Azərbaycanlı iş adamının xeyirxahlığı Qazaxıstanda yüksək qiymətləndirilir
Azərbaycandan kənarda yaşayıb-işləyən, amma öz fəaliyyəti, xeyirxah əməlləri ilə xalqımızın adını ucaldan, şərəfləndirən həmyerlilərimizin xoş sorağını eşidəndə qəlbimiz fərəhlənir, qürur hissi keçiririk. Qazaxıstanda bizneslə məşğul olan azərbaycanlı sahibkar Amil Turab oğlu Yusifov haqqında növbəti dəfə qardaş ölkədən gələn xəbər də bizə eyni hissi yaşatdı… Ötən il dekabrın 24-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin anmaq üçün bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı Səfirliyi və Mangistau Vilayət Hakimliyi tərəfindən Aktau şəhərində ehsan mərasimi təşkil olunub. Mərasimdə vilayətin rəhbər şəxsləri, azərbaycanlı diplomatlar, ictimaiyyət nümyəndələri, təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailə üzvləri iştirak ediblər. Türksoylu iki xalq arasında birliyin və qardaşlıq əlaqələrinin möhkəmliyinin baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı bir daha özünü bariz şəkildə göstərdiyini mərasində çıxış edənlər xüsusi vurğulayıblar. Mərasimdə Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli və əşyalı beş mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların ailələrinə təqdim edib. Bundan əlavə, iş adamı tərəfindən Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə olunub. Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Amil Yusifovun xeyriyyəçilik təşəbbüsünü yüksək qiymətləndirib və xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından ona təşəkkürnamə təqdim edib. Amil Yusifovun xeyirxahlığı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb və sosial mediada böyük rezonans doğurub. Məsələn, Qazaxıstanın tanınmış media resurslarından olan “BES.media” özünün internet səhifəsində və sosial şəbəkə hesablarında azərbaycanlı biznesmenin təyyarə qəzasında həlak olanların ailələrinə mənzil hədiyyə etməsini Aktauda keçirilən tədbir haqqında xəbərin başlığına çıxarıb. “BES.media”nın Instagram səhifəsində yerləşdirilmişbu xəbərə 62 istifadəçi rəy yazıb və ilk növbədə, Amil Yusifovun xeyirxahlığını alqışlayaraq, digər iş adamlarını da ondan nümunə götürməyə, xeyihxah olmağa çağırıblar. Belə mesajlar digər sosial şəbəkələrdə də yüzlərlədir… Xatırladaq ki, Amil Yusifov qazax xalqının qəhrəman oğlu,1992-ci ildə iyirmi yaşında Qarabağa gələrək burada erməni işğalçılara qarşı döyüşən, Ağdərədə şəhid olduqdan sonra Bakıda Şəhidlər Xiyabanında dəfn edilən Yerbol Barımbetovun xatirəsinə öz ehtiramını bildirmiş, onun haqqında qazaxıstanlı jurnalist Nasiha Humarqızının yazdığı və 3 dildə -Azərbaycan, qazax, rus dillərində çapdan buraxılan kitabın bütün maliiyyə xərclərini qarşılamışdı. Şəhidin ailəsinə Amil Yusifovun və Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənovun adından mənzil də hədiyyə olunmuşdu. O zaman – 2023-cü ildə Qazaxıstanın “Ər Namusu” İctimai Birliklər Şurası Amil Yusifovu “Böyük Döyüş Qəhrəmanı” ordeni ilə təltif etmiş, türk dünyasının ağsaqqllarından biri – Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenovun ona təşəkkür məktubu ünvanlamışdı. Xalqımızın ən gözəl milli xüsusiyyətlərini yaşadan və ölkə xaricində təbliğ edən, Qazaxıstanla qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə öz sanballı töhfələrini verən Amil Yusifovun bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyinə əminliyimizi bildirərək, ona iş və şəxsi həyatında uğurlar arzulayırıq.
Bu gün onun günüdü. MÜBARİZİN günüdü. Adı ürəyimizə böyük hərflərlə yazılan, Azərbaycan əsgərinin qəhrəmanlıq simvoluna çevrilən, Milli qəhrəman, gizir Mübariz İbrahimovun doğum günü həm də dünyanın harasında olmağımızdan asılı olmayaraq hər birimizin, hər bir azərbaycanlının qürur günüdü. Bu gün cəsarəti, qəhrəmanlığı, hünəri-adı sözə, dastana sığmayan Milli Qəhrəman, gizir Mübariz İbrahimovun doğum günüdü. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Ailəsi ona verməyə iki ad seçib. Müqəddəs və Mübariz. Ancaq son qərarları Mübariz olub. Doğru deyiblər ki, adın da insanın taleyində böyük təsirləri olur. Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. Kiçik yaşlarından idmanla – boksla məşğul olurdu. O, şəhid M. Piriyev adına orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə çağırılıb. M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. O, hərbi xidmətini 2007-ci ildə çavuş kimi başa vurub. Gizir olmaq Mübarizin ən böyük arzusu idi. Odur ki, 2009-cu ildə yenidən ordu sıralarına qayıdaraq Vətənə xidmətə başladı. Mübariz bu dəfə hərbi biliklərini daha da genişləndirərək böyük bir məktəb keçdi, gizir oldu. O, bununla ən böyük arzusuna, Qarabağda düşməndən intiqam almağa bir az da yaxınlaşdı. Daha kimsə onu yolundan saxlaya bilməzdi. Amma imanı onu ata-anasının xeyir-duasını almadan yola çıxmağa imkan vermədi. Ona görə də, bir gün ata-anasına ürəyini açdı, dərdini söylədi. Atası Ağakərim kişi arif adamdı. Bilirdi ki, oğlu yolundan dönməz, amalından əl çəkməz. Odur ki, onu daha artıq incitmək istəmədi. Bəs anası nə deyəcəkdi, axı ana ürəyidi. Amma o qəhrəman anasıydı, dözməliydi və dözdü də… Mübariz isə həmin anlarda başqa havada idi. Qarabağa yollandı, bir komandir kimi əsgərlərinə öz bilik və bacarıqlarını aşılamağa başladı. Mübariz komandir kimi bir nümunə idi, Vətən sevgisini sözsüz də əsgərlərinə çatdıra bilirdi. Onda rahatlıq bilməyən ürəyi bir az dinclik tapırdı. Amma düşmən əsirliyindəki Şuşa gözləri önündə canlanırdı, Laçın qayalarında qartallar qıy vururdu, Xocalının naləsi yaddaşından çəkilmirdi ki, çəkilmirdi… Sərhəddən doğma Vətən torpağını seyr etdikcə ürəyi parçalanırdı. “Axı nə vaxtadək doğma torpaqlarımıza uzaqdan baxacağıq?”, – deyə, sual edirdi özünə…
Qəhrəmanlıq gecəsi
…Nəhayət o gün gəlib çatdı. Mübariz İbrahimov 18 iyun 2010- cu ildə gecə saat 23:30 radələrində qulluq etdiyi cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənlə arada olan minalanmış sərhədi təkbaşına keçərək bir anda qartaltək düşmənin üstünə şığıdı. Düşmən bu gözlənilməz hücumdan çaşdı. Üzərinə bir nəfər deyil, sanki bir ordu gəlirmiş kimi qorxuya, təşvişə düşdü… Mübariz isə o anlarda elə bir qəhrəmanlıq salnaməsini yazırdı ki, bircə həmləsində neçə düşməni vurub yerə sərirdi. Düşməni məhv etdikcə irəliləyir, düşmənin silahını özünə tuşlayırdı. Bax, bu Şuşanın, bu Laçının, bu da… bu da, Xocalıda işgəncəylə öldürülən körpələrin intiqamı, – deyə, güllə deyil, sanki düşmənin üzərinə qəzəbdən od püskürürdü… Mübariz o gecə mənim də intiqamımı alırdı. İşğal olunmuş Ağdamın, doğulduğum Qiyaslı kəndinin, şəhid olmuş atamın, iki qazi qardaşımın, bir də, Bərdədə dəmir vaqona sığınaraq dərddən, əziyyətdən ürəyi çat vermiş anamın intiqamını… Və bütün ürəyi dağlanmış analarımızın, bacılarımızın, vəhşicəsinə qətlə yetirilmiş körpələrimizin, dərddən kədər heykəlinə dönmuş atalarımızın, babalarımızın intiqamını… Mübariz qeyri-adi bacarıq və çevikliklə düz 5 saat təkbaşına bir ordu ilə savaşdı. Nə usandı, nə də geri çəkilməyi düşündü. Mübariz arzusuna çatmışdı həmin anlarda. Qarabağın torpağından, havasından güc almışdı sanki. Bu elə bir qəhrəmanlıqdı ki, Mübariz o gecə Müqəddəs adına qovuşdu. Onsuz da, o, getdiyi yolun sonunu bilirdi. Sonda qəhrəmanlıqla Şəhid olsa da, intiqamını almışdı. Əsl yaşamaq da onun üçün bu idi. Bundan sonra daha rahat “yaşayacaqdı”. Bunu əvvəlcədən valideynlərinə ünvanladığı sonuncu məktubundan da hiss etmək olar: “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-ol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz… Haqqınızı halal edin.”
Azərbaycanın Milli qəhrəmanı
Mərhum atası Ağakərim kişi söyləyirdi ki, o qəhrəmanlıq gecəsindən sonra qürur hissi ilə yanaşı, həm də bir narahatlıq keçirib. Ta o vaxta qədər ki, tezliklə Prezidentimiz Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Bütün türk dünyasının qəhrəmanı olan M.İbrahimovun adının əbədiləşdirilməsi üçün ölkəmizdə və onun hüdudlarıdan kənarda bir sıra işlər görüldü. Belə ki, Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verildi. 2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən “Müqəddəs zirvə” adlı film çəkildi. 2011-ci ildə “Palmali” şirkətinin Türkiyədə hazırlandığı yük gəmisi onun şərəfinə “Mübariz İbrahimov” adlandırıldı. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırıldı. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimov “İlin adamı” adına layiq görüldü. 2016- cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verildi. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə M.İbrahimovun heykəli ucaldıldı. 2013-cü ildə TRT 1 kanalında nümayiş etdirilən “Sakarya Fırat” və 2014-cü ildə yayımlanan “Qızıl alma” adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub. M.İbrahimovun adının əbədiləşdirilməsi təkcə bu sadaladıqlarımızla bitmir və bitməyəcək də…
Atası ona Vətən deyirdi
Mübarizin Vətənə böyük sevgisini hiss edən atası ona Vətən, deyə, müraciət edərmiş. Və bu uca, müqəddəs addan Mübariz sevincindən sanki qanad açıb uçarmış. Ata öz övladını bax, belə ruhlandırmış, atalar! Lap ölməz şairimiz Xəlil Rza Ulutürk misalı… Ancaq Vətən olanlar belə qəhrəmanlıq göstərə bilərlər. Ömrünün gənc çağında, 22 yaşında beləcə bütün türk dünyasının qəhrəmanlıq rəmzinə çevrilmək olar.
Mübariz düşmənə anlatdı ki…
…O gecə qeyi-adi bacarıq, müdhiş bir qəhrəmanlıqla Mübariz düşmənə dərs verdi. Anlatdı ki, bizim bircə əsgərimiz öz misilsiz şücaəti ilə düşmənin bir ordusuna dəyər. Elə bilməyin ki, biz bu işğalla barışıb sakitcə oturmuşuq. Bir gün bax belə qəfil bir həmləylə düşməni darmadağın edər Azərbaycan Ordusu! Həm də bu müharibə düşmən üçün ədalətsiz sayılsa da, bizim üçün ədalətlidir. Çünki bu torpaqlar azərbaycanlıların qədim məskənidir. Bir vaxt düzlərdə qalmış erməni bəlasını torpağımıza calayanların günahıdır ki, sonra da nankorluqla gəmidə oturub gəmiçi ilə dava edirlər. Amma bunu unutmayın – Mübarizlərin Vətəni basılmaz! Nə qədər güclü xarici havadarlarınız olsa da bir gün haqq qalib gələcək!
Gözün aydın, Mübariz!
Bu düşüncəylə Mübarizin qəhrəmanlığından sonra sanki bütün Azərbaycan ayağa qalxdı, hər kəs bir əsgər kimi Vətənin müdafiəsinə hazır dayandı. Düz 10 il sonra Mübarizin arzuları gerçək oldu. 2020-ci ildə başlayan və 44 günlük Vətən Savaşında Azərbaycan Ordusu Zəfər qazandı. Ruhun şaddır, bilirəm. Çünki sən indi ən böyük arzuna çatmısan. Cənnətdəki doğum günün mübarək, qəhrəman oğul, gözün aydın olsun!
Müharibə başladı, Zəfər çaldı ordumuz. Gözün aydın, Mübariz, Azad oldu yurdumuz!
Sən gözləyə bilmədin, Özün bir ordu oldun. Qəlbinin fərmanıyla Düşmənlərə od vurdun.
Sellər kimi çağladın, Parladın günəş kimi. Düşmənin ocağına Düşdün bir atəş kimi.
Qisas almağa getdin, Getdiyin Haqqın yolu. Sən azadlıq nəğməmsən, Mübarizlik simvolu!
Sən bu xalqın vüqarı, Vətən üçün doğuldun. Tək bir canla min əsgər, Bir yumruqla dağ oldun.
İlahidən güc aldın, Düşmən üstünə getdin, Sən yüz əlli yağını Bircə anda məhv etdin.
Qartal kimi şığıyıb, Aslantəki savaşdın. Sən yurdumun igidlik Nişanından danışdın.
Düşmən qorxuya düşdü: -Üstümüzə dağ gəlir, Bizi qırıb-çatır o, Güllə batmır, sağ gəlir.
-Gəlmişəm Xocalının Qsasını almağa, Haqq-ədalət uğrunda Sonda Şəhid olmağa…
Sən bizim qürurumuz, Səni unutmarıq biz. Sən hər iki cahanda Bir gövhərsən, Mübariz!
Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır
Dünən ölkəmizdə “Gənclər günü” qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə hər il olduğu kimi yenə də bir qrup gənci mükafatlandırdı. 2020-ci il sentyabrın 27-də başlanan və böyük qələbəmizlə başa çatan 44 günlük Şanlı Vətən Müharibəsindən sonra Azərbaycan gənclərinin özünə inamı daha da artdı. Bunu gənc jurnalist, AZƏRTAC-ın Video informasiya şöbəsinin əməkdaşı Fərid Səlimovla söhbətimizdə bir daha hiss elədim. Jurnalist olmağı arzulayırdım
Fərid İlham oğlu Səlimov əslən Kəlbəcər rayonundandır. O, 2002-ci il aprelin 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Laçın rayon 15 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. Onun ailəsi Kəlbəcər rayonunun Çıraq kəndindən keçmiş məcburi köçkündür. Fərid deyir ki, məktəbdə sinif yoldaşlarının çoxu məcburi köçkün idi. Onlar yay tətilini baba evində keçirə bilməyən bir nəsil kimi böyüyüblər. Amma o inanırdı ki, bir gün doğma yurduna – Kəlbəcərə qayıdacaq… Fərid deyir ki, həmişə məktəbdən evə qayıdanda çalışırdım, elə edirdim ki, televiziyada axşam xəbərlərini izləyə bilim. Bu vərdişim mənim gözümdə əlində mikrafon xəbər çatdıran jurnalistləri qəhrəmana çevirmişdi, böyüyüb jurnalist olmağı arzulayırdım. Ali məktəbə qəbul zamanı Sumqayıt Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) fakultəsinə qəbul olundum. Birinci kursu başa vurmamış qərar verdim ki, mən mütləq jurnalist olmalıyam. Ona görə də, elə ilk kursun sonunda Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin jurnalistika (tədris ingilis dili) ixtisasına qəbul olundum. Artıq bütün daşlar yerinə otururdu elə bil, dərslər mənə daha maraqlı gəlirdi.
AZTV-də sevdiyin işin çətinlikləri ilə tanış oldum
3-cü kursda oxuyanda Azərbaycan Televiziyasında ilk təcrübəyə başladım. O zaman AZTV-də “Çıxışa doğru” adlı bir veriliş yayımlanırdı. O veriliş üçün müxbirlik edirdim. Həmin vaxtlar mənə çox maraqlı gələn sahənin çətinlikləri ilə tanış oldum. İlk çəkilişim bugünkü kimi yadımdadır. Həmin gün Elmlər Akademiyasının qarşısında insanlarla sorğu aparmalıydım. Mikrafonu görənlər elə qaçırdı ki, bizdən. Amma çətin olsa da o gün verilən tapşırığı yerinə yetirdim. 9 aylıq təcrübə dövründə dövlət televiziyamız olan AZTV-dən çox şey öyrəndim. “Jurnalist kimdir?”, “ Necə maraqlı mövzu tapmaq olar?”, “Xəbərin doğruluğunu necə bilməliyik?” kimi sualların cavabını qismən də olsa öyrəndim.
AZƏRTAC-da işimin necə məsuliyyətli olduğunu anladım
Fərid deyir ki, 4-cü kursun sonunda qocaman agentlik olan AZƏRTAC-a yolum düşdü. Qeyd edir ki, bu il 105 yaşı tamam olacaq bu agentliyin tarixi nə qədər qədim olsa da, müasirliyin tələblərinə gözəl cavab verir. Burada 1 ay 15 günlük təcrübədən sonra rəsmi olaraq Video informasiya şöbəsində işə başladım. AZƏRTAC dövlətin rəsmi informasiyalarının dərc olunduğu agentlik olduğundan burada işim daha da məsuliyyətli idi. Sözün əsl mənasında xəbər dəqiqliyin süzgəcindən keçməli idi. İşimi sevirdim, buna görə də xoşbəxt idim. Məncə, əsas şərt də elə budur. Xoşbəxt olmaq üçün sevdiyin işi görməlisən…
Ən sevdiyim reportajım…
Fərid bildirir ki, çalışdığı müddət ərzində bir çox videoreportajlar hazırlayıb. Amma onların arasında ən sevdiyi reportajı atası və nənəsi ilə birlikdə Kəlbəcəri ziyarət etməyi və doğmalarının yurduna qovuşduğu o unudulmaz anları kameranın yaddaşına köçürmək olub. O gün 3 nəslin nümayəndəsi Kəlbəcərə yollanıb. Nənəm, atam və mən. Viran qalan doğma yurdu görəndə nənəm gənclik illərindən, atam uşaqlığından danışırdı. Hər kəs qürurluydu. Mən də bir gənc olaraq həyatda ən qürurlu anımı yaşadım bəlkə də, o gün Ali Baş Komadanımızla qürur duydum, dövlətimizlə, ordumuzla fəxr elədim… Mənim babalarımın hər ikisinin evi Kəlbəcərin Çıraq kəndindəydi. Həmin evləri eyni vaxtda rahat görə biləcəyim bir yüksəklik tapdım. Ora çıxıb o iki evə doyunca baxdım. Mən bu evləri görməyin xəyalını hələ məktəb vaxtından qurmuşdum. Mənim “ev” deməyimə baxmayın, onlardan yerdə ancaq daşlar qalmışdı… Amma indi bu torpaqlarda evlərimiz yenidən tikilir. Kəlbəcər yenidən qurulur. Bu torpaqlara qayıdan hər bir sakin ora yeni bir nəfəs verir. İşimlə əlaqədar demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə olmuşam. Doğma yurdun hər yanı ayrı bir gözəlliklərlə doludur. Burada həmsöhbət olduğum insanlar da çox mehriban və istiqanlıdırlar…
Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır
Onunla gənclər günündə görüşürdük. Fərid deyir ki, bu gün mən bir gənc kimi çox qürurluyam. Dövlətimizin dəstəyini daima hiss etmişəm, buna bir çox misallar çəkə bilərəm. Məsələn, mən ali məktəbdə ödənişli ixtisasda oxuyanda bu xərc dövlət tərəfindən qarşılanıb. Ali Baş Komandanımızın gənclərimizə böyük qayğısı, bu sahədə yürütdüyü siyasətin nəticəsidir ki, mən 4-cü kursu bitirən kimi özümə belə iş tapa bilmişəm. Bu siyahını çox uzatmaq olar. Düşünürəm ki, hər bir Azərbaycan gənci azərbaycanlı olduğu üçün fəxr etməlidir. Ən böyük arzum gündən-günə gözəlləşən doğma torpaqlarımızda aparılan quruculuq işlərindən süjet və reportajlar hazırlamaq və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.
Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib
31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirildi. “Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbiri giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açdı. O, tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açdı, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışdı. Sonra sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova verdi. Hacı İsmayılov Azərbaycan gəncliyinin bu günki uğurlarını qeyd edərək Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğuladı. Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu. Səmimi şəraitdə davam edən görüşdə Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırdı. Tədbirdə çıxış edən İttifaqın sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışdılar, gənclərə dəyərli tövsiyələr verdilər. Sonda xatirə şəkli çəkildi.
Doktor Yaşar Sözen Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb
Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb. Tədbirdə Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova, Aygün Bünyadzadə, Gülzar İbrahimova, Gülarə Munis, Zahirə Dadaşova, Nurlana İşıq, Mina Rəşid, Əfsanə Laçın və başqaları iştirak edib. Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə – Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb. Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq kitabxanasının direktoru Şəhla Qənbərovaya səmimi münasibətə görə təşəkkürünü bildirib. Alim qeyd edib ki, Azərbaycandakı bu uşaq kitabxanası bir akademiyadır. Türk dövlətləri arasında Azərbaycan uşaq ədəbiyyatının çəkisi daha ağır və sanballıdır. Yaşar Sözen onu da bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 4 ildə apardığı araşdırma ilə bağlı kitabın təqdimatı bu il ölkəmizdə Türk səfirliyində təşkil ediləcək. Həmçinin, uşaq ədəbiyyatımızla bağlı Türkiyədə simpozium keçiriləcək. Bundan başqa, hər il Türkiyədə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı antologiya çap ediləcək. Həm türk, həm də Azərbaycan dilində olan nəşrlər ayrı-ayrılıqda şeir, hekayə, nağıl, pyes və başqa janrları əhatə edəcək. Türk alim sonda uşaq yazarlarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.
Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib
Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib. Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib. Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib. Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.
Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib
23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar. Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın “QONAQ TEATR” layihəsindən danışıb. Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar. Çıxış edənlər – Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər. Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nurinin anım günüdür. Bu münasibətlə sənərkarın qəbri ziyarət olundu. Ziyarətdə Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, Akademik Milli Dram Teatrının aktyorları və Yaşar Nurinin həyat yoldaşı iştirak etdilər. Sənət dostları Yaşar Nurinin xatirəsini dərin ehtiramla yad etdilər, onunla bağlı xatirələrini bölüşdülər. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal aktyorun həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışdılar.
Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım ziyarətdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi. Allah rəhmət eləsin.
“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif ediliblər
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 04, 05 noyabr 2024-cü il tarixlərində 44 günlük Vətən müharibəsində qələbəmizin 4-cü ildönümünə həsr olunmuş «ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ» bədii qiraət müsabiqəsi keçirilib.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim etdilər. Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyərək yekun qərar verdilər.
Münsiflər heyətinin qərarına görə “ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ” adlı bədii qiraət müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edilib: Məhsəti Tahirzadə, Yaroslav Trifonov, Rəşad Səfərov, Günel Həmidova, Nəsimi Məmmədzadə, Banu Muharrem, Mirxədicə Mirzəyeva, Ramella Rzayeva, Məhəmməd Hacıyev, Elvin Nuri, Gülgəz Soltanova, Məlahət Vəliyeva, Elmir Hümbətov, Kənan Hüseynov uğurlu iştiraka görə; Nəzrin Abdullayeva, Ruslan Pavlov, Dilarə Nəzərova, Zakir Fətəliyev, Şölə Alışova, Səbinə Məmmədzadə, Kamil Nazim (müstəqil iştirakçı), Şəhla Məmmədova, Aysu İsmayılova, Safura Heydərova (müstəqil iştirakçı), Hakim Cəfərli, Elməddin Zakirli, Saleh Cümşüdlü, Əliulla Vəliyev, Fatimə İsayeva müsabiqədə iştiraka görə diplomla təltif olundular.
Qeyd edək ki, müsabiqədə “Vətən səsi”nin əməkdaşı Mina Rəşid də müstəqil iştirakçı kimi “Zəfər günün mübarək” adlı müəllifi olduğu şeirlə qatılaraq uğurlu iştiraka görə diplom və pul mükaftı ilə təltif edilib. Noyabrın 5-də müsabiqə iştirakçılarına diplomlar təqdim olunub. İttifaqın Sədri Hacı İsmayılov iştirakçıları salamladıqdan sonra tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edənlər – Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal, Hafiz Quliyev 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən danışdılar. Diplomların təqdimatından sonra iştirakçılarla xatirə şəkilləri çəkildi.