
Fədailərimizi tanıyaq! (10)
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə həsr edirəm)
NURULLA YEGANİ – Fədai, üç inqilabın – Səttar xan, Xiyabani və Pişəvəri inqilablarının fəal iştirakçısı olmuş nadir şəxsiyyət, mücahid.
“Qəvvas ömrü – Nurulla Yegani”
İnqilabi hərəkatın lap əvvəlində güneyli qadınlar da kişilərə qoşulur, başına beret qoyan xanımlar da ön cərgələrdə vuruşurdular. Allah, Allah! Məşəl nişanlı beretlər qızlarımıza necə yaraşırdı! Pişəvəri inqilabının özlüyündə fərqi onda idi ki, buradakı fədailərimiz istiqlalımıza İmam Hüseynin azadlığa, haqqa susadığı kimi susamışlar,
Əli Əkbərin, Əli Əsgərin suya susadığı kimi susamışdılar ki, həmin təşnə-ciyərləri yalnız özgürlük məlhəmi doydura bilərdi.
Elə bahadırlarımız vardı ki, onlar üç inqilabın iştirakçıları olublar.Yeniyetməliyi Məşrutəyə, gəncliyi Xiyabani mücadiləsinə, qocalığı Pişəvəri inqilabına tuş gələn nadidə şəxsiyyətlərimiz də olub.
-Öyünüləsi haldır, ya yox?!
-Bu ritorik sualda “yox” yoxdur!
Keçək mətləbə… Yəni qəhrəmanımız – Nurulla kişinin mücadiləsinə.
Nurulla Yegani – Əslində, onun haqqında bir status həcmində yazmaq elə bil ki, bir ümmandan bir parç su götürməyə bənzər, halbuki Nurulla Yeganiyə kitablar yaraşır.Nurullanın Səttar xan hərəkatında Təbrizdə tüfəng götürüb qoçaqlıq göstərməsindənmi yazaq, ya Şeyx Məhəmməd Xiyabaninin mücahidi kimi ağır döyüş yolundan keçməsindənmi?
Qoca vaxtında Pişəvəri hərəkatı zamanı da silahlanan Nurulla Yegani oldu.Təkcə silahla deyil, imanla, Vətən eşqi ilə, hürriyyət yanğısı ilə…Hələ ata Rza şah Pəhləvinin dövründə o, sinəsini qabağa verib şahın nəzarətində olan torpaqları şahdan alıb kəndliyə vermək istəmişdi.
“Sinə” deyirəme sizə!!!
- Yaxasına ordenlər, medallar yaraşan sinə!
O vaxt torpaqları kəndlilərə paylamağa nail olmur, çox çabalar göstərməsinə rəğmən. - Bəs sonra?
- Sonrası Pişəvəri hərəkatı….Yox, hələ çox mücadilələri vardı o aralıqda.
Xalq üçün böyük su kanalı çəkdirəcəkdi, dəfələrlə Rza şahın məhbəs həyatını, zindan zülmünü görəcəkdi.Kişilər varmış zamanında.İndi bir silləyə bülbül kimi ötüb, əqidəsini satanlar nə çox?!
Nə çoxdur, bir qapaza məsləyini ələ verənlər?!
Haşiyə:
Bu dəm yadıma atamdan eşitdiyim bir epizodu xatırladım.Atam deyirdi ki, çərxi-fələyin rüzgarı dəyişəndə, köhnə bəylərdən neçəsi tez şinelini atıb keçdi təzə hökumət tərəfinə.Kimisini “Yaşıllaşdırma idarəsi” nə müdir qoymaqla, kimisinə balaca bir dükan verməklə- hərəni bir yolla ələ almışdılar, ən fəal cəbhəçiləri nəzərdə tuturdu atam. Bəylərdən bir dostundan atam soruşub ki,
-Ay bəy, (adını yazmıram, etik deyil) nəcəb sən satılmadın? Necə vardın, elə də qaldın.
Həmin bəy də dostanə etiraf edir ki:
-Ay Asif, qoçaqlığım deyileeee, nə gizlədim gözləyə-gözləyə qaldım, məni alan olmadı axı…
Amma Nurulla Yeganini şah ordusu çox almaq istədi.Bir nəticə hasil olmayanda, zülm etdilər, yenə də amalından dönmədi.1945-46-cı illərdə Milli hökumət dövründə Nurulla kişi azadlıq mücadiləsinə yekun vurdu.İnqilab qanla boğulanda onu görünməmiş vəhşiliklə şəhid etdilər.
Ayağına at nalı vururlar, incidirlər.
Əyilmir…
Axırda min tövr işgəncə ilə həyatına son verirlər Nurulla kişinin.Məncə, bu son deyil.Əks-təqdirdə Təbrizdən uzaqda – Bakıda bir Allah bəndəsi Nurulla Yeganini xatırlamaz, onun haqqında dürlü-dürlü kəlamlar işlətməzdi.
“Dürlü-dürlü kəlam”- dedim, Füzulinin bu beytini xatırladım:
Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim, sədəf tərkibi-təndir, laləvü-şəhvar söz.
Füzuli babamız demək istəyir ki:
Sədəf və mirvarinin çox qəribə təbiəti var.Sədəf baharda suyun üzünə çıxar. Aprel yağışından bir-iki qətrə udar.Bu qətrələr onu ağırlaşdırıb dənizin dibinə endirər.Təbiətin qanunu ilə mirvariyə, gövhərə çevrilən bu qətrələr sədəfin bağrında yaşayar.Sədəf üçün ən qiymətli şey onun bağrında bəsləyib yetişdirdiyi gövhər olduğu kimi, Füzulinin fikrincə, insan sədəfində də ən qiymətli gövhər sözdür.Qəvvas sədəfin bağrını sökdüyü kimi, insan da söz gövhəri üçün öz bağrını sökür.
Bu misalı gətirməkdə niyyətim odur ki, Nurulla Yeganiyə deyim:
-Onun məğrur sinəsinə ordenlər, medallar yox, ünvanına deyilən ulu sözümüz yaraşır:
- Üç inqilab fədaisi, istibdadın bağrından hürriyyət qoparan nur üzlü Nurulla Yegani, qəvvas ömrün mübarək!
(Yazımda şərqşünas, ədəbiyyatşünas
Firuz Sadıqzadənin, şair Mədinə Gülgünün və
Xəlil Rzanın xatirələrinə söykənmişəm)
01.06.2024.
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru