Etiket arxivi: “Molla Nəsrəddin” jurnalı

“MOLLA NƏSRƏDDİN” – 120

“MOLLA NƏSRƏDDİN” – 120

150 illik möhtəşəm bir tarixə malik olan Azərbaycan mətbuatının keçdiyi yolda öz izini, səsini tarixin yaddaşına həkk edən yüzlərlə qəzet və jurnallar fəaliyyət göstərib. Başda “Əkinçi” olmaqla, zamanın doğurduğu ictimai ağrıları, milli dərdlərimizi cəsarətlə yazan, xalqın gözünü açmağa çalışan klassik mətbuatımızın bir qisminin fəaliyyəti araşdırılıb, bəzilərinin ərəb qrafikasından yeni əlifbaya transliterasiyası da həyata keçirilib. Lakin hələ də bir çoxunun saralıb qurumuş səhifələrində dövrün təbəddülatlı mənzərəsini, xalqın ictimai-sosial halını, həyat tərzini və mübarizə tarixini əks etdirən mətnlər araşdırılmamış qalır. Bütün bunlar klassik mətbuat tariximizin müxtəlif aspektdən öyrənilməsini zəruri edir. Lakin tədqiq olunmuş bir sıra qəzet və jurnalların da bu gün fərqli prizmadan və yeni baxışla öyrənilməsi zərurət kimi qarşıda durur.

Bu ətrafda düşünərkən ilk olaraq Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını nəzərə alıram. Doğrudur, mədəni abidələrimizdən sayılan bu satirik jurnalla bağlı zaman-zaman araşdırmalar aparılıb, tədqiqat əsərləri yazılıb. Firidun bəy Köçərlidən başlamış, Ə.Şərif, Ə.Mirəhmədov, M.C.Paşayev, F.Hüseynov, İ.Ağayev, Q.Məmmədli, X.Əlimirzəyev, İ.Həbibbəyli və digər ədəbiyyatşünas alimlər bir çox istiqamətdən “Molla Nəsrəddin”i tədqiqatın predmeti ediblər. Mənə gəlincə, “Molla Nəsrəddin” Mirzə Cəlil obrazının daha canlı və insani keyfiyyətlərini aydınladan ən möhtəşəm əsərdir. Bu obrazın xarakterik cizgilərini incəliklə açan, cilalayan həm də ədibin “Xatiratım”, Həmidə Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” əsərləri, o cümlədən qələmdaşlarının, əməl-məslək dostlarının, onu yaxından tanıyan insanların müxtəlif illərdə qələmə aldıqları xatirə yazılarıdır. Təbii ki, yazı üzərində işləyərkən həmin mənbələrə bir daha qayıdaraq yaddaşımı təzələdim…

lll

Hələ bu xatirələr yazılmamışdı. Hələ o zamandı ki, Mirzə Cəlil gəncliyində hara gedirmişsə, özüylə bir topa kağız götürürmüş ki, boş vaxtlarında cızma-qara eləsin. O səbəbdən ki, ürəyində yazıb-yaratmaq eşqi çağlayırdı. Sonralar bu istəyini yada salaraq deyirdi: “Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub, intişar edə biləm…”

Nəhayət, zaman yetişdi “Molla Nəsrəddin” jurnalının meydana gəlməsi həm də böyük ədibin arzusunun gerçəkləşdiyi mühüm bir hadisə kimi mətbuat tariximizə yazıldı…

119 il əvvəl Azərbaycan xalqının ictimai dərdlərindən göyərən “Molla Nəsrəddin” jurnalı tənqid, ifşa, eyham yolu ilə həqiqəti söyləyir, xalqın gözünü açmağa çalışır, ictimai fikrin inkişafına kömək edirdi. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkə və şəhərlərində – Nyu-Yorkda, Hindistan, Kəlküttə, London, Berlin, Paris, Roma, İstanbul, Misir, İran, Rusiyanın isə demək olar ki, hər yerində jurnalı böyük maraqla oxuyurdular.

Mirzə Cəlil hələ jurnalın nəşrinə hazırlıq dövründən işinin ana xəttini müəyyən etmişdi. Jurnal fəaliyyəti boyu Azərbaycan mühitinin real mənzərəsini natural bir təsvirdə canlandıracaqdı. Necə ki: “Mən axundlar üçün, dərin savadlılar üçün yazmıram, ona görə də gərək mənim dilim sadə və anlaşıqlı olsun”, – deyən ədib dilin sadəliyini, təmizliyini qoruyub saxladı.

Jurnalın sahibi-ixtiyarı, redaktoru Cəlil Məmmədquluzadə olsa da, onu “yeridən”, “ətə-qana gətirən” həm də yazıçının məsləkdaşları idi. Mirzə bu həqiqəti etiraf edir, “Xatiratım” əsərində məsləkdaşlarının ədəbi zəhmətini dəyərləndirərək yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Bu, böyük aydının birgə çalışdığı qələmdaşlarının zəhmətinə dəyər verməsi, portretinə çəkilmiş qədirkeşlik cizgisi idi ki, haqqında yazılmış bir çox xatirələrdə müəlliflər belə səciyyəvi cəhətləri yazıçının obrazında çox incəliklə təsvirə alıblar.

M.Cəlilin güclü ədəbi yaddaşı vardı. Uşaqlıq çağlarında müşahidə etdiyi dini ayinlər, namaz, orucluq, digər adətlər haqqında xatirələrini, həyat-yaşam lövhələrini, ümumən “Mirzə Cəlil dövrü”nün mənzərəsini bir detalı belə, unutmadan qələmə aldığı təəssürat-təsvirləri qüdrətlidir.

Bəs “Molla Nəsrəddin”in yaranması ideyası hardan qaynaqlandı? Mirzə Cəlilin həyatında baş vermiş bir məqam – Tiflisdə Məhəmməd ağa Şahtaxtlı ilə qarşılaşması və onun “Şərqi-Rus” qəzetində işləməyə dəvət alması, ürəyinin dərdlərini meydana qoyub, intişar etməsinə açılan qapı oldu. Bu qəzetə gəlişi həyatında ciddi dəyişiklik yaratdı, mütərəqqi fikirlərinin formalaşmasına təkan verdi. Yazıçı o məqamları belə dəyərləndirirdi: “Şərqi-Rus” iki babətdən mənim üçün xoş, qiymətli yadigar olur. Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik…” Yaxud da çoxdan bəri jurnalla əlaqəsi kəsilmiş Əli Nəzmidən nigaran qalan Mirzə Cəlil “İdarədən” başlıqlı kiçik bir yazıda narahatlığını bildirirdi: “Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz “Kefsiz”i (Məşədi Sijimqulunu)”. Harda olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez bir vaxtda öz lətafətli şeirləri ilə məcmuəmizi zinətləndirəcəkdir”, – deyib onu axtarırdı. Hər iki xatırlama yazıda Mirzə Cəlilin qələmdaşlarının zəhmətinə bunca dəyər verməsi onun portretində aydın nəzərə çarpan cizgilərdir.

Etibarlı, qədirbilən insan kimi yaddaşlarda qalan Mirzə Cəlili xatırlayanlar yazırlar ki, o, şəxsi həyatında olduqca səmimi bir insan, musiqini sevən, hamı ilə xoş rəftar edən, olduğu, göründüyü yerlərdə hər kəsin məhəbbətini qazanan şəxsiyyət idi. Mirzə Cəlilin xarakterində, həyat vərdişlərində müşahidə edilən bu cəhətlər onun insani keyfiyyətlərindən doğan, obrazına mükəmməllik gətirən ştrixlərdir. Dövrün yeni Adamı, xalqın həyatında mədəni, sosial inqilabı başladan bir qüvvə timsalında görünürdü. Bu baxımdan Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlili və jurnalın fəaliyyətini obrazlı şəkildə belə dəyərləndirirdi: “Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan qabaq işə düşmüş və 25 sənə dolanmaqda davam edən bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin məhvəri Mirzə Cəlil və onun jurnalı idi”.

Təbiətən azdanışan, sakit, alicənab və təmkinli olan Mirzə Cəlil müsahibini başa salmaqda, düz yolda olmayana təsir etməkdə, təlim-tərbiyədə mahir idi. Bu, bəlkə də onun müəllimliyindən, hal-xasiyyətindən irəli gəlirdi. O, qorxu, kin-küdurət bilməyən xeyirxah, təmiz qəlbli bir insan idi. Ə.Nəzmi xatırlayırdı ki, Qarabağdan bir şair Mirzənin haqqında həcviyyə yazmışdı. Sonralar redaksiyaya gələr, Mirzə Cəlil keçmişi nəzərə almadan həmin şairə hörmətlə yanaşar, hətta jurnalda yazılarına yer verərdi. Ə.Nəzmi bunun səbəbini soruşanda deyərmiş ki, nə olar, o, pislik edib, biz əvəzində ona yaxşılıq edərik, keçmişdə nə olub, olub, kin saxlamaq yaxşı deyil… Mirzə Cəlil gənc müxbirlərə tövsiyə edirdi ki, çalışın yazılarınızda şəxsi-qərəzlik olmasın, bir də qısa və məzmunlu yazmağı öyrənin.

Həyatda heç bir hadisə təsadüfən baş vermir. Tanrı hər kəsə doğulduğu gündən bir tale yazır. Allah Həmidə xanımı Mirzə Cəlilin qarşısına da bir zərurət kimi çıxarmışdı. Belə olmasaydı, bəlkə, tarixin məhvəri başqa cür fırlanardı. Həmidə Cavanşir C.Məmmədquluzadənin təkcə həyat yoldaşı deyil, ideoloji mübarizədə əməl, məslək dostu oldu. Cütlük birgə vardıqları yolda daim bərabər irəlilədilər. Həmidə xanımın xatirələrində Mirzə Cəlil çox məkanda təsvir olunur: Tiflisdə, Bakıda, Qarabağda, İranda, Borjomda… Təbrizdə olduğu vaxtda (1921) jurnalın 8 sayını çıxarmışdır. Amma orada yaşadığı müddətdə Azərbaycan üçün çox qəribsəyir. Sovetlər hakimiyyətini möhkəmlətdikdən sonra M.Cəlil dərhal geri qayıtmağını düşünür və deyir ki, güman edirəm, indi orda mətbuat tam azaddır və məni ora çəkən də ən çox bu cəhətdir… Mirzə belə bir şəraitdə xalqa daha çox xeyri dəyəcəyini düşünürdü.

Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığın bir çox növ və janrlarında əsərlər yazdı. Məqalələr, felyetonlar, publisistik yazılar, hekayə, povestlər, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatı və mətbuatına yeni məzmun, ideya gətirdi. Lakin Mirzə Cəlil obrazının ən mükəmməl detalını, cizgisini tamamlayan “Molla Nəsrəddin” jurnalı oldu. Başqa sözlə, bu məcmuənin 25 illik fəaliyyəti dövründə Cəlil Məmmədquluzadənin mükəmməl portreti yarandı. Bir çox şair və ədiblərin yaradıcılıqları ilk dəfə “Molla Nəsrəddin”də göründü, formalaşdı. Bir mühüm məqam da vardı ki, mövzunu da onlara Mirzə Cəlil verirdi. Necə ki, Əbdürrəhim bəy yazırdı: “Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadı-şeiriyyə Sabirin idi, fəqət, mövzu verən “Molla Nəsrəddin və Mirzə Cəlil oldu”. Baxın, sanki zamanın nəbzi “Molla Nəsrəddin”in “ürəyində” döyünürdü…

Mirzə Cəlil harda olurdu, nə iş görürdüsə, yeni mövzu ətrafında düşünür, personajlarını göz önündən keçirir, ürəyində onlarla “həsbi-hal” edirdi. Ya da oturduğu yerdə, yainki küçədə getdiyi zaman heç bir səbəb olmadan gülümsəyirdi. Bu, çoxlarına qəribə gəlir, bəziləri bu gülüşləri yersiz sayırdı. Əslində Mirzə Cəlil daim gülməli bir mövzu ətrafında düşündüyündən canlandıracağı mənfi tiplərə gülürdü. M.S.Ordubadi Mirzənin cəsarətli, qorxmaz bir ədib olduğunu xatırlayaraq yazırdı: “Diri ikən ikiüzlü ziyalılara, qarınqulu ruhanilər, həris, xəsis tacir və hacılara gülən Mirzə Cəlil ölürkən də ölümün üzünə gülürdü…”

“Molla Nəsrəddin” Mirzə Cəlilin bir növ mənəvi övladı statusu adını aldı. İllər boyu balasını qoruyan ata kimi jurnalı da riyakarlardan, fanatiklərdən qorudu, böyütdü və özü də onunla birgə böyüdü. Bizimsə böyük Mirzə Cəlildən və onun jurnalından hələ öyrənməli olduğumuz çox mətləblər var. Bu baxımdan “Molla Nəsrəddin”i fərqli bir istiqamətdən araşdırıb öyrənmək yeni nəsil tədqiqatçıların üzərinə düşür.

İlkin mənbə: 525.az 

Müəllif: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Şəfəq Nasiirin digər yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

(resenziya)

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə “Molla Nəsrəddin” jurnalı ilə satirik jurnalistikanın əsasını qoydu. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Quzu”, “Dəllək”, “Rus qızı”, “Kişmiş oyunu”, “Zırrama”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” və s. kimi hekayələri vardır. Lakin bunların içində “Qurbanəli bəy” hekayəsi özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsi epik növdə, hekayə janrında yazılmışdır. Əsərin mövzusu insanın öz xarakterinə görə rəzil olması və gülüş obyektinə çevrilməsidir. “Qurbanəli bəy” hekayəsində ədib tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik tərzdə ifşa etmişdir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində pristavın evindəki yemək masasını, çəmənlikdəki məclisi, yataq insanları ən incə xırdalıqlarına qədər təsvir etmişdir. Cəlil Məmmədquluzadə təsvir ustası idi. O, qonaqlığa hazırlığı çox geniş və əhatəli təsvir etmişdir. Ədib süfrəyə düzülən o qədər çox yeməklərin təsviri ilə yazıq kəndlilərin həyatının çətinliklərini bir daha oxucuya çatdırır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində kəndlilərin acınacaqlı həyatı ilə bəylərin cah-cəlallı həyatını və kəndlilərin şərəfi, ləyaqəti ilə xalqı əzən rus məmurlarının əsl simalarını müqayisə edir. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin baş qəhrəmanı olan Qurbanəli bəy “Qapazlı” kəndinin bəyi və mülkədarıdır. Ədibin ifşaedici gülüşü Qurbanəli bəyin yaltaqlığı, ikiüzlülüyü, yüngül xasiyyəti, kobudluğu, zalımlığı, danışığı, davranışı idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin əsl simasını nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla olan rəftarında açıq bir şəkildə göstərir. Qurbanəli bəy aşağı təbəqənin adamlarını öz kobud davranışı ilə əsər boyu əzir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində rəzil insanların öz hərəkətləri nəticəsində gülüş obyektinə çevrilmələrini çox böyük məharətlə açıb göstərmişdir. Ədib “Qurbanəli bəy” hekayəsində izdihamlı məclisin səbəbkarı kimi pristavın arvadını seçməsi heç də təsadüf deyildi. Yazıçının pristavın arvadının ad qoyulan gününün belə təmtəraqlı keçirilməsinin və camaatın yarısının kəndin kənarına və təpələrə dırmaşıb maraqla naçalnikin yolunu gözləməsi səhnəsində ibrətamiz fikiləri vadır. Pristavın həyətinə toplaşan katda, yasovul və qlava mirzələrinin hamısının niyyəti rus naçalnikini görmək və ona yaltaqlanmaq idi. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində ən rəzil vəziyyətlərdən biri o idi ki, hər “naçalnik gəlir” deyiləndə kəndlilərin susdurulmasını, təhqir olunmasını, həyətə belə buraxılmamasını, baş verən hadisələrə kənardan baxmalarını elə dəqiq təsvir etmişdir ki, XX əsr kəndlisinin obrazı göz önündə canlanır. Kəndliləri əzənlərin ən başçılarından biri də “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin özünü naçalnikə, pristavın arvadına, oradakı qonaqlara yaxşı göstərməsi üçün rus dilində bilmədən danışmasını, rus itinin başını tumarlayıb, onlara xoş getsin deyə dəridən-qabıqdan çıxmasını böyük yazıçı ustalığı ilə, ən xırda incəliklərinə kimi qələmə almışdır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində Azərbaycanda idarə etmədə olan yadelli rusların təmtəraqlı həyatının təsviri ilə “Ortaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar” bu təmtəraqlı həyata kənardan baxan yazıq kəndlilərin həyatı müqayisəli təsvir olunmuşdur. Qurbanəli bəyin tək niyyəti özünü naçalnikə və oradakı qonaqlara tanıtdırmaq və onlardan rəğbət görmək idi. Qurbanəli bəyin əsl siması Kərbəlayı Qasıma olan rəftarında üzə çıxır. Ədib naçalnikin gözünün Qurbanəli bəyin atına düşməsi səhnəsində rusların azərbaycanlıların malına, torpağına olan hərisliyini çox incəliklə təsvir etmişdir. Naçalnik ata çox böyük acgözlüklə baxırdı. Qurbanəli bəy qonaqlıq müddətində özünü bütün hərəkətləri ilə rüsvay edirdi. Qurbanəli bəyin əsl rüsvay olmuş siması qonaqların hamısının onun sağlığına içməsi səhnəsində görünür. Qurbanəli bəy şadlığından az qalırdı ki, özündən getsin. O, özünü “Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm” bu sözləri ilə yadelli təbqənin qarşısında rüsvay edir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəayəsində Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırma tərzində “Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!” onun mədəniyyət anlayışını göstərmişdir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı olan çox kobud münasibətini aşpaz Əliyə, qaravaşa da göstərirdi. Qurbanəli bəyin işçiləri ilə belə kobud münasibətinin kökündə onun şəxsi keyfiyyətləri dururdu. Onun ən əsas xüsusiyyəti o idi ki, özündən mənsəbcə böyük adamın qarşısında özünü alçaldıb, xəcil edirdi. Qurbanəli bəydən fərqli olaraq, onun xanımı qaravaşla, Kərbəlayı Qasımla, aşpaz Əli ilə çox mehriban, bir ailə üzvü kimi davranırdı. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində “Qapazlı” kəndinin “Kəndin aşağısında “Əhmədxan gölü” ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan “Qapazlı” kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri” təsvirini vermişdir. Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırması tamamilə yadından çıxmışdı, çünki onun məqsədi evində qonaq qəbul etmək deyildi, onun istəyi o idi ki, həmin müddətdə tədqir olunsun. Qurbanəli bəy sonranı düşünməyib həmin an üçün yaşayan adam idi. Məhz bu xarakterinə görə də naçalnik, pristavın arvadı, oradakı qonaqlar onun evinə qonaq gələndə o onları qarşılamaq əvəzinə mələfəni götürüb çarşav kimi başına salıb, qaçıb tövlədə atın axuruna girdi. Çünki Qurbanəli bəy üçün onun nüfuzu maraqlı deyildi. Əsas olan o idi ki, həmin vaxt o hörmət görürdü. Naçalnik, pristavın arvadı, oradakı qonaqlar Qurbanəli bəyin bu xarakterindən xəbərsizcəsinə onun evinə qonaq gəlib, onun evdə olmadığını eşidib, çox təəccüb etdilər. Qurbanəli bəyin atlarını görmək istəyən naçalnik Qurbanəli bəyi axurda kəfənə bürünmüş bir şəkildə görür. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində “Qapazlı” kəndinin bəyi və mülkədarı olan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyin özünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isə yerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçı cəmiyyətdəki Qurbanəli bəylərin sonunu oxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyası yaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşası idi. Ədibin hekayəsi nadanlığa, səfalətə, savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. 

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru