BALACA RƏSSAM Türkay şəkillər çəkir, Rəngdən alır ilhamın. Qələmi əldən düşmür, İki yaşlı rəssamın. * * * Bir iş var ki, biləsiz, Rəsmi çəkir divarda. Nənəsi gülüb deyir, Usta lazım ağarda. * * * Atasıyla bağçaya, Getdi balaca rəssam. Daha şəkli vərəqdə, Çəkdi asanca rəssam.
GÜNAYIN SƏHVİ Bir payız səhərində, Günay durdu yuxudan. Şimşəyin bərk səsindən Gözün qırpdı qorxudan. * * * Baxdı pəncərəsindən, Gördü küləkdir yaman. Dedi dərsə getməyə, Soyuq verərmi aman? * * * Anası qulaq asıb, Bəhanəni anladı. Qucaqlayıb qızını, Bir balaca danladı. * * * Söylədi qızcığaza Boran-çovğun olsa da, Məktəbi heçə sayıb, Dərsi verməzlər bada. * * * Günay səhvin anladı, Keçdi əsas mətləbə. Çantasını götürüb, Yola düşdü məktəbə.
ASLANIN DƏRDİ Xəlil ilk dəfə, Zooparka getdi. Gördü aslanı, Arzuya yetdi. * * * Söylədi ana, Kaş çıxa geri. Burda aslanın, Çətindir yeri. * * * Anası dedi, Əzizim Xəlil. Onların yurdu, Meşələrdir, bil. * * * Əlbəttə, qəfəs, Çətindir ona. Bunu uşaqlar, Gərəkdir, qana. * * * Xəlil düşündü, Azadlıq qədrin. İndi anladı, Heyvanın dərdin.
DƏMİRAĞAC Müəllim uşaqlara, Təbiətdən danışdı. Bildirdi bir ağac var, Hamınıza tanışdı. * * * Suya atsan batacaq, Oduncağı möhkəmdir. Sanki, dəmir kimidir Çox qəribə görkəmdir. * * * Uşaqlar çaşbaş qaldı, Çoxu dedi vələsdi. Düşünmədi heç biri, Yəqin hamı tələsdi. * * * Gözlərini döyərək, Baxdılar müəllimə. Arxa sıradan qalxdı, Hazırcavab Həlimə. * * * Dedi:-dəmirağacdır Oxumuşam jurnaldan. Məlumatım var mənim, Verilən bu sualdan.
ZƏHMƏTKEŞ BABAM Babam hər il bostanda, Çoxlu tərəvəz əkir. Görürəm asan deyil, Xeyli əziyyət çəkir. * * * Məhsul vaxtı sahədə, Kələm, xiyar bol olur. Biz tərəvəz yığanda, Yeşiklər barla dolur. * * * Babamın zəhmətini. Heç vaxt unutmaram mən. Ona kömək etməmiş, Kənddən qayıtmaram mən.
“QORXAQ BACIM” Evimizə həkim gəlib, Mənim bacım qızmalıdır. Tez yoxlayıb bildirdi ki, Ona resept yazmalıdır. * * * Ağ xalatdan qorxan bacım, Heç bu dəfə ağlamadı. Səbəbini soruşanda, Güldü, sirrin saxlamadı. * * * Həkim baba sağ olsun ki, Heç iynə vurmadı mənə. Dedi: -gözəl, şirin balam, Dərman verəcəyəm sənə.
YAZ SEVDASI VAR Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var. * * * Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var. * * * Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var. 29.08.2021. Bakı.
MƏN BABƏKƏM (“Uşaq boğçası”ndan bir şeir) Babəkdir mənim adım, Sırğa et qulağında! Bir ömür xərcləmişəm, Hürriyyət sorağında. *** Bu yurd sənə əmanət, Bəzz yanan ocağımdır. Mayası qan lalələr, İstiqlal sancağımdır!
AZƏRBAYCAN (“Uşaq boğçası”ndan bir şeir) Odlar yurdu deyir hamı, Azərbaycan mənim adım! Sağım, solum, dörd bir yanım, Öz canımdan, qol-qanadım! *** Nazlı Araz kəmərimdir, Xudafərin onun qaşı! Birləşdirir ayrı düşmüş, Dost-tanış, bacı-qardaşı!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
BAYRAQ BİZİM BAYRAĞIMIZ!!! Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.Bakı.
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021. Bakı.
NAZLI BALA Alagözdür, verib Xuda, Gözəl, göyçək Nazlı bala! Maşallah olsun, namxuda, Gözəl, göyçək Nazlı bala! * * * Gözü Göyçədən su içib, Kökdən gəlib, çox yol keçib, “Donun” Xaliq özü biçib, Gözəl, göyçək Nazlı bala! * * * Ustac bağlı soya, kökə, Nazlı balam bəyim, bikə, Züryət hardan hara çəkə!? Gözəl, Göyçək, Nazlı bala! 11.01.2022. Bakı.
USTACLIYAM Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
OĞLUMLA SÖHBƏT -O səs nədi elə, Ana? -Oğul balam, yağış yağır. göydən yerə buludların toxuduğu naxış yağır. * * * Bu yağışla nur çiləsin taleyinə kaş ki, Tanrı! Sən xoşbəxt ol, mən də olum, ay ömrümün xoş nağılı! * * * -Bəs, o işıq nədi elə? -O da aydı işıq saçır. günəş batır, ayla ulduz gecələrə qapı açır. * * * Qoy, o işıq amalına, həyatına saçsın, balam! Uzaq olsun hər an səndən. şər, iftira, böhtan, yalan! * * * Bəs, o nəyin qoxusudu? -Pəncərəndə açan güldü, qoxusunu yayıb evə, gül də, sənə baxıb güldü… * * * Daha bəsdi, yataq oğlum, gül-çiçəkdən təmiz, balam! Gəl, bağrıma basım səni, doğma balam, əziz balam! * * * Niyyətlərim, arzularım sənə doğru, sənə bağlı! Bəlkə, sənə nağıl deyim, ay ömrümün xoş nağılı?! * * * Biri vardı, biri yoxdu… varım-yoxum sənə qurban! Hansın deyim, Məlikməmməd, Göyçək Fatma, yoxsa Cırtdan? * * * Yum gözünü, layla çalsın anan sənə həzin-həzin! Yaşayıram, üz-gözümə toxunduqca, tər nəfəsin. * * * Misralarım avazımla cingildəsin qulağında. Gül də açdı, ay da doğdu, yağış yağdı otağında… * * * Mahnı kimi, nağıl kimi ömrün olsun, noğul balam! Sən yat, çəkim mən keşiyin oğul balam, oğul balam! 25.08.2010.
DUYĞUNUN GƏLİNCİYİ Köhnə gəlincikləri Duyğu yığdı yanına. Əvvəlcə, əl gəzdirdi Onların paltarına. * * * Yuyub, qurutdu sonra, Düymələrini tikdi. Ayaqqabısın silib Üstünə boya çəkdi. * * * Saçlarını daradı, Üz-gözünü bəzədi. Sonra, kənardan baxıb Dedi: -Sanki, təzədi! 18.06.2015.
ƏLİSANIN KİTABLARI (Oğlumun “Kitab bayramına”) Əlisa kitabları Yığdı çantaya bir-bir. Bir az keçdikdən sonra Gördü ki, hay-küy gəlir. * * * Astaca qulağını Dirədi çantasına. Eşitdi hay- küy düşüb Onların arasına. * * * Dilləndi Ana-dili: -Mən Ananın dilliyəm, Bal-şəkər, şirin-noğul. Yazılıbdı sinəmə Şeir, tapmaca, nağıl. * * * Ataların sözünü Mən sizə yetirirəm. İşim, sifət, feillə Cümləni bitirirəm. * * * Dindi Texnologiya: -Uşaqlar görcək məni Açılır qaş-qabağı. Qayçı, yapışqan ilə Sevirlər oynamağı. * * * Rəngbərəng kağızları Doğrayıb, kəsib, burur. Plastilin xəmirdən Hərə bir dünya qürur. * * * Dilləndi İnformatika: -Kompyuter əsridi Bizim indiki zaman. Bunun üçün də məni Uşaqlar sevir yaman! * * * Sistem, blok, monitor, Qrafik, alqoritm. Yeni dərs üsuluyla Tutmuşam mən də ritm. * * * Dindi Həyat bilgisi: -Mənim vərəqlərimdə Bilirsiniz, nələr var? Canlı, cansız təbiət, Heyvanlar, bitkilər var. * * * Planet, yer kürəsi, Dənizlər, okeanlar. Yol qaydasın öyrənir, Məni tam oxuyanlar. * * * Dilləndi bu an Şahmat: -Uşaqların sevdiyi Ən gözəl kitab-Şahmat. Topla atəş açılır, Şahə qalxır köhlən at! * * * Fillə, vəzir yanında, Piyada öndə durur Bu oyunun qalibi, Şahı mat edən olur. * * * -Dindi İngilis dili: Beynəlmiləl ad alıb, Dünya belə danışır. Bu dil ilə ölkələr Tam qaynayıb, qarışır. * * * I am speak English, Salam verin:- Hello! Hay! Vell come, nise to meet you! Sağ olun! Sii of! Good bay! * * * Təsviri incəsənət dilləndi öz yerindən: -Uşaqlar qoymur məni, Əllərindən heç yerə. Quaş, pastel, boyayla Rəngləyib silə-silə. * * * Gördükləri nə varsa, Çəkirlər min həvəslə. Yaman maraqlanırlar Bu kitabla, bu dərslə. * * * Dilləndi Riyaziyyat: -Elmlərin şahıyam, Biliklərin açarı. Uşaqlar yaman sevir, Həndəsi fiqurları. * * * Vurma, çıxma, toplama Həll edirlər maraqla. Məntiq, misal, məsələ Gəl, bir məni varaqla! * * * Dindi bu an musiqi: -Çalğı alətlərini Uşaqlara danışdım. Azərbaycan himnini Əzbərlətdim, soruşdum. * * * Gah notdan, gah ritmdən, Gah muğamdan söz saldım. Şirin nəğmələrimlə Könüllərə iz saldım! * * * Dinləyib hamısını, Əlisa gülümsündü. Fikrə gedib bir qədər, Sonra astaca dindi: * * * -Dalaşmayın kitablar, Hamınızı sevirəm! Anam söyləyib mənə, Bunu çoxdan bilirəm. * * * Elm, savad kitaba Yazılan sözdən keçir. İşıqlı gələcəyə Gedən yol sizdən keçir! 20.05.2015.
ANAM NAĞIL DANIŞIR Biri vardı, biri yox… nağılların sayı çox. Atamın mərd elindən, anamın bal dilindən Dinləyib şirin-şirin. çox sevmişəm hər birin. * * * Yatmağa gedən kimi, hər axşam dönə-dönə, Anam başımın üstə nağıl danışır mənə. * * * Göyçək Fatmayla Cırtdan, cəsur Ağ atlı oğlan, Turp, Qoğal, Məlikməmməd, Tıq-tıq xanım və Əhməd, divlə, Qırmızıpapaq gəlirlər bizə qonaq. * * * Dərə keçir, düz aşır, yorulmadan danışır… Nağıl sona yetişir, göydən üç alma düşür. Anam söyləyir mənə: -Ay oğul, qurban sənə, payını saxlayıram, yat, dur sonra yeyərsən! * * * … Sabaha heç nə qalmır. Almaların hamısın anam yeyir, deyəsən? 16.06.2015.
TƏNBƏL RAFAEL Yaman səliqəsizdi Bizim Rafael yaman. Otağı qarış-quruş Olur baxsan, nə zaman. * * * Kitab divanın üstə, Döşəmədə dəftəri. Qələm, şəkil, saatlar… Bərbad gündə rəfləri. * * * Dəsmalı yerdə gəzir, Qırışdı paltarları. Heç narahat etməyir Onu, evin bu halı. * * * Elə ki, lazım olur Ona otaqdan nəsə. Axtarıb tapa bilmir, Hamı yığılır səsə: * * * -Kömək eləyin tapım, Dərsə yetişməyəcəm! Söz verirəm, otağı Gəlib təmizləyəcəm! * * * Elə ki, evə gəlir Hər şey çıxır yadından Tutacaq öz sözünü Nə vaxt, bu tənbəl oğlan?! 22.06.2015.
Zaur Ustacın uşaqlar üçün şeirlərinin daxil olduğu müntəxəbat.
MÜNTƏXƏBAT – MƏKTƏBƏQƏDƏR TƏHSİL (BÖYÜK QRUPLAR ÜÇÜN 4-5 YAŞ) BU TOPLUDA ZAUR USTACIN DA ŞEİRLƏRİ YER ALIB. İSTİFADƏÇİLƏRƏ ƏLÇATANLIĞI TƏMİN ETMƏK ÜÇÜN PDF VARİANTINI TƏQDİM EDİRİK, BUYURUN İSTİFADƏ EDİN: