“Gərəkdir” haqqında yazmaq gərəkdir – Zaur Ustac

Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır.
Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur:
“Gəlir hardan gəlir, gəlsin,
Yaşamağa var gərəkdir.”

Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir.
Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir:
“Halal vara min bərəkət,
İstəməyən kor gərəkdir.”

Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır.
Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur:
“Var düşübsə üç-beşinə,
Dönüb baxsın keçmişinə.”

Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir.
Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır):
“Sağ əliylə sol döşünə,
Döyən kəsdə ar gərəkdir.”

Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır.
Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır:
“Haramını halal sayan,
El içində xar gərəkdir.”

   Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır.
   Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq?
   Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.

27.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir