“Yazarlar” jurnalı tərəfindən təşkil olunmuş müxtəlif tədbirlər zamanı qaliblərə və Azərbaycanı ölkəmizdən kənarda ləyaqətlə təmsil edən ziyalılarımıza təqdim olunur. təqdim olunur. Diplomdan ibarətdir. Azərbaycanın Xalq yazıçısı, dünya şöhrətli yazarımız Çingiz Abdullayevin icazəsi və xeyir-duası ilə ərsəyə gəlmişdir. № 0001 (05.03.2024-cü il, Bakı şəhəri) diplom şəxsən Çingiz Abdullayev tərəfindən Azərbaycan Yazıçılar Birliyində ölkəmizi Norveçdə ləyaqətlə təmsil etdiyinə, Ana dilimizin qorunmasında xüsusi xidmətlərinə görə Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi nin koordinatoru, Yazarlar Jurnalı Norveç təmsilçisi xanım Günay Əliyeva (Gunay Aliyeva) ya təqdim olunmuşdur.
Onsuz da bu dünya çoxdan talandı Mən necə aldadım şair könlünü?! Nə qədər xoş söz var şirin yalandı Mən necə aldadım ,Şair, könlünü?!
Necə ovundurum Duman adamı Bu təmiz adamı, iman adamı Sonradan göynədər güman adamı Mən necə aldadım, şair könlünü?
Qadın nə vanildi, nə çiyələkdi Nə günəş, nə mələk, nə də çiçəkdir Qəlbini isidən qadın göyçəkdi Mən necə aldadım, Şair, könlünü?!
Bəzən sevgi bizi ilan tək çalar Bir – iki xoş kəlmə xatirə qalar Yadına düşəndə canını alar Mən necə aldadım, şair könlünü?
Eşqin qor acısı gözdə naxış tək Keçmişin izləri küskün baxış tək Ömür yağıb bitər narın yağış tək (Milyonlar içində şair təkdi tək) Mən necə aldadım, Şair, könlünü?
YETİM QACARDAN TURAN NOVRUZLUYA…
Aldadan aldadıb səndə günah yox Aldanıb dünyaya gələn şairi Bircə sən aldatma nə dəyişərki Yalanı həqiqət bilən şairi
Bir az yaşamağa güman var hələ İmansız önündə iman da belə Duman yox a dostum bulud zənn elə Gözünün yaşını silən şairi
Bülbül cəh-cəh edər çiçək vaxtısa Ürək nece gülsün həsrət baxtısa Qəlbini isidən qadın yoxdusa Kimsə görə bilməz gülən şairi
Dərdi deməmişdən dərmanı qoydun Sən dərdin gözünü söz ilə oydun Nə yaxşı anladın nə yaxşı duydun Dərdini səninlə bölən şairi
Anladın dilini könlü lalında Pozuldu yazılar o an alında Ölmüşdü təkliyin tənha halında Diriltdin söz ilə ölən şairi.
Dovşanların arasında ən balacaboy dovşandır. O, nə qədər dostlarıyla oynamaq üçün yaxınlaşırdı, onlar onu özlərindən uzaqlaşdırırdı. Balacaboy dovşan axırda yorulub, özü onlardan uzaqlaşdı. Bilirdi ki, dostluq qarşılıqlı olmalıdır. Özünə olan inamı itmişdi, qəlbi incimişdi, özünün özündən də xoşu gəlməməyə başladı. Atasına baxdı, böyüküydü. Anasına baxdı, böyüküydü. Balacaboy olmağından yavaş-yavaş utandı. Balacaboy dovşan bir az evlərindən uzaq özü kimi balacaboy dovşan axtarmaq qərarına gəldi. Yol kənarında quyunun yanından keçəndə qışqırıq səsləri eşitdi:
– Kömək edin. Kömək edin. Biz bura düşmüşük, kömək edin. Balacaboy dovşan qorxdu, qaçaraq quyudan uzaqlaşdı. Dayanıb dərindən nəfəs alırdı. sağa-sola baxdı və yavaş-yavaş quyuya yaxınlaşdı. Quyunun içinə baxana qədər əsirdi. Gözlərini bərəltdi. Çünki onu yaxınına buraxmayan dovşanlar quyuya düşmüşdü. Onlar dovşana yalvarırdılar:
– Balacaboy, kömək elə. Xahiş edirik, kömək elə.
Balacaboy səssizcə ətrafı gəzməyə başladı. Kənara kəndir atılmışdı. Balacaboy kəndirin bir ucunu quyuya atır, bir ucunun da üstünə çıxır. Beləcə, iki dovşan quyudan bir-bir çıxır. Onlar balacaboya, balacaboy onlara baxır. Onlar balacaboya “çox sağ ol” deyirlər. Və ona lağ etdikləri üçün üzr istəyirlər. O gündən anlayırlar ki, əsl dost görünüşünə görə yox, yaxşı xasiyyətinə, mərdliyinı görə seçilməlidir. O gündən balacaboy şən və xoşbəxt olur. Özündən də utanmır.
Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.
“Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.
Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…
Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.
II
Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:
Gəlin.
Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:
Nə olub sizə? – deyə soruşdu.
İnsult, – deyib köks ötürdü.
Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
Çoxdan keçirmisiz?
Yox, üç il öncə.
Daha öncə bərpada olmusunuzmu?
Hə, üç-dörd dəfə olmuşam.
Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
Bura ilk dəfədir gəlirəm.
Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.
Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.
Rayonumuzu bəyənməyinizə sevindim.
Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:
Daha öncə “əmək terapiyası” almısınızmı?
Xeyr.
Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.
Onun hərəkətlərini izləyə-izləyə:
Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
Əvvəldən buradamı işləyirsiniz?
Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
Yəqin bura təzə gəlmisiz?..
Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.
Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.
Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.
“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:
Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…
III
Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.
O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.
Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.
Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:
Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?
Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.
Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
Fizioterapiya, – deyə cavabladı.
Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.
Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.
Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…
Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:
Gəlin.
Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:
Sabahınız xeyir.
Tibb bacısı:
Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
Bəli xanım, bu gün daha yaxşıyam.
Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.
Çəkələklərini soyunub ayağını üzərinə qoydu.
İstəyirsinizsə corablarınızı soyundurum.
O gülümsəyərək:
Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.
Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:
Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?
Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:
Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
Sizi orada tapmağa çalışacağam.
Humay işindən ayrılmadan:
Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.
Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…
Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:
Demək bu gün gedirsən hə? – deyə soruşdu.
Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.
IV
Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…
QEYD:
Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.
Amon-Aamon-Hamman-Amin-Amen adları arasındakı oxşarlıq.
Monoteist dinlərdə və miflərdə bəzi onomastik vahidlər(adlar) vardır ki,onlar arasında tarixi sinktetik əlaqənin olub-olmaması dilçi,eləcə də dinşünas alimlərin arasında hələ də mübahisə mövzusudur. Bəhsi gedən mübahisənin köklü səbəbləri:
1.Həmin sözlərin etimoloji tədqiqatı zamanı köklü mənbələrin tapılmaması.
2.Alimlərin dünyagörüşlərinin və inanclarının müxtəlifliyi.
3.Sözlərin orfoepiya sisteminin(səslənməsinin) eyni olması,lakim fərqli dil ailələrinə mənsubluğu
4.Dinlərin arasında epistemologiyanın III idrakının(superrasional,yəni məntiqüstü iman idrakı) üstün olması və.s
Bildiyimiz kimi Amon (Amun,Amana,Amoun) Qədim Misir inancının baş tanrısıdır. Adının tərkib hissəsindəki imn sözü görünməz mənasını ifadə edir və adının müxtəlif verdiyada səslənməsi Qədim Misirin ləhcələri ilə əlaqədardır.Bir qisim alimin fikrincə,monoteist dinlərdəki “Amin” ifadəsinin kökü Amondan gəlir. Lakin bu fikiri təkzib edən kifayət qədər Misirşünas tədqiqatçı mövcuddur. Belə ki,Ghilad Zuckermann kimi tədqiqatçılara görə amin sözünün tələffüzü iudaizm,xristianlıq,eləcə də İslam dininə görə fərqidir və “aymen”,”amen”,”amin” kimi səslənir.Bu söz İbranicə İncildə 30 dəfə rast gəlinir. Təkcə Qanunun təkrarında 27:15-dən başlayaraq 12 dəfə. Sabit “Amin, Amin” ifadəsi beş dəfə görünür – Məzmur 41:13; 72:19; 89:52; Saylar 5:22; Nehemya 8:6. Yeşaya 65:16 ayəsində iki dəfə “həqiqət” kimi tərcümə olunur. Sözün əvvəli sait səslə(ibranicə alef,ərəbcə əlif) başlayır. Lakin tanrı Amonun(misircə adı Ja’ma:ne) adındakı ilkin hərf “yod” hərfidir. Qeyd edək ki, semit dil ailəsi və Qədim Misir dili flektiv dil quruluşuna malik olduğu üçün səsdəyişimi sait səslərin üzərində aparılır,samit səslər isə olduğu kimi yerində qalır. Qeyd etdiyimiz onomastik vahidlərin tərkibindəki səs quruluşuna nəzər yetirdikdə,gördük ki,”yod” səsi ibrani və ərəb dillərindəki amen və amin kəlmələrində mövcud deyil. Bundan əlavə müqayisəli tarixi dilçilik aspektindən məsələyə baxdıqda,bizə məlum olur ki, tanrı Amon göylərin yaradıcısı,məsuldarlıq allahıdır. Amin isə duaların sonunda işlənən kəlmədir ki, əminlik və amanlıq mənasını kəsb edir. Bu iki sözün arasında semantik məna bağlılığı olmadığı üçün tədadüfi səslənmədən dolayı onların arasında sinkretik bağlılıq olduğu fikirini söyləmək çətindir.
Bundan əlavə məsələyə teoloji və tarixi baxış bucağından baxsaq,görərik ki, Amon və Amondan törəyənlərlə əlaqədar müxtəlif versiyalar mövcuddur. Rasionalistlərə görə Amon tanrıdan çox Misirin ilkin padşahlarındandır ki,sonradan yerli xalq onu bütləşdirmişdirlər. Amonhoteplər sülaləsinin adının da kral Amondan gəldiyinə dair fərziyyələr mövcuddur. Bəzi araşdırmaçılara görə isə tanrı Amon gözəgörünməz bir spiritual varlıqdır ki,onun cismani forması bütləşdirilərəq kahinlər tərəfindən yerli camaatı istismar etmək üçün xalqa təqdim etmişdir.Bir digər versiya da ondan ibradətdir ki, Amon məhsuldarlıq və bərəkət tanrısıdır. Mifologiyaya görə isə baş tanrı Amon sonradan günəş allahı Ra ilə güclərini birləşdirərək Misirə hökmranlıq etmişdirlər.Daha sonradan isə amonun müxtəlif motivləri (Amon-Re,Amon-Min) meydana gəlmişdir.
Sadalanan versiyaların müxtəlifliyi bizə onu göstərir ki,monoteist dinlərdəki fundamental anlayışlar dəqiq olmayan və fərziyyələrə məruz qalan bir onomastik vahidlə semantik bağlılıq yarada bilməz. Çünki təktanrılı dinlər daim təzyiq və tənqid altında olduqları üçün dəqiq olmayan bir məlumata arxalanaraq inanclarındakı köklü ibadət məfhumlarını təhlükə altında ata bilməzdilər.
Qeyd:
Bibliyada Aminlə yanaşı Amon adı da istifadə edilirdi.
İsrailin Allahı, Ordular Rəbbi dedi: “Budur, Mən Tebanlı Amonu, Fironu, Misiri, onun allahlarını, padşahlarını, Fironu və ona güvənənləri cəzalandıracağam”.
— Yeremya 46:25
Sözügedən adların eyni anda istfadəsi bizə onu göstərir ki,həmin onomastik vahidlərin yazısı və mahiyyəti fərqli olduqları üçün xəttatlar onları fərqləndirməyi bacarmışdırlar.
Müxtəlif tarixçilər tanrı Amonun adından törəyənlərə Karfagen allahı Ball Hammonu, demonologiyadakı cəhənnəmin 7-ci ruhu olan Aamonu və Nubiya tanrısı Amounu misal verirlər. Belə ki,bu adların arasında semantik məna bağlılığının olmasını söyləmək mümkündür. Çünki Karfagen tanrısı Ball Hammoun də Misir allahı Amon kimi baş tanrı və bərəkət ilahəsidir. Hər iki tanrı kişi cinsinə məxsusdur və həyat yoldaşları(Amon-Amunet,Hammon-Tanit) vardır. Sadecə,aralarındakı əm böyük fərq səslənmə sistemidir ki, “yod” səsi sinkretik assosiasiyanın qarşısını alaraq tədqiqatçılar arasında çaşqınlıq yaradır.
Nubiyadakı baş tanrı Amoun isə demək olar ki,tanrı Amonun Nubiya ekvivalentidir. Ona görə ki,bu iki dövlət tarixdə bir-biriləri ilə qonşu olub,hətta əksər hallarda Nubiya Misirin işğallarına məruz qalmışdır. Tanrıları arasında demək olar ki,paralelliklər eynilik kəsb edir yəni,köklü fərq yoxdur.
Demonologiya elmi cindarlıq və şər qüvvələr haqqında elmdir ki,yəhudilər Misirdə olarkən bu elmlə ciddi şəkildə məşğul olmuşdurlar. Demotik düşüncəyə görə 72 ruh vardır və cəhənnəmin 7-ci ruhu Markiz Aamondur. Sehirbazlığın mötəbər kitablarından sayılan anonim müəllif tərəfindən qələmə alınan “Süleymanın kiçik açarı” adlı kitaba görə Aamonun xarici surəti bu formadadır. “İlan quyruğu olan canavar kimi görünür, ağzından od alovu qusur,lakin sehrbazın əmri ilə o, başı qarğaya bənzər it dişləri olan insan şəklinə də düşə bilir”. Güman edirik ki,yəhudilər Aamonun surətini sfinksdən və ya digər tanrılardan (Apepdən) ilhamlanaraq təsvir etmiş,adını isə tanrı Amondan götürmüşdürlər. Çünki Qədim Misir inancında ilanabənzər bir tanrı vardır ki,adı “Apep” idi. Bu Tanrı Nildə yaşayır və gəmiçiləri öldürdüyü üçün vəhşətin,qorxunun rəmzi mənasını kəsb edirdi.
Göründüyü kimi təkallahlı dinlərin inancında olan Amin sonluğunun Amonla eyniləşməsini konkret formada söyləmək çətin məsələdir. Çünki adların yazılışı arasındakı fərq,sözlərin mahiyyətinin fərqli olması ciddi maneə doğurur. Fikirimizcə,bu ad plagiat olsaydı səslənməsi ilə bərabər kiçicik mahiyyəti(görünüş,vəzifə və.s) də özlüyündə götürərdi. Eyni ilə demonologiyada və Nubiyadakı Amonun ekvivalentləri kimi.
Qeyd:
Maraqlı bir məlumatı da qeyd edək ki, qədim türk tanrısı “Kaera” ilə Qahirə şəhəri arasındakı semantik bağlılığın olduğunu söyləyən müqayisəli tarixi dilçilər də mövcuddur. Onların fikrincə,hiksoslar şərqdən Afrikaya köç edib,Misiri işğal edərkən özləri ilə birlikdə türk,monqol kimi xalqların adət-ənənələrini və adlarını da özləri ilə aparmış və Misir mədəniyyətinə təsir etmişdirlər.
Mənbələr:
1.Mathers McGregor-Liddell, Samuel. The Goetia: The Lesser Key of Solomon the King,səh. 9-34
2.David Warburton, Architecture, Power, and Religion: Hatshepsut, Amun and Karnak in Context, 2012, səh. 211
Bu gün xalqımızın dəyərlisi, əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin yubiley doğum günüdür. Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır. “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı:: həyatı və mühiti”, “Mütərcim Cəfər Cabbarlı” və s. kitabların müəllifidir. Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.Asif Rüstəmlinin diqqəti sayəsində mən bir çox mötəbər tədbirlərdə iştirak etmişəm. Tanınmış, dəyərli, özü kimi müdrik şəxsiyyətlərlə görüşmək imkanı qazanmışam. Hələ çox kiçik yaşlarımdan (4-5 yaş) onun müəllifi olduğu kitablar əlimdən düşmürdü.Demək olar ki, həmin kitabların əhatəsində böyümüşəm. Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta O, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu araşdırma sahəsində qırılması çətin olan bir rekorddur. Asif Rüstəmli uşaq yaşlarımdan şeir, sənət aləmində çırpınanda mənə dəstək olan, şeirlərimi və yazılarımı oxuyan, məni həm də sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan,mühitə dəyər verən müdrik bir alimdir.Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm.Həmin gün uçmağa qanadım olmur.Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı” , Şəhid Sahil Məmmədova həsr etdiyim “ Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm. Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Can sağlığı, uzun ömür və xoşbəxtliklə 100 yaş yaşamasını uca Allahdan arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm! XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! YUBİLEYİNİZ DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!