VAQİF OSMANLI YAZIR

“YAŞAMAQ EŞQİNƏ SALAM DEYƏN” SÖZ
ADAMININ ÖMÜR NƏĞMƏLƏRİ

Ana təbiət kainatın ən ali varlığı şüurlu insandan daha “istedad”lı yaradıcıdı. Onun şah əsərlərindən biri də Qafqaz dağlarına sığınıb qol-boyun yaşayan gözəl Zaqataladır. Oranı bir dəfə görənlər əmin olurlar ki, burada yaşayanların qəlbi genişdi, duyğuludu, yaşamaq eşqi sönməzdi, istedadlı yaradıcıdırlar – söz yaradıcısı.
Belə duyğulu insanlardan biri də Nüsrət Musadı. Ona Yaradan çoxuna nəsib olmayan istedadla yanaşı, həssas göz verdiyindən duyub qələmə aldıqları daha inandırıcıdı, daxili dünyasının lirik pıçıltıları səmimidi. Ulu, şərəfli tarixi ilə tanınan Zaqatalanın qədim Türk diyarı Muğanlı kəndində doğulan, boya-başa çatan, yaşayan, özünü, sözünü anlayandan ilahi sözə könül verən şairin “Kədərə vermişəm sevinc payımı” şeirlər kitabı onun poeziyasevərlərlə ikinci görüşüdü.
Şairin Vətənə, millətə, yurda, uşaqlıq və gənclik illərinə, mənəvi dəyərlərimizə bağlılığı şeirlərinin ana xəttidir. Nüsrət müəllim gözünü dünyaya açanda anasını, ətirli qızılgüllü Zaqatala kimi bir gözəli görüb, aşiq olub, ona eşq elan edibsə, necə şair olmaya bilərdi?
Kitaba ön söz yazan şair Əkbər Qoşalının dediyi kimi:
“Nüsrət Musa şeirə bir “mövqe” kimi baxmır, tribunluq eləmir (hərçənd belə davranmaq da mümkün və məq-buldur); o, şeirə bir “ömür tərzi” kimi yanaşır. Onun poetik nəfəsi ilk səhifələrdən başlayaraq, oxucunu iki əsas xətt boyunca aparır: könül rahatlığı ilə kədər arasındakı əbədi gərginlik və zamanın insan taleyi üzərində qoyduğu qaçılmaz möhür misalı…”
Nüsrət müəllimin bir “könül rahatlığı, könül dincliyi” var – vaxtından, vədəsindən asılı olmayaraq, ürəyinin diktəsi ilə, işıqlı daxili dünyasından fani zahiri dünyaya gəlmək istəyi ilə hayqıran, “hamıya nəsib olmayan” poetik mənəvi övladlarını – lirik düşüncələrini dünyaya gətirmək, oxucularına ərmağan etmək.

Xoşbəxtdi, zəkadan kasıb olmayan,
Şükr edib, allahdan asi olmayan.
Nemətdi, hamıya nəsib olmayan,
Könül rahatlığı, könül dincliyi.

O, Məmməd Arazın təbirincə desək, “Vətən daşı”dı, vətəndaş şairdi, Vətən oğludu. Əslində qoca dünya sözün çiynində dayanıb. Bir məqama önəm vermək istəyirəm. Nüsrət müəllim, özünün yazdığı kimi, Xankəndini, Şuşanı ziyarət edərkən, şəhidlərin ruhlarına dualar oxuyarkən, ürəyini bir sual halbahal edib, şəhid ruhlarıyla, şəhid, qazi qanı və hünəriylə ürəyində doğulan müxtəlif ovqatlı sorğu-suallara cavab axtarıb:

Sıldırımda dövrə vuran oğullar,
Zirvəsində cəbhə yaran oğullar,
Torpağına sahib duran oğullar, –
Dağlar bizim dağlar kimi qalıbmı?

Şairin “Bəylik üçün ayaqqabı”, Polad Həşimovun anasına ehtiramla yazdığı “Sabahın xeyir”, “dədə-baba yurdlarından didərgin düşmüş, geri qayıdanda nənəsi basdıran armud ağacını qucaqlayıb öpən soydaşımızın xatirəsinə” qələmə aldığı “Nənəmin yadigarı” şeirləri Qarabağın çağdaş tarixinin səhifələridi, müharibə salnaməsidi. İnsanın dərdli, hüznlü günündə tut ağacı da doğmasıdı, onu ovuda bilər. Bu mübhəm hissləri poeziyaya çevirən söz adamının qəlbində azı doğması kimi armud ağacını qucaqlayan soydaşımızın ürəyindəki qədər ağrılar var, bilirəm – söz adamını yaşadan ağrılar.

Nənə yadigarı, görüşüb getdim,
“Sağlıqla qal” deyib, alışıb getdim.
Fələyin selinə qarışıb getdim,
Yenə qismət oldu görüşdük, ağac!
Qövr edən həsrəti bölüşdük, ağac!

Tapdanan torpağım, daşımdı dərdim,
Neçə yataqxana daşındı dərdim.
O evdə, bu evdə yaşandı dərdim,
Ümiddən, inamdan daim güc aldım,
Sən də qocalmısan, mən də qocaldım.

Nüsrət Musanın “Ata ocağı”, “Ay nənəmin cəhrəsi”, “Yadımdakı bayramlar”, “Nişanlı qızları oynadan toylar”, “O zamanın toyları” və bir çox şeirləri həzin nostalji duyğulardan doğulmuş poetik lövhələrdi. Bu şeirlər həm də ağsaqqal babalarımızın, ağbirçək nənələrimizin sənəkarlıq möcüzələrini, məşğuliyyətini, mənəvi dünyasını, milli kimlyini yaşadan etnoqrafik etüdlərdir.

Göy çəmənin üstündə açılardı süfrələr,
Uşaqlar ətrafında olunardı yerbəyer.
Halva, fətir, fəsəli isti çörək gələrdi,
İkiyə bir nimçədə şorba da düzülərdi.

Yada salıb kövrələnlər itməyib,
Azalıbdı adamların sayları.
Xatirəsi hafizəmdən getməyib,
Nişanlı qız oynadılan toyları.

“Ata ocağı” şeiri məni məndən alıb doğma yerlərə apardı. Buna səbəb o yerlərin mənim üçün də həmişə doğma olmasıdır. Axı insan yaşlandıqca uşaqlığına, qayğısız anlarına, ata-analı dünyasına qayıtmaq istəyir. Mən bayramdan-bayrama ata ocağını ziyarət edənlərdənəm. Ata ocağı ilə görüşəndə keçirdiyim hisslərin adı, dadı həmişə dilimdə, damağımdadı. İnsan ömrünün şirin günləri keçən o ev, ocaq, həyət, yol, kənd, çay, dağ insanın hisslərini korşalmağa qoymayan müqəddəs yerlərdir. Nüsrət Musa bəxtəvərdir ki, ata ocağının odunu qoruyandır, xatirəsini yaşadandır. İlahi missiyadı.

Bir yurdun sönməyən işığı olmaq,
Ata ocağında qalana düşər.

Boynuna çox ağır yük düşür düzü,
Ata əvəzinin yeri başdadır.

Şairlər dünyanın mizan-tərəzisinin gözlərindən birini həmişə yaxşıya, həqiqətə, haqqa, ədalətə xeyirxahlığa təfəf əyən, həmin gözü daha ağır etmək üçün mübarizə aparan ədalət carçılarıdı. Ona görəmi Tanrı Nüsrət müəllimin sevinc payını çox verməyib. Şairlərin dərdi də, sevinci də bəşəridir. Bəşəri olan nə varsa, əbədidir. Bu səbəbdəndir ki, Nüsrət müəllim yenidən doğulmaq arzusundadı:

Kədərə vermişəm sevinc payımı,
Dünyadan tək mənə şadlıq ummuram.

Bu qoca dünyanın bir gənc anası,
Sən məni yenidən gətir dünyaya!..

Dərd şairin doğmasıdır, Nüsrət müəllim nə qədər ona desə də “məndən uzaq dayan”, o, yaradanı ilə nəfəs-nəfəsə dayanacaq, qucaqlaşacaq. Əlbəttə, söhbət mənəvi dərddən gedir. Bu, şair taleynə yazılıb. Şairi şair eləyən o yaradıcı ilahi dərddir.
Şair, elə bilirsiniz yenidən doğulanda dərd sizi tanımayacaq? Amma arzulamağı da əlimizdən almayıblar ki?! Arzudan arzu doğar, arzulayaq.
Nüsrət müəllim doğulub özünü anlayandan dağları görüb, müdrik bilib salam deyib. Ulu Türkün babası sandığı dağlara arzusunu, diləyini söyləyib, dərdləşib, öyüd, ağsaqqal məsləhəti alıb. Dağ onun lirik obrazlarından biridi. Dağlardan vüqar, səxavət, əzəmət, xeyirxahlıq dərsləri alıb. Dağ onu bütövləşdirib, mətinləşdirib. Bəyaz saçlı ağsaqqalı bildiyi Qafqaza “əl eyləyib”, dağ öz övladını yeni günə uğurlayıb.

Demə, ruhda güman azdı,
Qəlbimə bir ümid sızdı.
Qayalara bir ad yazdım,
Dağlar, sənə əl eylədim!

Üç şeirində şair “ömürnamə”sini yazır. “Gördüm ki, yaş əlli beşdi” birinci ömürnamə”di. Birincini niyə əlli beşində yazıb? Sözünə məsuliyyətli, özünə tələbkar şairin özünəgüvəni yetərincə olan vaxtı ondan yaxşı kim bilərdi? Artıq söz onu doğması kimi ağuşuna almışdı. Budur, onu özgüvənli edən. Bundan sonra o, yetərincə söz deməyə məqam gəzib. Nüsrət müəllim, söz gələndə əlverişli, əlverişsiz məqam gözləmir, yaradıcısının köməyinə tələsir, onun istəklərini oxucularına bəyan edir. Söz bunu 25-də, 55-də də bəyan edib və edəcək də. Təki tale inamınızı əbədiyaşar eləsin!

Söz toxunar naxış-naxış,
Şair Nüsrət olan yerdə!

Qarşıda hələ çox sınaqlar var, şair. Söz öz doğmasını həmişə çətin sınaqlara çəkib, yoxlayıb ki, sevdiyi ona xəyanət edib, etməyib? Axı “hələ neçə arzu, istək özündə gəzdirir ürək”. Onları dünyaya gətirməlidir söz adamı – lap ana kimi. Bir şeirinizdə yazırsınız ki, “sevəndə sərhəddi aşıbdı könlüm”. Sevgi nə vaxt sərhəd bilib ki? Yazanı azaddırsa, söz qol-qanad açar, hədd, sərhəd bilməz.

Bir cəh-cəh var çəməndə,
Bacarsan sal kəməndə.
İlahidən gələndə,
Səsi batırmaq olmur.

İkinci “ömürnamə” “Altmışa çatınca”dır. Burda şair altmışa çatınca üzləşdiklərini qələmə alır, bu üzləşdikləri onü püxtələşdirir, həyata bağlayır, daha inamlı edir. “Qaraya qara, ağa ağ, yamaca yamac, dağa dağ deyəndə” neçə-neçə “dələduz, lovğa” şairin “qanını qaraltsa” da, “az sayda adamların ona dayaq durması mənəvi gücünü artırır. Ona görə taleyinə naşükürlük etmir, üzləşdikləri onu bərkidir, polad kimi əyilməz edir.

Yazıldı yaddaşa, yaddaşım qaya,
Bəzi məqamları salmıram saya.
Sınaq meydanıdı bəlli dünyaya,
Altmışa çatınca üzləşdiklərim.

“Yaşım altmış oldu” üçüncü “ömürnamə”di. “Zaman gözləmir”, yol nahamardı, artıq “qaşa dən düşüb, ömür yollarına çlsək-çən düşüb”. Necə də şirin gileylərdir. Şair gileylərini də müdrikliklə edir, axı yaş altmışdı. Özünə və həmyaşıdlarına təsəlli də verir, ustad Məmməd İsmayılın misrası ilə desək, “hələ yaşamağa dəyər bir az da”. Hələ imkan var yaşayıb-yaratmağa. Belə fürsətlərin , macalın çox olsun, Nüsrət Musa!

Sən də dünya deyib, yanma binadan,
Onunla həmyaşıd varmı bir adam?..
Azalır tay-tuşun sayı sıradan,
Bir ömür qopardı, yaş altmış oldu.

Elə şairin arzusuna qoşuluram:

Səni sevənlərlə olaraq həmdəm,
Bu günün özündə tarix yazarsan!..

Poeziyanın bir adı da insana sevgidi. Onu qəlbində ancaq işıqlı insanlar bəsləyə, qoruya bilər. Ruhu ölülər nə bilsin eşq, cəsarət, mərhəmət, humanizm nədir? Ruhsuzları görəndə Nüsrət müəllim həyəcan təbili çalır. Niyə də çalmasın? Mərhəməti, insana sevgisi olmayanlar anamız dünyanı hədələməkdədir. Bir anın içində insanlığın milyon-milyon illərlə qurub düzənə saldığını “uf” demədən yer üzündən silmək istəyənlərin tamahı ən müasir silahlardan qorxuludu. Bu günümüzün siyasi olayları buna sübutdur. Maddi sərvət naminə dünyanı diri-diri udmaq istəyənlərin çinədanı dolmur ki, dolmur.

Tamahı ayıqdı, ruhu mürgüdə,
Nəfsin qapısını açıb taybatay.
Nəvaziş, iltifat qalıb kölgədə,
Ürək daşa dönür, haray, ay haray!

Həqiqi söz onunla nəfəs alan insanları bütövləşdirir, şəxsiyyət kimi formalaşdırır. Anlamazlar nəcib insanlıq məziyyəti təvəzökarlığı bəzən acizlik kimi başa düşsələr də, bu ən ali mənəvi keyfiyyətlərdən biridi. Bu fikirlərimi Zaqatalamızın gözəl və istedadlı şair xanımı Adilə Aslanovanın kitab təqdimatında vurğulasam da, yenə təkrar etməyimin səbəbi Nüsrət Musanın “Nə edim mən şair ola bilmədim” şeiridi. Əvvəllər poeziyamızın onurğa sütunlarından Məmməd İsmayıl “Mən şair olmadım dostum-qardaşım” deyəndə bu böyüklüyə, aliliyə, təvəzöyə heyran olmuşdum. Mən birinci növbədə ürəyimin məntiqinə sadiqəm. Qəti deyirəm ki, Nüsrət müəllim şair ola bilib. Bəzən tələbkar müəllim kimi “həyat dırnağına döysə də, əlinə qələm əvəzinə kərənti versə də” onun könül duyğuları həmişəbahar olub, onu şair böyüdüb. Etirafa fikir verin:

Mənim öz dünyam var – sevimli guşəm,
Sanki xəyallardan ora enmişəm.
Şair dogulsam da, ayrıdı peşəm,
Nə edim, mən şair ola bilmədim?!..

Daha sonra ürəyimin məntiqini təsdiqləyib etiraf edir ki, onun taleyinə şairlik yazılıb. Taledən isə qaçmaq olmur. O, özünəinamlıdır, “boğazdan yuxarı söz deməyib, əlləri əl çalmaqdan qızarmayıb”, haqqı nahaqqa verməyib. Və boyuna alır ki, “dəyişə bilmirəm, mən ki, qadası, mən belə şairəm, atam balası!”

Şairtək yaşadım söz həyatını,
Qurdum haqq üstündə öz həyatımı.
Tale belə yazıb düz həyatımı,
Çəkdim cəfasını hər bir gülün də,
Yaşamaq şirindi tale güləndə.

Saray zənn etdiyim uçuq kahadı,
Haqqın həmişədən əyni yuxadı.
Düzgünə arxa ol, o da bahadı,
Soruşma əhvalın necədir, şair?

Kimsə yaşamaq eşqinə gündüz-gecə salam söyləyən adam tanıyırmı? Mən də tanımırdım. Nə yaxşı ki, Nüsrət Musanın lirik düşüncələrinə bələd oldum və anladım ki, şair özünün həyat eşqini əziz tutur, ondan doymur. O, necə deyərlər, köhnə kişilərdəndi, “çörək az, insanlar xeyirxah, dostluq şah, ürəklər yuxa” zamanın yetirməsidi, zəmanəsinin oğlu, ömür-gün yoldaşı, qayğıkeş atası, xeyirxah babasıdı. Ailəyə, doğmalara, elə-obaya, yurda, Vətənə bağlı adamlar sözlə yaşayanda ən böyük təmənnası mənəvi gözəlliklərdi. “Od ilə oynamaq tale yazısına” çevrilənlərin, “ömür az oldu” haray-həşirindən uzaq olanların yaşamaq eşqinə salam”ı bizi həyata daha möhkəm bağlamalıdı. Bilin ki, həyat buna görə gözəldir. Doğrudan da “adımız gələndə gözü dolan var, biləndə bizləri əvəz edən var”, yaşamağa dəyər. Xoşbəxtlik bu deyilmi? Yaşamaq eşqinə salam verənlərin eşqi əbədidi, bəşəriyyətin ömrü qədərdi. Çünki həyatı, həyata ölməzlik verən gözəllikləri Nüsrət müəllim kimilər – söz adamları yaxşı anlayırlar.

Tutum nəvələrin körpə əlindən,
Odur gələcəyə körpü ömürdən.
Duyaraq güclüdü sevgi ölümdən,
Yaşamaq eşqinə salam deyirəm!

Xatirə cıgırı olacağamsa,
Yaddaşa bir işıq salacağamsa,
Qəmlinin könlünü alacağamsa,
Yaşamaq eşqinə salam deyirəm!

Nüsrət müəllimin “hələ çox sözü var deyəsi”. Nə olsun ki, “bir ömrü təzədən başlamaq olmur”. Yaradıcı insanın qismətinə düşən bir ömür payı bəs edir ki, söz ömrü qədər yaşasın – Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Müşfiq, Əli Kərim kimi. Nə olsun ki, Müşfiq 29, Əli Kərim 39, Sabir 49, Səməd Vurğun 50 il yaşayıb. Bu, fiziki ömürdü, mənəvi ömür əbədidi. Bu ömrü ilahi söz əbədi yaşadır.

Bir ömür yaşadım, yol gedirəm mən,
Qırxda anlanmayan əllidə bəlli.
Getdiyim yol ayaq açıb sevgidən,
Amalım, istəyim bəllidi, bəlli.

Min illərin sınağından qalib çıxan söz doğru yolu göstərəndi, işıqdı, söz adamının arzularının çin olmasına, əməllərinin düzlüyünə xeyirxahlıq edən qoruyucu mələkdi, xatirə dünyamızın qanadlarıdı. Nüsrət müəllimin poetik dünyasının insanlığı qoruyan mələyi mərhəmətlidi, şair istedadının, təxəyyülünün daimi olmasına vəsilədi. Məhz buna görə onun şair taleyi üzünə həmişə gülür, yeni yaradıcılıq uğurlarına səsləyir.
Sözə təmənnasız xidmət edən söz adamları kimi Nüsrət Musanın da gözü toxdu, üzü ağdı, başı ucadı, dünyanın iblissifət maddiyyatını heç-puç sayır. Mənəvi dünyasını zənginləşdirmək istəyənləri şair sözün ecazkar sehrinə dəvət edir – durulun, təmizlənin, zənginləşin, nəfsin qulu olmayın, işığa tərəf gedin, bir sözlə, İNSANLAŞIN!
aprel 2026

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

Azad Qaradərəlinin yazıları

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir