
Y U R D U M
(arzularım çin oldu)
Dəstə tutsam çiçəyindən,gülündən,
Öpsəm, məni şair edən dilindən,
Tutsam, həsrət dolu titrək əlindən,
Arzularım çin olardı, ay Yurdum.
Sürünə – sürünə səcdənə gəlsəm,
Torpağından öpüb xatamı silsəm,
Boynuna sarılıb, ordaca ölsəm,
Arzularım çin olardı, ay Yurdum.
Oxşada bilmirəm səni heç kimə,
Dərd əhli loğmana, nə də həkimə,
Toxunsan qəlbimdə o, sarı simə,
Arzularım çin olardı, ay Yurdum.
Zəfər seli kimi qəlbinə axsam,
Nisgili keçmişin döşünə taxsam,
Güc tapıb, gözünün içinə baxsam,
Arzularım çin olardı, ay Yurdum.
Otuz ilin yuxusuzu, oyağım,
İtirmişəm, sənsiz yoxdur dayağım,
Torpağına toxunsaydı ayağım,
Arzularım çin olardı, ay Yurdum.
Müəllif: Mayıl Dostu
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında