
“Güftə” fars mənşəli söz olub, əsasən, “deyilmiş”, “söz”, “kəlam”, “danışıq” mənası verir. Ədəbiyyatda, xüsusən də musiqidə mahnının sözləri mənasında işlənir. Ədəbiyyat dərgisi təsis edən Vəli Ayla Ayşə Ay Türkiyədə çıxan, ədəbi mühitdə tanınan dərgini bu cür adlandırıblar. Türk dili və ədəbiyyatı müəllimi olan redaktorlar dərgidə bütün türk dünyasının qələm adamlarının yazılarına yer verirlər. Onlar ədəbiyyata dərindən bələddirlər, həm fənni tədris edirlər, həm də hekayə ustalarıdırlar. İstedadlını bircə cümləsindən tanıyırlar və fərq qoymadan, başqa maraqlar güdmədən, ədəbiyyat naminə hər kəsə dəyər verirlər.
Burda ilk dəfə təxminən iki il əvvəl “Həkimlərin əyri xətti” adlı hekayəm dərc olunub. İkinci dəfə isə “Ağ divarda qara yazılar”a yer ayırdılar. Üçüncü dəfə hörmətli redaktor həm Azərbaycanda hazırda nəşr olunan jurnallar haqqında məlumat verməyimi, həm də dərginin 2026-cı il mart-aprel sayı haqqında yazmağımı təklif etdi. Bunu xeyli vaxt müşahidə etdikdən sonra düşünüblər. Məmnun edəcək haldır.
Gərgin iş rejimi, yaradıcılıq və məişət qayğıları arasında “Güftə ədəbiyyat” üçün vaxt tapmaq nə qədər çətin olsa da, öhdəsindən gəldim. Dərgini ilk səhifədən başlamış sonuncuyadək oxudum və ədəbi qeydlərimi başa çatdırdım. Dərgi sahiblərinin bəyənmələrindən məmnun oldum.
Gördüyüm digər işi izah etməyi vacib sayıram.
Ədəbi dərgilərimiz haqqında məlumatı isə araşdırmaçıların, alimlərin başa gətirdiyi mətnlərdən və saytlardan toplayıram. Heç kəsin zəhmətini mənimsəmək niyyətində deyiləm. Müəlliflərin və digər mənbələrin adlarını aydın şəkildə qeyd edirəm. Mütləq diqqətinizə çatdırmalıyam ki, burda məqsədim yalnız ədəbi xidmətdir. Digər maraqdan söhbət gedə bilməz. İstəyirəm, mətbuatımız, ədəbiyyatımız, jurnalistlərimiz haqqında “Güftə ədəbiyyat” oxucuları məlumatlı olsunlar.
Bu məsuliyyətli işi etimad göstərib mənə həvalə etdikləri üçün dərginin sahiblərinə minnətdaram.
Müəllif: PƏRVANƏ BAYRAMQIZI
PƏRVANƏ BAYRAMQIZININ YAZILARI
Pərvanə Bayramqızı digər mənbələrdə
Oxuyun >> Gözündə tük var