Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (9)

ƏMİRƏLİ LAHRUDİ – Fədai, 1979-2014-cü illərdə Azərbaycan Demokratik Firqəsinin (ADF) sədri, tərcüməçi, yazıçı, redaktor.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimə həsr edirəm)

1924-cü ildə Meşkin mahalının Lari kəndində doğulan, 1943-cü ildə Hizbi Tudeyi İran təşkilatına üzv olan Əmirəli Lahrudidən yazmağa bir borc kimi baxmıram.Əsla! Çünki “borc” kəlməsində bir təmənna var: Sən mənə, mən sənə…Bir də boyun məsələsi, minnət məsələsi.O isə məhrəm, doğma insanlar üçün nə minnət, nə sünnət?! Ancaq sünnətdən yan keçib, vacibata baxsaq, lap yaxşı olar.
1944-cü ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışan Lahrudi, artıq
1945-ci ildə ADF-nin üzvü və Meşkin mahal komitəsinin sədr müavini idi.
-Nə tez?
deyə sual edəcəksiz? Vəzifə yollarında bu sıçrayış nə?
-Heç Əmirəli “nə tez?!” deyə sual vermirdi çərxi-fələyə.Doğru-dürüst anasının üzünü də görməmişdi.Xatirə kimi anasından bir yadigar şəkil də (güneylilərin təbiri ilə desək əksi) qalmamışdı.Vur-tut bir sənəd üçün anasının şəkli varmış, o da qaçaqaçda harda yox olmuşdu Allah bilir!
22 yaşında atasından da ayrı düşür Əmirəli.
Fədai dostlarının ömrünün son çağlarına kimi yuxuda görərdi.Elə doğulduğu kəndi də görmək murazı yuxusunu tez-tez qaçırardı.Evin tək övladı, ailənin madarı olan Əmirəlini oxutmaq atasının ən böyük istəyi idi. Gənclik illərindən böyük dövlət xadimlərilə təmasda olacaq, Güney Azərbaycanın, bütün İranın səfalət çəkdiyi çağlarda sovet Bakısının “gözəl-göyçək” beynəlmiləlçilik sədalarına qol götürüb oynayacaqdı…

Haşiyə: Elə İsmayıl babam da atama danışarmış ki, biz o tayda eşidərdik ki, Şurəvidə krandan da süd axır, biz məşəqqət içində olanda bu taya gəlmək üçün tamahlanardıq.

Elə hamı orada bu cür düşünürmüş.İnsafən, Şurəvidəki dolanışıq güneydəkidən xeyli yaxşı idi.

Qeyd: Söhbət sırf dolanışıqdan gedir.Buradakı repressiya dalğası, təzyiqlər, təqiblər, hökumət xofu, mənəvi keyfiyyətlərimizin aşınması, milli dəyərlərimizin qamçılanması, məscidlərin söküntü yarışlarını tərəziyə qoysaq, “hansı tərəf daha ağır gələr?” sualına geniş üfüqlər açılar.

Bütün hallarda, şimalda zavod-fabrik işləyir, sahələrdə texnikalar görünür, stabil məvaciblər yaşam üçün kafi sayılırdı.
Təbrizdə fədailərə qoşulmaq isə kafi gəlmirdi gənc Əmirəli üçün. S.C.Pişəvəri ilə görüşə zərurət yaranır. Təbrizdə Firdovsi xiyabanının qurtaracağında mehmanxanaların birində otaqlardan biri Seyid Cəfərin idi.Orada həm yaşayır, həm də işləyirdi. Ə.Lahrudi Pişəvərini ilk dəfə elə orada görür və söhbətləşir.
Milli Hökumət devrilən zaman, Əmirəli gecə yatıb səhər qalxarkən gördü ki, hər şey viranədir. Meşkində çalışdığı üçün Təbrizdə onun simasını çox tanımırdılar.Mehmanxanadan bayıra çıxanda bir nəfər onu tanıyır.Lahrudini təqib edirmiş, sən demə.
-Ağayi-Əmirəli, sənsən?
Bu qəfil sual fədaimizi şaşırır, ancaq özünü çox itirmir.İkinci sual, ikinci zərbə:
-Meşkin şəhərində sədr müavini olmusan?
-Sabah danışarıq.
Cəld 500 tüməni ona uzadır, ona yanlış bir ünvan verir. Dabanqırma həmin yerdən uzaqlaşır.
Silahdaşları deyir ki, tez qaç buralardan.Bu xəna o xənadan deyil.
Qəhrəmanımız Təbriz bələdiyyəsinin qabağından şütüyən maşınlardan birinə minir. Astaralı bir yoldaş tapıb onunla sərhədə gəlirlər.

-Yolda baxdım ki, onun da bənizi qaçıb.
Sən demə, o da gizlənirmiş.Şeytan körpüsündən özünü çaya atan yoldaşına Əmirəli də qoşulur.Sərhədi keçməyə müvəffəq olurlar.
Əsgərlər bu tayda onlara pal-paltar verirlər.Gəlirlər Ləmkərana, iki ay orada qalıb, Gəncəyə yollanırlar.
Bu tayda təhsil də alır, ev-eşikli də olur, amma böyük mənada götürəndə Vətənsiz olur Lahrudi.

Haşiyə: Əlbəttə, bura da vətəndir güneylilər üçün.Ancaq oradan bura pənah gətirənlər iki arada, bir dərədə qalmışdılar.”Bu gün gedirəm, sabah dönürəm” hissi ilə yaşamaq elə “vətənsizlik tərifi” -nin bir göstəricisi deyil, bəs nədir?!

İllər ötdükcə Lahrudinin də arzuları öləziyir, ülvi istəkləri şampun köpüyü kimi göyə sovrulurdu.Quzeydı ilk siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdirir.

46 yaşında ailə qurur ki, “daha dönəsi olmadıq”
Lahrudi 1960-68-ci illərdə Almaniyanın Leypsiq şəhərində yerləşən partiyanın mərkəzində işləyib.Artıq Hizbi Tudeyi İran ilə Demokratik Firqə birləşmişdi. Lahrudi “Azərbaycan” jurnalının redaktoru kimi də fəaliyyət göstərib. Biz uşaq ikən onun “Mühacir” qəzetində silsilə yazılarının çıxdığını xatırlayıram. “21 Azər Hərəkatı” – nın bütün incəliklərini, təfərrüatını ən çox Lahrudidən öyrənmişik.

Lahrudi 1979-cu il İslam inqilabına kimi də bənzərsiz, qənirsiz fəaliyyət göstərib.Ərdəbildə, Sərabda, Miyanədə, Zəncanda, Əhərdə kitab mağazalarında Demokratik Firqənin işini aparan, guya alış-verişlə məşğul olan satıcı dəstələri vardı.Onlara koordinatları verir, himayədarlığını edirdi.Çünki Bakıda oturub xariclə əlaqələr quran, bir neçə il Almaniyada yaşayan Əmirəlinin bu mənada imkanları böyük idi. Ancaq 1979- cu il inqilabından sonra bu əlaqələri itdi. Bu münasibətlər itdi, əvəzində başqa imkanlar yarandı. Artıq İrana qayıtmaq yasağı aradan götürüldü, bir çox fədailər üçün Təbrizi görmək həsrəti gerçəyə çevrildi.Bu münasibətlə
Ə. Lahrudinin rəhmətlik Heydər Əliyevə məktubu da var:
ADF MK sədri Əmirəli Lahrudinin Azərbaycan Sovet MK-nin Birinci katibi Heydər Əliyev yoldaşa:

“İndi Vətənə qayıtmaq ərəfəsində 30 illik mühacirət dövrünə nəzər salarkən görürük ki, qan qardaşlarımız Sovet Azərbaycanının bizə bəslədiyi məhəbbət və göstərdikləri qayğı sayəsində yüksək ixtisaslı neft ustaları, mühəndislər, həkimlər, aqronomlar, müəllimlər və alimlərimiz var.
Hörmətli Əliyev yoldaş, biz uzun müddət ərzində Sizinlə kəsdiyimiz duz-çörək kəsmək deyimini unutmayacağıq!…

Mərhum Heydər Əliyev ADF- nin fəaliyyətini davam etdirməsində misilsiz rol oynayıb. O, fədailəri tək-tək tanıyır, bircə-bircə qayğıları ilə maraqlanırdı.
Qulam Yəhya, M.Muciri, L.Ərdəbilian, Q.Rəhmani, S.Əfmiyyət, Q.Xəyyami və başqa siyasilər
Heydər Əliyevin qəbulunda olub, dönə-dönə ADF-nin fəaliyyəti haqda məlumatlar veriblər. Hətta 1974-cü ildə İsgəndəri qəti surətdə ADF-nin ləğv olunmasını istəyəndə Heydər Əliyev ona etiraz edib, Komitənin fəaliyyətini saxlamaq üçün əlindən gələni əsirgəməyib.

Haşiyə: Atam danışardı ki, Nizami metrosu tərəfdə bizim komitənin ofisi vardı.70-ci illərdə nənəmlə atam da orada olurdular.Uşaq ikən eşitmişdim ki, deyəsən, İntizar xalagil tez-tez gedərdilər.
İntizar Bamizər-rəhmətlik Məmili dayının (Göyçaydakı ailə dostumuz, həmşəri Məhəmmədəli Bamizərin qızı) olumuşdu həmin məclisdə. Atam deyirdi ki, xanəndə Rübabə Muradova (İşraqi) da bizimlə idi.Hamı bir-birini tanıyır, cənub ləhcəsində məhrəm ab-havada şairanə, dostanə söhbətlər edilirdi.
Atamın dilindən:
“Rübabənin xətrini bütün həmşərilər çox istəyirdi.Mənim 23-24 yaşım olardı.
(Çox güman 1974-75-ci illər) Məclisdə Rübabə də bizimlə araq vururdu, bu, bizə çox qəribə gəlmişdi”

Daha sonra böyük bibimin oğlu Aydın qızına Rübabə adını verdi, könlümüzün rübabı kimidir Rübabə Muradova (İşraqi)

Qəhrəmanımızın isə rübabla işi yox idi.Qələmi əlində idi, yazırdı, redaktorluq edirdi.Əlindəki qıllnc çoxdan yerini qələmə vermişdi.
Vaxt çatdl, vədə yetişdi…Əmirəli Lahrudi ömrünün 90-cı qışında vida dedi bu həyata- 2014-cü ilin dekabrın-5 də Bakıda dünyasını dəyişən fədaimizin ruhuna sayğılarımı çatdırarkən, onu da deyim ki:
Lahrudinin həyat və fədailiyi həmişə dəyər görüb. Professor Solmaz Tohidi-Rüstəmova onu Azərbaycan tarixi üçün fenomenal hadisə sayıb.
Biz də sayaq, sonda fədainin özündən sitat gətirək:

“21 Azər Hərəkatı” bizim üçün dərs və dadlı-tamlı bir nemətdir.Hərəkatımız az da olsa niyyətinə çatdı, bizə şanlı tarix, həm də acılı-şirinli xatirəlır qoyub getdi”

(Məqaləmdə Akademik Rafael Hüseynovun, Professor Solmaz Tohidi-Rüstəmovanın və yazıçı Elmira Axundovanın faktlarına, habelə atam
Asif İsmayılzadədən eşitdiyim söhbətlərə istinad etmişəm)
25 may 2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir