Etiket arxivi: ÇİNGİZ ABDULLAYEV

Qulu Ağsəs, Çingiz Abdullayev və Vasif Qurbanzadə – Foto

Qulu Ağsəs, Çingiz AbdullayevVasif Qurbanzadə – Azərbaycan yazarları

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“DEDİLƏR ABDULLAYEV GETSİN BAZARDA GÖYƏRTİ SATSIN”

Bu gün zəmanəmizin ən ünlü yazıçılarından biri, Azərbaycanımızın fəxri Çingiz Abdullayevin doğum günüdür.
Bu əlamətdan gün münasibəti ilə yazıçını ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram!
Və 2017-ci ildə mətbuatda gedən söhbətimizi yenidən paylaşıram.

“DEDİLƏR ABDULLAYEV GETSİN BAZARDA GÖYƏRTİ SATSIN”

  • Çingiz müəllim, siz ölkədə və dünyada ən çox oxunan, həm də çox yazan yazıçı kimi tanınırsınız. Maraqlıdır, indiyə qədər neçə kitabınız işıq üzü görüb?
  • Mənim indiyədək 197 adda kitabım çıxıb. Dünyanın 31 dilinə tərcümə olunmuşam. Baxın, gördüyünüz bu rəflərdəki kitablarım dünyanın müxtəlif dillərində çap olunan əsərlərimdən nüsxələrdir.
  • Siz nəsr yazırsınız. Roman süjeti qurmaq, personajları idarə etmək dövlət idarəçiliyi kimi mürəkkəb bir işdir. Bəs əsərlərinizin hər birinin məzmunu, süjeti yadınızda qalırmı?
  • Hər biri dəqiqliyinə kimi yadımdadı. Yadımda necə qalmaya bilər? Onlar mənim övladlarımdır.
  • Maraqlıdır, bu qədər süjeti necə qurursunuz?
  • Baxın, XIII əsrdə Dante Aligeri “İlahi
    komediya”nı yazmışdı. XIX əsrdə Balzak “İnsan komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi “Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə “Kriminal komediya”nı yazdım. Təbii ki, adını çəkdiyim yazıçılarla özümü müqayisə eləmirəm. Amma bilirsinizmi, bu xronologiyanı davam etmək istəyim hardan doğdu? Çünki yaşadığımız əsr kriminal əsridi. Təkcə son 25 il ərzində baş verən hadisələrə nəzər salaq: SSRİ-nin dağılması, Qarabağ problemi, mərhum prezident Heydər Əliyevə, Şevarnadzeyə qarşı sui-qəsd cəhdləri və bu müstəvidəki bir çox olayları yada salsaq, deyə bilərəm ki, mövzu qıtlığı çəkmirəm. Hətta yazıçı fantaziyamdan, demək olar, az istifadə etmişəm. Çünki real mövzu o qədər mürəkkəb və detallarla zəngindir ki, özündən uydurmağa ehtiyac qalmır.
  • Bu qədər yazmağa necə vaxt tapırsınız?
  • Mənə imkan versəydilər, iki dəfə bundan artıq yazardım.
  • Kim imkan vermir?
  • Mənim on səkkiz ictimai vəzifəm var. Düzdür, ictimai işlərdən maaş almıram, amma işləyirəm.
  • Onda yəqin ki, sürətlə yazırsınız…
  • Bəli, sürətlə yazıram.
  • Kompüterdə işləyirsiniz, yoxsa kağız üzərində?
  • Əvvəllər makinada yazırdım, son iyirmi beş ildir ki, kompüterdə işləyirəm. Elə uşaqlıqdan makinada sürətlə yazırdım. Kompüterə keçəndə də həmin sürətlə işləyirəm. Təsəvvür edin, bir saniyədə altı şriftin üstünə vura bilirəm. Olub ki, bir gecədə yüz səhifədən çox yazı yazmışam. Bir saata on səhifə yaza bilirəm, on saat ərzində isə yüz səhifəyə çatdırıram. Başlayanda davamlı işləyirəm. Vaxt olub ki, səhər saat 9-da yazmağa başlamışam, ertəsi gün günorta saat ikidə, üçdə dayandırmışam. Bəzən gün ərzində 130-140 səhifə yaza bilirəm.
  • Yəqin, əsərin süjeti də yazı prosesində öz-özünə inkişaf edir, yəni, bütün detalları öncədən planlaşdırmırsınız…
  • Bəli. Yazı üzərində işləyəndə qəhrəmanlarım çox vaxt mənimlə mübahisə edir, razılaşmadığımız məqamlar olur, ona görə əsərin hansı sonluqla bitəcəyini heç özüm də əvvəlcədən bilmirəm. Mənim əsl həyatım kitablarımdadı. Çünki öz əsərlərimdə tanrıyam, orda yaratdığım dünyada nə istəyirəm eləyirəm, taleləri necə istəsəm, elə qururam, istədiyim qadını sevirəm, istədiyim adamı öldürürəm və s. Yəni, mən öz əsərlərimdə arzuladığım kimi yaşayıram.
  • Əsasən uğursuz yazıçıların sevdiyi bir ifadə var: “Mən özüm üçün yazıram”. Bu məntiqlə razısınızmı?
  • Bu, məntiq deyil, sovetdənqalma absurd özünə bəraətdi. Ya da deyirlər, “yazıçı təvazökar olmalıdır”. Tamamilə səhv fikirdir. Yazıçı özünə gündəlik yazmır ki onu hamıdan gizlətsin, yazıçı əsər yazır və onu ictimaiyyətə təqdim edir. Mən əsər yazıramsa, onun oxunmasını, müzakirə edilməsini istəyirəm. Bundan təbii heç nə ola bilməz.
  • Çingiz müəllim, bayaq da dediniz, çox yazırsınız. Çox yazmaqla qrafomaniya arasındakı sərhədi necə təyin edirsiniz?
  • Qrafoman – çox yazı yazan, öz yazdıqlarına vurulan, yazdığının gərəkli olduğuna inanan adama deyilir. Bu məntiqdən çıxış etsək, bütün böyük yazıçılar qrafoman olub. Məsələn, Tolstoy, Dostoyevski, Lope de Veqa, Dikkens, Nizami kimi nəhənglər həcm baxımından həm çox yazıblar, həm də yazdıqlarından narazı olmayıblar. Bu adamlar qrafomandırlar, amma onları hamı sevir. Mən belə qrafomaniyanın tərəfdarıyam. Məsələn, bir müddət bundan əvvəl Argentinada kitabım çap olundu. Öz aramızdır, Argentinada heç kim Çingiz Abdullayevin qara qaşına vurulmayıb ki! Əgər mənim əsərimi öz dillərinə çeviriblərsə, demək, yazdıqlarım onlar üçün maraqlıdır.
  • Çingiz müəllim, ədəbi mühitdə belə bir düşüncə var ki, siz rus dilində yazdığınıza görə dünyaya çıxış imkanlarınız daha genişdir. Yəni, bir var, 9 milyonun dilində yazasan, bir də var, 150 milyonun. Rus dilində yazdığınıza görə bəzən sizi Azərbaycan yazıçısı hesab etmirlər.
  • Tamamilə yanlış düşüncədir. Hansısa xarici dildə yazmaq yazıçının milliyyətini şübhə altına ala bilməz. Əksinə, bu, yazıçının üstünlüyüdür. Onda deyək ki, Nizami fars şairidir, Füzuli fars ədəbiyyatına aiddir? İsmayıl bəy Qutqaşınlı fransızca yazırdı, onda deməliyik ki, o, fransız yazıçısıdır? Bəyəm qırğız və qazax yazıçıları Çingiz Aytmatov, Oljas Süleymanov rus yazıçılarıdır? Bəs İmran Qasımov, Rüstəm İbrahimbəyov, Ramiz Fətəliyev, Natiq Rəsulzadə, Elmira Axundova? Bu adamlar azərbaycanlıdır, o cümlədən, mən də bu sıraya daxiləm. Anar rusca yazanda rus yazıçısıdır, azərbaycanca yazanda Azərbaycan yazıçısıdır? Əlbəttə bu düzgün məntiq deyil. Ancaq başqa dildə yazıb özünü ruhən başqa millətə aid edənlər də var. Məsələn, məşhur rus yazıçısı Boris Akunin milliyyətcə təmiz gürcüdür. Halbuki doğma adı Qriqori Şalvoviç Çxartişvilidir.
  • Doğrudan? Şəxsən mən onun gürcü olduğunu bilmirdim…
  • Bəli, təmiz gürcüdür. Lakin o, özünü rus yazıçısı hesab edir, hər yerdə də deyir ki, mən rus yazıçısıyam, yazdıqlarım da rus ədəbiyyatına aiddir.
  • Yəni demək istəyirsiniz ki, sizin dünyada tanınmağınız rus dilində yazmağınızla bağlı deyil.
  • Baxın, rus dilində yazan minlərlə yazıçı var. Məgər, onların hamısını bütün dünyada oxuyurlar? Təsəvvür edin, onların arasında birinci olmaq necə çətindir. Ümumiyyətlə, ədəbiyyatın dünyada beş əsas dili var: İngilis, rus, alman, fransız, ispan. Dünyaya çıxmaq istəyən yazıçı bu dillərin heç olmasa birində yazmalı, yaxud birinə tərcümə edilməlidir. Orxan Pamuk 2004-cü ildə bizim AYB-nin qurultayına gəlmişdi. Pamuk etiraf etdi ki, onu Avropada əsərləri ingilis və fransız dillərinə tərcümə edildikdən sonra tanıdılar. Hətta 80
    milyonluq Türkiyədə belə məşhur yazıçı olmaq hələ dünyaya çıxmaq demək deyil.
  • Sizin əsərlərinizin həm də intellekt yükü var. Məsələn, “Şübhəsiz metamorfoz” povestinizdə Moskvada ultra elit hoteli, onun ən ağlagəlməz xidmətlərini detallarıyla təsvir etmisiniz. Yaxud, kriminal bir qrupun yığışdığı gizli məkan. Bu yerlərdə şəxsən olmusunuzmu?
  • Hansı məkanları təsvir etmişəmsə, onların hamısında olmuşam. Adlarını açıqlamayacağam, mənim oxucum olan bir neçə çox məşhur şəxs əsərlərimdə təsvir etdiyim yerlərdə olduqdan sonra mənə dedilər ki, necə yazmısınızsa, hamısını gözümüzlə gördük.
  • Kitablarınız xaricdə şəxsi təşəbbüsünüzləmi çap edilir? Yəni, özünüz bu prosesdə bilavasitə iştirak edirsinizmi?
  • Yox, qətiyyən! Mən xarici ölkələrdə öz istəyimlə bir cümlə belə çap etdirməmişəm. Əsərlərimi xarici nəşriyyatlar müxtəlif dillərə çevirib çap edir, qonararımı da özümə göndərirlər.
  • Bir dəfə prezident İlham Əliyev sizin əsərlərinizi oxuduğunu demişdi…
  • Yeni kitabım çap olunanda cənab prezidentə şəxsən özüm yollayıram. Mən Frankfurt mükafatına layiq görülmüşəm, bu, Avropanın ən böyük ödülüdür. On dörddən çox beynəlxalq mükafat almışam. Amma bütün bu mükafat və titulların içərisində ən çox qürur duyduğum Azərbaycanın Xalq Yazıçısı fəxri adıdır. Bu ada mən 46 yaşımda layiq görülmüşəm. Bilirsiniz ki, bütün keçmiş SSRİ məkanında cəmi dörd nəfər 50 yaşında Xalq Yazıçısı adına layiq görülüb. Qalanları 60, 70, hətta 90 yaşlarında alıblar. Buna görə o zaman prezidentə dedim ki, sizə çox minnətdaram, amma bu ad mənim üçün gözlənilməz oldu. Üstəlik Yazıçılar Birliyi də məni o ada təqdim etməmişdi. Onda cənab prezident gülüb dedi, mən bilirəm neyləyirəm.
  • Çingiz müəllim, əsasən, cinayət aləmindən, cinayətkarlardan yazırsınız. Sizcə, həbsxana həyatı cinayətkarı islah edə, tərbiyələndirə bilirmi?
  • Təəssüf ki, yox. Cinayətkarların bir çoxu türmədə düzəlmək əvəzinə daha da hiyləgərləşirlər. Məncə, türmə həyatı insanı düzəltmir. Əvvəllər bizim həbsxanalarda vəziyyət çox pis idi, məhkumlarla qeyri-insani davranırdılar. Müstəqillikdən sonra problemlər yavaş-yavaş qaydasına düşməyə başladı. Vəkillər, hüquq müdafiəçiləri mütəmadi həbsxanalarda olur, məhkumlarla görüşürlər. Mən özüm tez-tez koloniyalara baş çəkirəm, uşaq koloniyasında oluram.
  • Uşaq koloniyasında ən çox hansı cinayət
    “dəbdədir”?
  • Orda cəza çəkənlər, əsasən, oğurluq üstə tutulanlardır. Xırda xuliqanlıq, fırıldaqçılıq da buraya aiddir.
  • Bəs, ölüm işləri?
  • Var, qətl törədənlər də var, ancaq onlar çox azdır.
  • Siz ora vəkil kimi gedirsiniz?
  • Xeyr, yalnız yazıçı kimi. Ancaq bacardığım köməyi də onlardan əsirgəməmişəm.
  • Bu qədər kitabınız çap olunub, satılıb, sizi milyoner saymaq olarmı?
  • Milyon da qazanmışam, ancaq hamısını xərcləmişəm. Əsas gəlirimi kitablarımın satışından və kinolardan əldə edirəm.
  • Sizin qəhrəmanlarınızdan birinin adı ilə Moskvada restoran fəaliyyət göstərir. O restorandan pulsuz istifadə limitiniz varmı?
  • Əlbəttə, orda məndən pul almırlar… (gülür)
    Ümumiyyətlə, dünyada beş “Dronqo” klubu fəaliyyət göstərir, hətta uşaqlarına bu adı qoyan adamlar var. Mən də onlara deyirəm, uşağa “Dronqo” yox, “Dranqo” adı verə bilərsiniz, çünki “Dronqo” quş adıdır.
  • Çingiz müəllim, Rusiyada “ədəbi qullar” adlanan zümrə var ki, onlar əsər yazıb məşhur yazıçılara pulla satırlar. Siz belələrinin xidmətindən istifadə etmisinizmi?
  • Qətiyyən, yox! Mən heç öz beynimdəkiləri yazıb çatdıra bilmirəm. Əzablı olsa da, yazıçılıq fəaliyyətimdən zövq alıram. Ancaq çox yoruluram, düşündüklərimi yaza bilən biri olsaydı, məmumiyyətlə onun köməyindən istifadə edərdim. İnanın, xeyli əsərlərim var ki, onların süjetini yuxuda qurmuşam. Baxmayaraq ki, öz həyatımdan razıyam, ancaq övladlarımın yazıçı taleyi yaşamasını istəməzdim. Heç vaxt istəməzdim! Çünki dünyada yüz minlərlə mühəndis var, onlardan yalnız biri Qustav Eyfel ola bilir. O birilər də nə isə tikir, hardasa işləyir. Minlərlə həkimdən yalnız biri Hippokrat olur, qalanları da əlbəttə, haradasa çalışır. Min yazıçıdan biri uğur qazanır, qalan bir çoxlarının yazdığı heç kimə lazım olmur. Amma etiraf edək ki, bizdə istedadlı yazıçılar da var. Yazırlar, amma çap edə bilmirlər, çap edəndə də sata bilmirlər, oxucu auditoriyaları yox dərəcəsindədi, belə problemlər çoxdur.
  • Mən Moskvada sizin kitabları tələbə dostlarıma fəxrlə hədiyyə eləyirdim. Onlar bəzən sizin azərbaycanlı olduğunuza şübhə ilə yanaşırdılar…
  • Hə, bunlar mənə tanış məsələlərdir. Şəxsən mənim özümdən çox soruşublar ki, doğrudanmı siz azərbaycanlısınız? Sizə bir əhvalat danışım. İlk kitablarım çap olunanda məni Mərkəzi Komitəyə çağırdılar, atamın dostu yazıçı Azər Mustafazadə mənə dedi, Çingiz, bilirsən nə var? Sən siyasi detektiv yazma. Dedim, niyə ki, Azər müəllim? Dedi, o, bizim yemimiz deyil. Sən polisdən, narkotikdən, cinayətkarlardan yaz, özünü biabır eləmə, siyasi detektivi ağıllı yəhudilər yazır. Abdullayev soyadlı bir adamın siyasi detektiv yazması gülməlidir. Mənim də gənc, dəliqanlı vaxtlarım idi. Dedim, Azər müəllim, mən hökmən siyasi detektiv yazacam. Dedi, onda gərək elə yazasan, onların yazdığından güclü olsun. Sonralar bilmişəm, sən demə, Moskvada deyiblər ki, Abdullayev familiyası hara, detektiv hara? Ona deyin, o familiya ilə gedib bazarda göy-göyərti satsın. İndi Moskvada, Kiyevdə, Varşavada, Tiflisdə, Parisdə və başqa böyük şəhərlərin kitab satış mərkəzlərində xüsusi Çingiz Abdullayev guşələri var.
    Sizə bir əhvalat danışım. Bizim İdman və Gənclər naziri Azad Rəhimov İtaliyada səfərdə olanda mənə zəng vurub dedi ki, mənim diplomatım (portfel) səfirin maşınında qalıb, maşının şüşəsini sındırıb çantanı aparıblar. İçində xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla verdiyin kitabın vardı. Mən o kitabdan başqa heç nəyə təəssüflənmirəm, sənədlər düzələcək, amma heyf kitabdan. Dedim, sən nə danışırsan, sağ-salamat gəlib çıx, mən o kitabdan sənə ikisini hədiyyə edərəm. Doğurdan fəxr edirəm ki, bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim kitablarımı oxuyur.
  • Dediniz ki, çox yazırsınız. Əsərlərinizə “yoluxan” daimi oxucularınız, yəqin ki, yeni məktub kimi hər dəfə sizdən əsər gözləyir…
  • Elədir. Hər dəfə kitabım nəşr olunanda mənə çoxlu zənglər, məktublar gəlir. Bir dəfə Qazaxıstanın səfiri tədbirdə Anar müəllimdən mənim sonuncu kitabım haqda soruşanda, Anar müəllim özünəməxsus yumorla demişdi, hansını soruşursunuz, bu həftədəkini, yoxsa keçən həftə çıxanı? Xarici ölkələrdən Bakıya gələn xeyli sayda rəsmi nümayəndə, prezident, baş nazirlər olub ki, mənimlə maraqlanıblar. Rumıniyanın prezidenti Bakıda olanda məni çağırdılar ki, oxucunuzdur, sizinlə görüşmək istəyir. Baxa bilərsiniz, bu da bizim fotomuz. (Şəkli göstərir)
    Belə hadisələr çox olub. Bakıda keçirilən böyük elmi konfransların birində dünyaca tanınmış iki böyük akademik, Nobel mükafatı laureatı Raul Saqdieff və onun qardaşı Eyzenhauerin kürəkəni olan digər bir alim, hörmətli Abel Məhərrəmova yanaşıb deyiblər, bizim bir arzumuz var, Çingiz Abdullayevlə tanış olmaq istəyirik. Bu adamlar dahilikdən daha artıq zəkaya malik insanlardır və təsəvvür edin ki, onlar Azərbaycan yazıçısı Çingiz Abdullayevi oxuyurlar. Rusiyadakı keçmiş səfirimiz mənə deyirdi, Yevgeni Primakov sənin kitablarını oxuyur.
    Bunu ilk dəfə sizə danışıram. Bir dəfə bizi Qazaxıstana dəvət etmişdilər. Kiçik bir təyyarədə Astanaya uçmalı idik. Hörmətli nazirimiz Əbülfəs Qarayev, səkkiz nəfər universitet rektoru, bir də mən. Heyətin başçısı Əbülfəs Qarayev idi. Nədənsə mən ehtiyat eləyirdim. Dedim, bu təyyarədə uçmağa qorxuram, mən getməyəcəm. Qazaxıstandan zəng vurdular ki, biz sizə xüsusi təyyarə göndərəcəyik, Çingiz Abdullayev mütləq gəlsin. Heç inanmazdım, Qazaxıstanda məni bu cür tanıyıb sevələr. Yaxud başqa bir söhbəti deyim. Ukrayna hadisələri zamanı mənə müraciət olundu ki, Yanukoviç və Ukraynadakı siyasi proseslər barədə əsər yazım. Onlar söylədilər ki, biz araşdırmışıq, nə yüz əlli milyonluq Rusiyada, nə də əlli milyonluq Ukraynada bu mövzunu sizin qədər dərin, əhatəli yazacaq bir yazıçı var. Ona görə biz sizi seçdik.
    Bunlar bir yazıçı üçün həddən artıq böyük uğurlardır. Məsələn, Fransada kitablarımın təqdimatı olanda məni tez-tez dəvət edirlər. Təsəvvür edin, fransız dili, fransız ədəbiyyatı kimi möhtəşəm bir xəzinəyə sahib olan millətin nümayəndələri – fransızlar gəlib Çingiz Abdullayev adlı Azərbaycan yazıçısının kitabına 20 avro pul verib alır, oxuyurlar.
  • Çingiz müəllim, maraqlı söhbət üçün çox sağolun. Gerçəkdən, sizin ümumdünya şöhrətiniz Azərbaycan ədəbiyyatının uğurudur.
  • Siz də sağolun!

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin ad günüdür

Fotolar Neftçalada, atamın evində çəkilib

Xalq yazıçısı Çingiz Abdullayevin ad günüdür
…Mən çox təsadüfü hallarda kiminləsə mərc edərəm.Həm də mərci udacağıma tam əmin olandan sonra.1989-cu ildə,Neftçalada,qonşuluğumuzda yaşayan və məndən bir neçə yaş böyük olan iki nəfərlə,Çingiz
Abdullayevə görə mərç etmişəm.İndi adını unutduğum hansısa rusdilli jurnalın bir neçə sayında,Çingiz Abdullayevin “Mavi mələklər” romanı çap olunmuşdu və dediyim o iki nəfər həmin romanı oxumuşdular.Axşamüstü atamgildən öz evimə gedərkən o iki nəfərlə görüşdüm.O zaman Çingiz Abdullayev təzə-təzə tanınırdı.Çox adam hətta Çingiz Abdullayevin şəklini belə görməmişdi…Əllərində “Mavi mələklər”in nəşr olunduğu o jurnallar olan İki qonşumla görüşdüm,söhbət əvvəl “Mavi mələklər” romanından,sonra isə Çingiz Abdullayevdən düşdü.Qonşuularımdan nisbətən yaşlı olanı dedi ki,Çingiz Abdullayev ilk romanını yazsa da,bu yazıçının yaşı artıq 50- ni keçib.Mən bilirdim ki, Çingiz Abdullayev mənimlə yaşıddır,yəni 30 yaşı var.Onlar təbii ki,mənimlə razılaşmadılar.Belə olanda mərc elədik: Mən 10 günə qədər dediyimi sübut edə bilməsəm onlara bir qonaqlıq verəcəkdim.Əgər dediyimi sübut etsəydim onlar mənə,yenə də səhv etmirəmsə 10 rubl pul verəcəkdilər.3, yaxud 4 gündən sonra bir vacib iş üçün Bakıya getməli oldum.O zaman Çingiz Abdullayev artıq Yazıçılar birliyinin katibi idi…Yazıçılar birliyindəki kabinetində görüşüb,vəziyyəti ona danışdım.Çingiz Abdullayev yarı zarafat,yarı gerçək,:
-İndi necə olsun,axı mən pasportumu sizə verə bilmərəm- dedi.
Ani nəsə fikirləşib:
-Amma sənin haqsız yerə mərci uduzmağına da razı ola bilmərəm -deyərək otaqdakı kitab dolabından rus dilində olan bir kitab götürdü.Kitab Çingiz müəllimin kitabı idi və həmin kitabda Çingiz müəllimin qısa tərcümeyi halı da yazılmışdı.Tərcümeyi halın elə ilk cümləsində Çingiz Abdullayevin 7 aprel 1959- cü ildə anadan olduğu qeyd olunmuşdu.Çingiz müəllim həmin kitaba avtoqraf yazıb mənə verdi…Həmin günün səhərisi kitabdakı Çingiz müəllimin qısa tərcümeyi halını o iki nəfər üçün oxuyub mərci uddum.Amma onu da qeyd edim ki,mərcdə udduğum pul haqda söhbət açmadım,o iki nəfər də uduzduqları 10 rublun üstünü vurmadılar.
Çingiz Abdullayev çox qısa vaxt ərzində nəinki Azərbaycanda,bütün dünyada tanınan,oxunan və sevilən bir yazıcı oldu.
…Bir neçə il əvvəl Çingiz Abdullayev Neftcalaya,qardaşım Azərin 60 illik yubileyinə gəlmişdi.Atamın evində də oldu.Heydər Əliyev mərkəzindəki yubiley tədbirinə,o vaxt mərc elədiyim o iki qonşudan biri də (o biri qonşum artıq necə ildir ki,rəhmətə gedib) gəlmişdi.Mən həmin qonşumu çağırıb,onu Çingiz müəllimlə şəxsən tanış etdim və öz istəyimlə və eyni zamanda öz telefonumla həmin qonşumun Çingiz müəllimlə birlikdə şəklini də çəkdim.
Azərin 60 illik yubileyindəki çıxışında Çingiz müəllim atamı da xatırladı.Atam 1994-cü ildə Çingiz müəllimlə birlikdə İraqa,Füzulinin 500 illik yubileyinə getmişdi.Çingiz müəllim dedi ki,nümayəndə heyətinə rəhbərlik ( yazıçılara) mənə ( Çingiz müəllimə) havalı olunmuşdu.İran sərhədində,İmamverdi müəllimin sənədindəki bir xəta ilə bağlı sərhəddə xeyli yubandıq.Buna səbəb həmin siyahıda atamın adındakı bir hərf səhvi olmuşdu:Atamın adı şəxsiyyət vəsiqəsində İmamverdi yazıldığı halda,Bakıda tərtib olunmuş siyahıda İmanverdi yazılınməş.Yəni “m” hərfinin yerinə “n” hərfi…İran sərhədçilərini qəzəbləndirən o bir hərflə sözün kökündə yaranmış dəyişiklik olmuşdu. İran sərhədçiləri üçün “İmam” sözünün “İman” sözü ilə dəyişdirilməsi çətin bağışlanan səhv kimi qəbul edilib.
Çingiz müəllimin kitablarını həmişə böyük maraqla oxuyuram.Çingiz müəllimin məndə olan kitabları əksəriyyətini mənə elə Çingiz müəllim özü göndərib.

Çingiz müəllimi yeni yaşı münasibəti ilə təbrik edir,ona uzun,sağlam ömür arzulayıram. Və həmişə maraqlı olan yeni kitablarını gözləyirəm.

Müəllif və mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Çingiz Abdullayevin doğum günüdür – Təbrik!

Dronqo – Azərbaycan ədəbiyyatının Ogüst Düpeni, Şerlok Holmsu, Erkül Puarosu, komissar Meqresi…

Müasir dövrdə detektiv janrı istər ədəbiyyatda, istər kinematoqrafiyada öndə gedən janrlardan hesab edilir. Konkretlik, lakoniklik, bədii təsvir vasitələrindən minimum istifadə, analitik təhlil əsas faktoru hesab edilən bu janrın yaranma tarixinin digərlərdən fərqliliyi, yəni tam dəqiq olması da, bəlkə taleyin gərdişinin fəlsəfi cavabıdır.
Detektiv janrı dünya ədəbiyyatı tarixinə özünün mistik, pessimist şeirləri ilə şöhrət tapan, ölümü bu günə qədər müəmmalı qalan, “Quzğun”u ilə insan duyğularını silkələyən Edqar Allan Ponun 1841-ci ildə yazdığı və həmin il aprelin 20-si “Qrem məqəzin” (ing. “Grahams Magazine”) jurnalında işıq üzü görmüş “Morq küçəsində qətl” əsəri ilə gəldi. İlk dəfə Amerikanın qadın yazıçısı Enn Ketrin Qrin tərəfindən 1878-ci ildə bu janrda yaratdığı əsərilə latın mənşəli “detectro” sözündən yaranmış, “təhqiqat”, “axtarış”, “öyrənmə”, eləcə də “xəfiyyə” mənası verən “detektiv” məfhumunu ədəbiyyata gətirilməklə daha bir yeni səhifə açıldı. İxtisasca həkim olan Artur Konan Doyl yumor, sarkazm qataraq, hadisələrin təhlili prinsiplərini inkişaf etdirməklə, sonradan kriminalistikada istifadə olunacaq metodlar barədə yazmaqla janrın populyarlığını artıraraq, elə bir obraz yaratmışdı ki, bədii surət olsa da, hələ də insanlar tərəfindən canlı şəxsiyyət kimi qarşılanacaq, demək olar, bu janrda yaradacaq bütün ədiblər tərəfindən Şerlok Holmsun adı mütləq şəkildə çəkiləcəkdi. Oxucuların arasında məşhurluğuna görə kitablarının sayı “Bibliya”dan sonra ikinci yerdə olan qadın-yazıçı Aqata Kristi öz adını janrın tarixində qızıl hərflərlə yazdı. Jorj Simenon komissar Meqresi ilə detektiv janrının inkişafında öz izini qoydu… Siyahı uzanmağa başladı.
XX əsrin əvvəllərində detektiv yazarlarından ibarət “Detektiv Klub”u yarandı. Əvvəlcə Edqar Allan Po, sonradan isə Stiven Van Dayn və Ronald Noks tərəfindən janrda yazılan əsərlər müəyyən çərçivəyə salınaraq, məhdudlaşdırıcı qaydalar tətbiq edildi. Amma həmin qaydalar çox keçmədi ki, oxucularda yoruculuq hissi yaratdı və populyarlıq azalmağa başladı. Qaydaları pozan ilklər sırasına elə klubun üzvü “Rocer Ekroydun qətli” əsəri ilə Aqata Kristi oldu. Lakin bu, nə janrın, nə də yazıçının populyarlığına xələl gətirmədi. Əksinə, janrın yeni növləri yaranmağa başladı, mövzu dairəsi genişləndi, sadə, adi “qapalı məkan”dan siyasi motivlərə qədər çatdı. Bu siyahı zaman keçdikcə, artdı. Qərb düşüncəsi, Qərb lakonikliyi, Qərb xarakteri bu janrda özünü tam əks etdirirdi…
Şərq… Həmişə özünəməxsusluğu ilə seçilən coğrafi anlam da olsa, özündə böyük sirli aləmi ehtiva edən məkan… Şərq… Romantika, mübaliğəli təsvirlər, duyğuların, hisslərin əsas götürüldüyü, mənəviyyatın həmişə öndə olduğu motivləri üstünlük təşkil edən Şərq… Redrayd Kiplinqin bu kəlami öz dəyərindən düşmür: “Şərq Şərqdir, Qərb isə Qərb”.
Azərbaycan – Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Vətənimiz…
Neçə-neçə əsrlərdən sonra Şərq mədəniyyətinin hər cəhətini özündə əks etdirən Azərbaycan ədəbiyyatı və incəsənəti üç əsrə yaxın idi ki, artıq Qərbə yönəlirdi. Bu məqamda qırğız yazıçısı Çingiz Aytmatovun belə fikri yerinə düşər: “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gedir…”
Fazil Mustafanın təbirincə deyilsə, “Qərbdə rasionallığa, Şərqdə isə nağılçılığa meyl güclüdür. Qərb ağıla söykənir, Şərq qəlbə”. Digər Şərq xalqlarının ədəbiyyatında detektiv janrının çox az inkişafı ilə müqayisədə, Qərbin hərtərəfli təsirinin nəticəsində Azərbaycanda bunun yaranması təbii hesab edilə bilər. Məhz Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi və ayrıldığı torpaqda yerləşməsi Şərq yönümlü Azərbaycanda Qərbə xas detektiv janrının yaranmasında mühüm amil oldu. Belə ki, Azərbaycan ədəbiyyatına bu janr XX əsrin 50-ci illərində, Cəmşid Əmirovun “Sahil əməliyyatı” əsəri ilə gəldi. Sonradan o əsərin məzmununa görə “İstintaq davam edir” filmi cəkiləcəkdi. “Brilyant məsələsi”, “Qara “Volqa” isə janra marağı daha da artıracaq, yazıçının yaratdığı əsərlərin sayı az olsa da, populyarlığını bu günə qədər itirməyəcək həmin kitablar ədəbiyyat tariximizdə silinməz iz qoyacaqdi. Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq, arqo və jarqonlardan istifadə, hüqüq-mühafizə orqanlarınin iş prinsipinin təsviri, kəşfiyyatın bəzi nüansları oxucular arasında populyarlığı azaltmayacaq, əksinə, artıracaqdı.
Sonra digər ədiblər də bu janra müraciət edəcəkdilər. Ayrı-ayrı yazıçıların müxtəlif əsərləri janrın ədəbiyyatımıza gəlişindən sonra populyarlığı tədricən saxlayacaqdı.
Azərbaycan ədəbiyyatında detektiv janrının inkişafında xüsusi mərhələni, mübaliğəsiz demək olar ki, Çingiz Abdullayevin yaradıcılığı açdı. Milliyyətcə azərbaycanlı, həmişə Bakıdan olduğu vurğulanan Dronqo! Baş qəhrəmanın əsil ad-soyadı heç bir əsərdə göstərilmədi və hələ də göstərilmir… O, konservatordur və bu mühafizəkarlıq çox cəhətlərdə özünü əks etdirir – “Farenhayt” rayihəsini heç zaman dəyişmir, janrın qaydalarına görə tənhadır (müəyyən dövrdən sonra onun həyatına daxil olmuş Cil həmin qaydalara müvafiq surətdə, həmişə Dronqo ilə birlikdə deyil, İtaliyada yaşayan zadəgan nəslin nümayəndəsi olan xanımdır), Bakıdakı mənzilinin interyerinin quruluşu Moskvadakı evi ilə eynidir, səyahəti xoşlayır, avtomobil idarə etməyi sevmir, hadisələr baş verən məkanları, otellərin nömrələrinədək təfsilatları o dərəcədə dəqiqliklə qeyd edir ki, bu, sonradan həmin yerlərə səyahət edənlərin marağına səbəb olur. “Mavi mələklər”in Migel Qonsales adı altında ədəbiyyatımıza qədəm qoymuş, estafeti Anri Lejivr kimi davam etdirən, real həyatdakı prototipi yazıçı özü olan Dronqo obrazı və onun yaradıcısı, ixtisasca hüquqşünas, hüquq elmləri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev… Tropik və subtropik coğrafi məkanlarda səs yamsılamaqla, başqa canlıların avazını təkrarlamaqla özünəməxsusluğu ilə seçilən, amma öz yuvasını qorumaqda xüsusi qorxmazlıq nümayiş etdirən dronqo quşu… O quşun ümumi ismi əvvəlcə ekspert-analitikin gizli ləqəbinə, sonradan isə xüsusi ismə çevrilərək, obrazın əsil adını əvəzlədi.
Azərbaycan ədəbiyyatında ilk siyasi detektiv – Migel Qonsales obrazı ilə oxucuların geniş rəğbətini qazanan “Mavi mələklər”; Azərbaycan ədəbiyyatında ilk klassik detektiv – “Qeyri-adi qətl”; Azərbaycan ədəbiyyatına ilk vəkil (məhkəmə) detektivi kimi düşən, aparıcı obrazı Kseniya Mordyukova olan “İngilis bulvarı” və həmin hüquq müdafiəçisi haqqındakı “Bakı bulvarı”; əsas mövzusu böyük siyasətçilər Heydər Əliyev və Eduard Şevardnadzeyə qarşı hazırlanan sui-qəsdin qarşısının alınması olmasına rəğmən, o zamankı siyasi vəziyyətin analizinin müxtəlif aspektlərlə təsvir edildiyi “Qanın üç rəngi”; Vətənimizin səfalı məkanlarından biri olan gözəl təbiətli, özünəməxsus arxitekturaya malik Şəki şəhərində baş verən cinayət hadisəsinin “Allahın tərəfində”; qadın-kəşfiyyatçı Marina Çernışova haqqında tetralogiya: “Şər sənin öz ismindədir”, “Xəyanət sənin öz ismindədir”, “Qadınlar hərəkətsizliklərini saxlayırlar”, “Qadının intiqamı”; insanı zahirən çox eybəcər hala salan və cəmiyyətdən uzaqlaşdıran cüzam xəstələrinin yaşadıqlarını, xəstəxanadakı vəziyyəti sürrealist şəkillərilə məşhur İeronim Bosx və alleqorik şəkillərilə insanın daxilində gizlənmiş ikrahedici cəhətlərini, bütün mənfi xüsusiyyətlərini öz rəsmlərinə köçürmüş Piter Breygelin əsərlərindən də dəhşətli duruma bənzədən “Məhkumların cənnəti”; Əfqanıstan müharibəsində fədakarcasına döyüşmüş zabitin bir qolunun itirməsi nəticəsində istər cəmiyyət, istər ailə tərəfindən qəbul edilməməsi səbəbindən, snayperlikdən təkqol killerə döndükdən və son nəticədə, mənhus tale tərəfindən ata ilə oğlu bir-birinin qatilinə çevrilməsindən sonra özünü ispan rəssamı Fransisko Qoyyanın Madridin Prado muzeyində sənətkarın “Qara şəkillər” seriyasındakı əsərlərinin sırasında xüsusi yarıişıq, yarıqaranlıq zalda nümayiş etdirilən “Öz uşaqlarını gəmirən Saturn” rəsmindəki Roma mifoloiyasının mifik allahına bənzətməsi məqamlı “Mənim gözəl alibim”, “Üçüncü variant”, “Saturnun tövbəsi” trilogiyası; Abşeron mühiti, Bakı bağlarının təsviri, Azərbaycan xalqının adət-ənənəsinin güclü təsiri, cəmiyyətdəki qadının vəziyyəti, yazılmış qanunlardan daha da olmazın və gözəgörünməz qüvvəyə malik mənəvi qaydaların ailədə yaratdığı mənfi və müsbət halları birər-birər açan “Payız madriqalı”; Əfqanıstan müharibəsinin görünməyən siyasi tərəfləri, milliyyətinə, təhsilinə, xasiyyətinə görə ən müxtəlif xalq və qurumun nümayəndələri səkkiz nəfər kəşfiyyatçısı, onların həyatlarının ən təsiredici məqamlarının təsviri, ölkənin təbiətinin, durumunun şərhi, özləri bilmədən ölümə gedən və heç zaman geri sağ-salamat qayıtmayacaq əməliyyatçıların “Gedər-gəlməz”i… Yazıçının bütün əsərlərinin sayı 200-ə çatır…
Bədii təsvirlərdən hətta gündəlik danışıq dilində də çox istifadə olunan Azərbaycanda lakonik üslublu detektiv janrı ədəbiyyatşünaslığımızda çox az işlənilmişdir. Bu mövzuda ədəbiyyatşünaslıqda ilk cığırı açan filologiya üzrə fəlsəfə doktoru Samirə Mir-Bağırzadə oldu. Detektiv janrını işləmək istəyən istənilən doktorantın onun monoqrafiyasına müraciət etmədən nəyi isə yazması qeyri-mümkündür. Sanballı araşdırmalar sırasına İlqar Fəhminin məqaləsi; həmçinin Ülviyyə Abbasova, İlhamə Məmmədova, Leyla Gərayzadənin dissertasiyaları, tədqiqatçı Gülxani Pənah və Tural Məzahiroğlunun publisistik kitabı; Şəmil Sadiq, Salidə Şərifovanın yazıları Çingiz Abdullayevin yaradıcılığına və detektiv janrına aid məsələləri özündə ehtiva edir. Janra müraciət edənlər olsa da, barmaqla sayılan yazıların saylarının azlığı təəssüf hissi doğurmaya bilməz. Ümidvarıq ki, detektiv janrı tədqiqat mövzusu olacaqdır.
Çalışdığım elm və sənət məbədi olan Nizami Muzeyində görkəmli filoloq, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun təşəbbüsü ilə yaradılmış Dissertasiya Şurasında muzey əməkdaşlarımızdan və muzeyimizdə müdafiə edən sayca üçüncü iddiaçı idim. Bütün bəşəriyyəti lərzəyə gətirən koronavirusun tüğyan etdiyi zaman elmi rəhbərim akademik Rafael Hüseynovun və şura üzvlərinin böyük hissəsinin onlayn qoşulmaq, iclasda hamının maska taxmaq məcburiyyətində olduğu dövr dissertasiyamın müdafiəsi tarixi kimi mühüm gün idi. Nizami Muzeyində yenicə işləməyə başladığım zaman mübaliğəsiz demək olar ki, dünya şöhrətli yazıçı Çingiz Abdullayev ilə şəxsən tanış edib, onun yaradıcılılğı haqqında mövzu götürməyi məsləhət görən professor, filologiya elmləri doktoru, kərkükşünas Qəzənfər Paşayev olmuşdu. Əsas məsləhətçim isə o zamankı şöbə müdirim, filologiya elmləri doktoru, şərqşünas Kamil Allahyarov idi. Fəxarətlə qeyd etmək istərdim – elm yolunda addımlayanların sırasında çox nadir hallardan biri odur ki, haqqında dissertasiya yazılan ədib özü həm müzakirə, həm də müdafiədə iştirak edir. Gözəl paytaxtımızın düz mərkəzində yerləşən, arxitektura baxımdan ən gözəl tikililərdən biri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şəkillərlə zəngin iş kabinetlərinin birində keçirilən dissertasiyanın müdafiəsinə təşrif buyuraraq, yazıçı özü, yəni Çingiz Abdullayev şəxsən iştirak etmişdi…
Hərgah soruşsalar ki, insan xislətinin təzadlı məqamlarını, görünməyən, bəzən isə hətta özünə etiraf etmək istəməyən nüanslarını; heç kimin anadan cinayətkar doğulmaması prinsipini oxuculara aşılaya bilməsini; böyük siyasi oyunların cəmiyyət üzvlərinin xarakterinə, vətəndaşların mənəviyyatına olmazın təsirinin gizli tərəflərini; amansız dünyanın cəzasız mənfurluqlarını və kitablarında digər sadalanmayan mövzuları ehtiva edən Çingiz Abdullayevin yaradıcılığı mənəvi cəhətdən nə verdi, cavabım belə olardı – bu kimi mürəkkəb, çətin durumlu, siyasi hadisələrin gərginliklərlə dalbadal unudulmaz faciələr yaşatdığı müasir dövrümüzdə onun yaratdığı əsərin sonuna çatanda, qəlbimdəki insanlıq hisslərinin aqoniyasına qalib gələrək, mərhəmətin körpəcə toxumunu cücərtdi…

Təbəssüm Muxtarova,

filologiya üzrə fəlsəfə doktoru,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı

“Kredo” qəzeti, 07 aprel 2026, № 12 (1306), s.5.

Müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz müəllim, Sizin doğum gününüzü təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları, həmişə zirvələrdə qalmaq, ruhən dinclik arzulayıram! Ad gününüz mübarək!

Təbəssüm Muxtarovanın yazıları

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜLXANİ PƏNAH YAZIR

Çingiz Abdullayevin əsərlərinin dünya və Azərbaycan ədəbiyyatında detektiv janrın inkişafında rolu

Detektiv janr dünya ədəbiyyatında uzun inkişaf yolu keçmiş, müxtəlif mərhələlərdə yeni məzmun, forma və estetik prinsiplərlə zənginləşmişdir. Bu janrın əsas xüsusiyyəti cinayət, sirr və onun açılması üzərində qurulsa da, zaman keçdikcə o, yalnız kriminal hadisələrin təsviri ilə kifayətlənməyərək sosial, psixoloji və fəlsəfi problemləri də əhatə edən geniş bir ədəbi sahəyə çevrilmişdir. Azərbaycan ədəbiyyatında isə detektiv janr nisbətən gec formalaşmış, lakin XX əsrin sonlarından etibarən sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafda müstəsna rol oynayan yazıçılardan biri də Çingiz Abdullayev olmuşdur.
Çingiz Abdullayevin yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı çərçivəsində deyil, həm də dünya detektiv ədəbiyyatı kontekstində xüsusi əhəmiyyət kəsb edir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunmuş, geniş oxucu auditoriyası qazanmış və detektiv janrın yeni mərhələyə keçidində mühüm rol oynamışdır. Bu məqalədə yazıçının yaradıcılığı, detektiv janra gətirdiyi yeniliklər və onun dünya ədəbiyyatındakı yeri geniş şəkildə təhlil olunur.
Detektiv janrın əsasları XIX əsrdə qoyulmuşdur. Bu sahədə ilk nümunələrdən biri Edgar Allan Poe tərəfindən yaradılmışdır. Onun “Morq küçəsində qətl” əsəri detektiv janrın başlanğıcı hesab olunur. Onun qəhrəmanı Ogüst Düpen analitik düşüncənin simvolu kimi çıxış edir və son­rakı detektiv obrazları üçün əsas model rolunu oynayır.
Daha sonra Artur Konan Doyle tərəfindən yaradılan Şerlok Holms obrazı detektiv janrın klassik strukturunu formalaşdırmışdır. Holmsun müşahidə qabiliyyəti, məntiqi təhlili və qeyri-adi yanaşmaları janrın əsas xüsusiyyətlərinə çevrilmişdir.
XX əsrdə isə Agatha Christie kimi yazıçılar detektiv janrı zirvəyə qaldırmış, mürəkkəb süjet quruluşu və gözlənilməz final ilə oxucuları heyran etmişlər. Bu mərhələdə detektiv janr artıq yalnız cinayət açmaq deyil, həm də insan psixologiyasını, sosial münasibətləri və mənəvi dilemmanı əks etdirən ədəbi sahəyə çevrilmişdir.


Ədəbiyyatın elmi, bədii dəyəri onun intellektual səviyyəsindən asılıdır. Müasir oxucu nağıl, hekayə, əfsanə, öyüd-nəsihət dolu əsərlərlə artıq “razılaşmır”. Alimlərimiz fikirlərində haqlıdır ki, “…müasir oxucu təfəkkürcə çox inkişaf etmişdir, o, sözün əsl mənasında mütəfəkkir oxucudur. O, ağlını, emosiyalarını zənginləşdirməyən əsərləri rədd edir. Kitab, qəzet, radio, televiziya və başqa kütləvi bilik və məlumat vasitələrinin son dərəcə inkişaf etmiş olduğu indiki dövrdə oxucuları primitiv söz yığını ilə əyləndirmək olmaz”. Hər oxucu təfəkkürünə və emosiyalarına təsir etmək və onu düşündürmək gücünə malik olmalıdır: “Sadədən tutmuş mürəkkəbə qədər hər şeyin ağıl süzgəcindən keçirildiyi zəmanəmizdə zəruriliyi və həqiqiliyi sübut olunmamış heç bir müddəa zehinlərə təsir edə bilməz. İndi oxucuların seçmə və ayırdetmə qabiliyyətləri müstəsna dərəcədə artmışdır” (Z. Göyüşov).
Dünya ədəbiyyatında elə nadir sənətkarlar vardır ki, yaratdığı əsərlər geniş bədii təsir gücünə, zəngin məzmuna malikdir. Bu əsərlər xalq, millət çərçivəsindən çıxıb, ümumdünya mədəniyyətinin tərkib hissəsinə çevrilir, ümumbəşəri şöhrət qazanır. Onların bir çoxu dünya ədəbiyyatının şah əsərləri siyahısına daxildir: Homerin “İliada”sı, “Odisseya”sı, Nizaminin “Xəmsə”si, Hötenin “Faust”u, Dantenin “İlahi komediya”sı, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si… buna parlaq nümunədir.


Azərbaycan ədəbiyyatında detektiv janrın inkişafı əsasən XX əsrin ikinci yarısına təsadüf edir. Sovet dövründə bu janr ideoloji çərçivədə inkişaf etsə də, müstəqillikdən sonra daha sərbəst və realist xarakter almışdır. Bu dövrdə detektiv əsərlərdə cinayət hadisələri ilə yanaşı, cəmiyyətin problemləri, korrupsiya, siyasi oyunlar və insan taleləri də əks olunmağa başlanmışdır.
Məhz bu mərhələdə Çingiz Abdullayevin yaradıcılığı Azərbaycan detektiv ədəbiyyatına yeni nəfəs gətirmişdir. O, klassik detektiv elementlərini müasir siyasi və sosial reallıqlarla birləşdirərək janrın sərhədlərini genişləndirmişdir.
Çingiz Abdullayevin əsərlərində əsas mövzular dünyada baş verən kriminal hadisələrdir. Cinayət aləmindən götürülən bu mövzular təkcə bir şəhər, ölkə daxilində deyil, dünyada baş verən hadisələrdən qaynaqlanır. Dünya oxucusuna təqdim olunan cinayətkarların dövləti, milli mənsubiyyəti yoxdur. Onlar qrup, təşkilat halında olduğu kimi, tək-tək də öz çirkin əməllərini, arzularını həyata keçirmək üçün hər cür cinayətlərə əl atırlar. Çünki onlar öz istəklərinə çatmaq üçün ölkəsini, üstündə gəzdiyi torpağı, çörəyi ilə böyüdüyü vətəni satmağa hazır qeyri-insani keyfiyyətlərə malik adamlardır. Onlara qarşı mübarizə aparanlar haqq-ədalət naminə sinəsini düşmən gülləsinə sipər edənlərdir. Cinayətkarlara qarşı mübarizədə birləşən dünya dövlətlərinin xüsusi təşkilatları vardır və onlar belə cinayətkar qruplara, mafiya təşkilatlarına qarşı mübarizədə mütəşəkkil fəaliyyət göstərirlər.***
Çingiz Abdullayevin əsərlərinin əsas xüsusiyyətlərindən biri onların yüksək intellektual səviyyədə yazılmasıdır. Onun əsərlərində hadisələr sadəcə kriminal süjet üzərində qurulmur, eyni zamanda beynəlxalq siyasət, diplomatiya, xüsusi xidmət orqanlarının fəaliyyəti və geosiyasi münasibətlər geniş şəkildə təsvir olunur.
Yazıçının yaratdığı Dronqo obrazı dünya detektiv ədəbiyyatında xüsusi yer tutur. Dronqo yalnız cinayətləri açan bir detektiv deyil, həm də analitik düşüncə qabiliyyətinə malik, yüksək in­tel­lektual səviyyədə fəaliyyət göstərən bir obrazdır. Bu baxımdan o, klassik detektiv obraz­larından fərqlənir və daha müasir xarakter daşıyır.
Çingiz Abdullayevin detektiv janra gətirdiyi yenilikləri bir neçə istiqamətdə nəzərdən keçirmək olar:

  1. Siyasi detektiv janrın inkişafı. Onun əsərlərində cinayət hadisələri çox vaxt beynəlxalq siyasətlə əlaqələndirilir. Bu isə detektiv janrın yeni – siyasi detektiv istiqamətinin inkişafına səbəb olmuşdur.
  2. Psixoloji dərinlik. Yazıçı personajların daxili aləmini dərindən açır, onların motivlərini və psixoloji vəziyyətlərini təhlil edir. Bu, əsərlərin daha realist və təsirli olmasına səbəb olur.
  3. Real hadisələrə əsaslanma. Çingiz Abdullayevin əsərləri çox vaxt real faktlara və hadisələrə əsaslanır. Bu isə oxucuda daha böyük inam və maraq yaradır.
  4. Qlobal məkan. Onun əsərlərində hadisələr yalnız bir ölkə ilə məhdudlaşmır, müxtəlif ölkələrdə baş verir. Bu isə əsərlərə beynəlxalq miqyas qazandırır.

Çingiz Abdullayevin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Bu, onun yaradıcılığının yalnız milli deyil, həm də qlobal əhəmiyyət daşıdığını göstərir.
Onun əsərləri dünya detektiv ədəbiyyatında yeni bir istiqamətin – siyasi və intellektual de­tek­tivin formalaşmasına töhfə vermişdir. Bu baxımdan o, Agatha Christie və Artur Konan Doy­le kimi klassik detektiv ustalarından fərqli olaraq daha müasir və mürəkkəb mövzulara müraciət etmişdir.
Azərbaycan ədəbiyyatında Çingiz Abdullayev detektiv janrın ən parlaq nümayəndələrindən biri hesab olunur. Onun əsərləri bu janrın inkişafına böyük təkan vermiş, yeni yazıçıların yaran­masına təsir etmişdir.
Yazıçının əsərlərində milli xüsusiyyətlər, Azərbaycan reallıqları və cəmiyyətin problemləri də öz əksini tapır. Bu isə onun yaradıcılığını daha dəyərli və əhəmiyyətli edir.


Çingiz Abdullayevin şəxsiyyəti, həyatı haqqında oxucuları ətraflı bilgilərə malik olmalıdır. Hər bir oxucu əsərini oxuduğu yazıçının şəxsi həyatı ilə maraqlanır. Mir Cəlal yazır ki, “sənətkarın həyatı, tərcümeyi-halı, ona olan ictimai təsirlər təhlil obyektində əhatə olunmalıdır. Tədqiqatın bu cəhəti elmi, tarixi əhəmiyyətindən başqa, xüsusən tərbiyəvi məna kəsb etmiş olur. Məlum olduğu üzrə, ədəbiyyat klassiklərinin çoxunun şəxsi həyatı, məişəti, zövqü, rəftarı, insanlara münasibəti, ünsiyyəti həmişə böyük maraq doğurur. Oxucuların çoxu sənətkarın məişətini bilməyə, öyrənməyə maraq, rəğbət göstərir”.
Detektiv romanlar müəllifi kimi tanınan Çingiz Abdullayev tələbəlik illərindən mətbuatla yaxın olmuş, “Komsomol proyektoru” qəzetinin baş redaktoru və hüquq fakültəsi idman klubunun prezidenti seçilmişdir. 1979-cu ildə Qazaxıstanın paytaxtında və 1980-ci ildə Lvovda hüquqşünasların Ümumittifaq müsabiqələrində birinci yerləri tutmuşdur. 1981-ci ildə universiteti bitirdikdən sonra SSRİ Aviasiya Sənayesi Nazirliyinin müəssisələrində, 1984–1986-cı illər ərzində xaricdə işləmiş, iki dəfə yaralanmış, “Qırmızı bayraq”, “Qırmızı ulduz” ordenləri, medallarla təltif olunmuş yazıçı Bakıya qayıtdıqdan sonra Dövlət Təhlükəsizlik Komitəsi, prokurorluq, polis idarəsi kimi hüquq-mühafizə orqanlarına məsul vəzifələrə irəli çəkilmişdir. Yerli və keçmiş Sovetlər Birliyinin mətbu orqanlarında müntəzəm bədii yazıları ilə çıxış edən yazıçının “Mavi mələklər” adlı ilk kitabı 1988-ci ildə çapdan çıxmışdır.

Detektiv əsərlər müəllifi Ç. Abdullayevin əsərlərinə həm yaşlı, orta nəslin, həm də gənclərin marağı böyükdür. Yaxından tanıyan dostları onun yazıçılıq istedadı haqqında yaxşı deyib ki, onda “Allah vergisi var” və bu vergi onu böyük ilham və enerji ilə çalışmağa vadar edir. Bu “misilsiz zəhmətkeşliyi əlli yaşına qədər” onu məşhur yazıçı etdi — “bütün dünyanın tanıdığı detektiv yazıçı” (Natiq Rəsulzadə).
Ədəbi fəaliyyətinə tələbəlik illərindən başlayan Ç. Abdullayev dövri mətbuatda oçerk, məqalə, detektiv janrda yazdığı əsərləri ilə müntəzəm çıxış edir, Azərbaycan, rus, ingilis dilində yazıb-yaradır. İngilis, italyan dillərində sərbəst danışan yazıçının əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabının dünyada yayıldığı bildirilir. Azərbaycanda baş verən hadisələri özündə əks etdirən “Ləğv edilmiş mərasim”, “Alçaqların qanunu”, Qarabağ hadisələrindən bəhs edən “Kriminal komediya”, “Şəxsi həyatın etüdləri”, “Şərəfsizliyin qiyməti”, “İnsan ovu”, sənədli “Qara Yanvar”, “Peşəkarların qaydası”, “Nifrət okeanı” kimi yüzədək romanın müəllifi kimi tanınır.
“Bankirin ölümü”, “Günəş altında zülmət”, “Mavi mələklər”, “Əclafların qanunu”, “Qanın üç rəngi”, “Məhşər ayağında”, “Etiraflar vadisi”, “Centelmen sövdələşməsi”, “Quba kapriççosu”, “Döyüşçünün yolu” və s. əsərləri Azərbaycan dilindədir.
Ç. Abdullayevin özünəməxsus yaradıcılıq yolu var, kimsənin açdığı yolla getməyib. O, elmi, biliyi ilə, böyük ruh yüksəkliyi ilə cisminə sığmayan ruhu ilə o əsərlərin içindədir, o əsərlərinin sanki baş qəhrəmanıdır. XVII əsrin ispan yazıçısı və mütəfəkkiri Baltasar Qrasian yazırdı: “Ruh yüksəkliyi… qəhrəmanın ən əsas atributlarından biridir, çünki yüksək şeylərin hamısına məhəbbəti daha da alovlandırır: zövqə incəlik, ürəyə böyüklük, fikirlərə qanad, xarakterə alicənablıq, şəxsiyyətə əzəmət verir. Ruh yüksəkliyi nə vaxt peyda olursa-olsun, onu o saat hiss edəcəksən. Hətta paxıl fələk onu zülmə düçar edəndə imkanlar məhdudlaşsa da, o göylərə can atır, arzularla böyüyür. O, mərdliyin, fədakarlığın bütün nümunələrinin mötəbər mənbəyidir”.
Yaradıcılığındakı bu ruh yüksəkliyi Çingiz Abdullayevə Dronqo kimi ədəbiyyata səs salacaq obrazı yaratmağa kömək edib. Əsrin ən məşhur detektivini yaratmaq Azərbaycan ədəbiyyatının nümayəndəsinə qismət olub.
Çingiz Abdullayev əsərləri geniş oxucu kütləsinin ən çox maraq göstərdiyi əsərlərdir. Hazırda tirajı 23 milyon nüsxədən artıq və 27 dilə tərcümə olunmuş 138 roman və povestin müəllifi Ç. Abdullayevin kitabları əsasında yeddi çoxseriyalı və bir bədii film çəkilmişdir:
“Dronqo” (13 seriya)
“Yol verilən günah” (2 seriya)
“Son diaqnoz” (2 seriya)
“Mileniumda bir dəfə” (2 seriya)
“Əclafın dəsti-xətti” (2 seriya)
“Manyakın idrakı” (2 seriya)
“Ümidin külü” (20 seriya)
2006-cı ildə “Azərbaycanfilm” kinostudiyasında Çingiz Abdullayevin romanı əsasında “Məhkumların cənnəti” filmi çəkilmişdir.
Yazıçının əsərləri “Qrand-master”, “Humay”, “Qızıl qələm”, “Şərəf və ləyaqət” mükafatları ilə yanaşı, “Dronqo” filmi “Qanun və cəmiyyət” adlı Moskva Beynəlxalq detektiv filmləri kinofestivalının prizinə layiq görülmüş, 2004-cü ildə alman kitab nəşriyyatının “Avropa romanının inkişafına töhfələrinə görə” mükafatına layiq görülmüşdür.
Ç. Abdullayev Avropa yazıçılarının “Avrovavilon-2000” səfərinin iştirakçısıdır.
1989-cu ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin təşkilati məsələlər üzrə katibi, hal-hazırda Birinci katibi vəzifəsində çalışır. 1992-ci ildə PEN-klubun vitse-prezidenti, 1994-cü ildən SAKS-klubun prezidenti, 2003-cü ildə Beynəlxalq Ədəbi Fondun yanvar konfransında Ədəbi Fondun müştərək sədri, 2005-ci ildə Yazıçılar İttifaqları Beynəlxalq Cəmiyyətinin sədr müavini, 2011-ci ildən PEN-klubun prezidenti seçilən yazıçı 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Xalq yazıçısı” adına layiq görülmüşdür.
Hüquq elmləri sahəsində fəaliyyəti böyükdür. Hüquq elmləri doktoru, professordur. “Bir sıra beynəlxalq yaradıcılıq qurumlarının işində də səmərəli fəaliyyəti ilə yanaşı, öz şəxsi elmi və yaradıcılıq işlərini qurmaqda fövqəladə bacarıq və geniş özünüifadə imkanlarına malik olduğunu da nümayiş etdirib və etdirir” (Xeyrulla Əliyev).
Yazıçının istedadı onun yaratdığı əsərlərin öz xalqı, eləcə də dünya oxucuları arasında qazandığı şöhrəti ilə ölçülür. Həqiqi sənətkar dövrünün, zəmanəsinin oxucularını düşündürən, heyrətə gətirən fikri, yeni hissi, əsərinin tutumu ilə parlayır. “Bu parıltı illər keçdikcə nəinki sönür, əksinə, yeni bir qüvvə ilə şölələnib yanır. Nə qərinələrin boranlı və coşqun hadisələri, nə də ki, illərin və əsrlərin soyuqluğu bu hərarəti azalda bilmir. İllər bir-birini təqib edib keçir, tarix hökmünü, sular yatağını, torpaq simasını dəyişirsə də, sənətin hökmü gücündə, sözün qərarı qüvvəsində… yerində qalır” (M. Əliyev).
Detektiv janr bədii ədəbiyyatın maraqlı qollarından biri olub son əsrlərdə daha çox inkişaf etməyə başlayıb. Dünyanın hər yerində baş alıb gedən bir sıra çətinliklər, bəşəriyyəti ağuşuna almaqda olan “ağ ölüm”ün gətirdiyi fəlakətlər, ictimai–siyasi ziddiyyətlər, güclü iqtisadi, sosial gücə malik dövlətlərin yeritdiyi hegemon siyasət nəticəsində törədilən münaqişələr, müharibələr, terror aktları detektiv əsərlərin məzmununu təşkil edir.


Çingiz Abdullayev yaradıcılığı siyasi kəskinliyi və tarixiliyi, xəlqiliyi ilə seçilir. O, ədəbiyyatımıza detektiv janrın ən gözəl nümunələrini gətirən, onu inkişaf etdirən, bu janrın Azərbaycan ədəbiyyatında ən gözəl nümunələrini yaradan məhsuldar yazıçıdır. İstər Azərbaycan, istər beynəlxalq mövzudan istifadə etmiş olsun, bu əsərlərdəki həyat həqiqətləri müəyyən dövr üçün səciyyəvi olan məsələlərlə bağlıdır. Bu əsərlərdə dünyanın nəzər-diqqətini cəlb edən məsələlər əsasdır. Əsrin sonlarında dağılmış SSRİ və digər sosialist ölkələrin iqtisadi və siyasi həyatında çox ciddi böhranlar, xalqların yaşadığı məhrumiyyət və işgəncələr, özbaşınalıqlar və bundan istifadə edən qüvvələrin cəmiyyətdə törətdikləri qətllər, qarətlər öz əksini tapır. Romanlarında mühüm ictimai-siyasi hadisələri əhatə edən mürəkkəb bir dövrün problemləri vardır. Həyat materiallarına lazımınca yiyələnən yazıçı bu janrın tələblərinə də dərindən bələd olduğundan qazandığı uğurlar çoxdur.
Yuxarıda qeyd etdiyimiz kimi, Çingiz Abdullayev məhsuldar yazıçıdır. Onun sayı-hesabı bilinməyən əsərlərinin yaranmasında, işıq üzü görməsində əsas amil istedadı ilə yanaşı yorulmazlığı, zəhmətsevərliyi, hədsiz enerjisidir. Yaxın dostu, xalq yazıçısı Anar onun zəhmətsevərliyinə yaxşı bələddir. Çingizlə gecə avtobusunda Madriddən Barselonaya getdikləri günü xatırlayan yazıçı bütün gecəni, bütün yol boyu onun “noutbukunda” işlədiyini yada salır. Gündüzlər şəhərə çıxıb, muzeyləri gəzib, axşam yenə Madridə qayıdan yazıçının yenə də işlədiyini görən Anar etiraf edir ki, “yuxusuz və istirahətsiz yazmaq inanılmaz xüsusiyyətdir və bu hörmətə layiq olduğu qədər də heyrətamizdir. Bu, təkcə söz seçmək, fraza qurmaq bacarığı deyil. Kəskin süjetlər düşünmək, müxtəlif həyati həqiqətləri bədii həqiqətə çevirmək xüsusi məharət tələb edir”.
65 illik ömründə, otuz illik yaradıcılığı dövründə Çingiz Abdullayev əsərləri ilə dünyanı “fəth” etmişdir. Səyavuş Məmmədzadə “Ömrün ekvatoru və sözün meridianları” məqaləsində yazır: “Əlli yaşı ömrün ekvatoru saymaq olar. Bu yazının səbəbkarına şamil ediləndə həmin təşbeh yalnız məcazi mənada deyil, hərfi mənada da düşünülə bilər. Çünki Ç. Abdullayevin təxminən otuz il ərzində yazdığı əsərlərin yayıldığı ölkələr, keçdiyi yollar nəzərə alınsa, demək olar ki, yer kürəsini qurşayar… Bizim söz sənətimizin tarixində, yəqin ki, belə bir qələm sahibi olmamışdır… Onilliklərlə Çingizin əsərlərinə dünyanın hər yerində, Rusiyanın, Avropanın baş bilən oxucuları, eləcə də sənət adamlarının göstərdiyi tükənməz maraq bir sabit, həqiqi istedaddan, fenomendən xəbər verir”.
Çingiz Abdullayev — Azərbaycan yazıçısı olaraq dünya yazıçısı kimi dünya oxucularının hörmət və ehtiramını qazanmışdır. Ümumbəşəri ideyalarla zəngin Azərbaycan ədəbiyyatı bəşəriyyətin mənəvi tərəqqisinin də ifadəçisidir. Ədəbi əlaqələrin qüvvətlənməsi, xalqlar arasında sülh, əmin-amanlıq, dostluq kimi humanist hisslər tərbiyə edən Azərbaycan ədəbiyyatının həm SSRİ ərazisindəki xalqlarla, həm də xarici ölkə xalqları ədəbiyyatı ilə əlaqəsinin zəngin və qədim tarixi var. Kökü çox qədimlərə gedib çıxan, sərhədləri bilinməyən Azərbaycan ədəbiyyatının ən qiymətli mənbələri Amerika, İngiltərə, Almaniya, Fransa, Rusiya, Türkiyə, Çin, Şərqin ən böyük mədəni ölkələrindədir — muzeyləri, kitabxanaları, əlyazmalar mərkəzini zənginləşdirir. Avropa, Asiya, Afrika, Amerikada Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına böyük maraq var.
Azərbaycan poeziyası kimi onun elmi, fəlsəfi, bədii nəsri də dünya oxucularına məlumdur. Əsası Mirzə Fətəli Axundov tərəfindən qoyulan Azərbaycan nəsrinin bu gün müxtəlif növlərdə dəyərli nümunələrinin yaranması qürur doğurur. Baxmayaraq ki, poeziyamıza nisbətən nəsrimiz son yüzilliklərdə yaranmağa başladı. Tezliklə Axundovun, Cəlil Məmmədquluzadənin bütün Şərqi qəflət yuxusundan oyadan əsərləri yarandı. Azərbaycan ədəbiyyatı Avropa, Asiya bədii nəsrinin sıralarında şərəfli yer tutacaq nümayəndələri ilə tanındı. Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi Simurğ, Süleyman Sani Axundov… nəsr, dram əsərləri ilə İran, Türkiyə, Zaqafqaziya, Qafqaz, Rusiya ədəbi mühitində tanındı. XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi Azərbaycan nəsrinə iri həcmli dəyərli nəsr əsərləri bəxş etdi. Tezliklə Süleyman Rəhimov, Əbülfəsən Ələkbərzadə, Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, İsa Hüseynov, Anar, Elçin… ədəbiyyata gəldi. Onların əsərləri dünya oxucularına da yaxşı tanışdır. Bu da göstərir ki, Azərbaycan bədii təfəkkürü istər poetik, istər dramatik, istərsə də nəsr sahəsində qüdrətli nümunələr yarada biləcək qabiliyyətə malikdir. Çingiz Abdullayev ədəbi nəsrimizdə detektiv janrın inkişafında böyük rolu olan yazıçıdır və dünya oxucularına yaxşı tanışdır.


Çingiz Abdullayevin əsərlərində əsas ideya xətti ədalət, həqiqət və insanlıq prinsipləri üzərində qurulmuşdur. Onun qəhrəmanları çox vaxt çətin seçim qarşısında qalır və bu seçimlər onların xarakterini formalaşdırır.
Əsərlərdə istifadə olunan dil sadə, lakin təsirlidir. Süjet xətti dinamikdir və oxucunu sonadək maraq içində saxlayır. Bu xüsusiyyətlər onun əsərlərini geniş oxucu kütləsi üçün cəlbedici edir.
Bəzi tənqidçilər Çingiz Abdullayevin əsərlərində hadisələrin bəzən həddindən artıq mürək­kəb­ləşdirildiyini qeyd etsələr də, bu, əslində onun yaradıcılığının fərqləndirici xüsusiyyətidir. Çünki müasir dünya reallıqları da mürəkkəb və çoxşaxəlidir.
Digər tərəfdən, onun əsərlərində bəzən ideoloji elementlərin güclü olması da qeyd olunur. Lakin bu, yazıçının yaşadığı dövrün və cəmiyyətin təsiri kimi qiymətləndirilə bilər.
Çingiz Abdullayev detektiv janrın həm Azərbaycan, həm də dünya ədəbiyyatında inkişafına mühüm töhfə vermişdir. Onun əsərləri bu janrın sərhədlərini genişləndirmiş, ona yeni məzmun və forma qazandırmışdır.
Yazıçının yaradıcılığı göstərir ki, detektiv janr yalnız cinayət və onun açılması ilə məhdud­laşmır, eyni zamanda cəmiyyətin problemlərini, insan psixologiyasını və beynəlxalq münasibətləri əks etdirən güclü ədəbi vasitədir.
Çingiz Abdullayevin əsərləri gələcək nəsillər üçün də aktual olaraq qalacaq və detektiv janrın inkişafında mühüm rol oynamaqda davam edəcəkdir.
Sözümüzü Xalq şairi Vaqif Səmədoğlunun bu fikirləri ilə bitirmək istərdik: «… o, keçmiş SSRİ məkanında və bütün dünyada ən çox tanınmış Azərbaycan yazıçılarından biridir. Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm… Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıcılığını analitik dərəcədə sevən oxucu var. Bununla bizim hamımızın qürur duymağa və fəxr etməyə tam haqqımız var».

GÜLXANİ PƏNAH
Filologiya elmləri doktoru, dosent.

GÜLXANİ PƏNAHİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məhsəti Gəncəvi Fransada

Чингиз Абдуллаев: “Многие не слышали о Мехсети, но активно обсуждают. Азербайджан поставил потрясающий памятник во Франции, в городе Коньяк. На снимке, рядом с памятником, мы с мэром города.”

Məhsəti Gəncəvi haqqında

XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi və yeni şəhər poeziyasının təmsilçisidir. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

Şairənin anadan olma tarixi məhz  “Əmir Əhməd və Məhsəti”  dastanında verilmişdir. Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdı. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. 

Bir müddət Məhsəti böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdi. Onun Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında da yaxından iştirak etdiyi bildirilir.

Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülüb.

Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyini öyrənmək üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəqabət və məhəbbətini qazanacağından xəbər verir. Lakin, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) ilə də bağlı olacağı deyilir. Atası qızını məktəbə verir. On səkkiz yaşınadək Məhsəti yaxşı təhsil görür.

Sonra Məhsəti 12 muğamı və bunların 24 şöbəsini öyrənir. O, həmçinin, musiqiçilərdən cəng, ud və bərbad alətlərində çalmağı öyrənir. Camaat heyrətlə ondan soruşur: “Bu necə olur? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan?” Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat adlanan məhəlləsində yaşayır. 

Gəncə xətibinin yeganə oğlu olan Əmir Əhmədlə Məhsəti bir-birlərinə aşiq olurlar. Gəncə şahının şairənin birdəfəlik saraya köçməsi tələbinə görə Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır, şer yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhmədddir. Dastanın sonunda bildirilir ki, sevgililər doğma Gəncəyə qayıdır, öz nigahlarını rəsmi şəkildə bağlayırlar və bu nigahdan onların iki övlad olur. 

Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə o qədər göz yaşı tökür ki, axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra iki il yaşaya bilir.

Dastanda Məhsətinin Nizami Gəncəvinin yanında basdırıldığı göstərilir. Doğrudan da 1923-cü ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi də tapılmışdır. Onların tanışlığını sübut edən Nizaminin bir şerini göstərmək olar. Bu misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edilir:

Sənin sənətin musiqi çalmaqdırsa,   

Mən zil və bəm səsləri dinləmək istəyirəm

Sürməli kipriklərini yana dartma

Bir ox at, közləyirəm

Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,

Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.

Görürəm, əbəs yerə uğura ümid bağlamışam,

Mən son nəfəsimlə səni çağırıram.

Nizami öz canını sənə bağışlayır – 

Qəbul et, necə ki, mən iztirabları qəbul edirəm…

İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanını tərtib etmişdir. 

Məhsəti Gəncəvinin rübailəri təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə heykəli ucaldılmışdır.

İlkin mənbə: Məhsəti Gəncəvi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖMRÜN HARMONİYA YAŞINDA – MÜSAHİBƏ

“Ulduz”un aprel sayında Xalq yazıçısı Çingiz AbdullayevTaleh Mansur un müsahibəsi yayımlanıb. Həmin müsahibəni təqdim edirik:

ÖMRÜN HARMONİYA YAŞINDA

Xalq yazıçısı Çingiz Abdullayevlə Azərbaycan Yazıçılar Birliyindəki iş otağında görüşdük. Bura həm də əfsanəvi Dronqonun yaşadığı ünvandı… Bura həm də Çingiz Abdullayevi yaşadan ünvandı. Yaşayan və yaşadan ünvandayam… Bilənlər bilir, Çingiz müəllimin Yazıçılar Birliyindəki kabinetinin böyük bir hissə­sini fərqli dillərdə çap olunmuş kitabları­nın saxlandığı rəflər tutur. Divar boyu uza­nan kitab rəfləri qala divarlarını xatırladır. Belə demək mümkünsə, Çingiz Abdulla­yev öz kitablarından inşa edilmiş qəsrin içərisində qərar tutub. “Qurub-yaratmaq”, “tikmək”, “qələmə almaq” kimi leksik mə­nalara malik olan “inşa etmək” ifadəsi bu məqamda və sözün bütün mənalarında yerinə düşür. Bu qəsrin qala divarlarının hər daşı bir kitabdı. Bu kitab qəsr Çingiz Abdullayevi, Çingiz Abdullayev də bu qəsri qoruyur. O bu qalanı ucaldıb ki, şöhrəti dünyanın hər yerindən görünsün. Onunla həmsöhbət olmaq üçün bu qala di­varların kitab ruhundan keçməlisən. Dünyanın gördüyü – dünyanı görən yazı­çımızın 66 yaşı tamam olur. Yaşına hardan baxsan, 66-dı, elə əsərlərinə də hardan baxsan, yazıçıdı.Onu dünya oxucusu asan­lıqla qəbul edir, biz özümüz qəbul etməkdə ləngiyirik. Siyasi detektiv janrının ən böyük tələbi həqiqət və yazıçı təxəyyü­lünü bir araya gətirməkdir. Çingiz Abdul­layev həqiqətlə təxəyyülü bədən və ruh kimi qovuşdurmaqla hadisələri insan, dü­şüncə halına salır. Elə buna görədir ki, qə­ləmə aldıqları dünyanın düşünən insan­larına doğma və tanış gəlir. Soyuqqanlı və polad kimi möhkəm bədii obrazları bəzən elə humanist şəkildə özünü büruzə verir ki, ən daşürəkli oxucunun belə ürəyi muma dönür. Onun haqqında yazmaq çətindi, çünki haqqında deyilməli olanları milyon­lar xorla, bir ağızdan, əsər kimi, şərqi kimi oxuyurlar. Onun çevik qəhrəmanları ilə ayaqlaşmayan oxucuları çox vaxt qisası yazıçının özündən alır. Aramızda sadə və sakit şəkildə dolaşan yazıçıya hansı tərəf­dən baxsan, böyükdür. Görünüş və görünən arasında çək-çevir onun haqqında mürək­kəb və çətin anlaşılan fikirlər formalaşdı­rır. Məncə, Çingiz Abdullayev bu mənada çətinlik çəkmir, əsərlərindəki obrazları
yaradarkən özünə fərqli rakurslardan baxmağı kifayət edir. Onun qəhrəmanlarının cisminə görünən yazıçının görünməyən ruhsal bir əksi düşür.

  • Çingiz müəllim, müsahibələrinizi izləyirəm, jurnalistlər sizinlə daha çox Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq həmsöhbət olurlar. Sanki Xalq yazıçısı Çingiz Abdullayev bir balaca arxa plana keçib. Sizə katib olaraq da­nışmaq xoşdu, ya yazıçı olaraq?
  • Mən insan olaraq danışmaqdan zövq alıram. Mənimçün yazıçı sözü böyük əhəmiyyət kəsb edir. Mənim düşüncəmdə qələm sahibi dünya və dünyalar yarada bilən bir varlıqdı: Nizami kimi, Homer kimi, Tolstoy kimi, Dante kimi… Heç vaxt özümə böyük yazıçı deməmişəm. Həmişə deyirəm ki, Yazıçılar Birliyinin 2800 dahi üzvü var. Burda dahi olmayan bir tək mənəm.
  • Həyatınızda və yaradıcılığınızda hər şey sürətlə dəyişir. Səhv eləmirəmsə, əsərləriniz 34 dilə çevrilib. Əsərləriniz hansı dildə özünü yaxşı hiss edir, hansı dildə rahat nəfəs alır?
  • Onu dəqiq deyə bilmərəm. Bilirəm ki, əsərlərim Rusiyada, Qazaxıstanda, Fransada, Almaniyada, Polşada, Rumıniyada, Böyük Britaniyada, Türkiyədə, Çin­də, Vyetnamda, ərəb ölkələrində, xüsusilə Latviyada sevilir. Bəlkə də, əsərlərimin Latviyada daha çox sevilməsinə səbəb çoxseriyalı “Dronqo” serialına latviyalı aktyor İvar Kalnınşın çəkilməsidir. Görünür, hansısa mətləblərə toxuna bili­rəm ki, bir-birinə bənzəməyən, fərqli mə­dəniyyətə və ədəbiyyata malik xalqlar mə­ni yazıçı olaraq qəbul edirlər. Əsərlərim hansı ölkədə sevilirsə, o ölkənin dilində də rahat nəfəs alırlar. Yazıçı dünyanı və in­sanları sevməlidir. Bir ölkəni yazıçıya həm də həmin ölkənin oxucuları doğmalaşdırır. Bax Ukraynada illərdi davam edən müha­ribəni hamı kimi, mən də ürək ağrısıyla iz­ləyirəm. Ukraynada mənim çoxlu oxucu­larım, sevənlərim var. Mən həm də yazıçı olaraq oxucularımın müharibə qurbanları­na çevrilməsinə kədərlənirəm. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, yazıçı hər bir oxucusunun qayğısına qal­malı, sevincinə sevinməli, kədərinə də kə- dərlənməlidi.
  • Detektiv əsərlərin oxucusu praq­matik və intellektual olmalıdır. Ürək, duyğular, düşüncələr öz yerində, mən­tiqi təfəkkür və fəhm də hər zaman iş başında olmalıdır. Bu mənada, oxucu­larınızın hazırlığı sizi qane edirmi? De­mək istədiklərinizi bütövlüklə anlaya bilirlərmi?
  • Mən oxucularımdan yerlə göy qədər razıyam. Bəzən qərəzli şəkildə yazdıqlarımı və oxucularımı görməzdən gəlirlər. Düşünmürlər ki, oxucularım arasında tanınmış simalar, incəsənət və siyasət adam­ları da var. Bax bu yaxınlarda Şuşada Gürcüstanın şahmat əfsanəsi, 16 il şahmat tacını özündə saxlamış Nona Qabrindaşvili yaxınlaşıb dedi ki, siz mənim ən sevimli yazıçımsınız. Moskvaya yolum düşəndə yalnız sizin kitablarınızı alıram. Bəlkə də, kiməsə bu, sıradan bir etiraf kimi gələ bilər, amma əfsanəvi idmançının bir azərbaycanlı yazıçıya rəğbəti, həqiqətən, böyük əhəmiyyət kəsb edir. Buna təkcə Çingiz Abdullayev yox, hamı sevinməlidir. Yaxud Qırğızıstanın birinci prezidenti Əs­gər Akayev öz ölkəsində oxucularım tərə­findən yaradılmış klubun fəaliyyət göstər­diyini demişdi. Sonralar Yazıçılar Birliy­inin mətbuat katibi Xəyal Rza Qırğızıstana səfər edəndə mənə zəng vurmuşdu ki, həqiqətən, burda belə bir klub fəaliyyət göstərir. Sədri də bir zamanlar Qırğızıstanın prezidenti olmuş Roza Atumbayevadı. Yeri gəlmişkən, bir neçə dövlət başçısı əsərlərimi oxuyur. Fəxr edirəm ki, ölkəmiz­in prezidenti, Ali Baş Komandan İlham Əliyev mənim əsərlərimi oxuyur, qiymətləndirir. Dmitri Medvedyev də Rusiya Pre­zidenti olanda məni mükafatlandırmışdı. Ümumiyyətlə, 11 ölkənin orden və me­dalları ilə təltif olunmuşam, 5 universite­tin fəxri professoruyam. ABŞ-nin “Chris­tian Science Monitor” qəzeti məni siyasi detektiv janrı üzrə ən yaxşı yazıçılardan biri olaraq qəbul edir. Əsərlərim əsasında iki serial və 8 film çəkilib. Görünür, an­layırlar ki, şəxsimə və əsərlərimə bu cür yüksək qiymət verirlər.
  • 208 əsərin müəllifisiniz. Gərgin iş qrafikində işləyir, gün ərzində 4-5 saat yatır, bəzən isə 27 saat durmadan işlə­yirsiniz. Özünüz belə demisiniz. Düşün­mürsünüz ki, çox yazmaqla oxucularınızı yora bilərsiniz?
  • Mən səkkiz il “Neftçi”nin müşahidə şurasının sədri olmuşam. Digər illərlə müqayisədə bu zaman kəsiyində nisbətən az yazmışam. O illərdə oxucularım durmadan məndən yeni əsərlər tələb edirdilər. Hətta bir xeyli oxucum buna görə məndən küsmüşdü.Bilirsiniz, mən yazmaqdan zövq alıram. Yazmaqdan zərrə qədər də olsa, diksinsəydim, bir sətir belə yazmazdım. Bir dəfə rəhmətlik atam soruşdu ki, qonorar verməsəydilər də, bu qədər çox yazardın? O sual indinin özündə də məni düşündürür. Bilmirəm, necə yaşayardım. Nə maqazinlərim var, nə də restoranlarım. Qazanc yerim də, ümid yerim də elə ədəbiyyatdı, kitablarımdı və kinodu. Yəqin, qazancım olmasaydı da, yazardım. Çünki mən hər kitabım çapdan çıxanda uşaq kimi se­vinirəm. Mən bu sevinci davamlı yaşamaq istəyirəm, bir ömür boyu.
  • Bu məqamda Çexovun “Yazıçı çox yazmalıdır, bir şərtlə ki, tələsməsin” fikrini xatırlayıram. Tələsərək, ya rahat və aramlı yazmaq?.. Yazı prinsipiniz necədi?
  • Çexovun fikriylə tamamilə razıyam. Yazı prosesini yazıçının vicdanı sahmana salmalıdır. Özünü tərifləmək kimi çıx­masın, şükürlər olsun, məni dünyada az-çox tanıyırlar, nəşriyyatlara göndərdiyim istənilən əsər müsbət qarşılanır, yüksək dəyərləndirilir. İmzadan əlavə, görünür, həm də inanırlar ki, pis əsər yazmaram. Bax mənim ən böyük yazı prinsipim bu inama əmanət kimi baxıb ona xəyanət etməməkdir. Yəni mən hansısa yeni əsərimdə, sadəcə, «Ata, ana… ana, ata» yaz­sam da, qəbul ediləcək, dəyərləndiriləcək. Amma mən heç vaxt belə əsər yazmaram,
    qəbul edə bilmərəm. Yazıçı vicdanım buna yol verməz.
  • Öz əsərlərinizi yuxuda gör­düyünüzü demisiniz. Halbuki az yatıb, çox yazırsınız. Bu paradoksu nə cür izah edərdiniz?
  • Mən mənə lazım olan yuxunu elə burdaca, qısa müddətdə, sizinlə söhbət edərək də yatıb görə bilərəm. Olmayıb ki, nə vaxtsa yatım, lakin yuxu görməyim. Mütəmadi olaraq yuxular görürəm, hər gün, hər yatanda. Görünür, beyin hər zaman düşünür deyə, hər yatanda azı 2-3 yuxu görürəm. Yuxu mənim ikinci həyatımdı. Orda da real həyatdakı kimi səfərlərə gedirəm, səfərlərdən qayıdıram, tədbirlərə qatılıram, insanlarla söhbətləşirəm və s.
  • Görmək istəmədiyiniz, lakin tez- tez gördüyünüz yuxu varmı?
  • Xeyr, qətiyyən.Yalnız görmək istə­diyim yuxuları görürəm. Adətən, uşaqlar pis yuxulardan qorxurlar. Mən hələ uşaq­lıqdan özümə təlqin eləmişdim ki, gör­düyüm yuxuların sahibi mənəm, orda heç nə və heç kim məni qorxuda bilməz. Nə cür yuxu görməyimdən asılı olmayaraq, böyüdükcə yuxularımda cərəyan edən ha­disələri idarə etməyi öyrəndim. Hökm edə bilmədiyim, idarəçiliyimdən çıxan yuxu­lardan dərhal oyanırdım. Bəlkə də, bu, yazıçı xarakterimdən irəli gəlir: hər şeyi ürəyimə yatan kimi, düşündüyüm kimi görmək.
  • 23 yaşınızda qələmə aldığınız “Mavi mələklər”i indi – 43 il sonra tək­rar qələmə alsaydınız, nələri dəyişər­diniz? Yoxsa 23 yaşınızda yazdıqlarınız hələ də sizi qane edir?
  • Dəyişməzdim, sadəcə, çox şeyi redaktə edərdim. İndinin özündə də yazıb bitirdiyim əsərləri dəfələrlə redaktə edi­rəm. Deyirlər ki, Balzak əsərlərini 11 dəfə redaktə edir, əlavələr edir, hətta yenidən yazırmış. Tolstoy «Hərb və sülh»ün 8-9 dəfə üzünü çıxarıbmış. Düzdü, özümü
    Balzak və ya Tolstoy hesab etmirəm, sadəcə, mən də onlar kimi əsərlərimi daha mükəmməl hala salmaq üçün dönə-dönə redaktə etməli oluram. Bir əsərimi yazıb bitirəndən sonra itirsəm, onu ikinci dəfə yaza bilmərəm, bacarmaram. Əvəzində yeni bir əsər yazmış olaram.
  • İlk baxışdan soyuqqanlı təsiri bağışlayırsınız. Bu yaxınlarda Xalq yazıçısı Mirzə İbrahimova həsr edilmiş tədbirdə xatirələrinizi bölüşərkən səsiniz titrədi, gözləriniz doldu. Adam var, mərhəmətli deyil, elə görünməyə çalışır. Siz isə ək­sinə, soyuqqanlı görünməyə çalışırsınız. Bu nədən irəli gəlir?
  • Görünür, bu, yazıçılığımdan yox, peşəmdən qaynaqlanır. Unutmayın ki, mən həm də hüquqşünasam. Təmkinli ol­maq, olduğum kimi deyil, lazım gəldiyi ki­mi görünmək kimi davranışlarım peşəmdən irəli gəlir. Belə demək mümkünsə, hisslərimi idarə etmək peşəmin diktəsidir.
  • “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” kimi əsərləriniz var. Əclafların obrazının ya­ratmaq çətindi, ya vicdanlı və dürüst adamların?
  • O əsərlər yazılanda Azərbaycan mürəkkəb bir tarixi dövrdən keçirdi: siyasi çəkişmələr, müharibələr-filan… Kimiydi əclaflar, yalnız var-dövlət düşünənlər, torpağı satanlar, əli günahsız insanların qanına batanlar… Belə adamların nəinki vicdanı, heç Allahı da olmur. “Əclafların qanunu” rus dilində “Закон негодяев”dir. Tərcümə ediləndə təklif elədilər ki, «Yaramazların qanunu» kimi getsin. Etiraz elədim, dedim, daha sərt söz olmalıdı, elə «Əclafların qanunu» kimi. Bu söz daha çox əsərin ab-havasını ifadə edir. İndi də belə insanlar var, amma o vaxt daha çox idi.
    Əclafların və ya vicdanlı adamları yarat­mağa gəlincə, pis adamların obrazını ya­ratmaq yazıçıdan daha çox bacarıq tələb edir. Belə obrazları yaratmaq mürəkkəb və maraqlıdı. Nifrətlə qarşılansa da, əsərlərə marağı elə bu cür mənfi obrazlar yaradırlar. Qeyd edim ki, mənim «Abırlı adam» adlı əsərim də var. O əsər də “Abırlı adam necə olmalıdı?” sualının cavabıdı.
  • Müsahibələriniz də əsərləriniz kimi çox oxunur. Belə bir fikir yaranır ki, sizi daha çox tanıyırlar.
  • Məncə, məni daha az tanıyırlar. Misal üçün, indiyəcəndə təəccüblə yanaşan adamlar var ki, 20 Yanvar faciəsindən bəhs edən ilk kitabın -“Qara Yanvar”m müəllifi Çingiz Abdullayevdi? Bu kitabı iki gün ərzində ərsəyə gətirmişəm. İndi-indi bilirəm ki, bu kitaba görə məni həbs eləməyə hazırlaşırmışlar. Sovet ordusunun Bakıda qırğın törətdiyi bir dövrdə bunu etmək böyük cə­sarət tələb edirdi. İndi qəhrəman olmağa nə var ki?
    Çoxları bilmir ki, siyasi detektiv jan­rında yazılmış əsərlərlə yanaşı, tarixi və publisistik kitabların da müəllifiyəm. Bir zamanlar «Bakinski raboçi» qazetində dərc etdiyim məqalə ilə Zori Balayanın Azərbaycan xalqına qarşı yönəlmiş böhtan və yalanlarını tarixi faktlarla ifşa etmişəm. Zori Balayan və Ter-Petrosyanla bağlı kitablarım nəşr olunub.
  • Qorki deyirdi ki, əlimə qələm al­mazdan öncə üç sual verirəm özümə: nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm? Siz yazmağa başlayarkən nə düşünür­sünüz?
  • Mən ona görə yazıram ki, susa bilmirəm. Kimsə Çingiz Abdullayev yaza bilmir deyəndə elə bilirəm, ən sevdiyim qadına olan sevgimi, sevmək bacarığımı ələ salırlar, inamsızlıq edirlər. Mən əsər­lərimi təkcə yazmıram, o əsərlərin içəri­sində yaşayıram, qəhrəmanlanmla danışıram, onlar evimə qonaq gəlirlər, mən onlara qonaq gedirəm. Onlarla daha yaxından tanış oluram ki, əsərlərim daha inandırıcı, daha təsirli alınsın. Mən ya­zanda xoşbəxt oluram, sevinirəm. Belə demək mümkünsə, həm də özümü inan­dırmaq, xoşbəxt etmək üçün yazıram. Həmişə gənclərə də tövsiyə edirəm, yazıçı qonorarı, ordeni, medalı, mükafatı fikirləşməməlidi, yazdığı əsərin qayğısına qal­malıdı, özünə oxucu toplamağın yollarını axtarmalıdı. Əgər yazdığın əsər özünə maraqsız gəlirsə, doğmalarının zövqünü belə oxşamırsa, səni dünya necə qəbul edə bilər? Bu gün milyonlarla kitab, yüz minlərlə əsər var. Bu qədər əsərin içərisində yazdıqlarının özünə yer tutması çox çətin məsələdi. Məndən soruşurlar ki, istərdinizmi övladlarınız yazıçı olsun. Cavab verirəm ki, xeyr, Allah eləməsin. Hətta Allah eləməsin. Yazıçılıq faciəvi peşədi. İndi hətta rəssamları və bəstəkarları belə müəyyən qədər başa düşür, qəbul edirlər. Yazıçıların bu mənada bəxti o qədər də gətirməyib. Çətindi bu yolu getmək, heç kim uğurlu olacağına zəmanət verə bilmir. Ümumiyyətlə, ömrünü yazmağa həsr elə­miş yazıçının ən böyük faciəsi onun oxunmamağıdı.
  • Müsahibələrinizin birində əfsanəvi qəhrəmanınız “Dronqonu öldürə bil­mərəm” demişdiniz. Bəs o necə, sizi öl­dürə bilərmi?
  • Mən Dronqonu bir dəfə öldür­müşdüm, Emin Sabitoğlu zəng vurdu ki, sən neynirsən, Dronqonu öldürmək olar? Onda özümə söz verdim ki, bir də Dron­qonu öldürməyəcəm. Mən bundan sonra Dronqonu öldürə bilmərəm, əksinə, o mə­ni öldürə bilər. Dronqo məndən də güclü və məşhurdu. Ondan nə desən, gözləmək olar. Onu mən yaratsam da, məni kölgədə qoya bilib. Dünyanın fərqli ölkələrində, Moskvada, Kievdə, Dərbənddə və başqa şəhərlərdə Dronqonun adını daşıyan restoran və klublar var. Dünyada Dronqonun adını daşıyan 6 qadın klubu var. Hətta klublardan birinin 137 nəfər üzvü var. Belə klublara kişilər üzv qəbul edilmir.
    Yalnız Bakıdakı qadın klubuna bir kişini qəbul ediblər, o da mənəm (gülür).
  • Amerika yazıçısı Con Qrin sözün addımlamağını, fikrin isə uçmağını ya­zıçı əzabı hesab edir. Bəs Çingiz Abdullayeva görə, yazıçının səfası nədir?
  • Yazıçı səfası nə mükafatdı, nə qonorardı, nə də təltif. Yenə deyirəm, əsl yazıçı səfası onun əsərlərinin oxunmasıdı. Onun sevilməsidi, hörmət və nüfuzudu. Hüqo deyirdi ki, yazıçın 80 oxucusu olmalıdı. Bu fikirlə razılaşmıram, mənim 80 oxucum olsaydı, ürəyim dayanardı. Əsərlərim təxminən 32 milyona yaxın tirajla çap olunub. Bunu, sadəcə, statistika olaraq demirəm. Bu əsərlərin konkret siyahısı da var. Həmin siyahıda hər bir ki­tabın harda, nə zaman və hansı tirajla nəşr olunduğu öz əksini tapıb. Bax mənim iş ota­ğımda dünyanın fərqli ölkələrində və fərqli dillərində çap edilmiş əsərlərimin bir hissəsi-təxmini 180 adda kitab var…
    Söhbətin bu yerində Çingiz müəllim ayağa qalxıb divar boyu uzanan rəfləri açır. Bir-bir kitabları göstərir.
  • Bax bu, İsveçdə nəşr olunmuş kitabımdı, bu, Fransada, bu, Bolqarıstanda, bu da Türkiyədə, Latviyada, Gürcüstanda, Almaniyada, Estoniyada, Ruminyada, Polşada, Böyük Britaniyada, Bosniya və Hersoqovinada, ABŞ-də və s. Burda 400 min tirajla çıxmış bir kitabım da var. Bəzi millət vəkillərimiz deyir ki, biz Avropa parlamentində oturub əsərlərinizi oxuyan əcnəbi parlamentarilər görmüşük. Bir yazıçı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Ancaq o da həqiqətdir ki, yazıçının əzabları daha çoxdur. Ən böyük əzab elə yazı prosesidi.
  • Heç yazıçı olduğunuza görə, hansısa əsəri yazdığınıza görə peşmanlıq hissi keçirmisinizmi?
  • 50 yaşımda soruşdular ki, bu günədək yaşadıqlarımzdan nəyisə dəyişmək istərdinizmi? Cavab verdim ki, xeyr. Nə ömrümün yaşanmış hansısa bir günü üçün təəssüflənmişəm, nə də yazdığım bir əsər üçün peşmanlıq hissi keçirmişəm. Nə yaşamışam, ömrümdəndi, nə yazmışam, mənimdi. Amma ömrümdə iki gün var ki, onların mümkün qədər ertələnməsini istəyərdim. Həmin iki gün anamı və atamı itirdiyim günlərdi… Belə deyəndə sual verirlər ki, valideynləriniz dünyasını cavan dəyişib? Deyirəm, yox, atam 81, anam isə 87 yaşında yaşında dünyasını dəyişib. Təəccüblənirlər, soruşurlar ki, valideynlərinizin nə qədər yaşamaqlarını istəyir­diniz? İstəyirdiniz, 200 il yaşasınlar? De­yirəm, bəli, hətta daha çox yaşamaqlarını istərdim. Naşükürlük kimi çıxmasın, mən o xoşbəxtliyi ömrümün sonuna qədər yaşamaq arzusundaydım. Onlar nə qədər ki sağ idilər, mən özümü uşaq kimi xoşbəxt hiss edirdim. Uşaq xoşbəxtliyi böyük xoş­bəxtliyinə nisbətən daha zövqverici, daha mənalıdı.
  • 50 yaş demişkən, 50 yaşınızda 14 min adamdan təbrik almışdınız. 66 yaşa gəlib çatmısınız. Təbrik edənlərin sayı azalıb, ya çoxalıb?
  • Təbii ki, artıb. Canlı təbriklər, telefon zəngləri, sosial şəbəkələr üzərindən olan təbriklər və s. Bunlar öz yerində. Mən təkcə mənə çatan təbrikləri deyil, məni sevən oxucularımın göndərmək istəyib göndərə bilmədikləri təbriklərini də qəbul etmiş hesab edirəm özümü. Bütün təbrik­ləri və xoş sözləri eşitmək gözəldi. Təb­rikləri, qazandığım sevgini, hörməti öm­rümün uğuru, ən böyük hədiyyəsi hesab edirəm. Mənə çatan və çatmayan bütün təbrikləri əsərlərim, kitablarım qədər çox sevirəm.

Söhbətləşdi: Taleh Mansur

ÇİNGİZ ABDULLAYEİN YAZILARI

TALEH MANSURUN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ana dilində rusdilli bakılı sayağı danışan xalq yazıçısı

Ana dilində rusdilli bakılı sayağı danışan xalq yazıçısı

Hər dəfə onu görəndə Ceki Can yadıma düşür. Yəni o mənə Ceki Canı xatırladır. Ceki Can ondan düz beş il qabaq, eyni gündə Honkonqda dünyaya gəlib, amma o, heç də Ceki Candan geri qalmır, necə deyərlər, ikisi də məşhuri cahandırlar. Doğrudur, Ceki Canı əlləri, ayaqları, cəldliyi, döyüşkənliyi məşhurlaşdırıb, onu isə əsərləri aləmə tanıtdırıb. Ancaq Ceki Can öz ana dilində səlis danışa bilsə də, o, Azərbaycan dilində fikrlərini ədəbi dildə deyil, Bakı ləhcəsi ilə ifadə edir. Üzdə olan beş-on məşhur azərbaycanlıdan biridir ki, bunu ona heç kim irad tutmur. Hamı başa düşür ki, həqiqətin məxsus olduğu dil və ləhcə yoxdur, hansı dildə, hansı ləhcə ilə desən, həqiqət elə həqiqətdir…

Deyir ki:- “Mənim anam bakılı olduğundan, mən də Bakı ləhcəsinə alışmışam. Bakı ləhcəsində danışmağım təbiidir. Bunda elə bir nöqsan görmürəm. İndi nə edək, mən də belə danışıram. Nizami Gəncəvinin İtaliyada abidəsi qoyuldu. O zaman iranlılar etiraz etdilər ki, Nizami Gəncəvi fars şairidir. Biz isə abidənin üstünə italyan dilində yazmışıq ki, Azərbaycan şairi Nizami Gəncəvi. Yəni, Nizami Gəncəvi fars dilində, İsmayıl bəy Qutqaşınlı fransız dilində, Maqsud İbrahimbəyov, Çingiz Aytmatov, Oljas Süleymenov, Fazil Abduloviç İsgəndər, Vasil Bıkov rus dilində yazıblar. O zaman belə çıxır ki, onlar öz ölkələrinin yazıçıları deyillər?! Bu, gülməli səslənir. İnsan özü bilir ki, hansı dinə, millətə məxsusdur. Manqurt obrazı yaratmış Çingiz Aytmatova irad tutmaq olardı ki, siz rus dilində yazırsınız, rus yazıçısısınız? Xeyr! Mən müharibə vaxtı 8 dəfə Rusiyada çıxış etmişəm. İndi mənə necə demək olar ki, rus yazıçısıdır?! Rus yazıçısı Azərbaycanı müdafiə edərmi?! 1990-cı ildə yaşanan 20 Yanvar faciəsi haqqında rus dilində rus ordusunun, sovet ordusunun əleyhinə “Qara Yanvar” adlı kitab yazmışam. Məgər bunu rus yazıçısı yazardımı?!”

O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 189 nömrəli məktəbdə bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlasa da, bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu üzrə təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə yiyələnib. 1989-cu ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenlərnə layiq görülüb…

Hansı dildə, hansı ləhcədə danışsa da əsl ziyalıdır. Gördüklərini dilə gətirməkdən çəkinmir. Amma arada susur. Yəqin ki, nələrisə itirmək istəmir. Avropa, Asiya və eləcə də Amerikada da onu tanıyanlar var…

Onun da hamı kimi adı var- Çingiz! Soyadı isə Abdullayevdir. Bəli, Ceki Candan beş il sonra dünyaya gəlib. Biri filmlərdə yaratdığı obrazlara, o biri isə ərsəyə gətirdiyi əsərlərə görə sevilir…

Aprelin 7-si Ceki Canın 71, iki yüzdən çox kitabın müəllifi olan xalq yazıçısı Çingiz Abdullayevin isə 66 yaşları tamam olur. Hər ikisini də ad günləri münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.

Çox yaşasınlar!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayevin yeni kitabı işıq üzü görüb

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin “Xəyanət sənin adındadır” adlı yeni kitabı işıq üzü görüb. Kitabı kitab mağazalarından və internet üzərindən sifarişlə əldə etmək olar.

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

O самом большом Чуде на этой планете

Каждый раз пишу о самом большом Чуде на этой планете. В нашем мире. Рождение человека. Все время пытаюсь осознать невероятность того, что происходит. Мы примерно знаем возраст нашей галактики , возраст нашего солнца, нашей планеты. Долгий путь эволюции. И появление разумных существ. Просчитать вероятность появления Жизни. Разумной жизни! Каким образом это возможно. Математически невозможно! Опрокинута любая логика. Из неживого материала появляется разумное существо. Моцарт, Леонардо,Шекспир, Низами. Частица Бога? Как это могло получиться.? Но женщины рождают миллиарды разумных существ во всем мире и среди них появляются гении. Каждая родившая мать знает тайну жизни. Тайну этого мира. Осознание того, что есть нечто важнее собственной жизни. Может поэтому я считаю всех Женщин нашего мира создателями Чуда жизни, которое опрокидывает любые доводы рационального разума!

Müəllif: Çingiz ABDULLAYEV

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru