Əminəm ki, cavab vermək istəyən çoxdur. Üstəlik “niyə də sevilməsin?” deyə sual da verəcəksiniz. Elə isə çoxunun əvəzindən özüm cavab verim: saflığı geniş ürəyi olan, təmənnasız adam sevilməzmi? Bir dəfə təklif etmişdim ki, ona “Gənclərin dostu” titulu verilsin. Sonra düşündüm ki, bu çox az olar Vaqif müəllim bütövlükdə insanların dostudur. Onun ədəbiyyat bilgisinə, bədii təxəyyülünə, geniş mütaliəsinə bələd olanlar onu məni kimi filoloq zənn edirlər, əslində isə coğrafiya elminin adamıdır. Elm sahələrinin adamlarını təsnifləşdirəsi olsaq, mübahisəmiz incikliklə yekunlaşar.
Coğrafiyaşünaslar onu ədəbiyyata verməzlər, ədəbiyyatçılar da Vaqif Osmanovu hər vəchlə öz sahələrinə çəkərlər. Vaqif müəllim ona görə sevilir ki, ədəbiyyata “qazancım nə olacaq?” fikri ilə xidmət etmir. Onun insanlara yaxşılıq etmək kimi missiyası var. Mətnin dəyərini hər şeydən vacib sayır. Yazılanı oxuyacaq, yaxşıdırsa, mütləq fikirlərini qələmə alacaq. Çoxu istəyir ki, yazdıqlarını Vaqif Osmanov təhlil etsin. Çünki sözbəsöz, cümləbəcümlə oxuyur, hər bir ifadəyə münasibət bildirir. Mətnə yazıçının özündən də çox bələd olur. O, həm yazıçının ötürmək istədiklərini olduğu kimi duyur, həm də maraqlı interpretasiyalarla çıxış edir. Adam öz yazdıqlarını Vaqif Osmanovun qələmində təzədən sevir. O qədər gözəl təhlil edir ki, az qalırsan təzədən onun təhlil etdiyi kimi yazasan.
Vaqif Osmanov nəzərə almır müəllifin vəzifəsi var ya yox, onunçün müəllifin tanınmış olub-olmaması da maraqlı deyil. Yaxşı mətni təbliğ edir, gözləmir kimsə ona yaltaqlansın, o da əvəzində onun yazdığını oxuyub təhlil etsin. Vaqif müəllim paxıl da deyil ki, kiminsə yaxşı yazısını görməzdən gələ. Şöhrətpərəstlikdən uzaq olduğu üçün yalnız məmur yazıçıların yazdıqları haqqında yazmır. Fikrimcə, bu dövrdə ədəbiyyata təmənnasız xidmət edən ən saf adam Vaqif Osmanovdur.
Ədəbi paxıllıqdan, xəsislikdən uzaq, sözə dəyər verən Vaqif Osmanov tənqidçi deyil ee, yaxşı mətnlərin ədəbi mühafizəçisidir. Onun yaradıcılıq fondunda xeyli müəllifin əsərləri var ki, öz yazıları qədər onların da “üstündə əsir” Bu kiçik yazı onun nə qədər dəyərli insan olduğunu ifadə edə bilməz. Vaqif Osmanovun kim olduğunu yazdıqları aydınca göstərir. Bütün gənc yazarlar (gənc olmayanlar da) bilirlər ki, o hər tənqidçi ilə müqayisə edilə bilməz. Vaqif Osmanov Vaqif Osmanovdur… “o biri “V”lardan deyil”. (Salam Qədirzadənin təbirincə)
“Yazarlar” cameəsi adından dəyərli həmkarımızı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Bu gün Ağababa İsgəndərovun 100 illik yubileyidir. 1926-cı il təvəllüdlü Daşkənddən 18 nəfər 1944-cü ildə müharibəyə bərabər gedib. Onlardan 2-si döyüşdə həlak olmuş, 16-sı Daşkəndə veteran kimi qayıdıb. 18 nəfərdən qalan bircə Ağababa kişidir. O həm də kəndimizin ən uzunömürlü şəxsidir. Ona Allahdan cansağlığı arzulayıram. Tanrı nə ömür veribsə sağlam yaşasın. Yubileyin mübarək olsun, Ağababa kişi.
Parlaq zəkalı, dərin ağıllı, məqsədyönlü və zəhmətkeş insandır. Fəaliyyətdə olanda özünü hamıdan xoşbəxt hesab edir. Hər hansı bir iş haqqında azacıq fikirləşən kimi, dərhal ona girişir. Çox qabiliyyətlidir və səliqə-səmanı gözləyir. Onun qəlbi ruh coşqunluğu ilə doludur. Bəzən onu təəccübləndirir ki, niyə başqaları onun qavradığı kimi qavramağı bacarmırlar. O, həyatı varlığı ilə dərindən hiss edir və məhz buna görə də həmişə ayaq üstə qalmağı və daima nəiləsə məşğul olmağı xoşlayır. Onun kifayət qədər həyat enerjisi var, odur ki, kiçik problemləri tez dəf edir. Başqa sözlə, çətinliklər yarananda o, cani-dildən hərəkət etməyə səy göstərir və məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir…
Müsahibələrinin birində deyir ki:- “Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğum ədəbiyyatşünaslıq və ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünür. Ancaq nəzərə alanda ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub. Sözsüz ki, Firidun bəy Köçərli, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, Həmid Araslı, Əli Sultanlı, Abbas Zamanov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi alimlər bu sahədə fundamental tədqiqatlar aparıblar. Yəni bu işin mahiyyətində həm də maarifçilik var. Təsadüfi deyil ki, bolşeviklərin işğal zamanı ilk güllələdiyi şəxslərdən biri Firidun bəy Köçərli olub. Bir çox ədəbiyyatşünaslar- Əli Nazim, Əmin Abid, Salman Mümtaz, Bəkir Çobanzadə və başqaları repressiya olunublar. Mən də onların bu müqəddəs yolunu davam etdirərək xalqa xidmət yolunu seçmişəm…”
Ədəbiyyatçılar arasında onu yaxşı tanıyırlar. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixinə həsr edilən xeyli fundamental elmi araşdırmaların, o cümlədən bakalavr və magistrlər üçün nəzərdə tutulan 3 cilidlik dərsliyin müəllifidir…
Söhbət Bədirxan Balaca oğlu Əhmədovdan gedir. O, 20 aprel 1955-ci ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində dünyaya gəlib. 1973-cü ildə orta məktəbi bitirərək indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinə daxil olub və oranı 1977-ci ildə oranı başa vurub. 1977-1982-ci illərdə Sabirabad rayonunun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya qəbul olunub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1990-ci ildən “Vətən səsi”, “Cümhuriyyət”, “Azərbaycan ordusu” qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Silahlı Qüvvələrdən ehtiyata çıxandan sonra, 1999-cu ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Aparıcı elmi işçi, baş elmi işçi, elmi katib vəzifələrində işləyib. 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2011-ci ildə isə professor elmi adına layiq görülüb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinə rəhbərlik edir…
“Deyim ki, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Kars Kafkas Universiteti və Xəzər Universitetində otuz ilə yaxın mühazirələr oxumuşam. Gördüyüm bu olub ki, müstəqillik dövründə proqramların, metodik vəsaitlərin, dərsliklərin və dərs vəsaitlərinin nəşri, demək olar, yaddan çıxıb. Bu isə tələbə və magistrantların əvvəlki ideoloji prinsiplərlə yazılmış vəsaitlərdən istifadə etməsinə şərait yaradır. Ya da internet, vikipediya məlumatlarından istifadə etməklə kifayətlənirlər ki, bu da təhsil sistemimizə böyük bir zərbədir. Bunu hiss edərkən XX əsrin ədəbiyyat tarixini yazmağa başladım. Əvvəlcə 2009-cu ildə ədəbiyyat tarixinin proqramını tutdum və yeni dövrləşdirmə irəli sürdüm. Sonra da bu dövrləşdirməyə uyğun yüz ilin ədəbiyyatını sistemləşdirib tələbələrin ixtiyarına verdim…”- söyləyir.
O, həmçinin 2001-ci ildən Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı tarixi, Müasir ədəbi proses, Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mətbuatı tarixi, Jurnalistikanın nəzəri əsasları və praktik yaradıcılığından mühazirələr oxuyur. Aynur Qəzənfərqızı adlı bir tələbsi onun Türkiyə mətbuatında işıq üzü görən məqalələrdən birini öz Facebook səhifəsində paylaşaraq yazır: “Canım hocamın Türklüyün üçlü formulu haqqında yazılarına Türkiyə də biganə qalmır və öz qəzetlərində bu yazılara yer verirlər. Qürurverici bir mənzərədir. Daim var olun, yazın, yaradın, gözəl insan!..”
…Özünü fəal vəziyyətdə daha yaxşı hiss etdiyinə görə imkan düşən kimi yeni bir işə başlayır. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı vaxt itkisi hesab edərək dərhal işə girişməyə üstünlük verir. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə rrıəhz buna görə də çox vaxt müvəffəqiyyət qazanır. Şəxsi problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxu sadəcə olaraq heç olur. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. O, çox ağıllı və realist adamdır, hansısa bir uzaq gələcək üçün işləmir və nə vaxtsa bugünkü xidmətlərinin mükafatlandırılması barədə düşünmür…
Deyir ki:- “Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir. Maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır. Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Bu gün təhsildə yeni yanaşmalara keçmək zəruriyyəti yaranıb…”
…Bilirəm, indiki adamların, sonu bilinməyən mənasız serialları xüsusi diqqətlə izləsələr də, kiminsə haqqında uzun-uzadı söhbətlərə qulaq asmağa səbirləri çatmır. Gərək, qısa şəkildə qəhrəmanının obrazını yaratmağı bacarasan. Odur ki, professor Bədirxan Əhmədova həsr etdiyim bu söhbəti uzatmıram, burada yekunlaşdırmaq istəyirəm. Məqsəd, Bədirxan müəllimi yeni yaşı münasibətilə təbrik etməkdir- Arzuları çın olsun!..
Salam olsun, dəyərli Dostlar! 13 aprel balaca rəssam-yazıçı dostumuz Türkan Alpturan – Hüseynlinin doğum günüdür! “Yazarlar” jurnalı kollektivi adından balaca şahzadəni təbrik edir və öz hədiyyəmizi təqdim edirik:
Deyirəm, Allahın dostlarımla bağlı mənə ən böyük lütfü bir ömür boyu saf və təmiz qəlbli, sədaqətli insanlarla nəfəs qədər yaxın olmağımız, sevinc və kədərimizi məhrəmliklə bölüşməyimizdir…
Gəncliyimizdən üzü bəri birgəlikdə olduğum barmaq sayına gələn rəfiqələrimdən biri də sənsən, Səlminaz!
Həmişə xatırlayıram ki, hər il aprelin 5-də təbiət tər-təzə libasıda yenicə puçurlayan əsrarlı peyzajı ilə könlümüzü oxşayıb. İndi də gecədən yağan yağış hələ də narın-narın çisəkləyir. Təbiət elə gözəldir ki, bu saflıq, paklıq könülümüzü ehtizaza gətirir. Yaz yağışı könül açmazmı, gözümüzü, könlümüzü oxşamazmı… Məni və səni sevən doğmaların üçün bu duyğusal gözəlliyə sevinc və şuxluq qatan bir fərəhimiz də sənin doğum günündür, əzizim!
Ömrümüzdən neçə bahar, neçə də payızlar ötdü. Hər iki fəsil sənin də həyatından izsiz, rəngsiz ötüb keçmədi. İllər öz axarı ilə taleyini naxışladı. Övladların, nəvələrin, əzizlərin səni sevgiylə, ehtiramla əhatə etdi.
Əbəs yerə demirik ki, sənətlərin ən ucası müəllimdir. Sən də dil-ədəbiyyat müəllimi olaraq pedaqoji sahədə böyük məsuliyyətlə, nizamla çalışdın. Zəhmətinin bəhrəsi də ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan, fəaliyyətdə olan, Azərbaycanın adına qürur gətirən şagirdlərindi. Xoş günlərində səni böyük ehtiramla xatırlayan müxtəlif ixtisaslı yetirmələrindi…
Doğum günün, yubiley yaşın mübarək olsun, Səlminaz xanım!
P.S. Qədim Şirvan elinin övladı olsan da nədənsə səni həmişə Qarabağ xanımlarına bənzətmişəm. Yerişinlə, duruşunla mənə nazlı, qəmzəli Qarabağ xanımlarını xatırlatmışan. Bu da sənə bir özəl baxış…
SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI (Filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin doğum gününə) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu — yazımızın məqsədi təbrikdir. Bu yazımı böyük bir qələmdarlar ordusu — yazarlar cameəsi adından ustadlar ustadı, müəllimlər müəllimi, eloğlumuz, əzizimiz, dəyərlimiz Cahangir müəllimə ünvanlamaqdan şərəf və qürur duyuram! İnsan ömrü var ki, zamanın içində itib gedir, bir də insan ömrü var ki, zamanın özünə çevrilir. Elmi düşüncəsi, publisistik mövqeyi, milli-mənəvi dəyərlərə sədaqəti və ziyalı duruşu ilə çağdaş Azərbaycan elminin və ictimai fikrinin önündə dayanan filologiya elmləri doktoru, professor Cahangir Məmmədli məhz ikinci kateqoriyaya daxil olan nadir şəxsiyyətlərdəndir. Professor Cahangir Məmmədli təkcə bir alim, tədqiqatçı və pedaqoq deyil — o, həm də sözün məsuliyyətini daşıyan, fikrin yükünü çiyinlərində hiss edən, cəmiyyətin vicdan səsinə çevrilən ziyalıdır. Onun elmi və publisistik fəaliyyəti Azərbaycan dilinin, milli mətbuatın, jurnalistikanın və ümumilikdə ictimai düşüncənin inkişaf yolunu aydınlatmaqla yanaşı, gələcək nəsillərə də möhkəm mənəvi bünövrə yaradır. Cahangir Məmmədlinin elmi araşdırmaları Azərbaycan filologiyasının və mediaşünaslığının aktual problemlərini əhatə etməklə seçilir. O, mətbuat tarixinin, jurnalistikanın nəzəri əsaslarının, söz və məsuliyyət münasibətlərinin tədqiqində özünəməxsus elmi məktəb formalaşdırmış alimlərdəndir. Onun əsərlərində faktla fikir, tarixlə müasirlik, milli ilə ümumbəşəri dəyərlər ahəngdar şəkildə birləşir. Alimin qələmində söz heç vaxt təsadüfi olmur. Hər cümlə arxasında məsuliyyət, hər fikir arxasında vətəndaş mövqeyi dayanır. Bu da onun elmi irsini yalnız akademik mühit üçün deyil, geniş oxucu auditoriyası üçün də dəyərli edir. Professor Cahangir Məmmədlinin publisistik yazıları sadəcə hadisələrin təsviri deyil — hadisələrin mahiyyətinə enən, oxucunu düşünməyə vadar edən, milli özünüdərkə çağıran yazılardır. Onun qələmində publisistika tribuna deyil, vicdan aynasıdır. Bu yazılarda cəmiyyətin ağrıları, milli maraqlar, dilin saflığı, mətbuatın məsuliyyəti və ziyalının missiyası açıq və cəsarətli şəkildə ifadə olunur.O, daim vurğulayır ki, söz sahibinin ən böyük borcu həqiqətə sədaqət, xalqa xidmət və gələcək qarşısında məsuliyyətdir. Bu mövqe onun bütün yaradıcılıq xəttindən qırmızı xətt kimi keçir. Cahangir Məmmədli təkcə kitablarla deyil, yetişdirdiyi tələbələrlə, formalaşdırdığı düşüncə tərzi ilə də yaşayır. Onun auditoriyadakı fəaliyyəti klassik müəllimlik çərçivəsindən kənara çıxaraq həyat dərsinə çevrilir. Tələbələrinə yalnız bilik deyil, mövqe, məsuliyyət, milli şüur aşılayan professor, əslində, gələcəyin ziyalılarını yetişdirir. Bu gün professor Cahangir Məmmədlinin doğum günü təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan elminin, söz və fikir dünyasının qazandığı bir ömrün, bir zəhmətin, bir fədakarlığın bayramıdır. Onun ömrü və fəaliyyəti sübut edir ki, ziyalı olmaq ad deyil, missiyadır. Bu əlamətdar gündə professor Cahangir Məmmədlini səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar, qələminin daim iti, sözünün daim sanballı olmasını arzulayırıq. Qoy onun zəngin elmi və publisistik irsi hələ uzun illər Azərbaycan düşüncə həyatına işıq saçsın. Ad gününüz mübarək, dəyərli professor! Sözünüz var olsun, yolunuz işıqlı olsun!
(Zaur Ustacın doğum gününə – 2026) Bəzi ömürlər təqvimdə bir tarixlə başlayır, amma xalqın yaddaşında bir yol kimi davam edir. 8 yanvar məhz belə bir yolun başlanğıcıdır. Bu tarix müasir Azərbaycan ədəbiyyatının, publisistikasının və milli düşüncə mühitinin tanınmış simalarından biri — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, şair, yazıçı, publisist, nasir, naşir və tərcüməçi Zaur Ustacın doğum günüdür. Bu gün təkcə bir insanın deyil, sözə xidmət etmiş bir taleyin, qələmə sədaqət göstərmiş bir ömrün bayramıdır. Zaur Ustac yaradıcılığı ilk növbədə məsuliyyətli söz anlayışı ilə seçilir. Onun şeirlərində romantika ilə vətəndaşlıq, lirika ilə publisistika, fərdi ağrı ilə milli yaddaş üzvi şəkildə qovuşur. O, sözü bəzək üçün deyil, həqiqəti demək üçün yazan qələm sahiblərindəndir. Onun poetik dünyasında: -Vətən yalnız coğrafiya deyil, qanla, yaddaşla yazılmış taledir; -Tarix sadəcə keçmiş yox, bu günün vicdan sınağıdır; -İnsan obrazı isə ideallaşdırılmış deyil, real, ağrılı, məsuliyyətli varlıqdır. Bu xüsusiyyətlər Zaur Ustacı müasir ədəbiyyatımızda fərqləndirən əsas cəhətlərdəndir. Zaur Ustacın publisistik fəaliyyəti onun yaradıcılığının ən fəal, ən döyüşkən sahələrindən biridir. O, hadisələrə kənardan baxan müşahidəçi deyil, mövqeyi olan ziyalıdır. Yazılarında milli məsələlər, tarix, dil, kimlik, müharibə və mübarizə mövzuları əsas yer tutur. Onun publisistik məqalələri: -oxucunu rahatlatmır, oyadır; -hadisələri ört-basdır etmir, adını çəkir; -tərəfsiz qalmaq adı ilə susmur, haqqın tərəfində dayanır. Bu mənada Zaur Ustac publisistikası təkcə informasiya yox, ictimai mövqe məktəbidir. Zaur Ustacın həyat yolunda mühüm və qürurverici bir məqam da onun qazi – müharibə veteranı olmasıdır. Bu fakt onun yazdıqlarına əlavə süni pafos deyil, daxili həqiqət qazandırır. Çünki o, Vətəni yalnız yazan deyil, qoruyan, yalnız tərənnüm edən deyil, yaşayan insanlardandır. Bu təcrübə onun yaradıcılığında: -müharibə mövzusunu şüarçılıqdan uzaqlaşdırır, -ağrını saxtalaşdırmadan təqdim edir, -qəhrəmanlığı mifləşdirmədən, insani ölçüdə göstərir. Zaur Ustac təkcə yazan deyil, yazılanı yaşadan, ədəbi prosesə xidmət edən ziyalıdır. Onun naşirlik fəaliyyəti, gənc qələm sahiblərinə verdiyi dəstək, tərcüməçilik işi ədəbi mühit üçün mühüm töhfələrdir. Bu, fərdi uğurdan çox, ictimai məsuliyyət nümunəsidir. 8 yanvar — Zaur Ustacın doğum günü bizə bir daha xatırladır ki, söz adamı olmaq sadəcə yazmaq deyil. Bu, mövqe, məsuliyyət, vicdan və cəsarət tələb edir. Zaur Ustac bu dəyərləri ömrü və yaradıcılığı ilə təsdiqləyən söz adamlarındandır. Bu əlamətdar gündə ona: -möhkəm can sağlığı, -tükənməz yaradıcılıq enerjisi, -sözünün daim ünvanına çatmasını, -qələminin haqqın tərəfində qalmasını arzulayırıq. Doğum gününüz mübarək olsun, Zaur Ustac! Sözünüz yaşasın, yolunuz açıq olsun!