Etiket arxivi: RESENZİYALAR

Oktay Mehdiyevin möhtəşəm “Arqon”u – YUĞ TEATRI

08.03.2025 – Bakı ş.

“ARQON” YUĞ TEATRININ SƏHNƏSİNDƏ

Psevdosuisidal hoqqa

“Arqon” tamaşası Şəbnəm Xeyrullanın eyniadlı əsəri əsasında səhnələşdirilib. Psevdosuisidal hoqqa janrında hazırlanan bu səhnə əsərində YUĞ teatrın istedadlı sənətçisi Oqtay Mehdiyev çıxış edir (ümid edirk ki, bu əsər uzun müddət təkrar-təkrar oynanılacaq, yəni hoqqa davam edəcək). Məncə “çıxış edir” ifadəsi tamaşanın yaradıcı heyətinin:
 Quruluşçu rejissor – Ruslan İsmayılov
 Quruluşçu rəssam – Əfşan Əsədova
 Rejissor assistenti – Günel Səfərova
 Musiqilərin müəllifi – Aylin Nəcəfli

və ən əsası da YUĞ teatrın istedadlı sənətçisi Oqtay Mehdiyevin möhtəşəm ifasını təsvir etməkdə, onun gördüyü iş haqqında informasiya ötürməkdə yetərsizdir yox, çox acizdir. Oktay Mehdiyev sözün əsl mənasında hoqqa verir (verirdi -08.03.2025 – 19:00 – YUĞ TEATRININ SƏHNƏSİNDƏ). İnanırıq ki, olduqca aktual mövzular üzərində qurulub, günümüzün acı reallıqlarını şirin təbəssümlə, təsirsiz halda bizə ötürən bu hoqqabazlıq onu göstərməyə ehtiyac olduqca səhnələrəmizi bəzəyəcək.

Xronometraj: 55 dəqiqə

Qeyd: pyes YUĞ Dövlət Teatrının tərəfdaşı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalında qalib olub.

Əməyi keçən bütün yaradıcı heyəti təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

(resenziya)

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə “Molla Nəsrəddin” jurnalı ilə satirik jurnalistikanın əsasını qoydu. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Quzu”, “Dəllək”, “Rus qızı”, “Kişmiş oyunu”, “Zırrama”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” və s. kimi hekayələri vardır. Lakin bunların içində “Qurbanəli bəy” hekayəsi özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsi epik növdə, hekayə janrında yazılmışdır. Əsərin mövzusu insanın öz xarakterinə görə rəzil olması və gülüş obyektinə çevrilməsidir. “Qurbanəli bəy” hekayəsində ədib tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik tərzdə ifşa etmişdir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində pristavın evindəki yemək masasını, çəmənlikdəki məclisi, yataq insanları ən incə xırdalıqlarına qədər təsvir etmişdir. Cəlil Məmmədquluzadə təsvir ustası idi. O, qonaqlığa hazırlığı çox geniş və əhatəli təsvir etmişdir. Ədib süfrəyə düzülən o qədər çox yeməklərin təsviri ilə yazıq kəndlilərin həyatının çətinliklərini bir daha oxucuya çatdırır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində kəndlilərin acınacaqlı həyatı ilə bəylərin cah-cəlallı həyatını və kəndlilərin şərəfi, ləyaqəti ilə xalqı əzən rus məmurlarının əsl simalarını müqayisə edir. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin baş qəhrəmanı olan Qurbanəli bəy “Qapazlı” kəndinin bəyi və mülkədarıdır. Ədibin ifşaedici gülüşü Qurbanəli bəyin yaltaqlığı, ikiüzlülüyü, yüngül xasiyyəti, kobudluğu, zalımlığı, danışığı, davranışı idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin əsl simasını nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla olan rəftarında açıq bir şəkildə göstərir. Qurbanəli bəy aşağı təbəqənin adamlarını öz kobud davranışı ilə əsər boyu əzir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində rəzil insanların öz hərəkətləri nəticəsində gülüş obyektinə çevrilmələrini çox böyük məharətlə açıb göstərmişdir. Ədib “Qurbanəli bəy” hekayəsində izdihamlı məclisin səbəbkarı kimi pristavın arvadını seçməsi heç də təsadüf deyildi. Yazıçının pristavın arvadının ad qoyulan gününün belə təmtəraqlı keçirilməsinin və camaatın yarısının kəndin kənarına və təpələrə dırmaşıb maraqla naçalnikin yolunu gözləməsi səhnəsində ibrətamiz fikiləri vadır. Pristavın həyətinə toplaşan katda, yasovul və qlava mirzələrinin hamısının niyyəti rus naçalnikini görmək və ona yaltaqlanmaq idi. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində ən rəzil vəziyyətlərdən biri o idi ki, hər “naçalnik gəlir” deyiləndə kəndlilərin susdurulmasını, təhqir olunmasını, həyətə belə buraxılmamasını, baş verən hadisələrə kənardan baxmalarını elə dəqiq təsvir etmişdir ki, XX əsr kəndlisinin obrazı göz önündə canlanır. Kəndliləri əzənlərin ən başçılarından biri də “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin özünü naçalnikə, pristavın arvadına, oradakı qonaqlara yaxşı göstərməsi üçün rus dilində bilmədən danışmasını, rus itinin başını tumarlayıb, onlara xoş getsin deyə dəridən-qabıqdan çıxmasını böyük yazıçı ustalığı ilə, ən xırda incəliklərinə kimi qələmə almışdır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində Azərbaycanda idarə etmədə olan yadelli rusların təmtəraqlı həyatının təsviri ilə “Ortaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar” bu təmtəraqlı həyata kənardan baxan yazıq kəndlilərin həyatı müqayisəli təsvir olunmuşdur. Qurbanəli bəyin tək niyyəti özünü naçalnikə və oradakı qonaqlara tanıtdırmaq və onlardan rəğbət görmək idi. Qurbanəli bəyin əsl siması Kərbəlayı Qasıma olan rəftarında üzə çıxır. Ədib naçalnikin gözünün Qurbanəli bəyin atına düşməsi səhnəsində rusların azərbaycanlıların malına, torpağına olan hərisliyini çox incəliklə təsvir etmişdir. Naçalnik ata çox böyük acgözlüklə baxırdı. Qurbanəli bəy qonaqlıq müddətində özünü bütün hərəkətləri ilə rüsvay edirdi. Qurbanəli bəyin əsl rüsvay olmuş siması qonaqların hamısının onun sağlığına içməsi səhnəsində görünür. Qurbanəli bəy şadlığından az qalırdı ki, özündən getsin. O, özünü “Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm” bu sözləri ilə yadelli təbqənin qarşısında rüsvay edir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəayəsində Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırma tərzində “Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!” onun mədəniyyət anlayışını göstərmişdir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı olan çox kobud münasibətini aşpaz Əliyə, qaravaşa da göstərirdi. Qurbanəli bəyin işçiləri ilə belə kobud münasibətinin kökündə onun şəxsi keyfiyyətləri dururdu. Onun ən əsas xüsusiyyəti o idi ki, özündən mənsəbcə böyük adamın qarşısında özünü alçaldıb, xəcil edirdi. Qurbanəli bəydən fərqli olaraq, onun xanımı qaravaşla, Kərbəlayı Qasımla, aşpaz Əli ilə çox mehriban, bir ailə üzvü kimi davranırdı. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində “Qapazlı” kəndinin “Kəndin aşağısında “Əhmədxan gölü” ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan “Qapazlı” kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri” təsvirini vermişdir. Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırması tamamilə yadından çıxmışdı, çünki onun məqsədi evində qonaq qəbul etmək deyildi, onun istəyi o idi ki, həmin müddətdə tədqir olunsun. Qurbanəli bəy sonranı düşünməyib həmin an üçün yaşayan adam idi. Məhz bu xarakterinə görə də naçalnik, pristavın arvadı, oradakı qonaqlar onun evinə qonaq gələndə o onları qarşılamaq əvəzinə mələfəni götürüb çarşav kimi başına salıb, qaçıb tövlədə atın axuruna girdi. Çünki Qurbanəli bəy üçün onun nüfuzu maraqlı deyildi. Əsas olan o idi ki, həmin vaxt o hörmət görürdü. Naçalnik, pristavın arvadı, oradakı qonaqlar Qurbanəli bəyin bu xarakterindən xəbərsizcəsinə onun evinə qonaq gəlib, onun evdə olmadığını eşidib, çox təəccüb etdilər. Qurbanəli bəyin atlarını görmək istəyən naçalnik Qurbanəli bəyi axurda kəfənə bürünmüş bir şəkildə görür. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində “Qapazlı” kəndinin bəyi və mülkədarı olan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyin özünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isə yerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçı cəmiyyətdəki Qurbanəli bəylərin sonunu oxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyası yaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşası idi. Ədibin hekayəsi nadanlığa, səfalətə, savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. 

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi.

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi

(resenziya)

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi insan azadlığına, fərdin cəmiyyətdəki mövqeyinə, insan xarakterindəki ziddiyyətə toxunma baxımından müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının əsərindəki bu təzad özünü Qara Qənbər obrazının daxili düşüncələrində, fikirlərində və nəhayət əməlində özünü əks etdirir. Cəfər Cabbarlı Qara Qənbərin bütün xarakterini əsərdə tam şəkildə əks etdirir. Hekayə Qara Qənbərin keçmişinin təsviri ilə başlayır. Müəllif əsərdə obrazın həm keçmişini, həm indisini, həm də gələcəyini müqayisəli şəkildə təsvir edir. “Qara Qənbər böyük adam idi, özü də şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı” .

Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində mühitinə çox tez uyğunlaşan Qara Qənbərin öz qulluğundan çоx razı olmasını, geniş və işıqlı kabinetdə əyləşməsini, bir neçə cür telefоn işlətməsini, yanında qapıçının hazır durmasını, qapıda avtоmоbilinin, faytоnunun həmişə onu gözləməsini, qulluqçuların əmrinə hazır olmasını çox böyük yazıçı ustalığı ilə qələmə alır. Rahat həyata alışan Qara Qənbər gah telefоnu əlinə alıb оnunla-bununla çоx-çоx danışır, gah zəngi basıb qapıçıya əmr verir, gah da meşin pоrtfelini qоltuğuna alıb, avtоmоbilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Belə işləmək Qənbərə heç çətin gəlmirdi. Qəmbərin iş rejimi səhər bir neçə saat kabinetdə əyləşməkdən, həftədə də iki-üç dəfə idarə iclasında iştirak etməkdən ibarət idi. Ziddiyyətli obraz olan Qənbəri ilk vaxtlar hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbər ilk vaxtlar о qədər qulluqda işləyərdi ki, о axırda bu işlərdən sərxоş kimi оlurdu. Az qalırdı əqli uça. Lakin zaman keçdikcə onda bir çox dəyişikliklər baş verir. Qara Qənbər vəzifənin, pulun, ad-sanın, hörmətin əsirinə çevrilir. Qara Qənbər özündə ilk dəyişikliyə öz görkəmindən başlayır. O, bığlarını bəyənməyib, qırxdırmaq xəyalına düşür. Paltarını da dəyişdirib, fasоnlaşdırır. Müəyyən bir zamandan sonra Qara Qənbəri kim görsə, tanımırdı. Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində insan portretini olduqca olğun və canlı yaratmışdı. “Köhnə yоldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyоrdular. Bədəni dоlmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyоrdu və оnu çоx təşəxxüslü edirdi”.

Əsərin əvvəlində vəzifəsindən razılıq edən Qara Qənbər artıq tanışlarına rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çоx ağırdır. Yоldaş, yоrulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyоrlar”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər artıq ilk zamanlarından fərqli olaraq, fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışırdı. Bununla da işi xоd gedirdi. Güzəranı da xоş keçirdi. Qara Qənbər öz qоhumlarını da ətrafına yığmışdı. Qara Qənbərin qardaşlarını və başqa qоhumlarını yanında saxlamasının tək səbəbi o idi ki,onlar Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul idilər. Bütün arzularına çatan Qənbərin fikrində bir əməl var idi. Özünü böyük mərtəbə sahibi, qanacaqlı və inteligent bir adam kimi görən Qara Qənbər yalnız arvadından narazı idi. Cəfər Cabbarlı onun arvadını belə xarakterizə edir. “Qara Qənbərin arvadı çоx sadə idi. Türkəsayaydı: gələn qоnaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi”…

Bu haldan Qənbər çоx utanardı, çəkinərdi. Onun arvadı yadına düşəndə sir-sifəti turşuyardı. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum daha da artırdı. Pullanıb, vəzifə sahibi olan Qənbər arvadını bəyənməyib, ondan ayrılmaq qərarı verir.  Cəfər Cabbarlı qonşuların sözü ilə Qara Qənbərin axır hərəkətləri analiz edir. “Qоnşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kоr eləmiş”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər obrazı ilk zamanlarından çox fərqlənirdi. O artıq evi də, arvadı da təzələmiş, keçmişini unudub təzə ömür sürürdü. Ədib Qara Qənbərin yeni arvadının təsviri ilə köhnəliklə yeniliyi müqayisəli təqdim və təhlil edir. Yeni qadının geyimi, yaşam tərzi, dili, xasiyyəti ilə Qara Qənbərin birinci xanımı müqayisə olunur. Üstünlük yeni qadına verilir. “Оnun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qоnaqlarla yaxşı rəftar edirdi. Geyimi Avrоpa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bоzbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi mоdiska parixmaxer qulluğunda hazır idilər”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin sonu olduqca müəmmalı və ibrətamiz bitir. Belə ki, başı  avtоmоbillərə, faytоnlara, teatrlara, qоnaqlara, bağlara qarışan Qara Qənbərə həyat olduqca şirinləşmişdi. Əsərin sonu olduqca gizli bitir. “Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtоmоbili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına о halda dоlanmağa başladı. Sabahı günü hamı deyоrdu ki, daha qudurqanlıq bitdi”… Ədib əsərini bu cür tamamlayır. Daha başqa fikir yazmağa gərək duymur, çünki o dövrdə gecə yoxa çıxanları heç kim gündüz axtarmırdı. Cəfər Cabbarlı əsərində olduqca ibrətli sonluq yaratmağa nail ola bilmişdir. Əsər nəfsinə qul olanların acı sonunu özündə əks etdirir. İnsanları tamahkar olmamağa çağırır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyəti. Atakişiyeva Həcər.

Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyəti

(resenziya)

Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədibin əsərinin əsas qəhrəmanı Vaqifdir, hadisələr onun ətrafında cərəyan edir. Səməd Vurğun “Vaqif” dramında onu vəzir, şair, əyilməz bir şəxsiyyət kimi təqdim edir. Əsərdə Vaqifin xalq arasında hörmətindən, şöhrətindən, saraydan şikayətindən, nüfuzundan, diplomatik hünərindən, cəsarətindən, kəskin zəkasından geniş bəhs olunur. Səməd Vurğun Vaqifin qəzəl və qoşmalarının məclislərdə ifa etməsini, xalqın ona olan böyük məhəbbətini çox yüksək qiymətləndirmişdir. Səməd Vurğun “Vaqif” dramında oxucuya göstərir ki, Vaqifin şeirləri Azərbaycan xalqının mənəvi sərvətidir. Vaqif xarakter olaraq, təbiəti və gözəllikləri vəsf edən, gözəlliyə vurğun, xeyir işə, şadlığa can atan, insanları azad və xoşbəxt görmək istəyən, şairlik əzəmətini uca tutan, insanlıq ləyaqətini hər şeydən önəmli sayan, mənən sadə və zəngin olan, düşmən qarşısında xalqı tək qoymayan, xalq hikmətini dəyərləndirən, məğrur və əyilməz insanları qiymətləndirən, təcrübəli, əyilməz, məğrur durmağı bacaran biri kimi təsvir olunmuşdur. Vaqif əsərdə vətənpərvər, humanist keyfiyyətlərə sahib insan kimi dəyərləndirilir. Səməd Vurğun Vaqifi əsərində əyilməz vicdanın böyük heykəli kimi təqdim edir. Vaqif xarici işğalçılara qarşı mübarizədə xalqını əsla tək, yalnız qoymur. O, əsərdə düşmənə qarşı barışmaz mövqe alaraq, aparıcı qüvvə kimi çıxış edir. Əsərdə Vaqif Azərbaycan xalqının siması kimi təqdim olunur. Səməd Vurğunun Vaqifə Azərbaycan xalqına göstərdiyi xidmətlərə görə böyük hörməti vardı və bu hörmətidə əsərində çox gözəl bir şəkildə əks etdirə bilmişdir. Səməd Vurğunun “Vaqif” əsərini yazmaqda bir məqsədi də o idi ki, Azərbaycan xalqının dəyərli oğlu olan Molla Pənah Vaqifin şəxsiyyətini tanıtdırsın və ona olan sevgisini bir əsərində cəmləşdirsin. Səməd Vurğunun “Vaqif” əsəri Molla Pənah Vaqifin şöhrətini xalq arasında, ədəbiyyatçılar, ziyalılar, şeir pərəstişkarları arasında çox yüksəklərə qaldırdı. Səməd Vurğunun əsas məqsədi o idi ki, Vaqifin şeirlərini, XVIII əsrdə Azərbaycan ədəbiyyatındakı mövqeyini, xidmətlərini özündə birləşdirən əsər yazsın və Vaqifi geniş tanıtdırıb, onu xalqa daha da yaxınlaşdırsın. Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək – bunların hamısı Səməd Vurğunun  Azərbaycan ədəbiyyatı tarixinə göstərdiyi xidmətlər idi. Səməd Vurğun “Vaqif” əsəri ilə Vaqif obrazını xalqa o qədər çox sevdirdi ki, çox ailə yeni doğulan övladlarına Vaqif adını verdi. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycan xalqının dahi şəxsiyyəti olan Vaqifin şəklini, heykəlini görürük. Səməd Vurğun “Vaqif” dramı ilə mədəniyyətimizdə, ədəbiyyatımızda, mənəviyyatımızda Vaqifin adını əbədiləşdirdi. Həmçinin əsər oxucuya Vətənə məhəbbət, xalqa inam, Azərbaycan dilinə, milli ənənələrimizə məhəbbət aşılayır. Səməd Vurğun “Vaqif” əsərində Vaqif obrazını xalqına, millətinə sadiq, millətinin oyanışına, milli dirçəlişinə xidmət edən insan kimi təsvir edib. Vaqif həmişə azadlıq, müstəqillik tərəfdarı kimi çıxış edib. O, Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyibdir. Səməd Vurğun Vaqifin xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin qalxmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir. “Vaqif” dramında azərbaycançılıq amili önəmli möyqedə dayanır. Səməd Vurğun Vaqifin mədəniyyətimizə, tariximizə, torpaqlarımızın qədimiliyinə, xalqımızın  müdriklikliyinə, Azərbaycan varlığının və Azərbaycan sənətinin yüksəkliyinə, böyüklüyünə göstərdiyi xidmətləri yüksək dəyərləndirmişdir. Səməd Vurğun “Vaqif” əsərində Vaqif obrazını tərənnüm etmişdir. Vaqif xalqın sevgisinə və rəğbətinə güvənərək, İbrahim xanın sarayında yaşaya bilmişdir. Onun üçün  millət, dil, vətən sevgisi daim ön planda olmuşdur. Səməd Vurğun “Vaqif” əsərində tarixi şəxsiyyətlərə və hadisələrə öz mövqeyindən münasibət göstərmişdir. Səməd Vurğun “Vaqif” dramında ayrı-ayrı şəxsiyyətlərin tarixdəki rolunu özünəməxsus şəkildə qiymətləndirməklə, onları üzə çıxarmaq, tanıtmaq və təbliğ etmək istəyirdi. Əsərdə azərbaycançılıq və vətənpərvərlik ən mühüm duyğudur. Əsərdə Azərbaycan dili Azərbaycan xalqının danışıq dili kimi yüksəklərə qaldırılır. Səməd Vurğunun Azərbaycan dilinin müasir səviyyəsinin formalaşmasında və təkmilləşməsində  əvəzsiz rolu vardır. “Vaqif” dramında Vaqif istər Qarabağ xanı İbrahim xanın sarayında, istərsə də Məhəmməd şah qacarın hüzurunda özünün dəyanətini və qürurunu qoruyub, saxlaya bilmişdir. Yazıçı Vaqifin xalqın taleyindəki rolunu, güclü və haqlı mövqeyini xalqın qəhrəmanına çevirməsi üçün əsas bir cəhət görür. Vaqif xalqın çox arzuladığı bir sənətkar idi, çünki o, haqq sözünü, ədalətli kəlməni dilinə gətirə bilirdi. O, hökmdarların hökmünün qarşısında sınmayan bir şəxsiyyət idi. Vaqif saraylarda xalqın ruhunu təmsil edən şəxsiyyət idi. Əsərdə Vaqif  XVIII əsrin məşhur Azərbaycan şairi kimi layiqli mövqedə təmsil olunmuşdur. O, İran hökmdarı Ağa Məhəmməd şah Qacara qarşı kəskin mövqedə dayanaraq, xalqının mənafeyini hər şeydən uca tuturdu. Səməd Vurğun “Vaqif” dramında Vidadi ilə Vaqifin yaxın dostluq münasibətlərinin təsviri ilə əsərdə əsl dost problemini qoymuşdur. Dostun dar və şad gündə tanınması mövzusu əsərdə aparıcıdır. Vidadi əsərdə həm dar, həm də şad günün dostu kimi təqdim olunur. Əsərdə Vaqifin xarakterinin bir çox özəllikləri Qarabağ xanı İbrahim xanla, Eldarla, Xuramanla, Əli bəylə, Əli bəyin sevgilisi Gülnarla, Şeyx Alı ilə söhbətlərində təqdim olunur. Səməd Vurğun Vaqifin bir həyat yoldaşı kimi obrazını Xuramanla olan münasibətində vermişdir. Vaqif Xuramana qarşı son dərəcə səbirli, nəzakətli, mehriban, qayğıkeş rəftar edir. Lakin vəfasız Xuraman Vaqifi məyus və peşman edir. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyətini onun oğlu olan Əli bəy ilə münasibətində göstərir. Vaqif oğluna qarşı olduqca mehriban və qayğıkeş ata idi. Səməd Vurğun Vaqifin atalıq hissini əsərdə çox dolğun bir şəkildə təsvir etmişdir. Əsərdə Vaqifin şəxsiyyəti hər tərəfli oxucuya çatdırılmışdır. Vidadi və Eldar xətti ilə dostluq məsələsinə toxunmuş, əsl dostluq problemini qabartmışdır. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyətini hər tərəfli oxucuya çatdıra bilmişdir. Əsərdə Vaqifin vəzirliyinin təsviri ilə Qarabağ xanlığının diplomatik əlaqələrinədə yer verilir. Vaqif hər bir çətinlikdən xalqına güvənərək, çıxa bilir. Səməd Vurğunun “Vaqif” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İsmayıl Şıxlının  “Dəli Kür” əsərində qadın obrazları. Atakişiyeva Həcər.

İsmayıl Şıxlının  “Dəli Kür” əsərində qadın obrazları

(resenziya)

         İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanında insan psixologiyası ən dərin qatlarına kimi yazıçı tərəfindən təsvir olunmuşdur. Əsərdə təsvir olunan qadın obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı  “Dəli Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının  “Dəli Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı, Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün Cahandar ağanı heç cür bağışlaya bilmirdi.  Zərnigar xanıma Cahandar ağanın bu hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının  “Dəli Kür” əsərinin qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi. Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır. Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki, Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə boğub, öldürür. İsmayıl Şıxlı  “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü  psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında “Dəli Kür” əsərinin çox böyük rolu vardır. Ədibin əsərdə yaratdığı qadın obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RESENZİYA MÜSABİQƏSİ ELAN OLUNDU – YAZARLAR

PDF>>> ZAUR USTAC “BB” KİTABI

“Yazarlar” jurnalı “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində RESENZİYA MÜSABİQƏSİ elan edir. Bu şipşirin, doğma Ana dilimizdə oxuyub, anlayan hər kəs müsabiqədə iştirak edə bilər. Şərtlər çox sadədir. İştirakçılar PDF variantı aşığıda təqdim olunmuş Zaur Ustacın “BB” (hekayələr) https://ustacaz.files.wordpress.com/…/zaur-ustac-bb-1.pdf kitabı və ya bu kitabda yer almış hər hansı bir hekayə haqqında öz fikirlərini yazıb zauryazar@mail.ru email ünvanına göndərirlər. Yazılar redaktəsiz, yəni göndərdiyiniz kimi çap olunacaq. Yazılar 01.09.2022-ci ildən 01.12.2022-ci ilə qədər qəbul olunacaq. 01.12.2022-ci il gecə saat 23:45-də qaliblər elan olunacaq. 29.12.2022-ci ilə qədər göndərilmiş bütün resenziyaların redaktəsiz yer aldığı kitab nəşr olunacaq və bu vaxta qədər iştirakçıların sayına uyğun Bakı şəhərində adətən kitab təqdimatları, imza günləri keçirilən məkanlardan biri vaxt da göstərilməklə YER olaraq elan ediləcək. Bütün iştirakçılara diplomlar, qaliblərə isə təyin olunmuş pul mükafatları uyğun diplomlarla birlikdə həmin gün tədbirdə açıq şəkildə təqdim olunacaq.

BİRİNCİ YER-300 AZN

İKİNCİ YER -200 AZN

ÜÇÜNCÜ YER – 100 AZN

QEYD:

Kimliyinin bilinməsini istəməyən ölkə vətəndaşları tədbirə gəlmədən mükafatlarını (yer tutduqları təqdirdə) poçt və ya kart vasitəsi ilə təyin olunduğu kimi manatla, xarici ölkə vətəndaşları isə vətəndaşları olduğu ölkənin pul vahidinə uyğun təyin olunmuş mükafatın AZN ekvivalentində (yer tutduqları təqdirdə) eyni qaydada alacaqlar. Mustafa Müseyiboğlunu rəhmətlə anır, bütün iştirakçılara uğurlar arzulayırıq.

Yazıları bu email ünvanına göndərin: zauryazar@mail.ru

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru