Etiket arxivi: Hacıxanım Aida

Bahar Bəxtiyarqızının ədəbi portreti

Bahar Bəxtiyarqızının ədəbi portreti
Müasir Azərbaycan ədəbiyyatında yeni adların meydana çıxması təsadüfi deyil; bu, zamanın, düşüncənin və daxili ehtiyacın diktə etdiyi bir prosesdir. Bu prosesin diqqətçəkən simalarından biri də yazıçı, esseist Bahar Bəxtiyarqızıdır. Onun yaradıcılığı insanın daxili aləmini, düşüncə qatlarını və varlıq suallarını səssiz, lakin dərin bir dillə ifadə etməsi ilə seçilir.
Bahar Bəxtiyarqızı 13 mart 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən Sabirabad rayonundan olan müəllif hazırda Bakı şəhərində yaşayır və yaradıcılıq fəaliyyətini də burada davam etdirir. Onun həyat yolu paytaxtın mədəni mühiti ilə kənd köklərinin mənəvi saflığını birləşdirən maraqlı bir sintez yaradır.
Orta təhsilini Bakı şəhəri 49 nömrəli İntellekt liseyində alan Bahar Bəxtiyarqızı uşaq yaşlarından ədəbiyyata xüsusi maraq göstərib. Sözə, düşüncəyə, insanın daxili dünyasına qarşı formalaşan bu həssas münasibət onun yaradıcılıq taleyinin əsas bünövrəsini təşkil edir. Hələ erkən yaşlardan müşahidə qabiliyyəti, hissləri incəliklə dərk etmək bacarığı və düşüncəni yazıya köçürmək ehtiyacı onun fərdi yaradıcılıq yolunu müəyyənləşdirib.
Müəllif 13 yaşından etibarən bədii ədəbiyyat oxumağa başlamış, paralel olaraq yazı ilə məşğul olmuşdur. Bu mərhələdə o, klassik və müasir ədəbiyyat nümunələrindən bəhrələnərək öz daxili dünyasını kəşf etməyə çalışıb. Uzun illər yazarlıq fəaliyyəti Bahar Bəxtiyarqızı üçün daha çox şəxsi yaradıcılıq mərhələsi kimi davam edib. O, bu dövrdə yazını bir ünsiyyət vasitəsindən çox, özünə hesabat, daxili sükutun dili, ruhun gündəliyi kimi qəbul edib.
Gündəlik qeydlər, bədii parçalar və esselər müəllifin daxili müşahidələrinin, psixoloji axtarışlarının və həyatla dialoqunun yazılı ifadəsinə çevrilib. Bu yazılar Bahar Bəxtiyarqızının ədəbi dünyasını formalaşdırmaqla yanaşı, onun yaradıcılığında səmimiyyət və təbiiliyin əsas xətt olmasına səbəb olub.
Oxucu ilə ilk rəsmi görüş isə 2024-cü ildə baş tutub. Həmin ildə müəllifin ilk kitabı — “Əlvida deməyə tələsmə” işıq üzü görüb. Bu kitab, adından da göründüyü kimi, ayrılıq, zaman, itki və insanın içində qalan sözlər mövzusuna toxunur. Əsər oxucunu tələsik qərarlardan, ani vida anlarından çəkindirən bir düşüncə çağırışı kimi dəyərləndirilə bilər. Kitab müəllifin daxili səsinin artıq oxucu ilə paylaşılmağa hazır olduğunu göstərən mühüm mərhələdir.
Bahar Bəxtiyarqızının ikinci kitabı isə “Əslində mən kiməm?” adlanır. Bu əsər müəllifin yaradıcılığında yeni bir mərhələni, daha dərin fəlsəfi və psixoloji axtarışları ifadə edir. Kitab insanın özünüdərk prosesi, daxili parçalanma, cəmiyyətlə fərd arasındakı ziddiyyətlər və şəxsiyyət sualı üzərində qurulub. Müəllif bu əsərdə oxucunu yalnız oxumağa deyil, düşünməyə, sual verməyə və öz daxili aləmi ilə üzləşməyə dəvət edir.
Bahar Bəxtiyarqızının yaradıcılığı publisistik və bədii düşüncənin qovşağında dayanır. Onun yazıları pafosdan uzaq, lakin emosional dərinliyi ilə seçilir. Müəllif oxucuya hazır cavablar təqdim etmir; əksinə, suallar yaradır, düşüncə üçün boşluqlar saxlayır və insanı öz daxili dialoquna qaytarır:


-“Əlvida deməyə tələsmə” insan münasibətlərində ən kövrək, amma ən təhlükəli nöqtəyə — yalanla qorunan sevgiyə toxunan psixoloji-emosional bir əsərdir. Kitabda gənc bir qızla gənc bir oğlanın münasibəti üzərində qurulan hadisələr əslində təkcə iki insanın hekayəsi deyil, itirmək qorxusu ilə susan minlərlə insanın daxili dramıdır.
Onlar bir-birini sevirlər, amma bu sevgi dürüstlük üzərində yox, gizlədilən həqiqətlər üzərində formalaşır. Əvvəl oğlan yalan danışır, sonra qız. Hər iki yalanın kökündə eyni qorxu dayanır: sevgini itirmək qorxusu. Amma yazar incə bir mesaj verir — insan bəzən sevdiyini itirməmək üçün yalan danışdığını düşünür, əslində isə yalanın özü itkinin başlanğıcı olur.
Bu kitabda oxucuya aşılansa romantik sevgi deyil, sevginin məsuliyyətidir. İnsanlar burada bir-birinə yox, daha çox öz qorxularına aşiq olurlar. Həqiqəti deməyə cəsarət etməyən qəhrəmanlar zamanla yalanın içində boğulur və sonda ən asan yolu seçirlər — əlvida deməyə tələsməyi.
Müəllif oxucuya açıq sual ünvanlayır:
Sevgi həqiqətsiz yaşaya bilərmi?
və cavabı da sətiraltı verir: Sevgi yalanla qorunmur, yalanla məhv olur.
“Əlvida deməyə tələsmə” ayrılıq hekayəsi olmaqdan çox, danışılmamış həqiqətlərin romanıdır. Bu kitab oxucunu yalnız oxutmur, düşündürür, öz münasibətlərinə güzgü tutur və pıçıldayır:
Bəzən insan əlvida deməyə tələsmir, sadəcə həqiqəti deməyə cəsarət etmir.


-Bahar Bəxtiyarqızının “Əslində, Mən Kiməm?” adlı kitabı oxucunu sadəcə bir hekayələr toplusu ilə deyil, insanın daxili dünyasına yönəlmiş psixoloji və mənəvi bir yolçuluqla qarşılayır. Bu əsər özünü axtaran, keçmişi ilə mübarizə aparan və qorxularının kölgəsində yaşayan insanların səsini əks etdirən güclü bir çağırışdır.
Kitabın əsas mövzusu müxtəlif talelərə sahib insanların psixoloq yanına gəlişi üzərindən qurulub. Hər bir obraz fərqli həyat hekayəsi, fərqli ağrılar və qorxularla oxucunun qarşısına çıxır. Onları birləşdirən isə eyni sualdır: “Əslində, mən kiməm?” Psixoloqla aparılan söhbətlər sadəcə terapiya seansları deyil, eyni zamanda insanın özü ilə üz-üzə qalmasının, keçmişin dərin qatlarına enməsinin simvoludur.
Əsərdə qəhrəmanlar keçmişlərindən qaçmırlar, əksinə onunla üzləşirlər. Uşaqlıq travmaları, yarımçıq qalan hisslər, bastırılmış qorxular bir-bir üzə çıxır. Müəllif bu prosesləri incə psixoloji detallarla təsvir edərək oxucuya göstərir ki, insanı azad edən məhz həqiqətlə üzləşməkdir. Keçmişlə barışmadan gələcəyə sağlam addım atmaq mümkün deyil.
“Əslində, Mən Kiməm?” kitabının əsas mesajı aydındır: insan keçmişi ilə yaşamamalıdır, amma ondan qaçmaq da çıxış yolu deyil. Keçmiş insanın bir parçasıdır və onu qəbul etmək, ondan dərs çıxarmaq insanın daxili gücünü üzə çıxarır. Qorxuların üzərinə getmək, onlara meydan oxumaq isə insanı özünün ən güclü versiyasına çevirir.
Bu kitab oxucuya psixoloji rahatlıqla yanaşı, dərin bir özünüdərk mesajı ötürür. Bahar Bəxtiyarqızı əsəri ilə göstərir ki, “mən kiməm?” sualının cavabı kənarda deyil, insanın öz içində gizlidir. Onu tapmaq üçün isə cəsarət, səmimiyyət və özünlə üzləşmək lazımdır.
“Əslində, Mən Kiməm?” — özünü tanımaq istəyən hər kəs üçün güzgü rolunu oynayan, düşündürən və dəyişməyə təşviq edən bir əsərdir.
Bu gün Bahar Bəxtiyarqızı müasir Azərbaycan ədəbiyyatında sözə səmimi münasibəti, daxili müşahidələrə əsaslanan yazı tərzi və düşüncə yönümlü əsərləri ilə seçilən gənc qələm sahiblərindən biridir. Onun yaradıcılıq yolu hələ davam edir və görünən odur ki, bu yol oxucu ilə dərin mənəvi təmaslara aparan uzun, mənalı bir ədəbi səfər olacaq.

05.02.2026. Bakı.

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gül ətirli kitab” kitab haqqında

    XƏFİF SÜBH MEHİ
(Zaur Ustacın “Gül ətirli kitab”ı)
    Bu yazı tanınmış şair, ədəbiyyatşünas-alim Qəndab Haqverdi – Əliyeva Qəndab Əjdər qızının “Ətirli güllər” kitabına həsr edilmiş Zaur Ustacın “Gül ətirli kitab” adlı monoqrafiyasının ön sözü kimi düşünülmüş ümumi publisistik məqalə xarakteri daşıyır. Məqsədimiz bir kitabı sadəcə təqdim etmək deyil, o kitabın ruhu, ətiri, mənəvi yükü və ədəbi taleyi haqqında oxucuya bütöv bir təsəvvür yaratmaqdır. Ədəbi cameədə xüsusi təşəbbüskarlığı ilə seçilən tanınmış şair, yazıçı, publisist, tərcüməçi, naşir Zaur Ustacın “Kitab haqqında kitab” seriyası, “Dost sözü” kimi layihəsi və digər ədəbiyyatın inkişafına xidmət edən uğurlu tapıntıları təqdirəlayiq haldır.
     Ədəbiyyat bəzən səsdir, bəzən söz, bəzən isə qoxudur. Qoxu — ən dərin yaddaşdır. Uşaqlığı, itkiləri, sevincləri, ana nəfəsini, torpaq iyini bir anın içində geri qaytara bilən sehrli açardır. Qəndab xanımın “Ətirli güllər” kitabı da məhz belə bir yaddaş kitabıdır — oxucunu gündəlik həyatın bozluğundan ayırıb sözün, duyğunun və xatirənin gül qoxulu bağlarına aparan bir ədəbi səyahət. Kitab haqqında kitab yazan Zaur Ustacın peşəkar təbliğatçılıq qabiliyyəti məhz “Gül ətirli kitab”la özünü bütün çalarları ilə büruzə verir. Qəndab xanımın “Ətirli güllər” kitabına baxdıqda vizual olaraq nəzm və nəsr nümunələrindən ibarət mətnlər toplusu görürük. Zaur Ustacın bu kitab haqqında olan kitabına (monoqrafiyasına) — “Gül ətirli kitab”a baxdıqda isə gözlərimiz qarşısında tamam başqa mənzərə canlanır. Zaur Ustac “Ətirli güllər” kitabında olan bu mətnləri bayatılar, şeirlər, etüdlər, miniatürlər, esselər, hekayələr olmaqla sistemləşdirərək oxucuya ayrı-ayrılıqda asan “həzm olunacaq” — mənimsəniləcək şəkildə təqdim edir. Kitabı bizim üçün sadə — hamı üçün anlaşılacaq dildə izah edə-edə  vərəqləyir. İzah edir ki, filologiya elmləri doktoru Rəhim Əliyevin redaktorluğu və ön sözü ilə 2020-ci ildə “Qanun” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş bu kitab, zahirən bədii mətnlər toplusu təsiri bağışlasa da, əslində bir dünya modelidir. Bu dünyada bayatılar, şeirlər, hekayələr, esselər, miniatürlər və etüdlər eyni mənbədən — insan ruhunun səmimi qatlarından qidalanır.
     Zaur Ustac kitab hələ açılmamış üzqapağı barədə qeyd edir ki, “Ətirli güllər” kitabı oxucuya hələ açılmamışdan çox söz deyir. Üz qabığındakı vizual həll, rəng seçimi və xüsusilə önə çıxarılan cümlə — “Qızıl gül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” — müasir dövrün saxtalaşdırılmış münasibətlərinə, süni duyğularına qarşı səssiz, lakin qəti bir etirazdır.
      Bu cümlə təkcə güldən danışmır. Bu, dəyişməyən insan xarakterinin, mənəvi kökün, əsil sözün manifestidir. Qəndab xanımın poeziyası da məhz bu mövqedən doğur: genləri dəyişdirilməmiş söz, saxtalaşdırılmamış duyğu, ideoloji yox, insani poeziya.
     Üz qabığında güllərlə yanaşı təqdim olunan qadın obrazı — müəllifin real fotosu əsasında yaradılmış bu təsvir — düşünən, xatırlayan, susaraq danışan insanın simvoludur. Bu qadın konkret bir şəxs olmaqdan çox, insan ruhunun ümumiləşdirilmiş portretidir. O, təbiətlə eyni müstəvidə dayanır; çünki Qəndab poeziyasında insan təbiətdən ayrı deyil — onun davamıdır.
    Zaur Ustac kitabın ilk səhifəsində oxucunu qarşılayan dörd misra təsadüfi seçilmədiyini xüsusi vurğulayır:
Saralmış yarpaqlarda
Quru nəfəsdir şeir!
İnsanların səsində
İlahi səsdir şeir!
     Bu bənd “Ətirli güllər”in poetik manifesti olduğu kimi, “Gül ətirli kitab”ın da yol göstərən bələdçisi rolunda çıxış edir. Burada şeirə münasibət açıq şəkildə ortaya qoyulur: şeir forma deyil, haldır; bəzək deyil, vicdandır; söz oyunu yox, ruhun səsidir.
     “Saralmış yarpaqlar” zamanın, faniliyin, yorulmuş duyğuların simvolu kimi çıxış edir. “Quru nəfəs” isə ruhdan qopmuş, mexaniki sözə işarədir. Amma şeir insanın səsində — yəni ağrısında, sevincində, duasında, etirazında — yer alanda ilahiləşir. Qəndab xanımın poeziyası məhz bu ilahi səsin axtarışıdır.
     Qəndab poeziyasında tez-tez rast gəldiyimiz bir cümlə var:
“Mən həqiqətlərimin olmadığı yerdə daha rahatam.”
    Bu, reallıqdan qaçış deyil. Bu, insanı əzən, sərtləşdirən, ruhu yaralayan həqiqətlərdən müvəqqəti uzaqlaşıb öz iç dünyasına sığınmaqdır. Şair üçün poeziya məhz bu sığınacaqdır. Burada insan hələ sınmayıb, hələ safdır, hələ ana nəfəsi ilə yaşayır.
     Ana obrazı Qəndab poeziyasının mərkəzində dayanır. Ana burada təkcə valideyn deyil — mənəvi dayaq, ən böyük qorxuda çağırılan müqəddəs ünvan, bitməyən yuxusuz gecələrin təsəllisidir. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür və oxucuya son dərəcə doğma gəlir.
     Qəndab xanımın şeirləri müasir şəhər həyatının yaratdığı mənəvi ziddiyyətləri də incəliklə əks etdirir. Beton binalar, sürət, laqeydlik və eqoizm içində insanın tənha qalması bu poeziyada açıq hiss olunur. Onun lirik qəhrəmanı şəhərin boz simasına alışa bilməyən, təbiətin saf çiçəyi kimi solan bir ruhdur.
    Bu poeziya milyonluq şəhərdə yaşanan ekzistensial təkliyin poetik salnaməsidir. Səs-küy içində səssizlik, izdiham içində tənha qalmaq — Qəndab şeirinin əsas fonudur. Və bu fon oxucuya yad deyil; əksinə, çox tanışdır.
    Qəndab xanımın poeziyasını fərqləndirən əsas cəhətlərdən biri alim təfəkkürü ilə şair duyumunun vəhdətidir. O, sözə məsuliyyətlə yanaşır, şeiri təsadüfi emosiyanın məhsulu kimi deyil, mənəvi akt kimi dərk edir. Zaur Ustaca görə onun yaradıcılığı müəyyən məqamlarda Azər Turan, Namiq Hacıheydərli, Qənirə Paşayeva, Kənan Hacı, Bəhruz Niftəliyevin poetik düşüncə xətti ilə səsləşsə də (bir az diqqətli olsaq, Zaur Ustacın bu fikrnin onun müxtəlif yazılarnda rast gəldiyimiz təvəllüd məsələsinə əsaslanır), özünəməxsus ifadə tərzi ilə seçilir.
    “Ətirli güllər”i  Qəndab xanımın zəngin yaradıcılığından dərilmiş zərif bir qönçə kimi təqdim edən Zaur Ustac sanki xəfif sübh mehi kimi əsərək bu qızıl gül qönçəsinin ətrini — xoş rayihəsini gözəl dünyamızn dörd bir tərəfinə yayır. Bu kitab onun ilk şeirlər toplusu “Səni elə sevdim ki!..”dən başlayan ədəbi yolunun yetkinlik mərhələsinin göstəricisidir. Bayatıdan essseyə, miniatürdən hekayəyə qədər bütün janrlarda müəllif eyni səmimiyyəti, eyni məsuliyyəti qoruyur.
     “Gül ətirli kitab” adlandırdığımız bu monoqrafiya Qəndab Haqverdi – Əliyevanın yaradıcılığına bir oxucu baxışı, bir ədəbi etiraf, bir mənəvi borc kimi düşünülüb. Çünki belə poeziya haqqında susmaq olmaz. Bu poeziya oxucunu oxumağa yox, düşünməyə, xatırlamağa, öz içinə qulaq asmağa vadar edir.
     Bu yazını belə yekunlaşdırmaq olar; Zaur Ustac “Gül ətirli kitab”ı ərsəyə gətirməklə ədəbi cameədə haqqında dolaşan “Kitab adam” ifadəsinin təsadüf olmadığını bir daha təsdiqləyir. “Gül ətirli kitab” bizə bir həqiqəti xatırladır:
bəzən insanı yaşadan gerçəklik deyil, ondan qaçıb sığındığı poeziyadır.  Qəndab xanım bu poeziyanın sadiq, cəsarətli, səmimi daşıyıcılarından və yaradıcılarından biri, Zaur Ustac isə bu zəngin xəzinənin ən etibarlı keşikçisidir. Tutduqları müqəddəs yolda hər iki qələm dostuma uğurlar arzulayıram!
26.01.2026. Ağdam.

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


“İzsürənlər” üçün ön söz

Qan yaddaşından söz yaddaşına aparan yol

Tarix elə hadisələr var ki, onlar zamanın yaddaşında sadəcə fakt kimi qalmır, millətin ruhuna çevrilir. 1990-cı ilin 20 Yanvar gecəsi də məhz belə hadisələrdəndir. O gecə təkcə insanlar qətlə yetirilmədi — bir xalqın susqunluğu güllələndi, qorxu sindromu dağıdıldı, azadlıq hissi qanla möhürləndi. O gündən etibarən Azərbaycan tarixində qanla yazılan, amma vicdanla oxunan bir səhifə açıldı.

“İzsürənlər” kitabı məhz bu səhifənin izinə düşənlərin — yaddaşı diri saxlayanların, unudulmamağa xidmət edənlərin, sözün gücü ilə tarixi gələcəyə daşıyanların toplusudur. Bu kitab nə adi xatirələr toplusudur, nə də yalnız ədəbi mətnlər məcmuəsi. “İzsürənlər” — qan yaddaşını söz yaddaşına çevirənlərin kitabıdır.

Zaur Ustacın tərtibçi kimi qarşısına qoyduğu əsas məqsəd təkcə 20 Yanvar hadisələrini yada salmaq deyil. Bu toplu bir çağırışdır: unutmamaq, unutdurmamaq və iz sürmək! Burada toplanan məqalələr, esse və resenziyalar bir-birindən üslubca fərqli olsa da, mahiyyət etibarilə eyni mənbədən qidalanır — milli vicdandan, tarixi məsuliyyətdən və insanlıq mövqeyindən.

“İzsürənlər” adı təsadüfi seçilməyib. Çünki bu yazıların müəllifləri hadisələrin üzərindən keçib getmirlər, onların izini sürürlər. Qanla cızılmış xətti sözlə davam etdirirlər. Burada 20 Yanvar yalnız keçmişin faciəsi kimi təqdim olunmur — o, bu günün mənəvi ölçüsü, sabahın isə əxlaqi meyarı kimi dəyərləndirilir.

Kitabda yer alan yazılar sübut edir ki, 20 Yanvar yaddaşı nəsillər arasında qırılmayıb. Hadisələri yaşamayan, amma ruhunda daşıyan yeni nəsil qələm adamları da bu izlə yol gedir. Bu baxımdan “İzsürənlər” həm şahidlərin, həm də varislərin kitabıdır. Burada səs yalnız keçmişdən gəlmir — gələcəyə ünvanlanır.

Bu toplu eyni zamanda bir ədəbi məsuliyyət nümunəsidir. Çünki qanla yazılmış tarixdən danışmaq üçün pafos kifayət etmir; səmimiyyət, vicdan və bədii məsuliyyət tələb olunur. “İzsürənlər”də toplanan yazılar bu məsuliyyətin dərk olunduğunu göstərir.

Oxucu bu kitabı vərəqlədikcə anlayır ki, 20 Yanvar təkcə matəm günü deyil — bu, həm də qürur günüdür. Bu kitab da məhz həmin qürurun, həmin müqavimət ruhunun ədəbi ifadəsidir.

“İzsürənlər” — bir yol kitabıdır. Qaranlıq gecədən işığa aparan yolun. Qanla başlayan, sözlə davam edən yolun.

Bu yolu gedənlərə salam olsun!
Bu izi itirməyənlər sağ olsun!

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü

Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü

(“Qələmdar – 3 kitabına ön söz)

Azərbaycan ədəbi mühitində öz imzası və öz nəfəsi olan Zaur Ustac təkcə şair, yazıçı, nasir kimi deyil, həm də publisist kimi diqqəti cəlb edən qələm sahiblərindəndir. Onun publisistik məqalələri müasir dövrün ağrılarına, ictimai həyatın ritminə, milli kimlik və vətəndaşlıq duyğusuna xüsusi bir həssaslıqla toxunur. O, eyni zamanda klassiklərin və öz müasirlərinin yaradıcılıqları barədə də məqalələrlə tez-tez mətbuatda çıxış edir. Zaur Ustac yazının enerjisini yalnız poetik duyğulardan deyil, həyatın gerçək nəbzindən alır. Bu səbəbdən onun publisistik yazıları həm sənəd, həm düşüncə, həm də çağırış xarakteri daşıyır.

Zaur Ustacın məqalələrinin başlıca özəlliyi – həyatla birbaşa təmasdır. O, hadisələri uzaqdan müşahidə edən publisist deyil; əksinə, gördüyünü, yaşadığını, duyduğunu dərhal sözün içində əridir. Cəmiyyətin sosial problemlərindən tutmuş milli-mənəvi dəyərlərin qorunmasına, Qarabağ həqiqətlərindən tutmuş müasir insanın psixoloji durumuna qədər geniş bir sahəni əhatə edir. Onun məqalələrində oxucu daim “hərarət” hiss edir – sanki yazı bu gün yazılıb, bu gün yaşanır və bu gün də oxucuya təsir edir.

Zaur Ustacın publisistik üslubunun özünəməxsus tərəflərindən biri də dilinin aydınlığı və əlçatanlığıdır. O, mürəkkəb ictimai-siyasi məsələləri belə sadə və konkret şəkildə ifadə edir. Bəzi məqalələrində poeziya nəfəsi, digərlərində hekayə üslubu, üçüncüsündə isə sanki tribunadan səslənən nitq tərzi duyulur. Bu üslub müxtəlifliyi müəllifin həm sözə hakimliyindən, həm də oxucu ilə yaxın olmaq niyyətindən doğur.

Zaur Ustacın məqalələrində əsas xətt – milli mövqedir. O, Azərbaycan tarixinin ağır dönəmlərini, Qarabağ savaşının dərdlərini, şəhidlik zirvəsinin müqəddəsliyini, Vətən sevgisinin gücünü ardıcıl şəkildə qabardır. Yazılarında milli kimliyi yalnız bir anlayış kimi deyil, gündəlik həyatın formalaşdırıcı elementi kimi təqdim edir. Bu səbəbdən Zaur Ustac publisistikası həm maarifləndirici, həm ruhlandırıcı, həm də vətəndaş mövqeyi ortaya qoyan bir publisistikadır.

Zaur Ustacın 50-69-cu yazılarının toplandığı “Qələmdar – 3” (sizə bir sirr açım ki, müəllifin “Qələmdar -4” məqalələr toplusu da artıq çapa hazırdır) adlı kitabına ön söz kimi yazdığım bu yazımda adı çəkilən kitabda 51-ci yazı kimi yer almış İmadəddin Nəsimi haqqında olan yazısını və 69-cu yazı kimi yer alan gənc bəstəkar Vəfa Bağırzadə haqqında olan yazını qeyd etmək istəyirəm. Zaur Ustacın bu kitabda da hərb mövzulu yazılara aid bir yazısı yer alıb.

Məqalələrdə tez-tez müəllifin öz müşahidələri, şəxsi həyat təəssüratları yer alır. Amma Zaur Ustac bu müşahidələri yalnız şəxsi təcrübə kimi vermir – onları ümumi fikrə, geniş nəticələrə çevirir. Bir insanın yaşadığı bir məqamdan bütöv bir xalqın obrazını yaratmaq bacarığı Zaur Ustac publisistikasının əsas cazibə nöqtələrindən biridir.

Zaur Ustac yalnız hadisələri təsvir etmir, həm də oxucuya bir mesaj, bir düşüncə, bir istiqamət verir. Bu çağırış bəzən açıq şəkildə – “bunu etməliyik”, “vətənə xidmət hər kəsin borcudur”, “milli dəyərlər unudulmamalıdır” formasında olur. Bəzən isə daha yumşaq, bədii və simvolik şəkildə verilir. Elə məhz bu iki yanaşmanın harmoniyası onun publisistikasını həm effektli, həm də oxunaqlı edir.

Zaur Ustacın publisistik məqalələri Azərbaycan publisistikasının müasir xəttində özünəməxsus bir cığır açır. Bu məqalələr həm dövrün aynasıdır, həm xalqın düşüncəsinin ifadəsi, həm də bir qələm sahibinin öz xalqına, Vətəninə sevgisinin yazılı izləridir. O, sözün məsuliyyətini dərk edən, yazını cəmiyyətə xidmət vasitəsi kimi görən publisistdir.

Onun məqalələrini oxuyan hər kəs həm məlumatlanır, həm düşünür, həm də ruhlanır. Bu isə həqiqi publisistikanın başlıca məqsədidir.

İnanırıq ki, “Qələmdar -3” də bu silsilədən olan əvvəlki kitablar kimi geniş oxucu kütləsinin rəğbətini qazanacaq. Təbrik edirik, Zaur Ustac!

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

Əbdürrəhim bəy Haqverdiyev – maarifçi hekayə ustadının bədii dünyası

Əbdürrəhim bəy Haqverdiyev – maarifçi hekayə ustadının bədii dünyası
(Həcər Atakişiyevanın “Əbdürrəhim bəy Haqverdiyev – 155” kitabı haqqında)
    Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olan Əbdürrəhim bəy Haqverdiyev təkcə görkəmli dramaturq və ictimai xadim kimi deyil, həm də hekayə janrının inkişafında əvəzsiz rolu olan yazıçı kimi tanınır. Onun hekayələri milli realizmin, humanizmin və maarifçiliyin canlı nümunəsidir. Həcər Atakişiyevanın qələmə aldığı “Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində kateqoriyalanma” adlı yazı məhz bu böyük sənətkarın bədii irsinin mahiyyətinə işıq salır, onun hekayələrindəki məzmun dərinliyi, obrazların həyat həqiqətinə uyğunluğu və mənəvi təmizliyin təbliği kimi əsas istiqamətləri təhlil edir.
    Atakişiyeva yazıçının “Şeyx Şəban”, “Həmşəri pasportu”, “Röya”, “Mirzə Səfər” kimi hekayələrini geniş təhlil edərək, Əbdürrəhim bəyin insan taleləri vasitəsilə dövrün ictimai problemlərini bədii dildə çatdırmaq bacarığını önə çəkir. O göstərir ki, Haqverdiyev üçün hekayə janrı sadəcə hadisələrin ardıcıl təsviri deyil, həm də cəmiyyətin mənəvi güzgüsü, xalqın maariflənməsi və ədalət hissinin oyanması üçün bir vasitədir.
“Şeyx Şəban” – sadə insanların faciəvi taleyi
    Yazıda “Şeyx Şəban” hekayəsinin dərin bədii məzmunu xüsusi qeyd olunur. Ədib bu hekayədə sədaqət, vəfa, yoxsulluq və əxlaqi dözüm kimi dəyərləri ucaldır. Şəban və Gülsüm obrazları vasitəsilə Haqverdiyev insan əzabının mənəvi ucalığa çevrildiyi bir dünyanı təsvir edir. Atakişiyeva haqlı olaraq bildirir ki, yazıçı kiçik bir hekayə çərçivəsində bütöv bir insan ömrünü, sevgi və itki ağrısını oxucuya çatdırmağı bacarır. Bu, Haqverdiyevin hekayə janrında psixoloji dərinliyin və bədii portret ustalığının təntənəsidir.
“Həmşəri pasportu” – sarkazm və ictimai tənqid
     Atakişiyeva Haqverdiyevin sarkazm ustalığını “Həmşəri pasportu” hekayəsində ustalıqla dəyərləndirir. Burada rüşvət, saxtakarlıq və mənəvi aşınma yazıçının iti tənqid hədəfinə çevrilir. Hekayədəki iqlim və məkan təsvirləri Haqverdiyevin realizmini daha da gücləndirir. Yazıçı cəmiyyətin mənəvi iqlimini soyuq, rütubətli, daimi yağışlı hava ilə assosiasiya edərək ictimai mühitin rəmzi mənzərəsini yaradır.
“Röya” – insan arzularının, itkilərinin bədii izharı
     Ədibin “Röya” hekayəsi haqqında danışarkən müəllif, Haqverdiyevin insan psixologiyasına dərindən nüfuz edən bir sənətkar olduğunu vurğulayır. Hekayədəki Süleyman obrazı öz həyatını və ailəsini itirmiş, ancaq arzularla yaşayan bir insanın faciəsini təcəssüm etdirir. Haqverdiyev bu hekayədə insan xəyalları ilə reallıq arasındakı uçurumu ustalıqla göstərir.
“Mirzə Səfər” – mərdliyin və təmiz vicdanın simvolu
    Atakişiyevanın yazılarında ən geniş yer tutan “Mirzə Səfər” hekayəsi Haqverdiyevin maarifçilik ideyalarının təmərküzləşdiyi bir zirvə kimi təqdim olunur. Mirzə Səfər – təmiz, rüşvətdən uzaq, mənəvi dayanıqlığı ilə fərqlənən bir obrazdır. O, hər cür sosial ədalətsizliyə qarşı mətanətini qoruyur, ailə və dostluq dəyərlərini maddiyyatdan üstün tutur. Atakişiyeva bu obraz vasitəsilə ədibin cəmiyyətə ötürdüyü mənəvi mesajı – “yaltaqlıqdan uzaq, şərəfli yaşamaq” prinsipini vurğulayır.
Usta Zeynal və Mirzə Səfərin dostluğu isə əsərdə əsl mənəvi həmrəyliyin, insani dəyərlərin bədii təcəssümü kimi dəyərləndirilir.
Maarifçilik və bəşəri dəyərlər
     Həcər Atakişiyeva nəticə olaraq göstərir ki, Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin əsas məqsədi cəmiyyəti cəhalət, nadanlıq və köhnə etiqadlardan xilas edərək maarifə səsləməkdir. Onun qəhrəmanları çox vaxt sadə insanlar olsa da, onların taleləri vasitəsilə yazıçı bütün bir millətin mənəvi portretini yaradır.
     Haqverdiyev hekayələrində insan mənəviyyatının, əxlaqın, sədaqətin, təmiz əməyin və ailə dəyərlərinin tərənnümçüsüdür. Bu baxımdan, Həcər Atakişiyevanın məqaləsi dahi ədibin yaradıcılıq irsini dərindən öyrənmək, onun ideya dünyasının maarifçilik ruhunu yenidən dəyərləndirmək baxımından əhəmiyyətli elmi-publisistik tədqiqat kimi dəyərləndirilə bilər.
    Nəticə olaraq, Atakişiyevanın yazısı bir daha sübut edir ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbiyyatımızda insanı, cəmiyyəti və ədaləti bədii düşüncənin mərkəzinə gətirən böyük maarifçi yazıçıdır. Onun hekayələri keçmişin acı reallıqlarını göstərsə də, gələcəyin aydınlığına inamla yazılmış sənət abidələridir.

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana