Etiket arxivi: Gülzar İbrahimova

Soyuq şimala bir parça cənub istisi

Soyuq şimala bir parça cənub istisi

Norveç, Telemark mahalı, Mərkəzi-Telemark bələdiyyəsinin Bö uşaq məktəbində həftənin axırıncı dərsi.

Dərsin bitməsinə az qalmış, müəllim uşaqlara xatırlatdı ki, bu günkü dərsin sonunda tibb bacısı sizinlə danışacaq.

Norveç məktəblərində çalışan tibb bacıları Norveç Uşaq Rifahı Xidməti ilə sıx əməkdaşlıq edirlər. Onlar daima uşaqlara onların hüquq və azadlıqlarını izah edirlər. Həm də şagirdlərlə ayrı-ayrılıqda söhbətlər edir, məktəb və ev həyatları ilə maraqlanırlar.

Dərsin sonunda tibb bacısı Astrid sinfə girdi. O, xoş təbəssümlə gülümsəyib şagirdləri salamlayıb soruşdu:

– Uşaqlar, çox yorulmamısız ki?

Uşaqlardan “Yox” cavabı gəldi. Astrid söhbətinə davam elədi:

– Bir az vaxtınızı alacağam, – dedi. – Bilirsiz ki, biz azad ölkədə yaşayırıq və bizim hər birimizin hüququmuz qanunla qorunur. Siz də artıq balaca deyilsiniz. Yeni dərs ilinə qədəm qoymuşuq və indi artıq altıncı həftədir ki, siz dördüncü sinfə gedirsiz. Yəqin ki, unutmamısız, biz sizə həmişə cinslər və cinsi münasibətlər haqqında danışmışıq. Sizə hələ uşaq bağçasında da başa salıblar ki, sizin bədəniniz ancaq sizə məxsusdur və icazəniz olmadan heç kəs, hətta ata-analarınız belə, bədəninizə toxuna bilməz.

Bəli, siz də artıq böyük uşaqlarsınız, amma o qədər də böyük deyilsiniz ki, hər şey haqqında indi danışaq. Bizim gələcəkdə çoxlu görüşlərimiz olacaq və sizi bu mövzu haqqında daha ətraflı məlumatlandıracağıq. Eyni zamanda, sizinlə fərdi və məxfi söhbətlərimiz də olacaq.

Uşaqlar, biz tez-tez görüşürük və müəllimləriniz də sizi məlumatlandırır ki, siz azad ölkənin azad vətəndaşlarısınız. Siz insansınız, siz heç kimin malı deyilsiniz, siz özünüzə məxsusunuz. Ata-analarınız belə sizin sahibləriniz deyil. Məktəbdə, ailədə, hər zaman, hər yerdə hüquqlarınızı bilməlisiniz.

Astrid azca partaların arası ilə gəzəndən sonra danışığına ara verib, lövhə qarşısına keçdi. Sonra diqqətlə uşaqları nəzərdən keçirərək, onlara belə bir sual verdi:

– Uşaqlar mən sizinlə səmimi olacağam, xahiş edirəm, siz də mənimlə səmimi olasız. Mənə deyin görüm, həyatınızda sizə kobudluq edən və ya sizə təzyiq, zorakılıq edən bir kimsə varmı? Həmin adam hətta valideyn və ya yaxın qohum, ya müəllim olsa belə, sizi incitməyə, üstünüzə səsini qaldırmağa, sizi təhqir etməyə heç kəsin ixtiyarı yoxdur. Ölkəmizdə hamı qanun qarşısında bərabərdir. Norveçdə yaşayan hər kəs, vətəndaşlığından, dinindən, dilindən, irqindən, cinsindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hamı qanun qarşısında eynidir. Uşaq olsa da, cavan olsa da, hətta yüz yaşlı qoca olsa da, fərq etmir – hamı azad insandır. Əsas odur ki, heç kəs, heç kəsin rahat yaşamağına mane olmasın. Norveç hökuməti hər bir vətəndaşını sevir, onu hər yerdə, hər zaman qoruyur. Ona görə bütün məktəblərdə tibb bacıları çalışır ki, uşaqları və onların hüquqlarını qorusun. Bu gün mən – Astrid niyə burdayam? Burdayam ki, Sizi və Sizin hüquqlarınızı qoruyum. Ona görə məktəbdəki uşaqların hamısı tibb bacılarını özlərinə dost bilməlidirlər. Onlarla dost olmalıdırlar. Mən əminəm ki, mən də hamınızla dost olacağam.

Astrid hamını birdən qucaqlamaq istəyirmiş kimi qollarını geniş açıb soruşdu:

– Dost olaq?

– Olaq! – Uşaqlar bir səslə dedilər.

Tibb bacısı sevincək əl çalıb ilk əvvəl sol sırada birinci partada oturan şagirdə yaxınlaşdı. Bir az ona tərəf əyilərək, mehribanlıqla soruşdu:

– Gəl, sıra ilə səndən başlayaq, – Astrid əlini şagirdə uzadıb dedi:

– Mən Astridəm, bəs sənin adın nədir?

– Mən Mariannayam.

– Çox gözəl adın var. Səninlə tanış olmaq çox xoş oldu. Mənimlə hanısa mövzuda danışmaq istəyərdin?

– Yox, düşünürəm deyəcəyim elə bir sözüm yoxdur. Tez evə gedib idmanıma hazırlaşmalıyam.

Beləliklə, tibb bacısı uşaqlara eyni qaydada yaxınlaşaraq, bir-bir onlarla tanış oldu. Adlarını yadda saxlamağa çalışdı.

– Bəs sənin adın nədir?

– Səlim!

– Mən Astridəm. Sən də məni sadəcə «Astrid» deyə çağıra bilərsən. Səlim, sənin necə, problemin, mənimlə bölüşəcək sözün yoxdur ki?

– Xeyr, yoxdur, hər şey qaydasındadır – deyib, Səlim ayağa qalxıb cavab verdi. Oturmaq istəyirdi, qonşu partadakı Silya həyəcanla dedi:

– Astrid, Səlim dünən avtoparkda ağladı. Deyəsən, atası ona hirsləndi.

Səlim bunu gözləmirdi deyə, diksindi, qızardı. Tibb bacısı tez öz ağzını əli ilə tutaraq, Silyaya dedi:

– Bəzən elə şeylər var ki, onları hamının yanında demək olmaz.

Sonra üzünü Səlimə tutub dedi:

– Səlim, olarmı ki, burda mən işimi bitirdikdən sonra səninlə gedək tibb otağına, sən hər şeyi orda bir dost kimi mənə danışasan.

Tanış olma qurtarandan sonra Səlim incik halda Silyaya baxıb, ayağa qalxdı, ağır addımlarla sinifdən çıxdı. Sinifdə sakitlik pozuldu. Uşaqların çoxu Səlimə yaxınlaşıb “Səninlə hər şey yaxşıdırmı?” deyə nigaran-nigaran sual verdilər. Səlim, «narahat olmayın», deyib, Astridlə birlikdə sinifdən çıxdı. Uşaqların çoxu Silyaya dedi:

– Sən düz elədin bunu Astridə xəbər verdin.

Astrid Səlimlə tibb otağında səmimi söhbət elədi.

– Nə olmuşdu, kim səni incitmişdi?

– Heç kim, inanın mənə.

– Onda atan niyə sənə hirslənmişdi?

– O mənə hirslənməmişdi…

– Mən hamınızın dostuyam və mənim məqsədim və işim sizə kömək etməkdir. Sənə nəsə kömək lazımdır? Əgər evdə problemin varsa, məndən heç nəyi gizlətmə. Atan səninlə niyə kobud rəftar edir?

– Yox. Elə deməyin. Mənim atam bəlkə də dünyanın ən yaxşı atasıdır.

– Bəs avtoparkda nə baş vermişdi? Silya düşünür ki, atan səni hirsləndirib. Bu düzdür?

– Yox. Atam mənə çox yaxşı xəbər dedi. Ona görə kövrəldim. Arxayın olun, problemim yoxdur, hər şey yaxşıdır. Baxın, bütün uşaqlarda olduğu kimi, mənim də telefonumda polisin nömrəsi var.

Səlim belə deyəndə telefonunu açıb Astridə göstərdi və yenə sözünə davam elədi:

– Narahat olmayın. Mən öz hüquqlarımı yaxşı bilirəm. Onu da bilirəm ki, kim məni hirsləndirsə, mənə zor göstərmək istəsə həmin an polisin nömrəsinə zəng edə bilərəm.

– Onda necə arxayın ola bilərəm ki, sənin evində hər şey yaxşıdır?

– İstədiyiniz vaxt qonaq gəlin, görəcəksiniz hər şey qaydasındadır və bizim xoşbəxt ailəmiz var.

– Mən sənə inanıram. Elə isə dünən niyə ağlamağının səbəbini mənə deyə bilərsən?

Səlim dərsdən sonra yorğun olsa da, dünən avtoparkda nə baş verdiyini təfsilatı ilə Astridə danışdı. Astrid axıra qədər Səlimi dinlədi. Amma arada Səlimin danışdıqları onu elə kövrəltdi ki, doluxsundui, göz yaşlarını saxlaya bilmədi. Axırda Səlimə «Sağ ol, sən böyük ürə sahibisən», «Əhsən», deyib Səlimin başını tumarladı.

Səlimdən ayrılandan sonra Astrid Səlimin əlaqələndirici müəllimi İngunn yanına gedib məsələni ona danışdı. İngunn də baş verənlərə diqqətlə qulaq asandan sonra kövrəlib dedi:

– Səlimin gördüyü iş çox yüksək insani keyfiyyətə layiq bir hərəkətdir. Belə bir hərəkət başqalarına da nümunə olmalıdır.

– Bəs necə edək ki, bunu bütün sinif uşaqları bilsin.

– Məncə nəinki sinif uşaqları, bütün məktəb uşaqları bilsə daha yaxşı olar.

– Onda əvvəl Səlimdən icazə almalıyıq. O istər ki, başqaları bunu bilsin. Bəlkə istəmir heç kəs bilsin. Bu onun hüququdur, Səlimin hüququnu poza bilmərik.

– Əlbəttə, Səlim azyaşlı olduğuna görə hətta valideynlərindən də razılıq almalıyıq.

Bir gün Səlim müəllimi İngunnun xahişi ilə avtoparkda ağlamağının səbəbini sinif yoldaşlarının qarşısında da danışdı. O, qəhərlənsə də, özünü toparladı:

“Babamgil Azərbaycanda, ucqar dağ rayonu Lerikdə yaşayırlar. Bir gün eşitdim babam xəstələnib. Atam ilə anamın bikef olduqlarından başa düşdüm ki, babam ağır xəstədir. O, təcili əməliyyat olunmalıdır.

O vaxt Azərbaycanda icbari-tibbi sığorta yox idi. Babama lazım olan əməliyyatı isə ancaq özəl klinikada etmək olardı. Onu da eşitdim ki, əməliyyat üçün lazımi qədər pul yoxdur. Bu vaxta qədər valideyinlərimi heç belə kədərli görməmişdim. Söhbətlərindən başa düşdüm ki, onların əməliyyata pulu çatmır. Biz onda 3-4 il idi ki, Norveçdə yaşayırdıq. Ata-anam müqavilə ilə işlədiklərindən məvacibləri vacib xərclərə ancaq çatırdı. Üstəlik, kirayədə qalırdıq.

Bir gün məktəb elanında gördüm ki, uşaqlar üçün Satış yarmarkası təşkil olunacaq, sevindim.

Həmin yarmarkada neçə dəfə olmuşdum. Uşaqlar istədikləri hər şeyi – öz əl işlərini, ya təzə, ya köhnə oyuncaqlarını və hətta onlara gərək olmayan paltarlarını da yarmarkada sata da bilirlər, dəyişdirə də bilirlər.

Yarmarkaya hələ vaxt qalmışdı. Babamın əməliyyatına pul toplamalı idim. Mən böyük ümidlə yarmarkaya hazırlaşmağa başladım. Babama kömək etmək üçün yollar axtardığım vaxt belə bir yarmarkanın keçiriləcəyi məni sevindirdi. Düşündüm bir neçə mənzərə rəsmi çəkərəm. Mənzərə rəsmi qəşəng alınsa, mütləq satılacaq. Norveçlilər mənzərə rəsmi xoşlayır. Rəssamlıq kursuna getdiyimə görə özümə əmin idim. Gündəlik mənə verilən cib xərcliyimə qənaət edib kağız, boya aldım. Rəsmlər çəkməyə başladım. Helloin bayramına da az qalmışdı deyə, bayrama uyğun rəsmlər çəkdim. Qorxulu maskalar düzəltdim. Daha sonra yarmarkada satmaq üçün bir quş damı tikdim. Üstünə rəngli cizgi filmi rəsmlərini çəkdim. Maraqlı alındı.

Evdə artıq istifadə edilməyən oyuncaqları bir qutuya yığdım. Özümə artıq yaramayan, velosipedim var idi. Onu xeyli sürsəm də, yaxşı saxladığımdan təzəyə oxşayırdı. Mənim üçün balaca idi, kiçik qardaşım üçün isə hələ böyük idi. Onu da satmağa qərar verdim. Daha sonra ata və anamdan məni yarmarkada qeydiyyata salmalarını xahiş etdim.

Nəhayət, həmin gün gəldi. Bazara aparmaq üçün hər şeyi qablaşdırdım. Babamın bağda üzüm dərdiyi yerdə rəsmini çəkmişdim. Rəsm çox gözəl alınmışdı. Hamının xoşuna gəlirdi. Xeyli şəklə baxdım. Heç istəmirdim onu satım. Babamı çox istəyirdim. Yay tətilində ona aparacaqdım. “Bağışla, baba”, deyib şəkli öpdüm. Onu da satmağa götürdüm. Rəsmi əlimdə tutdum ki, əzilməsin. Yol boyu rəsmə baxdım.

Tərslikdən yarmarkada elə birinci rəsmi aldılar. Baxa-baxa qaldım. Əlacım yox idi. Babamın sağalmasına kömək eləməliydim. Rəsmi yarmarkaya aparsam da, satılması heç ürəyimdən olmadı.

Yarmarkadan sevinclə qayıtdım. Demək olar ki, apardığım hər şeyi satmışdım. Bütün satdıqlarıma sevinirdim, bircə Babamın rəsmindən başqa. Yarmarkadan Norveç pulu ilə təxminən 6000 kron pul qazandım. Bu mənim ilk qazancım idi. Pulu Azərbaycan manatına çevirəndə təxminən 900 AZN edirdi. Topladığım pulu bang ilə Bakıya göndərsəydim, pul bir az azalacaqdı. İstəmirdim azalsın. Xoşbəxtlikdən həmin gün Oslodakı Azərbaycan Məktəbinin koordinatoru Günay xanım bizə gəlmişdi. O,bizim evə tez-tez gəlir, yaşayışımızla maraqlanırdı. Özü də Nizami Gəncəvi adına Olso Azərbaycan diili məktəbinin müəllimi idi. Dili unutmamağımız üçün hər həftəsonu həmin məktəbə mən də gedirdim. Həmdə Azərbaycan dilini yaxşı bilməyə çalışırdım.

Gunay xanım, söhbət zamanı dedi, bu günlərdə Bakıya gedəcək, nəsə göndərmək, ya gətirmək lazım olsa deyərsiz. Pulu Günay xanımla Bakıya göndərdim. Əlbəttə, pulun qədəri çox olmasa da, babamın əməliyyatına az da olsa, kömək idi. Həmin gün mən avtomobil parkında ağlamağımın səbəbi də o olmuşdu. O gün atam məktəb həyətində məni gözləyirdi. O, çox sevincək idi. Dedi, baban əməliyyat olub, vəziyyəti də yaxşıdır. Səni soruşurdu, telefonu gətirdim səninlə görüntülü danışsın.

Sevindim, “nə yaxşı”, desəm də, babamla danışa bilmədim, onu oturmuş yerdə, danışan görəndə elə kövrəldim, dilim söz tutmadı. Son dəfə onu uzanmış, gözüyumulu, güclə danışan görmüşdüm. İndi sevindiyimdən məni ağlamaq tutdu. Atam da məni qucaqlamışdı, məni sadəcə sakitləşdirirdi. Həmin gün məktəb həyətində ağlamağımın səbəbi budur.

Səlim danışıb bitirəndən sonra uşaqlar sakit-sakit qalxıb onu qucaqladılar. Kiminin gözü nəmli idi, kiminin gözlərində yaş vardə.

O gündən Səlimin hekayəsi sinif-sinif gəzdi. Məktəbdə demək olar ki, hamı Səlimi tanıdı. Onsuz da çox olan dostlarının sayı qat-qat artdı.

Bir müddət keçəndən sonra Vilayət mərkəzində ailə məsələrinə dair böyük bir konfrans təşkil edilmişdi. Yeniyetmə Səlim də çıxış etmək üçün konfransa dəvət edilmişdi.

Təəssüf ki, dünyanın ən azad, varlı ölkəsi olan Norveçdə əksər babalar və nənələr qocalar evində yaşayır. Övladları, nəvələri bəzən onları heç axtarmır. Bəli, onların pul, müalicə və başqa problemləri yoxdur. Sadəcə, ailə, övlad, nəvə sevgisinə ehtiyacları var və bu səbəbdən ölkədə “Doğmalarımızı sevək, onlara bir təbəssüm verək ” mövzusunda konfrans keçirilirdi.

Səlim konfransda çıxış elədi. Konfransda Səlimə «Qayğıkeş övlad” diplomu ilə birgə gözəl bir hədiyyə də verdilər. Səlim hədiyyəni görəndə çaşıb qaldı. Bu onun babasının üzüm dərdiyi yerdəki rəsmi idi. Səlimin babasına sevgisi, fədakarlığı dildən-dilə elə dolaşmışdı ki, onu alan da bu haqda eşitmiş, rəsmi tapıb sahibinə qaytarmağı özünə borc bilmişdi.

Konfransdan çıxanların əksəriyyətinin gözü nəmli idi. Bu soyuq şimal ölkəsinə isti cənubdan gətirilmiş bir parça isti idi.

Müəlliflər: Gülzar İbrahimova ,

Səlim Abbaszadə (Norveç)

GÜLZAR İBRAHİMOVANIN YAZILARI

SƏLİM ABBASZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gülzar nənənin nağılı

>>>>>Gülzar İbrahimova

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gülzar İbrahimovanın eyni kitabının təqdimatı həm Norveçdə, həm də Azərbaycanda keçirildi

Gülzar İbrahimovanın eyni kitabının təqdimatı həm Norveçdə, həm də Azərbaycanda keçirildi

(Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri)

Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində  tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın “Trolların sirri” adlı nağıl  kitabına təqdimat keçirilib. Sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları Trollara həsr edilib.

Tədbiri giriş sözü ilə N. Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq, “Trolların sirri” nağıl kitabının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirib: “ Bu nağıl kitabı həm məzmunu, həm də tərtibatı ilə şagirdlərin marağına səbəb olub. Artıq məktəbimizin şagirdləri “ Trolların sirri” kitabını Norveç dilinə tərcümə etməyə başlayıblar. Bu kitab həm məktəbimizin, həm də şagirdlərin kitabxanasında xüsusi yer alıb”.

Tədbirdə çıxış edən Gülzar İbrahimova Norveçdə dünyaya göz  açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirib. “Trolların sirri” kitabının  yaranmasından danışan G. İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirib. Yazıçı sözügedən nağılın oxucular tərəfindən sevildiyini bildirib və Trolların onun  yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında  özünəməxsus yeri olduğunu bildirib.

Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri, Fatima Alxas, Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən – Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” kitabı haqqında fikirlərini   bildirib  və G. İbrahimovaya yaradıcılıq uğurları arzu ediblər.

Təqdimatda Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev, gözəl ifaları ilə iştirakçıları heyran etməyi bacarıblar. Səhər Zərdablının və Tunar Qarayevin həm milli, həm xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdıb.

Tədbirin sonunda Osloda N. Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan “Ana dilim” və “Sağ ol, Ey Vətən! ” mahnılarını ifa ediblər.

Tədbirdə  iştirakçılara hədiyyə paketi şəklində içərisində müəllifin “Trolların sirri” və “Norveç qoğalı” olan kitabları təqdim edilib.

Onu da qeyd etmək lazımdır ki, “Trolların sirri” kitabının təqdimatı ilk dəfə  25 may 2024-cü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin və Osloda N. Gəncəvi adına həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur  “Deichman Bjørvika “ kitabxanasında keçirilib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

2 iyul saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində “Trolların sirri” kitabının təqdimatı olacaq.

Tanınmış uşaq yazarı Gülzar İbrahimovanın müəllifi olduğu “Trolların sirri” kitabının izi ilə Soyuq Şimaldan Odlar Yurduna üz tutduq.
2 iyul saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində “Trolların sirri” kitabının təqdimatı olacaq. Məlumatı oxuyan hər kəs dəvətlidir.
Qeyd: Giriş sərbəstdir.

Sizi gözləyirik – hörmətlə: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri

                                   Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri

                                          (Gülzar İbrahimova ilə söhbətdən hazırlanıb)

Norveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində  Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbi açılıb. Məktəbin açılmasında məqsəd Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dili öyrətmək və ana dilinin unudulmamasına çalışmaqdır. Bunun üçün Azərbaycan məktəbi müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Azərbaycandakı uşaq yazıçıları ilə uşaqlar arasında görüşlərin keçirilməsidir.

Növbəti onlayn görüşlərdən birində  məktəb uşaqları yazıçı Gülzar İbrahimova ilə görüşüblər. Yazıçı şagirdlərin mütaliəyə böyük həvəslərini hiss edir və  oxucularına söz verir ki, onlara Norveç nağıl qəhrəmanlarından nağıl yazacaq. Bir gün verdiyi sözə əməl edir, onlara Trollara aid “Trolların sirri” nağıl yazır. Əsasən yeniyetmələrə aid olan nağıl, yüz səhifədən çox alınır.  Nağıl kitab şəklində nəşr etdirilib Oslodakı Azərbaycan məktəbinin şagirdlərinə göndərilir.  “Trolların sirri” ni çox xoşlayan uşaqlar Gülzar İbrahimovanı yaxından, canlı görmək istəklərini bildiriblər.

Eyni vaxtda Gülzar İbrahimovanın sözlərinə yazılmış “Ana dili” (bəstəkar Elşən Nicat) mahnısını da müəllim heyəti çox bəyənir, onu şagirdlərinə öyrədir.

Oslodakı Azərbaycan Məktəbinin şagirdlərinin arzusunu nəzər alaraq Azərbaycan Evi və Norveç Azərbaycanlı Gənclər Təşkilatı Gülzar İbrahimovanı Norveçə qonaq dəvət edir.

Yazıçı böyük sevinclə görüşə hazırlaşır. O yolunu gözləyən balaca balaları da unutmayıb, onlar üçün “Norveç qoğal”ını Azərbaycan dilinə tərcümə edir. Rəssam Mərziyə Tağıyeva böyük sevgi ilə nağıla maraqlı illüstrasiyalar çəkir. Norveç nağılından kitab nəşr edilir, Norveçdəki balalara hədiyyə aparılır.

Yazıçı Gülzar İbrahimova ilə  aparılan müsahibədən məlum oldu ki, yazıçı Norveç görüşlərindən çox razı qalıb. Bir həftə ərzində Oslodakı Azərbaycan dili məktəbində həm şagirdlərlə, həm də kiçik yaşlı uşaqlarla silsilə görüşlər keçirilib.

Gülzar İbrahimova ilə ilk görüş Azərbaycan Evində və Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbində baş tutub. Burda həm kiçik yaşlı uşaqlar, həm də məktəblilər iştirak edib. Uşaqlar yazıçıya onları maraqlandıran suallarını veriblər. Nağıllarına çəkdikləri rəsmləri yazıçıya hədiyyə veriblər. Nağılçı onlara təzə nağıllarından danışıb. Xatirə şəkilləri çəkilib.

Əsas görüş isə may ayının 25-də Oslonun tanınmış Deichman Bjørvika kitabxanasında baş tutub. Keçirilən görüşlər ayrı-ayrı yaş qruplarına bölünüb. Yazıçı oxucularını yeni yaradıcılığı ilə tanış edib. Onların istək-azularını öyrənib ki, yeni əsərlərində nəzərə alsın.

Məktəbin adını daşıdığı N.Gəncəvinin həyat və yaradıcılığından da bəhs edib. “Nizami Gəncəvi nəyə görə türk dilində yox, fars və ərəb dillərində yazırmış”, mövzusunda apardığı araşdırma da yeniyetmələrin marağına səbəb olub. 

Bütün uşaqlar üstündə nağıl personajları çəkilmiş xüsus geyimlərdə tədbirə qatılıblar.  Norveçdə yaşayan azərbaycanlı gənc yazar – rəssam Səlim Abbaszadə əvvəldən iştirakçıların köynəklərinə nağıl qəhrəmanlarının rəsmini çəkib. Tədbirdə çıxış edərkən o bildirib ki, o bunu sevə-sevə, yorulmadan edib. Səlim sevdiyi yazıçıya üstündə vikkinqlərin rəsmini çəkdiyi və içərisi hədiyyələrlə dolu  sandıq da hədiyyə verib.

Görüşün sonunda yazıçı hər uşağa təzə kitablarından hədiyyə edib. Onlar da öz tərəflərindən sevdikləri  yazıçıya xatirə hədiyyələri təqdim ediblər. Tədbir xoş təəsüratlarla sona çatıb.

Gülzar İbrahimova ilə növbəti görüş Beynəlxalq Uşaq İncəsənət Muzeyində keçirilib.
/The International Museum of Children’s Art/

1986-cı ildən fəaliyyət göstərən Muzeydə 185-dən çox ölkədən 2-18 yaşlı uşaq və gənclərin yaratdığı sənət kolleksiyaları var. (Həmçinin burda azərbaycanlı uşaqların da əl işləri var). Uşaqları sevən və onlara zaman ayırmağı vacib bilən Ulu öndərimiz H.Əliyev də bir vaxt bu muzeydə olub.
Muzeyin əsas məqsədlərindən biri dünyanın hər yerindən uşaq sənətini gələcək nəsillər üçün toplamaq, qorumaq və yaymaqdır.

Muzeydə sərgilənən işlərə baxmaqdan başqa burda uşaqlar öz əl işlərini də düzəltməyə imkan var. Adı uşaq muzeyi olsa da, bura uşaqlardan başqa yeniyetmələr, gənclər və hətta ahıl yaşda insanlar da gəlib əl işləri ilə gözəllik yaradaraq vaxtlarını maraqlı keçirirlər.  

Muzeydə uşaqların çəkdikləri rəsmlər uşaq fantaziyasının nə qədər güclü olduğunu göstərir. Muzeyin hazırkı rəhbəri  Alla Qordina Yazıçını və uşaqları çox mehriban qarşıladı. Təşkil edilmiş nağıl saatı uşaqların ürəyincə oldu. Tədbirin sonunda uşaqlar tərəfindən düzəldilmiş bütün əl işləri yazıçıya hədiyyə edildi.

Gülzar İbrahimovanın Bakıya qayıtma saatını öyrənmiş oxucular onu yola salmağı da özlərinə borc biliblər.

Fotolar (“..qalanı xatirədir …”):

Məlumatı hazırladı: Sona və Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

SƏLİM ABBASZADƏNİN YAZILARI

GÜLZAR İBRAHİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günay Əliyeva – Trolların sirri…

       Trolların sirri…

 Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova  Osloda Nizami Gəncəvi adına Azərbaycan dili  və mədəniyyəti həftəsonu  məktəbinin şagirdləri ilə bir neçə dəfə video görüş keçirib. “Nağıllar ölkəsi”-Norveçin təbiətindən və nağıllarından ilham alan G.İbrahimova  uzaq və soyuq şimal haqqında  “Trolların sirri” nağılını yazıb. Yazıçı sözügedən nağılı  Norveçdə dünyaya göz açmış uşaqlarımıza və məktəbin şagirdlərinə  hədiyyə edib.

Müəllif ön sözdə oxucuya nağılın necə yarandığından danışıb. Nağılçı yazıb: “Skandinaviya nağıllarını hamı sevir. Onlar çox maraqlıdır. Bu nağıllara daima yeni filmlər çəkilir. Nağıllarda həyəcanla bərabər, müdriklik də var. Nağıl qəhrəmanları – Müdrik Semund, Elfa, Trol obrazları həmişə düşündürür, sevilir.”

  Qeyd edək ki, nağıl Skandinaviyanın nağıl qəhrəmanları – Trollara həsr edilib.

Nağıl belə yaranıb: 2020-ci ildə Oslo  Azərbaycan dili və mədəniyyəti məktəbi yaradılıb. Məktəb o məqsədlə açılıb ki, azərbaycanlı balalarımız azərbaycan dilini sevsin, doğma dilini unutmasın. Burda uşaqlara tez-tez nağıl saatları təşkil edilir, nağıllardan tamaşalar qoyulur.

Belə bir nağıl saatlarından birində uşaq yazıçısı Gülzar İbrahimova internet vasitəsi ilə nağıl saatının qonağı oldu. Nağılçı nənə görüşdə uşaqlara söz verdi ki, Skandinaviya nağıl qəhrəmanlarından nağıl yazıb onlara və skandinaviyalı balalara hədiyyə edəcək.

Qısa müddətdən sonra Gülzar İbrahimova  verdiyi sözə əməl edib, “Trolların sirri” nağılını yazdı. Rəssam Tağıyeva Mərziyə nağılı gözəl illüstrasiyalarla bəzədi. Müəllif əmindir ki, yazdığı nağıl uzaq qitədən ona çoxlu sevgi gətirəcək. 

Sözügedən nağıl  Osloda həftəsonu məktəbinin kitabxanasında  yer alıb və şagirdlərə hədiyyə edilib.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru