Etiket arxivi: Zaur Ustac yazılar

Folklordan müasirliyə uzanan poetik yol

Folklordan müasirliyə uzanan poetik yol

(Asif Yusifcanlı yaradıcılığına publisistik baxış)

Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizi müasir Azərbaycan poeziyasında mənəvi-əxlaqi dəyərləri xalq təfəkkürü, atalar sözü və dini-etik düşüncə ilə yoğuraraq təqdim edən qələm sahiblərindən biri olan pedaqoq-şair Asif Yusifcanlının yeni çapdan çıxmış “Qəlbimin səsi” kitabı əsasında qurmağa çalışacağam.
HAŞİYƏ
“Qəlbimin səsi” kitabı 2025-ci də Bakı şəhərində yerləşən “Gənclik” nəşriyyatında “Kredo” qəzetinin baş redaktoru, şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xəlfəlinin ön sözü və redaktorluğu ilə nəfis şəkildə çap olunmuşdur. Kitabın tərtibatı ilə məzmunu uyğunluq təşkil edir. Bu münasibətlə müəllifi və yaradıcı heyəti təbrik edirəm.
Təfsilata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, Asif Yusifcanlı Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində 1984-91-ci illərdə mənim müəllimim olub. Mən bu barədə 2016-cı ildə işıq üzü görmüş “Ustadnamə” kitabımda xüsusi olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu hal  qələmə aldığım yazıya ancaq informasiya xarakterli məlumat kimi daxildir və məzmuna heç bir təsiri yoxdur. Sinif yoldaşım Arzumanın mənə hədiyyə etdiyi “Qəlbimin səsi” şeirlər kitabını əlimə  alanda ilk olaraq haqqında yazmaq üçün bir şeir seçmək istədim.  Bütün şerlərin bir-birindən dəyərli, ibrətamiz olduğunu gördükdən sonra, sıra ilə şeirlər haqqında yazmaq qərarına gəldim. Əli Rza müəllimin ön sözündən və bayatılardan sonra gələn kitabda ilk şeir nümunəsi – gəraylı (səh. 11 – “Gərəkdir”) üzərində dayandım. Şairin sözləri haqqında söhbətə başlamazdan əvvəl bu qəbildən olan bütün yazılarımda olduğu kimi ənənəyə sadiq qalaraq ümumi məlumat vermək istəyirəm.

Azərbaycan poeziyası daim iki əsas mənbədən qidalanıb: xalqın minillik yaddaşı olan folklordan və zamanın ruhunu ifadə edən müasir poetik düşüncədən. Bu iki xəttin vəhdəti bir çox şairlərin yaradıcılığında öz əksini tapsa da, onları üzvi şəkildə birləşdirə bilən sənətkarların sayı azdır. Tanınmış pedaqoq-şair Asif Yusifcanlı məhz belə qələm sahiblərindəndir. Onun yaradıcılığı folklorun saf qaynaqlarından süzülüb gələn ruhu müasir poetik forma və düşüncə ilə bir araya gətirməsi baxımından diqqətəlayiqdir. Asif Yusifcanlı Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndinində dünyaya gəlib. Müharibədən sonra böyük bir ölkənin ən çətin dövrlərinə təsadüf edən uşaqlıq dövrünun yeganə mükafatı bəlkə də elə Yusifcanlı kimi unikal bir kənddə ziyalı ailəsində doğulmağı olub:
QISA ARAYIŞ
Tanınmış pedaqoq-şair Asif Yusifcanlı – Asif Abbas oğlu Abbasov 10 sentyabr 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini əvvəlcə  Yusifcanlı kənd səkkizillik, sonra isə qonşu Novruzlu kənd orta məktəbində alıb.1969-cu ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb. Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib. Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləyib. Zərdabda yaşadığı müddətdə yerli ədəbi mühitdə öz layiqli yerini tutan Asif Yusifcanlının şeirləri “Kür damlaları”  antologiyasında yer alıb. “Ömrümü uzadır vətən həsrəti”  və “Qəlbimin səsi” adlı şeir kitablarının müəllifidir. “Qəlbimin səsi” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub. Şeirləri dövri mətbuatda və elektron kütləvi informasiya vasitələrində müntəzəm olaraq  dərc olunur.

Asif Yusifcanlı öz doğma kəndində uzun qış gecələrinin söhbətlərində və dəyərli müəllimlərimdən yığdığı söz ehtiyatı ilə uzun bir yola çıxdı. Asif müəllim bu gün də bu yolda inamla addımlayır. Bu yolda onun tükənməz azuqəsi xalqımızın min illiklərə söykənən yaddaşı – qədim və zəngin folklorumuzdur.

Asif Yusifcanlı poeziyasında folklor sadəcə mövzu və ya bəzək elementi deyil, daxili poetik strukturun özəyidir. Onun şeirlərində xalq deyimləri, atalar sözləri, mifoloji obrazlar, qədim inanclar və milli təfəkkürün dərin qatları təbii şəkildə yaşayır. Bu folklor motivləri müəllifin şeirlərində süni görünmür; əksinə, sanki şair həmin mühitin içində böyümüş, xalq sözünün ritmini və ahəngini ruhən mənimsəmişdir.

Folklora bu yaxınlıq onun poetik dilini də müəyyənləşdirir. Asif Yusifcanlının şeirlərində sadəliklə dərinlik qoşa addımlayır. Xalq danışıq dili, aşıq poeziyasına xas axıcılıq və obrazlı ifadə müasir poetik fikirlə qovuşaraq oxucuda həm tanışlıq, həm də yenilik hissi yaradır.

Şairin yaradıcılığında xalq aşıq şeirinin əsas formaları olan gəraylı və qoşma xüsusi yer tutur. Bu poetik formalar Azərbaycan ədəbiyyatında yüzillərlə sınanmış, lakin hər dövrdə yenidən yozulmağa ehtiyac duyan janrlardır. Asif Yusifcanlı bu çətin və məsuliyyətli yolu seçərək klassik forma çərçivəsində müasir insanın düşüncəsini, ağrılarını və ümidlərini ifadə etməyə nail olur.

Onun gəraylıları və qoşmaları forma baxımından ənənəyə sadiq qalsa da, məzmun baxımından müasir zamanın poetik salnaməsidir. Bu şeirlərdə Vətən, torpaq, insan taleyi, mənəvi məsuliyyət, zamanla hesablaşma kimi mövzular xalq şeirinin ritmində səslənir. Beləliklə, şair klassik formaları muzey eksponatına çevirmir, əksinə, onları yaşadan və çağdaşlaşdıran sənət nümunələri yaradır.

Asif Yusifcanlı yalnız folklorla kifayətlənmir. Onun yaradıcılığında sərbəst şeir, fəlsəfi düşüncəyə əsaslanan modern poetik nümunələr də mühüm yer tutur. Bu şeirlərdə obrazlılıq daha çox simvolik və metaforik müstəvidə qurulur. Şair zamanın sosial-mənəvi problemlərinə, insanın daxili təlatümlərinə, yaddaş və məsuliyyət anlayışlarına publisistik kəskinliklə yanaşır.

Bu baxımdan onun poeziyası həm lirika, həm də düşüncə poeziyasıdır. Müasir formalarla yazılmış şeirlərində belə folklor təfəkkürünün izləri sezilir; bu da şairin üslub bütövlüyünü təmin edir.

Asif Yusifcanlının pedaqoji fəaliyyəti onun yaradıcılığında xüsusi etik və mənəvi çalarlar yaradır. O, poeziyaya yalnız estetik hadisə kimi deyil, tərbiyəvi və maarifləndirici missiya daşıyan söz sənəti kimi yanaşır. Şair üçün söz məsuliyyətdir, oxucu ilə mənəvi dialoqdur. Bu mövqe onun şeirlərində açıq didaktikadan uzaq, lakin dərin mənəvi çağırışlarla ifadə olunur.

Asif Yusifcanlı yaradıcılığı Azərbaycan poeziyasında ənənə ilə müasirliyin ahəngdar sintezinin bariz nümunəsidir. Folklora söykənən poetik yaddaş, aşıq şeirinin gəraylı və qoşma kimi klassik formalarına yaradıcı yanaşma, müasir poetik düşüncə və pedaqoji məsuliyyət onun sənət dünyasını bütöv və fərqli edir.

Bu yaradıcılıq nə keçmişə kor-koranə bağlılıqdır, nə də ənənəni inkar edən modernizm. Bu, xalq ruhundan doğan və müasir zamanla danışan poeziyadır. Asif Yusifcanlı məhz bu keyfiyyətləri ilə oxucunun yaddaşında qalır və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu hal özlüyündə çox vacib və gərəklidir. Söhbətimizi məhz bu qəbildən olan nümunələrdən biri və kitabda birincisi artıq yuxarıda qeyd etdiyim “Gərəkdir” gəraylısı ilə davam etdirəcəyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

25.12.2025. Şəki.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Zaur Ustac (1975)

Zaur USTAC (1975)

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!

Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!

Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!

Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!

Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ

Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…

Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?

Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…

Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…

Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…

Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…

Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM

Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…

Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…

İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…

Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!

Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

SEVİN, A TƏBRIZ!

Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!

Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…

Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!

İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!

Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

ÜÇ QARDAŞ

(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR

(Dağlara xitabən üçüncü şeir)

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi

Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!

Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!

Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!

Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!

Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!

Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!

Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!

Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM

Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

“YAZARLAR”

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“And olsun qələmə” və insan ömrü

ƏLLİ İKİNCİ YAZI

“And olsun qələmə” və insan ömrü

(Ayətxan Ziyad İsgəndərov haqqında)

Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.

Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən – orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.

Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:

– 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi qapalı səhmdar cəmiyyət), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;

– 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olmuşdur. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün də uğurla davam etdirilməkdədir;

– 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunmuşdur. Yola salıdığı son 6 ildə 60-dan artıq beynəlxalq və respublika elmi konfransına qatılmış, oxucularına 6-dan artıq monoqrafiya və dərs vəsaiti ərməğan etmişdir.

Bir cəhəti xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev – azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli lider Heydər Əliyevin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.

Bu məqam üçün gəlin tanış olaq:

Kimdir Ayətxan Ziyad İsgəndərov?

Bu sualı ilk olaraq “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır­mışdır. Kitab 5 bölümdən ibarətdir: 1. “Mən kiməm?”; 2. “Ayətxan Ziyad dostların, qələm yoldaşlarının deyimlərində”; 3. a) “Kitabları haqqında yazılmışdır”, b) “Haqqında söz yazdığı kitablar”; 4. “İnsanın doğum tarixinin sirləri” və “Yaddaşları yaşadır fotolar”.

QISA ARAYIŞ 

1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, 1969-cu ildə orta təhsilini başa çatdırməşdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) olaraq yaradıcılıqla məşğul olmuşdur. 1975-1976-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında, 1976-1994-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər­bay­can məktəbi” jurnalında, “Respub­li­ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze­tlərində, 15.09.2004 – 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir­çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə­zi­­nin rəhbəri) vəzifələrində çalışmışdır.

A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlı olmuşdur. Yanvar 2007 – fevral 2015-ci illərdə “Gənc müəllim” qəzetinin redaktoru olmuşdur. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek­toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) ictimai işlərdə çalışmışdır;

– 1979-cu ildə Gənc Jurna­list­lə­rin II Ümumit­ti­faq Qurul­tayının nü­ma­yəndəsi olmuşdur (Moskva şə­hə­rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş­ləri Komitəsində (Moskva) yaradıcılıq təcrübəsi keç­mış, kosmonavtların Bayka­nur Kosmodromunda (Moskva) olmuşdur;

– Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.

– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur.

– 2000-ci il parlament seçkilərində deputat­lı­ğa namizəd olmuşdur.

– “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır. 

– Haqqında vikipediya yaradılmışdır.

1980-ci ildən SSRİ Jurnalistlər İtti­faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay­can Yazıçılar Birliyinin üzvüdür.

İki əsrin mükafatları:

– 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər­manını almışdır;

– Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa­nə­yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab­çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).

– Hərbi-vətənpərvərlik mövzusun­da yazan jur­nalistlərin yaradıcılıq müsabi­qəsində “Ədalət” qəze­tinin xüsusi mükafatını almışdır;

– 2012-ci ildə «Əsrin ziyalı­ları» Xey­riyyə İcti­mai Birliyinin «İlin alimi – İlin ziyalı­sı» diplomuna,

– 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,

– 2021-ci ildə  “Ziyadar” Mükafatına la­yiq görülmüşdür.

Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.

ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey­nə­lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.

İşıq üzü görmüş kitabları:

1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba­kı-2001, 400 səh.

2. “Mən­dən sonra…”. Şeir, hekayə, publisistika.

Bakı-“ULU”-2010, 616 səh.

3. “Qazyanlı Mir­həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).

4. “Qaz­yan­lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh. (araşdirma xarakterlidir)

5. “Hər hökmü za­man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.

6. “Şamaxının Kürdə­mic kəndi. Tarix, publi­­si­s­tika, rəvayət”.

 Bakı-2014, 70×100 1/16, 536 səh. Monoqrafiya.

7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.

8. “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh. Monoqrafiya.

9. “Dədə Qorqud” ün­va­­nında sözüm” (el­mi məqalələr. Mart 2015-2017-ci il).

Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.  

10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – 

dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.    

11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… –

dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92

səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.

12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka­yə,

povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi – 2019, 463 səh.

13. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.

14. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.

 Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.

15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.

16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 200 səh. Monoqrafiya.

17. Elmi mübahisələr: mülahizələr, qənaətlər.

Nəşrə hazır  daha 9 kitabı vəsait çatışmazlığına görə uzun illərdir işıq üzünə həsrət qalıb.

Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir.

Bütün bu əzmkarlıq, qələmə fəda edilmiş 53 il qarşılığında imkanlarımız daxilində Ayətxan müəllimin fədakarlığını qiymətləndirməyə çalışmışıq. Belə ki, tərəfimizdən elmi araşdırmaçılıq fəaliyyətinə görə “Vintsas”, 53 illik ədəbi-bədii yaradıcılığı nəzərə alınmaqla “Bayram Bayramov” mükafatlarına layiq görülmüşdür. Yuxarıda yazımın “Qısa arayış” bölümündə qeyd olunduğu kimi, Ayətxan müəllimin doğum günü 15 oktyabrda olacaq qarşıda qosqoca iki ay var bu münasibətlə imkanlı şəxsləri nəşrə hazır kitablarının çapşna dəstək olmağa, əlaqədar təşkilat və qrumları isə onun qələmə, yazıya xərclədiyi günlərin xoş xatirəsi ola biləcək əlamətdar işlər görməyə çağırıram. Söna qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və söhbətimi artıq çoxdan Haqqın dərgahına varmış digər dəyərli ziyalımız Cabir Novruzun ibrətamiz misraları ilə bitirmək istəyirəm:

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara…

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru