
Ömrün zirvəsində ucalan dostluq və ziyalılıq ehtiramı
Səftər Dadaşov — 65
Həyat adlandırdığımız bu uzun və dolanbaclı yolda minlərlə insanla qarşılaşırıq. Kimisi gəlib-keçici bir iz qoyur, kimisi isə sadəcə xatirəyə çevrilir. Lakin elə insanlar da var ki, onlar ömrümüzün ən etibarlı dayağına, varlığı ilə bizə güc verən uca bir dağa çevrilirlər. Xalq müdrikliyi nahaq yerə demir ki, əsl dost ya bir olar, ya iki; həqiqi dostların sayı əlin barmaqlarını keçməz. Bu baxımdan özümü bəxtiyar insan hesab edirəm ki, tale mənə Səftər Dadaşov kimi etibarlı, sadiq bir dost və qardaş bəxş edib.
Bu ilin noyabr ayında ömrünün müdriklik zirvəsinə — 65 illik yubileyinə qədəm qoyan Səftər müəllim mənim üçün sadəcə bir tələbə yoldaşı deyil; o, zamanın və sınaqların dəyişə bilmədiyi böyük bir mənəvi dəyər, sarsılmaz bir mənəviyyat qalasıdır.
Deyirlər, ən gözəl illər göz qırpımında keçən illərdir. Səftər müəllimlə ilk dəfə tanış olduğumuz 1983-cü ili xatırlayanda, sanki o unudulmaz günlər dünən olubmuş kimi gözlərim önündə canlanır. İllər bir-birini sürətlə əvəz etsə də, hər anını ehtiramla xatırladığım o tələbəlik illəri, gənclik xatirələri qəlbimdə silinmez izlər qoyub. Həyatın həm şirin, həm də acı günlərində, dərdləri və sevincləri mənimlə sonsuz bir səmimiyyətlə bölüşdüyü üçün ona hər zaman minnətdaram. İndi ötən hər ili, hər günü fərəhlə geridə qoyuruq; çünki əminəm ki, aramızdakı əsl dostluq bağları zaman keçdikcə daha da möhkəmlənir. Biz yaxşı gündə də, çətin sınaqlarda da yenə bir yerdə, çiyin-çiyinə addımlamağa davam edirik.
Səftər İsmayıl oğlu Dadaşov 14 noyabr 1961-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən birində — Talış dağlarının ətəyində yerləşən, uca zirvələri və saf təbiəti ilə seçilən Yardımlı rayonunun Ərsilə kəndində, ziyalı bir qulluqçu ailəsində dünyaya göz açıb. Doğulduğu torpağın məğrurluğu, dağların vüqarı onun xarakterinə və mənəviyyatına dərindən sirayət edib. Elə bu sarsılmaz xarakterin, elmə və təhsilə olan tükənməz bağlılığın nəticəsidir ki, o, illər sonra doğma yurduna bir nur, bir işıq kimi geri dönmüşdür.
Səftər müəllim hazırda doğulub boya-başa çatdığı Yardımlı rayonu Ərsilə kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. O, bir Azərbaycan dili və ədəbiyyat müəllimi, gözəl insan, təcrübəli və qayğıkeş bir pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətlər göstərir. O, təkcə bir təhsil ocağının rəhbəri deyil, həm də doğma dilimizin incəliklərini gənclərə sevdirən, onların gələcək yolunu aydınladan bir mayak, elinin-obasının sevilən və böyük hörmət bəslənilən baş ziyalısıdır.
Səftər müəllimin həyat fəlsəfəsini və insani keyfiyyətlərini bəlkə də ən gözəl ifadə edən bənzətmə göy üzündə bərq vuran ulduzlardır. O, ətrafına səssizcə nur çiləyən bir ulduz kimidir; hər zaman göz önündə olmasa da, varlığına sığındığın, hər an qəlbinin səninlə döyündüyünü bildiyin sadiq bir sirdaşdır. İnsan bəzən bu mürəkkəb həyatda özünü tənha və çarəsiz hiss edə bilər. Lakin belə anlarda sənə ürəyində böyük bir yer ayıran, kədərini də, sevincini də səninlə eyni səmimiyyətlə bölüşən bir dostunun varlığını bilmək ən böyük təsəllidir. Mənim çətin günlərimdə, taleyin ağır sınaqları ilə üz-üzə qaldığım anlarda Səftər bəy hər zaman fədakarlıqla yanımda oldu. Onun mənəvi dəstəyini hər an arxamda hiss etdim, qayğısını və səmimiyyətini ruhumda duydum.
Böyük mütəfəkkirlər deyirlər ki, həqiqi dostluqdan məhrum bir ömür notsuz musiqi kimidir — ruhsuz və harmoniyasızdır. Bizim 1983-cü ildən başlayan və bu gün də eyni coşqu, eyni təmizliklə davam edən dostluğumuz, qardaşlığımız mənim həyatımın ən gözəl, ən həzin melodiyasıdır. Bu gün məsafələr bizi cismanən bir-birimizdən uzaq salsa da, bu coğrafi uzaqlıq ruhlarımızın yaxınlığına heç vaxt mane ola bilməyib. Çünki əsl dostluq məsafə tanımır, sərhəd bilmir. Bu xoşbəxt yubiley günündə onun yanında fiziki olaraq olub-olmayacağımı zaman göstərəcək. Lakin bir şeyi tam əminliklə və böyük fəxrlə deyə bilərəm: o, hər zaman mənim qəlbimdədir və mənim ürəyim onun ürəyi ilə həmahəng döyünür.
İnsan yaşa dolduqca bəzən doğum günlərini sevməz, çünki illərin ötdüyünün, qocaldığının fərqinə varar. Lakin hər yaşın özünəməxsus bir gözəlliyi, ucalığı və müdrikliyi var. 65 yaş da məhz bu müdriklik zirvəsinə çatmanın ən gözəl məqamıdır. İnsan qəlbini daim gənc, gümrah və xoşbəxt saxlamağı bacararsa, heç bir təqvim, heç bir rəqəm onu qocalda bilməz. Səftər müəllim də daxilən hər zaman gənc qalan, tükənməz enerjisi və ziyalılığı ilə ətrafına nur saçan bir şəxsiyyətdir. Onun geridə qoyduğu illər sadəcə təqvim vərəqləri deyil; onlar şərəflə yaşanmış bir ömrün, qazanılmış sarsılmaz nüfuzun və cəmiyyətə bəxş edilmiş yüzlərlə işıqlı şagirdin zəngin irsidir.
Əziz dostum, dəyərli tələbə yoldaşım və qardaşım Səftər müəllim!
Səni ömrünün bu müqəddəs 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sənə Uca Tanrıdan möhkəm cansağlığı, tükənməz ruzi-bərəkət və xeyirli uzun ömür arzulayıram. Arzuda hər zaman bir ümid var; diləyirəm ki, yeni yaşında və gələcək ömür yolunda ümidlərin hər zaman çini, addımların uğurlu olsun. Sağlamlıq, müvəffəqiyyət, səmimi sevgi, ailə xoşbəxtliyi və dinc günlər hər zaman səninlə addımlasın. Bir sözlə, qəlbinin təmizliyinə layiq olan bütün gözəlliklər bu yeni yaşınla bərabər həyatına naxış vursun.
Doğum günün mübarək, mənim sadiq, vəfalı dostum! Səni bir daha səmimi qəlbdən təbrik edir, bu əziz günə olan sonsuz fərəhimi dörd bəndlik bu ürək sözlərimlə, sənə ithaf etdiyim şeirimlə tamamlayıram:
65 yaşına gəlib çatmısan,
Altının yanından beşi sil, qardaş!
Hələ bundan sonra otuz beş il də,
Hər gün sevin, qardaş, hər gün gül, qardaş!
65 yaşına gəlib çatmısan,
Hələ yüz yaşına otuz beş il var.
Ömrün yoxuşunda yorulsan əgər,
Yaxşı əməllərin əlindən tutar.
65 yaşına gəlib çatmısan,
Qabaqda yetmiş var, səksən var hələ.
Hələ tükənməyən gənclik həvəslə,
Nə qədər arzular gül açar hələ.
65 yaşına gəlib çatmısan,
Sevincdən ələnir gözümdən bu yaş.
Allah adamısan bu yer üzündə,
Yüz il yaşamağa haqqın var, qardaş!



Dərin hörmətlə: Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında








