Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri

                                   Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri

                                          (Gülzar İbrahimova ilə söhbətdən hazırlanıb)

Norveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində  Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbi açılıb. Məktəbin açılmasında məqsəd Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dili öyrətmək və ana dilinin unudulmamasına çalışmaqdır. Bunun üçün Azərbaycan məktəbi müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Azərbaycandakı uşaq yazıçıları ilə uşaqlar arasında görüşlərin keçirilməsidir.

Növbəti onlayn görüşlərdən birində  məktəb uşaqları yazıçı Gülzar İbrahimova ilə görüşüblər. Yazıçı şagirdlərin mütaliəyə böyük həvəslərini hiss edir və  oxucularına söz verir ki, onlara Norveç nağıl qəhrəmanlarından nağıl yazacaq. Bir gün verdiyi sözə əməl edir, onlara Trollara aid “Trolların sirri” nağıl yazır. Əsasən yeniyetmələrə aid olan nağıl, yüz səhifədən çox alınır.  Nağıl kitab şəklində nəşr etdirilib Oslodakı Azərbaycan məktəbinin şagirdlərinə göndərilir.  “Trolların sirri” ni çox xoşlayan uşaqlar Gülzar İbrahimovanı yaxından, canlı görmək istəklərini bildiriblər.

Eyni vaxtda Gülzar İbrahimovanın sözlərinə yazılmış “Ana dili” (bəstəkar Elşən Nicat) mahnısını da müəllim heyəti çox bəyənir, onu şagirdlərinə öyrədir.

Oslodakı Azərbaycan Məktəbinin şagirdlərinin arzusunu nəzər alaraq Azərbaycan Evi və Norveç Azərbaycanlı Gənclər Təşkilatı Gülzar İbrahimovanı Norveçə qonaq dəvət edir.

Yazıçı böyük sevinclə görüşə hazırlaşır. O yolunu gözləyən balaca balaları da unutmayıb, onlar üçün “Norveç qoğal”ını Azərbaycan dilinə tərcümə edir. Rəssam Mərziyə Tağıyeva böyük sevgi ilə nağıla maraqlı illüstrasiyalar çəkir. Norveç nağılından kitab nəşr edilir, Norveçdəki balalara hədiyyə aparılır.

Yazıçı Gülzar İbrahimova ilə  aparılan müsahibədən məlum oldu ki, yazıçı Norveç görüşlərindən çox razı qalıb. Bir həftə ərzində Oslodakı Azərbaycan dili məktəbində həm şagirdlərlə, həm də kiçik yaşlı uşaqlarla silsilə görüşlər keçirilib.

Gülzar İbrahimova ilə ilk görüş Azərbaycan Evində və Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbində baş tutub. Burda həm kiçik yaşlı uşaqlar, həm də məktəblilər iştirak edib. Uşaqlar yazıçıya onları maraqlandıran suallarını veriblər. Nağıllarına çəkdikləri rəsmləri yazıçıya hədiyyə veriblər. Nağılçı onlara təzə nağıllarından danışıb. Xatirə şəkilləri çəkilib.

Əsas görüş isə may ayının 25-də Oslonun tanınmış Deichman Bjørvika kitabxanasında baş tutub. Keçirilən görüşlər ayrı-ayrı yaş qruplarına bölünüb. Yazıçı oxucularını yeni yaradıcılığı ilə tanış edib. Onların istək-azularını öyrənib ki, yeni əsərlərində nəzərə alsın.

Məktəbin adını daşıdığı N.Gəncəvinin həyat və yaradıcılığından da bəhs edib. “Nizami Gəncəvi nəyə görə türk dilində yox, fars və ərəb dillərində yazırmış”, mövzusunda apardığı araşdırma da yeniyetmələrin marağına səbəb olub. 

Bütün uşaqlar üstündə nağıl personajları çəkilmiş xüsus geyimlərdə tədbirə qatılıblar.  Norveçdə yaşayan azərbaycanlı gənc yazar – rəssam Səlim Abbaszadə əvvəldən iştirakçıların köynəklərinə nağıl qəhrəmanlarının rəsmini çəkib. Tədbirdə çıxış edərkən o bildirib ki, o bunu sevə-sevə, yorulmadan edib. Səlim sevdiyi yazıçıya üstündə vikkinqlərin rəsmini çəkdiyi və içərisi hədiyyələrlə dolu  sandıq da hədiyyə verib.

Görüşün sonunda yazıçı hər uşağa təzə kitablarından hədiyyə edib. Onlar da öz tərəflərindən sevdikləri  yazıçıya xatirə hədiyyələri təqdim ediblər. Tədbir xoş təəsüratlarla sona çatıb.

Gülzar İbrahimova ilə növbəti görüş Beynəlxalq Uşaq İncəsənət Muzeyində keçirilib.
/The International Museum of Children’s Art/

1986-cı ildən fəaliyyət göstərən Muzeydə 185-dən çox ölkədən 2-18 yaşlı uşaq və gənclərin yaratdığı sənət kolleksiyaları var. (Həmçinin burda azərbaycanlı uşaqların da əl işləri var). Uşaqları sevən və onlara zaman ayırmağı vacib bilən Ulu öndərimiz H.Əliyev də bir vaxt bu muzeydə olub.
Muzeyin əsas məqsədlərindən biri dünyanın hər yerindən uşaq sənətini gələcək nəsillər üçün toplamaq, qorumaq və yaymaqdır.

Muzeydə sərgilənən işlərə baxmaqdan başqa burda uşaqlar öz əl işlərini də düzəltməyə imkan var. Adı uşaq muzeyi olsa da, bura uşaqlardan başqa yeniyetmələr, gənclər və hətta ahıl yaşda insanlar da gəlib əl işləri ilə gözəllik yaradaraq vaxtlarını maraqlı keçirirlər.  

Muzeydə uşaqların çəkdikləri rəsmlər uşaq fantaziyasının nə qədər güclü olduğunu göstərir. Muzeyin hazırkı rəhbəri  Alla Qordina Yazıçını və uşaqları çox mehriban qarşıladı. Təşkil edilmiş nağıl saatı uşaqların ürəyincə oldu. Tədbirin sonunda uşaqlar tərəfindən düzəldilmiş bütün əl işləri yazıçıya hədiyyə edildi.

Gülzar İbrahimovanın Bakıya qayıtma saatını öyrənmiş oxucular onu yola salmağı da özlərinə borc biliblər.

Fotolar (“..qalanı xatirədir …”):

Məlumatı hazırladı: Sona və Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

SƏLİM ABBASZADƏNİN YAZILARI

GÜLZAR İBRAHİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir