Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü

Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü

(“Qələmdar – 3 kitabına ön söz)

Azərbaycan ədəbi mühitində öz imzası və öz nəfəsi olan Zaur Ustac təkcə şair, yazıçı, nasir kimi deyil, həm də publisist kimi diqqəti cəlb edən qələm sahiblərindəndir. Onun publisistik məqalələri müasir dövrün ağrılarına, ictimai həyatın ritminə, milli kimlik və vətəndaşlıq duyğusuna xüsusi bir həssaslıqla toxunur. O, eyni zamanda klassiklərin və öz müasirlərinin yaradıcılıqları barədə də məqalələrlə tez-tez mətbuatda çıxış edir. Zaur Ustac yazının enerjisini yalnız poetik duyğulardan deyil, həyatın gerçək nəbzindən alır. Bu səbəbdən onun publisistik yazıları həm sənəd, həm düşüncə, həm də çağırış xarakteri daşıyır.

Zaur Ustacın məqalələrinin başlıca özəlliyi – həyatla birbaşa təmasdır. O, hadisələri uzaqdan müşahidə edən publisist deyil; əksinə, gördüyünü, yaşadığını, duyduğunu dərhal sözün içində əridir. Cəmiyyətin sosial problemlərindən tutmuş milli-mənəvi dəyərlərin qorunmasına, Qarabağ həqiqətlərindən tutmuş müasir insanın psixoloji durumuna qədər geniş bir sahəni əhatə edir. Onun məqalələrində oxucu daim “hərarət” hiss edir – sanki yazı bu gün yazılıb, bu gün yaşanır və bu gün də oxucuya təsir edir.

Zaur Ustacın publisistik üslubunun özünəməxsus tərəflərindən biri də dilinin aydınlığı və əlçatanlığıdır. O, mürəkkəb ictimai-siyasi məsələləri belə sadə və konkret şəkildə ifadə edir. Bəzi məqalələrində poeziya nəfəsi, digərlərində hekayə üslubu, üçüncüsündə isə sanki tribunadan səslənən nitq tərzi duyulur. Bu üslub müxtəlifliyi müəllifin həm sözə hakimliyindən, həm də oxucu ilə yaxın olmaq niyyətindən doğur.

Zaur Ustacın məqalələrində əsas xətt – milli mövqedir. O, Azərbaycan tarixinin ağır dönəmlərini, Qarabağ savaşının dərdlərini, şəhidlik zirvəsinin müqəddəsliyini, Vətən sevgisinin gücünü ardıcıl şəkildə qabardır. Yazılarında milli kimliyi yalnız bir anlayış kimi deyil, gündəlik həyatın formalaşdırıcı elementi kimi təqdim edir. Bu səbəbdən Zaur Ustac publisistikası həm maarifləndirici, həm ruhlandırıcı, həm də vətəndaş mövqeyi ortaya qoyan bir publisistikadır.

Zaur Ustacın 50-69-cu yazılarının toplandığı “Qələmdar – 3” (sizə bir sirr açım ki, müəllifin “Qələmdar -4” məqalələr toplusu da artıq çapa hazırdır) adlı kitabına ön söz kimi yazdığım bu yazımda adı çəkilən kitabda 51-ci yazı kimi yer almış İmadəddin Nəsimi haqqında olan yazısını və 69-cu yazı kimi yer alan gənc bəstəkar Vəfa Bağırzadə haqqında olan yazını qeyd etmək istəyirəm. Zaur Ustacın bu kitabda da hərb mövzulu yazılara aid bir yazısı yer alıb.

Məqalələrdə tez-tez müəllifin öz müşahidələri, şəxsi həyat təəssüratları yer alır. Amma Zaur Ustac bu müşahidələri yalnız şəxsi təcrübə kimi vermir – onları ümumi fikrə, geniş nəticələrə çevirir. Bir insanın yaşadığı bir məqamdan bütöv bir xalqın obrazını yaratmaq bacarığı Zaur Ustac publisistikasının əsas cazibə nöqtələrindən biridir.

Zaur Ustac yalnız hadisələri təsvir etmir, həm də oxucuya bir mesaj, bir düşüncə, bir istiqamət verir. Bu çağırış bəzən açıq şəkildə – “bunu etməliyik”, “vətənə xidmət hər kəsin borcudur”, “milli dəyərlər unudulmamalıdır” formasında olur. Bəzən isə daha yumşaq, bədii və simvolik şəkildə verilir. Elə məhz bu iki yanaşmanın harmoniyası onun publisistikasını həm effektli, həm də oxunaqlı edir.

Zaur Ustacın publisistik məqalələri Azərbaycan publisistikasının müasir xəttində özünəməxsus bir cığır açır. Bu məqalələr həm dövrün aynasıdır, həm xalqın düşüncəsinin ifadəsi, həm də bir qələm sahibinin öz xalqına, Vətəninə sevgisinin yazılı izləridir. O, sözün məsuliyyətini dərk edən, yazını cəmiyyətə xidmət vasitəsi kimi görən publisistdir.

Onun məqalələrini oxuyan hər kəs həm məlumatlanır, həm düşünür, həm də ruhlanır. Bu isə həqiqi publisistikanın başlıca məqsədidir.

İnanırıq ki, “Qələmdar -3” də bu silsilədən olan əvvəlki kitablar kimi geniş oxucu kütləsinin rəğbətini qazanacaq. Təbrik edirik, Zaur Ustac!

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir