Tanınmış jurnalist Elman Eldaroğlu anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Fəxri fərmanı” ilə təltif olunub. “Fəxri fərmanı” AYB-nin sədri Xalq yazıçısı Anar müəllim şəxsən özü təqdim edib.
Elman Eldaroğlu görüş və təltif barədə təəssüratlarını bölüşüb:
“Təşəkkür edirəm, Anar müəllim- AYB!
Bu gün xalq yazıçısı Anar müəllimin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyində oldum. Qısa söhbətdən sonra Anar müəllim məni təbrik edib, 60 illik yubileyimlə bağlı “Fəxri Diplom” təqdim etdi. Söhbət əsnasında ona Çörçilin bu sözlərini- “Demokratiya ideal quruluş olmasa da, indiyə qədər sınaqdan çıxmış ən yaxşı idarəetmə formasıdır.”- xatırladıb əlavə etdim ki: “Barənizdə özündən müştəbehlər nə qədər tənqidi fikirlər səsləndirsə də, bu gün AYB-yə rəhbərlik etməyə sizin qədər haqqı çatan ikinci adamı tanımıram.”
Nə qədər haqlı olduğuma əminəm. Çünki yaxşı bilirəm ki, Anar müəllimin AYB-dən uzaqlaşması, bu təşkilatın bugünkü imkanlardan məhrum olunması deməkdir və nə vaxtsa Azərbaycan Yazıçılar Birliyi də Azərbaycan Jurnalistlər Birliyi kimi imkansız bir təşkilata çevriləcək…
Mənə göstərdiyi diqqətə görə, AYB-nin sədri, Azərbaycan nəsrinin sonuncu mogikanı Anar Rzayevə minnətdarlığımı bildirirəm. Bəli, hələ ki, ədəbiyyatımız Anardan güclü yazıçı yetişdirə bilməyib…”
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Elman Eldaroğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!
“Xəzan” jurnalının növbəti – yanvar-fevral, 2026 sayı çapdan çıxıb. 104 səhifəlik jurnalın bu sayı da poeziya, nəsr nümunələri, publisistik məqalələrlə zəngindir. Redaksiya heyəti ənənəsinə sadiq qalaraq İsmayıllıda yaşayan şair Şahlar Hacıyevin 65 yaşını təbrik edir. Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
Redaktor guşəsi -“Ünvansızlar” -“Şahlar Hacıyev – 65”
Publisistika -Xosrov NATİL – “XƏZAN ÇİÇƏKLƏRİ” (“Xəzan” ədəbi-bədii jurnalın on yaşına) -Günay RZAYEVA – “Əbülhəsən Ələkbərzadənin irsi” (120 illik yubileyə həsr olunmuş yazı) -Qərib MEHDİ – “Bəxtiyar Vahabzadə – 100” (xatirə yazısı) -Güldanə MEHDİYEVA – “Azərbaycan dialektologiyasının tarixi kökləri” -Nurlanə MƏMMƏDOVA – “İbrahim Yusifoğlunun təzadlı dünyası” (“Arpaçaydan Xəzərə” kitabı haqqında düşüncələr) -Əli BƏY AZƏRİ – “Zeynəb Cəmaləddin yaradıcılığında klassik-mühafizəkar üslubun üstünlüyü” -Arzu ƏSƏBOVA – “Dilimizin saflığının qorunması və nitq mədəniyyətinin inkişafı” -Ramiz İSMAYIL – “Payız gəlmədən saralmış yarpağın fonunda” -Nəzakət ƏHMƏDOVA – “Qadın sahibkarlığının (AQSİA) uğurları” -Bayram MƏMMƏDOV – “Azərbaycançılıq işığında yazılmış roman” (Söhbət Əli bəy Azərinin “İki Zəngəzurlu zabit” romanından gedir) -Qalib SAYILOV – “Mavehunnəhrdən əsən şeir ruzigari” -Kirman RÜSTƏMLİ – “Dərviş Osmanın şeirinə bir nəzər” -Zaur USTAC – “İntiqam psixologiyası və cinayətin sənətə çevrilə üzü (Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı haqqında publisistik düşüncələr) -Əli BƏY AZƏRİ – “Dönərçi dili – türkün ünsiyyət dili”
Poeziya -Xosrov NATİL – “Poeziya çələngi” (şeirlər) -Şahlar HACIYEV – “Təmsillər” -Hafiz ƏLİMƏRDANLI – “Dilim mənim”, “Qəzəl öz dövrünün ayinəsidi”, “Ötsə də yaş…”, “Rübailər” (şeirlər) -İbrahim YUSİFOĞLU – “Ad günün mübarək, akademiya”, “Mən səni qoruyub saxlayammadım”, “Dayan, insan”, “Xəzərim” (şeirlər) -Zeynəb CƏMALƏDDİN – “Xocalı”, “Salam”, “Bu qan ilk deyildi, amma son olsun!”, “Fırlanır”, “Yeddi qızılgül”, “Kim tapar?”, “Can olan yeri”, “İsitməz günəşin istisi səni”, “Haşa”, “Dürrəyəm”, “Hərə öz dərdinin içində qalıb”, “Söz oğrularına”, “Tommi sərçə”, “Haçaqulaq dovşanım”, “Qış nağılı”, “Turalın cavabı”, “Sanama”, “Səhərin sehri”, “Gözəllik”, “Türk-Turan nəğmələri”, “Qarışqanın yuxuları” (şeirlər) -Minarə İSGƏNDƏR – “İncimişəm”, “Yazıram”, “Gəlsənə”, “Şirvani”, “Ömrüm”, “Tanımaz”, “Yadigar”, “Getdi”, “Bilmirəm”, “Gözləyir”, “Eşq odur”, “Bu adam”, “Doymadım heç”, “Darıxdım”, “Səni mən, məni sən”, “Həmin bəndəyəm”, “Bildim”, “Söz”, “Paxıllıq” (şeirlər) -Polad İBRAHİMOĞLU – “Dünyadı”, “Şükür”, “Qalıb”, “Oldumu?”, “Amandı”, “Ürəyim”, “Saxlasın”, “Demişəm”, “Mənnən”, “Anamın”, “Ağrıdı”, “Bilmədim”, “Yaman”, “Olmadı”, “Gündən”, “Xəbərsiz”, “Bilmirəm”, “Olmasın” (şeirlər) -Bəxtiyar ABBAS İNTİZAR – “Məzhəkədən”, “Dost şeiri”, “Ateist şairə”, “Qaçdı”, “Yem”, “Demək”, “Salınıb”, “Ola”, “Soraq”, “Mətn”, “Tapmadım”, “Gərək”, “AyıB şeir”, “Dəyirman”, “Nəğmə”, “Ağladı” (şeirlər) -Yunis QARAXANLI – “Daha danışmağa söz nəyə lazım?”, “Payız o payızdır”, “Özümü sevdirə bilmirəm, neynim”, “Mən sənə özümü necə öyrədim?”, “Bu sevgi səninlə gözəlmiş demə”, “Zəhram”, ““Baş Sarıtel” havası çal”, “Sevgi də özüməm, nifrət də özüm”, “Polisim”, “Bildi” (şeirlər) -Səadət SALMANQIZI – “Var”, “Qala bilərsən?”, “Nə yaxşı”, “Gəldimi?”, “Külək”, “Mənim olsun”, “Dünya, səndən gileyim var”, “Səssiz ayrılıq”, “Yalvarıram”, “Nə xəbərin” (şeirlər) -Vaqif ƏSƏDOĞLU – “Kür”, “Əsgərliyə getməliyəm”, “Oğlan və bozqurd”, “Dünya lideri kimdir?”, “Bu Kedmiyə siz baxın”, “Aslan və ceyran”, “Talelər” (şeirlər) -Anar QASIMZADƏ – “Şuşa dağları”, “Kosmosun yaddaşı”, “Təkliyin adı yoxdur” (şeirlər) -Kirman RÜSTƏMLİ – “Naxçıvan”, “Gəlmişəm”, “Çal, aşığım”, “Dostlarım”, “Dünya”, “Nələr var”, “Bənövşəm”, “Təbrizim”, “Ölüm yüklü təyyarə”, “Uzağı görürəm”, “Ondan xatirə qaldı”, “Vərəqlərdə bir ömür sərgilənib”, “Vətən bölünərmi?”, “Dağlar”, “Kal armud” (şeirlər) -Ramiz İSMAYIL – “Tək-tək”, “Yaz, yaza bilsən”, “Bax”, “Desən”, “Nəyindən küsüm?”, “Gəzə-gəzə”, “Yar deyə-deyə” (şeirlər) -Nazim ŞAH – “Poeziya çələngi, poeziya rəsmi” (şeirlər) -Aytəkin MEHMANQIZI – “Qoca dünya”, “Diqqət et sözlərə”, “Sevgi əngəl tanımır”, “Yağ, ey yağış”, “Şəhidlər”, “Xudayar” (şeirlər)
Tərcümə -Graham RİÇARD SMİT (Şotlandiya) – “Xocalı dastanı”, “Xocalıda gecəydi, başqa gecələr kimi”(şeirlər)(Tərcümələr Zeynəb Cəmaləddinindir)
Nəsr -Zəminə RƏSULOVA – “Qarabağ dərsi” (hekayə) -Arzu KAZIMQIZI NEHRƏMLİ – “Arxip baba yox, Yaqub baba və…” (hekayə) -Ayaz İMRANOĞLU – “Kirayənişinlər” (hekayə) -Zaur USTAC – “Ad qoydu” (hekayə)
SÖZARDI (Dirçələn Xarıbülbül adlı kitabıma sözardı)
Tarix elminin həvəskarı kimi hər zaman öncə vətənimin, sonra isə digər dünya ölkələrinin tarixini, müəyyən dövr ərzində baş vermiş önəmli hadisələrini oxumağa, öyrənməyə çalışmışam. Xüsusilə də yaşıdlarım kimi tək çətinliyimin mənə verilən ev tapşırıqlarını çatdırmaq olduğu bir vaxtda tariximizin qürur dolu səhifələrini vərəqləyərkən özümü o səhifələrdə yazılanların bir hissəsi kimi hiss etməyə çalışardım. Azərbaycana vaxtilə fəxarət dolu bir irs, bir tarix qoyub getmiş ulu babalarımızın şəkillərinə baxıb onların həyat yolunu öyrəndikcə özümü onların yerinə qoyardım. Eldənizlər, Baharlılar, Bayandurlular, Səfəvilər dövrünü öyrəndikcə o dövrdə yaşayıb o tarixə şahidlik etmiş insanlara istər-istəməz qibtə edərdim. Əzəldən bizim olsa da çata bilmədiyimiz, illərlə xəyalı ilə yaşadığımız torpaqlardan dəfələrlə çox ərazi üzərində hökmran olub o torpaqları bir əlində qılınc, digərində qələmlə idarə edən o ulu babalarımızın yerində olmağı çox istərdim. Nələri yaşaya biləcəyim halda yaşaya bilmədiyim, hətta həsrət, intizar, qaçqınlıq əzabı ilə, qan yaddaşı ilə dolu dövrana düşdüyüm üçün çox fikir edir, çox kədərlənirdim. Ancaq “Heç olmasa, işğal olunan 20 faizdən çox torpağımızın bizə qayıtdığı, ərazi bütövlüyümüzün bərpa olunduğu o günlərə qayıda biləcəyikmi?” sualını özümdən soruşub cavabsız qoyduğum bir gün də yox idi. O suala minlərlə qəhrəman vətən oğlunun kişi qeyrətli bacılarının dəstəyi ilə cavab verdiyi gün təqvimlər 27 sentyabr 2020-ci ili göstərirdi. O vaxt mənim 12 yaşım, 2 ay idi ki, tamam olmuşdu. Amma yaşı göstərən bu ədəd mənim üçün o vaxt heç nəyi ifadə etmirdi. Düzünü desəm, indi də nə isə ifadə etmir. O vaxtdan bəri hamı kimi məni də maraqlandıran əsas məsələ torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzə qovuşmağımız idi. Ona görə də hansı yaşda, hansı yerdə, hansı vəziyyətdə olmağımın mənə görə heç nə ifadə etmədiyi o günlərdə mənim üçün əsas olan o zəfərli günlərin sonsuz sevincini yaşamaq və xüsusilə də o günləri özümdən bir iz qoyaraq yaşayıb sona yetirmək idi. İndi düşünür, gah inanır, gah da inana bilmirəm ki, o günlərin üzərindən 5 ildən çox zaman keçib. 5 il çox insana az gələ bilər, ancaq bu, bir insanın başına yaxşı, ya pis – hər şeyin gəlməsi üçün çox uzun müddətdir. Hər gələn xatirə köhnəsinin mənasını azaltmağa, onu unutdurmağa çalışır. Ancaq mən üstündən 50 il keçsə də müharibənin ilk günü dayanmadan, dincəlmədən bu son dərəcə aktual mövzu ilə bağlı yazdığım ilk 4 şeiri də, o 4 şeiri yazarkən sərf etdiyim uşaqlıq enerjisini və sətirlərə möhürlədiyim böyük sevinci də – bunların heç birini unuda bilmərəm. Ömrümdən keçən hər gün, hər saat, hər dəqiqənin, saatlarla ekran qarşısında ağac kimi dayanıb gözləyərək həyəcanla aldığım hər xəbərin təzə şeir və məqalələr yazmaq üçün mənə verdiyi əvəzsiz ilham və həvəsi də unuda bilmərəm. Azad olunan hər kəndimizin, qəsəbəmizin, şəhərimizin xəbərini eşidəndə sevincimdən bir yerdə qərar tuta bilmədiyim o xoş dəqiqələri unuda bilmərəm. Bununla birlikdə şəhərimizdən, qəsəbəmizdən, kəndimizdən cəbhəyə yollanan cavanların qəhrəmancasına Şəhidlik zirvəsinə yüksələrək, üçrəngli bayrağımıza bükülərək qayıtdıqlarını eşidib kədərləndiyim vaxtları da unuda bilmərəm. Gecə-gündüz odun, alovun, mühasirələrin içində qalan yaxınlarımızdan xəbər aldığımız vaxtları da unuda bilmərəm. Dəfələrlə əvvəl Tərtərə, Gəncəyə, Bərdəyə, Ağcabədiyə və digər bölgələrimizə, sonra isə hamımızın ürəyinin düz ortasına atılan, səsi qulağımızdan, acısı qəlbimizdən hələ də getməyən o raketləri, onların aldığı neçə-neçə canları unuda bilmərəm. Amma raketlərlə açılsa da Ali Baş Komandanımızın zəfər xəbərləri ilə bağlanan neçə-neçə günləri də unuda bilmərəm. Oktyabrın sonlarını noyabrın ilk günlərinə bağlayan o soyuq, amma vətən eşqi və qisas hissi ilə qızındığımız vaxtları, birdən-birə Qarabağın göz bəbəyi, alınmaz qalası olan Şuşamıza nəfəs qədər yaxın olduğumuz vaxtları, sonda isə Şuşamıza və Zəfərimizə çatdığımız, yuxuda, yoxsa gerçəklikdə olduğumuzu bilmədiyimiz o 8 Noyabr gününü unutsam, özümü unudar, bütün yaddaşımı itirmiş olaram. Bu sətirləri yazanda Vətən müharibəsinin son günü hər kəs kimi Bakı küçələrinə axışıb Zəfər sevincini qeyd etməyim yadıma gəlir. O vaxt hərbi forma ilə, hərbi formanın yaxasında, əllərində Azərbaycan-Türkiyə bayrağı ilə gördükləri bir oğlan uşağını, yəni bu sətirlərin müəllifini tanımasalar belə, dərin səmimiyyətlə, bir dost, qardaş, oğul kimi salamlayıb xoş sözlər söyləyən o cavan oğlanların, yaşlı adamların gözündəki böyük qürur və sevinc işartıları indi də bütün parlaqlığı ilə yadımdadır və həmin anlar indi də nə yadımdan, nə də gözümün qabağından getmir. Bəli, Vətən müharibəsindən bu vaxta qədər 5 ildən çox vaxt keçdi. Bu 5 il çox xatirələr yaşamaq üçün uzun müddət idi ki, yaşadıq da. Ancaq elə hadisələr tariximizə, yaddaşımıza yazıldı ki, hərəsi özündə bir dastan saxlayır. Elə anlar xoş xatirələrə çevrildi ki, bu dəfə təzə gələn köhnəsini unutdurmur, əksinə, yaddaşımıza daha çox bərkidir. Azərbaycan xalqı eynən bizə tarix dərsində öyrədildiyi kimi şanlı, şərəfli dövrlərin tarixini təkrarladı. Düzdür, o vaxt üstündə gəzdiyimiz torpaqlar indikindən çox idi, ancaq fikrimcə, indi yaşadığımız sevinc o vaxtkından az ola bilməz. Xalqımız bir əlinə müasir qılınc olan silah, digərinə qələm alaraq bu günlərə gəldi. Mən də bu günlərə qələm tutan tərəf olaraq gəlməyə çalışdım. Əlinə silah alıb bir güllə atmamış uşaq kimi gəlsəm də əvəzində o gülləni düşmənlərin düz ürəyinə vuran böyük qardaş-bacılarımın, vətən övladlarının həyatını, qəhrəmanlıq salnaməsini öz silahım olan qələmə almaqla… Yazdım, yazdım, yaza-yaza ürəyimdəki nifrəti düşmən üzərinə, sevinci, qüruru, məhəbbəti isə vətən övladlarına ünvanlamaqla ağ kağız üzərində qələmimlə iz salaraq hislərimi ifadə etdim, yaşımın üstünə yaş gətirdim, böyüdüm. Dastana dönən günlərin dastanından yaza-yaza böyüdüm… Bir gün anladım ki, 12 yaşında məktəbli yox, bir azdan 18 yaşına çatacaq tələbə olmuşam. Keçən illərə bir anlıq köks ötürüb düşündüm. İndi daha da dərindən anladım ki, əlimə alsam, daşımaqda çətinlik çəkməyəcəyim kiçicik ürəyim özündə dörd kitablıq söz saxlayırmış… Biri 700, o biriləri 140 və 300, digəri isə 600 səhifədən çox olan kitablıq söz… Və bu kitabların hamısının da mövzusu birdir: Azərbaycan xalqına 200 ildən sonra Cavanşir, Babək fəxarəti yaşadan zəfərin canı ilə, qanı ilə memarına çevrilən Şəhidlərimiz… Bu yolda çox maneələrlə qarşılaşdım. Belə ki, Şanlı Vətən müharibəmizə və qəhrəman vətən övladlarının həyatı və döyüş yoluna, həmçinin işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı 708 səhifəlik kitabım ailəmizin şəxsi vəsaiti ilə 2021-ci ildə işıq üzü gördükdən sonra həmin vaxtdan dərhal materialını topladığım və qələmə aldığım bu kitabımı müəyyən subyektiv səbəblərdən ancaq indi Sizlərə təqdim etməli oldum. Kitabın son hissəsində gördüyünüz, Şəhidlərə həsr etdiyim, gecəmi-gündüzümü sərf edib qarşılığında mənəvi qazancdan başqa heç nə istəməyib heç nə də götürmədiyim, qəhrəmanlara olan borcun əvəzi kimi kompüter arxasında saatlarla gözümün nurunu əridib hazırladığım yüzlərlə “Vikipediya” səhifələri bir gün ərzində igidlərin yatdığı vətən torpağının üstündə gəzib doğma torpağımız, doğma xalqımızın düşməninə çevrilən bir ovuc satqın tərəfindən “Vikipediya”dan heç düşünmədən silindi. Yaxşı ki, mən o vaxt sonradan baş verəcəkləri görürmüş kimi hazırladığım “Vikipediya” səhifələrini fləşkarta köçürüb saxlamışdım. İndi də o səhifələr elektron ensiklopediyanın arxivində durmaqdadır. Nə olsun ki? Əsas odur ki, Allahın izni və bu kitabın vasitəsi ilə qəhrəmanlarımızın bir qisminin həyatı Sizlər tərəfindən oxunacaq, öyrəniləcək, tanınacaq və tanıdılacaq. Bu, mənə ən çox çətinə düşdüyüm vaxtlarda belə böyük sakitlik, rahatlıq verəcək. Lakin sərf etdiyim bu qədər illərin, zamanın sonunda bu sahədə gördüyüm işləri kiçik əmək hesab edir və düşünürəm ki, Şəhidlərimizin qəhrəmanlıqları ilə müqayisədə bu kiçik əmək böyük dəryada ən kiçik damcıdan da qat-qat kiçikdir. Şəhidlərimizin həyat yolunun işıqlandırılması ilə bağlı fəaliyyətim çox əziz Şəhid ailələri, hörmətli ziyalılarımız və Siz dəyərli oxucuların dəstəyi ilə bundan sonra da dayanmadan davam edəcəkdir. Son olaraq onu demək istəyirəm ki, mən vaxtilə ulu babalarımıza nə qədər həsəd aparsam da düşünürəm ki, gələcək dövrün övladları bu günləri görmədikləri üçün heyfsilənməyəcəklər. Çünki onlara əvvəlkindən də gözəl, fəxr, sevinc və ilham dolu günlər nəsib olacaq! Çünki onlar bu kitabın qəhrəmanlarının davamçılarıdır. Eşq olsun canını vətən yolunda fəda etmiş qəhrəman vətən övladlarına! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
17.01.2026
SEVİNDİK NƏSİBOĞLU, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
Əziz dostlar, fevralın 13-ü xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin anım gündür. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi. Universitetin rektoru və Təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm.Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini, Azərbaycan dilinə tərcümə edib, “Müəllim” qəzetində çap etdirsən yaxşı olar. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur. Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam. Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu.Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi.Son görüşümüz isə 2009-cu ildə Bakı Dövlət Universitetində oldu.Tale elə gətirdiki ki, son görüşümüzdə, onun dəfn mərasimini aparmalı oldum…Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Əziz dostlar, Bəxtiyar Vahabzadə haqqında hazırladığım yazının ilk hissəsini Sizə təqdim edirəm. Hərdən fikirləşirəm ki, mən Bəxtiyar Vahabzadəni niyə belə sevirəm? Milli düşüncənin, ictimai vicdanın, vətəndaş mövqeyinin qüdrətinə görəmi? Dövrünün mənəvi tribunası, xalqın duyğularının və düşüncələrinin sözə çevrilmiş möhtəşəm abidəsi olduğuna görəmi? Bəlkə insanın daxili dünyasına, onun mənəvi axtarışlarına işıq salan bədii bir xəzinə yaratdığına görə? Ən sərt ideoloji məhdudiyyətlərin mövcud olduğu illərdə xalqın dərdini, dilini, kimliyini qoruyub saxlamaq uğrunda apardığı mübarizəyə, “Gülüstan”, “Latın dili”, “Vətən”, “Ana dili” kimi əsərlər yazdığına görəmi? Bəlkə bütün ömrünü Azərbaycan dilinə, ədəbiyyatına həsr etdiyinə, yaradıcılığının kökündə azadlıq, vətən sevgisi, haqsızlığa qarşı etiraz və milli birlik ideyaları dayandığına görə? Ədəbiyyat tariximizə milli dəyərləri ən çox tərənnüm edən, xalqın ruhunu, dilini, tarixini və azadlıq ideallarını poeziyasında yaşadan böyük sənətkar kimi düşmüş Səməd Vurğun yaradıcılığını geniş tədqiq etdiyinə, həm namizədlik, həm də doktorluq dissertasiyalarını bu nəhəng dühaya həsr etdiyinə görəmi? Ən çıxılmaz anlarda xalqın xilas yolunu düzgün müəyyənləşdirməyi bacardığına, 1993-cü ildə ölkədəki siyasi qeyri-sabitlik və Qarabağ münaqişəsinin gərginliyi fonunda Azərbaycan parlamentində Heydər Əliyevi təcrübəli və güclü lider kimi ölkəni bu çətinliklərdən çıxara biləcək yeganə şəxsiyyət kimi dəyərləndirdiyinə görəmi? Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin onun yaradıcılığını təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq sərvəti kimi səciyyələndirdiyinə görəmi? Türk və bütün müsəlman dünyasının şəksiz və şəriksiz lideri Prezident Rəcəb Tayyib Ərdoğanın onun şeirlərindən tez-tez sitatlar gətirdiyinə, 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında dediyi: İsa bulağının zümzüməsini, Cabbarın, Seyidin, Xanın səsini, Dalğalı Qarabağ şikəstəsini, Babək türbəsini necə pay verim?, – misralarına görəmi? Yox, əlbəttə, yox! Ayrı-ayrılıqda bu keyfiyyətlərin hər biri hər hansı bir şəxsiyyəti tarixiləşdirmək üçün kifayət etsə də, bunların hamısının, hətta sadalaya bilmədiyim onlarla digər xüsusiyyətlərin cəmləşdiyi Bəxtiyar Vahabzadəni sevməmək, onu lazımi qədər dəyərləndirməmək mümkün deyil. Mənə bu işdə həm də onu yaxından tanımağım, bir müddət davam edən səmimi münasibətlərimiz çox kömək etmişdir. Əlbəttə, mən də 60-cı illərin digər gəncləri kimi, Bəxtiyar Vahabzadəni milli məfkurəmizin memarlarından biri olaraq tələbəlik illərindən tanıyırdım. 1958-ci ildə Şəki rayonunun “İpəkçi” qəzetində çap olunmuş “Gülüstan” poeması 60-cı illərdə, xüsusən də onun müəllifi universitetdəki pedaqoji fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra tələbələr arasında çox məşhurlaşmışdı. Poemanın əlyazması uşaqlar arasında surətlə yayılırdı və mən də bu poemanın mövzusu, müəllifi ilə çox maraqlanmışdım. Sonralar BDU-da müəllimlik fəaliyyətinə başlayanda məni ən çox qürurlandıran amillərdən biri də bu idi ki, Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin çalışdığı bir ali məktəbdə işləyəcəyəm… Filologiya fakültəsi də daxil olmaqla humanitar fakültələr İstiqlaliyyət küçəsində, indiki UNEC-in binasında yerləşdiyi üçün oradakı müəllimlərlə əlaqəmiz zəif idi deyə, mən onunla şəxsən tanış ola bilməmişdim. Əslində buna heç özümü hazır da hesab etmirdim, o bütün xalqın tanıdığı və pərəstiş etdiyi böyük bir şəxsiyyət, mən isə adi riyaziyyat müəllimi idim. İlk dəfə tanış olduğumuz 1986-cı ildə də aramızda xeyli “məsafə” mövcud idi, mənim 40, onun 61 yaşı var idi, o, şöhrətinə bir az da əlavə edə bilmişdi, Dövlət mükafatı da almışdı, ancaq mənim həyatımda elə də ciddi dəyişikliklər yox idi. Görüşməyimiz və tanış olmağımız təsadüfi bir hadisə ilə bağlı oldu. 1986-cı ildə BDU-nun Qəbul komissiyasının Məsul katibi vəzifəsində işləyirdim. Qəbul komissiyası bir növ indiki Dövlət İmtahan Mərkəzinin funksiyalarını yerinə yetirir, universitetə qəbul prosesini təşkil edirdi. Ancaq fərq burasında idi ki, biz ölkənin müvafiq qurumları ilə bərabər, mərkəzi hökumətə, yəni SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə də tabe idik və onların göstərişlərini müzakirəsiz icra edirdik. O dövrdə qayda belə idi ki, qəbul imtahanlarının keçirilməsinə üç-dörd ay qalmış Moskvadan – SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyindən imtahanların təşkili və keçirilməsi ilə bağlı qaydalar məcmuəsi, təlimat məktubu göndərilərdi. Bu təlimatda sənədlərin qəbulundan imtahanların təşkilinə, müsabiqənin aparılmasına qədər bütün proseslərin necə keçirilməsi haqqında göstərişlər olardı. Yaxşı xatırlayıram ki, orada bəzi abituriyentlərə nəzərdə tutulan güzəştlər, hərbi xidməti başa vurub qayıdan gənclərə verilən üstünlüklər, orta məktəbi medalla bitirən uşaqların hansı fəndən imtahan verməsi və digər onlarla bu kimi hallar barədə geniş izahat verilərdi. Doğrusunu desək, təlimat hər il göndərilsə də, əslində ötən illərdəki ilə eyni olardı, demək olar ki, heç bir əsaslı dəyişiklik edilməzdi. Ancaq 1986-cı ildə həmin təlimata yeni bir bənd əlavə edilmişdi – Azərbaycan bölməsinə sənəd verən bütün abituriyentlər ixtisasından asılı olmayaraq verdikləri əsas imtahanlarla (bunların sayı, adətən, dörd olurdu) yanaşı rus dilindən yazılı (imla) imtahan da verməli idilər. Bu, doğrudan da absurd bir qərar idi. Əvvəla, imtahanlara cəmi üç-dörd ay qalırdı, rus dili fənnindən heç bir hazırlıq mərhələsi keçməyən abituriyentlər üçün bu imtahanı vermək çox çətin olacaqdı. Digər tərəfdən, rayon məktəblərində rus dili bir qədər zəif tədris edilirdi, bu fakt heç kəsə sirr deyildi. Deməli, riyaziyyatçı, yaxud həkim olmaq istəyən ən istedadlı kənd uşağı rus dilindən kəsilib geri dönə bilərdi. Məni Məsul katib kimi ən çox düşündürən məsələ isə həmin imtahanların təşkili idi, qısa müddətdə bu qədər abituriyent üçün yazı vərəqlərinin çap edilməsindən “bu imlanı kim diktə edəcəkdi?”, “kim yoxlayacaqdı?” kimi texniki məsələləri götür-qoy edirdim. Çünki Moskvadan gələn təlimatlar bizim üçün konstitusiya kimi birmənalı qanun idi, onu dəyişmək, milli təəssübkeşlik baxımından “rus dilindən imtahan vermək bizim nəyimizə lazımdır?” deyərək etiraz etmək heç ağlımıza da gəlməzdi – dövrün tələbləri belə diktə edirdi. Demə, bizim hələ yaxşı tanımadığımız, sözdə yox, əməldə vətənpərvər olan qeyrətli, necə deyərlər, papaq altda oğullarımız var imiş. Bu təlimat bizim o vaxtkı Ali və Orta İxtisas Təhsili Nazirliyinə göndərilmiş, oradan da dilimizə tərcümə edilib ali məktəblərə paylanmışdı. Hansı vasitə ilə isə (indiki texniki imkanlar – sosial şəbəkələr, votsap, kseroks və s. o zaman yox idi) bu xəbər (rus dilindən imtahanın məcburi olması) bütün ölkəyə yayılmışdı. Həmin günlərdə Şüvəlan qəsəbəsində Yazıçıların yaradıcılıq evində ölkə başçısı Kamran Bağırovla şair və yazıçıların görüşü keçirilirmiş. Təbii ki, rus dilində keçirilən həmin görüşdə Kamran Bağırov yenidənqurmanın yazıçılar qarşısında qoyduğu vəzifələr haqqında bir saatlıq məruzə etdikdən sonra soruşub ki, kimin nə dərdi, sualı var, imkan daxilində kömək edəcəyik. Bəxtiyar Vahabzadə əlini qaldırıb, ona məxsus pafos və məntiqlə odlu-alovlu bir çıxış edib ki, bu nə biabırçılıqdır, mənim xalqımın övladı niyə rus dilindən məcburi imtahan verməlidir? Nəsirəddin Tusi, Füzuli, Nəsimi rus dilini bilməyib alim, şair olmayıb? Mənim kənddə oxuyan balalarım rus dilini heç keçmirlər, yaxşı da eləyirlər keçmirlər, ona doğma dili lazımdır, rus dili yox, deməli, bu uşaq gəlib ali təhsil ala bilməyəcək? Eynşteyn rus dilini bilməyib, Nobel mükafatı almayıb? Bu uşaq da öz dilində fizikanı öyrənib fizik olmaq istəyir, rus dilini zorla niyə sırıyırsınız mənim xalqıma? Birdəfəlik universitetləri bağlayın, rus dilində eləyin, biz də bilək ki, dilimizdə ali təhsil almaq qadağandır… və s. Kamran Bağırov öyrəşdiyi – ev almaq, əmək haqqını qaldırmaq, şəxsi problemlər kimi sosial məsələlərin həlli ilə bağlı müraciətlərin əvəzinə belə ritorik sualları olan çıxışı eşidəndə çaş-baş qalıb və iclası yarımçıq saxlayıb otaqdan çıxıb. Səhəri günü rektor Faiq Bağırzadə işə gələndə partkom (Partiya Komitəsinin katibi) Qurban Bayramovu, prorektor Teymur Vəliyevi və məni (Məsul katib kimi) təcili otağına çağırtdırdı: “Bilirsiniz, nə biabırçılıq olub? Dünən o Bəxtiyar yenə cızığından çıxıb, şairliyi tutub, Kamran Mamedoviçə (qardaşına belə deyirdi) ağzından çıxanı deyib ki, niyə rus dilindən qəbul imtahanı salmısınız? Guya bunu o eləyib, ya mən eləmişəm?! Niçeqo ne ponimayet (yəni heç nə başa düşmür). Nə isə, bizi Mərkəzi Komitəyə çağırıblar, saat 11-də orada olmalıyıq, gedin hazırlaşın. Görək başımıza nə oyun açacaqlar?” Saat on birin yarısında universitetin qarşısında idik. O vaxtlar əsas korpusun önündən keçən Patris Lumumba (indiki Zahid Xəlilov) küçəsi maşın yolu idi, Faiq Bağırzadənin qara rəngli, Qurban müəllimin isə ağ rəngli QAZ-24 markalı xidməti maşınları dayanıb bizi gözləyirdi. …Faiq müəllim aşağı düşəndən sonra Teymur Vəliyevi öz maşınına mindirdi, mən də Qurban Bayramovun xidməti avtomobilinə əyləşib indiki Nazirlər Kabinetinin binasında yerləşən Mərkəzi Komitəyə yola düşdük. Faiq müəllimgil bizdən bir az əvvəl çatıb binaya daxil olmuşdular, biz çatanda gördük ki, qabağımızdakı maşından Bəxtiyar Vahabzadə düşdü və surətlə binaya tərəf getdi. “Partkomumuz” onu görüb mənə göz vurdu, “buna bax, gör necə qaçdı, yəqin məni görüb qorxusundan belə elədi”, – dedi. Biz də onun arxasınca binaya daxil olduq. Həmin binanın liftləri çox kiçik – ikinəfərlik və “astagəl” olduğuna görə Faiq müəllimgili yuxarı aparan lift hələ qayıtmamışdı, Bəxtiyar Vahabzadə onun qarşısında dayanıb gözləyirdi. İri cüssəli Qurban müəllim arıq və nə üçünsə büzüşmüş şairə yaxınlaşıb bayaq dediyi sözlərin havası ilə hücuma keçmək istədi:
Ay Bəxtiyar müəllim, o nə sözlərdir dünən demisən? Sənin nəyinə lazımdır kim imtahan verir, nədən verir, niyə verir, adamın var, gəl de, kömək eləyək də… Cılız bədənli, bayaqdan büzüşmüş şairə elə bil haradansa sehrli qüvvə gəldi, bir anın içində nağıllarda ağzından od püskürən əjdahalara döndü. Səsinin tonu, sözləri elə idi ki, bayaqdan “gur-gur guruldayan” Qurban müəllim özünü əməlli-başlı itirdi. Bu zaman qarşılarında lift dayandı və qapıları açıldı. Qurban müəllim tez özünü liftə salıb canını qurtarmaq istədi. Ancaq Bəxtiyar müəllim də, mən də onunla birlikdə balaca kabinəyə daxil olduq. Yuxarı qalxana kimi şairin gurultulu səsi və ittihamları davam edirdi: Vicdanınız yoxdur sizin, milli qeyrətiniz yoxdur, rus desə ki, o biri imtahanları da rus dilində keçirin, ləbbeyk deyəcəksiniz. Puldan başqa heç nə bilmirsiniz. Buna bax, mənə deyir, adamın var, de, keçirdim. Bunun mənə nəsihət verməyinə bax… Məndən soruşur ki, niyə belə demisən, niyə elə demisən. Mən danışanda gəlib səndən icazə almalıyam? Adamda milli qeyrət olmalıdır… və s. Bu qışqırıqlarla lift yuxarıya qədər getdi, yuxarıda da Bəxtiyar müəllimin səsi bütün binanı başına götürdü. Səs-küyə dəhlizə çıxanlar şairin səsindən, hökmündən vəziyyətin mürəkkəbliyini görüb hərə öz kabinetinə getdi. Bu məsələ ilə bağlı Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası) Birinci katibi də olmaqla bütün rəhbərliyinin iştirak etdiyi iclas başladı və həmin iclasda da Bəxtiyar Vahabzadə heç kəsə danışmağa aman vermədi. Əslində, dövr çox mürəkkəb idi, şairi oradaca dövlət məmurlarını təhqir etmək adı ilə həbs edib apara bilərdilər, üzünə duranlar, şahidlik edənlər də, şübhəsiz tapılardı. Münasibətlərimiz istiləşəndən sonra özü də vaxtilə belə vəziyyəti yaşamış bir insan kimi hər şeyi gözlədiyini etiraf etdi, ancaq həmin anlarda gözünə heç nə görünmürdü, milli qeyrət, vətəndaşlıq mövqeyi, dildə yox, əməldə xalqın, dilin təəssübkeşi olmaq ona qeyri-adi cəsarət vermişdi. Vəziyyəti belə görən Birinci katib Kamran Bağırov təcili Moskvaya, bu sahəni kurasiya edən Heydər Əliyevə məlumat verir. Ulu öndər də SSRİ Ali və Orta İxtisas Təhsili nazirinə zəng edib xalqın o məsələyə ciddi etiraz etdiyini bildirib və tapşırıb ki, o təlimata yenidən baxın və dəyişdirin. Nazir də söz verib ki, növbəti Kollegiya iclasında bu məsələni müzakirə edib müsbət qərar qəbul edərik. Bir neçə gündən sonra Moskvadan rus dili imtahanının ləğv edilməsi ilə bağlı yeni təlimat məktubu gəldi. Bəxtiyar Vahabzadənin cəsarəti, “qəhrəmanlığı” sayəsində bu imtahanı təkcə bizim ölkəmizdə yox, bütün müttəfiq respublikalarda ləğv etmişdilər. Latviyada, Estoniyada, Gürcüstanda, Tacikistanda və digər ölkələrdə çoxu bilməmişdi ki, SSRİ-nin ən nüfuzlu nazirlərindən biri nə üçün imzaladığı əmri 15-20 gün sonra geri oxumuşdu, bunun səbəbkarı kimdir? Mənim də canım yeni blanklar çap etdirməkdən və imtahanları təşkil etməkdən qurtardı… 1989-cu ildə siyasi vəziyyət bir az da mürəkkəbləşəndə Bəxtiyar Vahabzadə ilə daha yaxından ünsiyyətdə ola bildim. Vəziyyət haqda bir qədər ətraflı yazım ki, gənclər yaşadığımız illəri yaxşı təsəvvür edə bilsinlər. Biz hələ müstəqilliyimizi əldə etməmişdik, bu möhtəşəm hadisəyə iki il qalırdı, Moskva bütün aparıcı nöqtələrdə “öz adamını” – milliyyətcə rus olan bir nəfər əyləşdirmişdi. Doğrudur, 20-ci, 30-cu illər deyildi, nazirlər, İdarə rəisləri milli kadrlar idi, ancaq müavinlər mütləq rus olmalı, lazım bildikləri məlumatları “yuxarıya” çatdırmalı idilər. Həmin dövrdə nazir Rafiq Feyzullayevin birinci müavini Mirabbas Qasımovdan savayı, 3 müavini var idi – Əlimirzə Əhmədov, Mahirə Fərəcova və milliyyətcə rus olan Krotkov Yuri İvanoviç. Mənim Ali Təhsil şöbəsinin (bir az sonra Ali Təhsil İdarəsinin) müdiri vəzifəsində də bir nəzarətçim var idi – müavinim Muxin Anatoli Pavloviç. Adını beynəlmiləlçilik qoyub bizi aldatmaq istəyirdilər, ancaq hamıya hər şey aydın idi. Təəssüf ki, əlimizdən heç nə gəlmirdi, onu nə dəyişə, nə də başqa vəzifəyə keçirə bilirdik. İşi də elə qurmuşdular ki, istər bizim şöbədən olsun, istərsə də nazirlikdən, müavinlərin imzası olmadan bir sənəd də xaricə çıxa bilməzdi. Deməli, müavin olsalar da, əslində biz onlardan asılı vəziyyətdə idik. Bircə təsəllimiz bu idi ki, əyləşdiyimiz Hökumət evinin önündə – Azadlıq meydanında çox mühüm hadisələr cərəyan edirdi, böyük ümidlər yaradan mitinqlər, müxtəlif toplanışlar baş tutur, çox ciddi bəyanatlar eşidilirdi. İnanmaq çətin olsa da, milli mənafelərlə bağlı səslənən şüarlar, bizim kabinetlərə qədər gəlib çıxan söz-söhbətlər, şayiələr, ümumiyyətlə gedən proseslər belə bir təəssürat yaradırdı ki, yaxınlarda bu müavinlərdən canımız qurtaracaq, respublikamız milli və müstəqil dövlət olacaq. Buna inanmaq ona görə çətin idi ki, nazirliyin bütün sənədləri, yazışmaları, nazirin, onun müavinlərinin, rektorların, hətta orta məktəb direktorlarının yazdıqları dərkənarlar rus dilində olurdu. Bunların hamısı birdən necə dəyişə bilərdi? Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 1990-cı ilin yanvarında baş verən hadisələrdən sonra bu proses daha da gücləndi, Azadlıq meydanından Leninin, dağüstü parkdan (indiki Şəhidlər xiyabanından) Kirovun heykəllərinin götürülməsi, əhalinin kütləvi şəkildə Kommunist partiyası biletindən imtina etməsi və bu biletlərin nümayişkaranə şəkildə yandırılması milli hisslərin bir qədər də alovlanmasına rəvac verdi. Yaxşı xatırlayıram, həmin dövrdə idarə və müəssisələrin kargüzarlıq sənədlərinin Azərbaycan dilinə keçidini təmin etmək məqsədilə bir Dövlət Komissiyası yaradılmışdı. Komissiyanın sədri Xalq şairi Bəxtiyar Vahabzadə, müavini isə şair Qasım Qasımzadə idi. Onlar bütün nazirlikləri, digər dövlət qurumlarını gəzir, sənədləşmənin milli dildə aparılmasının vəziyyətini yoxlayır, bu prosesin sürətlənməsini inadla tələb edirdilər. Dərd burasında idi ki, hələ çar dövründən, yəni Azərbaycan Rusiyaya ilhaq edildiyi tarixdən ölkəmizin idarə və müəssisələrində bütün rəsmi sənədlər, kargüzarlıq işləri rus dilində tərtib edilirdi. Bura adi arayışdan ən yüksək dövlət qurumlarında yazılan sənədlərə kimi hər şey daxil idi. 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra sənədləşmənin doğma dildə aparılması ilə bağlı qərar qəbul edilsə də, 23 aylıq müddətdə mütəxəssislərin yoxluğundan milli əlifba ilə şriftləri olmayan nəşriyyatlarda doğma dildə blankların çap edilməsinə kimi yüzlərlə problemin mövcudluğu buna imkan verməmişdi. Sonra isə məlum hadisələr baş vermiş, yenidən “böyük qardaşların” hakimiyyəti ələ alması həmin arzunu ürəklərdə qoymuşdu. Nəticə isə bu idi ki, rus dilində kargüzarlıq sənədlərinin ən azı 150 illik kökləri olduğu halda, bunun Azərbaycan dilində heç rüşeymləri də yox idi. Əlbəttə, 1989-cu ildə vəziyyət başqa idi, Azərbaycan dilində heç bir sənəd olmasa da, milli və qeyrətli kadrlarımız var idi… …Əsas nazirliklərdən biri olduğuna görə rəhmətlik Bəxtiyar müəllim tez-tez bizim təşkilata gəlir, nazirlə görüşür, özü bu prosesin necə getdiyini şəxsən yoxlayırdı. O dövrdə təbii ki, bütün şöbələrdə sənədləşmə, yazışmalar rus dilində aparılırdı, vəziyyətdən çıxmaq üçün nazir Rafiq Feyzullayev Bəxtiyar müəllimi mənim yanıma göndərirdi. Mən o zamanlar Ali məktəblər İdarəsinin rəisi işlədiyimə görə ali məktəblərin potensial imkanlarından və kadrlarından istifadə edərək xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirmiş, milli dildə yenilərini hazırlatdırmışdım. Kağızın tapılmadığı, nəşriyyatların çox məhdud sayda və imkanda olduğu bir zamanda böyük çətinliklərlə məktubları, blankları, digər xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirib, dəfələrlə yoxladıqdan sonra çap etdirmişdim. Doğrusunu deyim ki, Bəxtiyar müəllimin rəhbərlik etdiyi o komissiyanın da xofu var idi, ancaq özümüz də bir vətəndaş olaraq sənədlərin milli dildə olmasında çox maraqlı idik. Təsəvvür edin ki, ali məktəblərdə jurnallardan başlamış kafedralarda tədris yükü, metodik təlimatlara, dekanlıqlarda verilən arayışlara, tələbələrin şəxsi işlərinə, diplomlara kimi bütün sənədlər rus dilində idi. Bizim şöbədə də vətəndaşların qeydiyyatından təlimat məktublarına kimi yüzlərlə sənəd rus dilində idi. Bu qədər sənədi, blankı, jurnalı, məktubu Azərbaycan dilinə tərcümə etmək üçün əməkdaşlarla birgə bəzən gecə yarısına kimi işdə qalmalı olurduq… Bəxtiyar müəllim hiss ediləcək qədər qürurla bu sənədləri diqqətlə oxuyur, işin belə sürətlə getdiyini görüb çox sevinir, mənə səmimi razılığını bildirirdi. Ancaq tez-tez də deyirdi ki, nə məsələdirsə, gələn kimi bu nazir bizi Sizin şöbəyə göndərir, məgər başqa şöbə yoxdur? Nə qədər dərin təfəkkürlü şəxsiyyət, geniş düşüncəli şair olsa da, həm də çox saf və dürüst insan olduğuna görə nazirin onu aldatdığını, digər şöbələrdə bu məsələ ilə bağlı heç bir işin getmədiyinə görə onu daim bizim idarəyə yönəltdiyinin səbəbini hiss etmirdi. Ancaq müntəzəm görüşlərimiz bu fövqəladə keyfiyyətlərə malik böyük insanı daha yaxından tanımağımla və onu bir qədər də çox sevməyimlə nəticələndi… …Etiraf etmək lazımdır ki, 90-cı illərin sonlarına doğru ölkədə siyasi durum mürəkkəb olaraq qalırdı. Bu gün vəziyyət xeyli aydınlaşmış, o illərlə müqayisə edəndə tərəddüdlər, ikibaşlı oyunlar, məkrli niyyətlər xeyli azalmışdır. Zaman öz işini görmüş, bir çox həqiqətlər üzə çıxmış, kimin kim olduğu bilinmiş, necə deyərlər, “maskalar açılmışdır”. Bu gün biz “5-ci Kolon” sözünü cəsarətlə deyib bu adın altında gizlənənləri ifşa edə bilirik. Ancaq 90-cı illərdə Rusiyanın agenti olub içəridən bizi “yeyən” “5-ci Kolon” nümayəndələrinə güldən ağır söz demək mümkün deyildi, onlar da “bəlkə də qaytardılar” ümidi ilə ruslaşdırma siyasətini həm eninə, həm də uzununa davam etdirirdilər. Bu, bir həqiqətdir, niyə gizlədək?! İndi özünü qəhrəman, “millət fədaisi” kimi qələmə vermək üçün maskasını dəyişib “Avropa”, yaxud “Türk” qılafına girənlərdən fərqli olaraq o çətin illərdə də Rusiyanın “assimilyasiya siyasətinə” qarşı həqiqi mübarizə aparan oğullar var idi. Bunlardan biri də Bəxtiyar Vahabzadə idi … Buna görə də nazir təyin edildiyim ilk günlərdə – 1998-ci il aprelin əvvəllərində Bəxtiyar Vahabzadə ilə görüşmək, onunla milli məsələ ilə bağlı məsləhətləşmək qərarına gəldim. Hesab edirdim ki, Bəxtiyar müəllim milli konsepsiyamızın ən qüdrətli nümayəndələrindən biridir və onun məsləhətləri mənə nazirlik fəaliyyətimdə çox kömək edə bilər. Həqiqətən belə də oldu. Bəxtiyar müəllimlə iki saata yaxın söhbət etdik, qərara aldıq ki, nazirliyin kollegiyasının genişləndirilmiş iclasını onun iştirakı ilə mayın əvvəllərində BDU-da keçirək və əsas məruzəçi də elə o olsun. Görüş zamanı şair mənə məsləhət bildi ki, XIX əsrin ortalarında yaşamış tanınmış rus pedaqoqu Dmitri Uşinskinin məşhur “Ana dili” məqaləsinin tərcüməsini “Azərbaycan müəllimi” qəzetində çap etdirək. XIX əsrdə Rusiyada fransız və alman dillərinin rus dilini sıxışdırdığı bir zamanda Uşinski bu məqalədə xalq ruhunu mənimsəmək üçün ana dilinin böyük əhəmiyyəti olduğunu göstərmiş və dil məsələsinə xüsusi diqqət yetirmişdi: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. Bu fikirlər Bəxtiyar müəllimin ruhuna, o illərin milli siyasətinə çox yaxın olduğuna görə həmin məqalənin çap edilməsi cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Onu da yaxşı xatırlayıram ki, 1998-ci il mayın 1-də Bakı Dövlət Universitetində Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası üzvlərinin iştirakı ilə nazirliyin genişləndirilmiş kollegiya iclasını keçirdik. İclasda təhsil sahəsində islahatların strateji istiqamətləri kimi iki əsas məsələ – müəllim nüfuzunun bərpası və təhsilin milliləşdirilməsi geniş müzakirə edildi. Burada əsas məsələ olan təhsilin milliləşdirilməsi ilə bağlı mən bir neçə dəqiqə çıxış edərək dedim ki, bu gün müstəqil dövlətdə yaşasaq da, təhsilimizin vəziyyəti Rusiyanın vilayətlərində olduğu kimidir – hələ də Kiril qrafikalı əlifba ilə yazırıq, dərsliklərimizin əksəriyyəti sovet dönəmindən qalmadır, rus dili 1-ci sinifdən 11-ci sinfə kimi məcburi fənn kimi tədris edilir, mərkəzi şəhərlərdə – Bakıda, Gəncədə, Sumqayıtda və bəzi digər regionlarda təlim rus dilində olan məktəblərin sayı Azərbaycan məktəblərinin sayına ya bərabərdir, ya da rus bölmələri artıqdır. Bundan sonra xalqımızın böyük vətənpərvər şairi Bəxtiyar Vahabzadə ölkəmizdə ana dilindən istifadənin vəziyyətilə bağlı danışdı və ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə dair dəyərli təkliflərini verdi. Çıxışının sonunda isə indiyə qədər unutmadığım şeirindən bir parçanı oxudu: Siz ey doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, Ruhunuzu oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, Ancaq Vətən çörəyi sizlərə qənim olsun. Bu çıxışlar, həmin kiçik şeir parçası və şairin odlu-alovlu, həm də ürək yanğısı ilə dediyi sözlər iclasa tamam başqa əhval-ruhiyyə gətirdi. Hər zaman dil məsələsinə özünəməxsus yanaşması olan Bəxtiyar müəllimin ziyalı mövqeyi, həqiqətən, hamı üçün örnək idi. Bu tədbirdən sonra dil məsələsi ilə bağlı həm təhsil sistemində, həm də deyərdim ki, bütün ölkədə ciddi dəyişikliklər oldu. O vaxta qədər məcburi fənn kimi tədris olunan rus dilinə xarici dil statusu verildi, o da ingilis, fransız dilləri kimi şagirdlərin arzusu ilə seçmə fənn oldu, yalnız müəyyən siniflərdə keçirildi, rus bölmələrinin sayı surətlə azalmağa başladı. Belə ki, əgər 1988/89-cu tədris ilində ölkədə təlim yalnız rus dilində olan məktəblərin sayı 163 idisə, 2010/11-ci tədris ilində onların sayı 18-ə düşdü. Şagirdlərin sayı isə müvafiq olaraq 117 min nəfərdən 5800 nəfərə qədər azaldı. Əlbəttə, milli-azadlıq hərəkatı günlərində dediyi sözlərə görə heç bir məsuliyyət daşımadan, həmin vədləri yerinə yetirmək mexanizmini təsəvvür belə etmədən odlu-odlu danışmaq, “milli dili bütün tədris müəssisələrində birmənalı şəkildə tətbiq etmək lazımdır” tipli çağırışlar etmək ayrı bir məsələ idi, ancaq onu reallaşdırmaq tamam ayrı bir məsələ. Müəyyən çətinliklərlə rastlaşsam da, həmin çıxılmaz vəziyyətlərdə böyük şairin milli məsələlərdə aydın və birmənalı mövqeyi, həmçinin sarsılmaz cəsarəti mənə “ikinci nəfəs” verirdi.
Cənubi Azərbaycanda neçə milyon azərbaycanlı yaşayır?: 50, yoxsa 19…?
ARAŞDIRMA
İranda, xüsusilə Cənubi Azərbaycanda yayaşan azərbaycanlıların sayı barədə məlumatlar həmişə qeyri-dəqiq olub. Məsələn, SSRİ dövrünə aid nəşrlərdə İran azərbaycanlılarının sayı 7 milyon civarında göstərilirdi. Şayiə formasında dolaşan xəbərlərə görə, bu rəqəm 20 milyona yaxın idi. Azərbaycan müstəqillik qazandıqdan sonra İranda əvvəlcə 20 milyon, sonra 25 milyon, ardınca 30 milyon, nəhayət, 35-40 milyon azərbaycanlının yaşaması barədə məlumatlar yayıldı. Bugün iddia edilir ki, İrandakı azərbaycanlıların sayı artıq 50 milyon nəfərdir.
Bəs həqiqi vəziyyət necədir? İranda yaşayan azərbaycanlıların sayını müəyyən etmək mümkündürmü? Zənnimizcə, bunu edə bilərik. Amma bəri başdan vurğulayaq ki, əldə edəcəyimiz rəqəmlər təxmini, lakin reallığa yaxın olacaq. Bunun üçün İran ostanlarındakı demoqrafik vəziyyətə nəzər salmalıyıq. İranda 31 ostan var. Onları əlifba sırası ilə təqdim edirik:
1.Buşəhr ostanı: ərazisi – 22.743 km, əhalisi – 1.174.000 nəfər. 2.Cənubi Xorasan ostanı: ərazisi – 151.913 km, əhalisi – 786.000 nəfər. 3.Çahar-Mahal və Bəxtiyar ostanı: ərazisi – 16.332 km, əhalisi – 973.000 nəfər. 4.Əlburz ostanı: ərazisi – 5.833 km, əhalisi – 2.730.000 nəfər. 5.Ərdəbil ostanı: ərazisi – 17.800 km, əhalisi – 1.284.000 nəfər. 6.Fars ostanı: ərazisi – 122.608 km, əhalisi – 4.904.000 nəfər. 7.Gilan ostanı: ərazisi – 14.042 km, əhalisi – 2.546.000 nəfər. 8.Gülistan ostanı: ərazisi – 20.367 km, əhalisi – 1.893.000 nəfər. 9.Həmədan ostanı: ərazisi – 19.493 km, əhalisi – 1.756.000 nəfər. 10.Hörmüzgan ostanı: ərazisi – 70.697 km, əhalisi – 1.806.000 nəfər. 11.Xuzistan ostanı: ərazisi – 64.055 km, əhalisi – 4.725.000 nəfər. 12.İlam ostanı: ərazisi – 20.164 km, əhalisi – 591.000 nəfər. 13.İsfahan ostanı: ərazisi – 107.018 km, əhalisi – 5.136.000 nəfər. 14.Kirman ostanı: ərazisi – 183.285 km, əhalisi – 3.184.000 nəfər. 15.Kirmanşah ostanı: ərazisi – 24.998 km, əhalisi – 2.003.000 nəfər. 16.Kohgiluyə və Boyar-Əhməd ostanı: ərazisi – 15.504 km, əhalisi – 728.000 nəfər. 17.Kürdistan ostanı: ərazisi – 29.137 km, əhalisi – 1.614.000 nəfər. 18.Qərbi Azərbaycan ostanı – ərazisi – 37.437 km, əhalisi – 3.278.000 nəfər. 19.Qəzvin ostanı: ərazisi – 15.567 km, əhalisi – 1.284.000 nəfər. 20.Qum ostanı: ərazisi – 11.526 km, əhalisi – 1.300.000 nəfər. 21.Luristan ostanı: ərazisi – 28.294 km, əhalisi – 1.784.000 nəfər. 22.Mazandaran ostanı: ərazisi – 23.833 km, əhalisi – 3.302.000 nəfər. 23.Mərkəzi ostanı: ərazisi – 29.127 km, əhalisi – 1.436.000 nəfər. 24.Rəzəvi Xorasan ostanı: ərazisi – 118.884 km, əhalisi – 6.444.000 nəfər. 25.Simnan ostanı: ərazisi – 97.491 km, əhalisi – 715.000 nəfər. 26.Sistan və Bəlucistan ostanı: ərazisi – 180.726 km, əhalisi – 2.777.000 nəfər. 27.Şərqi Azərbaycan ostanı: ərazisi – 45.650 km, əhalisi – 3.925.000 nəfər. 28.Şimali Xorasan ostanı: ərazisi – 28.434 km, əhalisi – 868.000 nəfər. 29.Tehran ostanı: ərazisi – 18.814 km, əhalisi – 13.323.000 nəfər. 30.Yəzd ostanı: ərazisi – 76.469 km, əhalisi – 1.156..000 nəfər. 31.Zəncan ostanı: ərazisi – 21.773 km, əhalisi – 1.103.000 nəfər.
Qeyd: Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.
Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təxmini sayı:
1.Ərdəbil ostanında əhalinin təxminən 95 faizi, yaxud 1.220.000 nəfəri azərbaycanlıdır. 2.Həmədan ostanında əhalinin təxminən 60 faizi, yaxud 1.054.000 nəfəri azərbaycanlıdır. 3.Qərbi Azərbaycan ostanında əhalinin təxminən 77 faizi, yaxud 2.524.000 nəfəri azərbaycanlıdır. 4.Qəzvin ostanında əhalinin təxminən 52 faizi, yaxud 668.000 nəfəri azərbaycanlıdır. 5.Şərqi Azırbaycan ostanında əhalinin təxminən 97 faizi, yaxud 3.807.250 nəfəri azərbaycanlıdır. 6.Zəncan ostanında əhalinin təxminən 90 faizi, yaxud 993.000 nəfəri azərbaycanlıdır.
Nəticə:
Cənubi Azərbaycanda təxminən 10.266.250 nəfər azərbaycanlı yaşayır.
İranın digər ostanlarında yaşayan azərbaycanlıların təxmini sayı:
1.Buşəhr ostanında əhalinin təxminən 2 faizi, yaxud 24.000 nəfəri azərbaycanlıdır. 2.Cənubi Xorasan ostanında azərbaycanlı, demək olar ki, yoxdur. 3.Çahar-Mahal və Bəxtiyar ostanında əhalinin təxminən 18 faizi, yaxud 176.000 nəfəri azərbaycanlıdır. 4.Əlburz ostanında əhalinin təxminən 39 faizi, yaxud 1.065.000 nəfəri azərbaycanlıdır. 5.Fars ostanında əhalinin təxminən 14 faizi, yaxud 687.000 nəfəri azərbaycanlıdır. 6.Gilan ostanında əhalinin təxminən 19 faizi, yaxud 484.000 nəfəri azərbaycanlıdır. 7.Gülistan ostanında əhalinin təxminən 34 faizi, yaxud 625.000 nəfəri türkmən, təxminən 8 faizi, yaxud 151.440 nəfəri Xorasan türküdür. 8.Hörmüzgan ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 1.000 nəfəri azərbaycanlıdır. 9.Xuzistan ostanında əhalinin təxminən 3.4 faizi, yaxud 161.000 nəfəri azərbaycanlıdır. 10.İlam ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 600 nəfəri azərbaycanlıdır. 11.İsfahan ostanında əhalinin təxminən 11 faizi, yaxud 565.000 nəfəri azərbaycanlıdır. 12.Kirman ostanında əhalinin təxminən 1 faizi, yaxud 32.000 nəfəri azərbaycanlıdır. 13.Kirmanşah ostanında əhalinin təxminən 2 faizi, yaxud 40.000 nəfəri azərbaycanlıdır. 14.Kohgiluyə və Boyar Əhməd ostanında əhalinin təxminən 7.2 faizi, yaxud 53.000 nəfəri azərbaycanlıdır. 15.Kürdistan ostanında əhalinin təxminən 4.1 faizi, yaxud 66.000 nəfəri azərbaycanlıdır. 16.Qum ostanında əhalinin təxminən 30 faizi, yaxud 390.000 nəfəri azərbaycanlıdır. 17.Luristan ostanında əhalinin təxminıən 0.5 faizi, yaxud 9.000 nəfəri azərbaycanlıdır. 18.Mazandaran ostanında əhalinin təxminən 2.5 faizi, yaxud 83.000 nəfəri azərbaycanlıdır. 19.Mərkəzi ostanında əhalinin təxminən 21 faizi, yaxud 301.000 nəfəri azərbaycanlıdır. 20.Rəzəvi-Xorasan ostanında əhalinin təxminən 5.5 faizi, yaxud 355.000 nəfəri Xorasan türkü, təxminən 0.3 faizi, yaxud 20.000 nəfəri türkməndir. 21.Simnan ostanında əhalinin təxminən 1.5 faizi, yaxud 11.000 nəfəri azərbaycanlıdır. 22.Sistan və Bəlucistan ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 3.000 nəfəri azərbaycanlıdır. 23.Şimali Xorasan ostanında əhalinin təxminən 50 faizi, yaxud 434.000 nəfəri Xorasan türkü, təxminən 5.3 faizi, yaxud 46.000 nəfəri türkməndir. 24.Tehran ostanında əhalinin təxminən 35 faizi, yaxud 4.663.000 nəfəri azərbaycanlıdır. 25.Yəzd ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 6.000 nəfəri azərbaycanlıdır.
Nəticə:
İranın digər 25 ostanında təxminən 8.820.600 nəfər azərbaycanlı, 940.440 nəfər Xorasan türkü, 691.000 nəfər türkmən yaşayır. Siyahıdan göründüyü kimi, Əlburz (39%), Fars (14%), Gilan (19%), Gülistan (42%), İsfahan (11%), Qum (30%), Mərkəzi (21%), Şimali Xorasan (55.3%) və Tehran (35%) ostanlarında əhalinin əhəmiyyətli hissəsi türklərdir. Bu ostanlardan yalnız Əlburz, Gilan və Mərkəzi ostanlarının Cənubi Azərbaycan ostanlarına birbaşa çıxışı var. Qum və Tehran ostanları isə Əlburz və Mərkəzi ostanları ilə həmsərhəddir. Gülistan, Şimali Xorasan və Rəzəvi Xorasan ostanları Türkmənistan və Əfqanıstan sərhədlərində yerləşir.
Qeyd:
Xorasan türkləri əslində azərbaycanlı və qızılbaş olsalar da, onları bəzən türkmən, bəzən isə özbək hesab edirlər. Lakin çox vaxt sadəcə Xorasan türkü adlandırırlar.
Beləliklə, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir. Onların tən yarısı Cənubi Azərbaycanda, 20 faizi Tehran şəhərində, 30 faizi isə ölkənin müxtəlif vilayətlərində yaşayır.