ADDIM-ADDIM Məskənin yol olar, yoldaşın quşlar, Yürüyər səninlə “mən” addım-addım. Hər başlayan günün Onunla başlar, Xəyala dönərsən sən addım-addım. Aşıb keçər hisslər ağılın səsini, Fikir dağlarının ən zirvəsini. Bitirər həyəcan silsiləsini, Gələr hüzün, gedər şən addım-addım. Könlünü yaralar namərdin dili, Gölləri qurudar gözünün seli, Ağ küləklər yolar o ipək teli, Gətirər gözlərin çən addım-addım. Bəzən həyat dönər, yoxdan say arar… Günəş ilə Ayı Dünya ayırar… Həqiqəti bir gün bir meh duyurar, Sonra düşər saça dən addım-addım. Bütün gündüzlərin anası gecə, Ay Adilə, tutun o “mütləq güc”ə. Ağ şəhərdə yorar səni ağ küçə, Ruhundan ayrılar tən addım-addım.
GƏLƏNƏ BAXIN Siz ey Qazi ərlər, ey Şəhid ərlər, Dönüb bir arxada gülənə baxın. Doğrudan yanarmış od düşən yerlər… Ölənin ardından ölənə baxın. Şəhid anasının dərdi qat-qatdı, Qazi atasının əlləri çatdı.. Məmur boş danışıdı, hacı baş qatdı – Bu alıb-satan başbilənə baxın.
Gərək bəd xəbərdən cana pay düşə, Gərək bağrın yana, ürəyin bişə.. Üzündə saxta qəm, içində nəşə- Tribuna oynayıb gələnə baxın. Xalqım, güvənməyin bu sarsaqlara, Ağlı-düşüncəsi kor, axsaqlara, Tüpürün belənçi qurumsaqlara, Tikəsin sizinlə bölənə baxın.
BAYRAĞA BÜKÜLƏN ŞƏHİDİM GƏLİR Əsir alır sanki gecə gündüzü, Bayrağa bükülən şəhidim gəlir. Açsın qapısını yenə göy üzü, Bayrağa bükülən şəhidim gəlir. Qızlar qərənfili hörüb bağlasın, Quşlar qəmli ötsün, ürək dağlasın, Şimşəklər hönkürsün, bulud ağlasın, Bayrağa bükülən şəhidim gəlir. Yaxası gül açıb- boyanıb qana, Cənnətin yoları açılıb xana, Bir igidim sığmaz iki cahana, Bayrağa bükülən şəhidim gəlir. Uca məqamına ləyaqətiylə, Üstündə möhürlü şəfaətiylə, Alnına yazılan şəhadətiylə, Bayrağa bükülən şəhidim gəlir. Zülmət qaranlığa açılan dandı, Bir Zümrüd quşuydu, qanadı yandı. Ya Qazi, ya Şəhid! – içmişdi andı, Bayrağa bükülən şəhidim gəlir.
QAZİLƏRİ SALAMLAYIRAM Döşünə qəlpəni qızılgül kimi, Taxan Qaziləri salamlayıram. Düşmən üzərinə çoşğun sel kimi, Axan Qaziləri salamlayıram. Üz-üzə dayanıb mənfur yağıyla, Keçib imtahandan can sınağıyla, Girdiyi meydandan tək ayağıyla Çıxan Qaziləri salamlayıram. Gedib babaların şanlı iziylə, Savaşa atılıb bıçaq-nizəylə.. Gözünü itirib, könül gözüylə, Baxan Qaziləri salamlayıram. Payız gətirsə də ömürünün yazı, “Cəngi”də dil açdı qəlbinin sazı, Qoymadı zəfərə bizi tamarzı, O xan Qaziləri salamlayıram.
SƏN YUXUMA GƏLMİŞİDİN BU GECƏ (Nəğmə) Qış olsa da gəlib tapdı yay bizi, Qərq elədi öz nuruna Ay bizi. Həsrət qoymaz bu ayrılıq, tay, bizi, Ürəyimiz məskən oldu sevincə, Sən yuxuma gəlmişidin bu gecə.
Sən sevilən mən sevgindən tam dadan, Əngəl olmaz bu görüşə bir nadan. Dəstə tutub ulduzları səmadan, Sənə ənam gətirmişdim, gör, necə, Sən yuxuma gəlmişidin bu gecə.
Əlim göydə,əl açıram Aya da, O günləri mürgülərdən oyada. Kama çatdıq biz xəyalda, röyada, Kama çatdıq səhərimiz gəlincə, Sən yuxuma gəlmişidin bu gecə.
Ay İldırım, artıq, saça düşüb dən, Olmasa da ürəyində bir zədən. Nə yaxşı ki,illər sonra, təzədən, Qəlbimdəki həsrətimi bilincə, Sən yuxuma gəlmişidin bu gecə.
Ayətxan Xiyad – İsgəndərov “Ziyadar” Mükafatına layiq görülüb – N: 066 25.03.2021.
Azərbaycan Yazıçılarvə Jurnalistlər birliklərinin üzvü,yazıçı-jurnalist, tədqiqatçıAyətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edib: AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.
Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosent.
ON İKİNCİ YAZI
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.
Qısa arayış:
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.
27.06. 2017. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14.dərc olunub.
Azərbaycan Yazıçılarvə Jurnalistlər birliklərinin üzvü,yazıçı-jurnalist, tədqiqatçıAyətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb.
İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Xanım Nərgiz Musayeva Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində tədris prosesinin təşkilndə, xüsusi ilə əyani vəsaitlərlə təminatında fəal iştirak etdiyinə görə “Vintsas” Mükafatı ilə təltif olunub. Laureatı təbrik edir, yeni-yeni uöurlar arzu edirik! Uğurlarınız bol olsun, Nərgiz xanım!
Zaur Ustacın tanınmış yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və xüsusi tərtibatında “Gülüzənin şeirləri” adlı yeni kitabı işıq üzü görüb. Kitab məktəbəhazırlıq qrupları, digər məktəbəqədər uşaq müəssisələri və gənc valideyinlər üçün nəzərdə tutulmuş metodik tədris vəsaitidir. Kitabın elektron variantı var.
Salam, çox dəyərli və hörmətli oxucum. Sizinlə yeni görüşə fürsət verdiyinə görə Uca Yaradana dəfələrcə şükürlər olsun. Böyük alim, dahi söz sahibi Xudu müəllimdən sitat gətirməyim heç də təsadüfi deyil. Xudu Məmmədov ən yaxın keçmişimizdə, demək olar ki, gözümüz önündə öyrənməyin, araşdırmağın, tətbiq etməyin, təqdim etməyin, nəticə əldə etməyin, öyrətməyin, cəsarətin və bir çox başqa mühüm, bütün yetkin insanlar üçün vacib olan keyfiyyətlərin tək bir şəxsdə cəmləşdiyi çox az saylı ziyalılarımızdandır. Xudu müəllimin minlərcə qiymətli kəlamlarından niyə məhz bu iki cümləni seçdim? O, deyirdi:- “Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz” –bəli, bu birmənalı olaraq belədir. Əlbəttə, bizim dünya bizə məlum olanlardan ibarətdir. Təsəvvür edək ki, yanında iti, qolunda gözüaçıq şahini olan atlı bir çoban qayanın başında dayanıb. Atın qaşının üstündə də bir milçək oturub. Bu canlıların hamısı eyni yerdə dayanıb, eyni səmtə baxsa da hərə ancaq özünə lazım olanı və ya görə, qavraya, qəbul edə biləcəyini görür. Bu çox sadə və primitiv bir misaldır. Biz bütün digər canlıları bir kənara qoyub, yaradılmışların əşrəfi insanın üzərində, insan oğluna verilmiş ən vacib, ən gözəl nemət olan dilin, danışmağın, fikrin, düşüncənin, sözün üzərində dayanacağıq. Bəli, dünya bildiklərimizdən ibarətdir, həm də bizim dünya öz düşüncəmizin, xəyallarımızın məhsuludur. Dünyamız beynimizdə qurulur. Aydın məsələdir ki, bilmək öyrənməkdən, öyrənmək oxumaqdan, oxumaq sözlərdən, sözlərsə hərflərdən keçir… Söhbətimizə başlamazdan əvvəl onu qeyd edim ki, Azərbaycan adlı məmləkəti bizə Vətən, danışdığımız elastik, şirin, axıcı və eyni zamanda olduqca zəngin bir dili, Ana dilimiz kimi bəxş etdiyinə görə Uca Yaradana minnətdar olmalıyıq. Sahibi olduğumuz məmləkətin və dilin başı həmişə qalda olsa da, şükürlər olsun ki, bütün dövrlərdə doğru seçim etməyi bacaran, düzgün qərarlar qəbul edən cəsarətli ziyalılarımız olub. Belə şəxslərin, deyərdim ki, sözün əsl mənasında olduqca uzaqgörən, cəsarətli böyük insanların gərgin əməyi və fasiləsiz səyləri nəticəsində bu gün dilimiz aid olduğu dillər qrupunun ən zəngini, bütün parametrlərdə qabaqcılıdır. Bu mənim subyektiv fikrimdir, kimlərsə razılaşmaya bilər, necə deyərlər dünya fikir dünyası, söz dünyasıdır. Hamının fikrinə böyük hörmətlə yanaşıram. Açıqlamaya keçməzdən əvvəl kiçik bir haşiyəyə çıxıb, təxminən yüz il əvvəlki canlı dilimizi özündə əks etdirən, Salman Mümtaz kimi dahi söz bilicisinin qələmindən çıxmış bir materialı diqqətinizə çatdırmağı özümə borc bildim.
S.Mümtaz yazır: “… Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi vəbazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”. Bu kəlmələr, ifadə tərzi 1910-cu ilin iyun ayına aiddir.
Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsini professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində (№ 16) dərc edib. Əlavə olaraq bu müsahibə bəzi qeyidlərlə tam olaraq araşdırmaçı-yazar Rəşad Sahilin təqdimatında müxtəlif elektron kütləvi informasiya vasitələrində də yayımlanmışdır.
Həmin müsahibədən indi təqdim edəcəyim bəzi məqamlar və eyni zamanda yuxarıdakı qeydlərin dili, oradakı söz və ifadələr çox maraqlı olub, bugünkü söhbətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu məlum müsahibədən böyük şairimiz M.Ə. Sabirin şair və şeir haqqında dedikləri aşağıdakılardan ibarətdir:
Şair haqqında:” Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar.”
Şeir haqqında: “Şeir odur ki, mövzusu həyatdan götürülüb,özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün,üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur,onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan,ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyacan əmələ gətirə bilməz.
Bir adamı rahat oturduğu yerdə yerindən durquzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə bilməyəcəkdir.”
Bir neçə nümunə də ustad şairimiz Məhəmədhüseyn Şəhriyardan gətirmək istəyirəm. Hərçənd ki, onun şeirinin şipşirin dili hamımıza məlumdur. Ustadın “Türkün dili” şeirindən:
Türkün dilitək sevgili, istəkli dil olmaz, Ayrı dilə qatsan bu əsil dil əsil olmaz. Öz ləfzini farsa, ərəbə qatmasa şair, Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,
Şerin gərək ehsas ilə riqqətlə qanşsın, Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Yenə həmin şeirdən:
Şair ola bilməzsən, anan doğmasa şair, Missən, a balam, hər sarıköynək qızıl olmaz.
Çox da ki, Sərabın suyu var, yağ, balı vardır, Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
Bu tövlədə sarı inək doğardı, Xanım nənəm inəkləri sağardı, Ana iysi dam-divardan yağardı, Mən buzovu qucaqlardım qaşmasın, Deyərdi: – Bax, bayda dolsun daşmasın.
Bu adlarını çəkib, sözlərindən istifadə etdiyimiz şəxslərin ədəbiyyatımız, mətbuatımız, jurnalistikamız ümumiyyətlə söz yaradıcılığımız tarixində xidmətləri danılmaz, əməkləri misilsizdir. Bunlardan əlavə lap qədimlərdən, bir Ananın övladı doğulduğu gündən üzübəri günümüzədək yaradılan olduqca müxtəlif istər şifahi, istərsə də yazılı ədəbiyyatın dili, canlı dilimiz, təxminən yarım əsr əvvəl qeydə alınmış lent yazılarını dinləmək, oradakı sözləri eşitmək imkanlarımızı da üstünə gəlsək dil, söz haqqında özümüzdə müəyyən fikir formalaşdıra bilərik. Bütün bu yuxarıda qeyd etdiklərimə əsaslanaraq, bəzi düşüncələrimi sizinlə bölüşmək istərdim. Xüsusilə də hamının bir-birinə irad tutmağa, keçmişdəkilərin dəyərli heç nə yazmadığını, müasirlərin heç nə yaza bilmədiyini böyük canfəşanlıqla vurğulamağa can atdığı bir vaxtda məncə, bu məsələyə toxunmaq yerinə düşərdi. Beləliklə keçək əsas məsələyə. Əvvəlcədən onu qeyd edim ki, qaldıracağım məsələlərdə öz üzərimdən, yəni ya birbaşa ya da dolayısı ilə mənim yazdıqlarıma da aid olanlardan çıxış edib ümumi məsələyə toxunmağa çalışacam. Mən bütün yazılarımda əgər sonradan başqa bir yerdə, kiminsə süzgəcindən başqa cür çıxmırsa, “Günəş”, “Gün”, “Ay”, “Yer”, “Göy”, “Ata”, “Ana”, “Mən”, “Sən” və başqa bu qəbildən olan sözləri necə deyərlər, kiçik hərflə yazmağa əlim gəlmir və həmişə böyük hərflərlə yazıram. İstər şeirlər olsun, istərsə də başqa növ yazılar hamısı musiqi, rəngkarlıq, boyakarlıq, heykəltaraşlıq və digər tətbiqi sənət əsərləri kimi yaradıclıq məhsullarıdır. Yaradıcılığın isə heç bir sahəsində xəyalında olanı hər hansı bir şablona uyğunlaşdırmaq olmaz. Əgər bu uyğunlaşma yolu seçilirsə mütləq yarımçıq bir məhsul ortaya çıxır. Odur ki, əgər, kimsə dərslik və ya əlavə dərs vəsaiti yazırsa bəlkə də onun hal-hazırda qüvvədə olan qramatik qaydalara – demək olar ki, hər gün gözümüzün önündə dəyişməsinə baxmayaraq – əməl etməsi vacibdir. Ancaq, digər növ yazıların xüsusilə də bədii ədəbiyyatın hər gün təyin olunan yeni bir qaydaya uyğunlaşdırılması ən azı ədalətsizlik olardı. Çünki, bədii ədaəbiyyat şablonlardan uzaq, yaradıcı şəxsin öz hiss və emosiyalarını ora qatdığı və bunu hiss etdiyi kimi çatdırmağa çalışdığı zaman istifadə etdiyi bütün yol və vasitələr məqbul sayılmalıdır. Dil canlı olduğu üçün o, daim inkişafdadır və zənginləşir. Bu lap, əvvəldə qeyd etdiyim misallardan da aydın görünür. Mən indi, yəni son beş –on ildə dilimizə daxil olan informasiya və texnologiya ilə bağlı yeni sözləri bir kənara qoyub, artıq əsrlərdir dilimizdə işlənən bəzi sözlərdən misal gətirmək istəyirəm. İlk əvvəl qeyd etmək istəyirəm ki, dilimizin günümüzədək belə axıcı, şirin, zəngin gəlib çxmasına görə uzun müddət Ərəb əlifbası əsasında mövcud olmuş Əski əlifbamıza və sonralar istər ilk dəfə Latın qrafikalı əlifbaya, istərsə də Krilə keçəndə dilimizə məxsus spesfik hərflərin xüsusilə [Ə] səsinə uyğun “Ə” hərfinin ayrıca işarə kimi qəbul edilib saxlanmasına çox borcluyuq. Düşünürəm ki, dilimizdə “Ə” və “Y” hərflərinin xüsusi yeri var. Hətta, müasir mahnı ifaçılığı, xanəndəlik sənətində bizim sənətkarların öz digər həmkarlarından olduqca mütəhərrik səsilə, xüsusi boğazlar və uzun zəngulələrilə seçilməsində də bioloji faktorlarla yanaşı, [Ə] səsinə uyğun “Ə” hərfinin özünəməxsus rolu olduğunu böyük əminliklə söyləmək olar. Uzun müddət müxtəlif qramatik qaydalar mövcud olmasına baxmayaraq günümüzdə də “Y”-nın hansı sözlərdə qoşa, harda tək yazılması məsələsi açıq olaraq qalır. “Y” ilə bağlı bir-iki misal çəkəndən sonra, “Ə”-yə aid öz başıma gələn, iştirakçısı olduğum maraqlı bir əhvalat danışacam. Deməli belə məsələn, götürək “tövsiyə” sözünü hal-hazırda mövcud olan qramatik qaydalara uyğun olaraq yuxarıda göstərildiyi şəkildə bir “y” ilə yazılmalıdır. Olsun. İndi bu sözün kökünə baxaq “tövsiyə” Ərəb mənşəli “tovsiyə” sözündəndir. Göründüyü kimi kökdə də bir “y” ilə yazılıb. Ancaq burada iki fərqli məqam var. Birinci “tovsiyə” Ərəb hərflı sözdə “iy” ardıcıl gələn bu iki hərf eyni işarə ilə yazılır. İkinci isə orada “ö” deyil, “o” olduğuna görə biz dilimizə uyğun “ö” yazıb, [ö] tələffüz etdikdə müəyyən məqamlarda [ö] daha incə, yumşaq səs olduğuna görə sanki bir “y” azlıq edir. Məncə, qərar verəndə bu iki səbəb nəzərə alınmalıdır. Konkret olaraq, “tövsiyyə edirəm”, “tövsiyyə olunur”, “tövsiyyə məktubu”, “tövsiyyə”, kimi hallarda zənnimcə qoşa “y” yazlması daha məqsədə uyğun olardı. Hal-hazırda istər ənənəvi, istərsə də elektron formalı mediada hər iki qaydadan geniş istifadə olunur. İkinci bir söz “mütaliə” . Bu söz də Ərəb mənşəlidir. Mövcud qaydalara görə “mütaliə” formasında “y”-sız yazılmalıdır. Ancaq bu nə dərəcədə uyğundur bu maraqlı sualdır. Çünki, “mütaliə” və “ailə” sözlərinə ayrı-ayrılıqda baxdıqda, “ailə” –sözünün nisbətən “y”-sız yazılması qanunauyğun görünsə də, bu fikri “mütaliə” sözünə heç cür aid etmək olmur. Hərçənd ki, “mütaliə”, “ailə” bu sözlərin ikisi də “y” ilə yazılsa daha yaxşı olar. Mən adətən “mütaliə”-ni “mütaliyə”- kimi yazıram. Daha bir söz, “seyid”- bu söz də Ərəb mənşəlidir. İlkin variantında, yəni kökdə – Ərəb dilində, “seyyid” – dilin öz qrafikasına uyğun olaraq təşdidli “y”-ilə qoşa yazılır. Ancaq, qaydalara uyğun olaraq dilimizdə “seyid” şəklində bir “y”-ilə yazılır. Bu sözü mən hələlik iki dəfə işlətmişəm. Birinci dəfə Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş “Oriyentir Ulduzu ” povestində, xüsusi isim kimi qəhrəmanın adı olaraq “Seyid” formasında bir “y”-ilə. Bəlkə də burada ad olduğuna görə sözün bir “y”-ilə olması ya hiss olunmur, ya da başqa bir səbəbdən heç bir çatışmamazlıq hiss olunmur. Ancaq, ikinci dəfə çox sonralar, yəni bu son vaxtlarda bir şeirdə dahi Nəsimiyə xitabən “ya Seyyid Əli” dedikdə bir “y” heç yerinə düşmür. Adı çəkilən şeir indiyə qədər hələ çap olunayıb. Yəqin ki, bu kitabda ilk dəfə gedəcək. İki “y”-ilə. İndi sual oluna bilər, bir “y”-ilə getsə olmaz??? Sizi inandırıram ki, “y”-nın birin silən kimi elə bil, şeirin bütün ruhu ölür… Belə-belə işlər dəyərli oxucum, deyəsən sizi çox yordum. Ancaq inanın ki, çox xırda görünən bu məsələlər bəzən böyük problemlərə yol açır. Bunları yazmaqla ən azı düşüncələrimi sizinlə bölüşdüm, əslində çox yüngüllük, könül rahatlığı tapdım. İndi gələk əlifbaızın incisi, çox qiymətli hərfimiz “Ə”-nin əhvalatına. Əhvalata keçməzdən əvvəl onu qeyd edim ki, Biz Qarabağlıların “Ə”-yə xüsusi hüsni-rəğbəti var. Məsələn, “əynə dur, ə”, “əyağımı əzdin, ə” və s. Bir də “j”- ya. Ancaq, “j” lokal xarakterli olduğuna görə onun üzərində dayanmırıq. Deməli, bu hərflər, sözlər bir ara məni o qədər məşğul etmişdi ki, Türk dili kursuna yazıldım və Türkyə Respublikasından gələn qardaşlarımızla canlı söhbətlər zamanı yaranan bir çox suallara peşəkar Türk dili hocalarının iştirakı və köməkliyi ilə cavab tapmağa çalışdım. Onu qeyd edim ki, çox az fərqlə “yorum” da daxil olmaqla qramatik qaydalarımız həmən-həmən eynidir. Orda da bu “Ə” hərfinə görə xeyli faydalı mübahisələrimiz olurdu. Məsələ ondadır ki, onlar Ərəb qrafikalı hərfdən, Latına keçəndə [Ə] səsinə uyğun ayrıca işarə nəzərdə tutmadıqlarına görə hal-hazırda tarix üçün çox az vaxt keçməsinə rəğmən böyük dəyişikliklər baş verib ki, bu səbəbdən bəzi fərqlər yaranıb. İş o yerə çatıb ki, hətta bu işlə məşğul olan pedaqoqlar belə çox hallarda [Ə] səsi gündəlik danışıqlarında kifayət qədər çox işləndiyi halda yazıda faktiki olaraq inkar edirlər. Belə mübahisələrin birində müəllim ümumiyyətlə “Ə”-nin olmadığını iddia etdi. Onda mən sual etdim ki, hocam bəs əlifba dəyişməzdən əvvəl biz və eyni zamanda siz hansı əlifbadan istifadə edirdik? Əlbəttə, müəllim heç düşünmədən cavab verdi ki, uzun illər böyük bir coğrafiyada Ərəb əlifbası hökmran olub və biz də ondan istifadə etmişik. Bu cavabı gözləyirmiş kimi, müəllimin heç gözləmədiyi halada lövhəyə çıxıb uzun illər [Ə] səsini bizim üçün qoruyub saxlamış Ərəb əlifbasından “əyn” hərfini yazdım və bir az da diskusiya etdik. Müəllim də razılaşdı ki, onlarda da dəyişiklik zamanı bu işarənin uğurlu əvəzedicisi tapılsaydı daha yaxşı olardı və indi ki kimi [Ə] ilə səslənən sözləri “A” və ya “E” ilə yazmaq məcburiyyətində qalmazdılar. İndi müasir dövrümüzdə bu məsələ xüsusilə aktual olaraq qalır. Müxtəlif təkliflər səslənir, texnologiya səbəb gətrilərək dəyişikliklərin, bəzi hərflərdən imtinanın vaxtı çatdığı sübut olunmağa çalışılır. Hal-hazırda Türk dünyasının ortaq əlifba, dil məsələsi gündəmdə qalmaqda davam edir. Bu məsələ uzun müddət davam etməsinə baxmayaraq, təbii olaraq ortaq məxrəcə gəlmək mümkün olmur, çünki hamının bizim “Ə”, “Ğ”, “G”, “Ç” kimi öz vazkeçilməzi var. O yaxşıdır ki, bu məsələ üzərində iş gedir. İstər yaşlı nəslə mənsub alimlərimiz, istərsə də gənc nəslin nümayəndələri çalışır, araşdırır öz fikirlərini ortaya qoyurlar. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Cəmilə Babayevanın “TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYLARINDA DİL MƏSƏLƏLƏRİ” adlı monoqrafiyası ilə tanış olmaq mənə nəsib oldu. Çox aktual mövzuda olduqca dəyərli bir yazıdır. Müəllif konkret olaraq problemlərin həlli yollarını göstərməsə də vacib məsələlər qaldırır, mövcud real vəziyyəti açıb göstərir. İstər bu tip yazılarda, istər gündəlik müzakirələrdə, televizya-radio verlişlərində, mətbuatda, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş sosial şəbəkələrdə ortaq dil, əlifba məsələsi həmişə gündəmdədir. Ancaq bu elə incə bir məsələdir ki, tələsmədən hamının maraqlarına xidmət edən yetkin qərar qəbul olunmalıdır. Elə etmək lazımdır ki, necə deyərlər, – “nə şiş yansın, nə kabab”. Bir daha qeyd edirəm ki, bu gün mövcud olan hər hansı (əlbəttə, tarix üçün bu olduqca qısa və keçici bir səbəbdir) səbəb üzündən min illər boyu əcdadlarımızdan miras qalmış, müxtəlif qrafikalı əlifbalar qəlibinə düşsə də özünəməxsusluğunu qoruyub saxlamış səs və hərflərimizi güzəştə getməməli, qoruyub gələcək nəsillərə ötürməliyik. Xüsusilə ORFOQRAFİYA, ORFOEPİYA, QRAMMATİKA LÜĞƏTLƏRİ, DƏRSLİKLƏR VƏ ƏLAVƏ DƏRS VƏSAİTLƏRİ hazırlayan şəxslərə üzümü tutub deyirəm ki, yazılış qaydalarını mümkün qədər tələffüzə uyğun şəkildə tərtib etsək daha yaxşı olar. Bu yazıb – oxumağı yeni öyrənən uşaqlarla yanaşı dilimizi öyrənmək istəyən əcnəbilər üçün də rahatlıq gətirər. Bir məsələ var ki, ona da toxunmağı vacib bildim. Mənim də xüsusilə şeirlərdə ara-sıra işlətdiyim “tüm”, “qut” və “həp” sözləri bəzən müzakirə mövzusu olur. Yəqin ki, bu kəlməni nə vaxtsa çoxumuz eşitmişik; – “bir loxma ye ürəyində qut olsun”. Əgər, bu sözləri bizdən əvvəlkilər işlədiblərsə, indi də yeri gəldikdə işlənən zaman anlaşılırsa nəyə görə bu sözləri işlətməyək? Məncə bu sözlər yəqin birhecalı və daha yığcam olduğuna görə çəkici gəlir. Bir də əgər dilimizin müxtəlif təbəqə və qatlarında işlənirsə ədəbiyyatda da öz əksini tapmalıdır. Əziz və çox dəyərli oxucum, şeirlər toplusu olan bir kitabın giriş sözündə sizi bu qədər yormaq istəməzdim. Ancaq nə etəmk olar? Qısa bir-iki kəlmə söz demək istəyirdim, fəqət söhbət uzandıqca, uzandı. Bu yazının sonunda onu qeyd etmək istəyirəm ki, bütün qaydalar keçici və dəyişkəndir. Həm də belə bir söz var; – “qaydalar elə onları pozmaq üçündür”. Odur ki, cəsarətli olun, mənim çox hörmətli müəllimlərindən biri olan Loğman müəllim demişkən, əndazəni gözləmək şərti ilə qaydaları pozun. Nəyin düz, nəyin səhv olduğunu zaman göstərəcək. Əslində başqa cür mümkün də deyil. Həyatımız şablonlardan ibarət olsa, onda yeni heç nə yaranmaz. Yaradıcılıq bəs nə deməkdir? Bir işin adı yaratmaq ola, orda mütləq cəsarətli olub, ən azı fikirləri bölüşmək lazımdır. Mənimlə həmfikir və ya müxalif olmağınızdan asılı olmayaraq, hal-hazırda bu sətirləri oxuduğunuza görə sizə sonsuz təşəkkürlərimi bildirir, gündəlik fəaliyyətinizdə uğurlarınızın daha da bol olmasını arzu edirəm!!!
02. 02. 2017. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə müəllifin “ÇƏHRAYI KİTAB” adlı kitabında ÖN SÖZ kimi istifadə olunub.
Gecələr iki beşiyin arasında oxuyuram sübhə kimi… Oxuduqlarım ürəyimə yerləşməyəndə də yazıram ki, bir az ürəyim boşala… Alimin səsi yorğun ruhumu oxşayır sanki: “Sənə qurban olum, Təbrizin yolu…” Daşına da qurban olun, yoluna da, yolağasına da Təbrizin… Neçə gündü, Alimi dinlədikcə o səs beynimə belə gedib çatır: Sənə qurban olum Ağdamın yolu…
Yoluna qurban olum, qurumuş koluna qurban olum, qırılmış qoluna olum, bükülmüş belinə qurban olum, Ağdam…
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün
Son nəfərəcən şəhid oldun…
Ağam şəhərim…
Adam şəhərim…
Ağdam şəhərim…
Həmən o boranlı gecədə Xocalıdan qarın içiylə ayağıyalın gələnlərə Ağdamın Şelli kəndinin qadınları öz əyinlərindəki isti paltarı, hətta ayaqlarındakı corabı belə geyindiriblərmiş…
Ağdam belə Ağdam imiş… Ümid qapısı imiş, qızırğanmaq yeri imiş…
Yeddi gündü ki, Ağdama gedən qələm əhlinin yazdıqlarını (daha doğrusu, yaza bildiklərini…) oxuyuram… Elə həsrətlər var ki, onu yazmağa nə qələmin gücü yetir, nə də mürəkkəbin qeyrəti…
Düz yeddi gündü oxuyuram… Hələ oxuduqlarımı həzm edə bilmirəm, birdən ürəyim dağa dönür, sevincdən göz yaşıma bələnib “külünə də… qayıdış gününə də şükür” edə-edə lap Göyün yeddinci qatına qanad açıram, birdən də yumağa dönüb Yerin təkinə enirəm…
Səadət Məmmədovanın reportajını dinləyirəm, amma baxmağa gücüm çatmır, bəlkə də ürəyim gəlmir… Xəyalən gedib dolaşıram o müqəddəs yerləri… Laləli çəmənlər, təbiətin min çalarına bələnən kəpənəklərin arxasınca qaçdığım gəlir gözümə… Səadətin səsi məni xəyaldan ayırır: “Bələdçilər boş bir ərazini göstərdilər ki, I Qarabağ müharibəsi vaxtı burada mindən çox şəhid basdırılmışdı… Basdırılmışdı… Hanı bəs? Nə məzar var, nə kalafası, nə izi, nə nişanəsi. Düşməni erməni olanın məzarı salamat qalar?!
İlk təəssüratın acısı ilə avtobusa minib büzüşürəm… Rey Kərimoğlu bütün avtobusun eşidəcəyi səslə şərh verir:
– Bax, ay Səadət, görürsən, bura Uzundərədir. Qulu yazıb eeey… Bax həmin Uzundərə… Qulu Ağsəs Ağdam işğaldan azad ediləndə yazmışdı ki, Bir “Uzundərə” havası çal, çıx Bərdə yoluna – Uzundərəynən gəlirik!
Bax bura həmin uzun dərədir, dərdi də, sinəsindəki dağı da özü kimi uzun dərə… Sənə etibar edib qoynunda şəhid basdıralar… Göreşənlər o qəbirləri sinəndən qoparıb ala… Ananın balasını sinəsindən dartıb alsan, nə hiss edərsə, Uzundərə də eynisini hiss edir…”
Bayaqdan xəyal qururdum axı… Xoşbəxtliyim elə arxasınca qaçdığım kəpənəyin ömrü qədər olur… Qorxa-qorxa Səadətin səsi gələn kadra tərəf boylanıram… Adamın təkcə ürəyi yox, dünyası dağılır…
Dünənə qədər Qulu Ağsəsin bu şeirini oxuyanda qulağıma biixtiyar “Uzundərə” sədası gəlirdi, içim yola çıxan adam kimi həyəcanla dolurdu… Ağdam mədəniyyətin beşiyi idi. Bu gün isə dünyanın ən böyük mədəniyyətsizliyinin caynağı keçib boğazına… Amma yenə də hər şeyə rəğmən şükür külünə… Şükür qayıdış gününə…
Allah adama düşmənin də mərdini qismət eləsin. Ağdama gedib yurd yerlərini ziyarət edənlərin içindəki əzab ilə gedə bilməyənlərin içindəki gerçəklə üzləşmək qorxusu eyni böyüklükdə ağrıdı, ağrılıdı… Və oxuduqlarının sadəcə bədii mətn olmadığını, gözünün qavradığının Vahid Qazinin “Ruhlar şəhəri” kitabı yox, Ruhu talan olunmuş şəhərin xarabalıqları olduğunu dərk eləməsi adamın ruhunu ağrıdır…
Əzəmət şəhəridir Ağdam… Xarabalığından da əsalət yağan, əsarətin belə əzəmətinə toz qondura bilmədiyi şəhərdir Ağdam…
Qoynunda böyütdüyü oğullar kimi “son nəfəsəcən döyüşən şəhərdi” Ağdam…
Ağdam Fred Asifdir, Allahverdi Bağırovdur, Şirin Mirzəyevdir…
Ağdam Qədir Rüstəmovdu, Rafiq Hüseynovdu (Rəmişdi), Arif Babayevdi…
Ədilə Namazova ləyaqətdə əlləri şəfalı nur parçası, kişi qeyrətdə qadın yetirən torpaqdı Ağdam…
Elton Quliyev böyüklükdə Vicdan, təkcə varlığıyla deyil, yoxluğuyla da qalib olmağı bacaran, həqiqəti savunan savcını ərsəyə gətirən, həqiqət göyərdən torpaqdı Ağdam…
Ağdam Aqil Abbasdı, Rəşad Məciddi, Qulu Ağsəsdi, Vahid Qazidi…
Torpağı da, torpağında göyərən toxumları – adamları da məlhəm kimidi…
Ağ alınlı qızılı atların…, ağ alınla örnək ömür yaşamış insanların vətənidi…
Aqil Abbasın dağların qarı kimi ağappaq saçlarındakı kədərin rəngidi. “Biz qayıdacağıq” deyən dünyagörmüş bir müdrikin gözlərindəki ümiddi, inamdı Ağdam…
Vahid Qazinin qəhrəmanları yanıb külə dönən kitablarıdı, viran qalan kitab rəfidir Ağdam…
28 yaşlı yetirməsi qəzet yazanda balasının bu böyüklükdə addımından qürurlanıb dünyaya sığmayan və 28 ildi, o övladının addım səslərinə, ayaq izlərinə həsrət qalan yurd yeridir Ağdam… Həmişə gülən çöhrəsiylə nisgilini, həsrətini gözlərinin dibində gizləyən, ruhundakı kədərlə heç kəsi ağrıtmağa qıymayan, Ağdamın belə görkəminə… gedib o dünyanı görüb gələn… getməyə ürəyi gəlməyən, xatirələrinin zədələnməyinə qıymayan Rəşad Məciddi Ağdam… Rəşadın “Dəlicəsinə” bağlılığıdı, “qələmsiz yazısı”dı… (bu böyüklükdə ağrı, sevgi, hicran qələmlə yazıla bilməz axı, heç vədə yazıla bilməz, buna mürəkkəbin hünəri yetməz… ürəyin qanı ilə yazılır belə yazılar…)
Ağdamdan ötrü üşüyəndə özünü yandıran, sonra külünə şükür eləyən Qulu Ağsəsdi Ağdam… Viran qalmış el-obasını qurddan, sudan, ağacdan xəbər alan Qazan xan təkin yurdunun əhvalını Rza Diqqətinin fotolarından soruşan şairin içindəki bir kitablıq “nöqtələr”dir Ağdam…
Səadətin ömrünün laləli baharı, səadət dolu illəri, atasının vətən olduğu gün gedib Qarağacıda tapmadığı ata məzarı, çiliklənən xatirələridir Ağdam…
Mirhacib Məcidin 34 il sonra qarış-qarış axtardığı uşaqlığının izləridir Ağdam…
Mərmi yağışı altında yuvasından ayrılan Vüsalə Məmmədovanın məsumiyyətinə yağı nəfəsi toxunmağa qıymadığı, Vətən boyda köksünə sıxıb gətirdiyi gəlinciyinin üzündəki çocuqsu təbəssümdür Ağdam… Uşaq bənizini andıran çöhrəsindən ruhu görünən Vüsalənin ürəyinin içindəki diş ağrısı kimi göynərtidi Ağdam…
İndi adamın bütün varlığını köz kimi dağlayan tazə gəlin kimi bəzəkli şəhərin qalaq-qalaq daşa dönməyidi…
Amma başında nə tufanlar qopsa da, Ağdamın ruhu yaşayır… Ağdam sağdı…dipdiridi… Çox dirilərin “canlı ölü” kimi süründüyü bir dünyada Ağdam ayaqüstədi, heç vaxt dizini yerə qoymayıb, heç vədə çökməyib… Onu çökməyə qoymayan, dizinə təpər olan, kürəyini, ürəyini Ondan ötrü sütun eləyən qoynunda böyütdüyü balalarıdı, onların sevgisidi… sözüdü… yaşadıblar Ağdamı…
Bir ovuc torpağını, bir soyuq daşını, behişt meyvəsi kimi əl boyda narını yerə, göyə, asimana sığdırmayan Vüsalənin, ata torpağına bahar nəfəsi dəysin deyə səməni aparan Səadətin, gəzə bilmədiyi torpaqda ayaq izlərini axtaran Mirhacibin, misra-misra, kəlmə-kəlmə, hərf-hərf Ağdamı yaşayan, Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Qulu Ağsəsin bir gün qayıtmaq ümidli gözündə, sözündə yaşayıb Ağdam… Bu böyüklükdə sevginin qabağında ölməkmi olar?!
Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına… Şükür bu günə…
***
Ağdam azad olan gün Qədirin anadan olan günü idi… 20 noyabr 2020-ci il… Rəşad Məcid demiş:
Günlərdən adi bir gün idi…
Sonra tarixə çevrildi…
Üstü torpaqlanmış köhnə duyğular
Yenidən dirildi…
Yazdığın yazıya, qələminə, xəttinə qurban olum, İlahi… Azadlığına şükür Ağdam… Qədir 20 noyabrda Əbədiyyətdə yenidən doğuldu, Tanrı qatında ən uca məqama qalxdı…
Ordumuz Ağdama girəndə sevincimdən ağladım… Ürəyimdən çox adamlar keçdi, Gözün aydın! – deyəm, amma göz yaşım aman vermədi. Həmin günü ən böyük sözü, təbriki göz yaşları dilə gətirdi…
Mətbəxə keçdim… Yenicə un ələməyə başlamışdım ki, yoldaşım gəldi. Bunu bişirim, apararsan… sözümü axıra çatdıra bilmədim… Ağladım…
Sən şirinliyini hazırla, – dedi. Hara desən, apararam.
Hara göndərim?! düşündüm öz-özümə. Ürəyimdən neçə adam keçdi, “525-ci qəzet”in redaksiyasınamı,“Ulduz”a, “Ədalət”ə, ya Yazıçılar Birliyinə, bəlkə İctimai televiziyaya. Bütün Bakı gözümdə böyüyüb Ağdama döndü…
Bir də gördüm darvaza açılıb, qızım özü boyda on-on iki uşaq gətirib həyətimizə “Gəlin, gəlin çoçuqlar, anam Azərbaycan tortu bişirib (o, bayrağa Azərbaycan deyir) indi şam yandırar, süsləyərik tortumuzu”. Məsələ aydın idi. Balaca öz dostlarını tort qonaqlığına dəvət eləmişdi.
Həmin gün Ağdamın azadlığından bütün həyətimizdəki balalara pay düşdü… Uşaqlı-böyüklü hamının ağzı dada gəlmişdi. Mən bişirəcəyim tortu göndərməyə ünvan fikirləşənəcən qızım özü boyda qonaqlarını başına yığıb qeyd eləmişdi Ağdamın azadlığını. Bu, bəlkə də, Ağdamdan ötrü düzənlənən ilk məclis idi…
İndi gecənin bu aləmində o körpə beşikdən boylanıb “Ana niyə ağlayırsan?” – soruşur məndən. Yenicə yuxuya getmişdi, oyanıb ağladığımı görüb, silsilə suallar gəlməmiş telefonu və noutbuku gizlətmək lazımdı,- deyə düşünürəm. Bir az da diqqətlə baxışlarını üzümə zilləyir: Ana, gəlim qucağına, birlikdə baxaq…
Ona necə göstərə bilərəm xarabalığa dönmüş məmləkəti…
Telefona baxmaq bizim gözlərimizə ziyandır, balam! – deyib ovutmağa çalışıram…
Gözlərimizi yumub baxarıq, Ana…
3 yaşında uşaq mənə öyrədir Ağdama necə baxmaq lazım olduğunu… Gözlərimizi yumub baxaq…
Bəs onda ürəyimin gördüyü ağrılar?! Gözlərimi yumsam, onlar da keçərmi görəsən?!
***
Bir şeyi sonuna yetirməmiş sakitləşməyəcəyini bilirəm, öncə şəkillərə baxarıq, sonra nələrsə uydurub danışaram, – deyə düşünürəm öz-özümə…
Elə ilk reaksiyası ilə mat qoyur məni… Tanıyıram buranı, Ana… Muttilimdə görmüşdüm. (O, televizorda gördüyü hər şeyi mutfilm zənn edir, televizora muttilim deyir) Sonra atam danışdı mənə o yerin nağılını… Oralar bizim evlərimiz olub. Atam orda dünyaya gəlib. Necə ki, biz atamla gedib parkın yanındakı yerdən Nərgizi alıb evimizə gətirmişdik, ulu babagil də atamı orda bir parkın yanındakı yerdən alıb evlərinə gətiriblərmiş.(Dediyi həmin yer Mirhacibin axtardığı ünvandır…) İndi bax deprem kimi dağılıb oralar. Pis yaratıqlar dağıdıblar. Bizim əsgərlərimiz o pis yaratıqlarla savaşdılar, qalib gəldilər. Pis yaratıqlar öldülər, pisliyə dönüşdülər. Amma bizim əsgərlərimiz şəhid oldular.
Atam məni ora aparacaq, o dağılan daşları üst-üstə qoyub plastilinimlə yapışdıracam, ev yapacam, çiçək əkəcəm, yaşıl vedrəmi, sarı su çiləyimi də aparmalıyam çiçəkləri suvarmaq üçün mənə lazım olacaq. Qırmızı atımı aparmayacam, o cansızdı, orda mənim canlı atım olacaq…
… Ona qulaq asdıqca Qurd kimi ulamaq istəyirəm… düşünürəm ki, biz heç vaxt nəyisə dağıda bilmərik… Bizim üç yaşlı körpəmiz pis yaratıqların dağıtdığı daşları üst-üstə yığıb plastinlə birləşdirib ev qurmaq, çiçək əkmək arzulayır. Biz məktəbmi yandıra bilərik? Təndirmi dağıda bilərik?! Evmi yıxa bilərik?! Bacarmarıq, min il bundan sonra da bacarmarıq, bacara bilmərik. Dağıdıcı ruh bizim bünyəmizdə yoxdu çünki.
Uşağın danışdığı “Ağdamın nağılı”na ağlayıram. Bapbalaca ovuclarının içi ilə gözlərimi silir, öz aləmində məni ovutmağa çalışır: İndi gəl başını burama qoy, (köksünü göstərir) gözlərini yum. Yat ki, tez böyüyəsən, Ana. Səni Ağdama aparacağam!…