AĞDAM – TARİX, AĞRI VƏ DİRÇƏLİŞ

AĞDAM – TARİX, AĞRI VƏ DİRÇƏLİŞ

Azərbaycan aşıq poeziyasının klassik və ən canlı formalarından biri olan gəraylı xalq yaddaşının, tarixi taleyin və mənəvi müqavimətin poetik ifadə vasitəsidir. Xalq aşıqları, ozanlar, eləcə də dili xalq danışıq dilinə yaxın olan, yaradıcılığı boyu şifahi xalq ədəbiyyatından, folklordan tez-tez bəhrələnən şairlər həmişə “gəraylı”, “qoşma” kimi yüngül və axıcı şeir formalarınadan uğurla istifadə edərək, yadda qalan nümunələr yaratmışlar. El sənətkarları adətən əsasən sevgi, sevinc, ağrı-acı, intizar, həsrət, təbiət gözəlliklərinin və gözəllərin vəsfi mövzularında – bir sözlə şad günündə də, qəmgin vaxtlarda da “gəraylı” kimi klassik şeir formasına müraciət ediblər. Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Ağdam” (səh. 25) şeiri də məhz “gəraylı” qəlibi üzərində qurularaq, təkcə bir şəhərin yox, bütöv bir xalqın ağrılı, eyni zamanda qürurlu taleyini ümumiləşdirir.

Gəraylı janrına xas olan 8 hecalı misralar, sadə, lakin dərin məna daşıyan ifadə tərzi şeirin ruhuna uyğun seçilmişdir. Şair forma ilə məzmun arasında üzvi harmoniya yaradır. Bu, təsadüfi deyil: Ağdam mövzusu süni bədii oyun deyil, xalqın yaddaşından gələn bir haraydır və gəraylı bu harayın ən təbii dilidir.

Şeirin hər bəndində axıcılıq, ritm və ahəng oxucunu aşıq məclisinin, saz havalarının ovqatına kökləyir. Bu, əsərin publisistik təsir gücünü daha da artırır.

“Bu nə gündür, bu nə görkəm” misrası ilə başlayan şeir oxucunu dərhal faciənin mərkəzinə gətirir. Ağdam həm “ağ damları viran olan”, həm də “göylərində qəm dolanan” bir məkandır. Bu obrazlar yalnız fiziki dağıntını deyil, mənəvi sarsıntını, illərlə sinəyə yığılmış dərdi ifadə edir:

“Bu nə günüdür, bu nə görkəm,
Ağ damları viran Ağdam.
Göylərində dolanır qəm,
Çox dərindir yaran, Ağdam.”

Lakin şeir yalnız yas poeziyası deyil. Asif Yusifcanlı Ağdamı mərd-mərdanə, düşmən qarşısında sınmayan, qanı torpağa qarışsa da ruhu ucalan bir şəhər kimi təqdim edir. Toy-büsatla qan, sevinc ilə faciə eyni poetik müstəvidə verilir – bu isə Qarabağ taleyinin ən real, ən acı həqiqətidir:

“Toy-büsatlı xoş çağında,
Qan töküldü torpağında.
Qarı düşmən qabağında,
Mərd-mərdana duran, Ağdam.”

Şeirin son bəndində ovqat dəyişir. “Şükür olsun Yaradana” deyimi ilə şair faciədən qurtuluşu, haqqın zəfərini ön plana çəkir. Bu, sırf dini şükür deyil, tarixi ədalətin bərpasına ünvanlanmış mənəvi rahatlamadır:

“Şükür olsun Yaradana,
Axır çatdın muradına.
Şan-şöhrətli öz adına
Layiq şəhər quran, Ağdam.”

Ağdam artıq təkcə viranə deyil, “şan-şöhrətli öz adına layiq şəhər quran” məkandır. Burada şair gələcəyə inamı, bərpa və dirçəliş ideyasını publisistik ruhda oxucuya çatdırır. Şeir ümidsizliyin yox, qayıdışın və quruculuğun manifestinə çevrilir.

Asif Yusifcanlının “Ağdam” gəraylısı yalnız poetik nümunə deyil, həm də ictimai şüura ünvanlanmış bir çağırışdır. Şeir oxucunu unutmağa yox, xatırlamağa, dağıntıdan doğan məsuliyyəti dərk etməyə səsləyir. Burada tarixə qiymət vermək, şəhid qanı ilə yoğrulmuş torpağa sahib çıxmaq ideyası açıq şəkildə hiss olunur.

Asif Yusifcanlının “Ağdam” şeiri Azərbaycan aşıq poeziyasının klassik gəraylı formasında yazılmış, müasir tarixi reallığı əks etdirən, milli yaddaşı diri saxlayan dəyərli bir əsərdir. Bu şeir Ağdamın ağrısını daşımaqla yanaşı, onun dirçəlişinə inam yaradır. Sadə sözlərlə böyük həqiqətləri deyən şair, oxucunu həm kövrəldir, həm də qürurlandırır.

Bu mənada “Ağdam” gəraylısı yalnız ədəbi nümunə deyil, xalqın taleyini dilə gətirən poetik sənəddir. Sevimli müəllimimə və digər yurdsevər ağdamlılara Ağdamlı günlər arzulayıram! Şanlı Zəfər haqqında qəhrəmanlıq ballardaların Ağdamda yazaq inşəAllah!

14.01.2026. Ağdam.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir