Qazax mahalının Şair qızı, ad günün mübarək!

Qazax mahalının Şair qızı, ad günün mübarək!

Aprel Könül Adamlarının ayıdır. Təbiət canlanır. Bənövşə ömrünü Yasəmənə ərmağan edir. Aləmi Yasəmən ətri bürüyür. Baharın bahar çağıdır aprel. Bu ayda anadan olanlar da elə Aprel kimi sevimli, aprel kimi sevilməli, aprel kimi ətirli olur. Bu ayın bu günündə şen olmuş Qazax mahalının Qazaxbəyli obasında Təbriz kişinin ocağında bir qız dünyaya gəldi. Bu qız özüylə birgə Yeni Söz, Yeni Yaradıcılıq, Yeni Poeziya gətirdi bu dünyaya. Allah bu qızla Sözün Səadətini göndərdi Azərbaycan poeziyasına. Müraciət etdiyi hər mövzuda nə yazıb-yaratdısa mükəmməl yazıb-yaratdı. Şairin sözdən başqa nəyi var ki? Doğru sözdən qiymətli nə var ki? Sözü qiymətdə saxlamağı bacardı Şair Bacım, sirdaşım, dəyərlim.

Onun “Dur Vətənə gedirik” şeirini Tanrı Dərgahında qəbul olunan dua kimi, yaxud da Haqdan gələn Ün kimi dəyərləndirirəm. O şeirin yazılmasından çox keçmədi, Azərbaycanın igid, qorxmaz oğulları qanları, canları bahasına Vətənə – Qarabağa getdilər. Azərbaycanın Üçrəngli Bayrağı Qarabağda, Şuşanın əzəmətli dağlarının zirvəsində dalğalandı. Nuranə Təbrizin “Dur Vətənə gedirik” şeirini İlahi vəhy kimi qəbul edirəm.

“Misri” ilə, “Cəngi” var,
-Ruhumun ahəngi var!
Bu paslı zəncir ki var,
-qır, vətənə gedirik!

Yaxud:

Vaxt gedər, zaman ötər,
geciksək ömür bitər,
Nuranə, hicran yetər!
Dur! vətənə gedirik!

“Salam Vətən” şeiri Vətənə olan sevginin Vətənə olan məhəbbətin təntənəsidir:

Salam olsun,
Səmaların mavisindən,
– al qanının üstündəki
-ulduzuna, hilalına
Yaşıl-yaşıl zəmilərin rəngi hopmuş camalına.
Nə gözəldir hüsnün vətən,
Hər məhfumdan üstün vətən!

Dost anlayışı bəlkə də qohumdan da üstündür, deyərdim. Çünki elə olur ki, qohuma deyə bilmədiyin sözü dosta deyirsən. Qohuma ərk etmirsən, dosta ərk edirsən. Yaxşı dost, etibarlı dost Tanrının lütfüdür, deyərdim. Nuranə dar günün, gen günün, şən günün, tən günün dostlarını həyat yoldaşı Milli Daşqına xitabən yazdığı ” Dostlarını” şeirində ustalıqla təsvir edib:

Ayağa qalx, görənlər deməsin bitgin düşüb
Qalx, kəsərli sözlərin görsünlər ötgün düşüb!
Cibini boş görənlər hamısı itgin düşüb,
Arxanda dağ bilirdin gen günün dostlarını.

Hər kəsin həyatında müqəddəs bir varlıq var – Ana adında. Özü ac olsa da, mən toxam, deyib övladını yedirdər ana. Bir paltarı qışda üşüyə-üşüyə, yayda istidən sıxıla-sıxıla geyinər, ancaq övladını paltarsız qoymaz. Əziyyət çəkər, ancaq övladını gülə-gülə qarşılayar ki, çəkdiyi əziyyəti övladı duyub, acı çəkməsin. Anaların qolları övlad üçün ən müqəddəs məkandır. Anasına həsr etdiyi “Anamın gözünün nuruna dəymə” şeirində anaların əlçatmazlığını, fədakarlığını şair məharəti ilə oxucuya çatdırmağı bacarıb:

Bir daş ayağıma dəyməsin deyə,
Anam yer üzündə qor ayaqlayıb.
Günəşli günlərə çatarıq deyə-
Qışdan yol keçirib, qar ayaqlayıb.

Bir gözü ağlayıb, bir gözü gülüb,
Keçdikcə həyatın sınaqlarından.
Dünyanın ən şirin bəstəsi düşüb,
mənə layla deyən dodaqlarından.

Deyirəm gözünün nurunu bəlkə,
Qoyubdur yuxusuz gecələrində.
Demək mənim qədər günahı vardı,
Həminki qaranlıq gecələrin də.

Mənim gözlərimin nurundan götür,
Anamın gözünə işıq ver allah.
Salma yollarına qaranlıqları,
Hər qədəm izinə işıq ver allah.

Odumun tüstüsü başımdan çıxır,
Yanan ürəyimin qoruna, dəymə.
İlahi, dünyada bir gün görməyib,
Anamın gözünün nuruna dəymə.

Hər zaman bu cümləni sevərək deyirəm: “Nuranə, sən Qazağın şair qızısan”. Qazaxın şair oğulları yetərincədir. Nuranə kimi Şair qızları isə sayılacaq qədərdir. Nuranə Təbriz Qazaxın istedadlı, bənzərsiz və dəyərli Şair Qızıdır.

Dünyaya gəlişin mübarək, Şair Qız. Dünya sənin kimi təmiz dostlarla, Könül Adamları ilə daha təmizdir, daha gözəldir, daha işıqlıdır. Yaz-yarat. Könüllər sevinsin, Sevdalı Elqızım!

Sevgilərlə: Səbinə Yusif

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir