Tarix elə hadisələr var ki, onlar zamanın yaddaşında sadəcə fakt kimi qalmır, millətin ruhuna çevrilir. 1990-cı ilin 20 Yanvar gecəsi də məhz belə hadisələrdəndir. O gecə təkcə insanlar qətlə yetirilmədi — bir xalqın susqunluğu güllələndi, qorxu sindromu dağıdıldı, azadlıq hissi qanla möhürləndi. O gündən etibarən Azərbaycan tarixində qanla yazılan, amma vicdanla oxunan bir səhifə açıldı.
“İzsürənlər” kitabı məhz bu səhifənin izinə düşənlərin — yaddaşı diri saxlayanların, unudulmamağa xidmət edənlərin, sözün gücü ilə tarixi gələcəyə daşıyanların toplusudur. Bu kitab nə adi xatirələr toplusudur, nə də yalnız ədəbi mətnlər məcmuəsi. “İzsürənlər” — qan yaddaşını söz yaddaşına çevirənlərin kitabıdır.
Zaur Ustacın tərtibçi kimi qarşısına qoyduğu əsas məqsəd təkcə 20 Yanvar hadisələrini yada salmaq deyil. Bu toplu bir çağırışdır: unutmamaq, unutdurmamaq və iz sürmək! Burada toplanan məqalələr, esse və resenziyalar bir-birindən üslubca fərqli olsa da, mahiyyət etibarilə eyni mənbədən qidalanır — milli vicdandan, tarixi məsuliyyətdən və insanlıq mövqeyindən.
“İzsürənlər” adı təsadüfi seçilməyib. Çünki bu yazıların müəllifləri hadisələrin üzərindən keçib getmirlər, onların izini sürürlər. Qanla cızılmış xətti sözlə davam etdirirlər. Burada 20 Yanvar yalnız keçmişin faciəsi kimi təqdim olunmur — o, bu günün mənəvi ölçüsü, sabahın isə əxlaqi meyarı kimi dəyərləndirilir.
Kitabda yer alan yazılar sübut edir ki, 20 Yanvar yaddaşı nəsillər arasında qırılmayıb. Hadisələri yaşamayan, amma ruhunda daşıyan yeni nəsil qələm adamları da bu izlə yol gedir. Bu baxımdan “İzsürənlər” həm şahidlərin, həm də varislərin kitabıdır. Burada səs yalnız keçmişdən gəlmir — gələcəyə ünvanlanır.
Bu toplu eyni zamanda bir ədəbi məsuliyyət nümunəsidir. Çünki qanla yazılmış tarixdən danışmaq üçün pafos kifayət etmir; səmimiyyət, vicdan və bədii məsuliyyət tələb olunur. “İzsürənlər”də toplanan yazılar bu məsuliyyətin dərk olunduğunu göstərir.
Oxucu bu kitabı vərəqlədikcə anlayır ki, 20 Yanvar təkcə matəm günü deyil — bu, həm də qürur günüdür. Bu kitab da məhz həmin qürurun, həmin müqavimət ruhunun ədəbi ifadəsidir.
“İzsürənlər” — bir yol kitabıdır. Qaranlıq gecədən işığa aparan yolun. Qanla başlayan, sözlə davam edən yolun.
Bu yolu gedənlərə salam olsun! Bu izi itirməyənlər sağ olsun!
Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım – “İZSÜRƏNLƏR”
“Axıdılmış qanın izi ilə” romanı Nigar Səttarzadənin yaradıcılığından oxuduğum birinci nümunədir. Bu kitabı da dəyərli ziyalı Zaur Ustac öz şəxsi kitabxanasından mənə bağışlayıb. Romanın ifadə dili o qədər sadə və cəlbedicidir ki, oxumağa başlayandan haçan yarıya çatdığımı hiss etmədim. Müəllif bu kitabda taleyin 20 yanvar zərbəsi dəymiş insanların həyat hekayələrini, xatirələrini və yaşantılarını qələmə almışdır. “Axıdılmış qanın izi ilə” maraqlı həyat hekayələri olan obrazların qalareyasıdır. Müəllif faciənin miqyasını təkcə yaddaşlara həkk olunmuş hadisələrlə ideyil, illər keçəndən sonra hiss və duyğularda təzahür edən əzab və iztrablarla təqdim edir. Burda baş qəhraman kim atası 20 yanvarda qəhramancasına şəhid olmuş Nazənindir. Bütün baş verənlər onun dili ilə çatdırılır. Nazənin istedadlı, həsas və hyatsevər bir qızdır. O, öz təkidi ilə qönşudakı rəsm müəlliminin yanına gedərək rəssamlıq qabilliyyətləri qazanıb, dərslərində məsuliyyətlidir. Bütün hadisələr onun özünün yaşadığı , gördüyü və eşitdiyi həyat gerçəklikləri fonunda təqdim olunur. Əslində romanın çox yığcam bir süjet xətti var. Başlanğıcda Nazənin ailəsi-anası və Rüxsarə nənəsinin ailə qayğıları, həyat tarixçələri təsvir olunur. Ailə müqəddəs amal uğrunda canından keçmiş şəhid Nadirin adını, şərəfini və yeganə yadigarı olan Nazənini qoruyub saxlamaq üçün hər bir qəhrəmanlığa hazırdır. Romanın qayəsi “qara yanvar” müsibətini, işğalçı ordunun xalqımıza qarşı etdiyi zülm və işgəncəni, xalqın mübarizə ruhunu, iradəsini təsvir etməkdir. Bunun üçün müəllif qəhrəmanını həmin hadisələrin ağrılarını öz yaddaşında yaşadan insanlarla qarşılaşdırır. Baş verənlər həmin qəhrəmanın danışdığı acı xatirələridir. Düzdür, hadisələr bəzən dəyişərək süjet xəttindən kənara çıxir, amma maraqlı həyat hekayələri ilə müşayət olunduğundan bu, o qədər də hiss olunmur. Romanınn əvvəlində Nazəninin uşaqlıq qayğıları təhsili, maraqları atası haqqında qurduğu xəyallarları, həmçinin doğmalarının həyat tarixçəsi, zamanla qarşılaşdığı problemlər, təsvir olunsa da əsas düyün nöqtəsi Nazənin anası və nənəsi ilə birlikdə Şəhidlər xiyabanına getdiyi epizodda üzə çıxır. Ailə adətən təkcə 20 yanvarda deyil, digər əlamətdar günlərdə də Nadirin məzarını ziyarətə gedir. Bu dəfə də doğum gününün ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gedərkən onlardan qabaq məzarın üstünə gul qomüş bir kişi ilə rastlaşırlar. Aralarında olan maraqlı dialoqdan məlum olur ki, daim Nadirin qəbri üstünə tər çiçək gətirn bu insan onun fədakarlığı hesabına həyatda sağ qalmış həkim Rüstəm Cəfərlidir. Nadir həmin 19 yanvar gecəsində onun həyatını düşmən gülləsindən qoruyub, lakin bu fədakarlıq zamanı öz həyatını itirmişdir. Rüstəm o yanvar gecəsinin bütün dəhşətlərini yaşamış bir həkimdir. O, həmin gecə insanların qəniminə çevrilmiş işğalçıların törətdiyi cinayətlərin şahididir. Bir həkim kimi güllə yarası almış insanların yardımına gedərkən güllə yağışına tuş gəlir. Belə şəraitdə həm yaralını, həm də onun həyatını xilas etmək istəyən bir cavan oğlanla rastlaşır. Gözlərini qan örtmüş əsgərlər yaralını xilas etməyə imkan vermirlər, onu güllələyib məhv edirlər. Rüstəmin həyatı üçün təhlükə yarandığı anda hmin fədakar insan özünü qabağa verərək onu xilas edir, özü isə qəhrəmancasına həlak olur. Rüstəm onu xilas edən şəxsin Nadir adlı birisi olduğunu biləndən sonra daim məzarını ziyarət edir, ailəsinin, yaxınlarının axtarışına çıxır. Belə bir təsadüf baş verənlərdən illər keçəndən sonra baş tutur. Onun məramı həyatını borclu olduğu şəhidin ailəsinə öz mənəvi borcunu çatdırmaqdır. Tanışlıqdan sonra fikri dəqiqləşir. Qət edir ki, bundan sonra bir doğma kəs kimi həyatı heç də asan keçmyn ailədən aralı düşməsin, doğma ata əvəzi olaraq həmişə Nazəninin yanında olsun, ailənin hər bir problemini Nadirin əvəzinə özü qarşılasın. Hadisələrin gedişində də biz bunu bariz şəkildə görürük. Nazəninin gözünə görə ağır əməliyyata getməsi, müalicəsi zamanı Rüstəm bir an belə ailəni tək buraxmır. Romanda öz həyat müsibətləri ilə diqqəti cəlb edən obrazlarından biri də Sadiq həkimdir. O, Nazəninin ağır göz əməliyyatını boynuna götürmüş cərrah, xəstəxananın baş həkimidir. Sadiqin ürək ağrıdan kədərli bir həyat hekayəsi olub. İradəli və fitrətən istedadlı olan bu günahsız insan ailə həyatında xəyanətin qurbanı olub. Başına gələnlərdən sarsılıb ruhdan düşdüyü bir zamanda Fürizə adlı bir qız ona ikinci nəfəs verir, həyatını təzədən qürmağa ruhlandırır. Lakin həyatının huzur tapdığı məqamda yanvar hadisələri ona ikinci zərbəni vurur Xəstəxanada və yardıma qaçdığı yerdə əynindəki ağ xələt qana bələnir. Belə bir vəziyyətdə evə dönərkən işıqsız qalmış evdə növbəti faciə baş verir. Təbiəti etibarı ilə nisbətən qorxaq və emossyonal olan Füruzə onun üstündəki qanı gördükdə şok vəziyyətinə düşür, özündən gedir. Həkim müdaxiləsinə baxmayaraq özünə gəlmir və dünyasını dəyişir. Beləliklə, uğursuz bir həyat istedadlı, talesiz insanı əsəb və ürək xəstəliyinə salır, butun ümidlərini boşa çıxır. 20 yanvar yarasını güclə həzm edən Sadiq həkim şəhid balası Nazəninin dərdlərinə şərik olmağı özünə mənəvi borc bilir, kədrli həyatını cilalamaq üçün bütün qüvvəsini ortaya qoyur. Sağalmasına az ümid olan qızın əməliyyatı uğurlu keçir. Lakin həkim həyatın acı dərslərini yada salıb təsirlənir, əməliyyatdan bir qədər sonra huşunu itirərək xəstəxanalıq olur. Ümumiyyətlə, bu yığcam romanda özünə yer tutmuş bütün personajların hər biri özünəməxsus xarakter və xüsusiyyətl mxsusdurlar. Nazəninin anasının dayısı Əlihüseyn davakar olmaqla yanaşı, həm də ürəyiyuxa adamdır. Doğmaları üçün canından belə keçməyə hazırdır. Hazırlıq müəllimi Minayə müəllim mülayim insan olmaqla yanaşı dar ayaqda hövsəlsizdir. Rusiyada fədakarlıq göstərərkən zədələnib qospitala düşür. Özünü çatdıran ana emossiyalarına sakin ola biməyib sarsılır ağlşma qurur. Tibb bacısı onu kənar şəxs hesab edir sakitləşməyini tələb edir. Minayə müəllimə özünü ələ ala bilməyən qızın saçından yapışıb tənbeh etməkdən də çəkinmir. Amma, sonda məlum olur ki, bu qız gələcəkdə elə gəlini olacaqmış. Roman nikbin bir sonluqla yekinlaşır. Nazənin əməliyyatın uğurlu alınması şərəfinə hazırlanmış tortun məhz Sadiq həkimin kəsməyini arzulasa da, onun gəlmədiyindən pərişan olur və onu çağırmağa yollanır. Amma həkimin kabinetinə girərkən qəribə mənzərə ilə rastlaşır. Həyatını xilas etmiş insan özü huşsuz vəziyyətdə kresloda oturub. Ona yardım etmək istəyəndə masanın üstündə eyni ilə özünün bənzəri olan bir qızın şəklini görür və təəccüb edir. Sonda həmin qızın Füruzə olduğunu Rüstəm açib deyir. Bu epizodun hansı məna kəsb etdiyi bir qədər ziddiyyətlidir. Amma mənim çıxardığım nəticə Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” romanının ötürdüyü mesaj isə belədir öz həyatını sevgisinə, həyat amalına qurban verənlər sevgiyə, xalqın ehtiramına layiqdirlər. Sevgi də enerji kimidi, o itmir, ancaq öz formasını dəyişir. Nazəninin şəhid atası öz ürəyinin hökmü ilə özünü xalqa qurban vermiş Rüstəmlə Sadiq həkim də həmin sevgini Nazəninə, qaytarmışlar. Sonda isə Nazənin kitabın üz qabığında təsvir olunan qaydada portretini yaradaraq bütün sevgilərin yaşamaq hüququnu bəyan etmək istəyir. Romanı oxuyub başa çıxarkən həm də bir həqiqətə inanırsan ki, “qanlı yanvar” həm də Rüstəmin, Sadiqin, Nazəninin timsalında xalqımızın oyanışa, birliyə, gətirib çıxarmış şərəf yoludur. Zənnimcə, oxuduğum kitab ənənəvi romanlardan bir qədər fərqlidir. Mənə görə süjet xəttinin yığcamlığına görə daha çox povestdir. Süjet xəttindən kənara çıxmalar da var. Oxuduqca hiss edirsən ki, Nazənin surəti müəllifin öz prototipidir. Nigar xanım romanı yazarkən məqsədi yolunda mücadil etdiyini, 20 yanvar hadisələrini canlı şahidəri ilə uzun müddət tmasda olub onların xatirələrinidən bəhrələnib. Romanı oxumağa dəyər. Maraqlı və təsirlidi. Müəllifə uğurlar arzulayıram!
Salam, əziz dostlar! Yəqin ki, Nigar xanımı hamınız tanıyırsınız. İnstagramın mənə tanıtdığı gözəl insanlardan biridi. Keçən il özü ilə kitab yarmarkasında tanış olmaq qismət oldu. Çox mədəni, zərif, mehriban xanımdır. Söhbətimiz o qədər xoş alındı ki, gedəsi yerim olsa da, sağollaşa bilmirdik. Biz də sonra vaxt təyin edib rahat görüşməyə razılaşdıq. Kitabını əldə etdim və sağ olsun ki, imzaladı. “20 yanvar” ərəfəsi oxumağı planlayırdım və oxudum. Kitaba gəldikdə, onu deyim ki, axşam çox yuxum gəlsə də maraqdan kitabı əlimdən qoya bilmədim. Mən tarixdən ilhamlanan, həm araşdırma, həm də xəyal gücünün nəticəsi olan əsərləri sevirəm. Nigar xanım həm tariximizin ən önəmli dövrlərindən birini canlandırıb, həm də bunu oxucunu sıxmadan, həyəcanlandıraraq, maraqda qoyaraq etməyi bacarıb. Yad millətlərə edilənləri biz qarışıq, dünya oxuyur. Amma öz çəkdiklərimiz də az deyil. Kaşki xalqımıza edilənlər də dünyada oxunsa.. İnşallah bu vəzifəni “Axıdılmış qanın izi ilə” romanı yerinə yetirəcək. Əsər həm də çox doğma gəlirdi, milli ünsürlər, gözəl adətlərimiz, ədəb-ərkan qaydalarımız öz əksini tapmışdı. Xalqımızın necə mərd, qəhrəman oğulları və qızları olduğunu göz önünə sərirdi. Həmçinin ailə-məişət mövzularına toxunulub, qəzəbin, səbrsizliyin, dinləməməyin necə böyük fəsadlara gətirə biləcəyini də bu romanda görürük.
Bir sözlə, əsər böyük həcmli olmasa da, içinə çox seyi sığdıra bilmiş gözəl yazıçımız Nigar Səttarzadə. Qələminizə sağlıq! Yenə yazın, yenə oxuyaq!
Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” romanını oxuyuram. Oxunaqlı, maraqlı, eyni zamanda psixoloji təsir gücünə malik kitabdır. Mən heç vaxt tərif yaza bilmədiyimə görə tənqidləri yazım. İlk növbədə romanda altı mövzunun eyni zamanda işləməsi insanın beynini qarışdıra bilir. Fikrimcə Qədir həkimin həyatını ayrıca yazmaq daha maraqlı olardı. Romanın əvvəlində bizə təqdim olunan üç cəfakeş, öz gücləri ilə ayaqda durmağa çalışan azərbaycanlı xanım bir yerdən sonra yoxa çıxır. Hər üçü danışılan hekayələri dinləməklə məşğul olurlar. Obrazların cizgiləri və otaqların təsviri bir qədər daha çox olsa əla olardı. Ümumillikdə oxunaqlı və maraqlı kitabdır. Bədii üslub, yazı dili əla seçilib. Bir çox unudulmuş sözləri özüm üçün də kəşf etmək şansım oldu. Tarixi roman hesab etmək nə qədər doğrudur müzakirə etmək olar, buna baxmayaraq bəyəndiyimi deyə bilərəm. Mənə görə oxunması lazım olan kitablardandır. On bal üstündən yeddi bal verdim.
Nigar xanıma bolca oxucu və uğurlar arzulayıram. Hər kəsə xoş mütaliələr.
Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” adlı kitab təqdimatında iştirak etdik. Maraqlı görüş oldu. Elə o gün də kitabı oxuyub bitirdim. 20 Yanvar hadisələrindən bəhs edən kitabda diqqətimi çəkən bəzi məqamları qeyd etmək istəyirəm. İlk cümlələr diqqətimi çəkdi, oxuya -oxuya baxdım ki, axıra gəlib çatmışam. Qəribə olan odur ki, mən sənədli, ya memorial bir əsər gözləyirdim. Nigar isə o müdhiş gecəni bədiiləşdirmişdi. “Anam və nənəm sanki məni qoruyan mələkdi” cümləsin oxuyanda müəllifin özünə “Mələk” təxəllüsü burdanmı gəlir yazdım. Ən qəribəsi bir an məndə elə təsəvvür yarandı ki, sanki ordakı Nazənin obrazı ilə Nigar arasında çox oxşarlıq var. Orda diqqətimi çəkən ikinci bir məqam atasının qəbri üstünə qoyulan qərənfil dəstəsin görəndə yazdığı cümlə ilə bağlı oldu. Əslində belə bir cümlə oxumuşdum. Kiminsə dərdini özününküləşdirmək. Burda isə tam fərqli bir fikir çıxır ortaya: Kimsə acımıza şərik olmuşdu. Bu cümlə yaxşı mənada yox, acını təsvir etmək üçün işlənir. Bu əsərə film çəkilsə çox gözəl olardı. Sonda çəkilən tabloda da təsvir çox gözəl olduğu üçün diqqətimi çəkdi. Hətta müəllifə rəsm kursuna getməyi də məsləhət gördüm. Axırıncı yox axarıncı olsun! Uğurların bol olsun, Nigar xanım.
Kitab haqqında mülahizələrinizi məmnuniyyətlə oxudum. Yanaşma tərzinizdə Zaur Ustac mövqeyi bütün məqamlarda özünü göstərir. Və buna görə Sizə minnətdaram. Hər haldan çox həm də ona görə ki, hərbi-vətənpərvərlik mövzuları mənim üçün olduqca önəmlidir. l Qarabağ müharibəsi illərində Azərbaycan Dövlət radiosunda, respublikanın müxtəlif mətbuat orqanlarında və “Şahidlər” məqalələr toplusunda nəşr edilmiş, amma illərdir kitab halında nəşrini gözləyən toplunun müəllifiyəm. Təşəbbüsünüzü isə xüsusi alqışlayıram. Bu yazılarımı, inşaAllah, sizə göndərəcəyəm. Məqalənizdə ürəyimə təskinlik gətirən 1 halı xüsusi qeyd etmək istəyirəm. Məqamı gələndə “hekayət” istilahına müraciət etməyinizi alqışlayıram. BİZ Azərbaycan efirinin aparıcılarına “hekayət”lə “hekayə” terminlərinin fərqli anlayışlar olduğunu dərk etdirməliyik. Və bu fikrimdə qalıram ki, “hekayət” jurnalistikanın janrları sırasında tədris proqramına daxil edilməlidir.
Salam olsun, çox dəyərli oxucum! Yurdumuzun şanlı (hərb) tarixində qurumuş qan rəngində heç vaxt silinməyəcək, ləkə kəsmiş bir iz var. Zaman-zaman “qanlı yanvar”, “20 yanvar”, “hüzn günümüz”, “qürur günümüz” kimi xatırladığımız bu gün (günlər) yaxınlaşmaqdadır. Həmin müdhiş günlərin ərəfəsindəyik. Aşağıda yuxarıda böyük əminliklə vurğuladığım “heç vaxt silinməyəcək” məsələsinə bir daha aydınlıq gətirəcəm. O barədə bir az sonra… Mətləbə keçməzdən əvvəl həmin günlərə (1990-cı ilin 20-si yanvar və ondan sonrakı günlərə) qısa tarixi ekskurs etmək istəyirəm. Həmin vaxt mən Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində X sinfdə oxuyurdum (Artıq “Lenin yolu” qəzetində demək olar ki, müntəzəm dərc olunduğum vaxtlar idi). 19-undan 20-sinə keçən gecə Bakıda baş vermiş qanlı qırğından 20-si sübh tezdən kəndə gələnlərdən şifahi məlumatla xəbər tutduq. Həmin gün dərs olmadı. Müəllim və şagirdlər, bütün kənd camaatı kəndin Ağdam tərəfdən girişində toplaşıb xeyli müzakirə (mitinq) etdilər. Bakıdan gələn şahidlər danışdı biz dinlədik. O gün həmin yerdə 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidənin bünövrəsi qoyuldu (şəhidlərin 40-na qədər abidə hazır olmuşdu 40-da abidənin önündə yenə mitinq oldu – mitinqdə tanınmış hərbi foto-reportyor mayor Nağı Yusifcanlı tərəfindən çəkilmiş foto indi də şəxsi arxivimdə qalmaqdadır). Bir müddət sonra kəndin girişindəki post da orada qurulacadı… İndi də həmin yerə “Abidə”, “Abidənin yanı” deyirik… Sonrakı günlərdə Şuşadan televiziya qısa yayımlar etməyə başladı (Bakıda televiziyada baş verənlərdən hamının xəbəri var idi)… Şəhidlərin 40-na qədər və ondan sonara qısa bir müddət ərzində çox saylı fotolarla qəzet məqalələri (xüsusilə “Vətən” cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetini vurğulamaq istəyirəm) ilə yanaşı tərtibçilərindən biri Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev olan, fotolarla müşayət olunan publisistik yazılardan ibarət rus dilində “Черный январь Баку – 1990” kitabı və Azərbaycanın Xalq şairi rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərdən ibarət ana dilimizdə “Şəhidlər” kitabı nəşr olunmuşdu. Sonrakı illərdə həm televiziya və radio efirlərindən, həm də müxtəlif mətbuat orqanlarından çoxlu sayda şahidlərin xatirələri ilə tanış olduq… Hər il təkrar-təkrar baxdıq, dinlədik, oxuduq… Nəhayətdə “20 yanvar” qurumuş qan rəngində qapqara qan yaddaşımıza çevrildi… Yuxarıdakı “HEÇ VAXT SİLİNMƏYƏCƏK” körpüsü üzərindən mətləbə, söhbərimizin məğzinə, görüşümüzün səbəbinə keçmək istəyirəm.
HEÇ VAXT SİLİNMƏYƏCƏK “AXIDILMIŞ QANIN İZİ …”
Yuxarıdakı qısa haşiyədə qeyri-adi heç nə yoxdur. Bu qeydlər həmin günləri yaşamış canlı şahidin – yeniyetmənin gördüklərinin, eşitdiklərinin təzahürü-inkasıdır. Ancaq haqqında söhbət açacağım “Axıdılmış qanın izi ilə” kitabının mövcudluğu artıq hadisə, tarix, milli kimlik, qan yaddaşı, genefond məsələsidir. Kitabın müəllifi Nigar Səttarzadə 7 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. Atası Nazim (Allah rəhmət eləsin) müəllim də tanınmış qələm adamı olub. Hətta atasının da yazıçı olması belə Nigarın qəhrəmanlıq göstəricisinə xələl gətirmir, onun gördüyü işin miqyasını kiçiltmir, əhəmiyyətini azaltmır. 20 yanvar hadisələrindən bir il sonra həmin hadisələrin baş verdiyi şəhərdə (şəhərin mərkəzində) dünyaya göz açan Nigar Səttarzadə eşitdikləri, gördükləri (lent yazıları və filmlərdə) əsasında özündə formalaşdırdığı milli təəssübkeşlik ruhundan güc alaraq belə bir məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlmişdir. Bu məqamda yuxarıdakı qeyidlərimə daha bir nümunəni əlavə etmək istəyirəm. Mərhum Qələndər Xaçınçaylının “Güllə işığında” məlum hadisələrdən bəhs edən povestilə də tanışam və rəhmətliyin sağlığında (AYB-nin “Natəvan” zalında təqdimat zamanı da) kitab barədə özü ilə söhbətimiz – müzakirəmiz olub. Yəqin ki, mənim hələ rastlaşmadığım başqa nümunələr də var. Bu qəbildən olan demək olar ki, bütün mətnlərdə publisistikanın təsiri hiss olunur, izləri aydın görünür… Məhz bu baxımdan “Axıdılmış qanın izi ilə” başqa izlərə qarışmır. Nigar Səttarzadənin əsəri bütün məziyyətləri ilə sırf bədii əsərdir. Məncə gənc yazar bir az da irəli gedərək oxucunu ələ almaq üçün kitabçılıq sənayesinin və oxucu bazarının tələbləri ilə vacib fəndlər işlədib.
KİTABIN ÜSTÜNLÜKLƏRİ
Müəllif böyük təvazö göstərərək, özünü hər vəchlə gənc yazar kimi təqdim etməyə çalışsa da, Nigar Səttarzadə imzası Azərbaycan və Türkiyə oxucusuna kifayət qədər tanışdır. Bu fikrimi təkcə son 20-25 gün ərzində ən azı 3-4 dəfə fərqli məkanlarda olduqca müxtəlif auditoriyanın iştirakı ilə təşkil olunmuş imza günləri, müzakirələr, görüşlər də təsdiqləyir. Məncə, Nigar Səttarzadə kitabçılıq sənayesində ilk uğurlu addımlarını atan, oxucu bazarı uğrunda istənilən müasir yazıçı ilə ədalətli rəqabət apara biləcək gücdə olan püxtələşmiş (və ya püxtələşməkdə olan) yazıçıdır. Müəllifin və şübhəsiz ki, kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin qərarı ilə bədii-tarixi roman kimi səciyələndirilərək təqdim olunmuş “Axıdılmış qanın izi ilə” əsəri sözün əsl mənasında həm bədiilik, həm də tarixilik baxımından böyük nümunəvi, eyni zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. “Kitabçı” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın fiziki göstəriciləri demək olar ki, müasir tələblərə tam cavab verir. Əsas məsələyə – kitabın içindəkilərə gəlincə, əsərin qayəsi insan, insanlıq, ayrı-ayrı fərdlər, onların özünü cəmiyyətdə necə aparması, ailə, ailədaxili münasibətlər, uşaqlar, böyüklər, xalqlar, onların fərqli dilləri, müxtəlif zümrədən olan fərqli peşə sahibləri və s. və il. … bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq xüsusilə indiki dövrdə belə uzunçuluğa ehtiyac yoxdur. Çünki, qoyulmuş problemdən, qaldırılmış məsələdən asılı olmayaraq mərkəzdə insan, onun milliyətindən, dilindən, dinindən, mənsəbindən asılı olmayaraq səhvləri, yalnış qərarları, sonra aradan qaldırılması mümkün olmayan nəticələr dayanır.
Nigar Səttarzadə nəql edəcəyi hekayətə birbaşa mərkəzdən – kuliminasiya nöqtəsindən başlayır ki, bu da zamanın tələbi ilə ayaqlaşmanı göstərən daha bir təqdirəlayiq addım kimi qeyd olunmalıdr. Oxucunu ilk sözdən, cümlədən ələ almaq olduqca önəmlidir. Əgər, diqqətli oxucu, izləyici, dinləyici fikir versə görər ki, xüsusilə son 5-6 il ərzində əksər filimlər, hətta cizgi filmləri, hekayətlər, əhvalatlar kəskin və qızğın hərəkətlə başlayır. Bu başlanğıcda yeganə məqsəd oxucunu, dinləyicini, izləyicini, tamaşaçını sonra nə olacağın ardınca aparmaqdan ibarətdir.
Nigar Səttarzadə də dünyanın harsında yaşayıb-yaratmasından asılı olmayarq öndə olan müasirləri kimi hadisənin “ən hərəkətli” (qəhrəmanı yartaqda uzanıqlı olsa belə) yerindən – ortasından (“0” nöqtəsindən) Miladdan Öncə, Milladdan Sonra prinsipi ilə öz hekayətini nəql etməyə başlayır və böyük ustalıqla (yazıçı peşəkarlığı ilə) olduqca müxtəlif zaman və məkanlarda baş vermiş hadisələri bir-birilə bağlayır. Olduqca fərqli və ibrətamiz insan talelərini əlaqələndirir. Keçidlər edir. Demək olar ki, əsər boyu zamanın itməsi və qəfildən peyada olma halları ilə rastlaşmırıq. Rüstəm doktorun daxil edilməsindən tutmuş, Qədirin ailə hekayətinə kimi bütün hallar “qanlı izi” sürməyə xidmət edir. Məncə, müəllifin hayqırarq demək istədiyi bircə fikir var: İNSAN OLUN!
XIRDA NÖQSANLAR
Əlbəttə, ümumi işin xeyirinə olaraq belə bir gözəl və faydalı nümunənin növbəti nəşrlərdə daha da təkmilləşməsi üçün gördüyü hər bir xırda nöqsanı göstərmək yaxşı dostun, qələm yoldaşının vəzifə borcu olmalıdır. Yuxarıda qeyd etdiyim kimi kitab demək olar ki, poliqrafik məhsul kimi ideal – müasir bazarın tələblərinə tam cavab verə biləcək səviyyədə çap olunub. Mövzu seçimində, əhatəlilikdə, faydalılıqda, məzmunda, ifadə tərzində heç bir problem yoxdur. Əksinə yüksək peşəkarlıq, ustalıq hiss olunur. Eyni zamanda xırda texniki qüsurlar da var. Belə ki, bütün kitab boyu bir neçə eyni orfoqrafik xətanın davamlı şəkildə təkrarlanması halı var. Ümidvaram ki, növbəti nəşrlərdə bu xırda nöqsanlar da aradan qaldırılacaq.
KİTABIN FAYDASI VƏ ƏHƏMİYYƏTİ
Nigar bu əsəri yazmaqla qanlı yanvar hadisələrinin silkələyib oyatdığı şəhərin, məmləkətin övladı olduğunu həm mənəvi, həm də fiziki baxımdan sübut edir, təsdiqləyir. Digər maraqlı məqam ondan ibarətdir ki, hələ neçə belə Nigarlar doğulacaq. Nigar Səttarzadənin bu kitabı gələcək nəsillərə gözəl bir nümunə olmaqla yanaşı, müəyyən dairələr üçün də tutarlı ismarıcdır. Tomrislər, Saray xatunlar, Nüşabələr, Həcərlər var olduqca bu izi itməyə qoymayacağıq! Axıdılmış qanın izi ilə sona qədər gedəcəyik!
TÖVSİYƏ
20 yanvar hadisələrinin növbəti il dönümü ərəfəsində 1990-cı il qanlı yanvarın 19-undan 20-sinə keçən gecəsinin qaranlıq küçələrinə işıq salan “Axıdılmış qanın izi ilə” kitabını mən bu Yurdun övladıyam deyən hər bir kəs mütləq oxumalıdır. Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabını oxumaq istəyənlər Bakı şəhərinin mərkəzində, 28 may metro stansiyası yaxınlığında, M.Qaşqay 8 ünvanında yerləşən “Kitabçı” kitab evindən əldə edə bilərlər. Kitabı əldə edib oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Kitab haqqında resenziyalar ilboyu “Yazarlar” jurnalında və “yazarlar.az” saytında dərc olunacaq. Seçilmiş məqalələr 2025-ci ilin sonunda “İZ SÜRƏNLƏR” adı altında toplu kimi çap olunacaq. Bu yazı sənin ilk məqalən, bu kitab sənin ilk kitabın ola bilər. Niyə də olmasın. Kitab haqqında irili-xırdalı rəylərinizi zauryazar@mail.ru ünvanına göndərməyi unutmayın. İşıtırakçılar üçün sürpriz hədiyyələr nəzərdə tutulub. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.
Etiraf edək ki, çağdaş ədəbiyyat nümayəndələrimizin çox az qismi milli məfkurə tariximizə istinad edirlər. Mənə elə gəlir ki, çox da uzaq olmayan keçmişimizdə baş verən və əksəriyyətimizin şahidi olduğumuz hadisələri əks etdirən ədəbiyyat nümunələri çox azdır. Təkcə romançılıqda yox, hekayəçilikdə də, poeziyada da, dramaturgiyada da. Fikrimi təsdiqləyərsiniz ki, misal üçün 1990-cı il 20 yanvar hadisəsi ilə bağlı filmlər çəkilib, ssenarilər yazılıb, şeirlər qələmə alınıb, mahnılar bəstələnib, lakin bu faciənin mövzusu bədii ədəbiyyatda kifayət qədər yer almayıb. Ola bilsin filmin gücünü, onun tamaşaçı auditoriyasının daha geniş olmasını nəzərə alaraq, bədii ədəbiyyatdan çox filmə üstünlük verilib.
Lakin unutmaq olmaz ki, ədəbiyyatın təsiri fərqlidir. Ədəbiyyat xalıqn milli yaddaşıdır. Düşünürəm ki, ədəbiyyatçıların 20 yanvar hadisəsi, ümumiyyətlə, oxşar faciələrimizə mütəmadi müraciət etmələri vacibdir və bu, milli kimliyimizi qoruyub saxlamaq istiqamətində hər birimizin müqəddəs borcudur.
Sevindirici haldır ki, yeni nəsil ədəbiyat nümayəndələri, gənc yazarlar arasında qeyd etdiyim mövzuya laqeyid münasibət sərgiləməyənlər də var. Gənc yazar Nigar Səttar-zadənin qələmə aldırğı “Axıdılmış qanın izi ilə” romanı məhz 20 yanvar faciəsindən bəhs edir. Baxmayaraq ki, Nigarın yaşı, ona hadisələrin canlı şahidi olmasına imkan vermir, lakin onun araşdırması, şahid ifadələrini diqqətlə tədqiq etməsi, hadisə şahidləri ilə bir başa ünsiyyəti, faciənin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu bir əsərin yaranmasına gətirib çıxardıb.
Nigar Səttarzadə qələmi ilə bu günlə tarix arasında hakim kəsilmiş sərhədləri kənara itələməyi bacarır, qloballaşan dünyanın axıtdığı güclü selə qoşulub gedən müasir insanı seldən ayıraraq, arabir geriyə, Vətən tarixinə nəzər salmağa vadar edir.
Nigar Səttarzadənin özünə məxsus yazı üslubu var. Onun romanını oxuyanda, oxucuya elə gəlir ki, əlindəki kitabı oxumur, dinləyir. Müəllif oxucu ilə oxucunun gündəlik istifadə etdiyi ifadələrlə danışır. O, danışarkən bəzən həyəcanlanır, hadisənin dəhşətlərini kövrələrək ifadə edir, bəzən də oxucuya qorxmamağı aşılayır, ona təsəlli verir, hətta oxucunun qulağına pıçıldayır.
Əsərdə diqqətimi çəkən digər bir məqam isə müəllifin döyüş silahlarının təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumatların mükəmməl şəkildə təqdim olunmasıdır. 20 yanvar faciəsində qətlama səbəb olan rus-sovet qoşununun istifadə etdiyi silahları, onların texniki xüsusiyyətlərini oxucuya aydın şəkildə təqdim etmək üçün müəllifin ciddi araşdıma apardığı açıq aşkar hiss olnur.
Mənə elə gəlir ki, Nigar Səttarzadənin qələmə aldığı “Axıdılmış qanın izi ilə” romanı müasir Azərbaycan romançılığında son dövrdə yaranan tarixi romanlar içərisində ən yaddaqalan ədəbi hadisəsi hesab edilməlidir.
Müəllifə uğurlar diləyir, yeni-yeni ədəbi nümunələr ərsəyə gətirməsini arzulayıram.