
Sevda Səfərlinin “Vətən sizə oğul dedi” kitabı
Sevda Səfərlinin “Vətən sizə oğul dedi” kitabı 3 bölmədən ibarətdir. Birinci bölmə Şuşa Şəhidlərinin həyat və döyüş yolundan bəhs olunur.
Hər bir Şəhidin həyat və döyüş yolu haqqında geniş məlumat və Şəhidin ailə üzvlərinin müsahibəsi kitabda öz əksini tapmışdır.
İkinci bölmə isə “Şəhid şagirdlərim” adlanır. Bu bölmədə müəllif Şəhid olmuş şagirdlərinin həyat və döyüş yolunu ürək ağrısı ilə qələmə alıb.
Bir zamanlar dərs dediyi şagirdlərinin valideynlərindən və doğmalarından alınmış müsahibə əsasında yazılmış bu bölmə daha təsirlidir. Öz sevimli şagirdlərinin ölümü-nakam taleyi haqqında yazmaq bir müəllim kimi nə qədər ağırdır.
Elm yollarında şagirdləri ilə birgə addımlayan və onların ali məktəbə qəbul olunmasını ürəkdən arzulayan bir müəllim şagirdinin ölümünü böyük təəssüf hissi ilə qələmə almışdır.
Kitabın üçüncü bölməsi isə 44 günlük Vətən müharibəsində iştirak edən 40 nəfər şuşalı döyüşçü qazilərin həyat və şərəfli döyüş yolu haqqında özlərinin müsahibəsi əsasında yazılmış oçerklərdən ibarətdir.
Şuşada ilk dəfə bayrağımızı dalğalandıran polkovnik- leytenant Səbuhi Abdullayev, tank bölüyünün komandiri, leytenant Hüseyn Ələkbərli, baş leytenant Cümşüd Babayev, XTQ-nin baş giziri Eldəniz Əliyev, XTQ-nin gizirləri Nurani Mikayılov, ayağını Vətən yolunda qurban vermiş Nizami Cəfərov və digər şuşalı qazilərin həyat və döyüş yolu haqqında geniş məlumat verilir.
Kitabda müəllifin yazdığı “Son söz” bir daha sübut edir ki, müharibə bitən kimi Şəhidlərin və qazilərin şərəfli döyüş yolunu işıqlandırmaq üçün müəllif ağrılı günlər yaşamışdır : “Qovrula-qovrula qələmə aldığım sətirlər… Hər sətir arasından boylanan nakam oğullar… Torpağa damcılayan qanınız qanımızı dondurdu…Sizə dəyən güllələr bizim ürəyimizi yaraladı, Şəhidlər! O tökülən qanlardan Qarabağ torpağında otlar cücərdi, güllər- çiçəklər açdı.
Nə çətinmiş Şəhidlərdən yazmaq…Nə ağrılı imiş Şəhid anası ilə üz-üzə qalmaq.. Nə əzablı imiş Şəhid balasını dilləndirmək, Şəhid sevgilisinin dərd-sərdən soluxmuş gözlərinə baxmaq, qəmli xatirələrini dinləmək… Nə ağırmış nakam oğulların gülümsər şəkillərinə baxmaq.. Sanki dil açıb danışmaq istəyən on səkkiz yaşlı Şəhidlərin şəklinə baxmaq daha dözülməz idi. Sanki şəkillər danışırdılar, ana oğlu ilə, ata balaları ilə…
Elə sizin qanınızla oyanan torpaqda da ruhunuz əbədi yaşayacaq, Şəhidlər! “
Əziz və dəyərli oxucu!
Şuşa Şəhidlərinin və qazilərinin şərəfli döyüş yolundan bəhs edən “Vətən sizə oğul dedi” kitabını vərəqlədikcə keçirdiyiniz qürur hissi ağrılı hisslərdən daha güclü olacaq. Kitabın elektron variantı ilə buradan tanış ola bilərsiniz:OXU>>>> VƏTƏN SİZƏ OĞUL DEDİ
Müəllif: Günnur Ağayeva
ədəbiyyatşünas-tənqidçi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI