Ceyhun Fikrət tərəfindən yazılmış bütün yazılar

CEYHUN FİKRƏTİN-AİLƏ YÜKÜ ROMANI 3-CÜ HİSSƏ

Yenə müəllimə qaçqınlardan danışırdı.  Bizdə müəllimənin dediklərinə uşaq sadəliyi ilə qulaq asırdıq.   Amma nə üçünsə, müəllimə kədərli baxışları ilə bizə baxırdı.  Görünür ölkədə, olan hadisələr müəllimənin əhvalına çox pis təsir edirdi.  Çünki, dərslərin suallarına o qədər də, əhəmiyyət vermirdi.  Bu onsuz da oxumayan və tənbəl olan şagirdlərin xeyrinə idi.  Mən isə yalnız müəllimənin hərəkətlərinə baxıb, özüm üçün nəticələr axtarırdım.  Müəllimə kədərli  idi.  Deyəsən şagirdlərində hərəkətlərinə heç fikir vermirdi.  Amma bəzən mənə baxıb nəsə fikirləşirdi.  Mən isə yenə xəyallar aləminə baş vurmuşdum.  Bu müharibənin nə ilə nəticələnəcəyini, içimizdə olan sapı bizdən olan baltaların, bizim əllərimizi  necə kəsdiyini düşünürdüm.  Bu vaxt zəng vuruldu.   Hər kəs sinif otağından dəhlizə qaçmağa başladı.  Müəllimə mənə baxıb, sən getmə, sənə sözüm var deyərək qapını bağladı.  İstəmirəm ki, belə söhbətlərə baş qoşasan!  Bildin!  Qəzəbli halda mənə baxdı.  Mən təəcüblü halda, hələ də ona baxırdım.  Son günlər doğurdanda onun halı yaxşı deyildi.   Məgər mən nə etmişəm deyərək ona təəcüblə baxdım.  O, isə cavabında anan çox əziyyət çəkir.  Sənin küçə də etdiyin söhbətləri anana deyirlər.  Axı O, sadə qadındır.  Ona əziyyət verməyi düz iş bilirsən, deyərək ağlamağa başladı.  Mənim heç bir işdən xəbərim yoxdur. Mən anamı incitmirəm, yəqin ki, sizə səhv məlumat veriblər deyə bildim.  O, ağlayır, bəzən qəzəbli, bəzən də, mülayim formada küçədə dediyim sözləri təkrar edirdi.  Hər şey aydın idi.  Mənim Qarabağla bağlı sözlərim bəzi adamların və onların uşaqlarının xoşuna gəlməmişdi və onların valideynləri məndən şikayət edərək, ilk əvvəl anama və sonra isə müəlliməmə müraciət edib məni tənbeh etmək fikirinə düşmüşlər.  Mənim fikirə getdiyimi görən müəllimə, anan yazıqdır, atan kimi ona dərd olma.  Axı atam anama dərd olmayıb deyib müəlliməmə baxdım.  O, isə cavabında hələ uşaqsan, belə işləri bilməzsən dedi.  Yadında saxla! Atan Qarabağda olsa da, anan arxa cəbhədə çox çətinlikdədir.  Sən böyüyəndə hər şeyi biləcəksən.  Gözü yaşlı qadınlar, bəzən  kişilərə görə gözü yaşlı olur.  Bax mənim ağlamağımı görürsən, lakin səbəbin bilmirsən, amma bilməlisən, o getdi və bir daha geri qayıtmayacaq.  Mən təəcüblə necə yəni getdi, axı sizin nişanlınız yaxşı adam idi.  O, milləti çox sevən bir adamdır deyə bildim.  O, isə cavabında, sən uşaqsan bir zaman gələcək ki, hər şeyi biləcəksən.  Amma indi sənin üçün bu söhbətlər tezdir.  Sən oxumalısan və cəmiyyətə dəyərli bir adam olmalısan deyərək yenə ağladı. Artıq dayana bilmirdim, o mənim müəlliməm olsa da, istəmirdim ki, onun qarşısında ağlayım.  Burdan qaçmalı idim.  Özümdən aslı olmayaraq, qapını açaraq qaçdım, amma hara gedəcəyimi bilmirdim.  Ancaq qaçırdım, hara getdiyimi bilmədən qaçırdım.  Qaçdıqca özümdən uzaqlaşıb getmək istəyirdim.  Artıq məktəbdən çox uzaqda olduğumu görüb, ağlamağa başladım.  Deməli O, ölüb, amma necə ölüb və harda?  Bəlkə də şəhid olub?  Amma çox güman ki,onu öldürüblər deyə bildim.  İllərdi mənim müəlliməmi sevən, kimsəsiz olan, kimsəsiz olduğuna görə də, müəlliməmi ona verməmişdilər.  Amma O, isə mübarizə aparıb, 10 ildən sonra artıq ki, müəllimənin atasını razı salmışdı.  Lakin 10 il necə əziyyətlər çəkdiyi, yaşınında çoxaldığı məlum olsa da, hədəfindən dönməmiş, bu qızdan ötrü çox əziyyətlər çəkmişdi.  Bəzən onu küçədə görən qadınlar, ələ salaraq ay yetim niyə bu qızı qaçırtmırsan deyərək məsxərə edərdilər.  O, isə başını aşağı salıb, qadınlara baxmadan qəmli halda deyərdi.  Çünki, günahdır.   Əgər atası razı olmasa, onu ala bilmərəm.  Çünki atanın razılığı, mənim üçün önəmlidir, gərək atası razılıq versin.  Atası hə cavabın verəndən sonra kəbin kəsəcəm.   Hətta bir dəfə həmin gənc mənim müəlliməmə elçı getmişdi.  Müəllimənin Qarabağa getməyib, kənd də gizlənən qardaşları həmin oğlanı tapıb döymüşdülər.  O, isə cavabında sakitcə baxmış, sevdiyi qıza görə, onlara heç bir söz deməmişdi.   Amma mən bu hadisəni eşidəndə, əsəbimdən balaca olduğum  üçün, onlara gücüm çatmadığına görə, yumruqlarımı dıvara vuraraq, hiddətlə səsimi boğmuşdum.  Hətta bir dəfə, o gənci görəndə, sən onları niyə döymədin! deyərək ona qəzəbli halda baxmışdım.  O, cavabında, mən zalım deyiləm deyib, başımı sığallamışdı.  Artıq müəlliməmin atası da, bu məsələdən yorulub, qızı ilə bu gəncin nişanlanmasına icazə vermiş və bundan sonra da, toy adət-ənənələri bu gənclərin birləşməsinə maniə yaratmışdı.   Amma gənc kəbin kəsdirsə də, öz halal arvadını,evinə apara bilməmişdi.  Çünki, qızın qoçu qardaşları bu işə mane olmuşlar.   Onların toy niyyətləri bu iki gəncin birləşməsinə ağır zərbə vurmuşdu.  Artıq illər keçsə də, kimsəsiz gənc sevdiyi xanımdan uzaq düşmüşdür.  Yadımdadır, bir gün atama, əmi məni də Qarabağa döyüşə apar deyəndə, atam təəcüblə ona baxmış, bəs müəllimə xanım nə olacaq deyərək gözlərini ona zilləmişdir.  O, isə cavabında, vətənimin bu ağır günündə, vətənimi düşmənlərdən təmizləməyim düzgün addım deyilmi? demiş və axşam atamla bərabər döyüş bölgəsinə yollanmışdır.  Amma indi O, yoxdur.  O, ölüb, bəlkə də öldürüblər.  İnana bilmirdım.  Bəs mənim müəlliməm necə olacaq?  Bilmirdim o oğlana ürəyimdə nə deyim.  Günahkar kim idi.  Erməni?  O, oğlan?  Yoxsa mənim müəlliməmin ailəsi?  Bu suallar məni daha da, qəzəbli edirdi.  İstəmirdim evə gedim.  Anam gözlərimdən biləcək deyib, yenə ağlamağa başladım.  Müəllimə düz deyir, mən ona çox dərd verirəm.  Axı, mənim göz yaşlarım, onun o biri otaq da xısın-xısın ağlamasına səbəbdir.  Onsuzda anam hər şeyi biləcək, bilmirəm nə niyyətlə, amma müəllimənin ərinin nakam taleyini yəqin ki, anama xəbər veriblər.  Daha getməliyəm, qarnımda acdır deyib, ayağa qalxdım.  Qapını döyməyimlə, anamın əsəbi səsi qulaqlarımda səsləndi.   Yenə futboldan gəlirsən?  Mən isə, yox nə futbol deyərək başımı aşağı saldım.  Bəs bu nə üst-başdır ki, toz içindədir?  Qonşunun qızı neçə saatdır gəlib evdədir, bəs sən hardasan?  Mən bilmirəm deyib, o biri otaqa keçdim.  Necə yəni bilmirəm, mən o qızdan soruşdum, o qızda cavabında dedi ki, sən müəllimə ilə danışandan sonra, stadion tərəfə qaçmısan.  O, isə səni çağırıb.   Sən isə, ona qəzəbli baxmısan.  Məgər sənə deməmişəm ki, qızlara qarşı nəzakətli ol!  Sənin nə ixtiyarın var ki, sinif yoldaşına və yaxud başqa bir qıza qəzəbli baxasan.  Məgər mən səni belə tərbiyyə etmişəm deyərək, anam mənə baxdı.  Mən isə cavabında, mən ondan üzr istəyərəm deyərək küçəyə qaçdım.  Anam isə arxamca səslənərək evlərinə getmə, çünki qonşu qızgildədir.  Anamın məni belə qarşılaması, çox gözəl idi, hətta çox xoşuma gəldi.  Yaxşı ki, anamın heç nədən xəbəri yoxdur.  Artıq küçədəyəm.  Təmiz hava ciyərlərimə doldu.   Anama heç bir qonşu heç nə deməyib.  Təəcüblüdür.  Yəqin heç kəsin onun ölüm xəbərindən xəbəri yoxdur.  Təxmini on-on beş dəqiqədən sonra qara rəngli qapının qarşısında idim.  Qapını döydüm.   Qapını açdılar.  Yaşlı bir qonşumuz, məni görüb, hə gəl içəri milli qəhrəman deyərək güldü.  Mən ədəblə salam verib, qonşu qadının sözlərinə əhəmiyyət verməyərək, sinif yoldaşlarımın oturduğu otağın qapısın döydüm.  İçərdən buyurun deyiləndən sonra, asta-asta qapını açıb boylandım.  Bəzi sinif yoldaşlarım məni görüb, təşvişlə xəbərin var, xəbərdən? Mən isə bura qonşu qızdan üzr istəməyə gəlmişdim.  Ancaq onların bu təlaşına cavab olaraq, məgər nə olub deyə bildim.  Oğlanlardan biri qonşu qızına baxaraq, bəs sən deyirdin ki, Ceyhun hər şeyi bilir deyərək kövrəldi.  Mən özümü saxlaya bilmədim.  Artıq göz yaşlarım sözümə baxmırdı.  Hə ölüb deyə bildim.  Qızların ağlamaq səsi, o biri otaqlarda eşidilməyə başladı.  Bu vaxt mənə milli qəhraman deyən qadın, qapını açıb bizə təəcüblə baxdı.  Yenə məni süzüb, yenə nə oyun çıxartmısan deyə əsəbi halda çayı qabağıma qoydu.  Bu qonşunun qızı, qəfil anasına baxaraq, dedi: Ana O, ölüb.  Həmin qadın təşvişlə qışqırdı və mənə baxıb atan deyib, əlindəki o biri çay stəkanlarını əlindən saldı.  Çayın isti suyu bədəninə töküldü.  Mən qorxaraq, yox atam sağdır xala deyə bildim. O, isə bəs kim ölüb, deyib ağladı. Oğlanlardan biri, xala müəllimə deyə bildi.  Həmin qadın qışqıraraq, yetim bala deyərək və bundan sonra can ay yetim deyib yerə yıxıldı.  Qızlardan biri su arxasınca qaçdı.  Heç kim qorxudan, qadına yaxın gedə bilmədi.  Ona su veriləndən sonra, özünə gəldi və ağlayaraq bizdən, müəllimə bilir soruşdu.  Mən isə cavabında, hə deyə bildim.  Artıq onun ölümü bütün məktəbə, məhləyə yayılmışdı.  O, gün hər kəs ondan danışırdı, bəziləri onu qınayır, niyə görə Qarabağa getdi deyib, başını bulayır, bəziləri isə, onun yaxşılığından, sədaqətli, mərd, təmiz oğlan olmasından söhbət açırdı.  Bu sözləri eşidə-eşidə artıq evimizin qapısında idim.  Qapını döyməyə cürət edə bilmirdim.  Birdən qapının açılması və anamın qəmli baxışları ilə, üz-üzə qalmağım, həyatımın ən faciəli anlarına çevrildi.  Anam gözləri qızarmış halda, mənə baxaraq gəl hər şeyi bilirəm dedi.  Mən qapıdan içəri girib, otağa boylandım.  Anam əgər bu qədər ağlayıbsa, yəqin ki, ürək dərmanının şüsəsi, stolun üstündə olmalı idi.  O, mənə baxaraq hara boylanırsan? Dərmanda qurtarıb, istəmirəm ki, son qalan çörək pulumuzu dərmana verim, deyərək ağladı.  Görürsən də, hamı bir-bir ölür.  O, yazıq oğlanda öldü.  Onu öldürdülər.  Mən anamın bu sözlərindən sonra təəcüblə ona baxdım.  Yəni deyirsən, onu öldürüblər?  Axı ona erməni gülləsi dəyib, axı O, cəbhədə ölüb.  Yox ay bala, onu bizim cəmiyyət öldürüb deyərək yenə ağladı.  Mən isə, dözməyərək ona erməni gülləsi dəyib, o vətəni yolunda canın verib, nə üçün onun qəhramanlığına kölgə salırsız deyə bildim.  O, isə boş-boş danışma.  Onu bizim cəmiyyət öldürdü.  O, xanımı ilə xöşbəxt olsa idi, sonra döyüşə getsə idi, mən onu qəhraman bilərdim.  Bilirsən?  Onun qəlbi bizimkilərin əlindən yara bağlamışdı.  Nə olsun yetim idi, məgər ona qız vermək olmazdı.  Heç bilirsən, 10 il sürünmək nə deməkdir.  Yetim böyümək, ac qalmaq nə deməkdir?  Bilmirsən.  Sən usaqsan, amma mən bilirəm.  Çünki mən yetim böyümüşəm.  O, gənci məni kimi heç kim başa düşə bilməz.  O, qızı istəyəndə sən heç yox idin.  Biz bura təzə köçmüşdük.  Hər kəs onlardan danışırdı ki, bir oğlanı o qızın qohum-əqrabası giriftar edib.  Bir neçə illərdən sonra, atanda bu məsələyə qarışsa da, o kişi o oğlana qız vermədi.  Nə var nə var ki, bu oğlan yetimdir.  Nə olsun ki, atası-anası ölub bu uşaq ikən.  Məgər onun haqqı yoxdur ki, sevib evlənsin.  Yadımdadır, axşamlar bizə gələrdi, məndə süfrə salardım.  Atanla bərabər çörək yeyərdi, bəzən də, yediyi yeməyi kənara qoyub düşünərdi.  Atan çox vaxt ona deyərdi ki, qardaş çörəyini ye, özünə fikir ver.  Çalış inkişaf edəsən, bəlkə o zaman bunları razı sala bildin.  O yazıq isə, əmi o qızı alacam deyirdi.  Aldı, amma necə?  Almasaydı ondan yaxşı idi.  Qız evi gördülər ki, müharibə başlayıb, bu axır-əvvəl müharibəyə gedəcək.  Ona görə də, qızı buna verib, şərt kəsdilər ki, müharibə qurtarandan sonra toy etsinlər.  Bunlara bax, bunların şərtlərinə bax.  Onlar bilirdilər ki, bu yetim Allahdan qorxur və Allah üçün iş görür.  Bu səbəbə görə də, bu oyunları qurdular.  Allahsızlar deyərək anam daha da hıçqırdı.  Mən isə, anama daha bəsdir, xahiş edirəm səndən ağlama, axı sənə bir şey olsa, məndə yetim qalacağam dedim.  Anam bu sözümdən sonra mənə baxıb, dedi: narahat olma yetimləri Allah  böyüdür, vay ölənin halına.  Mən onun, məni qucaqlamasını istədiyim halda, o isə mənə baxaraq, sən əsl kişi olmalısan, hələ gələcəkdə sənin nə qədər çətin illərin var deyərək mətbəxə getdi.  Artıq anamın niyyəti mənə yavaş-yavaş aydın olurdu.   O mənim öz ayağım üstündə durub, heç kimə möhtac olmamağımı istəyirdi.   Amma yenə də, bəzi məsələlər mənə aydın deyildi.  Nə üçün anam məni qucaqlamadı.  Nə üçün o məni qucaqlayıb, dostun qəhramancasına vətənə canını fəda edib demədi.  Amma o doğurdanda ölmüşdü.  Ondan bir otaqlı kimsəsiz bir ev, qucaqlaya bilmədiyi həyat yoldaşı və cəbhədən göndərilən vəsiyyətnamə qalmışdı.

Davamı var……….

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT- BU EVİN SAKİNİSƏN

Sən yuxusuz gecələrimin sakinisən,

sanki qapını döyüb qonaq gəlmisən,

soyuq bir külək kimi soruşmadan,

içəri girmisən,

soyutmusan,

ağlımı,

düşüncələrimi,

soyuq otağımda dəyişib sanki,

dəyişib boyası solmuş divarlarda,

elə bil fikirlərimdə donub bir anlıq,

qardan sonra soyuq külək kimi,

beynimi dondurmusan,

elə bil buz bağlayib hisslərimdə,

sənsə bunu hiss etmədən,

üşümədən,

bu evin sakinisən.

Sən yuxusuz gecələrimin sakinisən.

Bu soyuq küləkdə,

üşütmür səni,

bu şaxtalı qarda qorxutmur səni,

bu soyuqluğa qarşı,

düşünürsən,

soyuq küləyin qarşısını alan,

şaxtalı qarları əridən,

bir günəş çıxacaqdır.

O zaman,

yuxusuz gecələrimin,

sakini sən yox,

günəşli günlərinin sakini mən olacağam

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT- HARA GEDİM

Bilmirəm, hara gedim, İlahi,

bu şəhər yaman sıxır məni,

küçələri də, adamsızdı,

qəribəm bu şəhərə,

yadam bu şəhərə,

küçələri də,yaddır mənə,

itmişəm, batmışam bu küçələrdə.

İlahi bu qəribə, küçənin sonunu göstər.

Hara gedəcəyimi bilim,

qaranlıqdı,

deyəsən işıqlarda sönüb.

Bu şəhərdə, bir adamda, yoxdu,

dərdimi deyib, yolu soruşum.

İtirmişəm yolu,

deyəsən səhərə az qalıb,

bəs  nə vaxt günəş çıxacaq?

Qaranlıqlar işıqlaşacaq.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT- BƏLKƏ AYILASAN

Mənə soyuqdur,

üşüyürəm,

günahın doğruya qarışmasından,

yalanın doğruya üstünlüyündən.

Hər iş dəyişib,

hətta sənin gözlərində,

faniləşib,

çirkabı görmədən yalanla yeriyir ayağın.

Üşüyürəm,

çünki yalanın doğruluğu mənə təsir edib.

Yalan qarşısında acizləşirəm,

özüm doğru olduğum halda, yalanla üz-üzəyəm,

səsimdə dəyişib düz olduğum halda,

yalan qarşısında gücsüzəm.

Yalan sirrli və müəmmalı qapı,

doğru axtarılan və bəlkədə gəzdiyin qapı,

bəlkə də tapmayacağın qapı.

Hər iş dəyişib,

amma yenə üşüyürəm,

sənin səssizliyinə,

laqeydliyinə,

baxışlarına,

amma yenə də sənə baxıram,

bəlkə ayılasan,

yalandan çıxıb doğru olasan,

qaranlıq gecədən nur olub,

göy üzünə ucalasan.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

         

CEYHUN FİKRƏT- ÜŞÜYÜRƏM

Bu gün qar yağır Təbrizə,

üşüyürəm kədərin soyuqluğuna,

Bakının küləkli havası düşür yadıma,

baxıram xəbərlərə,

bir istilik tapacağıma ümüd edərək,

sızlayıram,

qəribçiliyimi fikirləşirəm,

kədərin sonluğuna gedərək,

həsrətlə xəbərləri izləyirəm,

eşidirəm,

bu gün Təbrizə yağan qar,

Bakıya   külək gətirib,

sınıb yenə ağacların budaqları,

qəlbim kimi.

Təbrizdə  yenə də qar yağır,

pəncərədən baxıram,

Bakıya gedən yollara.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KİTAB NƏSR PROZA YAZAR

CEYHUN FİKRƏT- AİLƏ YÜKÜ ROMANI 2-Cİ HİSSƏ

Səhər isə anam yenə mülayimliklə, heç kimlə işin olmasın deyərək, məni məktəbə yola salırdı. Hər səhər evdən çıxıb dərsə gedirdim. Qarşıma çıxan insanların üzlərində müharibənin ağrı-acısın, kədərin görürdüm. Evlərdən ölüm qorxusu, qan iyi çəkilmirdi. O, illərdə xalq tərəfindən belə bir söz də yaranmışdı “Qaçqın”. Evləri erməni daşnaqları tərəfindən zəbt olunmuş həmvətənlərimizə qəribədir ki, “qaçqınlar” deyirdilər. Qaçqın, köçkün sözü hər tərəfdə eşidilirdi. Torpaqlarını, evlərini itirmiş insanlara bəziləri doğma münasibət göstərsə də, onlara qarşı ögey münasibət də var idi. “Qaçqın” sözündən hətta müəllimə də, istifadə edərək dərsdən kənar bizə bəzi məlumatlar verərdi. Mən isə, bu sözün necə yarandığını, niyə Vətənindən ayrı düşən insanlara belə bir adın verildiyini fikirləşirdim. Son vaxtlar dərs zamanı fikirli olmağım, deyəsən müəllimənin də, gözündən yayınmamışdı. Bu gün yenə də O, bizə işğal olunmuş torpaqlarımızdan, qaçqınlardan danışırdı. Birdən sinif otağımızın qapısı döyüldü. Müəllimənin “buyurun!” deməsi ilə, içəriyə üz-gözü kədərdən solmuş qara geyimli bir qadın və yanında da bir qız uşağı sinifə daxil oldu. “Bağışlayın, biz”, deyərək özünü təqdim etmək istəyirdi ki, müəllimə “bilirəm, sizin qızınızı bu sinifə göndəriblər” dedi. Qadın isə, kədərli halda, “Bəli, biz Şuşadan gəlmişik”. “Artıq sizin haqqınızda bizdə məlumat var”, deyərək müəllimə göz yaşlarını saxlaya bilmədi.
Mən də, fikir dünyamdan artıq ayılmışdım. Öz-özümə dodaqaltı mızıldanırdım, “necə ola bilər ki, Şuşa işğal olunsun? Bəs atam belə demirdi axı”. İçimdəki şübhələri qovmağa çalışırdım. “Bəlkə də, onlar Bakıya qonaq gəliblər” deyə, özümə təsəlli verirdim. Amma əsl həqiqət bu idi ki, Şuşa şəhəri doğrudan da işğal olunmuşdu. Qadın Şuşa şəhərinin işğal olunmasını dilinə gətirməsə də, Onun görkəmindən Şuşanın başına nə oyunlar gətirildiyi bəlli idi. Daha heç nə eşitmək istəmirdim. Bircə evə gedib küncə sıxılıb ağlamaq istədim. Dərsdən çıxıb evə doğru qaçmağa başladım. Atamı görmək, beynimdəki suallara cavab almaq üçün tələsirdim. Evə çatanda isə, anamın lal-dinməz baxışları Şuşanın işğal olunmasından xəbər verirdi. Bir neçə saatdan sonra yəqin ki, mənim şübhələrimə son qoyulacaqdı. Özümdə cəsarət tapıb atama suallarımı vermək istədiyim vaxt qapının döyülməsi məni fikirimdən ayırdı. Qəfil gələn qonağın səsi, evimizin sükutunu pozduğu kimi, atamın da halını dəyişdi. Gələn qonağın sual dolu baxışları atam tərəfə yönəldi. O, atama “siz mənim yoldaşımla eyni cəbhədə döyüşürsünüz, neçə vaxtdır ondan xəbər yoxdur, Onun halı necədir ? ” deyərək, sual verdi. Atam isə çətinliklə də olsa sualı cavablandırmağa çalışdı. “Narahat olmayın, O, əsl döyüşçüdür. Biz onunla fəxr edirik. O, mütləq sizi görməyə gələcək”. Atamın bu sözlərindən sonra qadının baxışları dəyişdi və O, anama tərəf baxaraq, “Allah sizi sevindirsin, Siz məni sevindirdiniz” dedi və getdi. Onun gedişi ilə atamın qəmli baxışlarında yaş damcıları göründü. Anama tərəf baxaraq dedi: “O, qadının həyat yoldaşı şəhid olub. Mən bu xəbəri ona deyə bilmədim”. Anam bu xəbərin ağırlığına dözə bilməyib, hönkürtü ilə ağlamağa başladı. Bu qəmli hadisə mənə təsir etsə də, mənə qəribə gələn bu idi ki, atam nə üçün o qadına fəxrlə,“ sizin yoldaşınız Qarabağda şəhid olub ” demədi. Artıq atama qarşı düşüncələrim dəyişməyə başladı. Nə üçün atam belə etdi deyə, beyinimdəki fikirlər məni dərs oxumağa qoymurdu. Bir neçə dəfə istədim ki, atamın otağına gedib, atama sual verim ki, axı, ata nə üçün sən qonşu qadına belə cavab verdin? Mən səni təmiz, düz danışan adam kimi tanıyırdım. Həmişə mənə deyərdin ki, yalan danışma, bəs indi nə oldu ki, sən özün yalan danışdın. Amma həmin gün atama heç bir sual vermədim. Hətta Şuşanın işğalı ilə bağlı, suallarımda ürəyimdə qaldı. Ona qarşı içimdəki şübhələr beyinimdə səslənirdi. Əgər Şuşa işğal olubsa, bəs O, niyə Bakıdadır. Amma bir neçə gündən sonra eşitdim ki, Şuşa bir neçə həftə bu söhbətdən əvvəl işğal olunub və bizim əsgərlər itgi verərək geri çəkiliblər. Onu da bildim ki, atam yalançı deyilmış, atamın cümlələri düz imiş, amma mən bu cümlələrin düzgünlüyünün fərqinə vara bilməmişdim. Çünki küçəmizdə matəm çadırının qurulmasını görəndə və qonşu evdən ağlaşma səsini eşidəndə, atama haqq qazandırdım. Atam həqiqətən də düz deyirmiş, O, əsl döyüşçü olaraq son dəfə ailəsi ilə vidalaşdı. Ailəsi Onun son baxışlarını, qamətini görməsə də, məğrur tabutunu gördü. O, Vətən uğrunda şəhid olmuşdu. Onun üçün ağlamağımıza baxmayaraq, biz onunla fəxr edirdik. Ağlayanlar içərisində, şəhidin həyat yoldaşı da var idi. Şəhidin tabutunu maşına qoyan zaman, sanki qadın bir anlıq yuxudan ayıldı və anladı ki, məzara aparılan tabutda, Vətən uğrunda şəhid olan bir igidin cəsədi ilə bərabər, Onun həyatının mənasın və gələcək günlərinin yaşama səbəbini də aparırlar. Elə bu düşüncələrlə də, sıçrayaraq tabut aparılan maşının ardınca “məni də özünlə apar!” deyərək qaçmağa başladı. Tabutu gətirən maşın isə dayanmadan, “qara tabutu”, “axirət dünyasına” apardı. Bu halı görənlərin ağlamaqdan başqa deyəcək sözləri də qalmamışdır. Qadının isə maşına çata bilməməsi və qaçdığı yolun yarısında dayanması ona işarə idi ki, Onun ailə səadəti artıq sona çatmışdı. Bu anı görənlər göz yaşlarını saxlaya bilmirdilər. Hər kəs susmuşdu. Baxışlar isə yalnız bir ailənin faciəsindən danışırdı. Çoxları qadının həyatının puç olmasına üzülür, bəzilərinin baxışlarında düşmənə qarşı hiddət var idi. Amma olan olmuşdu, torpaqlarımız işğal altında, cavanlarımız da canlarını fəda edirdilər. Artıq müharibənin havası da bizim ciyərlərimizə hopmuşdu.
Mən isə fikirləşirdim. Yenə darısqal otağımıza keçıb, bir küncə sıxılmışdım. Fikirləşsəm də, beyinimdəki suallara cavab tapa bilmirdim. Düşünürdüm ki, bu işlərin axırı necə olacaq, kimin üçün və nə üçün bizim döyüşçülər orda ölür? İçimdəki qorxu, beyinimdəki fikirlərimi qarışdırırdı. Bəzən fikirləşirdim ki, bu gündən bizim üçündə var, çünki şəhid olanların uşaqları yetim qalıb, bəlkə bir gün o güllələrdən biridə mənim atama dəydi. O, zaman necə olacaq. Düşünürdüm. Beyinimdəki sözləri dilimə gətirə bilmirdim. Əgər atam ölsə, güzaranımız necə olacaq, onsuzda günlərimiz aclıqla keçirdi. Qohumlardan da qapımızı döyən yox idi. Bilirdim ki, atama döyüşə getmə deyənlər, atam ölsə bizi məsxərə edəcəkdirlər. Düşünmüşdüm, anamı heç kimə möhtac etməyəcəkdim. Bu fikir beyinimdə qəti formada səslənirdi. Anam heç kimə əyilməyəcək deyərək, otağımda qışqırmağa başladım. Bu zaman öz səsimdə özümə qəribə gəldi. Uşaq olsamda, hiddətli səsim, özümə çox qorxunc göründü. Bu zaman anam otağa daxıl olub, səksəkəli halda dedi: qorxma oğlum! Mən sənin yanındayam. Bu sözlərdən sonra acı gülüş içimi doldurdu. Anam yazıq hardan bilərdi ki, mən ətrafımdakı insanların işlərindən hiddətlənıb qışqırmışam. Lakın anamın kədərli gözləri yenə gözlərimə sancılmışdır. Daha Ona heç bir şey deyə bilmədim, çünki evdən çıxıb qaçmaq, özümü hər kəsdən uzağa atmaq istəyirdim, amma bu mümkün deyildi. Qapını açıb pillələrlə aşağı düşdüm və küçənin başına çatmamışdım ki, qarnı dolu, cibi pulla oynayanlarla küçədə rastlaşdım. Belə insanları görəndə ürəyim sıxılırdı. Amma anamın mənə verdiyi tərbiyə, öz əksini ruhumda tapmışdır. Çünki özümdən aslı olmayaraq, yenə belə insanlara salam verdim. Amma sonra özümü danlamağa başladım ki, necə olur axı, mən belə adamlara salam verirəm. Lakın anamın baxışları və səsi, yenə yadıma düşdü. Oğlum! Sən heç kimə pislik eləmə, çünki pislik heç kimə xeyir gətirməyib, həm də, pislik etmək asan bir işdir, amma yaxşılıq etmək həm çətindir, həmdə bu iş şərəfli işdir. Bacarırsan, pis insanlara da yaxşılıq elə. Amma mən bacarmırdım, çünki cəmiyyət öz pis işləri ilə, məni arxasınca çəkirdi.
davamı var…..


Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT – AİLƏ YÜKÜ ROMANI 1-Cİ HİSSƏ

Ceyhun Fikrət, yazıçı-jurnalist

Ailə yükü romanı birinci-hissə

O gün havada sərin meh var idi.  Hər tərəf sanki, səssizliyə qərq olmuşdu.  Elə küçəmizdə sakit idi. Adətən məhlədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu. Amma indi havanın sərin olmasına baxmayaraq, heç bir uşaq məhlədə gözə dəymirdi. Məndə eyvanda oturub, gözlərim mürgü vura-vura kitab oxuyurdum. Bəzəndə eyvandan küçəyə boylanırdım ki, görüm məhləmizdə kim var. Amma gözlərimin yorğunluğu, kitaba olan marağıma üstün gəldiyi üçün, evə keçib divanda uzandım. Bir az yatmışdım ki, oğlum qonşu uşaqlardan biri səni çağırır deyərək anam məni yuxudan oyatdı. Qapını açdım. Qonşu uşaqlarından biri mənə baxaraq, tez gəl onlar bizi daşa basır deyib, küçəyə qaçdı. Məndə onun arxasınca qaçdım. Doğurdanda o biri küçənin uşaqları, bizim küçəni daş atəşinə tutmuşdular. Məndə fikirləşmədən yerdən götürdüyüm daşlardan onlara atmağa başladım. Sankı müharibə idi. Təxminən on-on beş dəqiqədən sonra biz onları öz məhlələrinə sıxışdıra bildik, amma onların məhləsi hündürdə olduğu üçün biz onları bınalarına qədər qova bilmirdik. Onların hündür də olması, bizim işimizi çətinə salmışdı. Elə bu an daşlardan biri mənim gözümə dəydi. Bir anlıq gözümdə qırmızı rəng əmələ gəldi. Həyəcanla qışqırdım. Qışqırmağımla hər kəs daşı yerə atdı, hətta qonşu məhlə uşaqları da evlərinə qaçmağa başladı. Gözümün ağırısından binamıza tərəf qaçdım. Bir dəstə uşaqda arxamca gəlirdi, sankı biz məğlub olmuş ordu kimi geri çəkilirdik. Binanın qarşısında atamla qarşılaşdım, Onu görən kimi gözümün ağrısı yaddan çıxdı. Özümü itirdim. Atam isə mehribanlıqla, hə de görüm, yenə nə etmisən? deyə mənə baxdı. Qonşumuzun oğlu, əmi onlar bizi daşa basırlar dedi və hadisədən atamı agah etdi. Atam tez məni qucağına götürüb poliklinkaya tərəf qaçdı. Bir neçə saat sonra mənim gözümdə ağrı qalmamışdı. Sən demə daş gözümün altına dəydiyinə görə az miqdarda qan gəlmişdi. Bəlkə də atamı da həyacana gətirən o qan idi. Gözümə ilk tibbi yardım olandan sonra məhləmizə qayıtdım. Məhləmizə daxil olan zaman özümü qəhrəman kimi hiss edirdim, sanki yarasını müalicə edib döyüşə qayıdan əsgər idim. Amma atamın yanında tutduğum işdən də peşmançılıq çəkirdim. Bir tərəfdən də peşmançılıq çəkməyimə səbəb, o biri məhəllənin uşaqlarına bu daş döyüşündə uduzmağımız idi.
O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Orta məktəbdə təhsil aldığım vaxt dərslərimi yaxşı oxuyurdum, demək olar ki fəal şagirdlərdən idim. Lakin atamın cəbhəyə getməsi, həyatımda yeni mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Buna görə də, ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır, atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli, səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “Sənə güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni, bu hisslərin ağırlığından qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım, müəllimlərimin mənim haqqımda verdikləri, müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər kəsin atama “Sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər dəyərli olduğunu dərk etmişdim. Həqiqətən də, çətin illər idi. Anamın göz yaşları, hər dəfə qapı döyüləndə qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədərdi. Bir yandan da maddi ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Ona görə ki, o zaman ailələrin dərdi də eyni idi. Saatlarla çörək növbələri də yadımdadır. Insanların gecə yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan hadisələr kimi yaddaşıma həkk olunub. Çörəyin bizə çatmadığı günlərdə isə, anam qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı. Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o çörəklə qidalanardıq. O illərdə əsgər ailələrinə növbədən kənar çörək almaları üçün xüsusi vəsiqə verirdilər. Vəsiqədə həmin əsgərin ailəsi ilə bağlı məlumatlar da yazılırdı. Qeydiyyat vəsiqəsinin hər zaman cibimdə olmasına baxmayaraq, mən də növbəyə dayanardım və növbədə dayananların məni tanımaması üçün başımı aşağı salardım. Çox vaxt növbədə dayananlardan kimsə məni tanıyar və satıcıya işarə edərək deyərdi “Bu, əsgər ailəsindəndir”. Onların mehriban baxışları altında, mən xəcalət çəkərdim. Əsgər ailəsi olmağıma baxmayaraq, çörəyi növbədən kənar almağım məni utandırardı. Qadınların, qızların növbədə dura – dura növbəsiz çörək almağımı uşaq qüruruma sığışdıra bilmirdim. Amma satıcı qadın mənim daxili dünyamdan xəbərsiz idi. O çox vaxt məni qəzəblə çağıraraq, “Pulunu ver, neçə çörək istəyirsən?” deyərdi, mənə səslənərdi. Mən də sakitcə çörəyimi alıb evə dönərdim. Evə çatanda isə qapının ağzında anamın qəmli baxışları ilə rastlaşardım. O, baxışların önündə qürürla dayanardım. Qürurumun səbəbi isə, əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim.
Amma bəzən fikirlər məni öz ağuşuna alırdı. Beyinimdə o qədər fikirlər var idi ki, bu fikirlərdən biri anamın bu dərdlərə sakitliyi və çətin güzaranımız idi. Bəzən də, qapımıza qorxa-qorxa baxardım. Çünki son vaxtlar qapımızın aramsız döyülməsi məni də səksəkəyə salmışdı. Hər qapı döyüləndə, həyəcanla və təlaşla qapıya tərəf gedərdim. Bu dəfə də gələn şəxsin atam deyil, başqasının olduğunu görəndə, narazılıqla O, şəxsin üzünə baxardım. Məndən fərqli olaraq, anam evimizə gəlib-gedənləri, xoş üzlə qarşılayardı. Gələnlər arasında qohumların atam haqqında mənfi, bəzilərinin isə, əksinə müsbət fikir söyləməsinin şahidi olardım. Bəzilərinin də, “bu müharibəyə gətmək nəyə lazım idi?” deməsi, mənim uşaq qəlbimdə bu sözü deyənlərə qarşı qəzəb hissi oyadardı. Anam isə sadəcə, təmkinlə gülümsəyərək deyərdi,”bu getməsin, O, getməsin, bəs kim getsin?” Mən isə danışılan söhbətlər əsnasında yerimdə qurdalanardım. Nə isə demək istəyərdim. Anamın xoş baxışları isə, mənə sakit olmağı əmr edərdi. Sanki, Qarabağ bizim evimizdə idi. Atamı görə bilməyənlər, anama elə suallar verirdilər ki, sanki anam da atamla bərabər cəbhədə döyüşür. Amma mən bəzən qohumların bizə gəlməsinə sevinərdim. Çünki, ən azından anamın qəmli baxışlarından xilas olardım. Qəribə hal bu idi ki, orta məktəbdə qiymətlərim ”5” olduğu halda, anamın mənəvi dərslərindən, ”2” alardım. O, mənə hər zaman deyərdi. ”Sən güclü olmalısan, əsl kişi olmalısan”. Bu sözlərdən sonra isə, güclü, yoxsa zəif olduğumu xəyal edərdim. Anamın nə üçün mənim güclü olmağımı istəməsi, mənim üçün böyük bir sual olaraq qalırdı.
Müharibə dövründə bəziləri də, var idi ki, insanların bu ağır günlərindən istifadə edərək, yaşayışını yaxşılaşdırmaqla məşğul idi. Onların övladları da, özlərinin tayı idi. Qəribə burasında idi ki, atam erməni daşnaqlarına qarşı vuruşduğu halda, mən “özündən razı” uşaqlarla söz savaşına çıxardım. Bəzən onlar məni ələ salır, yeri gələndə də, rişxəndlə sancırdılar. Amma onların qarnı tox, mənim qarnım isə ac idi. Onlar özlərini, mən isə ətrafda yaşayan acları fikirləşirdim. Anamın ”heç kəsə pislik etmə, pislik yaxşı iş deyil, həmdə pislik etməyə nə var ki, əsil insan odur ki, pislik edənə də, yaxşılıq etsin” deməsi, məni pislikdən çəkindirir, yaxşılığa tərəf meyl etməmə səbəb olmuşdu. Bəzən anamın sözlərinə, ürəyimdə haqq da qazandırırdım. Çünki, onsuz da dərdi çox olan qadına, bir tərəfdən də mənim dərd verməyim, onun mənəvi əzabını daha da artırardı. Gecələr isə evimizin qapısının döyülməsi, məni yox, anamı narahat edərdi. Çünki hansısa qonşunun çörəyinin qurtarması, bizim evdə çörəyin azalmasına səbəb olardı. Gecələrin birində belə hadisələrin biri ilə, rastlaşdım. Qəfil səslənən taqqıltıya, qəfil ev yiyəsi kimi çıxmışdım. Bu qapı taqqıltısına isə, anam gecikmişdi. Mən isə gecə qapını döyən şəxsə, adımıza yaraşmayan kobudluqla, ”daha bizdə çörək yoxdu”, demişdim. Qəfil gələn, qəfil getsə də, anamın heyrət dolu baxışları gözümdə qalmışdı. Utanıb, sıxılsam da, daha iş-işdən keçmişdi və mən həmin gün anamın mənəvi dərslərindən yenə də “ 2” qiymət almışdım.

Davamı var…….

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT – VİCDAN ƏZABI

Ceyhun Fikrət, şair-publisist.

Yenə bu gecə sanki xəyal girdabına batmışdım. Nə fikirləşdiyimi, nə qərarda olduğumu bilmirdim. Çünki fikirləşdikcə fikirlərim parçalanır, ağlıma qəribə fikirlər gəlirdi. Axır ki, qərara gəldim və qərarım bu idi ki, onunla danışıb məsləhətləşməliyəm. Lakin içimdə olan fikirlər, sanki onu görməyəcəyimi, xəstəxanaya getməyimin faydasız olduğunu deyirdi. Mən onun həyatda dostu, bəlkə də sirdaşı idim. Amma onun mənim üçün kim olması, həmişə mənə maraqlı idi. Çünki ilk dəfə onu görəndə, bu şəxs mənə çox tanış gəlmişdi. Biz onunla o qədər səmimi danışmışdıq ki, elə bilirdim O, mənim ən doğma adamımdır. Bu qədər əzab-əziyyət çəkməsinə baxmayaraq həmişə nikbin idi. Ağciyərləri neçə illər idi ki, xəstə idi. Amma O, bu halına gorə Allaha şükür edir və sağalıb, Yeganəsinin yanına qayıdacağı günü gözləyirdi. O, mənə sevgi tarixçəsini, keşməkeşli həyatını danışanda, mənə çox qəribə gələrdi ki, görəsən bu insan o qədər əziyyətə necə dözüb. Bir dəfə yaxşı yadımdadır, ona sual etdim ki, necə olub sənin kimi gözəl əxlaqlı adam zindana düşüb? O, həyatını danışmağa başladı. Dedi: Bir gün xanımımla küçədə idim, iki nəfər xanımıma söz atdı və mübahisə dava oldu. Heç bilmədim bıçaq hardan çıxdı və birdə onda gördüm, bir nəfər yerə yıxılıb. Sonralar o adamın axırı necə oldu bilmədim, amma mən isə dəmir barmaqlıqlar arasında idim. Sonra isə zindan həyatı, həyatımı dəyişdı və cavan ömrüm bu hala düşdü deyərək üzümə baxdı. Hər dəfə suallar verib onun keçmişini soruşmağım məni ona dahada yaxın etmışdir. Bu gün isə onun bütün həyatı barədə öyrənəcəkdim. Hətta yoldaşının və qızının ünvanında axtarıb tapmaq niyyətində idim. Bu fikirlərlə xəstəxananın həyətində dayanmışdım və xəstəxana pilləkənlərinə doğru addımlamaq istəyirdim, amma içimdəki həyəcan, təlaş qəlbimi yaman bürümüşdür. Xəstəxananın 5-ci mərtəbəsinə çıxıb bir-bir xəstəxana otaqlarını saymağa başladım və budur Onun otağıdır. Dayandım, sanki qəlbimin dərinliyində bir səs mənə, getmə artıq gecdir deyirdi. Lakin qapını döyüb gözlədim. Buyurun kəlməsindən sonra otağın qapısını açıb içəri daxil oldum. Tanımadığım dünyaya düsmüşdüm, nə deyəcəyimi də sanki unutmuşdum. Özümü ələ alıb Elçin burda müalicə almırmı? məgər dedim. Otaqdakılar mənim təlaşımı gorüb, buyurun əyləşin indi gələr, deyərək mənə yer göstərdilər. Bu sözdən sonra özümə gəldim, mənə göstərilən yerdə əyləşdim. O,artıq sağdı düşündüm. Otaqda olan xəstələrlə söhbət eləməyə başladım. Mənim kim olduğumu, Elçini hardan tanıdığımı soruşur, hərdən də gözəl söhbətlər edirdilər. Xəstəxanadan gələn dərman qoxusu ilə bərabər, xəstələrin iztirablı baxışları dözülməz idi. Amma bəzən xəyal girdabına düşən fikirlərimi görən xəstələr, söhbətlərinə ara verərək mənim xəyal dünyamın qapısın açmaq istəmirdilər. Bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan xəbər yox idi. Onun otaq yoldaşlarına nəzər salıb belə sual etdim. Bəs Elçin bu saata qədər harda qaldı ki gəlib çıxmadı? Otaqdakılardan biri diqqətlə üzümə baxıb dedi ki, qardas bağışla, sən elə vəziyyətdə içəri daxil oldun, elə pərişan idin ki, biz sənə əsil həqiqəti deyə bilmədik. O, gedib daha yoxdur deyərək, xəstə olan şəxs birdən hönkürdü. Yenə də heç nə başa düşə bilmədim, fikirləşdim ki, bəlkə onu dincəlmək üçün evə buraxıblar, amma oğlanın ağlamağı məni qəlbən sarsıtdı. İçimdəki şübhələr, hisslər yenə məni incitməyə başladı. Sanki kimsə mənə sən artıq gecikmisən, o qatar dünən gedib, sən isə sərnişin olaraq o qatara çata bilməmisən, aldığın bilet də əlində qalıb deyirdi. Oğlana yenə sual etdim ki, yəni dediyiniz şəxs evə buraxılıb, düzmü başa düsdüm? O, isə cavabında xeyr, O artıq bu dünyada yoxdur. Hər şey aydın oldu. Sanki içimdə hər şey qırıldı və necə olub ki, Elçin ölüb deyə bildim. Oğlan isə dünən olan hadisəni danışmağa başlayaraq dedi: hər kəs bu hadisəyə mat qalıb, Elçin səhər burda olan insanlarla sağollaşıb, halallaşıb və deyib ki, mən artıq burdan gedirəm. Sonra xəstəxananın həyətinə düşüb, həyətdəki oturacaqlardan birinə oturub və xəstəxanaya baxıb, elə həmin yerdə gözlərini yumub. Həyətdəki şəxslər qışqırıblar ki, burda cavan oğlan ölür, kömək edin! Amma artıq O, ölmüşdür. Deməli dünən səhər deyərək içimdən hıçqırtı qopdu. Mən dünən gələcəkdim, hiss etmişdim ki, nə isə olub, təəsüflər olsun ki, gələ bilmədim. Lakin hisslərimə heç vaxt inanmırdım, demə hisslərim məni bura gəlməyə məcbur edirmiş. Otaqdakı şəxslər mənim halımı görüb təəsüflə dedilər: O, sizi arzulayırdı, nə isə deyəcəkdir sizə, amma bu baş tutmadı və bu müəmmalı ölüm onun cavan həyatına son qoydu. Artıq orda qala bilməzdim, onlarla sağollaşıb xəstəxananın pilləkanları ilə aşağı düsdüm və dünən Elçinin son dəfə əyləşdiyi yerə baxdım. Xəstəxananın həyətindən çıxıb, küçə boyu getməyə başladım. İndi beynimdə iki fikir dolaşırdı. Görəsən Elçin mənə ölümündən qabaq nə deyəcəkdi və Onun Yeganəsi hal-hazırda hardadır?

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru