Etiket arxivi: Füzuli Rzaquliyev

Koroğlu – Füzuli Rzaquliyev

Koroğlu – Füzuli Rzaquliyev

“Koroğlu” ləqəbli Füzuli Rzaquliyevin Sarısudan (Buzluq, Manaşid, Todan) başlanan döyüş yolu Daşaltı, Şuşa, Laçın (40 kəndin azad edilməsi əməliyyatları), Kəlbəcər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdən keçdi. “Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. Ancaq vətənim olmadan, yaşaya bilmərəm”, deyən qazimizdir, Füzuli bəy.

Gənclərimizə dönə-dönə Qazi Atatürkün “Analar oğul doğa bilər, amma analar Türkiyə doğa bilməz”-deyə Vətənin müdafiəsinə çağrış edən bir komandirimizdir, Füzuli Rzaquliyev. İllərdir ki, döyüşçülərin hüquqlarının müdafiə olunmasında öndədir və bu illər ərzində gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun tərbiyyəsi istiqamətində misilsiz işlər görülməsi, məhz onun adıyla bağlıdır. Minlərlə görüşün təşkili və keçirilməsi sizlərə asan gəlməsin.

Qazilər, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, canıyla, qanıyla torpağı Vətən, insanı ulus edən dəyərlərdir. Döyüşçünü özünə borclu bilən fərarilər bunu anlamazlar. 44 günlük Vətən müharibəsi günlərində daim öndə olan Füzuli Rzaquliyev bu müharibədə öz oğlunun döyüş yoldaşı kimi iştirak etdi. 29 il öncə geridə qoyub getdiyi 6 yaşlı İlkin Rzaquliyev bu dəfə bir zabit kimi onun özünü arxada qoymuşdu. Ən qızğın döyüşlər gedən Füzuli, Cəbrayıl, Xocavənd uğrunda vuruşurdu. Köhnə döyüşçü üçün bundan ağır sınaq yoxdu. Talelərin bir mərmidən və güllədən asıldığı bir məkanda, yanan güllələrin mələk üzlü əsgərlərimizin həyatını söndürdüyü anları yaşamaq da varmış, komandir Füzuli Rzaquliyevin qismətində. Qəzan mübarək, komutan!..
“Bu Vətən çörəyini yediyimiz kimi, onun uğrunda qurğuşun yeməyi də bilirik”-dediyinizi bilirik!

Məqalənin müəllifi: ilk döyüşçü jurnalist, I Qarabağ müharibəsinin qazisi, mərhum Xaqani Ədəboğludur!

AVMVİB-in 11 sentyabr 2025-ci il tarixli bəyanatı

Yayımladı: www.Fedai.az

AVMVİB-in 11 sentyabr 2025-ci il tarixli bəyanatı

Son günlər “Xəzər TV”də yayımlanmış süjetdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) adı ictimaiyyətdə çaşqınlıq doğura biləcək kontekstdə hallandırılmış və bu, təşkilatımızın nüfuzuna ciddi xələl gətirmişdir. Bununla bağlı mövqeyimizi bildirməyi vacib sayırıq.

AVMVİB 1994-cü ilin 24 iyul tarixində təsis edilmiş, 26 avqust 1994-cü ildə isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış rəsmi ictimai birlikdir. Təşkilatımız 31 illik fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş minlərlə müharibə iştirakçısını bir araya gətirən, dövlətçilik və vətənpərvərlik prinsipləri əsasında fəaliyyət göstərən nüfuzlu bir qurum kimi formalaşmışdır.

AVMVİB tərəfindən vaxtilə təqdim olunan tanıtma və yubiley nişanları heç bir hüquqi və ya imtiyaz verməyən, yalnız təşkilat üzvləri və əməkdaşlıq göstərmiş şəxslər üçün hazırlanmış simvolik təşəkkür nişanlarıdır. Bu nişanların üzərində təşkilatın loqosu, adı və rəsmi təsis tarixi aydın şəkildə göstərilmişdir. Təşkilatımız bu nişanları heç vaxt dövlət təltifi kimi təqdim etməmiş, onların yalnız ictimai status daşıdığını dəfələrlə bəyan etmişdir.

Qeyd etmək istərdik ki, AVMVİB tərəfindən bu cür nişanların təqdimatı artıq təxminən 2 ildir ki, dayandırılmışdır. Bu səbəbdən də bu gün həmin məsələnin yenidən gündəmə gətirilməsi, xüsusilə də təşkilatımızın adını qeyd etməklə süjetdə təqdim olunması obyektivlikdən uzaqdır və ictimai rəyə yön verilməsi qərəzli yanaşma təsəvvürü yaradır.

Qeyd edilən süjetdə təşkilatımızın adının belə bir kontekstdə hallandırılması bizi ciddi şəkildə narahat etmiş və təşkilatımızın ictimai nüfuzuna mənfi təsir göstərmişdir. Bu cür yanlışlıqlar və məqsədli təqdimatlar ölkəmizin müharibə veteranlarının təşkilatlanması və onların vətənpərvərlik ruhunun formalaşdırılmasında mühüm rol oynayan bir qurumun fəaliyyətini kölgə altına almağa yönəlik kimi qiymətləndirilə bilər.

Biz bir daha bildiririk ki, AVMVİB daim dövlətimizin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq, şəffaf və hüquqi əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Qarabağın azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş qəhrəmanların ailələri, yaralı döyüşçülər və veteranlar bizim əsas fəaliyyət istiqamətimizdədir.

AVMVİB olaraq, hər zaman dövlət orqanları ilə əməkdaşlığa açıq olduğumuzu, hər hansı sual və ya qeyri-müəyyənlik yarandıqda qarşılıqlı hörmət və əməkdaşlıq əsasında aydınlaşdırılmasının daha məqsədəuyğun olduğunu bildiririk.

Hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyəti adından — İctimai Birliyin sədri

Füzuli Rzaquliyev
11 sentyabr 2025-ci il
Bakı şəhəri