Etiket arxivi: Asif Yusifcanlı

Asif Yusifcanlının “Arzularım” şeiri

Asif Yusifcanlının “Arzularım” şeiri (səh. 44)
Müasir Azərbaycan poeziyasında elə şeirlər var ki, onlar yalnız müəllifin daxili dünyasını deyil, bütövlükdə bir xalqın yaddaşını, həsrətini, ümidini və mənəvi idealını ifadə edir. Asif Yusifcanlının “Arzularım” şeiri məhz bu qəbildəndir. Bu şeir fərdi istəklərdən doğsa da, ümummilli duyğuların poetik ifadəsinə çevrilir və oxucunu şəxsi arzu ilə milli amalın qovuşduğu bir mənəvi məkana aparır.
Şeirin əsas semantik yükü “keçir ürəyimdən” yarım misrası (rədifi) üzərində qurulub. Bu təkrar sadə bir bədii üsul deyil, poetik nəfəsin ritmi, daxili səsin döyüntüsüdür. Burada arzu təsadüfi istək deyil, insanın varlığından, ruhundan qopan ehtiyacdır.
“Novruz” obrazı – dirçəliş və qayıdış simvolu
Şeir Novruzla başlayır:
“Gələn Novruz günlərində,
El-obamı öz yerində
Görmək keçir ürəyimdən.”

Novruz burada yalnız təqvim bayramı deyil. O, dirçəlişin, bərpanın, haqqın öz yerini tapmasının rəmzidir. Şairin arzusunda Novruz – dağıdılmışın yenidən qurulması, didərgin düşmüş el-obanın öz torpağına qayıtması deməkdir. Bu misralar son illərin ictimai-siyasi reallıqları fonunda oxunduqda, məcburi köçkünlük, torpaq itkisi, yurd həsrəti kimi kollektiv ağrıları xatırladır.
Torpaq və ata-baba ocağı – milli yaddaşın mərkəzi:
“Qalan ömrü torpağımda,
Dədə-baba ocağımda
Sürmək keçir ürəyimdən.”

Bu bənddə torpaq fiziki məkan olmaqdan çıxaraq mənəvi kimlik qazanır. Ata-baba ocağı anlayışı türk-müsəlman mədəniyyətində müqəddəs məna daşıyır. Şair üçün xoşbəxtlik başqa ölkədə rifah deyil, öz torpağında sadə, ləyaqətli həyat sürməkdir. Bu, müasir dövrdə tez-tez unudulan dəyərlərə açıq bir çağırışdır.
Təbiət obrazları və xalq ruhu:
“İlk baharda bənövşəni,
Son baharda gülöyşəni
Dərmək keçir ürəyimdən.”

“Bənövşə” və “gülöyşə”(gülöyşə – nar Z.U) Azərbaycan xalq şeirində saflıq, sevgi, təvazökarlıq, bolluq, bərəkət rəmzləridir. Bu obrazlar şeiri süni pafosdan uzaqlaşdırır, onu xalq poetik təfəkkürünə yaxınlaşdırır. Burada arzu – təbiətlə vəhdətdə yaşamaq, torpağın nəfəsini duymaq istəyidir.
Əmək, zəhmət və bolluq fəlsəfəsi:
“Sünbülləri tər yığaraq,
Dəstə-dəstə qızıl daraq,
Hörmək keçir ürəyimdən.

Bu misralarda əmək estetikası ön plana çıxır. Zəhmət yalnız dolanışıq vasitəsi deyil, insanın torpaqla qurduğu mənəvi bağdır. Şairin arzusunda bolluq zəhmətsiz gəlmir; alın təri ilə qazanılır. Bu, publisistik baxımdan çox önəmli mesajdır: Vətənə bağlılıq yalnız sözlə deyil, əməli zəhmətlə ölçülür.
Finalda Vətənə ünvanlanan səmimi etiraf:
“Vətən, eşit diləyimi,
Bir də sənə ürəyimi
Vermək keçir ürəyimdən.”

Şeirin kulminasiya nöqtəsi məhz buradır. Vətənə ünvanlanan bu müraciət pafoslu and deyil, səmimi etirafdır. Şair artıq sadəcə arzu etmir, öz ürəyini – varlığını Vətənə təslim etməyə hazır olduğunu bildirir. Bu, vətəndaş mövqeyinin poetik ifadəsidir.
“Arzularım” şeiri forma baxımından sadə, məzmun baxımından isə dərin və çoxqatlıdır. Asif Yusifcanlı bu şeirdə böyük fəlsəfi ideyaları mürəkkəb metaforalara yox, xalqın anlayacağı sadə sözlərə yükləyir. Bu da onun poeziyasını oxucuya yaxınlaşdıran əsas cəhətdir.
Bu şeir oxucuya bir həqiqəti xatırladır:
Vətən sevgisi hay-küylə deyil, torpağa bağlı arzu ilə, əməyə hazır ürəklə ölçülür.
Asif Yusifcanlının “Arzularım”ı məhz bu mənada müasir Azərbaycan poeziyasında həm poetik, həm də publisistik dəyərə malik olan bir əsərdir.

29.12.2026. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

“Dağlar” – xalq yaddaşı xalq dilində

“Dağlar” – xalq yaddaşı xalq dilində (səh. 41)

Azərbaycan poeziyasında “dağ” obrazı təkcə təbiət təsviri deyil, həm də milli yaddaşın, əyilməzliyin, dərdin və haqqın rəmzidir. Bu ənənəni davam etdirən şairlərdən biri də pedaqoq-şair Asif Yusifcanlıdır. Onun “Dağlar” qoşması həm forma, həm məzmun baxımından klassik aşıq poeziyası ilə müasir ictimai düşüncənin qovuşduğu təsirli bir nümunədir.

Şeir ilk misradan oxucunu narahat edən, düşündürən sualla başlayır:

“Bu dünya bəs nədən belə qarışdı,
Yağılar törətdi qırğını, dağlar.”

Bu sual yalnız şəxsi kədərin ifadəsi deyil, bir dövrün, bir xalqın taleyinə ünvanlanan fəryaddır. Şair dünyanın “qarışmasını” təsadüfi yox, zorakılıq, ədalətsizlik və qanla əlaqələndirir. “Yağılar” sözü burada həm konkret düşməni, həm də ümumən zalım gücü simvolizə edir.

Qoşmada diqqət çəkən əsas məqamlardan biri təbiətlə insan taleyinin paralel verilməsidir:

“Qan axan torpaqda baharda qışdı,
Qoparın tufanı, çovğunu, dağlar.”

Burada baharın qışa çevrilməsi poetik metafora kimi çıxış edir. Bahar – ümidin, dirçəlişin rəmzidir. Onun qışa dönməsi isə müharibə, itki və mənəvi donuqluğun simvoludur. Şair bu mənzərəni dağlara müraciətlə ifadə edir. Dağlar susan şahid deyil, dərdi anlayan, sözə cavab verən canlı varlıqdır.

Şeirin ikinci bəndində müəllifin əxlaqi mövqeyi daha açıq şəkildə görünür:

“Belə öyrəşməyin murdar bir üzə,
Çətin çıxan olur murdar təmizcə.”

Bu misralar publisistik ruhun zirvəsidir. Şair cəmiyyətə xəbərdarlıq edir: çirkinliyə alışmaq ən böyük təhlükədir. Murdarlığın normaya çevrildiyi yerdə təmizliyə dönüş çətinləşir. Bu, təkcə fərdi yox, ictimai faciədir.

Dədə Ələsgərin uca Yaradana nisbət tutduğu dağlar insan oğlunun gözündə həmişə əzəmət simvolu, güvənc yeri, sığına biləcəyi son alınmaz qala hesab olunub. Qaçağı da, üzgünü də, şölən qurmaq istəyən sevinclisi də həmişə dağlara üz tutub. Bu məqamda Asif Yusifcanlı da məhz dağlara üz tutur:

“Ürəyim atlanır, can atır sizə,
Gözlərim həsrətin yorğunu, dağlar.”

Burada dağlar sığınacaq, mənəvi təmizlik məkanı kimi təqdim olunur. Şairin ürəyi, ruhu şəhərdən, cəmiyyətin çirkabından qaçıb dağlara can atır. Bu, klassik poeziyada tez-tez rast gəlinən, lakin hər dəfə yeni məna qazanan motivdir.

Şeirin son bəndi isə artıq açıq sosial ittihamdır. Qosmanın möhür bəndində şair özünə müraciətlə: “Asif, görməmişdim belə dünyanını”, – dəyərək, ittiham edir və sorğu-suala tutur:

“Nədən doğru saydıq fələk sayanı,
Arxalı köpəyin çoxmuş həyani,
Günahkar bilirlər doğrunu, dağlar.”

Bu misralarda şair cəmiyyətin dəyər ölçülərinin pozulmasını ifşa edir. “Arxalı köpək” obrazı – gücə söykənən, amma mənəviyyatsız insanları simvolizə edir. “Doğrunun günahkar sayılması” isə ədalətsiz sistemlərin ən ağrılı həqiqətidir.

Asif Yusifcanlının “Dağlar” qoşması:

-klassik aşıq poeziyası formasında yazılmış,

-dərin ictimai, əxlaqi və fəlsəfi məna daşıyan,

-publisistik ruhu güclü olan,

-oxucunu laqeyd qoymayan bir əsərdir.

Bu qoşmada dağlar:

-şahid,

-sirdaş,

-vicdan,

-haqqın tərəfdarı kimi çıxış edir.

Şair bir pedaqoq kimi öyrədir, bir vətəndaş kimi etiraz edir, bir sənətkar kimi isə poetik həqiqəti qoruyur. “Dağlar” qoşması min illərin ötəsindən boylanaraq həm bu günün, həm də gələcəyin oxucusuna mənəvi güc verən, bütöv bir epoxaya güzgü tutan xalqın söz yaddaşıdır. Çox ibrətamiz nümunədir.

15.01.2026. Şuşa.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

AĞDAM – TARİX, AĞRI VƏ DİRÇƏLİŞ

AĞDAM – TARİX, AĞRI VƏ DİRÇƏLİŞ

Azərbaycan aşıq poeziyasının klassik və ən canlı formalarından biri olan gəraylı xalq yaddaşının, tarixi taleyin və mənəvi müqavimətin poetik ifadə vasitəsidir. Xalq aşıqları, ozanlar, eləcə də dili xalq danışıq dilinə yaxın olan, yaradıcılığı boyu şifahi xalq ədəbiyyatından, folklordan tez-tez bəhrələnən şairlər həmişə “gəraylı”, “qoşma” kimi yüngül və axıcı şeir formalarınadan uğurla istifadə edərək, yadda qalan nümunələr yaratmışlar. El sənətkarları adətən əsasən sevgi, sevinc, ağrı-acı, intizar, həsrət, təbiət gözəlliklərinin və gözəllərin vəsfi mövzularında – bir sözlə şad günündə də, qəmgin vaxtlarda da “gəraylı” kimi klassik şeir formasına müraciət ediblər. Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Ağdam” (səh. 25) şeiri də məhz “gəraylı” qəlibi üzərində qurularaq, təkcə bir şəhərin yox, bütöv bir xalqın ağrılı, eyni zamanda qürurlu taleyini ümumiləşdirir.

Gəraylı janrına xas olan 8 hecalı misralar, sadə, lakin dərin məna daşıyan ifadə tərzi şeirin ruhuna uyğun seçilmişdir. Şair forma ilə məzmun arasında üzvi harmoniya yaradır. Bu, təsadüfi deyil: Ağdam mövzusu süni bədii oyun deyil, xalqın yaddaşından gələn bir haraydır və gəraylı bu harayın ən təbii dilidir.

Şeirin hər bəndində axıcılıq, ritm və ahəng oxucunu aşıq məclisinin, saz havalarının ovqatına kökləyir. Bu, əsərin publisistik təsir gücünü daha da artırır.

“Bu nə gündür, bu nə görkəm” misrası ilə başlayan şeir oxucunu dərhal faciənin mərkəzinə gətirir. Ağdam həm “ağ damları viran olan”, həm də “göylərində qəm dolanan” bir məkandır. Bu obrazlar yalnız fiziki dağıntını deyil, mənəvi sarsıntını, illərlə sinəyə yığılmış dərdi ifadə edir:

“Bu nə günüdür, bu nə görkəm,
Ağ damları viran Ağdam.
Göylərində dolanır qəm,
Çox dərindir yaran, Ağdam.”

Lakin şeir yalnız yas poeziyası deyil. Asif Yusifcanlı Ağdamı mərd-mərdanə, düşmən qarşısında sınmayan, qanı torpağa qarışsa da ruhu ucalan bir şəhər kimi təqdim edir. Toy-büsatla qan, sevinc ilə faciə eyni poetik müstəvidə verilir – bu isə Qarabağ taleyinin ən real, ən acı həqiqətidir:

“Toy-büsatlı xoş çağında,
Qan töküldü torpağında.
Qarı düşmən qabağında,
Mərd-mərdana duran, Ağdam.”

Şeirin son bəndində ovqat dəyişir. “Şükür olsun Yaradana” deyimi ilə şair faciədən qurtuluşu, haqqın zəfərini ön plana çəkir. Bu, sırf dini şükür deyil, tarixi ədalətin bərpasına ünvanlanmış mənəvi rahatlamadır:

“Şükür olsun Yaradana,
Axır çatdın muradına.
Şan-şöhrətli öz adına
Layiq şəhər quran, Ağdam.”

Ağdam artıq təkcə viranə deyil, “şan-şöhrətli öz adına layiq şəhər quran” məkandır. Burada şair gələcəyə inamı, bərpa və dirçəliş ideyasını publisistik ruhda oxucuya çatdırır. Şeir ümidsizliyin yox, qayıdışın və quruculuğun manifestinə çevrilir.

Asif Yusifcanlının “Ağdam” gəraylısı yalnız poetik nümunə deyil, həm də ictimai şüura ünvanlanmış bir çağırışdır. Şeir oxucunu unutmağa yox, xatırlamağa, dağıntıdan doğan məsuliyyəti dərk etməyə səsləyir. Burada tarixə qiymət vermək, şəhid qanı ilə yoğrulmuş torpağa sahib çıxmaq ideyası açıq şəkildə hiss olunur.

Asif Yusifcanlının “Ağdam” şeiri Azərbaycan aşıq poeziyasının klassik gəraylı formasında yazılmış, müasir tarixi reallığı əks etdirən, milli yaddaşı diri saxlayan dəyərli bir əsərdir. Bu şeir Ağdamın ağrısını daşımaqla yanaşı, onun dirçəlişinə inam yaradır. Sadə sözlərlə böyük həqiqətləri deyən şair, oxucunu həm kövrəldir, həm də qürurlandırır.

Bu mənada “Ağdam” gəraylısı yalnız ədəbi nümunə deyil, xalqın taleyini dilə gətirən poetik sənəddir. Sevimli müəllimimə və digər yurdsevər ağdamlılara Ağdamlı günlər arzulayıram! Şanlı Zəfər haqqında qəhrəmanlıq ballardaların Ağdamda yazaq inşəAllah!

14.01.2026. Ağdam.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Qəlbin yaddaşı və xalqın nəfəsi – Asif Yusifcanlın bayatıları haqqında – oxu

Qəlbin yaddaşı və xalqın nəfəsi
(Asif Yusifcanlının bayatı dünyası)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Asif Yusifcanlının bayatıları olacaq (səh. 8-10).
Azərbaycan ədəbiyyatının ən qədim və ən saf poetik formalarından biri olan bayatı, xalqın min illərdən bəri süzülüb gələn dərdini, sevincini, fəlsəfəsini və mənəvi yaddaşını özündə daşıyan söz incilərindəndir. Asif Yusifcanlının “Qəlbimin səsi” kitabında yer alan bayatılar da bu ənənəni müasir dövrdə yaşadan, xalqın milli kimlik ruhunu qoruyan, milli-mənəvi dəyərlərdən qidalanaraq kökündən qopmayan parlaq nümunələrindəndir. Bu bayatılar təkcə şairin fərdi duyğularının ifadəsi deyil, həm də xalqın taleyindən, zamanın sarsıntılarından, insanın mənəvi sınmalarından xəbər verən ümumiləşdirilmiş poetik fəryaddır.
Kitabdakı bayatılarda ilk nəzərə çarpan cəhət yanğın (yanğı) motividir.
“Baxıram ki, daş yanır,
Torpaq yanır, daş yanır”

misralarında yanmaq təkcə fiziki odun təsviri deyil; burada torpağın da, daşın da yanması xalqın yaşadığı tarixi ağrıların, sosial və mənəvi sarsıntıların metaforasıdır. Şair bu yanğını konkret bir səbəblə məhdudlaşdırmır, əksinə, onu ümumbəşəri bir hala çevirir: od vuran bilinmir, amma nəticə hər kəs üçün eynidir – “quru qalar, yaş yanar”. Bu isə ədalətsizliyin, günahsızların zərər görməsinin dərin poetik ifadəsidir.
Bayatılarda yurd və el anlayışı xüsusi yer tutur.
“Əziziyəm bu eldə,
Bu mahalda, bu eldə”

deyən şair elə bağlılığını yalnız coğrafi anlamda deyil, mənəvi məsuliyyət kimi təqdim edir. Burada namus, qeyrət, vicdan anlayışları elin ölçü vahidinə çevrilir. “Qeyrətsizin başından, namus baha bu eldə” misrası təkcə keçmişin deyil, bu günün də ictimai mənzərəsini düşündürən publisistik bir hökm təsiri bağışlayır.
Asif Yusifcanlının bayatıları ana obrazı üzərindən milli faciəni daha da dərinləşdirir.
“Anamın baş yaylığı
Qoymadı qan tökülə”

misrasında ana təkcə doğma bir varlıq deyil, həm də sülhün, mərhəmətin, həyatın simvoludur. Ananın yaylığı qanla ölüm arasında sipərə çevrilir. Bu obraz Azərbaycan folklorunda ana müqəddəsliyinin və qadın mərhəmətinin ən saf təcəssümüdür.
Bayatılarda ölüm və itki motivi də kədərli bir axarla davam edir.
“Qardaş yerin boş gördüm,
Yer başıma dolandı”

misraları oxucunu fərdi dərddən çıxarıb kollektiv faciəyə aparır. Qardaş itkisi burada tək bir insanın ölümü deyil, bütöv bir nəslin, bir dayağın yox olmasıdır. Bu cür misralar bayatını sadə xalq şeiri çərçivəsindən çıxarıb, onu yüksək emosional və fəlsəfi mətnə çevirir.
Diqqət çəkən mühüm məqam isə şairin ümidsizliyi etiraf etsə də, təslim olmamasıdır.
“Ümidlərim puç oldu,
Gəlməyəydi belə yaz”

misralarında insan taleyə giley edir, amma bu giley sükutla bitmir. Bayatıların ruhunda gizli bir dirəniş, iç yanğısından doğan mənəvi müqavimət hiss olunur. Şair dərdi söyləməklə onu aşmağa çalışır – bu isə sözün şəfa gücünə olan inamdır.
Ümumilikdə, Asif Yusifcanlının “Qəlbimin səsi” kitabındakı bayatılar xalq ruhunun güzgüsü, zamanın mənəvi hesabatı və insanın iç dünyasının poetik xülasəsidir. Bu bayatılar oxucunu həm köklərinə qaytarır, həm də bugünkü cəmiyyətin ağrıları ilə üz-üzə qoyur. Sadə görünən dörd misralıq formanın içində böyük bir xalqın tarixi, dərdi, vicdanı və ümidi yaşayır.
Bu mənada, Asif Yusifcanlının bayatıları yalnız oxunmur – dinlənilir, hiss olunur və yadda qalır. Onlar doğrudan da şairin deyil, qəlbin səsidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

26.12.2025. Balakən.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Asif Yusifcanlı təltif olunub

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Asif Yusifcanlı “Qəlbimin səsi” adlı yeni kitabın nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub.

Yazarlar cameəsi adından Asif müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

ASİF YUSİFCANLININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gərəkdir” haqqında yazmaq gərəkdir – Zaur Ustac

Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır.
Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur:
“Gəlir hardan gəlir, gəlsin,
Yaşamağa var gərəkdir.”

Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir.
Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir:
“Halal vara min bərəkət,
İstəməyən kor gərəkdir.”

Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır.
Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur:
“Var düşübsə üç-beşinə,
Dönüb baxsın keçmişinə.”

Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir.
Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır):
“Sağ əliylə sol döşünə,
Döyən kəsdə ar gərəkdir.”

Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır.
Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır:
“Haramını halal sayan,
El içində xar gərəkdir.”

   Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır.
   Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq?
   Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.

27.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Folklordan müasirliyə uzanan poetik yol

Folklordan müasirliyə uzanan poetik yol

(Asif Yusifcanlı yaradıcılığına publisistik baxış)

Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizi müasir Azərbaycan poeziyasında mənəvi-əxlaqi dəyərləri xalq təfəkkürü, atalar sözü və dini-etik düşüncə ilə yoğuraraq təqdim edən qələm sahiblərindən biri olan pedaqoq-şair Asif Yusifcanlının yeni çapdan çıxmış “Qəlbimin səsi” kitabı əsasında qurmağa çalışacağam.
HAŞİYƏ
“Qəlbimin səsi” kitabı 2025-ci də Bakı şəhərində yerləşən “Gənclik” nəşriyyatında “Kredo” qəzetinin baş redaktoru, şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xəlfəlinin ön sözü və redaktorluğu ilə nəfis şəkildə çap olunmuşdur. Kitabın tərtibatı ilə məzmunu uyğunluq təşkil edir. Bu münasibətlə müəllifi və yaradıcı heyəti təbrik edirəm.
Təfsilata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, Asif Yusifcanlı Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində 1984-91-ci illərdə mənim müəllimim olub. Mən bu barədə 2016-cı ildə işıq üzü görmüş “Ustadnamə” kitabımda xüsusi olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu hal  qələmə aldığım yazıya ancaq informasiya xarakterli məlumat kimi daxildir və məzmuna heç bir təsiri yoxdur. Sinif yoldaşım Arzumanın mənə hədiyyə etdiyi “Qəlbimin səsi” şeirlər kitabını əlimə  alanda ilk olaraq haqqında yazmaq üçün bir şeir seçmək istədim.  Bütün şerlərin bir-birindən dəyərli, ibrətamiz olduğunu gördükdən sonra, sıra ilə şeirlər haqqında yazmaq qərarına gəldim. Əli Rza müəllimin ön sözündən və bayatılardan sonra gələn kitabda ilk şeir nümunəsi – gəraylı (səh. 11 – “Gərəkdir”) üzərində dayandım. Şairin sözləri haqqında söhbətə başlamazdan əvvəl bu qəbildən olan bütün yazılarımda olduğu kimi ənənəyə sadiq qalaraq ümumi məlumat vermək istəyirəm.

Azərbaycan poeziyası daim iki əsas mənbədən qidalanıb: xalqın minillik yaddaşı olan folklordan və zamanın ruhunu ifadə edən müasir poetik düşüncədən. Bu iki xəttin vəhdəti bir çox şairlərin yaradıcılığında öz əksini tapsa da, onları üzvi şəkildə birləşdirə bilən sənətkarların sayı azdır. Tanınmış pedaqoq-şair Asif Yusifcanlı məhz belə qələm sahiblərindəndir. Onun yaradıcılığı folklorun saf qaynaqlarından süzülüb gələn ruhu müasir poetik forma və düşüncə ilə bir araya gətirməsi baxımından diqqətəlayiqdir. Asif Yusifcanlı Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndinində dünyaya gəlib. Müharibədən sonra böyük bir ölkənin ən çətin dövrlərinə təsadüf edən uşaqlıq dövrünun yeganə mükafatı bəlkə də elə Yusifcanlı kimi unikal bir kənddə ziyalı ailəsində doğulmağı olub:
QISA ARAYIŞ
Tanınmış pedaqoq-şair Asif Yusifcanlı – Asif Abbas oğlu Abbasov 10 sentyabr 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini əvvəlcə  Yusifcanlı kənd səkkizillik, sonra isə qonşu Novruzlu kənd orta məktəbində alıb.1969-cu ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb. Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib. Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləyib. Zərdabda yaşadığı müddətdə yerli ədəbi mühitdə öz layiqli yerini tutan Asif Yusifcanlının şeirləri “Kür damlaları”  antologiyasında yer alıb. “Ömrümü uzadır vətən həsrəti”  və “Qəlbimin səsi” adlı şeir kitablarının müəllifidir. “Qəlbimin səsi” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub. Şeirləri dövri mətbuatda və elektron kütləvi informasiya vasitələrində müntəzəm olaraq  dərc olunur.

Asif Yusifcanlı öz doğma kəndində uzun qış gecələrinin söhbətlərində və dəyərli müəllimlərimdən yığdığı söz ehtiyatı ilə uzun bir yola çıxdı. Asif müəllim bu gün də bu yolda inamla addımlayır. Bu yolda onun tükənməz azuqəsi xalqımızın min illiklərə söykənən yaddaşı – qədim və zəngin folklorumuzdur.

Asif Yusifcanlı poeziyasında folklor sadəcə mövzu və ya bəzək elementi deyil, daxili poetik strukturun özəyidir. Onun şeirlərində xalq deyimləri, atalar sözləri, mifoloji obrazlar, qədim inanclar və milli təfəkkürün dərin qatları təbii şəkildə yaşayır. Bu folklor motivləri müəllifin şeirlərində süni görünmür; əksinə, sanki şair həmin mühitin içində böyümüş, xalq sözünün ritmini və ahəngini ruhən mənimsəmişdir.

Folklora bu yaxınlıq onun poetik dilini də müəyyənləşdirir. Asif Yusifcanlının şeirlərində sadəliklə dərinlik qoşa addımlayır. Xalq danışıq dili, aşıq poeziyasına xas axıcılıq və obrazlı ifadə müasir poetik fikirlə qovuşaraq oxucuda həm tanışlıq, həm də yenilik hissi yaradır.

Şairin yaradıcılığında xalq aşıq şeirinin əsas formaları olan gəraylı və qoşma xüsusi yer tutur. Bu poetik formalar Azərbaycan ədəbiyyatında yüzillərlə sınanmış, lakin hər dövrdə yenidən yozulmağa ehtiyac duyan janrlardır. Asif Yusifcanlı bu çətin və məsuliyyətli yolu seçərək klassik forma çərçivəsində müasir insanın düşüncəsini, ağrılarını və ümidlərini ifadə etməyə nail olur.

Onun gəraylıları və qoşmaları forma baxımından ənənəyə sadiq qalsa da, məzmun baxımından müasir zamanın poetik salnaməsidir. Bu şeirlərdə Vətən, torpaq, insan taleyi, mənəvi məsuliyyət, zamanla hesablaşma kimi mövzular xalq şeirinin ritmində səslənir. Beləliklə, şair klassik formaları muzey eksponatına çevirmir, əksinə, onları yaşadan və çağdaşlaşdıran sənət nümunələri yaradır.

Asif Yusifcanlı yalnız folklorla kifayətlənmir. Onun yaradıcılığında sərbəst şeir, fəlsəfi düşüncəyə əsaslanan modern poetik nümunələr də mühüm yer tutur. Bu şeirlərdə obrazlılıq daha çox simvolik və metaforik müstəvidə qurulur. Şair zamanın sosial-mənəvi problemlərinə, insanın daxili təlatümlərinə, yaddaş və məsuliyyət anlayışlarına publisistik kəskinliklə yanaşır.

Bu baxımdan onun poeziyası həm lirika, həm də düşüncə poeziyasıdır. Müasir formalarla yazılmış şeirlərində belə folklor təfəkkürünün izləri sezilir; bu da şairin üslub bütövlüyünü təmin edir.

Asif Yusifcanlının pedaqoji fəaliyyəti onun yaradıcılığında xüsusi etik və mənəvi çalarlar yaradır. O, poeziyaya yalnız estetik hadisə kimi deyil, tərbiyəvi və maarifləndirici missiya daşıyan söz sənəti kimi yanaşır. Şair üçün söz məsuliyyətdir, oxucu ilə mənəvi dialoqdur. Bu mövqe onun şeirlərində açıq didaktikadan uzaq, lakin dərin mənəvi çağırışlarla ifadə olunur.

Asif Yusifcanlı yaradıcılığı Azərbaycan poeziyasında ənənə ilə müasirliyin ahəngdar sintezinin bariz nümunəsidir. Folklora söykənən poetik yaddaş, aşıq şeirinin gəraylı və qoşma kimi klassik formalarına yaradıcı yanaşma, müasir poetik düşüncə və pedaqoji məsuliyyət onun sənət dünyasını bütöv və fərqli edir.

Bu yaradıcılıq nə keçmişə kor-koranə bağlılıqdır, nə də ənənəni inkar edən modernizm. Bu, xalq ruhundan doğan və müasir zamanla danışan poeziyadır. Asif Yusifcanlı məhz bu keyfiyyətləri ilə oxucunun yaddaşında qalır və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu hal özlüyündə çox vacib və gərəklidir. Söhbətimizi məhz bu qəbildən olan nümunələrdən biri və kitabda birincisi artıq yuxarıda qeyd etdiyim “Gərəkdir” gəraylısı ilə davam etdirəcəyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

25.12.2025. Şəki.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Asif Yusifcanlı (Ağdam – 1948)

Asif Yusifcanlı – pedaqoq, şair
(Abbasov Asif Abbas oğlu)
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev hər zaman müəllimlər haqqında da xoş sözlər söyləmişdir. İstər Ümummilli lider Heydər Əliyev, istərsə də, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müəllimlərə yüksək dəyər vermişdir. Məhz bu inkişafın davamı olaraq, heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, vətənimizə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəmirlər.
Müəllimlər hər birimizə yazmağı, öyrənməyi, düşünməyi öyrədir. Bunun üçün çox fədakarlıqlar edirlər. Belə fədakar müəllimlərimizdən biri də Zərdabı zərdablılar qədər sevən Abbasov Asif Abbas oğludur.
Asif Abbas oğlu Abbasov 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Səkkizillik məktəbi Yusifcanlı kəndində bitirib, orta təhsilini isə qonşu Novruzlu kənd orta məktəbində alıb.
1969-cu ildə M.Ə.Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb.
Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib.
Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.
1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləmişdir.
Asif müəllim həmçinin bədii yaradıcılıqlada məşğuldur. Onun yazdığı şeirlər “Kür damlaları” kitabında qeyd olunmuşdur. Həmin kitabda zərdablı şairlərin şeirləridə yazılmışdır. Həmçinin özünün nəşr etdirdiyi “Ömrümü uzadır vətən həsrəti” adlı şeir kitabıda var.

Öz yurdumda yaşamağa,
Öz yurdumu yaşatmağa.
Ürəyini boşaltmağa.
Köçüm gedim Qarabağa.

Keşiyində durmaq üçün,
“Dəmir yumruq” vurmaq üçün.
Sabahını qurmaq üçün,
Köçüm gedim Qarabağa.

Tar-kamanım əlimdədir,
“Sikəstəsi” dilimdədir.
Xoşbəxtliyim elimdədir.
Köçüm gedim Qarabağa.

Asif müəllim deyir: “Mən əslən Ağdam rayonundan olsam da, Zərdabı zərdablılar qədər sevirəm”.
Hal-hazırda təqaüddədir. Bakı şəhərində yaşayır.
Alilədir, bir oğlu, üç nəvəsi var.
Asif müəllimə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

ASİF YUSİFCANLININ YAZILARI

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

10 sentyabr Asif Yusifcanlın doğum günüdür! – Təbrik!

Asif Yusifcanlı – pedaqoq, şair
(Abbasov Asif Abbas oğlu)

10 sentyabr tanınmış şair, pedaqoq Asif Yusifcanlının doğum günüdür. Asif müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Asif Yusifcanlı Ağdam rayonunun, Yusifcanlı kəndindən olsa da, məlum səbəblərdən uzun illər Zərdab rayonunda yaşayıb, fəaliyyət göstərib. O, pedaqoji fəaliyyətlə yanaşı Zərdab ədəbi mühitinin də ən fəal iştirakçılarından biri olduğuna görə bu yaxınlarda işıq üzü görmüş “Zərdab və Zərdabın tanınmışları” (iki cildlik) toplusunda yer alıb.


“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev hər zaman müəllimlər haqqında da xoş sözlər söyləmişdir. İstər Ümummilli lider Heydər Əliyev, istərsə də, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müəllimlərə yüksək dəyər vermişdir. Məhz bu inkişafın davamı olaraq, heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, vətənimizə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəmirlər.
Müəllimlər hər birimizə yazmağı, öyrənməyi, düşünməyi öyrədir. Bunun üçün çox fədakarlıqlar edirlər. Belə fədakar müəllimlərimizdən biri də Zərdabı zərdablılar qədər sevən Abbasov Asif Abbas oğludur.
Asif Abbas oğlu Abbasov 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Səkkizillik məktəbi Yusifcanlı kəndində bitirib, orta təhsilini isə qonşu Novruzlu kənd orta məktəbində alıb.
1969-cu ildə M.Ə.Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb.
Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib.
Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.
1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləmişdir.
Asif müəllim həmçinin bədii yaradıcılıqlada məşğuldur. Onun yazdığı şeirlər “Kür damlaları” kitabında qeyd olunmuşdur. Həmin kitabda zərdablı şairlərin şeirləridə yazılmışdır. Həmçinin özünün nəşr etdirdiyi “Ömrümü uzadır vətən həsrəti” adlı şeir kitabıda var.

Öz yurdumda yaşamağa,
Öz yurdumu yaşatmağa.
Ürəyini boşaltmağa.
Köçüm gedim Qarabağa.

Keşiyində durmaq üçün,
“Dəmir yumruq” vurmaq üçün.
Sabahını qurmaq üçün,
Köçüm gedim Qarabağa.

Tar-kamanım əlimdədir,
“Sikəstəsi” dilimdədir.
Xoşbəxtliyim elimdədir.
Köçüm gedim Qarabağa.

Asif müəllim deyir: “Mən əslən Ağdam rayonundan olsam da, Zərdabı zərdablılar qədər sevirəm”.
Hal-hazırda təqaüddədir. Bakı şəhərində yaşayır.
Alilədir, bir oğlu, üç nəvəsi var.
Asif müəllimə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

ASİF YUSİFCANLININ YAZILARI

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|