Etiket arxivi: “Fədailərimizi tanıyaq!” rubrikası

Turan Uğur yazır

“Fədailərimizi tanıyaq!” rubrikası

Turan Uğur: – “Müəllifi olduğum “Fədailərimizi tanıyaq!” rubrikasının 13-cü hissəsi nəcib insanlar, fədailərimiz, şair Balaş Azəroğlu və onun ömür-gün yoldaşı, şair Mədinə Gülgünə həsr olunur.
Esse-hekayə şəklində çox böyük sevgi və şövqlə yazdığım bu yazı “Mənim bir gözəl nənəm vardı…” adlanır.
Xoş mütaliələr!”

Fədailərimizi tanıyaq!”
13-cü hissə
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün fədailərimizə həsr edirəm)
BALAŞ AZƏROĞLU
&
MƏDİNƏ GÜLGÜN

“Mənim bir gözəl nənəm vardı…”
Güneyli-quzeyli yurddaşlarımızın el-oba həsrəti “Heydərbabaya salam” – ın yanğılı misraları fonunda, Rübabənin səsində necə eşidilir?
Səhər hər kəsdən tez oyanan, uca boylu, uzun hörüklü nənəm qulac-qulac qollarını gərəndə bir əli çaydana çatırdısa, o biri əli təndirə yetirdi.Saçları çoxdan bəyazımışdı , daha çox qızılıya çalırdı.Namazını oturub qılardı, “qılçalarım, dizim ağrıyır” deyə-deyə adda-budda giley-güzar da edərdi, lakin gileyini bir özü bilirdi, bir də Tanrısı, çünki biz çağaların, nəvələrin yeməyinə əl uzadanda elə qıvraq, elə yüyrək olurdu ki, gərək ağ çalmalı qara bulud olaydın ki, nənəmə yetişə biləydin, yoxsa işin fəna olardı.

Buludlar
Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?

Niyə qaraldınız bu bahar çağı?
Sizdəmi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?

Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.

Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.

Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?

Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.

Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.
B.Azəroğlu
Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı…
Yox, dünyanın gözəl olduğunu dürüst bilmirəm, amma nənəm gözəl idi, gözəlliyi də nurunda idi.
Azərbaycan nənəsi, hamısı bir-birinə oxşayar,
ağır tərpənişi, titrək əllərinin nəvazişi, bir tabaq yoğurduğu xəmiri ilə bizim nənəmizdi hamısı.Nənələrimizə qurban olum.
-Dan söküləndə, yola salmağa kimi vardı nənəmin?
-Oğlumu?
-Xeyr!
Artıq oğlu ailəsi ilə güneydən üz tutmuşdu Bakıya.Əvəzində yola salmağa karvarqıran vardı.Hamıdan tez oyanan, fətir bişirən, çay qoyan nənəm. Bir əli çörəkdə, bir əli suda olan nənəm deyərdi ki:
-“Ay tənbəllər, durun ayağa”
-Bəs oyananlar kim idi?
-Neçə-neçə balalar.Balaların sırasında mən də varam.
Narın yağış-B.Azəroğlu
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit,aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…
Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.
Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…
1921-ci il, 104 il öncə…
Abizadə Balaş Allahbaxış oğlu – Azəroğlu Balaş doğulur, yəni ki, yuxudan oyanır, nənəsinin onu haylamasına səs verir.Amma Bakıda artıq nənə yoxdu.Ata var, ana var, neft buruqları var, yeni hökumət var, “Şurəvidə krandan da süd gəlir”- deyib bura pənah gətirən həmşərilərimiz daha da çox olacaqdı.
Əvvəl-əvvəl Bakı əhli ilə düz gəlməyən həmşərilər Həmşəri palanında cəm olunana, yurdçu olana qədər döyüləcəkdilər, söyüləcəkdilər. Bakı oğruları erməni ilə birləşib ev yarmağa gedəndə bir həmşəri seçib ona gözətçi “vəzifəsi” də verəcəkdilər ki, “gör, gələn-gedən yoxdu ki?”
Bir hüzür yerində eşitmişdim bu söhbəti, həmşəri olduğumu bilməyən bu yad insan, keçmişində məhbusluq həyatı dadmış bu köklü Bakılı yalan-palansız, bəzək-düzəksiz, düz gözümün içinə baxaraq nəql edirdi. Yanımda əyləşən ondan soruşanda ki,

– “Həmşərini niyə gözətçi kimi qoyurdunuz?” sualına, qəribə cavab da eşitdim.

– “Alə, yiyəsi yox idi da həmşərilərin, ona görə”

Təəccüblü gəldi bu yiyəsizlik mənə.
Bəlkə Allah cahan qədər böyük bu gerçəkliyi bu sadə Bakılının dili ilə bizə dedizdirirdi?!
Bəlkə elə doğrudan da yiyəmiz yox imiş?
Necə yəni – ermənisi, yəhudisi, bəd ayaqda rusu Bakının ən gözəl yerlərində yaşayacaqdılar, ən nüfuzlu işlərində təmsil olunacaqdılar, ən mərkəzi küçələrində elədən-beləyə, belədən-eləyə səkəcəkdilər, onların yiyələri olacaqdı, ancaq biz həmşərilərin yox!
Bu tikanlı sözlər həqiqətə yamanca bənzəyirdi.Bəlkə də elə ona görə ildırım sürəti ilə qəlbimə toxundu. Bəs harada olmuşdu, harada ölmüşdü bizim “yiyələrimiz”.Bəlkə güneydəki “yiyələrimiz” Dövləti buna görə qurmaq istədilər ki, bir gün də biz yiyəli olaq? Ancaq 1 gün yox, 1 il sürdü yiyəliyimiz.
Gözü çıxsın gözündə bədnəzəri olanın, özü də ikisi bir deşikdən.
O yiyəsizlərdən biri də Balaşın ailəsi idi.1920 ci ildə Ərdəbilin Qışlaq kəndindən quzeyə üz tutan valideynlər vardı. Ta 1938-ci ilə kimi, güneyə qovulana qədər.”Pioner” qəzetində adda-budda çap olunan yeniyetmə Balaş şeiriyyatda hələ pioner idi, fəqət buna baxmayaraq Abdulla Şaiq çox bəyənirdi yeniyetmənin yazı-pozularını.Onu da deyim ki, Mədinə də doğulmuşdu artıq.O da Bakıda anadan olub.Bəd ayaqda lap qohum idilər Balaşla.Yəni ki, əminəvəsi idilər.
Vətən ola bilmirəm.M.Gülgün
Bir nəğməli bulağam,
Uca dağlardır arxam.
Hər an çağlayacağam
Səninçin.

Sevgim gəlməz hesaba,
Sevgim sığmaz kitaba
Ötərəm oba-oba
Səninçin.

Göytək halbahal ollam
Bir şirin xəyal ollam.
Dağlarda tonqal ollam
Səninçin.

Fəqət ola bilmirəm,
Könlün ala bilmirəm.
Vətən ola bilmirəm
Səninçin
Səninçin.

Mənim bir gözəl nənəm vardı…
Mədinəni də nənəsi oxutdururdu.Güneyə qayıtdıqdan sonra Balaşa olan ülfəti məhəbbətə dönəcəkdi.İnqilab vaxtı tez-tez nəşr olunan gənc Balaş Azəroğludan müsahibə götürməyə gəlir. Xeyir-duanı isə Ağayi Pişəvəri özü onlara verir. Hər iksinin könlü xoş olur. Xoş olmazmı?!

Acılı, iftixarlı, nisgilli, təlatümlü illəri məgər hər ikisi eyni dadmırdımı?
Təbriz Radiosunun sədr müavini olanda da Balaş Azəroğlu inqilabi şeirləri ilə “Vətən yolu” qəzetində tez-tez nəşr olunardı.Xalq, çox sevirdi Balaşı.Doğma türk dilində oxuduğu şeirləri 21 Azərin nəğmələrinə çevrilirdi.Kənddən-kəsəkdən gələnlər Balaşa üz tuturdular, Balaş isə Mədinəyə.
Mən inqilab şairiyəm-B.Azəroğlu
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymanə, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Bir dəstə gül, qohum-əqrəba ilə tanışlıq, arxası ilə gözüyaşlı qalan Balaşın ilk izdivacdan olan kiçicik qızı.Sonra Arazın bu tayı, sonra xudmani, dostyana toy məclisi, sonra ilk güzarları Araz, 2 il sonra doğulacaq Etibar, sonra etibarsız, güneysiz illər.
Baxın, buna bilirsiz nə deyirlər?
Balaş Azəroğlu olsaydı: “O işıq haqqı Tale deyərdi” axı onun üçün ikidəbir işığa and içmək su içmək kimi bir şey idi.
Mənim bir gözəl nənəm vardı…
Mədinə isə artıq iki övlad böyüdən ana idi.İstiqanlı, güləş, yeri gələndə Balaşı cırnatmağı bacaran Mədinə.Balaşın dəftərini götürüb, ora öz şeirlərini yazan Mədinə, “dəftərimi korladın”- deyə bundan uşaq kimi küsən Balaş, yaxşı düşbərə, qutab bişirib hamını bir araya yığan Mədinə, sonra yenə barışıq.

Bilər-M.Gülgün
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.

Mənə söyləməyin az alışıb-yan,
İnanın, daşı da ağladar hicran,
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.

Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz,
Könlümü hər naşı oxuya bilməz
Onu dünya görmüş insanlar bilər.

İlk qazanclarına aldıqları yazı makinası var. Əllə yazmağı xoşlayan Balaş, ürəyini makinaya köçürməyi sevən Mədinə.Yay tətillərində Qubaya gedən gənc ailə.Axı Mədinənin rəfiqələri yaşayırdı orada, asudə vaxtlarda elə Mərdəkana da toplaşmaq olardı, dostanə məclislər nə çox idi.Nə çox idi Güneyin, Ərdəbilin, Təbrizin qoxusunu onlardan alanlar, nə çox idi!!! Nə çox idi Hökümə Billuridən, Həmzə Fəthi Xoşginabidən, Rübabə İşraqidən, Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə Gülgündən, Qulamhüseyn Beqdelidən, Qafar Kəndlidən Güneyin qoxusunu alanlar!!! Nə çox idi könül rübabını Rübabə ifasına kökləyənlər, qara gilənin eşqinə gözlərindən puçur-puçur, gilə-gilə yaş axıdanlar.
Hələ Rəsul müəllim və Nigar xanım da çox istəyərdilər bu ailəni.Elə R.Rza təsiri ilə sərbəst şeirə meyil göstərmişdi Balaş Azəroğlu.Gərək Nazim Hikmətin də bu işdə payını qeyd edək, ondan xeyli təsirlənmişdi gənc şair.Rəsul müəllimdən öyrənən Balaş, ona şeir hədiyyə edən Mədinə.
Təbrizim mənim
(R.Rza: Təbrizim-mənsizim)

Söylədin yuxuma girir arabir,
Sənin Təbrizinlə,Təbrizim mənim
Dərdini ahəstə danışır, deyir
Sənsizim, sənsizim, sənsizim mənim

Gəldi xatirimə “Didərginlər” in
Həsrətim də dərin, yaram da dərin
Oxşadı könlümü o həzin şeirin
Bildim sənsən doğmam, əzizim mənim.

Yandıqca olmusan elin ozanı,
Kədərin, sevincin, ulduzlar sanı
Unudan deyildir Rəsul Rzanı
Gözəlim, göyçəyim, gül üzüm mənim
Təbrizim, Təbrizim, Təbrizim mənim.

Mədinə yazdığı şeiri birinci Balaşa oxuyardı, Mədinə Təbrizim deyəndə, Balaş Ərdəbilim deyirdi, sonra əksinə, bir yerdə “Bütöv Azərbaycan” eşidilirdi həmin dodaqlardan.
Hər iksi Ərdəbildəki doğmalarını görmək istəyində alışıb-yanırdılar.Mədinə Gülgünə nəsib olmadı, “gənclik vəfasızdır, qocalıq isə vəfalı”- deyən Mədinəyə qocalıq da vəfasız çıxdı.Sərhədlər açıldı, Balaş Azəroğlu doğmalarını görməyə tək getdi.
Şair Balaş Azəroğlunun qəlbində bir muradı da vardı.
-“Bir kitabımız çıxaydı kaş, bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı, kaş ortada gəlib qovuşaydı misralarımız”
Balaş Azəroğlu, ilk bəşarətçiniz mən olum, arzunuza çatdınız.Bugünkü essemdə Balaş müəllim və Mədinə xanım, həmahəng, qoşa qanadsınız. Həyatda olduğunuz kimi. Şeirlərinizin qovuşduğu yer yazımdır, ruhunuzun birləşdiyi məkanı isə ulumuz Məhəmmədhüseyn Şəhriyar deyib:
-“Nisgillik var, ayrılıq var, ölüm var”…
Sonra yenə nənələrin dünyasına qayıdış olacaq.Yenə obaşdan karvanqıran yola salınacaq , yenə təndir bir yanda, yenə çaydan bir tərəfdə, yenə nənə nəvazişi, yenə nəvə ərköyünlüyü, yenə nənələr dağarcıqlardan çörək, qoz-fındıq çıxarıb verəcəklər nəvələrə, yenə nəvələr böyüyəcəklər, mühəndisi, müəllimi, xarratı, həkimi olacaq bu məmləkətin.Aralarında şairləri də tapılacaq.
Lap Balaş Azəroğlu təki, lap Mədinə Gülgün kimi.
Vaxt yetəcək, vədə çatacaq, onda hər kəs deyəcək ki:
“Mənim bu dünyada bir gözəl nənəm vardı…”

10 iyun 2025-ci il,
Bakı.
Turan Uğur
AYB-nin üzvü

“Fədailərimizi tanıyaq!” rubrikası

TURAN UĞURUN YAZILARI

Fədailərimizi tanıyaq – MƏHƏRRƏM DANAYİ

FƏDAİLƏRİMİZİ TANIYAQ!
12-ci hissə

İKİ SAHİLİN BALASI – MƏHƏRRƏM DANAYİ

Məhərrəm Danayi – “21 Azər” hərəkatının fəalı, inqilabçı, Xalq artisti, gözəl sənətkarımız
Valeh Kərimovun atası.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə, həmşərilərimizə ithaf edirəm)

Bir payız axşamı…Teymur Salahovun
(Xalq rəssamı Tahir Salahovun atası) ömür-gün yoldaşı Sona xanımın mənzili…Məhərrəm Danayi ilə Sona xanımın mənzilində qədim ailə dostlarının ürəkodlayan, canyaxan, qəlbsızladan görüşü…Vaxtilə Teymur Salahovla dostluq edən, sovetlərin ilk dönəmlərində müxtəlif vəzifələrdə çalışanların aqibəti fərqli olmuşdu.Teymur Salahov repressiyanın qurbanı olarkən, Məhərrəm Danayi canını qurtarıb gəldiyi yerə – Güney Azərbaycana sığına bilmişdi.
Gəlin ondan başlayaq ki, bu tayda Seyfulla Kərimov kimi tanınan, Məhərrəm Danayi hələ gənc yaşlarından quzeyə pənah gətirib. Sovetin ilk dövrlərində milis orqanlarında çalışan müxtəlif rayonlarda – Laçında, Ağsuda sistem işçisi – milis rəisi kimi fəaliyyət göstərən Məhərrəm Danayi “Fədailərimizi tanıyaq!” rubrikasının baş qəhrəmanıdır.Stalin repressiyalarının “Trotskiçi” “pantürkist”, “panislamist”, “Kirov qatili”, fəhlə ya mühəndis, şair ya alim – ağına- bozuna baxmayıb hər kəsi xışlayanda Məhərrəm başa düşür ki, azacıq da geciksə, onu da göndərəcəklər gedər-gəlməzə.Danayi soyadlı Məhərrəm kişi elə soyadına layiq – əsl alim kimi, arif kimi davranır.Teymur Salahovun həyat yoldaşı Sona xanımın bu sayaq xəbərdarlığını qulaqardına vurmur:

-“Teymuru apardılar.Özünü qoru!”
Prokrorluq binasının axasınca, evlərin damları ilə, “asta qaçan namərddir”- deyibən yollanır düz Biləsuvara, ordan da Güney Azərbaycanına – gəldiyi yerə qayıdır.Məhərrəm kişi gəldiyi yerə getməyində olsun, biz onun həyat tarixçəsini səhifələyək!
Quzeydə Seyfulla Kərimov, güneydə Məhərrəm Danayi – Belə ikili ömrü iki sahilin balaları çox yaşayıblar. Biz – həmşərilərə tanış ömürdür bu ömür.Gündüz bir adda, axşam bir adda yaşamaq, könlünü hürriyyətə bağlayanların bəzən adəti olmuş, bəzən səadəti.
Əsas odur ki, içimdən hayqırmağım gəlir:
-“Yaşasın İnqilab!”

-Yaşasın!

-Yaşasın!
-Yaşasın da, amma öz balalarını yeməsin.
-Necə? Axı “inqilab” deyənin daha qulağın kəsmirlər, bilmərrə yox edirlər.Yoxluq yoxdur, varlıq var, yaşamaq var!
Yaşamaq üçünsə öncə doğulmaq lazımdır.
Məhərrəm Danayi 1905-ci ildə Güney Azərbaycanın Sərab mahalında doğulub.Kipriyi ilə od götürüb yeniyetməliyindən, zülm-zillət, İranın təbəddülatlı dövrü, müxtəlif ictimai-siyasi formasiyaların bir-birini əvəzləməsi, güneydəki aclıq, səfalət Məhərrəmə də təsirsiz ötüşmür, ancaq günlər sürətlə ötüşürdü.Güclü iradəli, çevik təfəkkürlü Məhərrəmin əyninə üsyanlar biçilmişdi.Sığmırdı Səraba, gəlir şimala sarı.Axı guya şurəvidə krandan su əvəzinə süd axırmış, çoxu aldanır bu şirincə nağıllara, guya dağarcıq çuvaldan böyük olmuşdu.Guya güneydə tapmadıqlarını quzeydə bulacaqdı Məhərrəm.Amma qonaq umduğunu deyil, bulduğunu yeyər.Məhərrəmin bulduğu isə qorxu oldu, hürkü oldu, təlaş oldu, təşviş oldu.
Dediyim kimi, tutatut və qaçaqaç zamanı şimaldan qaçır Təbrizə.O zaman yeniyetməliyini sovet Azərbaycanında keçirən istənilən yurddaşımız
“21 Azər” hərəkatına asanlıqla qoşulurdu.Çünki dünyanınn gərdişindən hali idilər.Ona görə belə inqilabçılar – Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün və başqaları Pişəvəri üçün əsl göydəndüşmə idilər.Amma onlar zənbillə göydən düşməmişdilər.Min bir ənvai-müsibətlə yetişmiş, püxtələşmişdilər.Məhərrəm də olsun onlardan biri.Əvvəlcə Miyanə şəhərində kök salırlar.Elə Valeh Kərimov da həmin şəhərdə, 1944-cü ildə anadan olub.Sonra digər fədailər kimi Danayi ailəsinin də taleyi Təbrizlə bağlı olur.Zira Təbriz inqilab mərkəzi kimi hərəkata yön verir, bütün məmləkəti idarə edirdi.Məhərrəm Danayinin digər oğlu Sabir elə Təbrizdə doğulur.Bəli, həmin çağlarda Təbrizin çiçəyi çırtlayırdı, günü-gündən Demokratik Hökumət güclənməkdə idi.Bir gündə 14 min fəalın Demokratik Firqəyə qoşulması güneylilər üçün böyük xülyalar yaratmışdı.Kim deyərdi ki, bir il sonra, yarandığı gün süqut edəcək Pişəvəri Hökuməti? Asılanlar, kəsilənlər, öldürülənlər, məhbəsdə çürüdülənlər, ayağına at nalı vurulanlar, Gülüstan xiyabanında asılanlar, ehhh daha kimlər, kimlər… Asılmaqdan söz düşmüşkən, Firudin İbrahiminin asılmağını gözləri ilə görmüşdü Danayi ailəsi.
(Valeh müəllimin anası bu olayın şahidi oub)
12 dekabrın səhərisi gün isə Məhərrəm yoxa çıxır.Fəal kimi qanına qəltan olunacağını düzgün proqnozlaşdıraraq dübarə quzeyə pənah gətirir.
2 yaşlı Valeh, qardaşı Sabir, anası Nəcibə xanım(burada Xanım kimi tanınır) bir müddət Tehranda yaşamalı olurlar.O məşəqqətli günlərdə Valehin dayısı onlara hamilik edir.

Qeyd: Xalq artisti Valeh Kərimov indi də arabir çocuqluq xatirələrini körükləyir və Tehranda yaşadıqları evi yadına salır:
“Balaca, xudmani bir ev idi.Evin qarşısında dəmiryolu var idi.Yadımdadır ki, yanımızda çit fabriki və karxana da işləyirdi.Onu da xatırlayıram ki, yayda qapı-qapı gəzib buz gətirib camaata satırdılar.Bəzən dünənki hadisə yaddan çıxır, amma uşaq ikən Tehranda dayımgildə qaldığım günləri yaxşı xatırlayıram.Bəlkə bu xatirələri unutmağa həyəcanımız, yaşadıqlarımız qoymayıb.”

Məhhərəm Danayinin ailəsi isə 4 il sonra – yalnız 1950-ci ildə quzeyə keçə bilir.Dövlət sərhədini pozduqları üçün Məhərrəmin qardaşı, həyat yoldaşı və oğlanları 3-4 ay müddətində məhbəs həyatını da dadırlar.Masallı ilə Cəlilabad arasında, indiki Göytəpə adlanan kənddə həbsdə qalıblar.Sonra məhbəsdən qurtulub Samuxa göndərilirlər.Samux rayonunun Qaraarx kəndində birotaqlı mənzillə təmin olunurlar.Məhərrəm Danayinin Seyfulla Kərimova dönüşü yenidən başlayır.Stalinin ölümünə kimi gizli ömür yaşayır, gizlincə evdən gedir, səssizcə, kirimişcə gecənin gec vədəsində evə dönürdü.Stalinin ölümündən sonra Məhərrəmin başı üzərindəki qara buludlar rəngini dəyişir, təhlükə peydərpey sovuşur.Məhərrəm kişi Demokratların Daşkəsəndəki, Bərdədəki komitələrində sədr kimi işləyir.
Valeh Kərimovla dialoqumuzda bir az da məhrəmanə söhbətlər edir, o əsnada daha da doğmalışırıq.Doğma ünvanlar biz həmşərilər üçün birdir – keçmiş “İskra” küçəsi – 6
Nizami metrosu yaxınlığında, Karamel fabriki tərəfdəki doğma komitəmiz.
-Bəli sizi – “Paydarlar”- ı da tanıyıram söyləyir Valeh müəllim.Xeyli danışdıqdan sona Çavuşinin, Rübabə Muradovanın (İşraqinin), Siyavuş Kəriminin də həmin ünvanlarda olduqlarını söyləyirik.Valeh müəllim Çavuşnin adını unudur, onun yadına salıram: “Mir Mehdi idi”
Dərhal yadına düşür.Sonra Göyçayda da komitə sədri işlədiyini vurğulayır.Mən də onun Quba həyatından danışıram.
Yeri gəlmişkən, Qulam Yəhya ilə atasının, əsas da əmisinin dostluq etdiklərni də vurğulayır.Həsən Əblucla bir kursda oxuduğunu, dost olduğunu, həmçinin şair Məhəmməd Biriya, Söhrab Tahirlə olan ülfətindən danışır.Hətta gəncliyində Şamaxıda, 6 – cı sovxozda qastrol səfəri zamanı Biriyanın orada olduğunu bilib, onunla görüşə də getdiyini də xatırladı gözəl sənətkarımız.
Bu insanların haqqını vermək naminə demək olar, çox fədainin adını çəkir, maraqlı söhbətimiz uzandıqca uzanırdı.Bəs necə olub ki, bu qədər keşməkeş içində Məhərrəm Danayi sağ qalıb? Maraqlı sualdır, fəqət cavabsız deyil.
Ölümə meydan oxuyan inqilabçını Haqq özü qoruyurmuş.Necə də gözəl deyib İmam Əli (əs) : “Haqlısansa, Haqq səni qoruyar!”
Fədaimizin haqqa qovuşma anı isə belə olub:
Dost-aşnanın dostanə şəkildə “Məhi” çağırdıqları – fədai Məhərrəm Danayi 83 yaşında – 1988-ci ildə Bakıda vəfat edib.Dəqiq gününü də deyim sizə – avqustun 29 -da.Sağlam kişi idi, heç nəyindən şikayətlənmirdi, gecə yatır səhər durmur.Yəni mərəzi filan yoxmuş.
-Əcəba, səmimiyəmmi bu qənaətimdə?
-Əsla!
-Necə yəni mərəzi yoxmuş? Necə yəni şikayət eləmirmiş? Güneydə doğulub, “21 Azər” hərəkatının şanını görənin, şöhrətini dadanın, arzusu, murazı, idealı hürriyyət olanın ən böyük mərəzi xiffət deyilmi, hicran, hüsran deyilmi?!
-Necə yəni ağrımırdı?
-Necə yəni sızlamırdı?
Bəs Təbrizdə yarımçıq qalmış ideyaları?
Ürəyi göyüm-göyüm göynədən, sızladan Təbriz həsrəti Məhərrəmin boğazına əngəl-kələf olmamışdımı?!
-Elə olmuşdu!
O tayda doğulanların bu tayda vəfat etmələri epizodunu görəndə babam İsmayılın aqibəti və minlərlə güneylimizin qədəri, taleyi yadıma düşür.Həmin insanların həyat kitabçaları ancaq bu adla başlayır: İKİ SAHİLİN BALASI.
Siz də bu cür oxumağa başlayın.
-İKİ SAHİLİN BALASI – MƏHƏRRƏM DANAYİ
Ağrılı-acılı, fərəhli-sevincli bu kitabı birnəfəsə, fasiləsiz oxuyacağınıza tam əminəm. Yeri gəlmişkən, bu kitabın səhifələrində əlfəcinə rast gəlməyəcəksiz.
Çünki bir udum su kimi içilən ömür kitablarına əlfəcin qoyulmur!

(Bu araşdırma-yazıda Məhərrəm Danayi – Seyfulla Kərimovun oğlu – Valeh Kərimovun xatirələrinə, habelə şəxsi faktlarıma söykənmişəm)

Dərin hüznlə: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (10)

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə həsr edirəm)

NURULLA YEGANİ – Fədai, üç inqilabın – Səttar xan, Xiyabani və Pişəvəri inqilablarının fəal iştirakçısı olmuş nadir şəxsiyyət, mücahid.

“Qəvvas ömrü – Nurulla Yegani”

İnqilabi hərəkatın lap əvvəlində güneyli qadınlar da kişilərə qoşulur, başına beret qoyan xanımlar da ön cərgələrdə vuruşurdular. Allah, Allah! Məşəl nişanlı beretlər qızlarımıza necə yaraşırdı! Pişəvəri inqilabının özlüyündə fərqi onda idi ki, buradakı fədailərimiz istiqlalımıza İmam Hüseynin azadlığa, haqqa susadığı kimi susamışlar,
Əli Əkbərin, Əli Əsgərin suya susadığı kimi susamışdılar ki, həmin təşnə-ciyərləri yalnız özgürlük məlhəmi doydura bilərdi.
Elə bahadırlarımız vardı ki, onlar üç inqilabın iştirakçıları olublar.Yeniyetməliyi Məşrutəyə, gəncliyi Xiyabani mücadiləsinə, qocalığı Pişəvəri inqilabına tuş gələn nadidə şəxsiyyətlərimiz də olub.
-Öyünüləsi haldır, ya yox?!
-Bu ritorik sualda “yox” yoxdur!
Keçək mətləbə… Yəni qəhrəmanımız – Nurulla kişinin mücadiləsinə.
Nurulla Yegani – Əslində, onun haqqında bir status həcmində yazmaq elə bil ki, bir ümmandan bir parç su götürməyə bənzər, halbuki Nurulla Yeganiyə kitablar yaraşır.Nurullanın Səttar xan hərəkatında Təbrizdə tüfəng götürüb qoçaqlıq göstərməsindənmi yazaq, ya Şeyx Məhəmməd Xiyabaninin mücahidi kimi ağır döyüş yolundan keçməsindənmi?
Qoca vaxtında Pişəvəri hərəkatı zamanı da silahlanan Nurulla Yegani oldu.Təkcə silahla deyil, imanla, Vətən eşqi ilə, hürriyyət yanğısı ilə…Hələ ata Rza şah Pəhləvinin dövründə o, sinəsini qabağa verib şahın nəzarətində olan torpaqları şahdan alıb kəndliyə vermək istəmişdi.
“Sinə” deyirəme sizə!!!

  • Yaxasına ordenlər, medallar yaraşan sinə!
    O vaxt torpaqları kəndlilərə paylamağa nail olmur, çox çabalar göstərməsinə rəğmən.
  • Bəs sonra?
  • Sonrası Pişəvəri hərəkatı….Yox, hələ çox mücadilələri vardı o aralıqda.
    Xalq üçün böyük su kanalı çəkdirəcəkdi, dəfələrlə Rza şahın məhbəs həyatını, zindan zülmünü görəcəkdi.Kişilər varmış zamanında.İndi bir silləyə bülbül kimi ötüb, əqidəsini satanlar nə çox?!
    Nə çoxdur, bir qapaza məsləyini ələ verənlər?!

Haşiyə:
Bu dəm yadıma atamdan eşitdiyim bir epizodu xatırladım.Atam deyirdi ki, çərxi-fələyin rüzgarı dəyişəndə, köhnə bəylərdən neçəsi tez şinelini atıb keçdi təzə hökumət tərəfinə.Kimisini “Yaşıllaşdırma idarəsi” nə müdir qoymaqla, kimisinə balaca bir dükan verməklə- hərəni bir yolla ələ almışdılar, ən fəal cəbhəçiləri nəzərdə tuturdu atam. Bəylərdən bir dostundan atam soruşub ki,
-Ay bəy, (adını yazmıram, etik deyil) nəcəb sən satılmadın? Necə vardın, elə də qaldın.
Həmin bəy də dostanə etiraf edir ki:
-Ay Asif, qoçaqlığım deyileeee, nə gizlədim gözləyə-gözləyə qaldım, məni alan olmadı axı…

Amma Nurulla Yeganini şah ordusu çox almaq istədi.Bir nəticə hasil olmayanda, zülm etdilər, yenə də amalından dönmədi.1945-46-cı illərdə Milli hökumət dövründə Nurulla kişi azadlıq mücadiləsinə yekun vurdu.İnqilab qanla boğulanda onu görünməmiş vəhşiliklə şəhid etdilər.
Ayağına at nalı vururlar, incidirlər.
Əyilmir…
Axırda min tövr işgəncə ilə həyatına son verirlər Nurulla kişinin.Məncə, bu son deyil.Əks-təqdirdə Təbrizdən uzaqda – Bakıda bir Allah bəndəsi Nurulla Yeganini xatırlamaz, onun haqqında dürlü-dürlü kəlamlar işlətməzdi.
“Dürlü-dürlü kəlam”- dedim, Füzulinin bu beytini xatırladım:

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim, sədəf tərkibi-təndir, laləvü-şəhvar söz.

Füzuli babamız demək istəyir ki:
Sədəf və mirvarinin çox qəribə təbiəti var.Sədəf baharda suyun üzünə çıxar. Aprel yağışından bir-iki qətrə udar.Bu qətrələr onu ağırlaşdırıb dənizin dibinə endirər.Təbiətin qanunu ilə mirvariyə, gövhərə çevrilən bu qətrələr sədəfin bağrında yaşayar.Sədəf üçün ən qiymətli şey onun bağrında bəsləyib yetişdirdiyi gövhər olduğu kimi, Füzulinin fikrincə, insan sədəfində də ən qiymətli gövhər sözdür.Qəvvas sədəfin bağrını sökdüyü kimi, insan da söz gövhəri üçün öz bağrını sökür.

Bu misalı gətirməkdə niyyətim odur ki, Nurulla Yeganiyə deyim:
-Onun məğrur sinəsinə ordenlər, medallar yox, ünvanına deyilən ulu sözümüz yaraşır:

  • Üç inqilab fədaisi, istibdadın bağrından hürriyyət qoparan nur üzlü Nurulla Yegani, qəvvas ömrün mübarək!

(Yazımda şərqşünas, ədəbiyyatşünas
Firuz Sadıqzadənin, şair Mədinə Gülgünün və
Xəlil Rzanın xatirələrinə söykənmişəm)
01.06.2024.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (9)

ƏMİRƏLİ LAHRUDİ – Fədai, 1979-2014-cü illərdə Azərbaycan Demokratik Firqəsinin (ADF) sədri, tərcüməçi, yazıçı, redaktor.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimə həsr edirəm)

1924-cü ildə Meşkin mahalının Lari kəndində doğulan, 1943-cü ildə Hizbi Tudeyi İran təşkilatına üzv olan Əmirəli Lahrudidən yazmağa bir borc kimi baxmıram.Əsla! Çünki “borc” kəlməsində bir təmənna var: Sən mənə, mən sənə…Bir də boyun məsələsi, minnət məsələsi.O isə məhrəm, doğma insanlar üçün nə minnət, nə sünnət?! Ancaq sünnətdən yan keçib, vacibata baxsaq, lap yaxşı olar.
1944-cü ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışan Lahrudi, artıq
1945-ci ildə ADF-nin üzvü və Meşkin mahal komitəsinin sədr müavini idi.
-Nə tez?
deyə sual edəcəksiz? Vəzifə yollarında bu sıçrayış nə?
-Heç Əmirəli “nə tez?!” deyə sual vermirdi çərxi-fələyə.Doğru-dürüst anasının üzünü də görməmişdi.Xatirə kimi anasından bir yadigar şəkil də (güneylilərin təbiri ilə desək əksi) qalmamışdı.Vur-tut bir sənəd üçün anasının şəkli varmış, o da qaçaqaçda harda yox olmuşdu Allah bilir!
22 yaşında atasından da ayrı düşür Əmirəli.
Fədai dostlarının ömrünün son çağlarına kimi yuxuda görərdi.Elə doğulduğu kəndi də görmək murazı yuxusunu tez-tez qaçırardı.Evin tək övladı, ailənin madarı olan Əmirəlini oxutmaq atasının ən böyük istəyi idi. Gənclik illərindən böyük dövlət xadimlərilə təmasda olacaq, Güney Azərbaycanın, bütün İranın səfalət çəkdiyi çağlarda sovet Bakısının “gözəl-göyçək” beynəlmiləlçilik sədalarına qol götürüb oynayacaqdı…

Haşiyə: Elə İsmayıl babam da atama danışarmış ki, biz o tayda eşidərdik ki, Şurəvidə krandan da süd axır, biz məşəqqət içində olanda bu taya gəlmək üçün tamahlanardıq.

Elə hamı orada bu cür düşünürmüş.İnsafən, Şurəvidəki dolanışıq güneydəkidən xeyli yaxşı idi.

Qeyd: Söhbət sırf dolanışıqdan gedir.Buradakı repressiya dalğası, təzyiqlər, təqiblər, hökumət xofu, mənəvi keyfiyyətlərimizin aşınması, milli dəyərlərimizin qamçılanması, məscidlərin söküntü yarışlarını tərəziyə qoysaq, “hansı tərəf daha ağır gələr?” sualına geniş üfüqlər açılar.

Bütün hallarda, şimalda zavod-fabrik işləyir, sahələrdə texnikalar görünür, stabil məvaciblər yaşam üçün kafi sayılırdı.
Təbrizdə fədailərə qoşulmaq isə kafi gəlmirdi gənc Əmirəli üçün. S.C.Pişəvəri ilə görüşə zərurət yaranır. Təbrizdə Firdovsi xiyabanının qurtaracağında mehmanxanaların birində otaqlardan biri Seyid Cəfərin idi.Orada həm yaşayır, həm də işləyirdi. Ə.Lahrudi Pişəvərini ilk dəfə elə orada görür və söhbətləşir.
Milli Hökumət devrilən zaman, Əmirəli gecə yatıb səhər qalxarkən gördü ki, hər şey viranədir. Meşkində çalışdığı üçün Təbrizdə onun simasını çox tanımırdılar.Mehmanxanadan bayıra çıxanda bir nəfər onu tanıyır.Lahrudini təqib edirmiş, sən demə.
-Ağayi-Əmirəli, sənsən?
Bu qəfil sual fədaimizi şaşırır, ancaq özünü çox itirmir.İkinci sual, ikinci zərbə:
-Meşkin şəhərində sədr müavini olmusan?
-Sabah danışarıq.
Cəld 500 tüməni ona uzadır, ona yanlış bir ünvan verir. Dabanqırma həmin yerdən uzaqlaşır.
Silahdaşları deyir ki, tez qaç buralardan.Bu xəna o xənadan deyil.
Qəhrəmanımız Təbriz bələdiyyəsinin qabağından şütüyən maşınlardan birinə minir. Astaralı bir yoldaş tapıb onunla sərhədə gəlirlər.

-Yolda baxdım ki, onun da bənizi qaçıb.
Sən demə, o da gizlənirmiş.Şeytan körpüsündən özünü çaya atan yoldaşına Əmirəli də qoşulur.Sərhədi keçməyə müvəffəq olurlar.
Əsgərlər bu tayda onlara pal-paltar verirlər.Gəlirlər Ləmkərana, iki ay orada qalıb, Gəncəyə yollanırlar.
Bu tayda təhsil də alır, ev-eşikli də olur, amma böyük mənada götürəndə Vətənsiz olur Lahrudi.

Haşiyə: Əlbəttə, bura da vətəndir güneylilər üçün.Ancaq oradan bura pənah gətirənlər iki arada, bir dərədə qalmışdılar.”Bu gün gedirəm, sabah dönürəm” hissi ilə yaşamaq elə “vətənsizlik tərifi” -nin bir göstəricisi deyil, bəs nədir?!

İllər ötdükcə Lahrudinin də arzuları öləziyir, ülvi istəkləri şampun köpüyü kimi göyə sovrulurdu.Quzeydı ilk siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdirir.

46 yaşında ailə qurur ki, “daha dönəsi olmadıq”
Lahrudi 1960-68-ci illərdə Almaniyanın Leypsiq şəhərində yerləşən partiyanın mərkəzində işləyib.Artıq Hizbi Tudeyi İran ilə Demokratik Firqə birləşmişdi. Lahrudi “Azərbaycan” jurnalının redaktoru kimi də fəaliyyət göstərib. Biz uşaq ikən onun “Mühacir” qəzetində silsilə yazılarının çıxdığını xatırlayıram. “21 Azər Hərəkatı” – nın bütün incəliklərini, təfərrüatını ən çox Lahrudidən öyrənmişik.

Lahrudi 1979-cu il İslam inqilabına kimi də bənzərsiz, qənirsiz fəaliyyət göstərib.Ərdəbildə, Sərabda, Miyanədə, Zəncanda, Əhərdə kitab mağazalarında Demokratik Firqənin işini aparan, guya alış-verişlə məşğul olan satıcı dəstələri vardı.Onlara koordinatları verir, himayədarlığını edirdi.Çünki Bakıda oturub xariclə əlaqələr quran, bir neçə il Almaniyada yaşayan Əmirəlinin bu mənada imkanları böyük idi. Ancaq 1979- cu il inqilabından sonra bu əlaqələri itdi. Bu münasibətlər itdi, əvəzində başqa imkanlar yarandı. Artıq İrana qayıtmaq yasağı aradan götürüldü, bir çox fədailər üçün Təbrizi görmək həsrəti gerçəyə çevrildi.Bu münasibətlə
Ə. Lahrudinin rəhmətlik Heydər Əliyevə məktubu da var:
ADF MK sədri Əmirəli Lahrudinin Azərbaycan Sovet MK-nin Birinci katibi Heydər Əliyev yoldaşa:

“İndi Vətənə qayıtmaq ərəfəsində 30 illik mühacirət dövrünə nəzər salarkən görürük ki, qan qardaşlarımız Sovet Azərbaycanının bizə bəslədiyi məhəbbət və göstərdikləri qayğı sayəsində yüksək ixtisaslı neft ustaları, mühəndislər, həkimlər, aqronomlar, müəllimlər və alimlərimiz var.
Hörmətli Əliyev yoldaş, biz uzun müddət ərzində Sizinlə kəsdiyimiz duz-çörək kəsmək deyimini unutmayacağıq!…

Mərhum Heydər Əliyev ADF- nin fəaliyyətini davam etdirməsində misilsiz rol oynayıb. O, fədailəri tək-tək tanıyır, bircə-bircə qayğıları ilə maraqlanırdı.
Qulam Yəhya, M.Muciri, L.Ərdəbilian, Q.Rəhmani, S.Əfmiyyət, Q.Xəyyami və başqa siyasilər
Heydər Əliyevin qəbulunda olub, dönə-dönə ADF-nin fəaliyyəti haqda məlumatlar veriblər. Hətta 1974-cü ildə İsgəndəri qəti surətdə ADF-nin ləğv olunmasını istəyəndə Heydər Əliyev ona etiraz edib, Komitənin fəaliyyətini saxlamaq üçün əlindən gələni əsirgəməyib.

Haşiyə: Atam danışardı ki, Nizami metrosu tərəfdə bizim komitənin ofisi vardı.70-ci illərdə nənəmlə atam da orada olurdular.Uşaq ikən eşitmişdim ki, deyəsən, İntizar xalagil tez-tez gedərdilər.
İntizar Bamizər-rəhmətlik Məmili dayının (Göyçaydakı ailə dostumuz, həmşəri Məhəmmədəli Bamizərin qızı) olumuşdu həmin məclisdə. Atam deyirdi ki, xanəndə Rübabə Muradova (İşraqi) da bizimlə idi.Hamı bir-birini tanıyır, cənub ləhcəsində məhrəm ab-havada şairanə, dostanə söhbətlər edilirdi.
Atamın dilindən:
“Rübabənin xətrini bütün həmşərilər çox istəyirdi.Mənim 23-24 yaşım olardı.
(Çox güman 1974-75-ci illər) Məclisdə Rübabə də bizimlə araq vururdu, bu, bizə çox qəribə gəlmişdi”

Daha sonra böyük bibimin oğlu Aydın qızına Rübabə adını verdi, könlümüzün rübabı kimidir Rübabə Muradova (İşraqi)

Qəhrəmanımızın isə rübabla işi yox idi.Qələmi əlində idi, yazırdı, redaktorluq edirdi.Əlindəki qıllnc çoxdan yerini qələmə vermişdi.
Vaxt çatdl, vədə yetişdi…Əmirəli Lahrudi ömrünün 90-cı qışında vida dedi bu həyata- 2014-cü ilin dekabrın-5 də Bakıda dünyasını dəyişən fədaimizin ruhuna sayğılarımı çatdırarkən, onu da deyim ki:
Lahrudinin həyat və fədailiyi həmişə dəyər görüb. Professor Solmaz Tohidi-Rüstəmova onu Azərbaycan tarixi üçün fenomenal hadisə sayıb.
Biz də sayaq, sonda fədainin özündən sitat gətirək:

“21 Azər Hərəkatı” bizim üçün dərs və dadlı-tamlı bir nemətdir.Hərəkatımız az da olsa niyyətinə çatdı, bizə şanlı tarix, həm də acılı-şirinli xatirəlır qoyub getdi”

(Məqaləmdə Akademik Rafael Hüseynovun, Professor Solmaz Tohidi-Rüstəmovanın və yazıçı Elmira Axundovanın faktlarına, habelə atam
Asif İsmayılzadədən eşitdiyim söhbətlərə istinad etmişəm)
25 may 2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq! 

Fədailərimizi tanıyaq! (8)

QAFAR KƏNDLİ HERİSÇİ
İnqilabçı, Xaqanişünas-alim, “21 Azər hərəkatı” medalına layiq görülən fədai, filologiya elmləri doktoru, professor

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithaf edirəm)ýňň

Qafar Kəndli Herisçi 1923-cü ildə Təbrizdə doğulub. Adlı-sanlı Herisçi nəslindəndir.Herisçilər Təbrizdə qədim xalçaçı nəsli sayılırdı.

Haşiyə: Qafar müəllimin oğlu yazıçı Həmid Herisçi bəndənizlə söhbət əsnasında babalarının Güney Qaradağından gəldiyini vurğulayıb.

Qafargil yeddi qardaş, yeddi bacı olublar.Qardaşı İbrahim Herisçi də inqilabın fəallarından sayılırdı.Qafar müəllim Tehran hökumətinin izini azdırmaq üçün özünə “Kəndli” təxəllüsünü götürüb.

Qeyd: Ümumiyyətlə, fədailər arasında belə təxəllüslər çox idi.Özlərinə ən ağlasığmaz adlar götürürdülər ki, ünvanları məchul qalsın.

İnqilabçılar sırasında “Yoldaş Kəndli” kimi tanınırdı.
Həmid bəy söhbət zamanı atasının
“21 Azər hərəkatının” həmmüəlliflərindən olduğunu bildirir.Zatən bunu S.C.Pişəvərinin Qafar müəllimə olan məktub və dəvətnamələrindən də sezirik.
Pişəvərinin Qafar Kəndliyə təqdim etdiyi sənəddə yazılıb:
“Get Əhərə, orada inqilab elə!”
Əhər inqilab üçün ən çətin yer sayılırdı.Camaatı ipə-sapa yatmırdı. Qafar Kəndli at belində Əhərə Seyid Cəfərin əmrlərini yerinə yetirməyə yollanır.Ordakı inqilabi hərəkata töhfə verir, sonra Zəncanda da döyüşür.Milli hökumət Şiri-Xurşid zalında elan olunanda rəsmi dəvətnamə ilə dəvət olunanlar sırasında Qafar Kəndli Herisçi də vardı.

S.C.Pişəvərinin məktubundan:

“Ağayi-Qafar Kəndli, Sizə Mərkəzi Komitə tərəfindən məmuriyyət verilir ki, Əhərə gedəsiniz, orada Vilayət Komitəsinin köməkliyi ilə Mərkəzi Komitənin nümayəndəsi vəzifəsini icra edəsiniz.

Mərkəzi Komitənin sədri, S.C.Pişəvəri.
Təşkilat şöbəsindən-Dehqani.”

Demokratik Firqə süquta uğrayandan sonra
Quzey Azərbaycana pənah gətirən Herisçi Pişəvərinin silahdaşı kimi döyüşmək niyyətindən dönmür.

Həmid Herisçinin söhbətlərindən:
“Sən ki bunları yaxşı bilirsən, Turan. O vaxt fədailər pərakəndə halda, çox bərbad vəziyyətdə gəlmişdilər.Atam pərakəndəliyi aradan qaldırdı.Fədailərin bu taya keçməsində çox böyük rol oynadı.Ondan sonra güneylilərə münasibət dəyişdi.Elə Azərbaycan Demokratik Firqəsinin İran Xalq Partiyası “Tudə” ilə birləşməyi də atamın adı ilə bağlıdır”

Turan Uğur:
Bildiyimə görə, atanızın 1979-cu il İslam inqilabına da töhfəsi olub.

H.Herisçi: Bəli, onun ssenarisini yazanlardan biri idi.

T. Uğur: Həmid ağa, dostumuz telejurnalist Günay Arda da o taydandır ha, bizimkilərdəndir- Kəleybərdəndi.

H.Herisçi: Sənə mən bir söz deyim? Bildim hansı Günayı deyirsən, onun babasıgil olan yer Kəleybər bilirsən necə yerdi? İndi də mal-qara ilə yatıb, mal-qara ilə dururlar.Mən ciddi deyirəm…

Məni gülmək tutur.Elə Həmid bəyin də üzündə təbəssüm yaranır.

T.Uğur: Elə deməyin, Həmid ağa, xətrini çox istəyirəm Günayın.Həmid ağa, aləm bir-birinə dəysə də nəsə Təbriz sakit görünür, hələ təmkinini pozmur.

H.Herisçi:
Görünür, Təbriz ağayanalığın qoruyur.Görünür, gözləyir onun qapısını döysünlər, onu da ki, döymürlər.

Ancaq Qafar müəllim quzey Azərbaycanın qapısını ürəklə döymüşdü. Burada fəaliyyətini inqilabi müstəvidən elmi müstəviyə məharətlə köçürə bilir.
1969-71-ci illərdə Respublika Əlyazmalar İnstitunun yoxlanılmasında fəal iştirak edib.3200-ə qədər əlyazmanı oxuyub, onları kotoloqlaşdırıb.1973-80-ci illərdə Qafar Kəndli “Zərdüşt, Avesta və Azərbaycan”, “Nəsrəddin Tusi və Azərbaycan” kimi mövzularda 27 məqalə yazıb.Onların bir çoxu xaricdə də dərc olunub.
Tezliklə Xaqanişünas-alim kimi şöhrət qazanır.Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasını bitirir.1980-ci ildən ömrünün sonuna kimi həmin institutda “Qədim dövr Azərbaycan Ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışır.
“Xaqani Şirvani: həyatı, dövrü, mühiti” adlı fundamental əsərin “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir.

Qeyd:
Münşəat-ərəbcədir, “münşi” nin cəmidir.
1) yazıçının yaratdığı əsərlər;
2) məktublar;
3) idarələr, müəssisələr

Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlayan da məhz professor Qafar Kəndli Herisçi olub.
Qafar müəllim dostu, silahdaşı Seyid Cəfər Pişəvərinin ölümündən 50 il sonra-1997-ci ildə,
dünyasını dəyişir.
Qafar müəllimin ən böyük arzusu son dəfə Təbrizi görmək idi.Yazıçı, ədəbiyyatşünas Mir Cəlal da alimin ən yaxın dostlarından idi.Mir Cəlal müəllimin vaxtilə Qafar Herisçiyə verdiyi “50 illik yubiley dəvətnaməsi” bu dostluğa nişanə, həm də nümunədir.
Lap fədailərimizin nümunəvi həyatları, fədakar ömürləri kimi…

Sayğılarla!

20 may 2024

(Yazımda ruhunu minnətdar hisslərlə andığımız inqilabçı Qafar Kəndli Herisçinin oğlu, yazıçı
Həmid Herisçinin bəndənizə danışdığı faktlara, habelə yazdığım şəxsi gündəliklərimə istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (7)

Əli Xəyyami (Xəyyam kişi) -fədai-inqilabçı.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında güneylilərimizin ruhuna ithaf edirəm)

Xəyyam-Adının bir mənası çadır qurandır, ancaq çadırçı yox, inqilabçı olmaq yazılmışdı taleyinə.Xəyyam əmi Göyçayda bizim yaxın qonşumuz idi. Həmşərimiz, həm də qonşumuz Xəyyam kişidən atam ağızdolusu danışardı.Atam onun hər 3 oğlu ilə dost olub.Xəyyam kişinin oğlanlarının adı-böyük oğlu Ərjəng, ortancıl Öyrəng və kiçiyi Fərhəng idi.
Mən uşaq olanda soruşdum ki:
-Ata, bu nə qəribə adlardır belə?
Atam dedi ki:

  • Farslarda hərbi rütbə adlarını bildirir.
    Atam ən çox Quşi əmi ilə
    (dostları Ərjəngə Quşi deyirdilər) dostluq edərdi.Quşi əmi stomatoloq idi.Azman bir görünüşü vardı. Tez-tez bizdə olardı, qucağına götürərdi məni, oynadardı, baxmayaraq ki, uşaq ikən ondan çox qorxardıq.Onu da deyim ki, o cüssədə, o yekəlikdə adamda uşaq kövrəkliyi vardı.Kiçik oğlu Fərhəng əmi ilə də yaxın idik.Xəyyam kişinin oğlanlarının hamısı savadlı və mütaliəli idilər.Fərhəng əmi sonralar Bakıda çox toylarda tamadalıq edərdi.Bəlağətli danışığı və şeirbazlığı ilə seçilərdi.
    Atamdan soruşanda ki, o taydan gələnlər Göyçayın yolunu necə tapıblar? Doğrudan, da elə götürək bizim ailəni:
    Bizim Göyçayda heç kimimiz olmayıb axı…
    İsmayıl babam Göyçaya gəlməsəydi bizim nəsil Göyçayı necə tapacaqdı? Atam dedi ki:
    -O vaxt 2 saat vaxt veriblər, kimi canın götürüb keçib, kimisi qalıb orada- asılıb, kəsilib, sürgün edilib.Quzeydə əsasən Bakıya gəlsələr də, sonra bölgələrə paylaşdırılıblar.Gəncəyə, Samuxa, Astaraya, Lənkərana, Ucara, Göyçaya və.s.Göyçaya gələnlərin başında Xəyyam kişi dayanıb.Cəsur, bilikli, müdrik kişi imiş.Ətrafındakılar deyiblər:
    -Əgər Pişəvəri ordusunun fəalı Xəyyam Göyçayı seçibsə, demək nəsə bilir və böyük bir dəstə onun ardınca düşərək gəlib Göyçaya.Bizim küçə Göyçayın düz mərkəzində yerləşir-keçmiş Kommunist küçəsi, indiki M.Ə.Rəsulzadə küçəsi.Canguflar, Xəyyamilər, Paydarlar, Novruzilər, Bamizərlər, Bayramilər, Kərimilər və.s Göyçayın tanınmış həmşəri ailələridir.
    Atamın ən çox dostanə xatirələri rəhmətlik Quşi əmi ilə olub: Soçidə, Kislovodskda başlarına gələn macəralarından, yerli uşaqlarla etdikləri davalarından ara-sıra danışardı.
    Xəyyam kişinin oğlu Quşinin həm də gözəl xörək hazırlama qabiliyyəti vardı.Həmşəri plovunu, müsəmma və daşma plovu bişirməkdə mahir idi. Xəyyam kişini görməsəm də, onun oğlanlarının
    3-ünü də-Ərjəng əmini də, Öyrəng əmini də, Fərhəng əmini də görmüşəm.Onlardan təkcə Öyrəng əmi sağdır və uzun müddət Göyçayda tarix müəllimi kimi işlədi, qardaşları isə vəfat edib.
    Atamın xatirələrinə görə fədai ordusunun ən fəal üzvlərindən idi-Xəyyam kişi.Duzlu-məzəli söhbətlər edər, gözəl şeirlər də söyləyərmiş.Ümumiyyətlə, həmşərilər poeziyaya vurğun kimi tanınar, söhbətləri də şairanə ab-havada olardı.
    Yenə atamdan eşitdiyim bir fikir lap yerinə düşür:
    “O nə həmşəridir ki, plov yeməyin, şeir deməyin xəstəsi olmasın?!” Əlavə də edərdi:
    -Həmşəri 3 şeydən tanınar:
    1 plov yeməyindən;
    2 şeir deməyindən;
    3 tərslik eləməyindən.
    -Görün, “Fədailərimizi tanıyaq!” rubrikasının Xəyyam əmiyə aid hissəsi bəndənizi haralara apardı?
  • Çocuqluğuma-yəni ki, əbədi vətənimə!


14 may 2024-cü il.
(Yazımda atam Asif İsmayılzadənin xatirələrinə, söhbətlərinə söykənmişəm.)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (6)

Məhəmməd Biriya (Bağırzadə)
Şair, ictimai xadim, Azərbaycan Demokrat Firqəsinin Maarif naziri, mücahid.

(Babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimizə, fədailərimizə ithafən)
Təbriz, 12 şəhrivər 1946-cı il.
Azərbaycan Demokrat Firqəsinin yaradılmasının bir illiyi münasibətilə xalq bayramı.Tribunada dayanmış Kaviyan, Biriya və başqaları bir-birilərini itələyir, Pişəvərini sıxışdırır, özlərini gözə soxmağa çalışırlar.
Trubunanın qabağından izdiham keçir.Sinələrdə medal.Medalda Biriyanın şəkli çarpaz bayraqlar arasından boylanır.Bu medalı Biriya özü təsis edib.
-Qiyməti neçəyə olsa yaxşıdır?
-3 tümən.
Pişəvərinin şəkli isə kiçikdir, sanki düymə boyda.
“Nə üçün Tehrana gedən nümayəndə heyəti bu vaxta qədər qayıtmayıb? Bəlkə Qəvamüsəltənə onları orada yemləyir? Sən hökümət adından dərhal teleqram vur.10 saata kimi qayıdıb gəlməsələr bir daha bu yana üz çevirməsinlər”
Bu sualları yağış kimi Çavuşi Seyid Cəfərə yağdırırdı.Seyid Cəfər isə naçar durumda “neynim” deyirdi.
-Bəs Qəvam hökuməti ilə danışığa gedənlər kimlər idi?
-Ali Sovetin sədri Hacı Mirzəli Şəbüstəri, Sadıq Padigan, general Pənahian, daxili işlər naziri doktor Cavid.
Fabrikə qayıdan kimi hamıya bildirdim ki, bütpərəstlik eləməyin, medalları tökün yerə.
-Nə üçün Lalə dağlarına çəkilmədik?
-Nə üçün Qaradağ meşələrinə çəkilmədik?
-Nə üçün ölüm-dirim döyüşünə atılmadıq?
-Əlimizi qoynumuza qoyub düşmənin haçan hücuma keçəcəyini gözlədik.Nümayəndələr 74 gündən sonra qayıdıb xəbər gətirdilər ki, Qəvam tələb edir: Zəncanı verək.Əvəzinə 10 gündən sonra onlar bizə Təkabı verərlər.Bunlar, əlbəttə, hiylə idi.Qəvam qəsdən danışığı uzadır, Milli hökuməti al qanına boyamaq üçün qüvvə toplayır, məqam gözləyirdi.Nəhayət, onlar əyalət seçkiləri keçirmək bəhanəsi ilə Azərbaycan torpağına qoşun yeritdilər.Əvvəlcə Zəncanı tutub demokrat bir mollanı öldürdülər.
1946-cı ilin 2 dekabrı…Pişəvəri Arazı keçib gedib.Kabineti boşdur.Biriya özünü MK-nın katibi kimi aparır.Pişəvərinin kabinetində nə edəcəyini bilmir.Məhəmməd Biriya:
-Balam, gəlin görax da.Bu düymələrin hansını basax, haradı.
-Təbrik edirəm, Biriya.Axır ki, niyyətinizə çatdınız.Hökuməti devirdiniz.Ancaq çox da sevinmə, sənin hökmranlığın da yarım saatlıqdır.
Bu sözləri Təbrizdə Mir Mehdi Çavuşi Biriyanın üzünə söyləyir.
Bakı, Xaqani küçəsi…Pişəvərinin evi.Ortada nərdtaxta var.Çavuşi və Pişəvəri nərd oynayırlar.Əllər zər atsa da, üzlər kədərlidir.Birdən Seyid Cəfər əl saxlayır:
-Miri, axı sən həmişə yaxşı oynayırdın.Niyə belə könülsüzsən?
Zərləri cütləyib nərdtaxtanın üstünə qoyan Çavuşi kədərlə dolu iri gözlərini Seyid Cəfərin üzünə dikir.
Çavuşinin gözləri Pişəvərini ittiham edir, həm də ondan cavab gözləyir:
-Axı sən deyirdin, gərək üstümüzdən tanklar keçə.Ancaq o tanklar 25 min azəri türkünü al qana boyadı.Halbuki, o 25 mindən onca mini döyüş meydanına çıxsaydı, əgər başçı meydandan qaçmasaydı, biz nəinki Azərbaycanı, hətta bütün İranı xilas edə bilərdik.
-Sən məni bağışla, Miri.
Pişəvəri Çavuşidən üzr istəməklə bütün xalqdan üzr istəmiş olurdu.Onun qarşısında Təbriz şəhər firqə komitəsinin katibi dayanmışdı.Bir neçə gün ərzində 10 komitə yaradan, 14 min təbrizlinin partiya sıralarına keçməsini təmin edən bir insanın indi bir cüt zərə gücü çatmırdı.
Qeyd edim ki, Məhəmməd Biriyanın da həyatı asan keçmədi.Quzey Azərbaycana pənah gətirəndən qısa müddət sonra həbs edildi, sürgünə göndərildi, 1956-cı ildə işinə xitam verildi, sonra yenə Təbrizə qayıtdı.İpə-sapa yatmayan, bir an belə dinc durmayan Biriya ömrünün sonlarında təklənmiş bir həyat sürdü.Naçar və çıxılmaz vəziyyətdə dünyasını dəyişdi.Bütün ixtilaflara və nöqsanlarına rəğmən Güney Azərbaycan türklərinə azadlıq nemətini daddıranlar arasında, Demokratik Firqə hökumətində yer alanlar sırasında şair
Məhəmməd Biriya da vardı.
…Və nə yaxşı da ki, vardı!
9 may 2024-cü il.
(Yazımda Mir Mehdi Çavuşinin və Xəlil Rza Ulutürkün xatirələrinə istinad etməklə yanaşı, həm də ailəmizdə danışılanları, evimizdəki söz-söhbətlərimizi və atamdan eşitdiklərimi qələmə almışam)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (5)

Əli Azəri-şair, alim, general, hərbi xadim, Azərbaycanın qəhrəman övladı.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə, fədailərimizə ithafən)
Ə.Süleymani:
1946-cı ilin 14-16 may tarixlərində Təbrizdə keçirilən müşavirədə mən də iştirak edirdim.Burada gözü çeşməkli, mavi gözlü bir rus nümayəndəsi SSRİ tərkibinə daxil olmağı bizə təklif etdi.Verilən cavablar eynilə yadımdadır.Məhəmməd Qazi dedi ki, biz bir boyunduruqdan açılıb digərinə qoşula bilmərik.Pişəvəri isə sərt yox, nəzakətlə cavab verdi:
“Əlbəttə, sizin qardaşlıq ailəsində yaşamaq bizim üçün şərəfdir.Lakin hələlik belə bir addım atmağa ona görə yol vermərik ki, bu Tehran, Vaşinqton radiolarının, mətbuatının hər gün bizim barədə qusduğu yalanı təsdiq etmiş olar.Lakin Sovet Azərbaycanının Cənubi Azərnaycanla birləşməsinə razılıq versəniz, SSR-nin yanında Çexoslavakiya kimi bir respublika yaranmış olar.Əlbəttə, Stalin belə bir təklifə razılıq verə bilməzdi.Dekabrın 9-da bizə demişdilər ki, düşmənə qarşı son nəfəsinə kimi döyüşənlərə Azərbaycan qəhrəmanı adı veriləcək.Zatən heç kəs qaçmaq niyyətində deyildi.Ertəsi gün Təbriz İran faşistləri tərəfindən tutulduqda xalqı aldatdılar.Radiodan elan etdilər ki, biz seçki keçirməyə gəlmişik, silaha əl atmayın.Xalq bu vədə inandı.Ən ciddi səhvlərdən biri bu oldu ki, Pişəvərinin, Qulam Yəhyanın və Bedaganın ailəsi Təbrizdən köçürüldü.Xalq bundan təşvişə düşdü, köçməyə başladı.Culfada bu taya keçəndə sərhədçilər demişdilər ki, bizə yalnız 3 ailəni buraxmaq tapşırılıb.Əslində, Güney Azərbaycan Hökuməti elə bir qüvvəyə malik idi ki, öz gücü ilə İranı başdan-ayağa kimi tuta bilərdi.Fars zabitləri dəstə-dəstə bizim tərəfə keçirdilər.Bağırovun, Stalinin himayəsinə sığınıb inqilabi qətiyyəti əldən verən Pişəvərinin nöqsanı bağışlanmazdı.
-“Axı sən fədailərini qoyub hara qaçırsan?”-deyən cəsur Azərbaycan qəhrəmanı, şair, alim, general
Əli Azəri Naxçıvanda Pişəvərini yaxalamış və ona bir sillə çəkmişdi.
-Bu, xalqın silləsi idi.Tarixi sillə idi.Yerində vurulmuş sillə idi.
Əli Azəri fransızca mükəmməl bilən, əsasən farsca yazan misilsiz şair idi.
Nə Firudin İbrahimi, nə də Əli Azəri Seyid Cəfərlə düz gəlirdilər.Onlar daha qəti, daha inqilabi mövqe tuturdular.”Qonşuya ümid olan şamsız yatar” deyirdilər.
Pişəvəri Azərbaycanın böyük oğludur, inqilab xadimi, mühərriridir, ancaq ona yaraşmayan ölüm nəsib oldu.Halbuki ən şərəfli, ən gözəl ölüm qazanmaq imkanını tarix özü ona təklif etmişdi.
Düşünürəm ki, Pişəvəri öyrədilmiş bir erməni şoferinin sürdüyü maşında başı dəmirə toxunub qan sızmasından deyil (əslində, Pişəvəri Gəncə-Yevlax yolunda, Yevlaxın 14 kilometrliyində baş verən qəzada yerindəcə həlak olmamışdı, xəstəxanada canını naməlum şəkildə tapşırmışdı) səngər başında, Təbrizdə qəhrəman kimi həlak olmalı idi.

(Yazımda Əli Azərinin, Əsgər Süleymaninin və Xəlil Rzanın xatirələrindən istifadə olunub)
07 may 2024.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq

Fədailərimizi tanıyaq! (4)

Günlərdən Qulamhüseyn Beqdeli.

(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithafən!
Qulamhüseyn Beqdeli və Xəlil Rza Ulutürkün xatirələrindən
)
Beqdeli Şəhriyarı şəxsən gördüyünü bildirir.Şəhriyarın sitar adlı üçtelli musiqi alətində gözəl havalar çaldığını söyləyir.Çox iri olan qara gözləri həmişə kədər dumanına bürünən Şəhriyar çalır, bəzən kirpiyindən üzülən göz yaşı yanağında parlayır.
Şəhriyarın iri, uzun əlləri, sanki fil sümüyündən yaranmış barmaqları, sitar çalmaq üçün saxladığı uzun dırnaqları vardı.Yalnız Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda böyük şairlik nüfuzuna malik olan Şəhriyarı sevirlər, hətta ona maddi kömək göstərirlər. Elə vaxt olur ki, Şəhriyarın ünvanına içində 40-50 min tümən pul olan zərflər gəlir.Belə zərfləri şairə verməyə ar edən poçtalyonlar zərfləri şairin anasına təqdim edirlər.Şəhriyar bundan xəbər tutanda pulu götürüb, öz adətincə, ehtiyacı olan adamlar arasında paylayır.Tehranda yaşadığı zaman onun tez-tez Savə qəsəbəsinə getdiyini, kəndlilərə kömək etdiyini söyləyirlər.Tehranın 6 kilometrliyindən türk kəndləri başlayır.
Girəm ki, abu dane dəriğəm nədaştənd,
Çün makonənd ba ğəme bi həmzəbaniyəm.
(Tutalım ki, dəni-suyu məndən əsirgəmədilər,
Bəs Həmzəbanım yoxdu, bu qəmimə neyləyərlər?)
Qürbətdə keçirdiyi bütün illərdə Şəhriyarın könlü vətən eşqi ilə çırpınmış, həmzəban aramışdı.Burada Şəhriyarın işlətdiyi “abu-danə” -“dən-su” ifadəsinə xüsusi diqqət yetirək:
“Dən-su” ifadəsi insandan daha çox quşa, həm də qəfəs quşuna verilən bir neməti bildirir.Bu o deməkdir ki, Şəhriyar Tehranda keçən illərini qəfəsdə çırpınan quş sanarmış.
Şəhriyarın Tehrandan Təbrizə köçməsinin psixoloji səbəblərini məhz bu misralarda aramaq lazımdır.Tehranda yaşamaq maddi cəhətdən daha əlverilşli olsa da, o daha böyük amalı, mənəvi ehtiyacını ödəmək üçün Təbrizə qayıtmaq yolunu üstün sayıb.
03.05.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (3)

Günlərdən Mədinə Gülgün!

(Babam İsmayıl Paydarın və güneylilərimizin ruhuna ithafən)
Mədinə Gülgün və Xəlil Rzanın söhbətlərindən:
7 iyul 1965-ci il.

Mən Bakıda doğulmuşam.1926-cı ildə.Birinci-ikinci siniflərə burada getmişəm.O günlər dumanlı bir xatirə kimi ürəyimdə yaşayır.Şors küçəsində, 13 nömrəli məktəbdə latın əlifbası ilə dərs keçmişik.Atam Nurulla Ələkbərzadə dəmiryol işçisi olub.Dəmir yolu ilə pulsuz gəzərmişik.Əslində, atam ərdəbilli idi.Biz Xətainin həmvətənləriyik.Dörd qardaş, bir ana burada qərar tutur.1936-cı ildə üç qardaşı anamla, nənəmlə birgə sürgün edirlər.Biz Pəhləvidən köçüb Ərdəbilə getmişik.İş dalınca.1941-ci ildə sovet ordusu Cənubi Azərbaycan torpağına qədəm basanda atam həbsdən azad edildi.Karxanada işləyirdim.Bizə əməkhaqqı yerinə qəpik-quruş verirdilər.Təbrizdə sovet məktəbi açıldı.İlk şeirlərimi mən “Yeni şəfəq” qəzetində çap etdirdim.
-Mədinə xanım, Təbrizlə bağlı yadınızda nələr qalıb?
-Yadımda bir roman qalıb, bir dünya qalıb.Hər iki tərəfdən su axan gözəl xiyabanlar, gözəl Ərk qalası, “Şiri-xurşid” i devirib “Milli teatr” adlandırdığımız binanın arxasından yüksələn möhtəşəm abidə, vağzalla şəhəri birləşdirən konka yolu, qızılgüllər içində alışıb-yanan “Gülüstan bağı” qalıb.Mən partiya sıralarına 1945-ci ildə keçmişəm.Adamın öz xalqı, öz dövləti olması ən böyük səadətdir.Onda irticaçılar S.C.Pişəvərinin əleyhinə təbliğat aparırdılar ki, səs çoxluğu qazanmasın.Biz var qüvvə ilə çalışıb məqsədimizə nail olduq.Pişəvəri Milli Məclisə baş vəzir seçildi, Milli hökumətin rəhbəri, Mərkəzi Komitənin sədri oldu…

Ardı var

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru