Etiket arxivi: HEKAYƏ

Namiq Müslümov – Ağla, tarım

Namiq Müslümovun yazıları

Ağla, tarım
(hekayə)

Hava artıq qaralmışdı. Nübar tarın yanıqlı səsinə gözlərini açdı. Hər şey ona bulanıq görünürdü. Baxışları tavanda, divarlarda dolaşıb nəhayət başı üstündə dayanmış ağ xalatlı qızın üzündə dayandı. Pıçıltılı səslə: “Mən hardayam, bura haradı?”- deyə soruşdu. Qız gülümsədi:
– Siz xəstəxanadasınız. Narahat olmayın. Hər şey yaxşıdır.
– Bəs bu tar səsi hardan gəlir?
– Həkimin məsləhəti ilə qoymuşuq. Səni dünən gətiriblər. Elə hey “Ağla, tarım… ağla, tarım…” deyirdin. Həkim də valideynlərindən bir maqnitofon, bir də tar ifası olan kaset istədi.
– Anamgil hardadır bəs?
– Çöldədirlər. İndi çağıraram.
Bunu deyib ağ xalatlı qız otaqdan çıxdı. O, yenidən gözlərini yumdu və xatirələrin qoynuna sığındı…

Bakıya gəldikləri 10 ay olardı. Çox ağır günlər keçirmişdilər. Ermənilərin qəfil hücumu onları hazırlıqsız yaxalamışdı. Doğma el-obalarından ayaqyalın, başı açıq didərgin düşən camaat ölkənin müxtəlif rayon və şəhərlərinə səpələnmişdi. Atası ilə dayısı da özünümüdafiə batalyonunda döyüşmüş, dayısı şəhid olmuş, atası isə yaralandığı üçün tərxis olunmuşdu.
Əvvəlcə aran rayonlarından birində bir neçə həftə qalmışdılar. Dolanışıq olmadığından Bakıya üz tutmuşdular.
Bakını ilk dəfədir görürdü. Geniş küçələrdən keçib, darısqal, nahamar yollarla Papaninə – qalacaqları yerə çatanda əvvəl elə bilmişdi ki, bura Bakı deyil. Hər tərəf bir-birinə qısılıb qalmış bir mərtəbəli kiçik evlərdən ibarət idi. Üfunət qoxusu ətrafa yayılmışdı. Maşından düşüb ensiz qapıdan kiçik həyətə girdilər. Bura atasının əmisi oğlunun idi. Özləri Rusiyada yaşadıqları üçün kirayəyə verirdilər evi. Yay tətili olduğu üçün kirayəçi də çıxmışdı. Həyətdə ayaqyolu, hamam, bir də küncdə qaz sobası, yanında da kiçik masa vardı. Bəlli ki, bura evin mətbəxi idi. Qaz sobasının yanındakı qapıdan evə daxil oldular. Mənzil iç-içə 2 otaqdan ibarət idi. Divarlar kiflənmiş, bəzi yerlərdə yapışdırılan kağızlar qopmuşdu. İçəridən də kəskin rütubət qoxusu gəlirdi. Nübar kənddəki evlərini xatırladı; geniş həyətləri, hündür, işıqlı 4 otaqlı evləri var idi. Tövlələri belə bu mənzildən daha geniş, daha işıqlı idi. Atasının “Burda qalacağıq” deməsi onu xəyallardan ayırdı. Anası yarızarafat, yarıincik şəkildə söyləndi:
– Ay Səttar, sən Allah, buralar nə gündədir? Necə yaşayırlar burda? Sonra da kəndə gələndi fors edirlər ki, biz Bakıdan gəlmişik.
– Neynək, ay Gülsüm? Elə bilirsən mənim xoşuma gəlir? Məcburuq da, çöldə qalası deyilik ki… Yenə sağ olsun əmioğlu. Dedi, özünüzü toparlayana qədər qalın, pul zad da lazım deyil.
– Sağ olsun. Allah ermənilərin də bəlasını versin.
Tezliklə atası da, anası da tikiş fabrikində işə düzəldi. Nübar bu il 11-ci sinfi bitirmişdi. 10 və 12 yaşlarında iki qardaşı da var idi. Valideyinləri səhər işə gedir, Nübar ev-eşiyi təmizləyir, yemək bişirir, hərdən də küçəyə çıxıb qardaşlarına nəzarət edirdi. Günləri belə keçirdi. Artıq bu həyata öyrəşirdilər.
Sentyabr ayı gəlmişdi. Qardaşları yaxınlıqdakı məktəbə gedirdilər. Onları məktəbə aparıb gətirməyi valideynləri Nübara tapşırmışdı. O da qardaşlarını səhər məktəbə aparar, günorta yenidən gedib gətirərdi. Sonra da ev işləri görər, qardaşlarına dərslərində kömək edərdi. Axşam da valideyinləri gəldikdən sonra birlikdə yeməklərini yeyər, bir az söhbət etdikdən sonra yatardılar.
Son günlər axşam düşəndə hardansa tar səsi yüksəlirdi. Kim idisə, elə kövrək və ustalıqla çalırdı ki, insanın ruhuna işləyirdi. Nübar da yatağına uzanandan sonra bir müddət o səsi dinləyər, tarın həzin ahəngi altında yavaş-yavaş yuxuya gedərdi.
Nübar qardaşlarını səhər məktəbə aparanda bir oğlan da onlarla eyni vaxtda yola çıxar, arxalarınca dayanacağa qədər gələrdi. Qızın diqqətindən yayınmayan bu oğlan əvvəllər ona bir az şübhəli gəlsə də, sonradan onun qonşuluqda yaşadığını bilib rahatlaşmışdı.
Günlərin birində Nübar qardaşlarını məktəbə qoyub təzəcə aralanmışdı ki, həmin oğlanı gördü. Öz-özünə düşündü ki, nə əcəb burdadır. Axı o hər gün dayanacağa qədər gələr, ordan da avtobusa minib gedərdi. Yanından keçəndə oğlan çəkinə-çəkinə, “Salam. Bir dəqiqə olar sizi?” dedi. Nübar bir anlıq duruxub qaldı, nə deyəcəyini bilmədən oğlanın üzünə baxdı. Oğlan udquna-udquna sözə başladı:
– Çox üzr istəyirəm. Məni tanıyırsız yəqin ki. Qonşuluqda qalıram. Adım Səməddir. Siz Allah, narahat etdimsə, bağışlayın. Neçə vaxtdır sizi görürəm, qardaşlarınızı məktəbə aparırsız deyəsən. Adınızı bilmək olar?
Nübar donub qalmışdı. Ürəyi şiddətlə döyünürdü. Gözləri oğlanın mavi gözlərinə sataşanda ürək döyüntüləri bir az da artmağa başladı və üzündəki istilikdən hiss etdi ki, yanaqları qızarıb. Tez başını yerə dikərək cavab verdi:
– Nübar.
– Çox şad oldum. Çox sağ olun. Bir daha üzr istəyirəm. Neçə gündür sizə yaxınlaşmaq, tanış olmaq istəyirdim, ancaq cürət eləmirdim. Siz çox gözəlsiniz və mənim xoşuma gəlirsiz. Mən də sizin qonşuluqda kirayədə qalıram. İncəsənət İnistitutunda, 3-cü kursda oxuyuram. Özüm də Göyçaydanam.
Oğlanın həyəcanla, birnəfəsə söylədiklərinə Nübar bilmirdi ki, nə cavab versin. Özü də çox həyəcanlanmışdı. Sanki ağzını açsa, ürəyi çölə çıxacaqdı. Dərin bir nəfəs alıb; – mən də çox şad oldum, dedi və yavaş-yavaş addımlamağa başladı. Səməd sözünə davam elədi:
– İcazə verirsiz, heç olmasa dayanacağa qədər söhbət edə-edə gedək?
– Olar.
– Çox sağ olun. Ordan sonra yolun o biri tərəfinə keçərəm. Bu gün sizinlə danışmaq üçün birinci dərsə girmədim.
– Dediniz, incəsənətdə oxuyuram. Nə üzrə oxuyursuz?
– Musiqi sənəti fakültəsində, tar sinfində.
– Axşamlar tar səsi gəlir. İfa edən sizsiniz?
– Bəli. Dərs tapşırıqlarını öyrənirəm. Sizi narahat eləmir ki, səs?
– Yox. Əksinə, çox gözəldir. Hətta bəzən mahnılar yarımçıq qalanda öz-özümə deyirəm, kaş axıra qədər ifa edərdi.
– Bəyəndiyinizə sevindim. Hansı mahnını xoşlayırsız? Sizin üçün ifa edim hər gün.
Nübar hiss etdi ki, yanaqları yenə qızardı. Utana-utana cavab verdi:
– Fərqi yoxdur. Özünüz hansını istəsəniz.
– Yenə də…
– Biz Qarabağlıyıq. Babamgilin evində də tar var idi. Babam özü toylara gedib o vaxtlar. Ona görə tarı, kamanı, muğamı çox sevirəm. Kəndimizi xatırladır. Hətta bəzən sizin ifanız ağladır məni.
– Aaa… Çox üzr istəyirəm. Bunu düşünməmişdim. Bir də ifa etmərəm.
– Yox, yox… O mənada demədim. Əksinə çox xoş olur. Ağlasam da, ruhum sakitləşir sanki. Həm də həmişə ağlamıram ki.
Nübar bunu deyib dayandı və Səmədin üzünə baxıb gülümsəyərək, “dayanacağa çatdıq,” – dedi. Səməd: “Çox sağ olun, Nübar xanım. Çox şad oldum sizi tanımağıma. Hələlik.” dedi və ondan ayrılıb yolun digər tərəfinə keçdi. O axşam Səməd tarda Qarabağ şikəstəsini elə ifa etdi ki, Nübar ömründə bu qədər təsirlənməmişdi.
Növbəti gün Səməd səhər-səhər Nübarı məktəb yaxınlığında gözləməyə başladı. Bu dəfə bir saata yaxın söhbət elədilər. Daha sonra Səməd avtobusa minib dərsə getdi.
Günlər keçdikcə Nübar Səməd üçün darıxır, onu görməyə can atırdı. Bir dəfə də Səməd onu dənizkənarı bulvara aparmışdı. Bulvarı ilk dəfə idi görürdü. Hələ üstəlik Səməd onun əlindən də tutmuşdu. Sevinci həyəcana qarışmış, özünü xoşbəxt hiss etmişdi. O gündən sonra görüşəndə əl-ələ tutub gəzirdilər. Ancaq yenə də dayanacaqdan sonra Səməd yolun digər tərəfinə keçirdi. Nübar Səməddən nə qədər ayrılmaq istəməsə də, qonuşuların görməsindən çox qorxurdu. Dayanacaq onların həm “birləşmə”, həm də “ayrılma” nöqtələri idi.
Beləcə bir neçə ay keçdi. Artıq havalar soyumuş, qış qapıya dirənmişdi. Məktəblər qış tətilinə çıxdığı üçün Nübar evdən çıxa bilmirdi. Ona görə Səmədi görmürdü. Ondan otrü çox darıxmışdı, dərslərin bir an öncə başlamasını istəyirdi. Axşamlar Səmədin tarının səsindən təskinlik tapırdı. On günlük tətil Nübara 10 il kimi gəldi. Nəhayət, yanvar ayında orta məktəblərdə dərslər başladı. İnstitutlarda isə fevralda başlayacaqdı. Səməd də dərsə getmir, imtahanlara hazırlaşırdı. Ona görə bir yerdə çox vaxt keçirirdilər. Demək olar hər gün səhərdən günortaya kimi gəzir, gülüb-əylənirdilər. Nübar Bakının bir çox gəzməli, görməli yerlərində olmuşdu. Bakı onun üçün doğma şəhərə çevrilmişdi, çünki burda sevdiyini tapmışdı. Səməd də Bakıda yaşamaq istədiyini demişdi. Çox gözəl tar ifaçısı olduğu üçün müəllimləri ona rayona getməməyi, burda qalıb yaradıcılıqla məşğul olmağı tövsiyə etmiş, “Sən Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfələr verə bilərsən, biz səndə bu potensialı görürük,” demişdilər. Nübar ilə Səməd əl-ələ tutub Bakı küçələrində gəzərkən xəyallarında hər küçədən bir “ev alırdılar”.
Bir gün yenə Nübar Səmədlə məktəbə, qardaşalarını götürməyə gəlirdi. Artıq neçə vaxtdır ki, Səməd Nübarı məktəbin yanına qədər gətirər, sonra kənara çəkilib gözləyər, Nübar qardaşlarını götürdükdən sonra onların arxasınca evə gedərdi. Nübar birdən əlini çəkdi. Səməd, “nə oldu?” dedikdə, bir kəlmə, “anam” söylədi. Nübarın anası məktəbin qapısının yanında durmuşdu və onlara tərəf baxırdı. Səməd addımını yavaşlatdı və ağacın arxasına keçdi. Nübar yaxınlaşıb “Nə olub, ana, sən xeyir ola burda?” dedikdə, anası qəzəblə soruşdu:
– Hardan gəlirsən?
– Evdən…
– Yalan deyirsən. Evdən gələn mənəm. Evdə yox idin. Uşaqları məktəbə aparandan çıxmısan evdən. Haralardaydın?
– Axı nə olub? Nəsə baş verib? Yoxsa atama nəsə olub?
– Sən yaxşı bilirsən nə olub. Burda camaat var. Evə gedək, nə olduğunu sən deyərsən. Bir bu qalmışdı…
Nübar başını aşağı dikdi. Pərt olmuşdu.
Sən demə qonşulardan kimsə gəncləri görmüş və Nübarın anasına demişdi. Anası da həmin gün qızını yoxlamaq üçün işdən icazə alıb gəlmişdi. Nübar evdə deyildi. Anası məktəbə gedib qızını orada gözləməyi qərarlaşdırmışdı. Bir müddət sonra qızını oğlanla əl-ələ görən ana bərk əsəbləşmişdi.
Evə girər-girməz anası Nübarın qolundan tutub o biri otağa apararaq qəzəblə soruşdu:
– Hardaydın?
– …
– Səndən söz soruşmuram? Hardaydın? O oğlan kim idi?
– …
– Niyə dillənmirsən? Utanmırsan? Biz səhərdən axşamadək qul kimi işləyirik. Evi, uşaqları qoyub gedirik ki, böyük, ağıllı qızımız var. Biz olmayanda qardaşlarına sahib çıxacaq, evi çəkib-çevirəcək. Sən demə qızımız özü sahibsiz qalıb, yolunu azıb. Kimdir o gədə? Nəsə olub aranızda? Cavab ver!
– Yoox. Nə olacaq ki?
– Nə bilim? Sən bilərsən. Nəsə olubsa mənə de.
– Heç nə olmayıb, ay ana. Sadəcə 1-2 dəfə şəhərə çıxmışıq.
– Utanmırsan? İki gün deyil Bakıya gəlmisən, əl-ələ tutub gəzirsən. Nə tez tapdın? Hardan tapdın?
– Ana, mən onu sevirəm.
– Qələt edirsən sən! Tanıyırsan onu? Dədəsin kimdir, nənəsi kimdir, bilirsən? Özbaşınasan sən? Səni Qurbangil oğluna istəyirlər. Ona verəcəyik.
– Qurban kimdir? Nə Qurban?
– Bu evin sahibi. Atanın əmisi oğlu. Moskvada yaşayırlar, imkanları da yaxşıdır. Bu ev də oğlunundur.
– Ana, mən onu tanımıram, görməmişəm. Necə yəni səni veririk Qurbanın oğluna?
– Sənin görüb-görməməyin vacib deyil. Görüb neyniyəcəksən ki? Budur e, gördün… Tanımadığın, bilmədiyin birinin əlindən tutub küçələrdə veyillənirsən. Hələ qoy atan gəlsin… Sən elə bilirsən biz boş yerə burda pulsuz qalırıq? İndiki zəmanədə kim kimə evini müftə verər?
– Ana, qurban olum, demə atama. Axı mən pis bir iş tutmamışam. Sevmişəm də…
Nübar ağlaya-ağlaya anasının əllərindən tutdu. Anası qızının bu halını görüb, bir az yumşaldı. Əslində qızına çox inanırdı. Bu günə kimi bir sözünü iki eləməmişdi. Evin biş-düşündə, yır-yığışında kiçik yaşlarından anasına kömək edərdi. Çox ağıllı, səliqəli və tərbiyəli qız idi Nübar. Amma bura da şəhər yeridir. İnsanları tanımaq olmur. Kənddən gəlmiş saf qız uşağını aldadıb yoldan çıxarmağa nə var? Qızının göz yaşını silə-silə dedi:
– Bax, qızım. Bura şəhər yeridir. İnsanlar bir-birini tanımır. Sənin kimi saf qızları yoldan çıxaran o qədər biqeyrət var ki. Mənim ağıllı balam, özün görmədin, bu neçə ayda biz nə qədər zülüm çəkdik? O boyda ev-eşiyimiz, həyət-bacamız, mal-qaramız qaldı orda. Atan da, mən də gecəmizi gündüzümüzə qatırıq ki, balalarımız korluq çəkməsin, ac qalmasınlar. Kimsə bizim qapımızı döyüb, bir loxma çörək verib bu günə qədər? Əgər aranızda heç nə olmayıbsa, atana bir söz demərəm. Bir səhvdir, eləmisən. Bir daha da eləməzsən, keçib gedər. 1-2 aya Qurbangil elçi gələcəklər. Yəqin ki, yaya da toyunuz olar. Sağ olsunlar, cehiz-zad da istəmirlər. Oğlan səni götürüb aparacaq Moskvaya. Biz də görək neyniyirik. Qardaşların da məktəbi oxuyub qurtarsınlar. Əsas onların təhsilidi. Biz də ağ günə çıxarıq İnşallah.
– Ana… Axı mən Qurban əminin oğlunu tanımıram, görməmişəm, heç adını da bilmirəm… Səməd pis oğlan deyil, ana. Göyçaydandır, institutda oxuyur, özü də Bakıda qalmaq istəyir.
– Ceyhundur Qurbanın oğlunun adı… Qızım, mən demirəm Səməd pis oğlandır, ya yaxşı oğlandır. Amma sən uşaqsan hələ. Çox şeyi dərk eləmirsən. Qurban əmingili mən tanıyıram. Özü də, yoldaşı da çox yaxşı adamlardır. Belə ata-anası olan oğlan da əlbət yaxşı olar. Bir də ki, indi çox pis zəmanədir, qızım. İnsanlar güclə özlərinə çörək pulu tapırlar. Yaşamaq üçün, ailə saxlamaq üçün tək sevgi kifayət eləmir. İndi 3-5 gün göz yaşı tökəcəksən, amma gün gələcək mənim haqlı olduğunu görəcəksən. Onda deyəcəksən ki, anam düz deyirmiş. Mən səni düşünüb deyirəm. Elə eləmə ki, atana deyim. Bir daha bu söhbətə qayıtmayaq. Səməddir, nədir, o oğlanla görüşməyəcəksən!
Nübar heç nə deyə bilmədi. Atasının, anasının nə qədər zülm çəkdiklərini görürdü, dərk edirdi. Bir anda evsiz-eşiksiz, pulsuz-parasız qalıb, çöllərə düşən ailəsi üçün atasının nə qədər əziyyət çəkdiyini bilirdi. Neçə dəfə evdə ailəliklə yemək yeyərkən atasının “mən toxam, çöldə yemişəm” deyib, sual dolu baxışlarla baxan anasınin qulağına “qoy uşaqlar doysun” pıçıldamasını eşitmişdi. Belə atanı necə incidə bilərdi? Axı Qurban əmigil onlara evlərini vermişdilər. Ən azından kirayə pulu vermirdilər. Ata-anasının maaşı yeməklərinə güclə çatırdı. Digər tərəfdən də Səmədi düşünürdü. Axı onun yanında çox xoşbəxt olurdu. Bütün dərdini unudurdu sevdiyi oğlanın mavi gözlərinə baxdıqca. Çox çarəsiz idi. Elə bil onu görünməz bir uçurumun kənarına sıxışdırmışdılar. Düşünürdü ki, indi susub özünü fəda etməlidir, təki ailəsi pərişan olmasın. Bu fikir içini didib-parçaladı. Üzü üstə yatağa uzanıb hönkür-hönkür ağladı.
Martın 8-i idi. Nübargilin evində canlanma vardı. Bu gün ona elçi gələcəkdi. Eıçilik deyəndə ki, əslində böyüklər öz aralarında söz kəsmişdilər. Bu gün üzük gətirəcək, elçiliyi bir növ rəsmiləşdirəcəkdilər. Qurbangil bir neçə gün idi ki, Bakıya gəlmişdilər. Hələlik başqa qohumlarıgildə qalırdılar. Hamının üzündə sevinc var idi, bircə Nübardan başqa. Hər gün Səmədi düşünürdü. Anasının sözündən sonra Səməddən ayrılmışdı. Onu da sözlə deyə bilməmişdi. Uzun-uzadı məktub yazıb, Səmədi görən kimi ona verib qaçmışdı. Ondan sonra da bir daha görməmişdi oğlanı. Bu Nübarın işini bir az rahatlaşdırsa da, qəlbində böyük nigarançılıq yaratmışdı. “Görəsən Səməd hardadır indi?” sualı içini gəmirirdi. O gündən tar səsi də gəlmirdi. Bilirdi ki, Səməd imtahanlardan sonra 15-20 günıük rayona gedəcəkdi. İndiyədək isə çoxdan qayıtmalı idi. Amma heç qarşılaşmamışdı onunla. “Bəlkə də evini dəyişib…”, “Bəlkə də heç Səməd sevmirmiş məni…”, “Bəlkə elə anam deyən kimi imiş, yoldan çıxarmaq istəyirmiş məni…”. Suallar beynini yorur, cavabını isə tapa bilmirdi. Bildiyi tək bir şey var idi; Səməd üçün çox darıxmışdı. Anası dediyi kimi olmadı, 3-5 gün ağlayıb, sakitləşmədi. Hər gecə yerinə girib səssiz-səssiz göz yaşları tökdü. Qapı taqqıltısı onu xəyallardan ayırdı. Qohumlardan kimsə “Ay Gülsüm, deyəsən gəldilər,” dedi və həyət qapısına doğru addımlamağa başladı.
Səttarla Gülsüm elçiləri qapıda qarşıladılar. Elçilər gətirdikləri hədiyyələri ev sahiblərinə verdikdən sonra göstərilən yerdə əyləşdilər. Qadınlar öz aralarında “oğlan niyə gəlməyib?” deyə pıçıldaşmağa başladılar. Oğlanın anası üzünü Gülsümə tutub, “eşitdik ki, buralarda “oblavadır”, cavan oğlanları küçədə tutub Qarabağa aparırlar, biz də ona görə Ceyhunu gətirmədik”, dedi. Ortaya dərin sükut çökdü. Bu söz hamıya pis təsir eləmişdi. Necə yəni, bəs torpaqları kim azad edəcək? Axı Ceyhun özü də Qarabağda doğulmuşdu. Kəndlərindən, elə öz qohumlarından neçə şəhid var idi, neçəsi hələ də cəbhədə vuruşurdu. Ceyhunun onlardan nəyi artıq idi ki? Qurban hiss elədi ki, arvadının yersiz sözü hamiya pis təsir edib, ortalığı toparlamağa çalışdı:
– Əslində gələcəkdi, amma işdən icazə ala bilmədi. Nəsə yoxlamaları var. Bileti belə öncədən almışdıq, sonra qaytarmalı olduq.
Qurbanın yalan danışdığı aydın hiss olunurdu. Səttar onları utandırmamaq üçün “eybi yoxdur, canınız sağ olsun. İndi pis zəmanədir, insanlar güclə iş tapıb bir loxma çörəyini qazana bilirlər” dedi. Bundan sonra ortalıq bir az yumşaldı. Qadınlar süfrəni bəzəyir, Səttar da Qurbanla söhbət edirdi. Bir müddət sonra məclis şənləndi, hamı deyib-gülürdü.
Nübar yatağında oturub barmağındakı brilliant qaşlı üzüyə baxırdı. Qonaqlar artıq getmişdi. Qurbangilin gətirdikləri hədiyyələri hər kəs bəyənmişdi. Hiss olunurdu ki, çoxlu pul xərcləyiblər. Ən çox sevinən Nübarın qardaşları idi. Üzünü görmədikləri, dadını bilmədikləri cürbəcür şokoladlardan, konfetlərdən yemişdilər. Hamının kefi kök idi, bir Nübardan başqa. Səmədi unuda bilmirdi. Əvvəllər düşünürdü ki, elçiliyə Ceyhun da gələcək, onu yaxından tanıyacaq, şəhəri gəzəcəklər, bir neçə günlük də olsa başı qarışacaqdı. Bəlkə sevməyə də başlayacaqdı Ceyhunu. Şəklini görmüşdü; pis oğlana oxşamırdı, üstəlik yaraşıqlı idi. İndi isə düşünürdü, qorxusundan nişanlısına üzük taxmağa gələ bilməyən oğlan onu necə xoşbəxt edəcək? Öz dədə-baba yurdunu qorumayan Nübarı necə qoruyacaq? Nübarın sabaha olan ümidləri, bütün xəyalları alt-üst olmuşdu. Qurbangil yayda toy etmək istədiklərini bildirmişdilər. Toyu da Moskvada edəcəkdilər. Belə çıxır ki, Nübar 3-4 aydan sonra yaxınlarını, doğmalarını tərk edib uzaq, qərib yerdə həyatına davam edəcəkdi. Səməddən sonra demək olar şəhərə çıxmırdı. Həyat onun üçün çox darixdirici olmuşdu. Qürbət yerə gəlin köçəcəyi onu qorxudurdu. Ən pisi isə heç tanımadığı insanla ailə qurması idi. Bütün bunları düşündükcə göz yaşlarını saxlaya bilmirdi və özünü çox çarəsiz hiss edirdi.
Gülsüm qızının halını görürdü. Nübar gecələr nə qədər səssiz ağlasa da anası duyurdu. Bu günə qədər düşünürdü ki, zamanla hər şey düzələcək, qızı keçmişi unudacaq. Amma nişana Ceyhunun gəlməməsi onu da pərt etmişdi. Hiss edirdi ki, bu hal Səttarın da xoşuna gəlməyib.
May ayının sonu idi. Havalar isinməyə başlamışdı. Axşam Səttargil ailəliklə yemək masasının ətrafına toplaşmışdılar. Televizorda xəbərlər gedirdi. Diktor xanım növbəti süjetə şeirlə keçid elədi:

Bir gözələ vurulmuşdum,
O sevgidə ilk nübarım.
Eşqimdən göylərdə uçdum,
Sonra sındı qanadlarım…
Ağla, tarım… Ağla, tarım…

Arzularım yarım qaldı,
Onu məndən kimlər aldı?
Sağalmaz bir dərdə saldı,
Bitmədi ki, ahu-zarım,
Ağla, tarım… Ağla, tarım…

Göz yaşlarım dayanmadı
Ölmüş ruhum oyanmadı.
Mən çox yandım, o yanmadı?
Vəfasızmış demə yarım,
Ağla, tarım… Ağla, tarım…

Qəhrəman bir əsgərimizin ürəyinin dərinliyindən süzülüb axan bu kəlmələr hər kəsi duyğulandırdı. Həkimlərin dediyinə görə əməliyyat zamanı əsgər durmadan bu şeiri oxuyurmuş. Biz də qəhrəmanımızı tanımaq üçün yolumuzu hərbi hospitaldan saldıq. Səməd Məmmədov İncəsənət İnistitutunun 3-cü kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub könüllü cəbhəyə getmiş və qəhərmanlıqla döyüşərək yaralanmışdır…”
Bunu eşidən Nübarın baxışları anasının baxışları ilə toqquşdu. Qızın ürəyi sıxıldı, gözləri qaraldı və müvazinətini itirib yerə yıxıldı.

Qapı açıldı və bayaqkı ağ xalatlı qız astanada göründü: – Nübar, gör sənə kimi gətirmişəm?! deyərək qapını açıq qoyub təkrar dəhlizə çıxdı və əlil arabasını sürə-sürə Nübarın yanına gətirdi. Nübar gözlərinə inanmadı. Arabada əyləşən Səməd idi. Heyrətlə, “Səməd, bu sənsən?” – dedi. Səməd gülümsəyərək cavab verdi:
– Oxşamıram?
– Oxşayırsan. Nə yaxşı gəldin?
– Eşitdim, burdasan, gəldim. Necəsən? Yaxşısan indi?
Nübar kövrək səslə, “hə” cavabını verdi.

Nübarın televizordakı xəbərləri eşidib huşunu itirməsindən peşman olan anası onu xəstəxanaya yerləşdirdikdən sonra hospitala getmiş, orada Səmədi taparaq baş verənləri danışmış, günahkar olduğunu etiraf etmiş və üzr istəyərək qızının müalicə aldığı xəstəxanaya gəlməsini xahiş etmişdir. Səmədin müharibəyə könüllü gedərək savaşması və yaralanması bir şəhid bacısı kimi Gülsümə çox təsir etmişdi.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QƏŞƏM İSABƏYLİ – ARMUD AĞACI


ARMUD AĞACI
(hekayə)
Qapımızın Armudu hər il o qədər gül açırdı, o qədər meyvə gətirirdi ki, hətta budaqları bu ağırlığa dözmür – şaqqa-şaq qırılıb tökülürdü. Payıza yaxın bar-bəhərini yığmaqla qurtara bilmirdik. Özümüz yeyirdik, qonum-qonşu aparırdı, bir vedrə də Marala verirdik. Maral da hər səhər bir sərnic armud ətirl, üstü köpüklü südüylə əvəzini çıxırdı.
Bir gün də… nənəm demişkən, elə bil göz dəydi Armuda. Yaz gəldi, ağac özünə gəlmədi. Üç həftədən sonra ağacın əl-ətəyində adda-budda yarpaqlar görünməyə başladı. Gəl ki, yaz da qurtardı, amma Armudun gül açmağa gücü çatmadı.
–Ay baba, – dedim, – sənin kimi qocalıb ey, Armudumuz!
–Armud ağacının nə yaşı var ki, bala?!
–Deyirdin, göz açıb, onu həyətimizdə görmüşəm!
–Armudun olsa-olsa 60 yaşı var, mə¬nim də 55. Hələ ömrümüzün gözəli qabaqdadır!
–Nə oldu bəs buna?!
–Sənin kimi tənbəllik eləyir, Şəmşəm! Ağlı başına gəlməsə, cəza verəcəm ona.
–Adamdı bu, ay baba?!
– Ağacın da canı var, bala. Duyur, hiss eləyir, hətta qorxunun nə oldu¬ğunu bilir.


Üzümüzə gələn ili də Armud ağacı gül açmadı.
Görürdüm, babam hər dəfə deyinə-deyinə keçir ağacın yanından.
–Ay ata, babam yaman deyinir, ey.
–Şəmşəm, Avropalılardan fərqli olaraq deyinmək bizim Şərqli kişilərin xasiyyətidir. Görürsən, arvaddan inciyir, uşaqdan inciyir, söz demir onlara, başlayır öz-özünə danışmağa, yəni deyinməyə. Bununla da ürəyini boşalıdır, hirsini yatırdır. İnfarkdan, insultdan qaça bilir. Bir də ki, deyinməsin, neyləsin, Armudu gül açmayıb…
–Ay baba, armudun yanından keçəndə nə deyirsən?
–Danlayıram onu!
–Bıy… uşaqdı Armud ağacı, danlayasan onu?!
–Özünə demişəm, əgər üçüncü ili də, hiss eləsəm ki, meyvə vermək fikri yoxdu, dibindən kəsəcəm onu!
–Baba, yazıqdı, kəsmə! – Bu da Zeynəb idi. Ağacları yaman çox istəyirdi. Birinin bir yarpağı qopub, yerə düşsəydi, qaçıb evdən yapışqan gətirib, həmin yarpağı ağacın budağına yapışdırırdı. – Dərsdə oxumuşuq, – deyərdi, – ağaclar yarpaqlarıyla nəfəs alır. Nə qədər çox yarpağı olsa, o qədər çox nəfəs alar. Meyvəsi də dadlı olar!
–Amma, Zeynəb, Armud ağacına söz vermişəm ki, bar gətirməsən, kəsəcəm səni! Sözümün yalan olduğunu görsə, day məndən qorxmaz.
–Sən onu kəssən, o öləcək, baba. Ondan sonra nəyi qorxacaq səndən?!
–Yaman dedin, ha, Zeynəb! Qorxma, kəsməcəm…
–Baba, “kəsməcəm” yox, “kəsməyəcəm” de.
–Ay maşallah sənə! Niyə bəs Şəmşəm deyir, Zeynəb pis oxuyur dərsini?!
–Desin də, baba, ondan ötrü oxumuram ki, özüm üçün oxuyuram. O günü “əla” almışam Azərbaycan türk¬cəsindən.
–Əhsən! Əhsən!
–Söz verirsən kəsməyəcəksən Armud ağacını?!
–Söz verirəm.
Şəmşəm dedi:
–Kəsəcək!
–Əgər babam Armudu kəsmək istəsə, gəlib duracağam ağacın dibində. – Zeynəb dedi.
–Niyə dibində durursan?
–Qoy o kəsiləndə aşıb düşsün üstümə!
Baba Zeynəbin başını sığallayıb, üzündən öpdü.


Yaz gələn kimi badam ağacları çiçək¬lədi. O yandan da alçalar gül açdı. Arıların vızıltısı həyəti başına götürdü. Bir səhər də Zeynəb məktəbə gedən kimi babam məni çağırdı:
–Şəmşəm, get baltanı gətir.
–Neylirsənı, baba?
–Armud ağacının dərsini verəcəm!
–Zeynəb ağlayacaq axı!
–Ağlamaz. – Babam bığaltı gülümsədi. Gətirib baltanı verdim. – Get aralıda dayan.
Babam baltanı başının üstünə qaldırıb cumdu Armud ağacına, – ətrafına iki-üç dövrə vurub, sol əliylə yapışdı gövdəsindən:
–İndi səni dibindən kəsəcəyəm, ay ağac! – Baltanı dik qaldırıb, cəld ağaca tərəf apardı… baltanın ağzını astaca dirədi gövdəsinə. – Çiçək aç, bar ver! – Kişi dərindən nəfəs alıb, baltanı yenidən başının üstünə qaldırdı, geri çəkilib yenidən cumdu ağaca. – Dibindən kəsəcəyəm səni! Çiçək aç, bar ver! – Baltanı qəflətən endirib, yavaşca ağzını dirədi ağacın gövdəsinə. – Sonra da baltanı yerə atıb, alnının tərini sildi:
–Yaman yoruldum, Şəmşəm!
–Nə iş gördün ki, baba?!
–Bu həyəcana hər ürək dözməz, bala! Elə bilirsən təkcə Armud ağacıydı qorxan?! Mən özüm ondan da bərk qorxurdum!
–Ağac da qorxar, ay baba?!
–Nəfəs alırsa, gül açırsa, bar verirsə, niyə də qorxmasın?!


Yaz girəndən 20 gün sonra bir səhər gördük Armud ağacı yarpaqlayıb. Bir gün də babam Zeynəblə məni çağırdı:
–Ay bala, nə yatmısınız, Armud ağacı ayılıb!
–Çiçəəək… – Bağırışdıq. Armud gül içində üzürdü…
2 illik fasilədən sonra Armud ağacı bar verdi.
Ağacın bizə bəxş elədiyi sevincə Maral da öz payını qatırdı – hər səhər armud ətirli bir sərnic süd verirdi bizə.

22-24.05.2025, 07-16.05. 2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Kimdir günahkar

Namiq Müslümovun yazıları

KİMDİR GÜNAHKAR
(hekayə)

Nazim qəfil bir diksinmə ilə yerindən atıldı. Sanki kimsə kürəyinə sərt bir şillə vurmuşdu. Cəld çevrilib arxasına baxdı, amma heç kəs yox idi. Üstü gül-çiçəklə örtülmüş iki yanaşı məzarın qarşısında çöməlib oturmuşdu. Havanın yavaş-yavaş qaraldığını, bədəninin isə üşütmədən əsdiyini indi hiss elədi. Nazimə elə gəldi ki, ətrafda ucalan soyuq məzar daşları birdən-birə canlanıb insana çevrilir; ona istehza ilə baxır, öz aralarında pıçıldaşırlar. Bədənindən soyuq bir gizilti keçdi. Təşviş içində ayağa qalxıb, iti addımlarla məzarlığın çıxışına tərəf yeriməyə başladı…
Nazim Bakıda doğulub boya-başa çatmışdı. Atası bu kənddən olduğu üçün uşaqlığının hər yay tətilini burada – babasıgildə keçirərdi. Babası mahir ovçu idi, tez-tez dağlara ova gedərdi. Nazim nənəsi ilə evdə qalar, gecələr yuxuya getməzdən əvvəl xəyalında babasının sıldırım qayalarda ayılarla, canavarlarla mübarizəsini canlandırardı. Onun uşaq təxəyyülündə canavarlar və ayılar babasının ən böyük düşmənləri idi. Çünki onlar babasının ovlayacağı ceyranı, cüyürü ondan qabaq tutub yeyir, qocanı evə əliboş qayıtmağa məcbur edirdilər.
Kənddə Nazimin əmisi və bibisi də yaşayırdı. Bibisinin ondan üç yaş kiçik Leyla adında qızı, əmisinin isə həmyaşıdı Fərhad adlı oğlu vardı. Eyni yaşda olmalarına baxmayaraq, Fərhad daha iri-sümüklü, qarayanız və qıvrımsaç idi; Nazimdən daha böyük görsənirdi. Nazim kəndə gələndə Fərhadın sevinci yerə-göyə sığmazdı. Çünki atası Nazimin velosipedini də özü ilə gətirirdi. Fərhad gün boyu o velosipedin belindən düşməzdi.
Hər sabah nənəsinin hazırladığı təzə qaymağın, pendirin dadına baxıb evdən çıxar, kəndi dolaşar, sonra çayda düzəltdikləri bənddə – “göl”də çimərdilər. Günorta yeməyindən sonra bir-iki saat mürgüləyib, axşama doğru kənd uşaqları ilə futbol oynamağa qaçardılar. Lakin illər keçdikcə Fərhad daha az görünməyə başladı. Atası onu artıq hər sabah özü ilə sahəyə aparır, əkin-biçin işlərinə qoşurdu. Dostu işə gedəndə Nazim tənha qalırdı.
Zaman keçdikcə kənd Nazim üçün darıxdırıcı olmağa başladı. Artıq gəlmək istəmirdi. Həm də atasının imkanları artmışdı; hər yay Antalyaya, Avropanın müxtəlif şəhərlərinə səyahət edirdilər.
Nazim orta məktəbi bitirib Türkiyədə ali təhsil aldı. Fərhadın isə əsgərliyə getdiyini eşitmişdi. Yolları çoxdan ayrılmışdı. Təhsilini tamamlayıb Bakıya döndü və atasının şirkətində işə başladı. Artıq evlənmək vaxtı da yetişmişdi. Nazim şəhər mühitində böyüsə də, ömrünün ən saf və unudulmaz anları o uzaq kəndlə bağlı idi. Babası və nənəsi o Türkiyədə oxuduğu illərdə dünyalarını dəyişmişdilər; təəssüf ki, heç birinin dəfnində iştirak edə bilməmişdi.
Avqust ayı idi. İşə yeni başlamasına baxmayaraq, birdən-birə içini qəribə bir darıxmaq hissi bürüdü. On il idi ki, kəndə ayaq basmırdı. Atasından icazə alıb babasının və nənəsinin məzarlarını ziyarət etmək üçün yola düzəldi. Yeni aldığı avtomobili ilə kəndə daxil olanda ilk dayandığı yer yol kənarındakı bulaq oldu.
Bulağın suyu buz kimi sərin idi. Nazimə elə gəldi ki, suyun fərqli bir dadı, ətri var – uşaqlığının qoxusu gəlirdi bu sudan. Kənarda oturub keçmişi vərəqlədi. Fərhadla bura nə qədər gəlmişdilər… Hətta velosipedini neçə dəfə burada yumuşdu. “Görəsən Fərhad hardadır?” – deyə düşündü. Atası ilə əmisinin arası o qədər də yaxşı deyildi. Nazim heç vaxt əmisigildə gecələdiyini xatırlamırdı. Anasından öyrənmişdi ki, bu soyuqluğun səbəbkarı Fərhadın anasıdır. Qadın Nazimgilin şəhərdə yaşamasına, imkanlı olmalarına paxıllıq edər, arxalarınca qarğış tökərmiş. Bibisi də elə buna görə gəlinləri ilə dalaşmışdı. “Bəs Fərhad? O niyə məni axtarmadı?” deyə fikirləşdi, amma dərhal da özünü qınadı: “Sanki mən onu axtarmışam? Üstəlik mənim imkanım ondan qat-qat çoxdur.”
Qəfil bir səs onu xəyal aləmindən qopardı:
– Salam. İcazə olar, su doldurum?
Qarşısında gülümsəyən bir qız dayanmışdı. Nazim cəld ayağa qalxıb, “buyurun” deyərək kənara çəkilidi. Qızın səsi də, siması da heyrətamiz dərəcədə gözəl idi. Əynindəki geyim sadə olsa da, ona xüsusi bir yaraşıq verirdi. Nazim bir anlıq qızı məşhur modellərə bənzətdi; onu dəbdəbəli donlarda təsəvvür etməyə çalışdı. Doğrudan da, qızın üzündəki o məsum ifadə gözəlliyinə fərqli bir nur qatırdı.
Nazim özündən asılı olmayaraq telefonunu çıxarıb gizlincə onun şəklini çəkdi. Sonra bir az utana-utana soruşdu:
– Mən də əslən buralıyam. Fərhadın əmisi oğluyam, Bakıdan gəlmişəm. Adım Nazimdir.
– Çox gözəl. Xoş gəlmisiniz, – deyə qız nəzakətlə gülümsədi.
– Çox sağ olun. Bəs siz? Siz də bu kənddənsiniz? Adınız nədir?
– Bəli, mən də buralıyam.
Qız dolmuş qablarını götürüb, adını demədən sürətlə uzaqlaşdı. Nazim onun hara getdiyini, hansı qapıya yönəldiyini görmək üçün arxasınca baxdı. Qız yaxınlıqdakı darvazadan içəri girən kimi, Nazim o qapının da şəklini çəkib cəld maşınına oturdu…
Nazim boz rəngli darvazanın önündə maşını saxlayıb aşağı endi. Darvazanın bağlı olduğunu görüb, adəti üzrə yerdən bir daş götürdü və bibisigilin evinə gedən qaz borusunu döyməyə başladı. Kənddə qapı zəngini elə bu qaz boruları əvəz edirdi. Ev həyətin o başında yerləşdiyindən səsləməklə ev sahibinə səs çatdırmaq mümkün deyildi. Nazim uşaqlıqdan görmüşdü: kim gəlirdisə, əlinə keçən bir daşla borunu döyəcləyirdi. Bu səs evin hər küncündən aydın eşidilir, gələnin xəbərçisi olurdu.
– Kimdir? – deyə həyətdən bir səs gəldi.
– Mənəm, ay bibi, Nazim!
– Bibi qurban olsun sənə!
Nazim cəld maşının yük yerini açıb bibisigil üçün gətirdiyi hədiyyələri götürdü. Elə bu an darvazanın kiçik qapısı açıldı və 40-45 yaşlarında bir qadın göründü. Qollarını geniş açaraq Nazimə tərəf gəldi və onu bərk-bərk qucaqladı:
– Ay bibisinin bir dənəsi, xoş gəlmisən! Sən hara, bura hara? Gör neçə ildir görmürəm səni, kəndə gəlmirsən, ay etibarsız.
– Xoş gördük, ay bibi. Vallah vaxt olmur. Kənd üçün çox darıxıram, amma necə gəlim? Baba yox, nənə yox… Fərhadın harda olduğunu bilmirəm. Səni də ki, ay bibi, heç bir il deyil görmüşəm, tez-tez Bakıya gəlirsən də.
Nazimin bibisinin qızı Leyla Bakıda universitetin birinci kursunu bitirmişdi. Bibisi qızına baş çəkmək üçün tez-tez şəhərə gedirdi. İndi yay tətili olduğu üçün Leyla da kəndə, anasının yanına dönmüşdü.
– Sənə onsuz da söz çatdırmaq olmur. Gəl, keç içəri, – deyərək bibisi Nazimi həyətə dəvət etdi. Darvazanı bağlayıb Nazimin əlindəki paketlərdən bir neçəsini götürdü:
– Bu nədir? Nə əziyyət çəkmisən? Özün gəlmisən, bəsdir. Səndən nəsə uman var?
– Əziyyət deyil, ay bibi. Anam verib. Dedi ki, daha uşaq deyilsən əliboş tullana-tullana kəndə gedəsən; qonaq yerinə əliboş getməzlər.
– Anan başqa arvaddır, maşallah, göz dəyməsin. Yoxsa o Əminə…
Əminə Nazimin əmisi arvadı, Fərhadın anası idi. Nazim bilirdi ki, bibisinin ondan heç xoşu gəlmir. Əmisi Əminəni vaxtilə qonşu kənddən qaçırmışdı. Kənddə qonşu kəndin gəlinlərini bir o qədər bəyənməz, onlara “həyasız” deyərdilər. Nənəsi həmişə deyərmiş: “Sənin atanı evləndirdik, əmin paxıllığından gedib tələm-tələsik qız qaçırtdı”. Nazimin əmisi atasından bir yaş kiçik olsa da, həyatları tam fərqli idi. Atası ali təhsil alıb ucalmış, əmisi isə oxumamışdı. Nənəsinin təbirincə desək, o, “avara bir uşaq” idi. Qardaşların arası da bu səbəbdən həmişə soyuq olmuşdu. Atası uzaqda olsa da, tez-tez əmisini danlayır, “Barı valideynlərimizə kömək elə, bir işin qulpundan tut” deyirdi. Hətta bir dəfə əmisinə əl qaldırdığı da danışılırdı.
Lakin bütün bunlara rəğmən, Nazimlə Fərhad uşaq vaxtı çox mehriban idilər, sanki qardaş kimi böyüyürdülər. Böyüdükcə bu bağlar da zəiflədi. Nazim Türkiyəyə təhsilə yollandı, Fərhad isə əsgərliyə getdi. Xidmətini bitirdikdən sonra isə orduda qalıb “MAXE” (müddətdən artıq xidmət edən hərbi qulluqçu) olmuşdu.
Nazim üzünü bibisinə tutub soruşdu:
– Fərhad haralardadır? Necədir?
– Harda olacaq? Orduda. O yazıq uşaq da anasının əlindən didərgin düşüb, özünü ölümə yollayıb.
Nazim düşündü ki, əslində Fərhadın bu seçimində anası qədər atasının da günahı var idi, lakin bibisi hər zaman olduğu kimi öz qardaşını müdafiə edirdi. Gülümsəyərək cavab verdi:
– Ölümə niyə, ay bibi? Halaldır ona, vətəni qoruyur. Bundan şərəfli iş var?
– Ona sözüm yoxdur, amma təhlükədir də, hər an ölümlə üz-üzədir. Əminin də ondan başqa kimi var ki? Keç içəri, keç.
Evin eyvanına çatanda Nazim bibisini irəli ötürüb içəri keçdi. Əlindəkiləri yerə qoyub birbaşa divarda asılmış babası ilə nənəsinin şəklinə tərəf yeridi. Bu zaman içəri otaqdan Leyla çıxdı:
– Xoş gəlmisiniz.
– Sağ ol, Leyla. Necəsən?
– Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Dayım, gəlinbacım necədirlər?
– Hamısı yaxşıdır, salamları var.
Leyla ondan üç yaş kiçik olsa da, böyüdükdən sonra Nazimə “siz” deyə müraciət etməyə başlamışdı. Nazim bir-iki dəfə etiraz etsə də, Leyla xasiyyətini dəyişməmişdi.
– Leyla, çay süz, qızım, – deyə anası səsləndi və Nazimi yanına – divana çağırdı:
– Gəl, əyləş. Danış görək, nə var, nə yox? Eşitdim işə başlamısan, xeyirli olsun. Allah ruzini bol eləsin.
– Çox sağ ol, ay bibi. Həsən dayı hardadır bəs?
Həsən Nazimin bibisinin əri idi. Kənddə “xaltura” edər, maşını ilə şəhərə sərnişin daşıyardı. Nazim atasından onun haqqında həmişə müsbət sözlər eşitmişdi: “Həsən halal adamdır, xeyirə-şərə yarayandır”.
Bibisi çayı Nazimə tərəf sürüşdürərək dedi:
– İşdədir, indi gələr. O da neyləsin, sübhdən çıxır, gecə qayıdır. Yaşlanıb artıq, əvvəlki gücü yoxdur, hiss edirəm ki, sükan arxasında çox yorulur. Götür iç çayını… Leyla, atana zəng elə, de ki, Nazim gəlib, tez gəlsin. Uzaqdadırsa, biz yeməyimizi yeyək, uşaq uzaq yoldan gəlib.
Leyla atasının 10 dəqiqəyə çatacağını xəbər verib anasının yanında oturdu, amma bibisi dərhal onu tərpətdi:
– Nə oturmusan? Dur yeməyi isit. Demədin atan gəlir?
Nazim müdaxilə etdi:
– Dayan, ay bibi, hələ Həsən dayı gələcək, yuxarı çıxacaq… Qoy qız bir udum çayını içsin. Leyla, imtahanları necə verdin? Kəsirin olmadı ki?
– Yox, üç imtahanım vardı, hamısını verdim. Bir beş, iki dörd.
– Ay maşallah, təbrik edirəm!
Nazim sonra söhbəti əsas məqsədinə gətirdi:
– Bibi, mən bura babamla nənəmin məzarını ziyarət etməyə gəlmişəm. Heç görməmişəm oraları. Səninlə gedək, yoxsa Həsən dayı ilə?
– Qoy Həsən gəlsin, baxarıq. Mən də getmək istəyirəm, bəlkə elə üçümüz birlikdə getdik.
Həsənin köhnə maşını ilə məzarlıqdan qayıdırdılar. Nazim öz maşını ilə getmək istəsə də, ona mane olmuşdular: “Qəbiristanlığın yolu çox bərbaddır, sənin maşınının altı dəyər, heyifdir”. Həsən onları evə düşürüb: “Məni müştəri gözləyir, axşam görüşərik” – deyərək tələsik uzaqlaşdı. Əslində Nazim anlayırdı ki, bibisi Həsəni bazarlıq etməyə göndərib, müştəri sadəcə bəhanədir. Axı Bakıdan ən əziz qonaqları gəlmişdi, axşama böyük məclis qurulmalı, qohum-qonşu çağırılmalı idi.
Nazim həyətə keçən kimi bəhanə ilə Leylayanı kənara çəkdi:
– Leyla, gəl bir az bağı dolaşaq. Çoxdandır kəndə gəlmirəm, görüm ağacları tanıya bilirəmmi?
Nazim səbirsizliklə bayaq gördüyü qız haqqında danışdı, telefonundakı gizli şəkli və darvazanın fotosunu göstərərək onun kimliyini soruşdu. Leyla qızı dərhal tanıdı:
– Onun adı Firuzədir, bu il məktəbi bitirib. Bildiyim qədər çox yaxşı qızdır, valideynləri də abırlı adamlardır. Amma ən dəqiqini anam bilər, istəyirsinizsə ondan soruşaq.
Nazimin qərarı artıq qəti idi. O, Firuzəyə ilk baxışdan vurulmuşdu. Leyla ilə birlikdə evə qayıtdılar. Leyla içəri girən kimi anasına tərəf yüyürdü:
– Ana, sənə şad xəbərim var! Nazim kənddən qız bəyənib.
– Kimi?
– Cəlal əminin qızı Firuzəni.
– Ay oğul, sən bura indi gəlmədin? Nə tez qız tapdın? Harda gördün onu? – deyə bibisi heyrətlə Nazimə baxdı.
Nazim olanları danışdı:
– Aşağıdakı bulaqda gördüm, ay bibi. Su doldurmağa gəlmişdi, çox xoşuma gəldi. Necə ailədirlər?
– Çox yaxşı adamlardır. Atası da, anası da zəhmətkeş, sakit insanlardır. Qız haqqında da bu vaxta qədər bir artıq-əskik söz eşitməmişəm. Bakıda oxuyan bir böyük qardaşı da var. Kasıbdırlar, deyilənə görə oğlana pul göndərə bilmirlər, uşaq həm işləyir, həm də oxuyur. Düz seçim etmisən, Nazim. Mən qızın anası ilə danışıb ağızlarını arayaram, sonra elçiliyə gələrsiniz.
Vağzalının sədaları kəndin dar küçələrinə yayılırdı. Firuzə Nazimin qoluna girmiş, ata evinin pilləkənlərini ehtiyatla enirdi. Nazim qızın səssizcə ağladığını görsə də, buna böyük əhəmiyyət vermirdi. Düşünürdü ki, on yeddi il yaşadığın evi tərk edib yad bir ailəyə, tanımadığın bir şəhərə getmək asan deyil. Əslində Nazim özü də Firuzəyə yad idi; bir-birlərini cəmi bir neçə dəfə görmüş, üst-üstə toplasan yüz kəlmə kəsməmişdilər.
Nazim gəlini öz maşınına əyləşdirib qapını örtdü. Anası və bibisi də maşına əyləşdikdən sonra dörd maşınlıq karvan Bakıya tərəf yola düşdü. Nazimə hər şey yuxu kimi gəlirdi; cəmi iki ay əvvəl məzar ziyarətinə gəlmişdi, indi isə ömürlük həyat yoldaşını götürüb aparırdı. İki gün sonra Bakının şadlıq saraylarından birində toyları olacaqdı. Toya qədər isə Firuzəni el adəti ilə uzaq bir qohumun evinə qoyacaqdılar.
Ertəsi gün Nazim iş otağında oturub sabahkı toyu düşünürdü. Qəfildən telefonu zəng çaldı: “Leyla”. Telefonu açan kimi bibisinin fəryad dolu səsi eşidildi:
– Nazim, tez evə gəl! – və xətt kəsildi.
Nazim geri zəng etsə də, telefonu söndürmüşdülər. Cəld iş yerindən çıxıb evə tərəf qaçdı. Həyətə çatanda təcili yardım maşınını görüb ürəyi yerindən oynadı. İkinci mərtəbəyə lifti gözləmədən qaçaraq qalxdı. Qapı açıq idi, qonşular dəhlizə toplaşmışdı. İçəri girəndə anasını divanda uzanan, həkimin isə onun təzyiqini ölçdüyünü gördü.
– Nə olub? Nə baş verir burada? – deyə bağırdı.
Həkim anasının təzyiqinin normaya düşdüyünü deyib çıxıb getdi. Nazim anasının yanında diz çökdü:
– Ana, qorxutma məni, nə olub axı? Anası gözlərini qaçıraraq: “Heç nə, oğlum, təzyiqim qalxdı birdən…” – desə də, Nazim inana bilmirdi. Bibisinin və Leylanın gözləri ağlamaqdan qıpqırmızı idi. Qonşular dağılışandan sonra anası titrək səslə dedi:
– Nazim, maman qurban, möhkəm ol. Sənə deyəcəyim var…
Başımıza müsibət gəlib. Firuzə özünü balkondan atıb.
Nazim yerindən dik atılıb qapıya tərəf qaçmaq istəyəndə bibisi onun qolundan yapışdı:
– Səbirli ol, Nazim! Atan onsuz da oradadır.
Elə bu an bibisinin telefonuna Həsən dayıdan zəng gəldi. Bibisi cəmi bir kəlmə “Bəli” deyə bildi və “Fərhad!” deyərək divana çökdü.
Kənd sarsılmışdı. Bir gündə iki yas, iki faciə… Biri kəndin yuxarı başında, o biri aşağı. İki tabut insanların çiyinlərində eyni vaxtda kəndin ortasındakı qəbiristanlığa doğru irəliləyirdi. Göydən baxanda sanki iki nəhəng ilan ağzında tabut tutub qəbiristanlığa doğru sürünürdü.
Onları yanaşı qazılmış məzarlarda dəfn etdilər. Nazim belə istəmişdi: “Bu dünyada qovuşmadılar, heç olmasa orada yanaşı olsunlar”. Bütün dəfn xərclərini Nazimin atası boynuna götürmüşdü.
Nazim məzarların başında heykəl kimi dayanmışdı. Leylanın yolboyu ona danışdıqları qulaqlarında əks-səda verirdi: Sən demə, Firuzə ilə Fərhad bir-birlərini gizlicə sevirlərmiş. Nazimgil elçi gələndə Firuzə anasına yalvarıb: “Mən Fərhadı sevirəm”.
Amma anası etiraz edib: “Fərhadın anası həyasızın biridir, o iki ailəni müqayisə etmək olmaz. Fərhad hərbçidir, hər an ölümü gözünün qarşısındadır. Səni öz əlimlə bədbəxt edə bilmərəm”. Digər qohumlar da “Nazim imkanlıdır, şəhərdə yaşayacaqsan, ailənə əl tutarsan” – deyərək qızı küncə sıxıblar. Firuzə çarəsiz qalıb razılaşıb.
Toya bir gün qalmış Fərhad Firuzəyə görüntülü zəng edib, vəfasızlığına görə onu qınayıb və canlı yayımda özünü silahla vurub. Bunu görən Firuzənin ağlı başından çıxıb və özünü eyvandan atıb…
…İnsanlar yavaş-yavaş məzarlıqdan dağılışdı. Nazim isə yerindən tərpənmirdi. Atası gəlib qolundan tutanda: “Ata, tək qalmaq istəyirəm” – dedi. Saatlar keçdi. Nazim vicdan əzabı içində o iki təzə məzara baxırdı. İki gənc canına qəsd etmişdi.
Nəhayət, Nazim ağır addımlarla məzarlıqdan çıxıb maşına əyləşdi. Qızarmış gözlərini atasına dikib, boğuq bir səslə soruşdu:
– Ata, kimdir günahkar?

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Heç kim

Heç kim
(hekayə)

Hava yavaş-yavaş qaralırdı. O, yorğun addımlarla evinə tərəf gedirdi. Yaşadığı binanın qarşısına çatanda qeyri-ixtiyari ətrafa boylandı. Nə həyətə çıxan vardı, nə də tanış sima gözə dəyirdi. Dərin nəfəs alıb giriş qapısından içəri keçdi. Mənzili birinci mərtəbədə idi. Buna görə də çox keçmədən qapısının önündə dayandı. Əlini cibinə atıb açarı axtardı. Tapmadı. Qapının zəngini basdı. İçəridən səs gəlmədi. Bir qədər gözləyib qapını ehmalca döydü. Yenə cavab verən olmadı. “Görəsən, hardadılar?” Bir neçə dəqiqə də gözlədi. Sonra yenidən qapını döydü. Səs gəlmirdi. Axırda aşağı enib həyətdə gözləməyə qərar verdi.

Skamyada oturmuşdu ki, birdən gözü şüşəbəndə sataşdı. Açıq pəncərədən 8-9 yaşlarında bir uşaq həyətə baxırdı. Az sonra onun yanında gənc qadın göründü. Qadın uşağa nəsə deyib pəncərəni örtmək istədi. O, cəld ayağa qalxıb səsləndi:

— Ay xanım, olar bir dəqiqə?

Qadın sanki onu eşitmədi. Pəncərəni bağladı və uşaqla birlikdə otağa çəkildi.
Onun ürəyinə narahatlıq çökdü: “Bunlar kimdir? Mənim evimdə nə edirlər? Niyə qapını açmırlar?” Tələsik yenidən binaya girdi. Qapını bir neçə dəfə döydü, zəngi ard-arda basdı. Açan olmadı. Həyəcanı getdikcə artırdı: “Yoxsa səhv gəlmişəm? Bura mənim evim deyil? Elədirsə, niyə içəridəkilər səs vermirlər?” Yenidən aşağı düşüb çaşqın halda ətrafa baxdı və keçib skamyada oturdu. Artıq hava tamam qaralmışdı. Pəncərədən sızan işıq və hərəkət edən kölgələr göstərirdi ki, evdə adam var. Başının içində dolaşan fikirlər bir-birinə qarışırdı. Gözlərini yumdu. Nəyisə xatırlamağa, bu anlaşılmazlığın səbəbini tapmağa çalışdı…

Qəfil gələn maşın səsi onu diksindirdi. Gözlərini açdı. Ətrafa baxdı. Nə bina vardı, nə həyət, nə də skamya. Qarşısında ensiz asfalt yol uzanırdı. Yolun kənarındakı daşın üstündə oturduğunu anlayıb cəld ayağa qalxdı. Bura onun doğulub boya-başa çatdığı kənd idi. Səhər yenicə açılırdı. Qəribədir, az əvvəl şəhərdə idi, indi isə kənd yolunda dayanmışdı. Necə gəldiyini anlamadan addımlamağa başladı. Ata evi çox da uzaqda deyildi.

Darvazanın ağzında dayanıb həyətə baxdı. Divarlar uçub tökülmüş, həyəti kol-kos basmışdı. Evin damı əyilmişdi, sanki bir azdan çökəcəkdi. Hər yerdən viranəlik yağırdı. Bəlli idi ki, bu qapıdan illərdir girib-çıxan olmayıb. Geri çəkilib nə baş verdiyini anlamağa çalışdı. Qəhər onu boğdu.Öz-özünə: -Qoy görüm, tanış adamlardan kimi tapıram, -deyə
yola düzəldi. Kəndin küçələri, yolları, həyətlər, ağaclar ona doğma idi. Amma qarşısına çıxan üzlərin heç biri tanış gəlmirdi. Bir neçə qohumunun evinin önündən keçdi. Həyətdə yad adamlar vardı. “Mənə nə olub? Yaddaşımı itirmişəm? Axı hər yeri tanıyıram. Bəs insanlar niyə yaddır?” Bu suallar beynində səsləndikcə addımları ağırlaşırdı. Birdən özünü məzarlığın girişində gördü. Necə gəldiyini özü də bilmədən içəri keçdi. Atasının məzarı olan tərəfə yönəldi. Uzaqdan baxanda atasının qəbrinin yanında yeni başdaşı gördü. Addımlarını sürətləndirdi. Sinəsində qəribə ağrı baş qaldırdı. Yaxınlaşıb başdaşının üzərindəki şəklə baxanda qanı dondu. Şəkildəki adam özü idi. Nəfəsi kəsildi. Dizləri üstə yerə çökdü: “Bu necə ola bilərdi? Nə vaxt ölmüşdü? Kim gətirib onu burada basdırmışdı?” Qışqırmaq istədi. Səsi çıxmadı.
Sinəsi daralırdı. Nəfəs ala bilmirdi. Təlaş içində ətrafa boylandı və var səsi ilə qışqırdı:

— Mən kiməm?!

Qan-tər içində yatağından dik atıldı. Dodaqları əsə-əsə eyni sözləri təkrarlayırdı:
“Mən kiməm? Mən kiməm?” Bədəni titrəyirdi. Gözlərini otaqda gəzdirəndə yorğan-döşəyin içində olduğunu gördü. Tədricən nəfəsi düzəldi. Gördüklərinin yuxu olduğunu anladı. Ancaq yuxunun təsiri canından çıxmamışdı. O, yuxuda gələcəyinə getmişdi. Elə bir gələcəyə ki, orada onu tanıyan yox idi. Adı, varlığı, iddiası, qüruru heç nəyə çevrilmişdi. O, heç kim olmuşdu. Elə həmin anda dünən baş verən hadisə yaddaşında canlandı.

Bir gün əvvəl oğlu məktəbdən evə cırılmış paltarla, üz-gözü göyərmiş halda qayıtmışdı. Məlum olmuşdu ki, sinif yoldaşı ilə dalaşıb. Dərhal məktəb direktoruna zəng etdi, səhər məktəbə gələcəyini bildirdi. Oğlunu döyən uşağın valideyninin də orada olmasını tələb etdi.
Səhər tezdən oğlunu götürüb məktəbə yollandı. Direktorun otağına daxil olan kimi uşağı görüb özünü saxlaya bilmədi. Atasının və direktorun gözü qarşısında uşağa şillə vurdu. Sonra qəzəblə bağırdı:

— Sən kimsən ki, mənim oğluma əl qaldırırsan?!

Ardınca üzünü direktora və uşağın atasına tutdu. Səsi daha da sərtləşdi:

— Siz bilirsiniz mən kiməm? İstəsəm, bir günə sizi yox edərəm. Mənim uşağıma heç kim əl qaldıra bilməz!

Otaqda ağır sükut çökdü. Direktor dinmədi. Uşağın atası ona yaxınlaşdı. Gözlərinin içinə baxıb aramla dedi:

— Sənin kim olduğunu bilmirəm. Amma onu çox yaxşı bilirəm, bir gün heç kim olduğunu anlayacaqsan.

Sonra oğlunun əlindən tutdu və iti addımlarla otaqdan çıxdı

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Günay Əliyeva – Ayaqqabı

AYAQQABI
(hekayə)
Dəmir torla hasara alınmış həyətin içərisində çiy kərpicdən tikilmiş bir ev var idi. Evin tavanı quru ağacla örtülmüşdü, döşəməsinə isə seyrək toxunuşlar arasında yaşıl otların baş qaldırdığı həsir salınmışdı.

     Otağın baş tərəfində, qırmızı güllü döşəyi sərilmiş çarpayını yığışdıran, əyinlərində ağ, qırmızı çiçəkli don olan yeddi yaşlı qıyıqgözlü əkiz qızlar, içərisi qaz tükü ilə doldurulmuş yastığı dartıb, onu kimin cehiz aparacağını müəyyən edə bilməyərək bir-biri ilə çəkişirdilər.

    Otağın küncündə, üzərində yamamaq üçün biz, çəkic və müxtəlif mıxlar olan masaya tərəf əyilib işini görən atalarından sanki çəkinirdilər.

    Atasının yanında diz çökərək nəzərlərini onun əlindəki cırıq ayaqqabıya zilləmiş, arıq, gözləri çuxura düşmüş, çopur üzlü, yanaqları batıq, boynunda sapla düzülmüş ləçəklərdən ibarət çobanyastığı boyunbağısı olan altı yaşlı Bahar, hərdən bir bacılarına göz ağardaraq onları sakitləşdirməyə çalışsa da, xəyalında ayaqqabıları ayağında olan Nicatın, üzərinə çobanyastığı düzülmüş taxtadan hazırlanmış tütəyi dodaqlarına sıxaraq arxın suyunu qırçınlayan, yarpaqları əsdirən qırmızı dimdikli, sapsarı ördək balalarını ovsunlamasını xatırlayırdı.

    Ata əlindəki uc tərəfi balıq ağzı kimi açılmış, üstünə qəhvəyi parçadan yamaq vurulmuş, altlığı it qulağı kimi sallanan, bir neçə yerindən ağ kəndirlə bağlanmış qara rəngli cırıq ayaqqabını divar dibində təpə kimi yığılmış ayaqqabıların üstünə atdı. Bunu görən Bahar hövlnak yerindən qalxdı.

     Atılan köhnə, cırıq ayaqqabını bağrına basaraq atasından onu mütləq təmir etməsini yalvara-yalvara xahiş etdi. Bundan əsəbiləşən pinəçi Vəli dedi:
– O əzizlədiyin ayaqqabını apar, alkaş Nəcəfin oğlu Nicatın təpəsinə vur! De ki, avaralanmaqdansa getsin ot yığsın, mal-qaraya baxsın, pul qazansın, özünə bir ayaqqabı alsın. Artıq mən bu ayaqqabılara yamaq üstündən yamaq vurmaqdan bezmişəm. Daha ələ gələsi deyil. Ayaqqabı elə bil adamın əlindən “qaçmaq istəyir”.

       Bahar atasına dedi:
– Ata, bəlkə bir təhər yamaq vurub düzəldəsən? Onlar çox kasıbdırlar. O, bulaqdan su gətirəndə həmişə mənə kömək edir. Axı onun bundan başqa ayaqqabısı yoxdur…

      Bunu deyərkən göz yaşları sel kimi axan qızının halını görən ata sanki bir anlıq yumuşaldı. Lakin dərhal özünü toparlayıb dedi:
– Ay anasına oxşamış həyasız! Onun atası araq içib alkaşlıq edəcək, harda gəldi yıxılıb qalacaq, mən də onun yetimçəsinə ayaqqabı düzəldəcəyəm? Qoy rədd olsun! Elə bilirdim ki, sən saçına hər dəfə çiçək taxıb bulağa gedəndə bir iş çıxacaq. Əlinə bir az yun düşən kimi götürüb bulağa qaçırsan, yırğalana-yırğalana yunu yuyursan ki, Nicat sənə baxsın? Yoxsa indi də alkaş Nəcəfin oğluna vurulmusan?

     Ata qəzəblə danışdıqca səsi daha da sərtləşirdi. Nəhayət, ayaqqabı tayını bağrına basıb hıçqıran qızı açıq qapıdan həyətə itələdi.

     Bu anda əkizlərin dartışmasına dözməyən yastıq cırıldı və içindəki qaz tükləri bütün otağa yayıldı.

    Ağappaq qar kimi görünən qaz tükləri havada süzülərək Vəlinin üst-başına qonanda, o qəzəblə ayağa qalxdı. Qızlar atalarının qəzəbini görüb qorxularından çarpayının altından sürünüb çölə qaçdılar.

    Vəli içində bir qədər tük qalan yastığı götürüb həyətə atdı. Yastığın içindən çıxan ağ tüklər sarı-qırmızı çiçəklərin üstünə üzüqoylu uzanmış Baharın və onun yanındakı ayaqqabıların üzərinə kəfən kimi sərildi. Qız gözlərini yumdu.

     Həyətdəki ördək balalarının dairəyə aldığı qız gözlərini açanda Nicatın qanlı ayaqlarını gördü. O, baş barmağı qanayan sağ ayağı və əlləri ilə tükləri aralayaraq ayaqqabılarını götürüb sakitcə uzaqlaşdı.

     Bahar ayağa qalxıb qapının yanındakı qaloşları götürdü və oğlanın ayağından axan qanın iz saldığı çoban yastıqları arasından onun ardınca qaçdı.

    Arxın kənarında iri bir daşın üstündə oturan Nicat əl atıb, ağ ləçəkləri qana bulaşmış çobanyastığından birini qıza uzatdı. Qızın gözündən axan yaş əlindəki çobanyastığının üzərinə düşərək inci kimi parladı.

    Qız qaloşları daşın yanına qoyaraq, əlindəki çobanyastığı ilə evə qayıtdı.

    Cırıq ayaqqabılarla evə qayıdan Nicat özünü üzüstə çarpayıya atdı. Gecənin bir yarısı ayılarkən, yanındakı çarpayıda saqqallı atasının uzandığını gördü. Başını yana çevirəndə, üzərinə ay işığı düşmüş ayaqqabılar gözünə sataşdı.

    Bir an düşündükdən sonra cəld yataqdan qalxıb ayaqqabıları götürdü və qanı qurumuş ayaqlarına geyindi. Lakin ayaqqabının ucundan barmaqları göründüyü üçün onları çıxarıb kənara qoydu.

     Mıxdan asılmış sırıqlını götürüb yatağına qoydu və üstünə yorğanı örtdü ki, yoxluğunu atası hiss etməsin. Sonra otağın küncündəki kisəni və qırxlığı götürərək həyətə çıxdı.

     Qonşu Mehdi kişinin daşdan tikilmiş tövləsinə daxil oldu. Gətirdiyi kəndirlə tövlədəki qoyunlardan birinin ayağını bağladı və qırxlıqla onun yununu qırxıb kisəyə doldurdu. Daha sonra kisəni çiyninə ataraq, gəldiyi kimi sakitcə tövlədən çıxıb qonşu kəndə tərəf yollandı.

     Səhərə yaxın Sənəm nənəgilə çatdı. Qapını döydü. Başında bir neçə yaylıq dolanmış, əynində gen tuman və arxalıq olan Sənəm nənə qapını açıb Nicatı həyətə çağırdı.

     Nicat həyətdə sərilmiş xalçalara heyranlıqla baxırdı. Onun gözü yan tərəfdə taxtın üzərinə sərilmiş xalçanın üstündəki boyunbağılı qız təsvirinə sataşdı. Heyrətləndi — xalçadakı qız Bahara çox bənzəyirdi.

– Sənə ip əyirmək üçün cins qoyun yunu gətirmişəm, – deyə Nicat kisəni qadına uzatdı.

     Sənəm nənə yunu götürüb boynundakı pul kisəsini çıxardı və ehtiyatla soruşdu:
– Ədə, bu oğurluq deyil ki?

– Yox, Sənəm nənə, öz qoyunlarımızındır, – deyə Nicat cavab verdi.

     Sənəm nənə başını yırğalayaraq dedi:
– Atan sərxoşluğu ilə ananı çərlədib öldürəndən sonra qoyunları satıb arağa verməmişdimi?..

     Buna baxmayaraq, o, Nicatla hesablaşdı. Nicat pulu alıb, qırmızı kərpicdən tikilmiş, bəzəkli qapısı olan dükana daxil oldu.

     Dükanın içində divardan asılmış qəhvəyi rəngli ayaqqabılara baxdı və ən yaxşısını seçdi — təmiz dəridən, üstü qaytanlı, möhkəm tikişli bir ayaqqabı.

    Ayaqqabını ayağına geyinərək sevinclə evə qayıdırdı. Birdən yol üstündə atasının onu söydüyünü eşitdi:
– Köpək oğlu, təzə fırıldağa keçib! Sırıqlını yatağına qoyub, cins qoyunların yununu qırxıb aparıb satıb. Pulu götürüb Allah bilir hara qaçıb!

    Bu sözləri eşidən Nicat ayaqqabıları çıxarıb ot tayasının altında gizlətdi və ayaqyalın halda tarlaya tərəf getdi. Atasının uzaqlaşdığını görüb geri qayıdanda dəhşətə gəldi: ayaqqabının bir tayı yerində idi, digəri isə yox idi.

     Gözlərinə inanmadı. Ayaqqabının digər tayının yaxınlıqda duran alabaşın ağzında olduğunu gördü. Nicat ayaqqabını geri almaq üçün onun dalınca qaçdı. Bu zaman arxın kənarında yun yuyan Baharla rastlaşdı.

– Təzə ayaqqabı almışdım, itimiz bir tayını aparıb! – deyə əlindəki ayaqqabını göstərərək qaçmağa davam etdi.

     Bahar da yunu kənara qoyub onun dalınca qaçdı. Onlar alabaşı bir müddət qovdular. İt böyürtkən kollarının arasından keçib, daşların üzərindən tullandı və gözdən itdi.

     Onlar yorulub kolluğun kənarında oturdular.

      Bir neçə ay keçdi. Nicat əynində topuğundan yuxarı şalvar, rəngi solmuş, qoltuq altı sökülmüş, düymələrinin bir neçəsi qırılmış köynəyi və ayağında cırıq ayaqqabılarla arxın kənarı ilə fikirli halda gedirdi.

      Birdən arxasınca gələn qoyunlardan biri geri qalaraq suyu onun üstünə sıçratdı. Bu, vaxtilə yununu qırxdığı axsaq qoyun idi.

     Bir az sonra əyilib su götürüb üz-gözünü yuyarkən qəribə mənzərə ilə qarşılaşdı: Baharın yuduğu yunlar boyunbağı kimi dolaşaraq qaytanlı qəhvəyi ayaqqabının içində bitmiş yarpız yarpaqlarına sarılmışdı.

     Bu, vaxtilə alabaşın apardığı ayaqqabı idi.

     Bir neçə gün sonra Nicat köhnə ayaqqabılarını iplə tikib ayaqlarına geyindi və kənddəki mağazada işləməyə başladı. İş ağır olsa da, dolanışığını təmin edirdi. O, böyük “Kamaz” maşınından un kisələrini boşaldıb anbara daşıyırdı.

    Bir gün yorğun halda mağazanın qarşısında oturmuşdu. Birdən yerə düşmüş pul gördü. Ətrafa baxıb heç kəsi görmədikdə pulu götürüb cibinə qoydu.

    Az sonra yaşlı bir qadın — Sənəm nənə ona yaxınlaşıb soruşdu:
– Ay oğul, bayaq burada pulumu itirmişəm, görməmisən?

     Nicat çaşaraq yalan danışdı və pulu gizlətdi.

     Gecə güclü yağış yağdı. Səhər mağazaya gələndə su basdığı üçün işin dayandığını gördü. Günlər keçdi. Sonra o, gizlətdiyi pulu götürmək üçün anbara qayıtdı.

     Lakin pullar islanmış, kiflənmiş və yararsız hala düşmüşdü. Bunu görən Nicat çox peşman oldu.

     O, evə qayıdıb tək qalmış ayaqqabı tayını götürdü və bulağa tərəf getdi. Orada Baharla qarşılaşdı.

– Ayaqqabının o biri tayını tapa bilmədin? – deyə Bahar soruşdu.

– Yox, Bahar. Başa düşdüm ki, zəhmətsiz, düzgün olmayan yolla qazandığım pulla özümə yaxşı bir şey ala bilmərəm, – dedi Nicat.

     Sonra əlindəki ayaqqabını təmiz, axar suya atdı. Ayaqqabı suyun üzərində axıb getməyə başladı.

     Nicat özünü yüngülləşmiş hiss etdi. O, cibindən tütəyini çıxarıb həzin bir hava çalmağa başladı.

    Ayaqqabı suyun üzərində axdıqca, bir ördək balası pəncəsini onun içinə qoyub sanki onunla oynayırdı.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rəssam Türkan və panda Mimi

Rəssam Türkan və panda Mimi

(hekayə)

Bir gün parkda qırmızı alma şəkli çəkirdim. Başımda qırmızı rəssam beretim var idi. Anamın mənə aldığı üstündə panda şəkli olan çəhrayı önlüyümü ilk dəfə idi ki, geyinmişdim. Birdən səs eşitdim. Səs gələn tərəfə baxanda gördüm ki, orada balaca, şirin bir panda dayanıb mənə baxır və gülür. Mən ona dedim:
-Sən nə qəşəng pandasan. Burada nə edirsən?
Panda mənə dedi:

-Mən Bakıya qonaq gəlmişəm. Sənin nə gözəl önlüyün var, sanki üstündə mənim şəklim var.
Bu tanışlıqdan sonra biz dost olduq. Balaca pandanın adı Mimi idi. Biz bəzən parkda görüşürdük. O mənə Yaponiyadan, oradakı dostlarından danışırdı. Mən də ona Türkiyədə – İstanbulda gördüyüm qağayılardan, Eskişehirdə simit verdiyim göyərçinlərdən danışırdım.
Bir gün Mimi məni öz ad gününə qonaq çağırmışdı. Onun ad gününə çoxlu dostları gəlmişdi. Mimi bizi içində şirin kartof, balqabaq, qarğıdalı olan sendviçə və ballı, limonlu kompota qonaq elədi. Biz yedik, içdik, rəqs elədik. Sonda ad günü tortunu süfrəyə gətirəndə tort Miminin əlindən yerə düşdü və kənarları dağıldı. Yazıq Mimi çox üzüldü və ağlamağa başladı. Mən ona dedim ki, ağlamasın, indi mən tortunu düzəldəcəm. Mimiyə hədiyyə apardığım çəhrayı qızılgüllərin ləçəkləri ilə onun tortunun əzilmiş yerlərini düzəltdim. Sonra Mimi tortun üstünə ad günü şamlarını düzdü və ürəyində arzu tutub şamları üfürdü. Hamımız onu təbrik etdik, ad günü mahnısını oxuduq. Mimi yavaşca mənim qulağıma dedi:
-Bilirsən, nə arzu tutdum?
Mən dedim:
-Yox, bilmirəm.
O dedi:

-Səninlə Yaponiyaya gedib oradakı sakura bağçalarında gəzməyi arzuladım.
Mən buna çox sevindim və Mimini qucaqladım.

Redaktə türkoloq, yazar Yusuf Demirağa məxsusdur.

Müəllif: Türkan Alpturan (Hüseynli)

Təqdim etdi: Zaur USTAC

Türkan Alpturan (Hüseynli)nin hekayələri

Türkan Alpturan (Hüseynli) haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rizvan Hacıyev – Yarımçıq hörük

Yarımçıq hörük

(hekayə)

O, həmişə elə geyinərdi ki, yaxasına asılacaq medal mütləq görünsün. Son vaxtlar medalların sancaqla taxıldığını bilsə də, əvvəllər medalın sancaqla, yoxsa vintlə bərkidiləcəyini öncədən hesablayar, geyimini onun yaxada necə dayanacağına uyğun seçərdi. Uzun saçlarını yarıya qədər hörər, açıq rəngli kolqotka isə heç vaxt geyinməzdi. Onu görəndə adamın ağlına ilk gələn fikir bu olurdu:
“Yenə hansısa səhnədən çıxıb gəlib, hələ də roldadır…”
Yubkası üst geyimindən həmişə uzun olardı. Yaşıl rəngdən başqa hər çalarda yubkası vardı. Ayaqqabı seçəndə qotazlardan xoşu gəlmədiyini desə də, ayaqqabıları əksərən elə qotazlı olardı. Al-qırmızı dodaq boyası çantasından əskik olmazdı, amma onu yalnız axşamlar, xalq arasına çıxanda çəkərdi. Addımları adətən sürətli olsa da, dodaqlarına boya çəkilən günlərdə küçələrin bağrına sancılan həzin addımlarla yeriyərdi.
Güləndə yanaqlarında yaranan çökəkləri göstərmək üçün əvvəlcə yerə baxar, sonra başını qaldırar, çöhrəsinə qonmuş o xoş ifadəni baxışları ilə ətrafdakılara paylayardı.
Uzun barmaqlarında həmişə gümüşü üzüklər olardı. Çeçələ barmağı digərlərindən bir qədər qısa olsa da, ilk baxışdan fərq sezilməzdi. Əli üşüyəndə ilk sızlayan baş barmağı olardı. İctimai nəqliyyatda həmişə öz yerini tutar, əlini heç vaxt cibinə salmazdı. Bəlkə də buna görə ciblərinin ağzı tikili paltarlar seçərdi. Boynundan zərif zəncirlə işləməyən qədimi bir saat asardı. Hərdən o saatı barmaqları ilə sığallayaraq sanki zamanın nəbzini yoxlayardı. Sağ çiyninə aşırdığı çantadan isə darağın sapı həmişə görünərdi.
Göz yaşları axanda heç kim ayırd edə bilməzdi ki, sevincdir, yoxsa kədər. Hər iki halda bəbəklərində dərin bir hüzn kölgəsi dolaşardı. Danışarkən sağ əli sola, sol əli sağa elə hərəkət edərdi ki, bədən dilini ondan öyrənmək olardı. Gözünü gözə toxundursa da, kipriklərinin rəqsi heç bir emosiyanın ritminə tabe olmazdı.
Ülfət qədər nazik dodaqları incə belindən daha çox diqqət çəkirdi. Mənim üçün bütün bunlar keçici bir ovqat yaratsa da, ondakı qadınlıq başlanğıcı həmişə özünü göstərirdi. Tanışımın “Qadınların hamısı aktrisadır” deməsi, mənim dərhal “Elə kişilər də…” cavabımı doğururdu. Bu dialoq mənə Asif Atanın məşhur deyiminin yaddaşımda dəyişdirdiyim formasını xatırladırdı:
“Sovet ailəsi bir dam altında iki gəda biri erkək, biri xanım.”
Maraqlısı o idi ki, bu xanımı heç vaxt kiminləsə qoşa görə bilmirdim. Sovet dövründə hamı hansısa cütün parçası idi. İndi isə onda o ənənəvi ailə mənzərəsini görmürdüm. Nə də onu sərbəstliyin simvolu adlandırmaq olardı. O, görünməz, amma sərt bir nizamın içində təkbaşına hərəkət edirdi.
Kim onun haqqında məndən nəsə eşitmişdisə, söz düşən kimi onu soruşurdu. İnsanların onu məndən soruşması boynuma məsuliyyət qoydu ona görə də daha dərindən maraqlanmalı idim. Mən isə qəribə bir qısqanclıqla cavab verirdim. Sanki onu hamıdan qorumaq, bu gizli “rolun” yeganə şahidi olmaq istəyirdim.
Artıq uzaqdan müşahidə yetərli deyildi. Onun dünyasına daxil olmaq üçün onun dilində danışmalı idim. Mən də geyimimdə onunla səsləşən, amma məni də fərqləndirən bir obraz yaratdım. Pencəyimin yaxasındakı köhnə gümüşü sancaq onun medalına bir “parol” idi. Ciblərimi açıq buraxıb əllərimi gizlətməyim, onun tikili ciblərinə sakit bir üsyan idi. Öz sərbəstliyimlə onun nizamını sınağa çəkirdim.
Bir gün onun avtobusdan düşüb uça-uça getməsi məni heyrətləndirdi. Yeniyetmə kimi fırlanması, sol əli ilə tutduğu çantası, palıd rəngli ayaqqabısı, bənövşəyi kəlağayısı… Amma ən çox saçı diqqətimi çəkdi. Hörükləri yenə yarımçıq idi. İçimdə qəribə bir məğrurluq oyandı.
O anda avtobusun pəncərəsindən sıraya daxil olan bir avtomobilə baxdım. Sükan arxasında oturan qadın bir vaxtlar bu yarımçıq taleni tərk edib gedən idi. İndi isə uşağını tək böyüdən fədakar ana kimi öz həyatını yaşayırdı. O da dayanacağa baxdı. Baxışlarında tanış bir həsrət vardı bəlkə də bir zamanlar arzuladığı ailə tablosunun kölgəsi.
Bir anlıq göz-gözə gəldik. O getdi. Mən avtobusda qaldım. Hər ikimiz keçmişin modelindən uzaqlaşmışdıq.
Mən isə yarımçıq bir hörüyün şahidi olmaq arzusu ilə avtobusdan düşdüm və ona yaxınlaşdım.
Gəl saçlarını hörüm…
Qadın yavaşca döndü. Yaxamdakı gümüşü sancağa, boynumdakı şarfa baxdı. Yanağındakı məşhur çökəklər yenə göründü. Çantasından darağı çıxarıb mənə uzatdı və baxışlarındakı hüznü bir cümləyə sığdırdı:⁷
Hörmək asandır… əsas odur ki, düyünləri çözə biləsən.
Zaman öz dairəsində fırlanır, amma heç nəyi dəyişmir. Gərdiş eyni nənniləri eyni ritmlə yelləyir. Hər uzanan saç hörük taleyi yaşamır. Və hər paslanmış saatın əqrəbləri yenidən yerimir.
Bir hündürboylu tanışım deyirdi ki, hündür qadınlardan xoşu gəlmir, uzun saçlar isə yalnız hörükdə gözəl görünür. Mənə isə elə gəlirdi ki, o qadın kimin üzünə baxırsa baxsın, baxışlarında bir sual gizlidir.
Görəsən, qarşısındakı insan onun yarımçıq hörüyünü sona qədər hörə bilərmi?
26.02.2026
(100 illik Türkoloji Qurultay günü yazılıb)

Müəllif: Hacıyev Rizvan

Hacıyev Rizvanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Anar – “Balaca” Fuadın son xahişi.

“Balaca” Fuadın son xahişi

(hekayə)

Taksi Fəxri xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: – Gözlə, indi gəlirik – dedi.

Sürücü: – Burda çox dayana bilmərəm, – dedi, – cərimələyərlər.

– Tez qayıdacayıq.

Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül qoydular.

Şövqü Şəfizadənin boya-boy heykəli onlara zəhmlə, bir az da məzəmmətlə baxırdı sanki.

Rumiyyə yanındakı məzara narazı nəzər atdı: – Elə bil ayrı yer qəhətdi, burda da yanaşı olmalıydılar, – dedi.

Sağ tərəfdəki məzarın üstündə:

FUAD SALAHLI (1918-1976)

yazılmışdı.

Ağ mərmər başdaşının üstündə mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış qabartma-portret vardı. Fuad Salahlıdan fərqləndirmək üçün hamının “balaca Fuad” adlandırdıqları Fuad Mehdiyev daxilən gülümsündü. Təsadüfənmi, ya bilərəkdənmi Şövqünün heykəli və Fuad Salahlının qabartma – portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər. Rumiyyə bəyaz dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Fuad: – Gedək – dedi – sürücünü cərimə edərlər. – Sən get, indi gəlirəm. Fuad çıxışa tərəf addımladı. Rumiyyə atasının heykəlinə bir az da yaxınlaşdı. Əlini heykəlin başına, üzünə çəkdi, sığalladı, sonra çönüb iti addımlarla ərinə çatdı. Taksiyə mindilər, Fuad sürücüyə ünvanı dedi, Rumiyyə açıq sezilən istehzayla: – Oqtay bəyin hüzuruna gedirsən? – dedi.

– Qasım deyib ona xahişimi.

Rumiyyə köksünü ötürdü: – Gör nə günə qalmışıq, Qasımın minnətçiliyinə ehtiyacımız var.

Fuad dinmədi.

Qasım haçansa – Nuh əyyamında – Şövqünün, ondan sonra da Fuadın sürücüsü olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb. İndi də bu, yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi Oqtayın sürücüsüydü. Bütün səylərinə baxmayaraq, heç cür Oqtayla rabitə yarada bilməyən Fuad axır Qasımın vasitəsiylə xahişini ona çatdırdı.

Evlərinin yanında Rumiyyə taksidən endi, Fuad yoluna davam etdi.

lll

Qasımın sürdüyü maşın İdarələrinin qabağında dayandı, Qasım:

– Oqtay qədeş, unutmamısan ki, bu gün Fuad qədeş yanına gələcək.

Oqtay: – Unutmamışam – dedi, maşından düşdü. Qarşısına çıxa biləcək növbənöv xahişçilərdən yayınmaq üçün ətrafa baxmadan iri addımlarla İdarənin qapısına tərəf yeridi. İçəri keçmək istədiyi an qadın səsi eşitdi: – Oqtay!

Oqtay qanrılıb baxdı. Onu çağıran dümağ saçlı qadın idi. Ondan başqa səkidə heç kəs yoxdu. Səs Oqtaya tanış gəldi, həm də məhrəm adam kimi onu adıyla çağırırdı. Oqtay diqqətlə baxdı və diksindi:

– Əsmər? Sənsən?

Əsmər yanaşıb əlini uzatdı – mənəm – dedi – yaxşı ki tanıdın. Çox dəyişmişəm?

Oqtayın etiraz eləməyə dili gəlmədi, amma həm də Əsməri incitmək istəmədi, odur ki, sadəcə: – Sən hara, bura hara? – dedi. – Haçan gəlmisən?

– Bir həftə olar. Telefonun cavab vermir, odur ki, səni burda gözləməli oldum. Bilirəm, başın çox qarışıqdır. Məni beş dəqiqə qəbul edə bilərsən?

– Əlbəttə, bu nə sözdür? Keç.

İkinci mərtəbəyə qalxdılar. Qəbul otağında hələ Fuad Mehdiyevin vaxtından katibə işləyən Nelli onlara salam verdi. Oqtay otağının qapısını açdı, Əsməri içəri buraxdı, sonra özü keçdi, indicə verdiyi sualı təkrar etdi: – Haçan gəlmisən?

Əsmər də təkrarən: – Bir həftə olar, – dedi.

– Xeyir ola?

– Xeyir deyil. Eşitməmisən? Camal rəhmətə getdi.

Oqtay təəssüf hissiylə: – Yox, bilmirdim – dedi, – Allah rəhmət eləsin.

Əsmər:

– Camalın vəfatından sonra Moskvada yaşamaq çox çətin oldu bizə, – dedi. – Xumarı da götürüb – qızımı deyirəm – Bakıya gəlməli olduq.

Oqtay bu gözlənilməz görüşdən, Əsmərin belə dəyişməsindən, Camalın ölüm xəbərindən çaşıb qalmışdı, qarışıq hisslər keçirirdi, adda-budda, dağınıq fikirlər içindən sıyrılıb çıxmaq istəyirdi, hər şeyi ayıq başla dərk etməyə çalışırdı.

Əsmər Oqtayın iş otağına göz gəzdirirdi. Divarda şəhərin ayrı-ayrı binaları, meydanları, küçələri, çeşidli layihələr, Məhəmməd Əmin Rəsulzadənin iri şəkli.

– Nə yaxşı məni o saat tanıdın. Bir daha soruşdu: – Çox dəyişmişəm?

Oqtay nəzakət naminə:

– Yox, – dedi. – Əlbəttə, illər keçib, ikimizin də başı ağarıb. Rəhmətlik haçan vəfat edib?

– İki ay bundan qabaq. İnfarkt.

Son illərdəki həyatlarından danışmağa başladı. Camalı xaricdən, diplomatik işindən geri çağırdılar. Perestroyka dövründə təzə nazir bütün köhnə kadrları bir-bir dəyişməyə başladı. Qatı rus şovinisti idi, Azərbaycan müstəqilliyini elan edəndən sonra: “Qayıdın öz müstəqil ölkənizə” demişdi Camala. Müavinlərindən biri erməni idi. Camalı görməyə gözü yoxdu. Bir sözlə, Camalı ən aşağı təqaüdlə işdən çıxardılar. Altı ay sonra elə evdəcə…

Əsmərin səsi əsdi:

– Elə gözümüzün qabağında beş dəqiqənin içində keçindi. Heç təcili yardıma zəng edə də bilmədik.

Oqtay stəkana su süzüb Əsmərə uzatdı, Əsmər bir qurtum aldı.

– Bağışla, – dedi.

Araya üzücü sükut çökdü.

lll

Fuad taksinin hesabını ödəyib İdarənin qabağında maşından düşdü. Ömrünün neçə ilini verdiyi idarənin qapısının üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı.

Qapıda əsgər qiyafəli saqqallı gənc Fuadın pasportunu uzun zaman o tərəf-bu tərəfə çevirdi. Sonra qarşısındakı siyahıya bir də nəzər atıb, nəhayət:

– Keçin – dedi, – İkinci mərtəbə, 5-ci otaq.

Fuad qeyri-ixtiyari:

– Bilirəm – dedi, tanış pilləkanlarla ikinci mərtəbəyə qalxdı. 5-ci otağın qapısını açıb içəri girdi. Qəbul otağı bir qədər dəyişmişdi. Amma katibə masasının arxasında onun, Fuadın vaxtındakı kimi Nelli əyləşmişdi. Bir qədər yaşlanmış və tosqunlaşmış Nelli Fuadı görüb dərhal ayağa qalxdı: – Ooo Fuad Qurbanoviç, salam, necəsiz?

– Sağ ol, yaxşıyam. Sən necəsən, Nelli?

Nellinin cavabını gözləmədən əlavə etdi: – Oqtayın… Oqtay bəyin qəbuluna gəlmişəm. Özü bilir.

Nelli:

– Bəli, bilirəm – dedi – burda qeyd eləmişəm. Amma bir az gözləyin, yanında adam var. Çay?

– Yox, sağ ol. Gözləyərəm.

Keçib qarşıdakı stulda əyləşdi. Bu qədər tanış qəbul otağına göz gəzdirdi. Bir elə dəyişiklik yoxdu. Onun keçmiş kabinetinin qapısında Oqtayın ad famili, qarşı-qənşər otağın qapısında müdirin ad-famili yazılmışdı: QAFUR ƏHMƏDLİ.

Fuad gözlərinə inanmadı. Bir vaxt Fuadın atasını – Qurban kişini işdən çıxarmış məsul raykom işçisi, indi dəbdə olan sözlə qart partokrat Qafur Əhmədov? Xalq cəbhəsi iqtidarında belə mühüm vəzifədə? Ağlasığmazdır.

– İndi burda müdir Qafur Əhmədovdur? – deyə Nelliyə mənasız sual verdi.

Nelli başıyla təsdiq etdi.

– Otağındadır? – daha bir mənasız sual. Guya yanına girəsiydi.

Nelli:

– Yox – dedi. – Bir azdan gələcək. Qonşu otaqda namaz qılır.

Fuad: “Nə yaxşı ki, o vaxt qəribə bir şıltaqlıqla o mühüm tədbirə getmədim, – deyə düşündü. – Elə bil məni şeytan yoldan çıxardı ki, ora gedib çıxış etmə. Demə, bu şeytanın əməli deyilmiş, mələyin işiymiş. Ora gedib uğurlu çıxış etsəydim, mütləq məni müdirin yerinə təyin edəcəkdilər. Çünki Əhməd Nəzərovun məsələsi artıq doxsan faiz həll olunmuşdu. Mənim üzrsüz çıxışa gəlməməyimi: – Bu nə məsuliyyətsizlik, nə saymazlıqdır, – deyə pis yozmuşdular. Şövqü işə qarışmasaydı, hələ yəqin müavin vəzifəsindən də atacaqdılar. Əl-qərəz, beləliklə, Əhməd Nəzərovun müdirlik vəzifəsi bir qədər də uzadıldı. Ta o günə qədər ki…

O gün Fuadın yaxşı yadındaydı, bəylər hakimiyyətə gələndən on gün sonra avtomatlı cavanlar Nəzərovun kabinetinə girib onu birdəfəlik işdən atdılar. O gün Fuad bir balaca soyuqlamışdı, işə çıxmamışdı. Bu xəbəri ona telefonla Nelli çatdırdı.

Səhərisi Fuad istefa ərizəsini yazıb göndərdi.

Yaxşı deyiblər ki, şər deməsən, xeyir gəlməz. O həlledici tədbirdə çıxış etməməsi Fuadın xeyrinə imiş. Yoxsa onu da Əhməd Nəzərov kimi müdir kabinetindən avtomatla çıxaracaqdılar.

lll

– Bəs harda qalırsız? 

Əsmər: – Bir rəfiqəmgildə, – dedi və ani tərəddüddən sonra əlavə etdi. – Elə sənin yanına da bu xahişlə gəlmişəm. Səndən başqa burda ərk edəcəyim kimsə yoxdu. Deyirlər, bu, sənin əlindədi. Birotaqlı mənzil istəyirəm səndən. Harda olur olsun, şəhərin lap ucqar yerində. Düzdü, rəfiqəm deyir, nə qədər istəyirsiz qalın. Amma mən başa düşürəm axı, sıxılırlar. Üç otaqda invalid əri, özü, iki uşağı. Lap kiçik otağa da razıyıq, təki başımızın üstündə bir dam olsun.

lll

Qafur Əhmədli, ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da, tanımamış kimi ağızucu salam verib tələsik otağına keçdi. Amma onunla gələn saqqallı kişi – guman ki, Əhmədlinin cangüdəni idi – Fuadı tanıdı:

– Yallah Fuad müəllim – dedi – Nə əcəb səndən belə? Xeyir ola…

Fuad: “Görəsən, bu namərbud adam məni hardan tanıyır” – deyə düşündü.

– Məni tanımadın? Zeydullayam da. Axır dəfə səninlə aeroportda görüşmüşdük.

“Aeroportda?” Fuad yadına salm

ağa çalışırdı ki, avtomatlı kişi: “Mən onda nosilşik işləyirdim də” – dedi.

An içində Fuad xeyli ixtiyarlaşmış bu yekəpər adamı, ibtidai məktəbdən tanıdığı, unutmaq istədiyi pis bir vaqiyəylə bağlı olan şəxsi, çox illər sonra aeroporta nosilşik kimi rastlaşdığı Zeydullanı və onun işlətdiyi “oxartana” sözünü xatırladı. – Zeydulla – dedi.

– Həri, Zeydullayam da…

– Görürsən də, Fuad yoldaş – yoldaş sözünü açıq istehzayla dedi, – kiminin əvvəli, kiminin axırı.

Fuad: – Bəli, elədir – dedi, Əhmədovun cangüdənisən?

– Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı sağ olsun, partiyasına da üzv elədi.

– Partiyasına? Əhmədovun partiyası var?

– Bə nə bilmisən? “İrşad” partiyasın qurub da Qafur bəy. Dindarlar partiyasıdır, halallıqla işləyirik.

lll

Oqtay siqaretini odladı. Çətin vəziyyətə düşmüşdü. Bir neçə an içində Əsmərlə ta məktəb illərindən başlanan və məktəb boyu davam edən, yuxarı siniflərdə az qala sevgiyə çevrilə biləcək və əfsus ki çevrilməmiş münasibətləri gözlərinin qarşısından keçdi. Bəlkə də bu saf dostluq münasibətləri mehriban ailəyə dönə bilərdi. Amma heç kəsin gözləmədiyi halda Əsmər ingilis dili müəllimləri, yaşca hamısından çox böyük olan Camala ərə getdi. Oqtay da, sinif yoldaşları – oğlanlar və qızlar da – bu nikahdan şoka düşmüşdülər. Dedi-qodular, gümanlar, fərziyyələr, xoş, ya bəd niyyətlə deyilmiş sözlər baş alıb gedirdi. Bir müddət sonra Camalı Moskvaya apardılar, oradan da müxtəlif xarici ölkələrdə diplomatik işə keçdi. Təbii ki, Əsmər də əriylə birgə Bakıdan, anasından, İçərişəhərdəki köhnə evlərindən, məktəb yoldaşlarından tamamilə ayrılıb uzaqlaşdı, başqa bir aləmə düşdü. Və yalnız bir gün – Oqtayın ad günü ərəfəsində qəfilcən uçub Bakıya gəldi – Oqtayı təbrik etməkçün. Bütün günü bir yerdə olsalar da, aralarındakı bu qeyri-müəyyən münasibət, Zamanın, ictimai mövqelərin, həyat tərzinin yaratdığı sədlər aşılmadı. Əsmər növbəti dəfə ərinin kübar həyat sürməsindən danışanda Oqtay nə isə cod bir söz işlətdi və aeroportda çox soyuq vidalaşdılar. Oqtaya elə gəldi ki, bu səfər həmişəlik ayrılırlar, bir daha heç vaxt, heç yerdə görüşməyəcəklər. Yalnız səhərisi gün Əsmərdən qəribə bir imzayla – Kamikadze imzasıyla gələn teleqramı alanda Oqtay dərk etdi ki, Əsmərin zahirən firavan görünən həyatı o qədər də qayğısız deyilmiş, ağrı-acısını, nisgilini büruzə vermədən içində daşıyırmış. Və budur bax, artıq bir ömür keçib gedəndən, yalnız ərini deyil, illər uzunu vərdiş etdiyi həyat tərzini də itirəndən sonra indi Oqtayın qarşısında yaşa dolmuş, solmuş, aciz və köməksiz bir qadın əyləşmişdi. Oqtaydan yardım umurdu və nə yazıq ki, Oqtay onun xahişinə heç cür əməl edə bilməyəcəkdi. Səbəbini Əsmərə izah etmək də asan iş deyildi. Səbəb isə ondaydı ki, Oqtaya təklif olunan bu vəzifəni istəməyərək qəbul edəndə özünə söz vermişdi ki, heç vaxt qanuna zidd heç bir iş görməyəcək, heç bir şəxsi dostluq, tanışlıq hisslərinə məhəl qoymayacaq, dürüst işləyəcəkdir. Bütün bunları ayrı bir dünyadan gəlmiş Əsmərə necə izah edəydi? Həm də axı Oqtay bu yöndə müəyyən addım atsaydı belə, Qafur Əhmədli kimi bir vaxt sital kommunisti, indi qatı dinçini necə inandıra, razı sala bilərdi? “Necə, kiminçün ev istəyirsən, mənfur sovet diplomatının dul qadını üçün? – deyəcəkdi. – Hələ də cibində rus pasportu gəzdirən adamçün? Bəs minlərlə ev növbəsi gözləyən vətəndaşlarımıza nə cavab verəcəyik? Hələ mətbuatın nə şəbədə çıxaracağı bir yana dursun”.

Məsələ ondaydı ki Qafur Əhmədli Qafur Əhmədov olsa da, bu söylənməmiş, amma söylənə biləcək iradlarında haqlıydı.

Əsmər Oqtayın tərəddüdlərini gözlərindən oxuyurmuş kimi yorğun və üzgün bir səslə:

– Səni çətinə salmışam, həmi? – deyə xəbər aldı.

Oqtay sözləri sanki kəlbətinlə içindən dartıb çıxarırdı:

– Bilirsən, Əsmər, – sözünü davam edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. Həyatda ilk, son və yeganə xahişinə, nə qədər istəsəm də, əməl edə bilməyəcəm.

Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi – məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla heç kəsin qarşısında əyilməyən qadın.

Oqtay: – Dur – dedi və hardansa sanki vəhylə ağlına gələn qəfil fikirlə az qala qol qaldırıb oynayacaqdı. Çıxış yolu tapmışdı. Sevincək:

– Mənim mənzilimdə qalarsız, – dedi.

Əsmər təəccüblə:

– Sənin mənzilində? Necə yəni…

– Çox sadə. Mənim ikiotaqlı mənzilimdə.

– Bəs sən, ailən?

– Mənim ailəm yoxdur. Təkəm. Bilmirdin?

Əsmər, əlbəttə, bilirdi bunu, bilirdi ki Oqtay tək yaşayır. Sırf qadın marağıyla, Oqtayın evlənmədiyini də öyrənmişdi. Rəfiqəsiylə hər telefon söhbətində bu barədə müfəssəl məlumat alırdı. Amma bununla məsələ çözülmürdü axı.

– Bəs sən?

– Mənim, vəzifəmə görə, Zuğulbada Hökumət bağında iki otağım var, – bunu düz deyirdi. – Onsuz da ilboyu orda qalıram, – bu isə yalan idi. Olsa-olsa, ayda bir, ya iki gün orda qalmaq imkanı olurdu.

– Yox, axı… – Əsmər hələ də özünə gələ bilmirdi. Bilmirdi ki nəyə, nədən və nə üçün etiraz etsin…

Oqtay cibindən açarları çıxarıb Əsmərə uzatdı: – Sürücüm sizi aparar, şeylərinizi daşımağa da kömək edər – dedi.

Əsmərin üzü sanki işıqlandı, elə bil son vaxtların bütün ağırlıqları, qeyri-müəyyənliyi, qayğıları sifətindən silinib getdi, əvvəlki bir az şıltaq, bir az işvəli, amma mülayim və mehriban Əsmər oldu.

Boynunu uzadıb Oqtayın yanağından öpdü. Oqtayın bütün vücudu gizildədi. Əlli illik tarixi olan münasibətlərində Əsmər ilk dəfə öpürdü onu.

lll

Fuad saatına baxdı, yarım saatdı burdaydı. “Görəsən, mən də o vaxtlar qəbuluma gələnləri bu qədər gözlətmişəm?” Xoş bir hisslə xatırladı ki, haçansa həmin bu Oqtay ömründə ilk və yeganə dəfə Fuadın qəbuluna gələndə, onu bir dəqiqə belə gözlətməmişdi. Elə bu an Oqtayın kabinetinin qapısı açıldı, əvvəlcə ağbaşlı bir qadın, ardınca Oqtay çıxdılar.

Oqtay:

– Salam, Fuad – dedi – bağışla, səni bir az gözlətdim, üzrlü səbəbim var. Əsməri tanımadın?

Aman Allah, bu ağsaçlı qadın Əsmər imiş. Məktəblərində oğlanların hamısının, o cümlədən də Fuadın özünün hayıl-mayıl olduqları Əsmər. Əsmər də Fuadı tanımadı, yadına salmalı oldu, sonra:

– Xoş gördük, Fuad – dedi.

– Xoş gördük. Necəsən…eee… necəsiz, Əsmər… xanım?

– Sağ ol… sağ olun…

Aydın olmadı – Əsmər Fuada “siz”lə müraciət edir, ya buradakıların hamısıyla sağollaşır. Oqtay Əsməri qapıyacan ötürüb Fuadı içəri çağırdı:

– Buyur…

Fuad tanış kabinetə girdi, istər-istəməz otağa nəzər saldı. Divarlardakı layihələri göstərib:

– Sənin proyektlərindir? – deyə xəbər aldı.

Oqtay:

– Heç biri mənim deyil – dedi.

– ???

Oqtay səssiz suala:

– Hamısı rəhmətlik Fuad Salahlınındır, – dedi. – Çalışırıq, heç olmasa, bir neçəsini həyata keçirək.

– Hə, indi Fuad Salahlı zəmanənin qəhrəmanıdır.

Bu sözlərdə xəfif bir istehza hiss elədi Oqtay, odur ki, qəti şəkildə:

– Fuad Salahlı elə o zəmanənin də qəhrəmanı idi, – dedi.

Sanki danışmağa söz tapmırdılar. Halbuki Fuad şübhəsiz hansısa bir iş üçün gəlmişdi. Nəhayət, gərginliyi aradan qaldırmaqçün Oqtay:

– Görürsən də, Fuad, bir vaxt bu otaqda sən məni qəbul edirdin, indi mən səni qəbul edirəm. “Oxartana”nın sözləri Fuadın yadına düşdü:

– Kiminin əvvəli, kiminin axırı…

Oqtay:

– Boşla görək – dedi – nə əvvəl-axır, canım. İnan ki, yatsam, yuxuma girməzdi ki, haçansa bu vəzifəni tutacam.

– Sən tutmayıb kim tutacaqdı bu vəzifəni?! Bu “bəy”lərin içində yeganə professional elə sənsən də…

Oqtay bu sözlərə qarşılıq vermədən:

– Bəy təkid elədi, – dedi.

– Kim?

– Böyük bəy – Elçibəy – Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə dost idilər. Görünür, o vaxtdan yadında qalmışammış. Məni çağırdı. Dedi, dinçilərin dəstəyinə ehtiyacımız var, odur ki, hələlik Qafur Əhmədlini müdir təyin etmişik. Amma belə mühüm yerdə bizim inandığımız dürüst, etibarlı adamımız da olmalıdır. Həm də yadımdadı, rəhmətlik Fuad Salahlı səndən ağız dolusu danışardı. İndi sən bu vəzifəni tutsan, onun da ruhu şad olar.

Nə isə razılaşmalı oldum.

– Düz eləmisən. Əbülfəz bəy doğru seçim edib. Fuad Salahlının o vaxt həyata keçməmiş işlərini dirçəltməyiniz də doğrudur. Amma…

Oqtay:

– Amma nə? – deyə soruşdu.

– Amma birini qaldırmaqçün başqasını yıxmaq vacib deyil.

– Kimi yıxmışıq ki?

Fuad siqaret çıxartdı:

– Olar?

– Əlbəttə.

Siqaretini odladı, bir qüllab vurub:

– Elə Şövqü Şəfizadəni… Yanına da bu məsələyçün gəlmişəm.

– Nə olub ki Şövqü Şəfizadəyə?

– Guya bilmirsən? Tikdiyi binaları bir-bir sökürlər.

– Şəhərin siması müasirləşməlidir də. Mikayıl Hüseynovun da bir neçə binası sökülüb.

– Çox nahaq yerə, Sən memarsan, bilirsən ki, binalar həm də dövrün, epoxanın rəmzidir.

– Elə ona görə sökürlər də, deyirlər ki, sovet dövrünü xatırladan heç nə qalmamalıdır. Doğrusu, mən də bu ifrat yanaşmanın əleyhinəyəm. Amma çox vaxt fikrimi isbat edə bilmirəm. Ən çox da bu sahədə canfəşanlıq edən bilirsən kimdi? Həmin elə mənim bu müdirim.

– Yaxşı, binalar, tutalım, sovet rejiminin timsalıdır, bəs küçələrin nə təqsiri var?

– Küçələrin?

– Bəli, küçələrin. Rima… Rumiyyə… Yoldaşımı deyirəm.

– Bilirəm. Şövqü Şəfizadənin qızı.

Fuad bir qədər kəskin şəkildə:

– Bəli, Şövqü Şəfizadənin qızıdır. Gecə-gündüz ağlayır ki, elə bil atam bunlara düşmənmiş. Binalarını bir-bir sökmələri bəs eləmir, hələ küçənin də adını dəyişdiriblər. Özü də elə bil qəsdən o küçəyə Fuad Salahlının adını veriblər. Guya ayrı küçə tapılmırdı…

– Fuad Salahlı o küçədə yaşayırdı axı…

– Şövqü Şəfizadə də o küçədə yaşayırdı.

– Düz deyirsən. Bunu kimsə qəsdən eləyib. Axı sağlıqlarında yola getmədiklərini hamı bilir. Doğrusu, mənim bundan xəbərim olmayıb. Kimsə, kinlinin biri – Şövqü Şəfizadənin vaxtilə Fuad Salahlıya etdiklərinin heyfini çıxmaq istəyib. İncimə, Fuad, axı çoxları Fuad Salahlının başına gələnlərdə, yəni sağlığında heç bir layihəsinin tikilməməsində Şövqünün barmağı olduğunu düşünür.

Fuad “Şövqü Şəfizadə-Fuad Salahlı qarşıdurması”nın təfərrüatına varmaq istəmədi, bununçün gəlməmişdi bura. Xahişi başqaydı.

– Sənin yanına ömrümdə ilk və son xahişlə gəlmişəm, – dedi. – Heç olmasa, yaşadığı evin divarından Şövqünün xatirə lövhəsini çıxarmasınlar. Yoxsa Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə Şövqü haqqında yazılanları ondan gizlədirəm.

Oqtay başını buladı:

– Təəssüf ki, belə şeylər o vaxt da vardı, indi də var. Fuad, bilirsən, yalandan söz vermək istəmirəm. Amma var gücümlə çalışacam ki, o lövhəni çıxarmasınlar. Hər halda Şövqü Şəfizadənin də – kim nə deyir desin – müəyyən xidmətləri olub.

Fuad ayağa durub əl uzatdı:

– Çox sağ ol, Oqtay, – dedi.

Oqtayın otağından qarışıq hisslərlə çıxırdı. Bir yandan Oqtay sözünü yerə salmamışdı, hətta Şövqünün xidmətlərini qeyd etmişdi. O biri tərəfdən tam əminlik də yoxdu ki, Oqtay istəsə belə, bunun qarşısını ala biləcək. Hər halda Rumiyyəni bir az sakitləşdirə bilərəm.

Küçəyə çıxdı. Adəti üzrə köşkdən bir neçə qəzet aldı. Sabir bağında skamyaya əyləşib qəzetlərə baxmağa başladı.

“Azadlıq” qəzetinin birinci səhifəsində Şövqü Şəfizadənin və onun, Fuadın iri şəkilləri verilmişdi.

Şəkillərin altında “Dağılan tifaqlar” başlıqlı yazını oxumağa başladı.

“Sovet memarı Şövqü Şəfizadənin eybəcər kommunist üslubunda layihələşdirdiyi binalar bir-bir sökülür. Şükür ki, onun adını daşıyan küçənin də adı dəyişdirilmiş, həmin küçəyə sovet rejiminin amansız repressiyalarına uğramış, məhz elə deputat və laureat Şövqü Şəfizadə tərəfindən amansızcasına təqib olunmuş həqiqi millətpərvər, dahi memar Fuad Salahlının adı verilmişdir. Mənbə onu da nəzərə çatdırır ki, Fuad Salahlıdan fərqləndirmək üçün “balaca Fuad” ayamasıyla tanınan Fuad Qurbanoviç Mehdiyev sovet vaxtı qayınatası həmin o Şövqü Şəfizadənin vasitəçiliyilə yüksək vəzifələr tutmuşdur. Hazırda təqaüdçüdür”.

Küçədən keçən avtomobil bağın qarşısında dayandı. Qapısı açıldı, qıvrım saçlı cavan oğlan maşından düşdü. Maşının açıq qapısından mahnı eşidildi:

Yar gəlir görüşə…

sürüşə-sürüşə…

Fuad qəzeti bir kənara atıb bərkdən güldü.

“Sürüşə-sürüşə ha… Nədi, yar görüşə xizəklə gəlir?”

Uzun zaman güldü, toxtaya bilmirdi. Maşından düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, görəsən, qəzetdə nə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, uğunub gedir?
5-8 oktyabr 2023
Ankara, İstanbul

Müəllif: ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

İlkin mənbə: 525.az

ANARIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Günay Əliyeva – Nərgizçiçəyi

NƏRGİZÇİÇƏYİ
(hekayə)
Ətrafı yaşıl otlarla örtülən uzun, ensiz arx. Arxın kənarında bir-birinə yaxın iki söyüd ağacı əkilmişdir. Külək əsdikcə bu söyüdlərin budaqları əyilərək suya baş vurur və saç kimi bir-birinə dolaşardı. Həmin arxın kənarında taxta ilə hasara alınan ev. Ev saman və palçıq qarışığından hazırlanan çiy kərpicdən tikilmişdir. Evin divarında çatlar görünür. Üstü isə uzun taxtalarla örtülmüş, taxtaların üzərinə salafan çəkilmişdir. Bu evdə odunçu Heybət dayı ilə şəhərdə rəssamlıq məktəbini bitirən, buranın mənzərəsini çəkmək üçün kəndə gələn, qaraqş, qaragöz, uzun kirpikli, orta boylu, dodağının üstündə xalı olan, əyninə çox vaxt sarı-yaşıl yarpaqlı don, ayağına isə qara, arxası kəsilmiş qaloş geyinən, qıvrım saçlarını çiyninə tökən kirayənişin Aygün adlı bir qız yaşayırdı. Bu qız həyətlərində su olmadığı üçün mütəmadi olaraq söyüdlü arxdan iki vedrə su götürüb, evin kənarındakı bir cərgə əkilmiş nərgiz çiçəklərinin dibinə tökərdi. Sonra keçib kənardakı kötüyün üstündə oturar, ağ vərəq üzərində rəngli boyalarla nərgizlərin şəklini çəkərdi. Çiçəklər açanda onları dərib, dəstə bağlayar, içərisində su olan qırmızı vedrəyə yığardı. Sonra həmin vedrəni əlinə götürərək qapı-qapı gəzib gülləri satardı. Çiçəkləri sataraq qazandığı pulla həm kirayə pulunu ödəyər, həm də özünə rəngli karandaşlar və kağız alıb müxtəlif şəkillər çəkərdi. O, qapı-qapı gəzəndə kimisi qapını onun üzünə açıb: “xoş gəlmisən qızım” – deyib, gülü alıb pul verərdi, kimisi də qız qapıdan boylanan kimi: “ört qapını, çıx get, bizə gül lazım deyil, özümüz həyətdəki gül-çiçəyi biçib mal-qaranın qabağına tökməkdən yorulmuşuq” – deyərdi. Bu qız həmin sözlərin təsiri altında küçələrinə gəlib çatmışdı. Küçənin tinini döndükdə bir nəfər ortaboylu, dolu bədənli, qara şalvar, ağ köynək, ayağına isə qara başmaq geyinən oğlan çömələrək əlindəki topu arxda yuyurdu. Qız onu gördükdə bir qədər aralıda vedrəsini yerə qoyub, söyüdlü arxın kənarında yaşıl çəmənlikdə oturdu. Ovcunu arxın suyu ilə doldurub üzünə çırpdı. Oğlan bir dəfə də olsun başını qaldırıb onun üzünə baxmadı. Qız sonra ayağa qalxıb içərisində bir neçə dəstə nərgizçiçəyi olan vedrəsini götürüb, arxın üstünə qoyulan, kiçik körpüyə oxşayan enli taxtanın üzərindən keçib evlərinə tərəf getmək istədikdə ayağı ilişdi və həmin taxtanın üstünə yıxıldı. İçərisində gül olan vedrəsi isə arxa düşdü. Qız bu anda oğlanın gözünün ucu ilə ona baxdığını sezdi. Ətəyi yuxarı qatlanmış donunu düzəldib, vedrəsini götürmədən özünü taxta qapılarından içəri atdı. Elə bil bu anda oğlan yuxudan ayıldı. Suyun içərisindəki nərgizçiçəyi dəstələrini yığıb, vedrənin içinə qoydu. Sonra topunu və vedrəni götürüb, qızgilin qapısına yaxınlaşdı. Qapını bir neçə dəfə döydü, ancaq nə hay verən oldu, nə də qapını açan. Bir qədər keçdikdən sonra qız qapını açdı. Qız bir əliylə dizini tutmuşdu. Onu dizindən axan qan ayağının üsüylə aşağıya doğru süzülürdü. Oğlan bunu gördükdə özünü itirdi. Topu və çiçəkləri yerə qoyub cibindən ağ dəsmalını çıxarıb qıza uzatdı. Qız əlini uzadıb dəsmalı ondan almadı. Oğlan arxaya çevrilib yaxınlıqdakı arxda dəsmalını islatdı, əyilib qızın ayağından axan qanı sildi. Qız bu an onun boynundakı medalı gördü və vedrədəki boynunu əymiş nərgiz çiçəklərindən birini götürüb oğlana verdi. Sonra əlini möhkəm sıxdı. Oğlan qızgildən uzaqlaşdı.
Növbəti gün səhər açılan kimi qız yenə içərisində çiçəklər olan vedrəsini və çiçəklərin şəklini çəkdiyi tablonu götürüb gül satmaq üçün yeni məkana yollandı. O böyürtkən kolları ilə əhatələnmiş küçəylə irəliləyirdi. Hərdən qızarmış böyürtkənlərdən qırıb ağzına atır və üz-gözünü turşuda-turşuda saqqız kimi çeynəyirdi. Dəmir torla hasara alınan, yaşıl otlarla örtülən məktəb bağçasına yaxınlaşdıqda iki nəfər oğlan güləşirdi. Qız onların yanından keçərkən oğlanlardan birinin arxın kənarındakı oğlan olduğunu gördü. O, cəld geri qayıdıb, ot tayalarının arxası ilə irəlilədi ki, oğlan onu görməsin. Məktəb qapısının yanındakı oturacağı daşa yaxınlaşmışdı ki, dolu bədənli, ortaboylu, ağbəniz, əynində qara don, başına qara ağ nöqtəli şal bağlayan qadının əlini-qolunu ölçə-ölçə, ucadan danışa-danışa oğlanlara yaxınlaşdığını gördü. Həmin oğlan arvadı uzaqdan görən kimi özünü ot tayasının arxasına atdı. O biri oğlan isə yaşıl çəmənlikdə oturmuşdu. Arvad oğlana yaxınlaşdı:
-Ay bala, Elçini görməmisən?
-Yox, görməmişəm.
-Necə yəni görməmişəm. Səhərdən axşama qədər it-pişik kimi bu çəmənlikdə boğuşursunuz.
Elə bu anda Elçin ot tayalarının arxasından çıxaraq:
-Ana, nə olub, nə üçün qışqırırsan?
-Nə olacaq, axşama kimi tərin içində güləşirsən, gah ayağın zədələnir, gah da əlin. Nədi-nədi bir parça dəmir alacaqsan.
Qadın bu sözü demişdi ki, Elçin əliylə sinəsini yoxladı. Medalı boynunda yox idi. Ana, medalım düşüb, qoy gedim onu axtarım.
-Gəl düş qabağıma, gedək evə. Bəsdir bu dəmir-dümürlə oynadın.
Oğlan kor-peşman anasıyla birlikdə evlərinə tərəf getdi.
Hava qaranlıqlaşırdı. Qız bu gün bir dəstə də olsun nərgizçiçəyi sata bilməmişdi. Qız içərisində gül olan vedrə əlində ot tayasının yanından keçdikdə qarşısında yerdə nəyinsə parıldadığını gördü. Əyilib onu yerdən götürdü. Bu həmin oğlanın yaxasında gördüyü medal idi. Qız bundan sonra üç gün medalı sol tərəfdə ürəyinin üstündəki cibində saxladı. O, hər dəfə gül satmağa gedəndə gözləri Elçini axtarırdı ki, medalı ona versin, amma onu tapa bilmirdi.
Günlərin birində kəndə səs yayıldı ki, qonşu kəndlə bizim kəndin güləşçiləri, yəni Elçinlə Ceyhunun məktəbin həyətindəki yaşıl çəmənlikdə yarışı keçiriləcək. Qız bu xəbəri eşidəndə sevindi ki, medalı yarışdan sonra Elçinə verə biləcək. O gün yenə vedrəsi əlində məktəbə tərəf getdikdə həmin çəmənlikdə çoxlu insan toplaşdığını gördü və orya doğru getməyə başladı. Bu zaman çəmənlikdə qoyulan güləş döşəyi, yəni tatami üzərində Elçinlə Ceyhun güləşirdi. Elçin rəqibinə qarşı bir neçə fənd işlətdikdən sonra onun kürəyini yerə vurdu və qalib gəldi. Ətrafdakı insanlar onun üstünə atılıb qucaqladılar və onu gül yağışına tutdular. Qız isə yerində donub qalmışdı. Müəllimi əlində tutduğu medalı Elçinin boynuna asdı və alnından öpdü. Oğlanın sevinc və həyəcan təri alnından süzülürdü. Yavaş-yavaş ətrafdakı insanlar ondan bir qədər aralaşdı. Bu vaxt gülsatan qız ona yaxınlaşdı. Vedrədəki gülləri onun üstünə atdı, çəkdiyi rəsmi və ovcunda tutduğu medalı ona tərəf uzatdı. Oğlan əllərini uzadıb, medalı və rəsmi götürdü. Qız ona heç nə deməyib getmək istədikdə oğlan onun qolundan tutub saxladı. Birdən onların baxışları toqquşdu. Göz-gözə gəldilər. Baxışları bir-birinə dikilib qaldı. Qız onun əlindən çıxıb, qaçaraq oradan uzaqlaşdı. Bir az keçdikdən sonra hamı dağılışdı. Məktəbin meydançasında heç kim qalmadı. Cığırla dostları ilə birlikdə addımlayan Elçin ovcunda möhkəm-möhkəm sıxdığı, ilk yarışda qazandığı həmin medal haqqında dostlarına danışırdı: -“Mən o vaxtlar beşinci sinifdə oxuyurdum. Kiçik yaşlarımdan güləşlə məşğuldum. Bir neçə dəfə yaşıdlarım arasında fərqlənmişdim. Bir gün müəllimim mənə bildirdi ki, Elçin, sən başda olmaqla dörd nəfər rayonlararası keçiriləcək yarışda iştirak etməlisiniz. Həmin gün gəlib valideynlərimə bildirdim. Deyirdilər ki, ay oğul, əl-ayağın yaralanıb, sağlamlığın itəcək. Bir parça dəmir və şan-şöhrətdən ötrü özünü oda atma. Mən isə onlara heç bir söz deməyib məktəbə getdim. Bütün olanları həm sinif yoldaşım, həm də ilk sevdiyim qız olan Gülşənə danışdım. Dedim ki, necə olur, olsun mən o yarışda iştirak etməliyəm. Qız tutqun səslə dedi, əlbəttə iştirak metməlisən. Sən qalib gəlməlisən, deyərək əliylə əlimi möhkəm sıxdı. Mən ondan ayrılıb, məktəbin qarışısındakı güləşçiləri yarışa aparmaq üçün gəlmiş avtobusa yaxınlaşanda artıq digər idmançılar valideynləri ilə görüşüb avtobusda əyləşirdilər. Avtobus tərpənmək üzrə idi. Mən isə tək-tənha bir ayağım avtobusun pilləkənində sanki kimisə gözləyirdim. Elə bu vaxt Gülşənin əlində çiçəklər qaçaraq avtobusa tərəf gəldiyini gördüm. Gülşən son anda çatıb, çiçəkləri mənə verdi və dedi, yarışdan medalla gəl, səni gözləyəcəyəm. Mən həmin yarışda qalib gəldim, medal qazandım. Medalı Gülşənə göstərmək üçün çox tələsirdim. Yarışlar isə hələ davam edirdi. Nəhayət yarışlar bitdi və həmin avtobus bizi gətirib məktəbimizin qarşısında düşürdü. Artıq mənim qalib olduğumu məktəb yoldaşlarım bilirdi. Onlar əllərində çiçək bizi qarşıladı. Mənim gözlərim onların içərisində Gülşəni axtarırdı. Amma onu tapa bilmədim. Fikirli halda oradan ayrılıb evimizə tərəf gedəndə yolda mənə çox yaxın olan dostlarımdan biri ilə rastlaşdım. O bir neçə gün əvvəl Gülşənin bərk xəstələndiyini, hətta qan qusduğunu söylədi. Gülşən uzun illər əziyyət çəkdiyi və bizdən gizlətməyə çalışdığı vərəm xəstəliyindən vəfat etmişdi. Mən xatırladım ki, bir dəfə Gülşən bərk öskürmüşdü və ağzından qan gəlmişdi. Qanı görməyim deyə ağ dəsmalı ağzına tutmuşdu. Mən dostuma heç nə deyə bilmədim. Elçin, Gülşən bir də mənə demişdi ki, o, gələnə qədər mən ölsəm, deyərsən ki, qalib gəlib, qazandığı medalı və mənim ona verdiyim bir dəstə nərgizçiçəyini götürüb qəbrimin üstünə gəlsin. Qarşıdan gül satan qızın gəldiyini gördüm. O, bizə yaxınlaşdı və dayandı. Mən ona heç nə demədən vedrəsindən bir dəstə nərgizçiçəyi götürüb, dostumdan ayrılaraq birbaş qəbiristanlığa getdim. Qəbiristanlığı gəzdim, bütün baş daşlarının üstünü oxudum, ancaq onun adına rast gəlmədim. Qəbiristanlığın qapısından çıxmaq istədikdə yan tərəfdə hələ üstü örtülməmiş qəbri gördüm. Bu Gülşənin qəbri idi. Əlimdəki nərgiz güllərini onun qəbrinin üstünə düzdüm. Onun qəbrinin qarşısında diz çökdüm, gözümdən axan yaş, onun qəbrinin üstünü örtən boz torpağı islatdı. Sonra ayağa və evimizə getdim. Mən evə daxil olanda anamla tam böyük otaqdakı divanda oturmuşdular. Birdən atam məni gördükdə kinayə ilə soruşdu: – “yenə uduzdun?” Mən isə: – “Yox, bu dəfə birinci olmuşam və medal qazandım!” – dedim və əlimdə tutduğum medalı böyük otağın tən ortasındakı stolun üstünə atdım.” – Elə bu kəlməni demişdi ki, birdən anasının səsini eşitdi və onlara tərəf gəldiyini gördü. Anası ilk dəfəydi ki, gülə-gülə ona tərəf gəlirdi:
-Eşitdim, bu gün məktəbdə keçirilən yarışda qalib olmusan.
Qolunu Elçinin boynuna salaraq qucaqlayıb, öpdü. Elçin bu anda dostlarından ayrılıb anası ilə birlikdə evlərinə tərəf getdi. Onlara evə daxil olanda anası Elçinin sağ qolunun şişdiyini gördükdə sifətindəki sevinci qəzəb əvəzlədi. Əl-qolunu ölçə-ölçə: – “Bəsdir də, bu dəmir-dümürdən əl çək. Bədənində bir sağlam yer qalmayıb, gör neçə yaşın var, artıq sənin tayların ailə-uşaq sahibidirlər.” – dedi. Elçin sakitcə divanda əyləşdi, başını aşağı əyib əlləri arasına aldı. Anası bir də acıqlı səslə: – “Bax oğlum, ata-anasını tanıyırıq, bilirik kimdir. Qonşumuz Fatmanın qızı Qönçəni sənə almaq istəyirəm. Adı da qönçədir, özü də. Hələ bir oğlan onun ətrini duymayıb. Tibb bacısıdır, bütün kəndin xəstələrinə yardım edir. Ev qızıdır, dörd divardan başqa bir yer görməyib.” – dedi. Oğlan sakitcə başını əllərinin arasından qaldırıb, anasının qızarmış qəzəbli gözlərinə baxaraq:
-Ana, şadam ki, məni evləndirmək istəyirsən, onda məni dinlə. Mənim öz istədiyim var.
Anası əlini belinə qoyub, ona tərəf gəldi:
-Kimdi o?
-Odunçu Heybət dayının evində kirayənişin qalan gülsatan qız.
-Eh qız tapmadın da. Nə vaxt arxın kənarından keçirsən, görürsən ki, ağ kağız üzərində cızma-qara edir, gah da ki, gülləri ilə oynayır. Mənə elə gəlin lazım deyil. Nə bilim ata-anası kimdir, nəçidir… Özü də ki, bir tərəfi şəhərlə bağlıdır. Deyirlər, şəhər qızları o qədər də yaxşı olmur. Onu alsan, bu evdə ya sən oturacasan, ya da mən.
Oğlanın qolu bərk ağrıdığına görə qolu sarıqlı bir ay arxası üstə çarpayıda qaldı. Hərdən başını qaldırıb divarda başının üstündə asılmış qızın ona bağışladığı tabloya baxırdı. Yaxşılaşıb ayağa qalxan kimi birbaşa gülsatan qızgilin küçələrinə tərəf getdi. Qapını döydü, amma açan olmadı. O hasardan keçib həyətə daxil oldu. O tərəfə, bu tərəfə boylandı. Yenicə açılmış nərgiz güllərindən başqa heç nə görmədi. Evə yaxınlaşdı, bir qədər aralı olan taxta qapını açıb içəri daxil oldu. qapıdan girdikdə qapı ilə üzbəüz divarda ağ kağız üzərində çəkilmiş medalı gördü. Əlini yanına salıb gözlərini həmin rəsmə zillədi. Bu zaman arxadan kiminsə əlini onun çiyninə qoyduğunu hiss etdi. Arxaya döndükdə onun gülsatan qız yox, odunçu Heybət dayı olduğunu gördü. Onunla hal-əhval tutmadan gülsatan qızı soruşdu. Kişi dərindən ah çəkdi: – “Eh oğlum, bir də onu görməyəcəyik. Şəhərə getdi. Bundan sonra orada gül satacaq. Ancaq gedəndə mənə tapşırıb ki, nə vaxt səni görsəm, bu şəkli sənə verim.” – dedi və divardakı medal rəsminə yaxınlaşdı. Cod, damarlı, çat-çat olmuş əlləriylə şəkli götürüb, Elçinə verdi. Oğlan özündən asılı olmayaraq rəsmi iki əli ilə sinəsinə sıxıb:
-Eyb etməz, Heybət dayı, mən gedib onu şəhərdə taparam. – dedi və geriyə baxmadan həyətə çıxdı. Qapının yanında vedrənin içərisində nərgiz çiçəyini gördü. Həmin nərgiz çiçəyindən bir dəstə götürüb həyət qapısına qədər gəldi və bir də dönüb həyətə, nərgiz güllərinə, evə diqqətlə baxdı. Bu zaman sanki külək həzin bir musiqi ifa edirdi. Külək həmin nərgizlərin saçaqlarına toxunduqca onlar bir-birinə daha da yaxınlaşırdı. Oğlan bir də onlara baxdı. Şəkli və gülü sinəsinə daha möhkəm sıxdı. Kəndin tozlu yollarıyla irəliləyib şəhərə gedən asfalt yola çıxdı. Anasının səsini eşitdi. Elə bu an şəhərə gedən avtobus gəlib onun qarşısında dayandı. Avtobusa minib kənddən uzaqlaşdı. Anası küçələri dörd dolandı. Elçini gördüm deyən olmadı. Kor-peşman evə qayıtdı.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ənvər Məmmədxanlı – Buz heykəl

Buz heykəl

(hekayə)
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır,
ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.
O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük Torpağa doğru gedir.
Qarşıda sahilləri meşəli böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.
Və ana tələsir, hava işıqlanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.
Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.
Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.
Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir, qucağındakı körpəsiylə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyə isə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur…
Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana, ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək…
Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!
Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürgələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca, iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə, anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini
büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.
İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nə isə qopardır və bir əlilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma tifilim, qorxma ufacığım, son nəfəsimin istisi də sənindir…
Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür və ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur…

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığıyla göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.
Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.
Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb, yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıgları bu mənzərəni unutmayacaqlar…
Bu donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.
Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar!
Nəhayət onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövqi-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən… Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışından səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:

-Körpə sağdır, uşaqlar eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!..
Və o vaxt ki, hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, baxırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və
gülümsəyir dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsilə gözlərini silirlər.
Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.
Vaxtdır – geri dönməlidirlər və hər üçü bir-biri arxasınca sıraya düzülüb geri dönürlər – və körpəni növbə ilə bir-birindən alıb sinələri üstə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə, digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.
Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən
möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır…

Bakı, 1944

Müəllif: Ənvər Məmmədxanlı

Ənvər Məmmədxanlının yazıları

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I