CAHANGİR NAMAZOVUN YENİ KİTABI ÇAP OLUNUB

SƏKSƏN YEDDİNCİ YAZI

SÖZÜN YADDAŞI, YAZARIN SƏSİ
(Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” adlı yeni kitabı haqqında )
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimiz ziya mənbəyi yeni kitab barədə olacaq. “Mücrü” nəşriyyatında işıq üzü görən bu kitabın özəlliyi-gözəlliyi ondadır ki, Azərbaycan yazarları haqqında olan bu kitabı Özbəkistandan olan gənc yazar dostumuz Cahangir Namazov tərtib edib. “Yazarlar” jurnalının beynəlxalq əlaqələr üzrə meneceri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc qələm dostumuz Cahangir Namazovun böyük zəhmət bahasına, uzun zaman ərzində ərsəyə gətirdiyi bu kitabda müasir Azərbaycan qələm adamlarının, ziyalılarının müsahibələri toplanıb. Bu müsahibələr Azərbaycan yazarlarının, fikir adamlarının düşüncələrini özündə əks etdirir.


     Azərbaycan ədəbiyyatı yalnız bədii mətnlərdən ibarət deyil; o, həm də düşüncələrin, mövqelərin, talelərin, sözə verilən dəyərin canlı tarixidir. Bu tarixi yazanlar təkcə şeir və roman müəllifləri yox, həm də ədəbi mühiti toplayan, qoruyan, sənədləşdirən qələm sahibləridir. Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” adlı kitabı məhz bu missiyanı daşıyan dəyərli toplulardandır.
     Bu kitab təkcə ayrı-ayrı yazarların fikirlərini əks etdirən müsahibələr toplusu deyil. O, çağdaş Azərbaycan ədəbi düşüncəsinin panoramını yaradan, yazıçı və şairlərin dünyaya, ədəbiyyata, zamana münasibətini oxucuya birbaşa təqdim edən canlı mənbədir.
       “Azərbaycan yazarları belə deyir” oxucuya müəllif mövqeyini zorla qəbul etdirmir. Burada əsas söz sahibinin – yazarın özüdür. Cahangir Namazov sual verən, dinləyən, toplayan, amma önə çıxmayan bir ədəbi vasitəçi kimi çıxış edir. Bu, publisistik mədəniyyətin ən düzgün yoludur: müəllif kölgədə qalır, söz isə ön plana keçir.
     Kitabda yer alan fikirlər ədəbiyyatın mahiyyəti, yazıçının cəmiyyətdəki rolu, sözün məsuliyyəti, milli kimlik, dil, oxucu problemi, müasir ədəbi proseslər və zamanın çağırışları ətrafında cəmlənir. Hər bir yazarın səsi fərqlidir, lakin bu səslər bir yerdə bütöv bir xor yaradır – Azərbaycan ədəbiyyatının düşünən səsi.


     Bu kitabın ən mühüm cəhətlərindən biri onun sənədlilik funksiyasıdır. Zaman keçəcək, ədəbi zövqlər dəyişəcək, amma burada səslənən fikirlər öz dövrünün ruhunu daşıyan canlı şahid kimi qalacaq. Bu baxımdan “Azərbaycan yazarları belə deyir” gələcək tədqiqatçılar, ədəbiyyatşünaslar, gənc qələm sahibləri üçün etibarlı mənbədir.
     Publisistik üslub sadədir, oxunaqlıdır, pafossuzdur. Bu sadəlik mətni zəiflətdirmir, əksinə, səmimiyyət qatır. Oxucu yazarı kabinetdə deyil, düşünən, tərəddüd edən, bəzən narahat olan, bəzən ümidli bir insan kimi görür.
     Cahangir Namazov bu kitabla yazıçı ilə oxucu arasında bir körpü yaradır. Oxucu müəllifi yalnız kitab üzərindən deyil, fikir üzərindən tanıyır. Bu tanışlıq isə daha dərin, daha qalıcı olur. Çünki insanı tanıdan ən əsas cəhət onun düşüncəsidir.
      Kitab xüsusilə gənc oxucular üçün önəmlidir. Burada onlar yalnız uğur hekayələri deyil, həm də şübhələri, çətinlikləri, məsuliyyəti görürlər. Bu, ədəbiyyata romantik deyil, realist yanaşma formalaşdırır.
      “Azərbaycan yazarları belə deyir” bir kitabdan daha çoxdur – bu, ədəbi mühitin yaddaşıdır. Sözə verilən dəyərin, düşüncəyə göstərilən hörmətin ifadəsidir. Cahangir Namazovun bu işi Azərbaycan ədəbiyyatında publisistik topluların ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.
      Cahangir Namazovun kitaba seçdiyi addan tutmuş, müsahibə götürdüyü ziyalılarımız, onlara ünvanlandığı suallar, hətta kitabın nəşr olunduğu nəşriyyat belə hamısı uğurlu seçimdir. Və nəticə də məntiqi olaraq möhtəşəm alınıb.“Yazarlar” olaraq, Cahangir Namazovu “Azərbaycan yazarları belə deyir” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatı ilə təltif edirik (CAHANGİR NAMAZOV N: 198 06.02.2026. BAKI).
      Bu kitab oxucuya hazır cavablar vermir, onu düşünməyə sövq edir. Və bəlkə də ən böyük üstünlüyü elə budur: sözün arxasınca düşüncəni oyatmaq.
   Cahangir Namazovun fəaliyyəti təkcə bu kitabla məhdudlaşmır. Azərbaycan yazarlarının müxtəlif xarici mətbuat səhifələrində işıqlanması, antologiyalarda yer alması da onun ədəbiyyatımızın təbliği yolunda atdığı addımlar sırasındadır. Azərbaycan ədəbiyyatına etdiyi bu misilsiz xidmətləri müqabilində bütün yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, dəyərlimiz, tanınmış şair, yazıçı, publisist, tərcüməçi, jurnalist Cahangir Namazova təşəkkür edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Sağ ol, Qardaş!
    Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

06.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

CAHANGİR NAMAZOVUN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Talıblı – Pritca

ADİL

(pritça)

Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə doludur. Padşah baş vəziri çağırıb deyir:

-Al bu 5 qızılı, get mənə alma al.
Baş vəzir vəzirlərdən birini çağırır:

-Bu 4 qızılı götür, get alma al.
Vəzir əyanlardan birini çağırır:

-Al bu 3 qızılı, get alma al.
Əyan mühafizə rəisini çağırır:

-Al bu 2 qızılı, get alma al.
Rəis mühafizəçini çağırır:

-Al bu 1 qızılı, get alma al.
Mühafizəçi alma satanın yaxasından tutub deyir:

-Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Buradan get, almalarını və arabanı müsadirə edirəm.
Mühafizəçi rəisinin yanına qayıdıb deyir:

-Budur 1 qızıla yarım araba alma aldım.
Rəis əyanın yanına gedir:

-Budur, 2 qızıla bir kisə alma.
Əyan vəzirin yanına gedir:

-Budur, 3 qızıla bir çanta alma.
Vəzir baş vəzirin yanına gedir:

-Budur, 4 qızıla yarım torba alma.
Baş vəzir padşahın hüzuruna çıxır:

-Şah sağ olsun, 5 qızıla beş alma aldım.
Padşah oturub düşünür: “Beş qızıla beş alma. Adamlar necə həvəslə alırdı. Yəni vətəndaşın vəziyyəti çox yaxşıdır. O alma ağacını su ilə böyüdürlər, dərhal su pulunu 2 dəfə artırmalıyıq!

Müəllif: Zaur Talıblı

ZAUR TALIBLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş

Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş

Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində Azərbaycan əsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki Qızılbaş Nazir fəaliyyət göstərmişdir; Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982). Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü. XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır. Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur.
1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış
və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz
qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti
Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu.
O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi. Bu qərar Xayrpur knyazlığının keçmiş naibi Mir Hacı Əta Hüseyn xan Talpur və Əbdül Hüseyn Cəfərinin Qaidi-əzamdan təcrübəli bir idarəçinin təyinatı ilə bağlı xahişi əsasında verilmişdi. Məhz bu səbəbdən Mirzə Mümtaz Həsən Qızılbaş Pakistanın Xayrpur knyazlığının Baş naziri təyin edildi və bu vəzifəni 1947-ci ildən 1955-ci ilədək icra etdi. Onun Xayrpurdakı fəaliyyəti knyazlığın inkişafı və müasirləşməsi baxımından mühüm mərhələ təşkil etmişdir. Baş nazir olduğu dövrdə Xayrpur knyazlığı tarixində mühüm islahatlar həyata keçirildi: Xayrpur Tekstil Fabrikinin təməli qoyuldu, yüzlərlə yeni məktəb və təhsil müəssisəsi açıldı. O, knyazlıq büdcəsinin təxminən 22%-ni təhsilə ayırmış, məktəbdə pulsuz təhsil sistemini tətbiq etmişdir. Bu dövrdə 6-12 yaş arası uşaqlar üçün məcburi təhsil haqqında qanun qəbul edildi ki, bu da maarifləndirmə sahəsində dönüş nöqtəsi oldu və bölgədə savadlılıq səviyyəsinin sürətlə artmasına şərait yaratdı. Baş nazir Mümtaz Qızılbaş təhsilə böyük önəm verirdi. Onun təşəbbüsü ilə yaradılan, öz adını daşıyan və hazırda da Pakistanda fəaliyyət göstərən ali təhsil müəssisəsi Hökumət Mümtaz Kolleci qısa zamanda Sind bölgəsinin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrildi. Kollecin təsisindən sonra o dövrün tanınmış alim və ədəbiyyat xadimlərini, əsasən, Şərqi Pakistandan (indiki Banqladeşdən) kollecə müəllim kimi gətirdi. Onlardan üçü fəlsəfə doktoru idi. Mümtaz
Həsən Qızılbaş kollecin nəzdində qardaşı kimi
sevdiyi dostunun adını daşıyan geniş və müasir Polkovnik Şah yataqxanasını təsis etdi. Bu yataqxana xüsusilə ucqar bölgələrdən gələn tələbələrin yerləşdirilməsi və onların əsas ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırdı. Hazırda burada Pakistan–Türkiyə məktəbi və kolleci fəaliyyət göstərir.
Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş
knyazlığın 17 yaşlı hökmdarı Əli Murad xan II Talpur ilə birlikdə Xayrpurun iqtisadi və sənaye inkişafına töhfə vermək məqsədilə İngiltərə və Almaniyaya səfər etmiş, Asiyanın ən böyük
tekstil fabriklərindən biri hesab olunan Xayrpur Tekstil Fabriki üçün texnoloji avadanlıqlar əldə etmişdir. Onlar Xayrpurdakı qadın sənaye-peşə məktəbinə rəhbərlik etməsi üçün məktəbə alman qadın mütəxəssis təyin etdilər. Yaradılan ilk sənaye zonası bölgədə ciddi iqtisadi inkişaf
və sosial rifah doğurdu. Sonra Xayrpur Tekstil
Fabriki özəl sektora satıldı və Baş nazir Mirzə
Mümtaz Həsən Qızılbaş bu satışın həyata keçirilməsi barədə belə qeyd edib: “Tekstil fabriki artıq dövlətin onu qurmaqda nəzərdə tutduğu məqsədə xidmət etmişdir: o, iqtisadi və sənaye inkişafı üçün bir növ ilkin hərəkətverici qüvvə rolunu oynamalı idi”.
1947-ci ildə, demək olar ki, heç bir sənayesi
olmayan Pakistandakı bir knyazlıq üçün bu, böyük irəliləyiş idi: 1955-ci ilə qədər daha iki özəl tekstil fabriki fəaliyyətə başlamış, 1954-cü ildə tütün qurutma fabriki yaradılmış, 1955-ci ilə qədər sabun və yağ fabriki işə düşmüşdü. Xayrpur knyazlığı 1947–1955-ci illər arasında iqtisadi inkişaf və sosial rifah sahəsində Pakistanın qabaqcıl bölgələrindən biri oldu. İqtisadi baxımdan Xayrpur qısa müddətdə böyük uğurlar əldə etmişdir. 1948–1955-ci illər arasında knyazlığın illik gəlirləri təxminən 5,7 milyondan 16,9 milyon Pakistan rupisinə qədər artmışdır. Adambaşına düşən büdcə gəliri isə 53 Pakistan rupisi idi ki, bu da o dövrdə ölkənin digər bölgələri ilə müqayisədə yüksək göstərici sayılırdı. Hökumət təhsilə, yolların tikintisinə və sənaye sahəsinə böyük vəsait ayırmışdır. 1951-ci ildə yaradılan tekstil zavodu qısa zamanda mənfəət gətirərək regionun sənayeləşməsinə təkan verdi. Bütün bu tədbirlər Xayrpur knyazlığını dövrünün ən inkişaf etmiş və mütərəqqi idarəetmə modellərindən birinə çevirdi.
Mirzə Mümtaz Həsən Qızılbaş 1949-cu ilin dekabrında Xayrpur knyazlığını Pakistanın Təsis Məclisində təmsil etmək üçün seçilmiş və ölkənin konstitusiyasının hazırlanması prosesində fəal iştirak etmişdir. Qaidi-əzam Məhəmməd Əli Cinnah arzulayırdı ki, knyazlıqlar Pakistana birləşsin, “Vahid Vəhdət” (One Unit) sistemi yaradılsın və xalqa bərabər hüquqlar, təhsil, ədalət və rifah imkanları təqdim olunsun. Mirzə Mümtaz Həsən Qızılbaş Qaidi-əzamın bu ideyalarını gerçəkləşdirdi və Xayrpur knyazlığını nümunəvi bir dövlətə çevirməkdə mühüm rol oynadı. Xayrpur knyazlığının 1955-ci ildə Pakistana birləşdirilməsi də məhz Mirzə Mümtaz Həsən Qızılbaşın səyləri ilə baş tutmuşdur. 1956-cı ilin may ayında Qərbi Pakistanın siyasi həyatında mühüm hadisə baş verdi. 1955-ci ildə “Vahid Vəhdət” adlı inzibati islahat nəticəsində birləşdirilmiş Qərbi Pakistan əyalətində ilk məclis iclası 1956-cı il mayın 19-da keçirildi. Bu iclasın əsas məqsədi ölkədə fəaliyyət göstərən iki əsas siyasi qrupun – Müsəlman Liqası və Respublika Partiyasının qüvvələr nisbətini müəyyənləşdirmək idi. Məhz bu iclas ərəfəsində mərkəzi hökumət maraqlı bir addım atdı. Tanınmış dövlət xadimi və keçmiş Xayrpur knyazlığının Baş naziri Mümtaz Həsən Qızılbaş həmin məclisin müvəqqəti sədri vəzifəsinə təyin edildi. Bu həm onun siyasi nüfuzunun, həm də təcrübəsinin göstəricisi idi. O həmçinin 1956–1958-ci illərdə Qərbi Pakistan Nazirlər Kabinetində qida və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərmişdir. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 4 aprel 1964-cü ildə həcc ziyarəti zamanı ürəktutmadan vəfat etmiş, Mədinədə, Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
Pakistanın Xayrpur Mirs rayonunda Mirzə
Mümtaz Həsən Qızılbaşın xatirəsinə ehtiram
əlaməti olaraq bir neçə əsas yer onun adı ilə
adlandırılmışdır. Bunlara “Hökumət Mümtaz Kolleci”, “Mümtaz Meydanı” və “Mümtaz Meydan küçəsi”, “Mümtaz Staff Colony”, yəni dövlət məmurları və müəllimlər üçün salınmış yaşayış məhəlləsi daxildir. Mümtaz Kolleci özünün təsisçisi olduğu ali təhsil müəssisəsi idi. Bu adlar onun Xayrpurun inkişafı və xüsusilə təhsil sahəsində göstərdiyi mühüm xidmətlərə verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün də Qızılbaşlar Pakistanın siyasi və ictimai həyatında önəmli rol oynamaqda davam edirlər.
Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Əfqanıstan, Pakistan və
Hindistan cəmiyyətlərində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və Azərbaycan–Pakistan dostluğuna yeni nəfəs qatır, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə verdiyi bir müsahibədə belə qeyd edirdi: “Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir”.
Həmçinin Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qeyd edir ki;
“Pakistanda Qızılbaşların sayı və rolu daha böyükdür. Qızılbaşlar bu ölkəyə Prezident, Nazirlər, Generallar, Səfir, Hakimlər bəxş etmişdir. Bu gündə Pakistan ordusunda xidmət edən Qızılbaş Generallar və yüksək rütbəli zabitlər vardır.”
Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaşın ailə üzvləri, xüsusilə qardaşı nəvəsi Mirzə Əsəd Həsən bəy və onun oğlu “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investoru Mirzə Sami bəy Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri sırasındadırlar. Sami Qızılbaş təşkilatın idarə heyətinin üzvüdür. Bu iki şəxs 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşlığı nəticəsində Bakıda
keçirilən I Beynəlxalq Qızılbaş Konfransında
da iştirak etdilər və Sami Qızılbaş konfrans
zamanı çıxışında qeyd etdi: “Azərbaycanı
ata-baba yurdum hesab etdiyim üçün özümü
xoşbəxt sayıram və ümid edirəm ki, Azərbaycan gələcəkdə də Qızılbaşları birləşdirmək, bir araya gətirmək üçün səylərini davam etdirəcək”. Təşkilat və ailə üzvlərinin Bakı ilə yanaşı, Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfərləri təşkil olundu; burada onlara əcdadlarının tarixi torpaqları yaxından tanıdıldı. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onun mədəni mirası hələ də Əfqanıstan, Pakistan və Hindistanda yaşayır və qorunur.
Qızılbaş Qlobal İrsi Təşkilatının məqsədi
Azərbaycan əsilli Qızılbaş icmasının kimlik ruhunu yenidən canlandırmaq, onun inkişafına
töhfə vermək, həmçinin bu icmanın BMT və
UNESCO tərəfindən dünya irsini qoruyan Azərbaycan əsilli icma təşkilatı kimi tanınmasına nail olmaqdır.

Soldan 2-ci Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və 3-cü (eynəkli) Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş İngiltərə, Mançester

Sağdan 1-ci Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş

Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş büdcə çıxışını edir.

Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş (eynəkli)

Müəllif:  Vahid İbayev,

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Digər yazıları: >>> Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müəllif; Vahid İbayev Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, Araşdırmaçı

Etibar Əbilov yazır

ÖVLAD ŞƏHİDİ
(Qibtə etdiyim İnsan)

İnsan ölməyi arzulayanda yox,
ölməyi bacaranda ölür.

QARSİA MARkES

Həsənağa Turabov! Həyatda ən çox pərəstiş etdiyim İnsan.Əvızsiz rollar ifaçısı,sağlığında az-az sənətkara nəsib olan dahilik ünvanını qazanmış böyük aktyor,böyük Vətəndaş Əsl İnsan…Yaşımın bu çağında əgər kimsə məndən soruşsa ki,həyatda ən çox kimə oxşamaq istərdin? Mən tərəddüt etmədən Həsənağa Turabovun adını çəkərdim.Mən ən çox onun valideyliyinə pərəstiş edirəm.Mən bir valideyn olaraq ona bənzəmək istərdim.Amma görünür Həsənağa Turabov bizlərdən biri deyil,o, qeyri-adilərdəndir.O, səcdəyə layiq olan İnsanlardandır.Teatrımızın, kinomuzun əvəzsiz aktyoru həyatını da heç kimə bənzəməyən yaşadı.Onun ölümü də heç kəsin ölümünə bənzəmədi.Mən onun ölümünə pərəstiş edirəm.Yaranan onsuz da bir gün ölür.Amma baxır necə? Həsənağa Turabov həyatını kişi kimi dəyişdi.Pərəstiş olunacaq bir şəkildə.Əsl kişi ölümü.Belə ölümlə dünyasını dəyişənlər yalnız cənnətlə mücdılənirlər.Şəhid ölümləri kimi.Həsənağa Turabov Şəhid oldu.
Mən onu həyatda bir neçə dəfə görmüşəm.Xalq yazıçısı Anarın Aktyorlar evində “Uzun ömrün akkordları” filminin premyerasında (təqdimatında), Bəxtiyar Vahabzadənin o vaxtkı Azərbaycan Dövlət Dram teatrındakı 60 illik yubileyində, yenə də Azdramada Hüseyn Cavidin 100 illik yubiley təntənəsində.Bu görüşlərin heç birində kəlmə kəsməmişdik.O məni tanımırdı.Haradan tanıyacaqdı ki?…O, həmin vaxtlar, şöhrətin zirvəsində idi.Hamının diqqət mərkəzindəydi.Bir dəfə də Bakıda, marşrut avtobusunda görmüşdüm onu. Bu çoxdan olub.O vaxt sənədlərimi APİ-nin filologiya fakültəsinə vermişdim.Filologiya fakültəsi İnstitutun əsas binasında yox,başqa yerdə yerləşirdi.Fakultəni görmək istəyirdim.Soruşdum,nişan verdilər.Avtobisa mindim Gedəcəyim yeri dəqiq tanımırdım.Avtobusdakı sərnişinlərdən həmin yeri soraqlaşırdım.Axşam üstü idi.Avtobusdakılar işdən sonra ya yorğun idilər,ya danışmaq istəmirdilər.Sorğuma laqeyd,çox soyuq cavab verirdilər: “Sən deyən yerə hələ qalıb”, “yox,bu dayanacaq deyil”- deyə biganə cavab verirdilər.Hər dayanacaqda sorğumu təkrar edirdim.Çünki, avtobusdakılar sanki sorğumu eşidən kimi unudurdular.Növbəti dayanacağa az qalmış,arxa tərəfdə dayanan kimsə,mənə tanış gələn xoş səsi ilə: “Bu dayanacaqda düşün,Sizin dediyiniz bina,bax, bu yolun kənarındadır”- dedi.Bu səmimi səsin sahibinə tərəf çevrildim.Bu qədər laqeyd İnsanın içərisində bu mehriban, təəssübkeş,isti,tanış səsin sahibini görmək istədim.Bu Həsənağa Turabov idi.Avtobus dayandı.Heç təşəkkür etməyə imkan tapmadım. Həsənağa Turabov yenə həmin qayğı ilə:
-Düşün – dedi.
Mən avtobusdan düşdüm Və həmin qısa təmas,o qayğı indiyə qədər də xatirimdədir və ölənə qədər də yadımdan çıxmayacaq…
…Üstündən illər keçdi Həsənağa Turabov 1991- ci ilin payızında,o zaman Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Ədalət Vəliyevlə birgə bizı-atama qonaq gəldi.O zaman qəribə bir hadisə olmuşdu.Şəhərin ən böyük məktəblərindən biri bizim evin yaxınlığında yerləşir.Məktıbin qarşısında şose yolu olsa da,məktəblilərə görə o yola qadağa qoymuşdular ( bu qadağa indiyə qədər də qüvvədədir). Neftçalada ilk dəfə olan Həsənağa Turabovun maşını məktəbin qarşısına gəlir.Bu böyük tənəffüs zamanı baş verir.Həsənağa Turabov atamın evini soruşmaq üçün maşından düşür və bu vaxt məktəbin qarşısında oyanan uşaqlar yerlərində donub qalır.Səs-küy kəsilir.Bir anlıq bütün uşaqlar çaşıb qalır. Gəray bəy- Həsənağa Turabov onların qarşısında dayanıb.Bu səssizlik cəmi bir anlıq çəkir.Sonra elə bir səs-küy qopur ki,gəl görəsən.Uşaqlar bu böyük aktyoru əhatəyə alırlar.Bu qeyri-adi İnsana,başqa planetdən gəlmiş bir İndan kimi baxırlar.Tənəffis vaxtı bitsə də,şagirdləri dərsə çağıran zəng səsi dönə-dönə çalınsa da,uşaqları uzun müddət siniflərə yığmaq olmur.
…Bax həmin o gün,evimizdə,süfrə arxasında,bu dahi,böyük aktyorla,ağır-səngər Azərbaycan Kişisi ilə uzun-uzadı söhbət etmək mənə nəsib olmuşdu.Gəray bəydən danışmışdıq,Kefli İsgəndərdın danışmışdıq,Kəbirliniskidən danışmışdıq… “Dantenin yubileyi” filminə yenicə baxmışdım:- Sizin oynadığınız rollardan ən çox xoşuma gələn Kəbirlinski obrazıdır- demişdim.
-Elə mənim də ən çox xoşuma gələn rolum odur- demişdi.
Həsənağa Turabov kübar xislətli adam idi.Ağayana danışığı vardı. Ölkənin ən çox sevilən sənət adamlarından biri yox,birincilərindən biri idi.Bütün rejissorlar onu öz tamaşalarında,filmlərində görmək istəyirdilər.Dramaturqlar, ssenaristlər məxsusi olaraq onun üçün rollar yazırdılar..
…Və şöhrətin zirvəsində olan Həsənağa Turabovun həyatında birdən -birə böyük, amansız, dəhşətli bir faciə baş verdi.
Polis zabiti olan oğlu, qardaşım Azərin tələbəlik dostu Tərlan xidməti işdə olarkən,qatil gülləsinə tuş gəldi.Qətlə yetirildi.
Həsənağa Turabovu hamı kinofilmlərdə,tamaşalarda çox görüb.Görkəmi əsl bəy,Ağa görkəmi idi.
Tərlanın qəfil, faciəli ölümündən sonra bu əsl bəy görkəmli İnsan hansı vəziyyətə düşdü? Şam kimi əridi.Daha rollara çəkilmədi, tamaşalarda oynamadı Mən onun son şəkillərinə baxıram.Gözlərindəki dərdli ifadə bütün varlığımı üşüdür.Oğlundan sonra gözləri həmişə qəmgin,həmişə pərişan idi.Vəzifıdən getdi.Müxtəlif xəstəliklər onu qarabaqara izləməyə başladı.Ağır,tibbi əməliyyatlar keçirdi.
Sonralar, qızı televizorda deyirdi ki, tez-tez oğlunun məzarının üstünə gedirmiş. Evində də bu barədə heç kəsə bir söz demirmış.Orda,oğlunun məzarı üstündə hansı hissləri keçirirmiş? -Buni,bu başıbəlalı dünyada oğul itkisi görmüş mən bilirəm.
Həsənağa Turabov! Mənim qibtə etdiyim İnsan.Pərəstiş etdiyim İnsan.Sənin ölümün də kişi yana oldu.Oğlunin faciəli ölümünə,onun yoxluğuna dözə bilmirdin.Oğulduz bir dünyanı özünə haram bilirdin.Müalicən üçün yazılmış dərmanları atmırdın.
Bilirəm ki,ayaq üstündə dəyişmisən dünyanı.Ruhun bədənini sən ayaq üstündə olanda tərk edib.Ayaq üstündə,kürəyini evinin divarına söyləmiş vəziyyətdə,ruhunu haqqa təslim etmişən…
…Ölümü ayaq üstündə,mərdi-mərdanə qarşılayan Turabov.Ruhu haqqın dərgahına diş kimi qanadlanan Turabov.Sən indi oğlun Tərlanla ən əmin bir yerdə -Allahın dərgahındasan.Mən Sənə,Sənin Ölümünə qibtə edirəm Həsənağa müəllim.Allah sənin və oğlum Tərlanın ruhunu şad etsin.
AMİN.
28 May 2013

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

METRODA RAFİQ TAĞINI GÖRDÜM…

METRODA RAFİQ TAĞINI GÖRDÜM…

Metro qatarının bir küncündə gördüm
bu gün Rafiq Tağını.
əvvəlcə görə bilmədim ayağını,
aradan illər keçsə də dəyişməmişdi bənizi
qalın şüşə arxasından görünmürdü
həmişə gülümsər gözü
nə adamlar ona baxırdı, nə də o adamlara
deyəsən bu soyuq havada
əyninə qış paltosu yox,
boz qranitdən tikilmiş yay pencəyi geymişdi
Allah bilir, bəlkə də bu şaxtalı havada
əli keyimişdi
qalstuku qapqara idi
köynəyi bəmbəyaz
içəridəki istini boğmaq istəyirdi çöldəki ayaz
qatar nöbvəti syansiyada dayandı
doktor başını aşağı salıb asta, yorğun adamlarla
qapıya yaxınlaşdı
sanki bu anlarda ayaqları nəyəsə,
bəlkə də özünün gizli ağrılarına dolaşdı
indi onun sakitcə dayandığı künc boş idi
hələ zamanın ipini əyirirdi metro qatarının təkərləri
gözüm bayaq onun yaxşı seçə bilmədiyim
ayaqlarının yerinə dikildi-
oradan qapıya sarı uzanırdı qıpqırmızı qan ləkələri
yerimdən tərpənə bilmədim,
eləcə astadan pıçıldıyla dilləndim:

-ay rəhmətlik…
qatar bələdçısı səsucaldanla elan verdi: “stansiya Əhmədli…”

20.11.2020

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Likovlar ailəsinin hekayəti

1936-ci ildə Karp Likov Stalin rejiminə etiraz edir. Xanımı və uşaqları ilə tayqa meşələrinə gedir. Mənfi 40 dərəcə temperatura düşən bu ərazidə yaşamağa başlayırlar.

Akulina həkimsiz özü Dmitri və Agafyanı dünyaya gətirir. Onlar çovdar və kartof əkirlər. Ov edirlər. Heyvanların dərisindən özlərinə paltar tikirlər.

40 il Likovlar ailəsi dünyadan təcrid olunmuş şəkildə yaşayırlar. Onlar bilmirdilər ki, 2-ci Dünya Müharibəsi olub. Stalin ölüb. İnsan kosmosa uçub.

Geoloqlar 1978-ci ildə təsadüfdən onların yaşadığı yeri aşkarlayır…

Mənbə və müəllif: Nəcəf Əsgərzadə


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İqbal Nəhmət – MƏN ƏSGƏR ATASIYAM!

MƏN ƏSGƏR ATASIYAM!

Şeirim süngü, sözüm güllə,
Uzaq gördüm bu mənzillə,
Ey dostum, tanışım dinlə
Mən əsgər atasıyam!

Yağış, külək yel mənimdir,
Bu torpaq, bu el mənimdir,
Araz boyda sel mənimdir,
Mən əsgər atasıyam!

Damağı çağ gedib-gəlsin,
Aran, ya dağ gedib- gəlsin,
İnşallah sağ gedib-gəlsin,
Mən əsgər atasıyam!

Qaynaram, coşan adamam,
Nəğmələr qoşan adamam,
Sözlə vuruşan adamam,
Mən əsgər atasıyam!

Yaşamışam yetən üçün,
Yol olmuşam itən üçün,
Böyütmüşəm Vətən üçün,
Mən əsgər atasıyam!

Nəhmətim gözümün odu,
Sevincim dünya boydadı,
Elcanım verdi bu adı,
Mən əsgər atasıyam!

Müəllif: İqbal Nəhmət

İQBAL NƏHMƏTİN YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarixdə “Teymur məğlub oldu” yazılmayıb

Tarixdə “Teymur məğlub oldu” yazılmayıb
Sıfırdan qurduğu “Böyük Teymurilər İmperatorluğu” ilə 3 qitəni titrədən, 27 sultanı diz çökdürən, 20 böyük yürüşün hamısında qalib gələn, heç birində məğlub olmayıb adını tarixə “Yenilməz Xaqan” kimi yazdıran Əmir Teymur yüzlərlə müharibə aparmışdır.

Sibirdə mənfi 40, Hindistanda 60 dərəcə istidə döyüşdü.İştirak etdiyi heç bir müharibədə məğlub olmadı, 4 milyon kvadrat kilometr ərazi ilə demək olar ki, bütün Asiyaya hökm etmiş, Avropanın bütün krallarından beyət məktubları almışdır. Osmanlının 3 dəfə mühasirəyə alaraq ələ keçirə bilmədiyi İzmiri, O, 7 gündə almışdır. Çingiz xanın çətin şərtlər üzündən geri döndüyü, İskəndərin 6 ildə ələ keçirə bilmədiyi Hindistanı 12 ayda fəth etmişdir. Halbuki tarix İskəndəri Böyük, Teymuru isə barbar adlandırmışdır.

Ancaq unutmayaq ki, tarixin heç bir səhifəsində “Teymur məğlub oldu” yazılmayıb.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – HƏLƏLİK

HƏLƏLİK

Əlvida deməyə dilim gəlməyir,
A yollar, döngələr, izlər, hələlik!
Bir ovuc arzu var- qalıb əlimdə,
Bütün varlığımda sızlar hələlik.

Səhərdən asılan çənli yamaclar,
Axşamı bağrına basan ağaclar.
Elə gəncliyindən ağaran saçlar,
Yol çəkən baxışlar, gözlər, hələlik.

Kölgələr uzanır daş ayağına,
Çöllər sığınıbdır dağ qucağına,
Necə çəkir məni uşaq çağına –
O köhnə havalar, sazlar, hələlik.

Alim də, şair də düşdü adıma,
Qalxdım pillələri tək-tək – addıma.
..Yenə bir quş səsi düşdü yadıma,
Şeirlər, misralar, sözlər, hələlik.

Dildəki bu salam-duam sizədir,
Ah-amanım sizə, nidam sizədir,
Edib- etmədiyim vidam sizədir,
Ey ana olmayan qızlar, hələlik.

05.02.2026

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I