Yetimlik qüssəsi
Övladsız atalar…
Atasız övladlar….
Hər gün…
gün işığında bir ümid arar…
Qəlbini göz yaşıyla isladıb
telini küləklə darayar…
Nə qüssə əlini çəkib gedər…
nə də qəm ayrılar…
Nə göz yoldan çəkilər…
nə də səssizlik susar…
Boşluqda qalan əlləri
tək dualar sığallayar…
Ayrılıq qüssəsi dolar
Havadan asılmış əllərə…
Xatirə şəkli çəkmiş gözlərin işığında
Qovuşmaq ümidi parlar…
Görüşmək ümidi ilə….
Hələlik….
***
Qazanclı gülüş…
İçinə nə tökdülərsə
yediyin odur…
bu qazan çox danqıldayacaq…
Ata nəsihəti…
Ana danlağı…
Qohum paxıllığı…
Qonşu qınağı…
Sevgi, nifrət…
Fitnə, fəsad və həsəd…
Hər gələn bir az duz, istiot qatıb
Sonra da dedilər:-bu, zəhər imiş…
Yeməli deyil bu tullayın getsin…
Getsin və gəlməsin bir daha geri…
Dərdin məngənəsi çox qəddar, zalım
Sayqısız hesablar, sonsuz qınaqlar
Bir parça ümidlə heç yola getmir…
Şuürsuz çəkilmiş şəklinin
bir ucun yandır…
küllər gülə dönsün qəhqəhə çəksin…
bu gülüş o gülüşdən deyil…
Bu gülüş qazanclı gülüş…
***
Qar yağsa…
Qar yağsa…
Buz kəsilmiş qəlbləri
İsidən bir cəhənnəm odu olsa barı…
Doğranmış cəsədləri yığıb
ət bazarında satanlar…
qazanclı çıxdılar ötən illərdən…
Qar yağsın isti qan üzərinə…
yağdığından utansın…
Qızarıb yerə girsin utandığından…
əriyib yox olsun bu kainat
körpə qışqırığı, körpə naləsi altında…
rəqs edən kahinlər
qovulmuş şeytandan betər
insan qanına
insan ətinə
susamış it kimi
qanlı dişlərini göstərən İblis
qəhqəhə çəkib gülmür daha…
Qar yağsın buz kəsilmiş daş ürəklələrə…
Cəhənnəm oduna odun qatılsın…
Cənnətə yüyürən körpə şəhidlər
Qartopu oynasın, qoy sevinsinlər…
***
Yumruq
Bir körpə yumruğu qalxdı dünyaya
Bombalanmış binaların altından
Qanlı yumruq zalmlara bir hədə
Yatmış ümmətəsə bir çağırışdır…
Gül körpələr gömüldükcə torpağa
Torpaq qan ağlayır, göylər üzülər
Körpə qatilləri qoy sevinməsin
Rəbbim birin alar, minin gətirər
Körpə qəbirləri Son gün Şahidi,
Canilər deməyə söz tapmayacaq
Qan tutmuş ğözlərə körpə yumruğu
Şahidlik edərək son söz deyəcək
Ağırdı bir məsum körpə yumruğu
Son günün son sözü, son kəlməsindən
Yanaqlarda donmuş məsum ğöz yaşı
Boğacaq zalımı son kəlməsində…
***
Bilək…
Günahsız qanına batmış əlləri
Nə yuya bilərsə deyin biz bilək…
Cinayətə susub lal-dinməz olan
Vicdanlar neçəyə satılır, bilək…
Gecələr qatillər rahat yatırmı..
Tökdüyü qan boğazına axırmı
Yediyi, içdiyi cana yatırmı?
Nəfəsi neçəyə alır biz bilək…
Hər aldığı nəfəs bir məzlum ahı…
Hər yediyi yemək bir körpə qanı
Yuxuları xarabalıq meydanı
Ruhunu neçəyə satdı, biz bilək…
Müəllif: AFƏT ŞAHİD
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru