Magik realizm- Möcüzə, Fantastika- Mümtəni-əl vücud

Magik realizm- Möcüzə, Fantastika- Mümtəni-əl vücud

   İslam fəlsəfəsində varlıq və möcüzə anlayışları müxtəlif kateqoriyalar daxilində bizə təqdim edilir. Biz bu kateqoriyalara nəzər yetirərək fövqəltəbi hadisə yəni möcüzə məfhumunu ontoloji imkansızlıq və rasional əqlin, eyni zamanda metafizik ilə fizik qanunlarına zidd olan mümtəni əl-vücud məsələsinə aydınlıq gətirə bilirik. Belə ki, İbn Sinaya görə mümtəni əl-vücud yəni varlığı qeyri-mümkün ola bilən anlayışlar məntiqi və ontoloji baxımdan mövcud ola bilməyən şeyləri ifadə edir. Bir sözlə bu şeylərin zatında təzad və məntiqsizlik olduğu üçün mövcud olması mümkün deyildir. Klassik fəlsəfə və klassik fizikanı nəzərə alaraq bu ontoloji xətalara Allahın şərikinin olması, eyni anda həm var , həm də yox olmağı, Allahın özündən böyük daş yaratması, kvadrat dairənin olması kimi mümkünsüz şeyləri nümunə vermək olar. Möcüzə anlayışını isə İslam filosofları din fəlsəfəsində peyğəmbərlərin doğruluğunu təsdiqləmək üçün Allahın iradəsi ilə baş verən, təbii qanunların fövqündə olan hadisə olaraq səciyyələndirirlər. Bu anlayış yəni əcəzə feilindən törəyib mənası aciz qoymaq anlamını ifadə edən möcüzə adi səbəb-nəticə zəncirini aşaraq insanın gücü və bəzi hallarda rasional əql ilə izah edilmir. O həmişə ilahi qüdrətə və Allahın iradəsinə bağlıdır. Lakin möcüzəni biz tamamilə qanunauyğunluqdan kənar, varlığı imkansız olan bir hadisə kimi qəbul edə bilmərik. Çünki onsuzda din fəlsəfəsində mövcudiyyətinin mümkünsüzlüyünü qəbul edən kateqoriya- mümtəni əl-vücud vardır. İkincisi isə peyğəmbərlərin möcüzələrinin bir çoxusunu rasional əql ilə harmanlanmış metafizik qanunlarla izah etmək mümkündür. Misal üçün, Musa peyğəmbərin dənizi iki yerə yarmasını qabarma-çəkilmə hadisəsi və yaxud küləklərin hərəkəti ilə dənizə təsir etməsi kimi izah edilə bilər. Belə ki, Qırmızı dəniz bölgəsində güclü küləklər və seysmik hərəkətlər suyun səviyyəsini müvəqqəti geri çəkə bilər. NASA araşdırmalarında göstərilib ki, güclü külək axını suyu bir neçə saatlıq geri çəkə bilir. Bu da möcüzənin təbii mexanizminin izahı kimi səciyyələnə bilər. Və yaxud Nuh peyğəmbərin tufanı məsələsi arxeologiyada arxefaktlara söykənərək izah edilməsi mümkün hallardan biridir. Arxeoloji və geoloji araşdırmalar göstərir ki, Mesopotamiya bölgəsində böyük daşqınlar olmuşdur. Bu hadisə lokal olsa da, insanların yaddaşında eyni zamanda “Bibliya”da və “Dünyanın su basması haqqında dastan”da bütün dünyanı tutan tufan kimi qalıb. Bir sözlə peyğəmbərlərin həyatındakı möcüzələr reallıq daxilindəki metafizikanın işartıları kimi səciyyələndirilə bilər. Yəni peyğəmbərlərin möcüzələri real həyata və həmin qövmün tələblərinə uyğun şəkildə həyata keçmişdir. Daha varlığı mümkünsüz olan bir anlayış kimi qəbul edilmir.

  Din fəlsəfəsindəki bu iki anlayış ilə ədəbiyyatın estetika fəlsəfəsindəki magik-realizm və fantastika arasında analogiya qurmağımız məqsədəuyğun görünür.

   Modernizmin iki zidd anlayışı yəni magiya və realizmi özündə birləşdirən estetik cərəyanlardan biri olan magik realizm ilk dəfə Alejo Karpentier tərəfindən 1940-cı illərdə Latın Amerikası ədəbiyyatına tətbiq edilmişdir. Bu cərəyan Latın Amerikasının ictimai-siyasi reallıqlarını, kolonial dövrün mirasını və işğala məruz qalan xalqların yerli dünya görüşünü universal problemlərlə sintez etməsi nəticəsində formalaşmışdır. Adından da göründüyü kimi magik realizm iki təzadlı anlayışı magiyanı və realizmi özündə birləşdirir. Əsərlər real hadisələr əsasında qurulur, lakin həmin hadisələrin daxilində mistik və möcüzəvi məfhumlara toxunulur. Buna görə də oxucu real hadisələrin içində möcüzəvi elementlərin təzahürünü təbii qəbul edir. Bəs magik-realist əsərlərdə magiya və realizmin sərhədləri necə müəyyənləşir? 

   Bu tip roman və hekayələrdə hadisələr çox vaxt birinci şəxsin təkində təqdim olunur. Yəni yazıçı öz dili ilə baş verənləri təhkiyə edir. Tarixi və siyasi hadisələr , eləcə də şəxsiyyətlər olduğu kimi faktoloji dəqiqliklə oxucuya çatdırılır. Məsələn, Yusif Səmədoğlunun Qətl günü əsərində hadisələr Qacar dövrü, Repressiya dövrü və 1980-ci illərin hadisələrinin faktoloji əsasları əsasında qələmə alınmışdır. Daha yazıçı burada Qacar şahını 1937-ci il repressiyasına bağlamır, elə olduğu kimi öz dövründə saxlayır. (Əgər yazıçı burada retrospeksiyanı dəyişsə, yəni tarixi personajı müxtəlif zaman-məkan indeksində versə, artıq fantastikaya girmiş olacaqdır.)Və yaxud Elçinin Teleskop əsərində Mat Teresa (Teresa ana) personajı, ya da ki, Borxesin Alef əsərində Karlos Arxentino, Borxes və Karlos Daner kimi obrazlar real həyatda yaşamış şəxsiyyətlərdir. Buradan yola çıxaraq onu söyləyə bilərik ki, bu tip əsərlərin mühüm xüsusiyyətlərindən biri retrospeksiya yəni keçmişə qayıdış, eləcə də zaman-məkanın parçalanmasıdır. Misal üçün Xose Luis Borxesin Alef əsərində baş personaj zirzəmidə Alef vasitəsi ilə eyni anda bütün dünyanı yəni antik dövrü, London kimi Avropa şəhərəlrini, Buenos Airesin Soler küçəsini, Frey Bentosdakı evin girişindəki çiniləri və.s bu tip məfhumları müşahidə edir. Məhz bu hallarda magik elementlər dövrəyə daxil olaraq təhkiyəçi keçmişi izah etmək və ya hadisələr arasında keçid yaratmaq üçün maddi (material) vasitələrdən qeyri-maddi aləmə və ya mistik hadisələrə yönəlir. Bu keçidlərdə daha çox reinkarnasiya, dejavu, halüsinasiyalar, sayıqlama, koma kimi məfhumlardan istifadə edilir. Məsələn, Borxesin Alef əsərindəki Alefin özü, Elçinin Teleskop əsərində bu dünya və o biri dünya arasında körpü rolunu oynayan teleskop, Yusif Səmədoğlunun Qətl günü əsərində Zülfüqar kişinin sayıqlamaları və.s kimi reallıq ilə iç-içə keçmiş mistik hadisələri nümunə çəkmək olar.

   Fəqət bu hadisələr romantizmin qotika-mistika estetikası ilə qarışdırılmamalıdır. Belə ki, Romantizmin qotika və magiyasından fərqli olaraq, magik realizmdə inkişaf edən mistik hadisələr orta əsr estetikasından qaynaqlanmır. Burada hadisələrin gedişini yazıçının iradəsi ilə dəyişmək və ya üçüncü şəxsin təhkiyəsinə buraxmaq ənənəsi müşahidə ediımir. Bununla yanaşı, romantizmdə olduğu kimi mistik-realizmdə antik dövr ədəbiyyatına qarşı sərt reaksiya verilmir və millilik ənənələri qabardılmır. Fəqət bununla yanaşı magik realizm ilə romantizm arasında müəyyən oxşarlıqlar mövcuddur. Hər iki cərəyan mistika və magiyadan istifadə edir və  bəzi magik-realist əsərlərdə romantizmdə olduğu kimi xəlqilik və millilik məfhumlarının mistikasına toxunulur. Lakin magik realizm bu elementləri daha çox postkolonial yaddaş, tarixi travmaların poetik rekonstruksiyası və mədəni sintez kontekstində işləyir. Nə isə romantizm və mistik-realizmin müzakirə mövzusu ayrı bir zamana qalsın.

   Qeyd etdik ki, magik realist əsərlərdəki hadisələrin inkişaf proseduru reallığa əsaslanır və tarixi, siyasi və.s digər şəxsiyyətlər tamamilə real və həyatda yaşamış şəxsiyyətlər olmalıdır, eləcə də həmin şəxslərin həyatı qəti şəkildə dəyişdirilə yaxud başqa bir məkana və zamana köçürülə bilməz. Bu hadisələr sanki İslam dinindəki möcüzə sistemini xatırladır. Necə ki, İslami qaynaqlar bir hadisəni olduğu kimi dəyişmədən reallığı və möcüzəsi ilə təqdim edirsə, magik-realist əsərlərdə də hadisələr olduğu kimi təqdim edilərək yazıçı tərəfindən normal qəbul edilən mistika və möcüzə əlavə edilir. Və maraqlısı budur ki, magik-realizm inkişaf etdiyi ölkədə və materikdə yaşayan xalqların kollektiv təhtəlşüurundan gələn adət-ənənə, kult, qədim mistik varlıqlardan istifadə edirsə, İslamda Allahın bizə söylədiyi möcüzəvi hadisələr də eyni ilə həmin yer və məkanın kult və folkloruna uyğun cərəyan edir. Məsələn, Yusif Səmədoğlunun Qətl günü əsərində canavar, Baba Kaha kimi obrazlar Qafqaz və türk kultlarından gələn personajlar, Borxesin Alef əsərindəki Alefin özü yəhudilikdən gələn məfhum (əsərdəki Alef obrazı yəhudiəsiili müğənninin evində idi), Qabriel Qarsiya Markezin Tənhalığı Yüzilliyi əsərində qaraçı Melikades obrazı ilə Latın Amerikasının inanc kultlarına toxunuş və.s kimi nümunələr vermək olur. Bu hadisələri İslam dininin möcüzə sistemi ilə əlaqələndirə bilərik. Belə ki, sehr elmi ilə məşhur olan Misirə Musanın sehirbaz kimi, tibblə məşğul olan aramilərə İsanın təbib kimi, daşqınlarla dolub-daşan Mesopotamiyada Nuhun gəmisinin üzməsi kimi hadisələr sanki magik-realizmdə olduğu kimi reallığın hüdudları daxilində mistikanı özündə birləşdirir.

  Ədəbiyyatda və incəsənətdə reallığın sərhəddlərindən kənara çıxılaraq alternativ dünyalar, texnoloji fərziyyələr və qeyri-adi hadisələr üzərində qurulan əsərlərə fantastik əsərlər deyilir. Bu əsərlər irreal olmaqla yanaşı bəzən varlığı mümkün olmayan hadisələri və personajları da özündə birləşdirir. Film, cizgi filim, roman və.s kimi janrlara yansıyan bu çoxşaxəli janr populyar ədəbiyyatın növlərindən biri hesab olunur. Çox sadə bir misal versək cizgi filmlərdən də örnəklər göstərə bilərik. Məsələn üçün Ben 10 Alien Force elmi-fantastika janrında yaradılmış cizgi filmdir. Bu cizgi filmdə Ben 10 adlı gəncin omitrix saatına sahib olması və bu saat vasitəsi ilə müxtəlif yadplanetlilərə çevirilməsi, eyni zamanda paralel kainatları gəzməsi kimi məsələlər nə qədər elmi və maraqlı görünsə də reallıqdan uzaq mümkünsüz hadisələrdir. Çünki yadplanetlilərin mövcud olması elmə məlum deyil. Bununla yanaşı yadplanetlilər mövcud olsa da onların DNT-lərini bir saatın içinə toplayıb və həmin DNT-lər vasitəsi ilə onlara çevirilmək fizikanın fundamental qanunlarına ziddir. Belə ki, bir insanı başqa bir canlıya çevirmək üçün atomların yenidən nizamlanması və həmin DNT və RNT quruluşuna uyğun şəkildə nizamlanması lazımdır. Bu da özü özlüyündə nüvə reaktorundan qat-qat böyük bir enerji tələb edərdi. Bununla yanaşı kütlə və çəki ani bir hərəkətlə dərhal dəyişə bilməz, bunun üçün müəyyən zaman lazımdır. Məsələn 50 kiloluq bir insanın 1 tonluq bir yadplanetliyə çevirilməsi həm fizika qanunlarına, həm bioloji quruluşa, həm də rasional ağıla ziddir. Ədəbi əsərlərdən (həmçinin filmi və var) nümunə versək burada Jül Vernin Yerin mərkəzinə səyahət əsəri tam yerinə düşərdi. Belə ki, əsərin baş qəhrəmanı Prof. Lidenbrok Aksel və Hans ilə Yer kürəsinin mərkəzinə doğru enir orada müxtəlif maneələrlə- Dünyanın içindəki okeanlar, yeraltı meşələr, müxtəlif varlıqlar və dinozavrlarla qarşılaşdırlar. Əsər hər nə qədər elmin işığında qələmə alınsa da var olması mümkün olmayan hadisələr ilə zəngindir. Misal üçün yerin mərkəzinə doğru hərəkət etmək mümkün deyil. Bu həm qravitasiya qanununa, həm yerin biokimyəvi quruluşuna, həm də istilik sisteminə ziddir. Qravitasiya mərkəzə doğru hərəkəti nəzəri olaraq mümkün etsə də, mərkəzdə sıfır cazibə qüvvəsi və ekstremal şərait səbəbindən real həyatda Yerin mərkəzinə enmək mümkün deyil. Çünki Yerin mərkəzindəki nüvənin maqnit qüvvəsi Yeri özünə doğru çəkdiyi üçün nəzəri olaraq insan mərkəzdən asılı qalmalıdır, bir tərəfdən tunel açaraq digər tərəfdən çıxması mümkün deyil. Bundan əlavə Yerin mərkəzinə doğru endikdə 5000–6000 °C-ə qədər yüksəlir, bu şəraitdə də insanın həyatda qalması mümkünsüz haldır. Bütün bu problemlərdən ziyadə tutaq ki, insan Yerin mərkəzinə doğru hərəkət etsə də Yeraltı okeanların mövcud olması, qeyri-adi varlıqların yaşaması və dinozavrların Yer qabığının altında həyat sürmələri həm elmi, həm də əqli baxımdan qeyri-mümkün və reallıqdan kənardır. Bir başqa fantastik əsər olan Stanislav Lemin qələmə aldığı Solaris elmi və psixoloji predimetləri fentezi ilə özündə birləşdirir. Əsərdə Kris Kevin adlı bir alim uzun müddətdir üzərində tədqiqat aparılan Yerin yaxınlığında olan Solaris planetinə səfər edir. Planet burada instinktiv (bəzən də şüurlu) şəkildə hərəkət edərək öz ekosistemini qorumaq üçün yad cisimləri özündən uzaqlaşdırır. Bunun üçün də insan psixologiyasını təhtəlşüur vasitəsi ilə ələ alır və insanın zəif tərəfindən faydalanır. Kevinin vəziyyəti də elə bu cürdür. Belə ki, planet Kevinin qarşısına ölmüş arvadı Reyanı çıxarır. Reya Kevin üçün sadəcə ölmüş olması və yaratdığı çaşqınlıq səbəbilə deyil, həm də bədən bütövlüyündən çox bir növ molekulyar sistemləşmə və ya hamının gördüyü bir halüsinasiyaya bənzəməsi ilə problem yaradır. Yaxud da planet Reyanı Kevin üzərində ən təsirli fiqur olduğunu müəyyənləşdirərək onun şüuraltından çəkib çıxarmış və onun vasitəsilə Kevin üzərində mümkün olan ən güclü dağıdıcı təsiri göstərmişdir. Nəticə etibarilə Solaris planetinə görə Kevin də digər alimlər kimi uğursuzluğa düçar olacaqdır. Bu əsərdə də irreal olan, hətta mövcudluğu mümkün olmayan hadisələr mövcuddur. Belə ki, Solaris adlı planet yazıçının öz təxəyyülündən yaranan məhsuldur, reallıqda belə bir planet mövcud deyil. Bununla paralel bir planetin insan və ya heyvan kimi hisslərinin olması və səthinə enən yad cisimlərin zəif nöqtələrini taparaq o nöqtələr vasitəsi ilə yad cisimlərə psixoloji təsir etməsi reallıqdan və rasionallıqdan kənar hadisədir. Və yaxud bir planetin ölmüş insanın ruhunu, ya da onun halisunasiyasını, ya da ki, əksini yaratması da irreal hadisələrdən biri kimi qiymətləndirilə bilər.

   Düzdür, bəzən fantastik janrlarda reallığa yaxın, hətta gələcəyi proqnozlaşdıran məsələlərin də şahidi oluruq. Məsələn, Yusif Vəzir bəy Çəmənzəminlinin 1933-cü ildə yazdığı Gələcək şəhər adlı əsərində baş qəhrəman dostuna dediyi “Hər bir məhkəmədə bir еkran var. İstənilən zaman şahid rəsmi radiо vasitəsi ilə еkrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab vеrir. Şəkil danışırmı? – dеyə Həsən hеyrətlə sоruşdu. Təbii, danışır. Şahid üç, ya bеş günlük bir məsafədə оlsa bеlə, yеnə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş еdir.Şəhərin bir çох yеrlərində qоyulmuş iri еkranlar səyyahların nəzərini cəlb еtdi. Bunların üzərində iri hərflərlə “kеçmişin güzgüsü” sözləri yazılmışdı” bu hadisələr ilə sanki ağıllı telefonların və müasir bilbordların əvvəlcədən xəbərini vermişdir. Nə isə bu əsərin müzakirəsi də başqa bir günə qalsın.

  Görüldüyü kimi fantastik əsərlər magik-realizmdən fərqli olaraq reallığa, hətta bəzən rasional idraka belə əsaslanmaya bilər. Qeyd etdiyimiz kimi magik-realizm İslam ənənələrindəki möcüzə sistemi kimi reallığın sərhəddləri daxilində mistika və möcüzəni ağlın həzm edə biləcəyi şəkildə izah edirdisə, fantastika janrı tamamilə yazıçı tərəfindən uydurulmuş, bəzən varlığı mümkün ola bilməyən, bəzən isə təzadlı və elmə eləcə də rasional əqlə zidd hadisələri özündə birləşdirir.Eyni ilə İslam fəlsəfəsindəki varlığı mümkün olmayan kateqoriyası yəni mümtəni əl-vücud kimi. Beləliklə, fantastikanın bəzi xüsusiyyətlərini mümtəni-əl vücud, möcüzə sistemini isə magik-realizm kimi adlandıra bilərik.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir