Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib
21 aprel 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən, uğurlarından, problemlərindən danışıblar. Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub. İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər. Çıxış edənlər – Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər. Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.
Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib
18 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Suraxanı rayonu 89 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə “Yer kürəsi”, Mürşüd İsmayılzadənin “Hər günə bir sual”, Erik Mativenin “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalı təqdim edilib. Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa aanotasiyalar, həmçinin elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumatlar əldə ediblər. Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.
“Sağlamlıq körpəlikdən başlayır” adlı növbəti maarifləndirici təlim keçirilib
15 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünə inamını artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib. Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva və kitabxana əməkdaşları, gənc analar, iştirak edib. Maarifləndirici təlimin bu dəfəki mövzusu “Oxu və yazı qüsurlarının aşkar edilməsi metodları” olmuşdur. Defektoloq-loqoped Jalə Bənnayeva oxuma və yazı vərdişlərində geriləmələr olan uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin,oxuma və yazı vərdişlərində geriləmə olan uşaqlara fərdi yanaşmanın önəmini vurğulayıb. Qeyd edilib ki, oxuma və yazı vərdişlərində qüsuru olan uşaqlara erkən yaş dövrlərində doğru diaqnoz qoyularaq problemin ortadan qaldırılması üçün müvafiq həll yollarına baş vurulmalıdır. Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.
Təlimin sonunda iştirakçılara uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.
“Vətənin tərənnümü” adlı rəsm yarışması elan olunur
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə AZƏRTAC-ın Uşaq Bilik Portalı və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması elan olunur. 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliğidir. Müsabiqə “Vətən mövzusunda ən yaxşı rəsm” (A3 formatda, şəkillərin sayı 3-ə qədər olmalıdır, akvarel boyası ilə çəkilməlidir) nominasiyası üzrə keçiriləcək.
Yaradıcılıq işlərində iştirakçının soyadı, adı və atasının adı, şəhər və rayon, məktəb və sinif, həmçinin telefon nömrəsi göstərilməli, işlər usaqbilikportali@gmail.com elektron poçtuna göndərilməlidir. Müraciət üçün son tarix 22 may 2025-ci ildir.
Qaliblər 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elan olunacaq.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Oxu saatı” keçirilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin uşaq guşəsində “Oxu saat”ının qonağı tanınmış teleaparıcı Emin Şahzadə ilə oxucuların görüşü keçirilib. Mütaliə saatında sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, 49,62, 247 nömrəli tam orta məktəbin şagirdləri və digər oxucular iştirak edib. Emil Şahzadə uşaqlara Dünyazad Əssədinin “Sən hirslənəndə”, Ayşegül Dedenin “Biri, o biri, başqası, digəri”, Ramiz Rövşənin “Gəl dost olaq, qurbağa”, Fatimə Yusifovanın “Bu kitabı Qıdıqla, Sığalla, Alqışla”, “Buku, qaranlıq və Toki”, Nurlana İşığın “Göyün yeddinci qatı”, Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı”, Culiya Donaldson və Aksel Şefflerin “Qraffalo” adlı kitablarından hekayələr və nağııllar oxuyub. Daha sonar isə oxunan kitablar haqqında müzakirələr aparılıb. Qeyd edək ki, kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün işarət dilinə “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin sədri və təlimçisi Şamil Sabirzadə və Könül Quliyeva tərcümə edib. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların cəmiyyətə sosial inteqrasiyasını təmin etmək, onlarda özgüvən və sosial adaptasiya, ünsiyyət vərdişlərini formalaşdırmaq, həmçinin dil bacarıqlarının inkişafına dəstək olmaqdır.
Mina Rəşidin Qarabağı vəsf edən yeni kitabı çap edilib
Bu günlərdə uşaq yazarı, AYB-nin üzvü, Prezident mükafatçısı, “Vətən səsi”nin əməkdaşı Mina Rəşidin “Adam istəsə bənövşə olar…” adlı yeni kitabı işıq üzü görüb. Kitab AYB-nin Qarabağ bölməsinin təsis etdiyi “Qarabağ kitabxanası” seriyasından çap olunub. «Vektor» Beynəlxalq Nəşrlər evində çap edilmiş kitabın elmi redaktoru və ön sözünün müəllifi tanınmış şair, professor Elçin İsgəndərzadədir. Layihənin baş redaktoru isə Şükufə Əhmədli Davudovadır. “Adam istəsə qəhrəman olar” yazısında E.İsgəndərzadə qeyd edir ki, Mina Rəşid yaşadığı məşəqqətlər və Allahın ona bəxş etdiyi ilahi istedadla bütün əziyyətlərə sinə gəldi, tab gətirdi və vətənpərvərlik, müharibə, savaş, qəhrəmanlıq, qazilik, qeyrət, namus, insanlıq, VƏTƏN üzərinə çoxsaylı, çoxçalarlı, çoxməzmunlu və əbədiyaşar şeirlər yazdı. Məqalələri ən oxunaqlı qazetlərimizin səhifələrini bəzədi, kitabları yayınlandı, oxundu, sevildi. Bunlar ona böyük şərəf və sevgi qazandırdı. Ən başlıcası, az saylı xoşbəxt, istedadlı şairlərimizdən biri olaraq Mina Rəşidin yazdığı əsərlər dərsliklərimizə çevrildi, oxu kitablarımıza salındı. Körpə balalarımız, şagirdlərimiz, tələbələrimiz onları əzbərləyərək tədbirlərdə, şənliklərdə, mərasimlərdə, anım günlərində böyük pafos və qürurla söylədilər və ədalətli inanclarımız, haqq inanclarımız yerini aldı. Minanın yorulmadan vəsflə təbliğ elədiyi şəhidlərimizin, qəhrəmanlıqlarımızın, qazilərimizin, xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın, havadarlarımızın mübarizəsi və dəstəyi sayəsində 44 günlük savaşla, 23 saatlıq antiterror əməliyyatları ilə torpaqlarımız murdar insanlardan birdəfəlik və əbədi olaraq təmizləndilər. Xəritəmizin hər nöqtəsində müqəddəs bayrağımız qürurla dalğalanmağa başladı və Minanın “Adam istəsə bənövşə olar” adlı oxuyacağınız bu kitabına əsasən, məhz o böyük ilahi Zəfərdən, xalqımızın ürəyinə günəş kimi doğmuş əbədi zəfərdən sonra yaşadığımız yaşantıları qələmə alan şeirləri toplanıb. Qəhrəmanlarımızdan yaza-yaza Mina Rəşid də qəlbimizdə bir QƏHRƏMANA çevrildi!.. Şəxsən mən şəhidlərimizə ana laylası olaraq oxudum bu kitabı!… Qazilərimizin yaralarına ana südü-dağ çiçəyi kimi məlhəm olaraq oxudum bu kitabı. Şəhidlərimizin ruhlarının oxşayıb əzizlədiyi bayraqlarımızın nazına naz qatan vətən sevgisi çələngi kimi oxudum bu kitabı…
Məlumat üçün bildirək ki, Mina Rəşid Ağdamın Qiyaslı kəndində doğulub. Atası 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. İki qardaşı 1-ci Qarabağ müharibəsi qazisidi. Ali təhsillidi, 8 kitab müəllifidi, bir kitabı (nağıl) Türkiyədə çap edilib. Bir çox müsabiqələrin, o cümlədən, 2020-ci ildə Mədəniyyət Nazirliyi və AYB-nin birgə keçirdiyi vətənpərvərliklə bağlı Ədəbiyyat müsabiqəsində esse janrı üzrə brinci yerin qalibi olub. Şeirləri, 1, 2 və 4-cü sinif Azərbaycan dili dərsliyinə daxil edilib. Şeirlərindən həmçinin, məktəbəqədər dərs vəsaitlərində, sinifdənxaric oxu və iş dəftərlərində istifadə edilib.
2 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi təşkil edilib. Bildiyimiz kimi, Beynəlxalq Uşaq Kitabı Günü hər il aprelin 2-də qeyd olunur və uşaq ədəbiyyatının əhəmiyyətini vurğulamaq, uşaqlara kitab oxumağın faydalarını anlatmaq məqsədini daşıyır. “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri sərgilənib.Tədbirdə tanınmış uşaq yazarları Reyhan Yusifqızı, Mehriban Nağıyeva, Gülizar İbrahimova və Zahirə Cabir iştirak ediblər. Oxucularla görüşdə yazarlar kitabları haqqında məlumatlar verib, oxucuların suallarını cavablandırıblar. Yazıçılarla canlı ünsiyyət qurmaq şagirdlər üçün unudulmaz təcrübə olub, onlar yaradıcılıq prosesi, kitablarının mövzuları və uşaq ədəbiyyatının əhəmiyyəti barədə maraqlı məlumatlar əldə ediblər. Tədbirdə 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, Mickey’s House uşaq bağçasının körpələri, 49, 151, 164, 194, 281 nömrəli ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Tədbir iştirakçılarını və qonaqları salamlayan kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək “Beynəlxalq Uşaq Kitabı Günü”nün əhəmiyyəti və kitabxananın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib və bildirib ki, kitabxana tərəfindən uşaqların kitab oxuma vərdişlərini inkişaf etdirmək, mütaliəyə həvəs yaratmaq və uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə mütəmadi olaraq bu cür tədbirlər təşkil edilir. Beynəlxalq Uşaq Kitabı Günü, uşaqları oxumağa təşviq etməklə yanaşı, həm də cəmiyyətin gələcəyini formalaşdıracaq gənc nəsillərə müsbət təsir göstərir. Bu günün keçirilməsi, dünyada kitabların və təhsilin vacibliyini bir daha vurğulamaq üçün əhəmiyyətlidir. Tədbirin sonunda tədbir iştirakçılarına musiqi proqramı təqdim edilib. Musiqiçi, pianoçu Sevil Qasımovanın rəhbərliyi altında gənc və istedadlı fortepianoçular klassik əsərlər və uşaq melodiyalarından ibarət musiqi nömrələri ifa ediblər. Kitab və musiqinin vəhdəti tədbirin daha yaddaqalan və ruhlandırıcı keçməsinə şərait yaradıb.
Eyvaz Zeynalovun “Bayram payı” adlı hekayəsinin əks-sədası türk dərgisində
“Folklor Akademi” dərgisinin 2025-ci ildə ilk nömrəsi dosent doktor Erhan Solmazın redaktorluğu ilə çap edilib. Türk dünyasının qədim, sevimli bayramı olan Novruz günlərində işıq üzü görən dərginin bu sayında müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Eyvaz Zeynalovun “Bayram payı” adlı hekayəsi ilə bağlı araşdırma yazı da yer alıb. Bu da təsadüfi deyil, belə ki, Novruz bayramı Azərbaycanda da həmişə xalqın yaddaşında çox əziz mərasimlərdən olub. Müəyyən dövrlərdə bu milli bayrama müxtəlif donlar geydirilməyə çalışsalar da Novruzu insanların qəlbindən silib atmaq mümkün olmayıb. İstedadlı yazıçımız Eyvaz Zeynalov da tarixi çox qədimlərə gedib çıxan Novruz bayramını “Bayram payı” adlı hekayəsində özünəməxsus bir dillə xalqımızın başına gətirilən Qarabağ müsibətləri və Xocalı faciəsinin fonunda oxucuya təsirli vasitələrlə çatdırıb. Qeyd edək ki, hekayə haqqında araşdırma yazının müəllifləri Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, Əəbiyyat dili uzmanı, Uşaq ədəbiyyatı araşdırmaçısı, doktor öyrəncisi Yaşar Sözen və dosent doktor Soner Sağlamdır.
Araşdırma yazısında Eyvaz Zeynalovun Azərbaycan ədəbiyyatının görkəmli çağdaş simalarından biri olduğu qeyd edilir. Bildirilir ki, E.Zeynalov həm böyüklər, həm də uşaqlar üçün maraqlı və dəyərli əsərlərin müəllifidir. O, Azərbaycan uşaq ədəbiyyatında hekayə və nağıl janrında qələmə aldığı əsərləri ilə tanınır. Müəllif uşaqlar üçün xüsusi olaraq yazdığı hekayə və nağıllarda milli-mənəvi, dini, ictimai və ümumbəşəri dəyərləri uğurla işləyib balaca oxucuya çatdırır: “Bu kontekstdə Eyvaz Zeynalovun təmsil etdiyi uşaq ədəbiyyatı missiyası və funksiyası olan bir ədəbiyyatdır. Uşaq ədəbiyyatının missiya və funksiyasını açan əsas komponentlərdən biri də uşağa uyğunluq prinsipidir. Tədqiqatın mövzusu olan və müəllifin uşaqlar üçün yazdığı “Bayram payı” adlı hekayə mətni uşağa uyğunluq prinsipinin daxili struktur elementləri (mövzu, qəhrəmanlar, dil və rəvayət, mesaj) baxımından işlənmiş və araşdırılmışdır. Hekayənin mətni uşaq hekayəsi və nağıl təhlillərində də istifadə olunan mətn mərkəzli struktur metodu çərçivəsində tədqiq edilmişdir. Bu üsulla mətni təşkil edən daxili struktur elementlərin xüsusiyyətləri ətraflı şəkildə açılır. Tədqiqatın konseptual çərçivəsini daha yaxşı başa düşmək üçün “Bayram payı” adlı hekayənin mətni tədqiqatın sonunda həm orijinal, yəni Azərbaycan türkcəsində, həm də türk dilinə tərcümə edilmiş şəkildə verilmişdir. Təhlil nəticəsində məlum olmuşdur ki, hekayə mətni Azərbaycan uşaq ədəbiyyatının mühüm bədii və ədəbi əsərləri sırasındadır”. Qeyd edək ki, bu ilin yanvar ayında Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2025) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin F.Köçərili adına Uşaq Kitabxanasında müzakirəsi də aparılmışdı. Doktor Yaşar Sözen təqdimat zamanı Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə – Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırdığını bəyan etmişdi. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Burada Eyvaz Zeynalovun hekayələrinin geniş tədqiqatı aparıldığı xüsusi vurğulanmışdı.
“Zəngəzurda “BACA – BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri
Biz azərbaycanlılar xeyirdə də, şərdə də həmişə bir olmuşuq. Zaman-zaman bu birliyimizi içindən parçalamağa, yox etməyə çalışsalar da istiqanlı insanlarımızın qəlbindəki o ilahi işığı heç nə söndürə bilməyib. Necə deyərlər, xeyir şərə qalib gəlib. Bədxah qonşumuz olan ermənilər həmişə bizə qarşı nankorluq nümayiş etdiriblər. Gözəl Qarabağımıza göz dikiblər, Qərbi Azərbaycandan yerli camaatımızı öz dogma ata-baba yurdlarından didərgin salıblar. 30 ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və Müzəffər ordumuzun gücü ilə işğaldan azad olundu. Onda biz hamımız uşaqdan böyüyə qarabağlı olduq və bu möhtəşəm Zəfəri qazandıq. Bu gün isə hər birimiz Qərbi azərbaycanlıyıq və məqsədimizə doğru haqqımız, hüququmuz və aydın düşüncəmizlə irəliləyirik, dogma ata-baba torpaqlarımıza yenidən qayıtmaq eşqi, arzusu ilə yaşayırıq. Bu məqsədlə artıq Müzəffər Ali Baş Komandanımızın xeyir-duası ilə Qərbi Azərbaycan icmamız da yaranıb. İndi qarşıdan xalqımızın qədim, əziz bayramı olan Novruz gəlir. Bu münasibətlə Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması təm-təraqqı ilə möhtəşəm bir tədbir keçirdi. Bu yazını yazarkən də o dinlədiyim, birgə rəqs etdiyimiz Zəngəzur yallısının sədaları hələ də qulağımda səslənir. Doğma kəndlərindən ayrılandan düz 37 il sonra Vətən həsrətilə təşkil edilmiş bu unudulmaz bayram tədbiri könül dünyamızda bir təlatüm yaratdı. Bu tədbir həm də bütün dünyaya bir mesaj kimi ötürüldü: Bax belə əl-ələ verib öz yurdumuza qayıdacağıq və bu yolda heç nə, heç bir maneə bizi yolumuzdan saxlaya bilməyəcək… Tədbiri Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova açıq elan edərək Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin soydaşlarına bayram təbrikini çatdırdı. Sonra Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtəşəm himnimiz səsləndirildi. Beləliklə, Zəngəzurda, o cümlədən, Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca – ilaxır çərşənbə” adlı tədbir açıq elan edildi. Onu da bildirək ki, bu səsi-sədası hələ uzun illər yaddaşımızda qalacaq tədbirin təşkilatçısı Şəki Kənd İcması idi. Çıxış edən icma üzvləri Məhərrəm müəllim, Yunis müəllim, Ələkbər müəllim, Nazmirə müəllimə, Novruz müəllim, Qadir həkim qədim ata-baba yurdunda uşaqlıqdan gördükləri, yaşadıqları Novruz adətlərindən danışdılar. Bayram şənliyində Şəki kəndindən olan 13 şəhid ailələrinin doğmaları da iştirak edirdi. Tədbirdə öncə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olundu. Azadə xanım icmanın məqsədi, məramından danışdı. Və bu tədbirin birliyimizi nümayiş etdirən bir tonqal ətrafında toplanıb Şəki kənd icmasının timsalında yeni ilə daha inamla qədəm qoymaq istəyindən yarandığını söylədi. Azadə xanım bildirdi ki, 37 ildə ilk dəfədir ki, Şəki camaatı “BACA-BACA”-nı birlikdə keçirir. İlaxır çərşənbəsi olan “Baca-baca”da uşaq vaxtı nənələrimiz hər il bizə gözəl, naxışlı torbalar tikərdi. Biz də onu qapılara atıb, baca-baca payımızı alardıq. Tonqaldan atlanardıq, yumurta döyüşdürərdik… Tədbirdə təkcə Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər, ziyalılar, həkimlər, şairlər, yazıçılar iştirak edirdilər. Bu mənzərəni belə ifadə edə bilərik ki, Şəki kəndinin qaladığı “BACA-BACA” tonqalının ətrafına bütöv Azərbaycan toplaşmışdı. Ocağınız daim belə gur yansın, Şəki İcması! Zəngəzurda Novruz adət-ənənələri, Baca-baca – ilaxır çərşənbə ilə bağlı məruzəni isə BDU-nun dosenti Məhəmməd Məmmədov etdi. Sonra söz AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruza verildi. Sayman müəllim Cənubi Azərbaycanda keçirilən Novruz ənənələrindən, xüsusilə, Baca-baca bayramından danışdı. Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov bildirdi ki, Şəki kəndinin 2 min il yaşı məlum olsa da onun tarixi hələ lap qədimlərə gedib çıxır. Bu qədim türk yurdunun çox zəngin maddi mədəniyyət abidələri var. Buradakı toponimlərin hamısı türk mənşəlidir. Sonra “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev çıxış etdi. Qeyd edək ki, filmin bir buraxılışı Şəki kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Əmir müəllimin (Bayramov Əmir Hətəmxan oğlunun) ailəsinə həsr edilib. Filologiya elmləri doktoru Almaz Ülvi Göyçədə Novruz ənənələrindən danışdı. Bu tədbirin yaratdığı xoş təəssüratlarının, əks-sədasının unudulmaz olacağını vurğuladı. Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov da çıxışında qədim adətlərimizdən söhbət açdı. İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatdı. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğuladı. Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış etdi. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırdı. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də çıxış edənlər arasında idi. Xətai müəllim hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirdi. Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim etdi. “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşadı. Ansamblın rəhbəri professor Maya Qafarova tədbirdə ürək sözlərini söylədi. Vüqar Mövlamovun qədim nəfəs alətləri ansamblı isə bütün iştirakçıları ayağa qaldırdı. Yəqin hələ uzun illər Zəngəzur yallısının səsi bizə bu tədbiri xatırladacaq… Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş etdi. Qeyd edək ki, tədbirin fonunda Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən geniş sərgi açılmışdı. Sərgidə qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin M.Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də nümayiş etdirilirdi. Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, Baca-baca-ilaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik. “Baca-baca” mız mübarək!
Hacı İsmayılovla “Asan könüllüləri”n görüşü keçirilib
“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüş keçirilib. “Milli və mənəvi dəyərlər” layihəsi çərçivəsində keçirilən görüş zamanı sənətkarın teatr və kino yaradıcılığı, sənətdəki uğurları, təcrübəsi ilə bağlı könüllülərlə müzakirələr aparılıb. “Sənətçinin ən vacib missiyası” mövzusunda keçirilən görüşdə gənclərə maraqlı olan suallar cavablandırılıb. Sonda xatirə şəkilləri çəkilib.