Etiket arxivi: Cek London

Cek London -“Martin İden” romanı

Cek London – “Martin İden” əsərinin qısa məzmunu

Martin gənc dənizçidi. İşləməklə bir o qədər də arası olmayan bu gənc daim macəra axtarışındadı.

Günlərini gəmilər və meyxanələrdə keçirən dənizçi Martin İden tez-tez küçə davalarının iştirakçısı olurdu. Belə qarşıdurmaların birində Martin Artur adlı zəngin birinin həyatını xilas edir. Artura sataşan küçə avaralarını yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Burada Martin Arturun bacısı Ruf ilə tanış olur. O, Rufu görür və uzun illər axtardığı qadını tapdığını düşünür.

Martinin həyatı bu tanışlıqdan sonra dəyişməyə başlayır. O, Rufa aşiq olur. Arturun bacısı olan gənc qız ziyalı və olduqca bilikli idi. Bununla yanaşı mədəni davranışları ilə diqqət çəkən Rufu əldə etmək Martin üçün elə də asan olmayacaqdı. Bu səbəbdən Martin özünü inkişaf etdirməyə başlayır və ən az Ruf qədər ziyalı olmağı qarşısına məqsəd kimi qoyur. O andan etibarən yazar olmağı seçən Martin, bəlkə də, artıq Rufla evlənəcəyini də xayəl edirdi. O bu xəyalın gerçəkləşməsinin nə qədər çətin olduğunu və bu istəyin arasında böyük uçurumun olduğunu görürdü.

Martin bu məqsədlə həyatında əməlli dəyişiklərə əl atır. Tüfeyli həyat tərzindən əl çəkərək filosofların düşüncə dünyasına səyahətə başlayır. Yazar olmağı qərara alır.

Fəqət Martinin Rufa olan sevgisi onu hələ istənilən pilləyə yüksəltməmişdi. Üstəlik, Ruf onun əzmini və bacarıqlarını bilməsinə rəğmən ona inanmaqda çətinlik çəkirdi və Martinə davamlı iş axtarmasını tövsiyə edirdi. Bundan başqa, artıq yazarlıqda qərarlaşan Martinin heç bir yazısı uğur qazanmır və yayımlanmırdı. Ruf Martinin yazılarının bəyənilməməsini onun bir o qədər də istedadlı olmamasına bağlayırdı. Buna baxmayaraq, Ruf ona dərs verir və özünü inkişaf etdirməkdə köməkliyini əsirgəmirdi.

Martin nə qədər çalışsa da özünün gənclik dövründən qalan davranış və adətlərini, bir sözlə, içindəki çılğın Martini məhv edə bilmirdi. Özünü doğru ifadə etməyi, daha doğrusu, insanların düzgün anlaya biləcəyi kimi ifadə etməyi hələ öyrənə bilməmişdi. Bir mübahisədən sonra sadə jurnalist ona sosialist damğası vurulur.

Dərgilər və qəzetlər Martinin yazılarını hələ də yayımlamırdı. Bu da Martini Rufdan uzaqlaşdırırdı. Çünki Ruf üçün ən önəmli şey uğurdu. Martin isə hələki yalnız uğursuzluqla üzləşirdi. Rufdan ayrılan Martin Lizzi Konnoli adlı qızla dostluq etməyə başlayır. Lizzi Martini çox sevir və onun üçün canından keçməyə də hazır idi. Martin üçün isə bu önəmli deyildi və onun fikri yalnız Ruf idi. Bunu Lizzinin özünə də bildirmişdi.

Martin İden bütün bu uğursuzluqlarının səbəbini anlayır. O, bu qədər zaman ərzində oxuduğu, öyrəndiyi insanların əslində savadsız və göründüyü qədər də ziyalı olmayan insanlar olduğunu anlayır. Onun ətrafı ədəbiyyat bilməyən ədəbiyyatçılarla, həndəsə bilməyən mühəndislərlə dolu idi. Martin bundan sonra dənizçi və səfillik illərində öyrəndiyi bilgiləri əslində savadsız olan insanlardan qavradığı informasiyalarla sintezləyərək əslində həqiqətin nə olduğunu anlamağa başlayır və bu tip insanlara qarşı mübarizə aparmağa başlayır.

Gəmiçilik işini buraxaraq özünü tamamən yazarlığa həsr etmişdi. Ən gözəl yazılarından hesab etdiyi əsərlərini qəzet redaksiyalarına yollayır və yenə də əvvəlki uğursuzluqla qarşılaşırdı. Tamamən ac duruma düşən Martin digər insanlara möhtac duruma düşmüşdü. Bu hadisələr Lizzi ilə Martinin ayrılmasına da səbəb olmuşdu.

Martin bütün bunlara rəğmən yazı yazmağa davam edirdi. Göndərdiyi yazılar yenə geri çevrilirdi. Fəqət heç gözləmədiyi anda yazıları qəbul edilməyə başlayır. Ardıcıl uğurlar qazanmağa başlayır.

Nəhayət, Martinin böyük bir yazar olduğu ortaya çıxır. Dostunun yardımı ilə Martinin əsərləri tanınmaya və daha çox satılmağa başlayır. Martin artıq məhşur bir yazara çevrilir və zəngin bir insan durumuna gəlir. Ziyalı və savadlı insan kimi hər kəs tərəfindən tanınan hazırki Martin ilə dənizçi və tüfeyli həyat sürən gənc arasında olduqca böyük fərq vardı.

Bütün bunlardan sonra Ruf Martini geri istəyir. Martin İden artıq məhşur insan olmuşdu. O, Rufun ürəyini fəth etmiş və onun idealına çevirmişdi. Fəqət Martinin Rufa qarşı münasibəti əvvəlki kimi deyildi…

Bu ərəfədə Martinin məhşurlaşmasında böyük rol oynamış dostunun intiharı ona çox təsir edir. Bu hadisənin martinə vurduğu yara uzun müddət sağalmır. Üstəlik insanların münasibəti onu həyatdan soyudurdu. Belə ki, məhşur olduqdan sonra hər kəs Martinə qarşı fərqli davranırdı. Tanışlarının və ətrafının ikinci üzü ortaya çıxmışdı. Aralarında ciddi dava olan şəxslər belə onu nahara dəvət edirdi. Əvvəllər Martinə heç üz verməyən insanlar artıq ona yarınmağa başlamışdı. Aclıqdan öldüyü vaxtlarda ona fikir verməyən insanların hazırki davranışları Martini həyatdan iyrəndirirdi.

Yazarlıqdan əl çəkən Martinin əvvəllər yazdığı, amma çap olunmayan əsərləri də yayılma və satılmağa başlayır. Var dövlətinin bir qismini ailəsi üzvlərinə, qonşularına, köhnə dostları Co və Lizziyə xərcləyir. Və cənuba getmək üçün sonuncu dəfə gəmiyə minir. Gəmidə sıxıldığı üçün kitab oxumağa başlayır. Kitabda oxuduğu bu misralar onu intihara sövq edir:

“Heç bir yaşamın sonsuz olmadığı,

Ölülərin əsla dirilmədiyi”.

Onun üçün artıq zəngin və məhşur olmağın heç bir önəmi yoxdu. Həyatda əsl sevgi olmadan yaşamağın bir mənasının olmadığını düşünür. Bunun məntiqi nəticəsi kimi özünü dənizə atır. Ciyərlərini nəfəslə doldurub gedə bildiyi qədər dərinə üzür. Dərinə getdikcə təzyiqdən qulaqları partlayır, yuxarıya üzmək üçün cəhd göstərsə də artıq ölmək üzrədir.

Hazırladı: Məmmədov İlkin

Müəllif: Cek LONDON

İlkin mənbə: Əsərlərin qısa məzmunu

Oxu:Zaur Ustac haqqında

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Osmanov – Həyat eşqi və İntihar

CEK LONDON

Həyat eşqi – insanın daxiliyanma mühərriki. İnsanı mənəvi və fiziki ölümün caynağından qoruyan talisman. Həyat eşqi deyiləndə kim və yaxud nə yadınıza düşür? Çoxunuzun cavabı bəllidir: Cek London və onun məşhur hekayəsi. Ədəbi şedevr.

Bu hekayənin leytmotivi: yaşamaq uğrunda mübarizə. Süjet xətti: İki yoldaşın – qızılaxtaranların Alyaskada – tundranın soyuqdan böyüməyə imkanı olmayan ağaclı meşələrində başına gələnlər. Lirik qəhrəmanı bu məşəqqətli yolçuluqda – soyuq “cəhənnəm”də (bəli, cəhənnəm təkcə dözülməz isti deyil) tənha qoyub gedən Billin sümüklərinə rast gələn yol yoldaşı onun qızılla dolu dağarcığını görür. Və fikirləşir ki, Bill onun yerinə olsaydı dağarcığı mütləq götürərdi. Həm də anladı ki, qızıl onun tamahkar yoldaşının xilaskarı yox, ölümə sürükləyən parıltıdır. Yoldaşının nəfs işıqforunda dayanan avtomobilin əyləci yoxmuş. O, isə qızılaxtaran yol yoldaşının canavarın ətdən təmizlədiyi sümüklərinin yanında yiyəsiz qalan (lap elə andıra qalan) qızıl dağarcığını götürmür. Bilir ki, qızıl bu məqamda onun cəlladıdır, dişlərini qızarda – qızarda növbəti qurbanına baxır. Sağ qalmaq uğrunda mücadilədə ona qızıldan vacib dəyər – cəsarət, mənəvi və fiziki güc lazımdır. Bu tundranın ortasında onun həyat yoludur. Artıq yük (lap qızıl olsa da) onun ölümünü tezləşdirmək istəyən gözəl və cəlbedici mələkdir – Əzrayıldır. Şirnikləndirib tələyə salmaq üçün yalançı yemdir. Necə ki, Billi qamarlayıb. Axı yaşamaq uğrunda mübarizənin yolları heç vaxt hamar olmur.

Cek Londonun “Həyat eşqi” öyrədir ki, yoldaşını dar ayaqda yalqız qoyub gedənlər təkcə xəstə canavara yox, həm də “həyat” adlı yalquzağın asan yeminə çevrilirlər. İnsan maddiyyatın əsiri olanda həm maddi, həm də mənəvi dəyərlərini itirir. Qızılı da, şipşirin ömrünü də.

 Yazıçı dahiyanə vurğulayır ki, insanı inam, ümid, mübarizə tərk etməsə, o, həyatın bütün sınaqlarından, keşməkeşlərindən qələbə ilə çıxa bilər. Ümidi ölən insan əvvəlcə mənəvi, daha sonra fiziki cəhətdən məhv olur. Təkcə yol yoldaşını yox, həm də özünü tənhalığın qucağına atan insan təbiətlə, həyatla çarpışmalarda uduzur mütləq. Böyük Bəxtiyar Vahabzadə deyirdi ki, meşələr sultanı, meşələr şahı aslanın özü də yalqız olmasın.

Lirik qəhrəmandakı inama, mücadiləyə heyran qalmamaq olmur: Yarım saat ərzində soyuq sulu, lilli gölməçənin suyunu boşaldıb oradan bir balıq tapan yolçu. C.London bunu – qəhrəmanının balıq tapan andakı sevincini elə təsvir edir ki, sanki tundranın “keçəl” meşələrində “olum, yaxud ölüm” dartışmasında olan özüdür. Bu sözün, təxəyyülün təntənəsidir. Heyf ki, bu mübarizə şairin təxəyyülündə məskən salsa da qəlbinə hakim olmayıb. 

Mübariz insan hətta onu addım – addım izləyən, nəfəsini kürəyində hiss edən ac canavarı (xəstə olsa belə) öldürmək, ətini yemək, qanını içmək gücünə malikdir. Onun  həyat imtahanındakı bu qələbəsinin “memar”ı milli mentalitetimizin bir ədəbi nümunəsinin təbirincə desək, gözü çıxmış qardaşı (sümüklərinə rast gəldiyi Bill) yox, daxilində püskürən həyat eşqidir.

 Amma nə edəsən ki,dahi kimi qiymətləndirdiyimiz insanlar belə bəzən ən məchul, bəlkə də ən sadə suallar qarşısında baş sındırmalı olurlar. 

Cek Londonun “Həyat eşqi” ilə həyat eşqi arasındakı paradoks insanı dərin düşüncələr dəryasında çabalamağa məcbur edir. 

Təzada fikir verin! İyirmi bir romanın, Bəlkə də dünya ədəbiyyatının bir nömrəli hekayəsinin (subyektiv fikrimdir) müəllifi 40 yaşında morfi qəbul edərək intihar etmişdir.

 “Martin İden” romanının qəhrəmanı yazıçının prototipidir. O, bu romanda ömrünün ölümə sürükləyən anlarını pillə – pillə qələmə almışdı. Soyuqqanlı cəmiyyət isə insafsızcasına susurdu.

San – Fransisko küçələrində qəzet satan, okean gəmilərinin göyərtəsini yuyan, limanda yük boşaldan Cek London çox faciəli həyat yaşayıb. Anası hamilə olanda atası evi tərk edib. Tənha ana yenidən ərə gedib. Atalığı Cekin anasına uşağı məhv etmədiyinə görə zülm verib. Ana yaşadığı sarsıntılardan, cəhənnəm məşəqqətindən cana doyub qan damarlarını doğrasa da sağ qalıb, Ceki dünyaya gətirib. 

Əslində bu bir neçə cümlə bədbəxt bir insanın taleyi haqqında nəhəng roman yazmağa bəs edən ədəbi materialdır.

 Cek London niyə “Həyat eşqi”nin qəhrəmanı kimi həyat eşqli olmadı? Niyə həyatın amansız zərbələrini dəf edə bilmədi? Çünki o da tənha idi. Depressiyalar onu həyatın dibinə – girdablara doğru çəkirdi. Bataqlıq cəmiyyət onu udmaq istəyi ilə alışıb yanırdı. Mübarizlik isə yazıçının həyat lüğətindən silinmişdi. O, əla bilrdi ki, həyat eşqi, mübarizə nədir. Bunu qızılaxtarana yazıçı vermişdi. Bəs niyə özünə saxlamamışdı onlardan heç olmasa bir misqal? Belə sualların cavablarını Cek London morfinin köməyi ilə o dünyaya apardı, oxucularını nigaran qoydu, qaranlıqları aydınlaşdırmaq üçün yanmadı, inam məşəlini yandırmadı. Nazim Hikmət demiş, mən yanmasam, sən yanmasan,  o yanmasa, necə çıxsın qaranlıqlar aydınlığa?!

 “Həyat eşqi”ndəki canavar ölümün, insan həyatın rəmzidir. Bu bəlkə də ədəbi tənqidçilərin fərziyyəsidir. Buna inanmamaq da olmur. Cek London da sübut edir ki, həyat ölümdən güclüdür. Asif Ata daha düşündürücü deyirdi: 

“Həyat – ölümü yaşadır ki, – Yaşasın”!
 

İradəli insanlar isə ölümə qalib gəlirlər, heç vaxt ölmürlər..

MÜƏLLİF: VAQİF OSMANOV



YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru