Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi

ÖTƏN HƏFTƏNİN MƏDƏNİ MƏNZƏRƏSİ

(Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi)

       Salam olsun, şox dəyərli oxucum! Zəfər yalnız döyüş meydanında qazanılan hərbi uğur deyil. O, həm də xalqın yaddaşında, mənəviyyatında, mədəniyyətində və ədəbiyyatında əbədiləşən tarixi həqiqətdir. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin ədəbi-bədii salnaməyə çevrilməsi, Şuşanın adının və ruhunun dünya ədəbi müstəvisində səsləndirilməsi istiqamətində həyata keçirilən “Şuşaya salam!” layihəsi ötən həftənin mədəni həyatında diqqət çəkən hadisələrdən biri oldu.

      Ötən həftə Azərbaycan mədəniyyət və ədəbiyyat həyatında Zəfər Gününün yaxınlaşması və qeyd olunması ilə əlaqədar bir sıra əlamətdar tədbirlərlə yadda qaldı. Bu tədbirlər sırasında şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun müəllifi olduğu “Şuşaya salam!” layihəsinin Xəzər Universitetində təqdimatı və eyniadlı kitabın Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimi xüsusi yer tutdu. Bir-birini məzmunca tamamlayan bu iki tədbir həm ədəbiyyatımızın müasir inkişaf istiqamətlərini, həm də milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği imkanlarını nümayiş etdirdi.

      Əslində, söhbət yalnız bir kitabın təqdimatından və ya ayrı-ayrı şairlərin şeirlərinin səsləndirilməsindən getmir. Burada söhbət Azərbaycanın tarixi Qələbəsinin poetik dillə dünyaya çatdırılmasından, Şuşanın milli kimliyimizin, mədəniyyətimizin və mənəvi yaddaşımızın ayrılmaz parçası kimi beynəlxalq ədəbi ictimaiyyətə təqdim edilməsindən gedir. Bu baxımdan Səlim Babullaoğlunun təşəbbüsü ilə reallaşan layihə müasir Azərbaycan ədəbiyyatının təbliği sahəsində mühüm mədəni hadisə kimi dəyərləndirilməlidir.

Ədəbiyyatın birləşdirici gücü və Şuşaya ünvanlanan salam

      Noyabrın 5-də Xəzər Universitetinin Nərimanov kampusunda Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin şəhəri – Şuşaya salam” adlı tədbir keçirildi. Tədbirin qonağı “Şuşaya salam!” layihəsinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu idi.

      Universitet auditoriyasında keçirilən bu görüşün əhəmiyyəti ilk növbədə onun maarifçilik və mənəvi tərbiyə missiyası ilə bağlı idi. Çünki Zəfər tarixinin gənc nəslə çatdırılması yalnız tarixi faktların sadalanması ilə məhdudlaşmamalıdır. Həmin tarixi hadisələrin arxasında dayanan milli iradə, vətən sevgisi, fədakarlıq, birlik və həmrəylik kimi dəyərlər də gənclərin düşüncəsinə, dünyagörüşünə və mənəvi yaddaşına daxil olmalıdır. Ədəbiyyat isə bu dəyərləri insan qəlbinə çatdırmağın ən təsirli vasitələrindən biridir.

      Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli birlik və həmrəyliyin təcəssümü olan tarixi Qələbənin mənəvi dəyərindən danışdı. Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

      Bu sükut, əslində, tədbirin bütün məzmununu özündə birləşdirən mənəvi başlanğıc idi. Çünki Şuşaya aparan yolun hər qarışında şəhidlərin qanı, qazilərin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və bütöv bir xalqın iradəsi dayanır. Şuşaya salam göndərmək, ilk növbədə, bu tarixi gerçəkliyi unutmamaq, onu gələcək nəsillərə çatdırmaq deməkdir.

     Səlim Babullaoğlu çıxışında “Şuşaya salam!” layihəsinin yaranma tarixçəsi, ideya istiqamətləri və həyata keçirilmə məqsədləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, layihənin əsas məqsədi Şuşanın zəfərdən sonrakı mənəvi və mədəni simasını beynəlxalq ədəbi müstəvidə tanıtmaq, müxtəlif ölkələrin şairlərini bu ümumi poetik ideya ətrafında bir araya gətirməkdir.

       Layihənin miqyası diqqətəlayiqdir: dünyanın 30 ölkəsindən 44 şair Şuşaya həsr olunmuş şeirlər səsləndirib. Bu fakt təkcə iştirakçıların coğrafiyasının genişliyini deyil, həm də Azərbaycan həqiqətlərinin ədəbiyyat vasitəsilə beynəlxalq auditoriyaya çatdırılmasının mümkünlüyünü göstərir.

      Müxtəlif dillərdə danışan, fərqli ədəbi məktəbləri və poetik ənənələri təmsil edən şairlərin Şuşa mövzusunda bir araya gəlməsi ədəbiyyatın sərhəd tanımayan təbiətinin ifadəsidir. Burada dil fərqləri, milli mənsubiyyət və coğrafi uzaqlıq ikinci plana keçir, əsas olan insanın gözəlliyə, azadlığa, ədalətə, tarixi həqiqətə və mənəvi dəyərlərə münasibətidir.

Otuz ölkədən qırx dörd şairin poetik həmrəyliyi

      “Şuşaya salam!” layihəsinin diqqətəlayiq cəhətlərindən biri onun sırf milli auditoriya ilə məhdudlaşmamasıdır. Layihə Azərbaycan poeziyasının və Şuşa həqiqətlərinin dünya ədəbi mühitinə çıxarılması üçün yaradılmış genişmiqyaslı mədəni platforma təsiri bağışlayır.

      Məlumdur ki, hər bir xalqın özünü dünyaya tanıtmasının müxtəlif yolları var. Tarix, diplomatiya, elm, incəsənət, musiqi və ədəbiyyat bu yolların ən mühümlərindəndir. Ədəbiyyatın üstünlüyü isə onun yalnız informasiya verməməsi, həm də hiss yaratması, düşündürməsi, insanı mənəvi təmas və dialoqa çağırmasıdır.

     Şuşa Azərbaycan xalqı üçün sadəcə coğrafi məkan, qədim şəhər və ya tarixi abidələr toplusu deyil. Şuşa milli musiqimizin, muğamımızın, poeziyamızın, sənətkarlığımızın və bütövlükdə mədəni kimliyimizin rəmzidir. Bu şəhərin adı çəkiləndə insanın yaddaşında Vaqifin poeziyası, Xan qızı Natəvanın xeyriyyəçilik fəaliyyəti, Üzeyir Hacıbəylinin musiqisi, Bülbülün ecazkar səsi, Qarabağ atlarının yaraşığı və Cıdır düzünün bənzərsiz mənzərəsi canlanır.

      Belə bir şəhərin taleyi yalnız Azərbaycanın deyil, dünya mədəniyyətinin də diqqətini cəlb etməyə layiqdir. “Şuşaya salam!” layihəsi məhz bu həqiqətin poetik ifadəsinə çevrilib.

Xəzər Universitetində keçirilən tədbirdə layihənin iştirakçısı olan beş şairin Şuşaya həsr edilmiş şeirlərinin videogörüntüləri nümayiş etdirildi. Bununla yanaşı, Səlim Babullaoğlu bəzi poetik nümunələri özü səsləndirərək auditoriyaya təqdim etdi. Şeirlərin canlı ifası və videoçarxların nümayişi tədbirə xüsusi emosional çalar qatdı.

      Burada diqqəti çəkən məqamlardan biri də layihənin təqdimatında müasir texnologiyaların imkanlarından istifadə olunması idi. Müxtəlif ölkələrdən olan şairlərin videoçıxışları vasitəsilə auditoriya sanki vahid poetik məkana daxil olur, Şuşaya müxtəlif dillərdə ünvanlanan salamların şahidinə çevrilirdi.

     Bu, müasir dövrdə ədəbiyyatın təbliği üçün olduqca əhəmiyyətli yanaşmadır. Çünki ədəbi əsərin yalnız çap olunması ilə onun yayılması və tanıdılması prosesi başa çatmır. Müasir informasiya texnologiyaları, videoformatlar, elektron nəşrlər və beynəlxalq kommunikasiya vasitələri ədəbiyyatın auditoriyasını genişləndirmək üçün yeni imkanlar yaradır. Səlim Babullaoğlunun layihəsi həmin imkanlardan məqsədyönlü şəkildə istifadə etməyin uğurlu nümunəsidir.

Universitet auditoriyasında Zəfər düşüncəsi

      Tədbirdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli də çıxış etdilər.

      Çıxışlarda “Şuşaya salam!” layihəsinin ədəbi-mədəni əhəmiyyəti, Azərbaycanın haqlı Zəfərinin dünyada tanıdılmasına verdiyi töhfə və Zəfər Gününün mahiyyətinin bədii yaradıcılıq vasitəsilə gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzində oldu.

      Bu məqam xüsusilə əhəmiyyətlidir. Universitet yalnız bilik verilən təhsil müəssisəsi deyil, həm də milli düşüncənin, vətəndaş mövqeyinin, estetik zövqün və mənəvi dəyərlərin formalaşdığı ictimai-mədəni məkandır. Belə bir məkanda Şuşaya, Zəfər tarixinə və Azərbaycan poeziyasına həsr olunmuş tədbirin keçirilməsi təhsil və ədəbiyyat arasında sağlam əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

    Tədbirdə Birinci Qarabağ müharibəsinin iştirakçısı, AVMVİB, AJB, AYB üzvü, ehtiyatda olan zabit, şair, yazıçı,  “Yazarlar” jurnalının baş redaktoru və eyni zamanda Təltif Komissiyasının sədri kimi mən də çıxış etdim.  Azərbaycanın Zəfər tarixinin xalqın yaddaşında və ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayaraq, Qələbənin mənəvi ruhunu əks etdirən “Övladıyam” – daha çox “Ustacam” kimi məşhur olun şeirimi səsləndirdim.

    Öz çıxışım zamanı tam neytral – üçüncü bir şəxs kimi “ağzına qədər dolu” gənclərdən ibarət auditoriyanı izlədikdə Zaur Ustacın tədbirdə iştirakı və çıxışı mövzunun başqa bir mühüm tərəfini – döyüş iştirakçısının, hərbi təcrübəyə malik insanın ədəbi düşüncəsini – ön plana çıxardığının şahidi oldum.  Bu barədə özümdə bir yəqinlik hasil etdim ki, müharibənin ağrı-acısını, Vətən torpağının müdafiəsinin nə demək olduğunu bilən insanın Zəfər haqqında söylədiyi poetik söz, təbii ki, xüsusi mənəvi çalar daşıyır. Bu baxımdan belə tədbirlərin digər anoloji auditoriyalarda  da tez-tez keçirilməsi daha məqsədəmüvafiqdir. Çıxışımda ifadə olunan əsas fikir Zəfərin yalnız bugünkü sevincimiz deyil, həm də gələcək nəsillərə ötürülməli olan tarixi və mənəvi miras olması idi. Bu baxımdan tədbirdə söylədiyim “Övladıyam” şeiri ümumi ədəbi məzmunu tamamlayan mühüm poetik nümunə kimi yadda qaldı.

“Şuşaya salam!” kitabı – Zəfərin poetik salnaməsi

      Noyabrın 6-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Zəfər savaşımızın altıncı ildönümünə həsr olunmuş “Şuşaya salam!” kitabının təqdimat mərasimi keçirildi.

      Ardıcıl iki gün ərzində baş tutan bu tədbirlər “Şuşaya salam!” layihəsinin həm ideya, həm də nəşr baxımından ictimaiyyətə təqdim edilməsinin mühüm mərhələsi oldu. Xəzər Universitetində keçirilən görüş layihənin maarifçilik və beynəlxalq ədəbi əlaqələr istiqamətini ön plana çıxarırdısa, AYB-dəki təqdimat onun kitab şəklində əbədiləşdirilməsi və ədəbi ictimaiyyətə çatdırılması baxımından əlamətdar idi.

     Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış ziyalılar, yazıçılar, Vətən müharibəsinin iştirakçıları, qazilər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak edirdilər.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca aparıcı, şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

      İlk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar aldı. O, xalqımızı Zəfər münasibətilə təbrik edərək tarixi Qələbənin milli ruh və yaddaş baxımından əhəmiyyətini vurğuladı.

     Anarın “Bu zəfər millətin qürur, əminlik hissinin qaytarılması idi” fikri tədbirin ideya istiqamətini dəqiq ifadə edirdi. Həqiqətən də, Azərbaycan xalqının Zəfəri yalnız ərazi bütövlüyünün bərpası ilə ölçülən hadisə deyil. Bu Qələbə xalqın tarixi ədalətə inamının, milli özünəinamının, birliyinin və gələcəyə ümidinin təntənəsidir.

      Xalq yazıçısı kitabın ərsəyə gəlməsində əməyi olanları təbrik edərək təşəkkürünü bildirdi. Bu, eyni zamanda, ədəbiyyat adamlarının milli tarixi yaddaşın qorunması və təbliği istiqamətindəki fəaliyyətinə verilən ictimai qiymət idi.

      Sonra Səlim Babullaoğlu çıxış edərək xalqımızı Zəfər Günü münasibətilə təbrik etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışdı.

      Təqdim olunan məlumatlara əsasən, Zərdabi Nəşriyyatında çap olunmuş “Şuşaya salam!” kitabı Azərbaycan Yazıçılar Birliyinin “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları İctimai Birliyi ilə birgə hazırladığı layihənin nəticəsidir. Nəşrdə Şuşanın tarixi, mənəvi dəyəri və Zəfər ruhu öz əksini tapıb.

     Kitabın layihə müəllifi və redaktoru Səlim Babullaoğlu, məsləhətçisi isə ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovdur.

     Bu yaradıcı heyətin formalaşdırılması da diqqətəlayiqdir. Ədəbi yaradıcılıqla ictimai-siyasi təcrübənin, poetik düşüncə ilə milli təhlükəsizlik və dövlətçilik mövzularına bələdliyin bir nəşrdə birləşməsi kitabın məzmununa xüsusi yanaşma qazandırır.

Qırx dörd gün, qırx dörd şair və bir ümumi poetik məqsəd

     Kitabın təqdimatında Səlim Babullaoğlu layihənin yaranma ideyasından və həyata keçirilmə mərhələlərindən ətraflı danışdı. Onun verdiyi məlumata görə, 44 gün ərzində dünyanın 30-a yaxın ölkəsindən 44 şair Şuşaya həsr olunmuş şeirlər səsləndirib.

     Türkiyə, ABŞ, Pakistan, İtaliya, Yaponiya, Rusiya və digər ölkələrin şairlərinin iştirak etdiyi bu poetik marafon Azərbaycan ədəbiyyatı və mediası tarixində ən uzun şeir marafonu kimi səciyyələndirilib.

     Layihənin adında və quruluşunda 44 rəqəminin xüsusi rəmzi məna daşıması diqqətdən yayınmır. 44 günlük Vətən müharibəsinin tarixi ilə 44 şairin iştirakı arasında yaranan bu məna əlaqəsi layihəyə əlavə simvolik məzmun qazandırır. Bir tərəfdə Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq, digər tərəfdə dünyanın müxtəlif guşələrindən olan şairlərin poetik səsləri dayanır. Hər iki istiqamət eyni tarixi həqiqətin – Şuşaya qovuşmağın, Zəfərin və milli qürurun ifadəsinə çevrilir.

      Əlbəttə, hərbi qələbə ilə ədəbi yaradıcılıq fərqli sahələrdir. Lakin onların milli yaddaşın formalaşmasında bir-birini tamamlayan tərəfləri var. Əsgər torpağı qoruyur, şair isə həmin torpağın tarixini, ağrısını, sevincini və mənəvi dəyərini söz vasitəsilə yaşadır. Bu mənada “Şuşaya salam!” layihəsi döyüş meydanında qazanılan Qələbənin ədəbi müstəvidə davam edən mənəvi təcəssümü kimi qiymətləndirilə bilər.

      Layihənin ən mühüm uğurlarından biri də Şuşa mövzusunu beynəlxalq poetik dialoqun predmetinə çevirməsidir. Müxtəlif ölkələrdən olan şairlərin eyni şəhərə müraciət etməsi, onun tarixi və mədəni əhəmiyyətini öz dillərində ifadə etməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ədəbiyyatın imkanlarını nümayiş etdirir.

     Burada Səlim Babullaoğlunun təşkilatçılıq bacarığı ilə yanaşı, onun ədəbi təfəkkürünün beynəlxalq miqyasa açıq olması da xüsusi qeyd edilməlidir. O, Azərbaycan ədəbiyyatının təbliğini yalnız milli ədəbi mühit daxilində fəaliyyət göstərməklə məhdudlaşdırmır, müxtəlif ölkələrin yaradıcı insanlarını ümumi ideya ətrafında birləşdirməyə çalışır.

Səlim Babullaoğlu – Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği

     “Şuşaya salam!” layihəsi və kitabının təqdimatı Səlim Babullaoğlunun çoxşaxəli ədəbi fəaliyyətinin mühüm istiqamətlərindən birini aydın şəkildə ortaya qoyur. Onun yaradıcılığına yalnız şair və tərcüməçi fəaliyyəti prizmasından baxmaq kifayət deyil. O, eyni zamanda, ədəbi əlaqələrin genişləndirilməsi, Azərbaycan poeziyasının dünya ədəbi məkanında tanıdılması, tərcümə proseslərinin inkişafı və müxtəlif ölkələrin ədəbi ictimaiyyətləri arasında qarşılıqlı ünsiyyətin qurulması istiqamətində çalışan təşkilatçı və təşəbbüskar ziyalıdır.

      Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi kimi onun fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki milli ədəbiyyatın beynəlxalq miqyasda tanınması üçün təkcə yüksək bədii səviyyəli əsərlər yaratmaq kifayət etmir. Həmin əsərlərin başqa dillərə çevrilməsi, xarici ədəbi mühitlərə təqdim olunması, beynəlxalq tədbirlərdə səsləndirilməsi və müxtəlif ölkələrin oxucularına çatdırılması da vacibdir.

      Bu proses ardıcıl, məqsədyönlü və sistemli fəaliyyət tələb edir. Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi məhz belə bir yanaşmanın nəticəsi kimi diqqət çəkir.

      Onun təşəbbüsü ilə dünyanın 30 ölkəsindən şairlərin layihəyə cəlb olunması, müxtəlif dillərdə səsləndirilən poetik nümunələrin vahid ideya ətrafında birləşdirilməsi Azərbaycan ədəbiyyatının beynəlxalq təqdimatı üçün uğurlu modeldir. Bu modelin üstünlüyü ondadır ki, Azərbaycan haqqında danışmaqla kifayətlənmir, dünya şairlərinə də Azərbaycan haqqında danışmaq imkanı yaradır.

     Başqa sözlə, milli ədəbiyyatın təbliği burada birtərəfli təqdimat formasından çıxaraq qarşılıqlı yaradıcılıq münasibətlərinə çevrilir. Belə münasibətlər isə daha davamlı olur, çünki iştirakçılar yalnız dinləyici və müşahidəçi deyil, həm də yaradıcı prosesin birbaşa iştirakçısıdırlar.

     Səlim Babullaoğlunun fəaliyyətində tərcümə məsələlərinə verilən əhəmiyyət də bu kontekstdə xüsusi qeyd edilməlidir. Tərcümə xalqların bir-birini tanımasının, ədəbi ənənələrin qarşılıqlı zənginləşməsinin və milli mədəniyyətlərin dünya miqyasında yayılmasının əsas vasitələrindən biridir. Azərbaycan şeirinin başqa dillərdə səslənməsi onun coğrafi sərhədlərini genişləndirir, yeni oxucu auditoriyası yaradır.

     “Şuşaya salam!” layihəsində bu imkanlardan istifadə olunması Azərbaycan poeziyasının yalnız öz ölkəmizdə deyil, beynəlxalq mədəniyyət məkanında da aktual mövzuya çevrilə biləcəyini göstərir.

     Səlim Babullaoğlunun bu fəaliyyətinin ən mühüm cəhəti onun ədəbiyyata yalnız fərdi yaradıcılıq sahəsi kimi deyil, həm də ictimai-mədəni missiya kimi yanaşmasıdır. O, şairin sözünü xalqın mənəvi sərvətinə, ədəbi layihəni mədəni diplomatiya vasitəsinə, kitabı isə tarixi yaddaşı gələcəyə daşıyan vasitəyə çevirməyə çalışır.

      Bu baxımdan “Şuşaya salam!” layihəsi bir müəllifin fərdi təşəbbüsündən daha geniş məna daşıyır. O, Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələrinin inkişafına, milli mədəniyyətimizin təbliğinə və ölkəmizin zəngin poetik irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən nümunəvi təşəbbüsdür.

Ədəbi ictimaiyyətin yüksək qiyməti

     Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində polkovnik Elşad Həsənov, AYB sədrinin müavini Rəşad Məcid, AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, katib Elçin Hüseynbəyli, Qərbi Azərbaycan İcmasının sədri Məhəmməd Rəsuloğlu, yazıçı Seyran Səxavət, polkovnik Səlim Tağıyev, Vətən müharibəsinin iştirakçısı, qazi Hamlet İsmayılov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov və başqaları çıxış etdilər.

     Çıxışlarda xalqımız Zəfər bayramı münasibətilə təbrik edildi, kitabın ideya-bədii məziyyətləri, Şuşanın milli-mənəvi həyatımızdakı müstəsna yeri və nəşrin gələcək nəsillər üçün daşıdığı əhəmiyyət vurğulandı.

     Tərəfimizdən  Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi  və “Şuşa, salam!” kitabı Azərbaycan ədəbiyyatının təbliği, milli-mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması, Zəfər tariximizin bədii yaddaşa çevrilməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirilir. Onun bu fəaliyyəti tamamilə müstəqil qurum kimi fəaliyyət göstərən  “Yazarlar” jurnalının Təltif Komissiyasının qərarı ilə “Ədəbiyyat səfiri” və eyni zamanda “Durna teli – Qızıl qələm” mükafatlarına layiq görülüb. Hər iki mükafat təqdimat tədbirlərinin gedişində mənim tərəfimdən Səlim Babullaoğluna şəxsən təqdim olundu.

     Müxtəlif sahələri təmsil edən ziyalıların, yazıçıların, hərbçilərin, qazilərin və ictimai xadimlərin eyni tədbirdə iştirakı kitabın mövzusunun ümummilli xarakterini bir daha nümayiş etdirdi. Çünki Şuşa mövzusu yalnız ədəbiyyatın və ya tarixin deyil, bütövlükdə Azərbaycan xalqının ortaq mənəvi dəyəridir.

     Təqdimatın sonunda Səlim Babullaoğlu kitabda yer alan şeirlərdən nümunələr səsləndirdi. Mərasimin onun ifasında Xalq şairi Rəsul Rzanın “Şuşam mənim” şeirinin səsləndirilməsi ilə başa çatması isə tədbirə xüsusi poetik yekun verdi.

     Rəsul Rzanın misralarında Şuşaya olan məhəbbət, onun mətanəti və mənəvi gözəlliyi ifadəsini tapır:

Bu gününlə sevinirəm.

Fərəhinlə fərəhliyəm.

Yorulmaram,

gəlhagəlli,

incə telli

büsatından yüz gün deyəm.

Şuşam mənim!

Mətanətlə, dəyanətlə

səxavətlə qoşam mənim!

Bu misraların səslənməsi təsadüfi seçim deyildi. Rəsul Rza yaradıcılığında Şuşanın poetik obrazı ilə müasir dövrün Zəfər ruhu arasında mənəvi bağlılıq yaranırdı. Beləliklə, təqdimat mərasimi həm klassik və müasir poetik düşüncənin, həm də milli yaddaşın müxtəlif nəsillərinin vahid məkanda görüşünə çevrildi.

Zəfər tarixindən gələcəyə uzanan ədəbi körpü

    Ötən həftə keçirilən bu iki tədbirin ümumi məzmununu təhlil etdikdə bir mühüm nəticə ortaya çıxır: “Şuşaya salam!” layihəsi Azərbaycan ədəbiyyatının təbliği, milli-mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması və Zəfər tariximizin bədii yaddaşa çevrilməsi istiqamətində uğurlu təşəbbüsdür.

     Layihənin əhəmiyyəti yalnız bu günlə məhdudlaşmır. Bu gün səsləndirilən şeirlər, nəşr olunan kitablar və keçirilən təqdimatlar gələcək nəsillər üçün də mühüm mənbə rolunu oynaya bilər. Çünki tarix yalnız arxiv sənədlərində, rəsmi xronikalarda və salnamələrdə yaşamır. O, həm də şeirdə, nəsrdə, musiqidə, rəssamlıqda, teatrda və xalqın gündəlik yaddaşında yaşayır.

    Şuşanın azadlığı haqqında yazılan hər bir əsər, onun tarixi və mədəni irsini dünyaya tanıdan hər bir təşəbbüs milli yaddaşımızın zənginləşməsinə xidmət edir. Bu baxımdan “Şuşaya salam!” kitabı təkcə poetik nümunələrin toplusu deyil, müxtəlif ölkələrin şairlərinin Azərbaycan Zəfərinə və Şuşaya münasibətini bir araya gətirən beynəlxalq ədəbi sənəd kimi də maraq doğurur.

      Belə layihələrin davam etdirilməsi, kitabın müxtəlif dillərə tərcüməsi, xarici ölkələrin universitetlərində, kitabxanalarında və ədəbi mərkəzlərində təqdim olunması onun təsir dairəsini daha da genişləndirə bilər. Əlbəttə, belə bir təşəbbüsün əsas üstünlüyü artıq formalaşmış beynəlxalq əlaqələr şəbəkəsinin mövcudluğudur. Bu şəbəkə gələcəkdə yeni poetik layihələrin, tərcümə proqramlarının və birgə nəşrlərin həyata keçirilməsi üçün möhkəm zəmin yarada bilər.

      Səlim Babullaoğlunun fəaliyyəti bir daha göstərir ki, Azərbaycan ədəbiyyatının dünyaya təqdim olunması üçün həm yüksək yaradıcılıq potensialına, həm də təşkilatçılıq bacarığına malik insanlara ehtiyac var. Milli ədəbiyyatın beynəlxalq nüfuzu ayrı-ayrı əsərlərin uğuru ilə yanaşı, onları dünyaya çatdıran insanların ardıcıl əməyindən də asılıdır.

     Bu mənada Səlim Babullaoğlunun gördüyü işlər təqdirəlayiqdir. O, Azərbaycan sözünü dünyanın müxtəlif ölkələrindən olan şairlərin səsi ilə birləşdirərək Şuşaya ünvanlanan ümumi poetik salam yaratmağa nail olub. Bu salamın arxasında xalqımızın tarixi, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və mədəniyyətimizin zənginliyi dayanır.

Əvəzolunmaz milli sərvət – söz və yaddaş

     Mədəniyyət hadisələrinin əsl qiyməti onların yalnız keçirildiyi günün təəssüratları ilə deyil, cəmiyyətin düşüncəsində yaratdığı təsirlə ölçülür. Xəzər Universitetində keçirilən “Zəfərin şəhəri – Şuşaya salam” tədbiri ilə Azərbaycan Yazıçılar Birliyində baş tutan “Şuşaya salam!” kitabının təqdimatı bu baxımdan bir-birini tamamlayan, vahid məqsədə xidmət edən əlamətdar hadisələrdir.

     Birinci tədbirdə gənc nəslə Zəfər tarixinin poetik və mənəvi məzmunu çatdırıldı, ikinci tədbirdə isə həmin ideyanın kitab şəklində ədəbi ictimaiyyətə təqdimatı həyata keçirildi. Beləliklə, layihə universitet auditoriyasından başlayaraq ölkənin aparıcı ədəbi qurumunun salonuna, oradan da beynəlxalq ədəbi məkana uzanan mənəvi bir yolun təsvirinə çevrildi.

     Bu yolun əsas istiqaməti Azərbaycan ədəbiyyatının təbliği, Şuşanın dünya miqyasında tanıdılması və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsidir.

     Sonda bir daha vurğulamaq yerinə düşər ki, Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi müasir Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələr və mədəni təbliğat sahəsindəki imkanlarını nümayiş etdirən mühüm təşəbbüsdür. Onun 30-a yaxın ölkədən 44 şairi bir ideya ətrafında birləşdirməsi, bu poetik marafonun nəticələrini kitablaşdırması və layihəni universitet auditoriyasından geniş ictimaiyyətə təqdim etməsi əhəmiyyətli təşkilatçılıq və yaradıcılıq əməyinin nəticəsidir. Sevindirici haldır ki, onun bu fəaliyyəti diqqətdən kənarda qalmamış, ölkəmizdə və onun sərhədlərindən kənarda  aparıcı fikri formalaşdıran mühüm kütləvi informasiya vasitələrində yetərincə işıqlandırılmışdır. Belə ki, ötən həftə ərzində  Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi və “Şuşa, salam!” kitabının təqdimatı barədə Azərbaycan dilində “AZƏRTAC” başda olmaqla çoxlu sayda  olduqca müxtəlif profilli saytlarda, İngilis dilində isə  “AZERNEWS”, “KHAZAR.ORG” və digər bir neçə saytda tədbirlərdə çəkilmiş fotoların müşayətilə ətraflı məlumatlar dərc olunmuşdur. Bundan əlavə “REALTV”-nın “Afişa” proqramında tanınmış jurnalist Ülviyyə xanımın təqdimatınta Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi və “Şuşa, salam!” kitabının təqdimatı barədə geniş xülasə təqdim olunmuşdur:

     Şuşaya ünvanlanan bu salam əslində bütün dünyaya ünvanlanmış bir Azərbaycan mesajıdır. Bu mesajda tarix var, Zəfər var, şəhidlərin xatirəsi var, milli qürur var, poeziya var. Ən başlıcası isə Azərbaycan xalqının öz torpağına, öz dilinə, öz mədəniyyətinə və öz gələcəyinə sonsuz bağlılığı var.

     Zəfər tariximizi yaşatmaq, onu dünya ictimaiyyətinə çatdırmaq və milli yaddaşımızı sözün qüdrəti ilə qorumaq hər bir yaradıcı insanın mənəvi borcudur. Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi bu borcun müasir dövrdə necə layiqincə yerinə yetirilə biləcəyini göstərən uğurlu nümunələrdən biridir.

     Şuşaya salam! Bu salam bir şəhərə deyil, bütöv bir xalqın tarixinə, ruhuna və gələcəyinə ünvanlanıb. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

08.11.-11.11.2026. Bakı – Şuşa -Bakı.

Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir