31 il sonra dəfn edilən şəhid

Namiq Müslümovun yazıları

31 il sonra dəfn edilən şəhid
(sənədli hekayə)

25 oktyabr 2024-cü il…

-Alo…

-Bəli.

-Salam. Məmmədov Arif Sabir oğludur danışan?

-Bəli. Buyurun. Kimdir?

-Sizə Müdafiə Nazirliyindən zəng edirik. Sizin 1993-ci ildə, Qarabağda döyüşlər
zamanı itkin düşmüş qardaşınız əsgər Məmmədov Şahidin qalıqları tapılıb. Zəhmət olmasa, Bakıya – bizim nazirliyə gəlin…
Arif əlində telefon donub qalmışdı. Bir anda içində fərqli duyğular yarandı. Bir tərəfdən kədərləndi ki, qardaşının sağ-salamat qayıdacağına olan son ümidləri də bu zənglə yerlə yeksan oldu. Digər tərəfdən isə bir təskinlik tapdı. 31 ildən çoxdur ki, itkin düşən, ancaq hazırda rəsmi surətdə şəhid statusu verilən qardaşının da artıq məzarı olacaqdı. İndi qarşısında çətindən də çətin bir məsələ dururdu: bunu anasına necə desin? O ana ki, illərdir oğlunun salamat qayıdacağına bir an belə ümidini itirmirdi. Evdə pərdələri çəkməyə belə icazə vermirdi ki, Şahid gələndə görə bilsin. Hər gün mətbəxdə oturub darvazaya baxar, tez-tez yolun başına çıxıb oğlunun gəlişini gözləyərdi. Evin qapılarını da bağlamağa qoymurdu ana. Deyirdi ki, birdən balam gələr, qapını aça bilməyib çöldə qalar … İndi bu anaya necə deyəsən ki, oğlun heç zaman qayıtmayacaq!
9 sentyabr 1974-cü ildə Şəki rayonu, Orta Zəyzid kəndində, usta Sabirin evində dünyaya gəlmişdi Şahid. Dörd qardaş, bir bacı idilər. Şahid qardaşların ən kiçiyi idi. 1980-cı ildə Orta Zəyzid kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 1991-ci ildə 11-ci sinfini bitirmişdi.
Deyib-gülən, şən, zarafatcıl oğlan idi Şahid. Qara qaşları, qara gözləri və o gözlərə kölgə salan uzun, qıvrım kirpikləri yaraşıqlı simasına bir məsumluq da qatırdı. Dəcəlliyi ilə hamının sevimlisinə çevrilmişdi. Əmilərini çox incidirdi. Çıxıb ucaboylu Cahangir əmisinin boynunda oturur, sonra da “məni gəzdir” deyirdi. Əmisi onu gəzdirdikcə də “mən hamınızdan yüksəkdəyəm” deyərək şaqqanaq çəkib gülürdü. İllər sonra elə də oldu. Şahid gerçəkdən də ən yüksəyə – Şəhidlik zirvəsinə ucaldı.
Böyüdükcə boyu ilə öz yaşıdlarından seçilirdi. Hətta özündən böyük qardaşlarından belə ucaboy idi. Buna görə də anası evdə iş görəndə hündür yerləri Şahidə təmizlətdirərdi. Plovu və xəngəli çox sevərdi Şahid. Anası hər plov bişirəndə yanında oturar, “qazmağın hamısını mənə verərsən” deyib bərk-bərk tapşırardı. Anası da “bu qədər qazmaq yemə, yoxsa toyunda qar yağar” deyib zarafatlaşardı. Şahid əsgərliyə getməzdən öncə anasına demişdi ki, qayıdıb gələndən sonra qardaşlarımdan əvvəl mənə toy edərsən. Hər bir gənc kimi, o da həm sevir, həm də sevilirdi. Buna görə də tez bir zamanda sevdiyinə qovuşmaq istəyirdi. Ancaq yazıq ana hardan biləydi ki, Şahidin heç zaman toyu olmayacaq… Ona görə bu gün də ana plov bişirəndə göz yaşlarını saxlaya bilmir.
Gözəl əl qabiliyyəti var idi Şahidin. Hər halda atasından keçmişdi ona bu bacarıq. Atası kimi usta olmaq istəyirdi Şahid də. Uşaq yaşlarından taxtadan tapanca, avtomat düzəldib öz yaşıdları ilə “dava-dava” oynayardı. Dərsdən sonra dostları ilə kənddəki qədim Alban kilsəsinin yanına gedər, hava qaralanadək kilsənin uçub dağılmış divarları arasında mövqe seçər, özünü döyüşdəymiş kimi hiss edər və yaxın gəlmək istəyən “düşmənləri” “öldürərdi”. Alban kilsəsini “alınmaz qala”ya çevirmişdi. Dostları ilə kəndin küçələrində gəzən sahibsiz uzunqulaqlara minər, bir sıra boyunca düzülüb gedərdilər. Özlərini “7 oğul istərəm” filminin qəhrəmanlarına bənzədərdilər. Və bu dəstənin “Bəxtiyar”ı həmişə Şahid olardı. O vaxtlar heç kəsin ağlına gəlməzdi ki, “atışma”nı bu qədər çox sevən Şahid gələcəkdə gerçək savaşa qatılacaq, Vətənini qorumaq üçün canını qurban verəcək. Allah sanki Şahidi döyüşmək üçün xəlq eləmişdi.
Meyxananı da çox sevirdi Şahid. Özü səsləndirməsə də, hər toyda yeni bir qafiyə düzəldər, müğənniyə verib, oxumasını xahiş edərdi. Sonra da bu musiqi sədaları altında oynayardı. Bir də “Leylam” adlı hind musiqisini çox sevərdi. Meyxanadan sonra mütləq həmin musiqini sifariş edən bu yaraşıqlı gənc, gözəl rəqsi ilə bütün “Leylalar”ın canına od salardı.
Yenicə müstəqilliyini elan etmiş dövlətimizə qarşı ermənilərin törətdiyi vəhşiliklər hər bir Azərbaycan oğlu kimi Şahidi də çox narahat edirdi. Ancaq zarafatlarından da geri qalmırdı. Tez-tez evdə böyük qardaşının körpə qızını qucağına alar, sinəsinə bərk-bərk sıxaraq pencəyinin altında gizlədər, “Qarabağa gedəndə bunu da özümlə aparacağam, əmi-bala ermənilərin hamısını qırıb gələcəyik” deyib zarafat edərdi.
18 yaşı tamam olan kimi əsgərliyə, Vətəni qorumağa yollandı. Çağırış məntəqəsinin önündə avtobusa minməzdən öncə son dəfə meyxana musiqisinin sədaları altında oynayıb, sonra da anasını qucaqlayıb yaşaran gözlərini gizlətməyə çalışmışdı. Bir gün əvvəl bibiləri ilə görüşəndə də qəhərlənmişdi. Həmişə deyib-gülən Şahidi heç kəs belə görməmişdi. Sanki ürəyinə dammışdı ki, bu görüş son görüşdür. Şahid bir dəfə də belə kövrəlib göz yaşı axıtmışdı. Son sinifdə oxuyarkən, müəllimləri və məktəb yoldaşları ilə birlikdə Bakıda Şəhidlər Xiyabanında olarkən…
Öncə Lənkərana, qısa müddət sonra Ağdərəyə göndərdilər Şahidi və əsgər yoldaşlarını. Ağdərənin Mehmanə kəndi yaxınlığında qəhrəmanlıqla savaşırdı Şahid.
8 fevral 1993-cü ildə qulluq etdiyi hərbi hissədən evlərinə Şahidin itkin düşməsi ilə bağlı məlumat verdilər. Atası Sabir kişi oğlunun döyüşdüyü Ağdərə istiqamətinə yollandı. Yaxınlıqdakı bütün xəstəxanaları, hospitalları dolaşdı, ancaq Şahidi gördüm deyən olmadı… Şahidin anası Kətayim xala yuxuda oğlunu görmüş, ancaq nə qədər çağırsa da, Şahidin ona tərəf gəlmədiyini deyərək için-için ağlamışdı. Buna görə də ərini bir daha məcbur edərək oğlunu axtarmağa göndərdi ki, balam bizdən küsüb. Bu dəfə Sabir ata özü ilə iki qardaşını, bir qohumunu və bir bələdçi götürərək hər tərəfi qarış-qarış axtarmaq üçün öz maşını ilə təkrar yola düşdü. Ata canını heçə sayaraq birbaşa döyüş bölgəsinə, güllənin altına girdi. Təki oğlundan bir iz, bir soraq tapsın… Axtara-axtara ön xəttə qədər gedib çıxan Sabir atanın avtomobili xain düşmənin basdırdığı minaya düşdü.
27 fevral 1993-cü ildə, itkin düşmüş Şahiddən soraq gözləyən Orta Zəyzid kəndi daha bir acı xəbərlə sarsıldı. Şahidi axtarmağa gedənlərin hamısı şəhid olmuşdu: atası, iki əmisi və bir qohumu. Şahiddən isə hələ də bir xəbər yox idi…
Müharibə öz işini görürdü. Zaman-zaman kəndə öncə şəhid xəbərləri gəlir, daha sonra cənazələri gətirilir, dəfn edilirdi. Ancaq Şahiddən soraq verən yox idi… Ana hər dəfə kənd poçtalyonu İzzət dayını görəndə “Ana və poçtalyon” şeirini xatırlayıb, “mənim oğlumdan nə vaxt məktub gətirəcəksən” deyərək sitəm edirdi.
Beləcə illər ötüb keçdi. Artıq rəsmi olaraq itkin sayılan Şahidin adı oxuduğu məktəbin həyətindəki bulağa verilmiş, önündə xatirə barelyefi qoyulmuşdu. Şahidin anası Kətayim ana hər gün həmin bulağa gəlir, ətrafını təmizləyir, oğlunun şəklinə baxıb, “uşaqlığı fağır (Şəkidə kasıba fağır deyirlər), gəncliyi ağır keçən balam” deyərək ağlayırdı. Ana bu bulaq başını arzusu ürəyində qalan nakam oğlunun bəy otağı kimi görürdü. Çünki Şahid əsgərliyə gedəndə anasına “qayıdıb gələn kimi ilk mənə toy edərsən” demişdi. İllərdir xəbər ala bilmədiyi oğlunun qoxusunu burdan alırdı dərdli ana. Hər tərəfə gül-çiçək əkmiş, Cənnətin bir parçasına çevirmişdi buranı.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ savaşında mənfur düşmən təslim olmuş, kapitulyasiya aktına imza atmışdı. Müharibə başlanandan hər gün televizorun qarşısında oturub xəbərləri izləyən ananın və doğmalarının ürəyindəki ümid közərtisi daha da artmış, alovlanmışdı. Bəlkə Şahiddən bir iz, bir soraq alarlar deyə. Anasından, qardaşlarından DNT testi götürülsə də, onlar Şahidin sağ olduğuna və qayıdacağına inanırdılar.
25 oktyabr 2024-cü ildə qardaşına zəng edilərək Xankəndi yaxınlığından Şahidin qalıqlarının tapılması barədə məlumat verildi və həmin ilin 1 noyabrında Orta Zəyzid kənd məzarlığında dəfn edildi.
Artıq Kətayim ananın da, doğmalarının da ziyarət edə biləcəyi bir məzar var: – 19 yaşında şəhid olub, 50 yaşında torpağa tapşırılan Şahidin məzarı…
Allah rəhmət eləsin! Nur içində yatsın şəhidimiz!

Bağışla, ay ana, gələ bilmədim

Salam, əziz anam, salam, can anam,
Qalma məndən daha nigaran, anam.
Otuz il məzarsız qalan balanam,
Nə qədər çəkmisən çilə, bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Gedəndə “igidəm, mən nərəm” dedim,
“Düşməni tezliklə yenərəm” dedim,
Söz verdim, “salamat dönərəm” dedim…
Belə olacağın bilə bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Yoxluğum qəlbinə qara xal saldı,
Üzündən gülüşü ömürlük aldı,
İllərlə gözlərin yollarda qaldı,
Gözünün yaşını silə bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Sahib çıxammadım nakam sevgimə,
Bənzədim mizrabı qırılmış simə,
Ürək sözlərimi söyləyim kimə?
Günəşə, yağışa, yelə… bilmədim…
Bağışla, ay ana, gələ bilmədim.

Üst-üstə yaşatdım dərdi, kədəri,
Betərin bu imiş daha betəri,
Ata, əmilərin məndən ötəri
Şəhid olduqların belə bilmədim…
Bağışla, ay ana, gələ bilmədim.

Müqəddəs şəhidlik yolunu seçdim,
Bu yoldan dönmərəm deyə and içdim,
On doqquz yaşımda canımdan keçdim,
Uzun ömür sürüb, ölə bilmədim,
Bağışla, ay ana, gələ bilmədim.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir