs olduğunu dedi:

– Uşaqlar, bildiyiniz kimi sabah riyaziyyatdan əlavə dərsimiz var.

Maraqlı mövzular olacaq. Bu Gülyaz üçün çox sevindirici oldu. Həm  bilmədiklərini öyrənəcək, həm də  yenə Şahbazla bu mövzuda sorğu-sual edəcək.

            Dərsdən sonra  uşaqlar gəlib sinif otağının yanında müəllimi gözlədilər. Gülyaz əlindəki  kitabı o üz bu üzə vərəqləsə də  fikri Şahbazın yanında idi. Şahbaz da altdan-altdan Gülyazı seyr edirdi. Budur Səməd müəllim əlində kitablar  gəlib sinfə daxil oldu. Uşaqlar da keçib hər kəs öz yerində  oturdular. Müəllim aram – aram mövzuları uşaqlara  başa salır, bilmədiklərini yenidən təkrar edirdi. Gülyaz hamıdan tez verilən tapşırıqları yerinə yetirdi. Və Şahbazın yazısı ilə maraqlanırdı. Şahbaz da tapşırıqları yazıb qurtardı və müəllimə göstərdi. Müəllim dəftəri alıb baxdı, başı ilə razılığını bildirdi.

Dərs qurtardı, uşaqlar hər kəs öz evinə getdi.Artıq Şahbaz tamam dəyişmişdi. O Gülyazı bir an nəzərindən uzağa qoymurdu. Şahbaz uşaqlardan ayrılıb, Gülyazla yanaşı addımlamağa başladı. Mövzunu  bəhanə edib, bayaq ki, dərs  haqqında  onunla bir xeyli söhbət etdi.

                        xxx

            Dərs ili qurtamaq üzrə idi. Dərs ilinin  qurtarmasına  günlər qalırdı. Uşaqlar orta məktəbdə imtahana hazırlaşırlar. Onlar həftənin bütün günlərini məktəbdə keçirir, həm orta  məktəb imtahanına, həm də  ali  məktəbə qəbul  imtahanına hazırlaşırlar. Onları çətin  imtahan  gözləyir. Gülyaz bir an kitabdan ayrılmır, bütün günü  dərslərə hazırlaşırdı. O mütləq ali məktəbə qəbul  olmalıdır.

            Şahbazı nə qədər imtahan narahat edirdisə, bir o qədər də Gülyaz narahat edirdi. Şahbaz artıq özü ilə bacara bilmirdi. O Gülyazsız bir an qala  bilmir,  hər dəfə bir şeyi bəhanə edib, onun yanına gəlir, onunla söhbət edirdi. Yox o Gülyaza onu sevdiyini deməlidir. Artıq orta məktəbi qurtarırlar. Yeni həyata atılırlar. Öz  arzularının  dalınca  gedəcəklər.

            Şahbaz neçə dəfə bu  sözü demək  istəmişsə də,  o özü ilə  bacara bilməmişdir. Ancaq Gülyaz artıq Şahbazın üzündən, gözündən,  davranışından ona olan  münasibətini hiss edirdi. Elə Gülyaz da  bu sözü  ondan eşitmək  istəyirdi. Gülyaz da Şahbazı görəndə ürəyi əsirdi. Bir gün Şahbaz Gülyazdan özünün riyaziyyat kitabını istədi. O kitabı Şahbaza verəndə  ya təsadüfdənmi, ya  bilərəkdənmi Şahbazın əli  qızın əlinin üstünə düşdü. O bu  hərəkətdən az qala  yıxılacaqdı, ürəyi  elə çırpındı ki, az qala yerindən qopub düşəcəkdi. O evə necə gəldiyini  bilmədi.

            Şahbaz evə gələn  kimi bir qələm, bir kağız  götürüb, ora bu sözləri yazdı.

            Gülyaz, mən səni sevirəm. Məni gözlə.

Səni dünyalar qədər sevən  Şahbaz.

Vərəqi qatlayıb, kitabın arasına  qoydu. Tələsik kitabı aparıb Gülyaza verdi. Gülyaz da onun  fikrini hardasa anlamışdı. O kitabı alıb, evə  gəldi, tez  kitabı vərəqləməyə başladı. Kitabın arasından vərəq yerə düşdü. Gülyaz tez kağızı açıb oxumağa başladı. O kağızı ovcuna sıxıb, gözlərini yumdu, bilmədi ki,  neyləsin. Ağlasınmı, gülsünmü, sevincdən  qışqırsınmı. Ayaqları əsməyə başladı, ürəyi  titrəyirdi. Bir təhər gəlib çarpayıda uzandı. Nə vaxt yuxuya getdiyini bilmədi.

                                                xxx

            Şahbaz  dərsə gələndə yol boyu Gülyazı düşünürdü. Tez gedib onu görsəydim, onun gözlərinə baxsaydım. Nəhayət dərs başladı.Hamı sinfə daxil oldu. Qapının  ağzında Şahbazla, Gülyaz rastlaşdı. Şahbaz dik Gülyazın gözlərinin içinə baxdı. Elə bil  qızın gözləri nə isə  demək istəyirdi. Gülyazın yanaqları sanki yanırdı. Sifəti allanmışdı. O keçib yerində əyləşdi, nə edəcəyini, nə deyəcəyini bilmirdi. Şahbaz əlindəki  qələmi tez-tez partaya vurub, fikrini cəmləmək istəyirdi. Yaxşı ki, müəllim uşaqlarla danışmağa başladı. Müəllimin səsi hər ikisini öz fikrindən ayırdı. Şahbaz nə qədər narahat görünsə də, bir  o qədər də özünü rahat hiss edirdi. Ürəyindən keçəni Gülyaza demişdi.

            Artıq Şahbaz Gülyazla  başqa cür rəftar edirdi. Gülyaz da onun  səmimiyyətinə  inanır, onu olduğundan daha çox sevirdi.

                                                xxx

            Orta məktəbdə buraxılış imtahanı başa çatmışdı. Məzunlar atestatlarını alıb, hər kəs öz arzuladığı peşənin  dalınca getdi. Kimi instituta, kimi texnikuma, kimi sənət məktəbinə üz tutdu. Şahbaz da sənədlərini hazırlayıb, Neft və Kimya İnstitutuna verdi. Qəbul imtahanlarından yaxşı və əla qiymət alıb, ali  məktəbə qəbul  oldu. Sevincinin həddi- hüdudu yox idi. Çəkdiyi zəhmət  hədər getməmişdir. Bir tərəfdən də sevinirdi ki,  Gülyazla eyni  şəhərdə  yaşayacaqdı, istədiyi vaxt görüşəcəkdi.

            O Gülyazla görüşüb, vəziyyətlə maraqlandı. Gülyaz da universitetin riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Onlar tələbə biletlərini alana qədər şəhərdə  qaldılar. Onlar illərlə çəkdikləri zəhmətin bəhrəsini görmüşdülər. Bir az gəzib dincəlmək istəyirdilər. Tez-tez Şahbaz gəlib  Gülyazı da  götürüb şəhərə çıxır, parkda, bulvarda gəzib dolandılar. Bir neçə gündən  sonra biletlərini alıb, evə  qayıtdılar. Bir azdan onlar üçün qaynar tələbəlik həyatı başlayacaqdı. Şahbazgilin də,  Gülyazgilin də evində toy-bayram idi. Axı hər iki evin övladı ali məktəbə  qəbul olunmuşdu.

                                                xxx

Şahbaz paltarlarını geyinib, divardan asılmış güzgünün qarşısına  keçdi.  Saçlarını səliqə ilə  darayıb pilləkənə tərəf getdi. Pilləkəndə anası ilə  rastlaşdı. Anası oğluna  baxıb sevindi, zarafatla, — Anan qurban,  hara gedirsən, görüşə gedənə  oxşayırsan. Şahbaz anasının  boynunu qucaqladı, üzündən öpdü, yavaşca  anasının qulağına dedi: — Hə ay ana, görüşə gedirəm və yoluna davam etdi. O Gülyazgilə  gedirdi. Gülyazı  görüb, nə vaxt şəhərə  getməyini bilmək istəyirdi. Şahbazın qanadı olsaydı uça-uça gedərdi Gülyazgilə.Qəlbində  o qədər sevinc var idi ki. O Gülyazgilin darvazasının yanına çatanda  qapı açıq idi. Bir – iki addım içəri keçmişdi ki,  həyətdə  Gülyazın anası Qəmər xalanı  gördü. Salam verdi: — Hər vaxtın xeyir, Qəmər xala. Qəmər xala  Şahbazı görüb — Qadan alım, a Şahbaz niyə gəlmirsən, orda niyə durmusan? Şahbaz Gülyaz lazımdır, kitab var onu  soruşacağam, dedi. Qəmər xala  Gülyazı səsləyib, — Ay Gülyaz, Şahbaz səninlədi gör nə deyir . Gülyaz Şahbazı  görcək  həm sevindi, həm də  özü-özündən bir az utandı. O, irəli gəlib, Şahbazla  görüşdü, nə üçün gəldiyini soruşdu. Şahbaz kitab almağa gəldiyini dedi. Əslində o Gülyazdan nə vaxt şəhərə gedəcəyini soruşmağa gəlmişdi. Gülyaz gələn həftə gedəcəyini dedi. Bir az söhbət etdikdən sonra Şahbaz evlərinə qayıtdı.

                                                xxx

Şahbazın anası onun Gülyaza meylinin olduğunu çoxdan duymuşdu. Ancaq ürək  edib, oğlundan bu haqda  heç bir  söz  soruşmamışdı. Vaxtı gələndə özü deyəcək, demişdi.

            Şahbaz əlində kitab evə gəldi. Çox sevincək idi.  Anası da bunu görüb çox sevindi.

Şahbaz — Ana mən gələn həftə Bakıya gedəcəyəm. Mən gərək indidən hazırlaşım. Anası, nə deyirəm, ay ağul, işin avand olsun, dedi.

                        xxx

Bu bir həftə Şahbaza bir il kimi göründü. Nəhayət Bakıya yola düşdü. Heç vaxt  yaddan çıxmayan tələbəlik həyatı başladı. Hər gün dərs, tələbəyə məxsus məişət  qayğıları, tələbə kasıblığı. Bütün bunlarla  yanaşı Şahbaz Gülyazı da  yadından çıxarmırdı, onun da qayğıları ilə maraqlanır, lazım olan  kitabı tapır, onun  üçün də  bazarlıq edirdi.

                        xxx

Artıq universitetdə çox uşaqlar Şahbazı tanıyırdı. Yataqxananın  demək olar ki, bütün  tələbələri, komendantı və başqaları  Şahbazı görən kimi  bilirdilər ki, Şahbaz Gülyazdan ötrü gəlib.

            Beləcə birinci, ikinci kursu başa vurdular. Üçüncü kursu bitirdikdən sonrs tələbələri yay  tətilində Krasnodora göndərdilər. Bütün tələbələr kimi Gülyaz da Krasnodara  yola düşdü. Tələbələri pomidor  yığımına cəlb etmişdilər. Onlar həftənin  müəyyən günlərində  yığımda iştirak edir, müəyyən  vaxtlarda isə şəhərə  gəzməyə çıxır, konsertə gedirdilər. Bu müddət ərzində Camal  heç də Gülyazı gözdən  qoymurdu. Yığım vaxtı onun vedrəsinə kömək edir, şəhərə çıxanda onunla gəzməyə fürsət axtarırdı.

            Camal da  universitetin fizika fakültəsində  oxuyurdu. Yaxşı imkanlı bir ailənin uşağı idi. Məktəbə maşınla gəlir, geyimi ilə, davranışı ilə  hamıdan seçilməyə  çalışırdı. O, hərdən Gülyazla  rastlaşır. Hər dəfə  onu görəndə Camal da  qəribə bir hiss yaranırdı. Bir dəfə universitetin pilləkənlərində Gülyazla  Camal rastlaşdı. Camal özünü itirmədən Gülyaza salam verdi. Gülyaz onun salamını alıb keçdi. Camal ona nə isə demək istədi, ancaq dönüb getdi. Yox o elə-belə hiss deyildi. O, Gülyaza vurulmuşdu. Mütləq onu görməli, danışmalı idi.

                                                xxx

            Universitetdə çox qızlar Camalla dost olmaqdan, hətta sevgili olmaqdan ötrü əldən-ayaqdan gedirdilər.Camalsa bunlara əhəmiyyət vermirdi. O, Gülyaza vurulmuşdu. Bunu mütləq ona deməlidir.  Camal  bir neçə dəfə Gülyazı izlədi. Onun kiminlə dostluq etdiyini, kiminlə gedib – gəldiyini öyrəndi. O, Gülyazın  yaxın rəfiqəsi Kəmalə ilə görüşüb, söhbət etdi. Gülyaz haqqında ətraflı məlumat topladı, harada qaldığını öyrəndi.Camal bu məsələnin  həll etmək  yolunu ancaq Kəmalədə gördü. Ancaq bu yolla bu məsələni  həll edə bilərdi.

            Bayramlarda o Kəmaləyə hədiyyə  alıb gətirir, birini də rəfiqəsinə verməyi tapşırırdı. Bir gün o Kəmaləyə Gülyazdan xoşu gəldiyini dedi. Kəmalə də bunu çoxdan hiss etmişdi. O bu  haqda Gülyaza  söyləyəcəyini Camala dedi.

            Kəmalə Gülyaza  dərsdən gələndən  sonra şəhərə getməyini təklif etdi. Gülyaz da bir az tərəddüd etdikdən  sonra razılaşdı. Onlar bir az  gəzdikdən sonra  parkda skamyaların  birində oturdular. Bu vaxt Camal  maşınla gəlib, parkın  kənarında onlarla üzbəüz dayandı., maşını  saxlayıb, maşından düşdü.Kəmalə bunu görüb Gülyaza dedi:

– Camal da burdadır, dur bir az gəzək. Gülyaz heç özü də  bilmədən

ayağa  durdu. Onlar parkın ortasında görüşdülər. Bir az gəzdikdən sonra qayıtmaq  istədiklərini  bildirdilər. Camal onları maşınla aparmaq  istədiyini dedi. Qızlar bir az tərəddüd etsələr də  razılaşdılar. Beləcə onlar bir neçə dəfə görüşdülər. Bir gün Kəmalə Gülyaza Camalın ondan xoşu gəldiyini dedi. Gülyaz Kəmaləyə – yox,  ola bilməz, bu haqda heç fikirləşməyə dəyməz, dedi.O, bu sözü eşidəndə gözünün qarşısına Şahbaz  gəldi.Axı illərdir Şahbaza söz verib, bu necə ola bilərdi. Şahbaz bunu  eşitsə nə deyər?

            Kəmalə Gülyaza – ay qız, ağlını başına yığ, universiteti qurtarmağımıza  günlər qalıb, Camal kimi oğlanı əlindən buraxacaqsan? Şəhərdə qızlar ondan ötrü əldən ayaqdan gedirlər. İmkanlı, yaraşıqlı oğlandı. Yaxşı fikirləş, sonra peşiman olarsan. Onlar bir az bu haqda söhbət etdikdən sonra hər kəs  öz işinin  dalınca getdi. Nə Camal, nə də Şahbaz Gülyazın  gözünün qarşısından getmirdi. Camal da yaraşıqlı, imkanlı bir  oğlandı, Neyləsin hansını seçsin.

                                                            xxx

            Şahbaz ali məktəbi  qurtardıqdan sonra  onu  təyinatla Tümen vilayətinə  işləməyə göndərdilər.  O evlərinə gəlib, valideyinləri ilə görüşüb, Tümenə getdiyini onlara bildirdi. Tələsik Bakıya qayıtdı ki,  gedib Gülyazı görsün, onu  məsələdən  agah  etsin. O, Bakıya gəldi. Gülyazı görə bilmədi. Gülyaz da evlərinə qayıtmışdı. Şahbaz  çox narahat oldu. Fikirləşdi ki, məktubla əlaqə saxlayar. O Tümenə yola düşdü.

                                                            xxx

            Gülyaz bir az rayonda qalıb, şəhərə qayıtdı. Kəmalə şəhərdə onu gözləyirdi. O Camala cavab verməli idi. Nə olur, olsun Gülyazdan razılıq almalıdır. Gülyaz Kəmalə ilə  görüşüb, hal-əhval tutdu. Kəmalə ordan-burdan söhbət edib, məsələni  yenə Camalın üstündə  saxladı. – Ay Gülyaz, nə oldu fikirləşib, qurtardın? Axı Camal səndən cavab gözləyir, deyə Gülyazdan soruşdu. Gülyaz nəsə demək istədi. – Axı, Kəmalə onun sözünü ağzında kəsdi. Nə axı, ay qız, sənin ağlın yoxdur başqası olsaydı, indi  çoxdan  toyları da olmuşdu. Mən Şahbaza söz vermişəm dedi. – ay qız, quru sözdən nə çıxar, sən gələcəyini fikirləş, həyatını, uşaqlarını fikirləş. Şahbaz hanı o, çıxdı getdi, kim bilir orda sən onun yadına düşəcəksən, ya yox.

Gülyaz  – sən mənə bir az vaxt ver Kəmalə, fikirləşim deyərəm.

Kəmalə Camalla görüşüb, vəziyyəti ona söylədi. O vaxtı uzatmaq olmaz, – dedi. Kəmalə – nə  olur – olsun ondan hə cavabı alacam, deyərək Camaldan ayrıldı.

                                                            xxx

            Qadınların  özləri kimi sevgiləri də  müxtəlifdir, qəribədir. Kimi ağlı ilə sevir, kimi gözü ilə, kimi də eşitdiyi sözlə sevir. Elə sevgilər var ki, ağlın, dərrakənin yox, varın, dövlətin,  gözəlliyin üzərində yaranır.

            Camalın imkanı, yaraşığı, Gülyazı elə  dəyişdi ki, o saf  eşqin, məhəbbətin nə olduğunu  tez unutdu. Camal Gülyazın qəlbinə elə yol tapdı ki, Şahbaz onun  yadından çıxdı, unuduldu.

                                                            xxx

Kəmalə Gülyazla görüşüb, təkidlə, Camal səndən  cavab gözləyir, dedi. Gülyaz – nə  deyirəm olsun, yaxşı, deyib, pəncərənin qarşısına keçdi, pəncərədən çölə baxdı. Kəmalə sevincək gəlib, Gülyazı qucaqladı, üzündən öpdü və bu  şad xəbəri Camala çatdırmaqdan ötrü tələsik onun yanına  getdi.

Camalla Gülyaz el adəti  ilə nişan alıb, toy etdilər.

                                                            xxx

Şahbaz gəlib Tümenə çatdı, qaldıqları yeri, ünvanı müəyyənləşdirdikdən sonra o, Gülyaza məktub yazdı, poçtla yola saldı. Bir neçə  dəfə  məktub  yola saldıqdan sonra o çox  narahat  oldu. O, yazdıqları məktublara cavab almırdı. O çox əsəbləşdi, görəsən məktublara niyə cavab gəlmir, bəlkə  məktublar  gedib ünvana çatmır, ya da Gülyaz özü cavab vermək  istəmir. O, artıq dözə bilmədi. Mütləq evə qayıtmalıdır, bir səbəb  olduğunu öyrənməlidir. O iş yerindən bir neçə günlüyə icazə alıb, vətənə qayıtdı. Gəlib Bakıya düşdü.

            Gözəl Bakı. Xoş günlərimizin keçdiyi  gözəl şəhər. Həm də bir çox hadisələrə səbəb olan şəhər. Bəlkə də Bakı  olmasaydı Camal Gülyazı görməzdi, ona vurulmazdı. Gülyaz da  öz  əhdinə  dönük çıxmazdı. Nə isə.

            Şahbaz rayon  avtobuslarının birinə oturub, evə gəldi. Anası Şahbazı görüb sevincindən ağladı. Onlar görüşüb hal-əhval tutdular. Bu neçə vaxtda kimin evlənib, kimin hara  getdiyini  soruşdu Şahbaz. Anası söhbət arası Gülyazın da  ərə getdiyini  dedi. Şahbaz ola bilməz, ana,  deyə qışqırdı. Ana bu sözdən elə bil  səksəndi. Və nə deyim ay oğul, mən neyləyim, anan ölsün, dedi. Şahbaz bir neçə gün burda qalıb, Gülyazı  görmək  istədisə də, onu  görə  bilmədi. Kor-peşiman yenidən Tümenə qayıtdı.

Müəllif: Tənzilə ƏLİYEVA

TƏNZİLƏ ƏLİYEVANIN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəxrəddin Teyyubun şeirləri

Kaş rəssam olaydım

Bağçama, bağıma qar yağıb yenə,
Bəyaz təbəssümdü, bu qar deyil ki.
Lopalar bənzəyir ağ göyərçinə,
Göydə uçuşurlar, bahar deyil ki.

Torpağa xeyirdi, yerə xeyirdi,
Baharda dil açar, ruzu, var altda.
Dünən nərgiz gülü gülümsəyirdi,
Bu gün gözə dəymir, qalıb qar altda.

Göydən qayğı yağır, sevinən deyil,
Soruşmayın, qəlbim niyə gülmədi?
Ağappaq xalıdı torpaq elə bil,
Üstündə ağaclar ilmə- ilmədi.

Deyirəm dünənki çal- çağır hanı?
Küçələr saxlamaz adam səsini.
Səhər ayrı cürə gördüm dünyanı,
Gördüm ki, dəyişib qiyafəsini.

Yerin bəyazlığı arzu ki, kam ki,
Əzəldən torpağa başımı əydim.
Kaş rəssam olaydım, elə rəssam ki,
Uşaq sevincinin rəngin çəkəydim.

Bu ümid hələ çox yaşadar məni

Yaşım qılıncını çəksə üstümə,
Kədərim çən kimi çöksə üstümə
Buludlar hirsini töksə üstümə,
Döysə yağış məni, boran, qar məni,
Bu ümid hələ çox yaşadar məni.

Haqqım yox, doğmadan, nə yaddan küsüm,
Uça bilməmişəm, qanaddan küsüm?
Qoymadı darıxım, həyatdan küsüm,
Bağçamda, bağımda bəhər, bar məni,
Bu ümid hələ çox yaşadar məni.

Çevirmə arxanı öz amalına,
Tanrı sevgisindən süz amalına.
Gözümü dikmədim dünya malına,
Desin, kimsə görüb könlü dar məni,
Bu ümid hələ çox yaşadar məni.

Toyda da, yasda da görünmüşəm mən,
Ruzum qaçaq düşüb, sürünmüşəm mən.
Utanıb abrıma bürünmüşəm mən,
Bəzən ac qoyubdu həya, ar məni,
Bu ümid hələ çox yaşadar məni.

Ürəyə məlhəmdi bir isti baxış,
Ömrü uzadandı hər dua, alqış.
Mənə, neyləyəcək axı qarlı qış?
Gətirib dünyaya ilk bahar məni,
Bu ümid hələ çox yaşadar məni.

Təqdim etdi: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru