Etiket arxivi: Rafiq Əliyev haqqında

Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev

Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev
İnsan yaşlaşdıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir.
Bəzi insanlar dəniz kimidir. Get-gedə təmizlənir. Gözəlləşir.
Ovqatını təzələyir, sənə yeni ruh verir.
Ətrafı işıqlandırır…
Millət, xalq insanı ilə, seçilmişləri ilə tanınır.
İnsan özünü dərk edəndən, vətən məhfumunu anlamağa başlayandan könlündən, düşüncəsindən həmişə xüsusi bir istək keçir: “Özününküləri – öz millətinin nümayəndələrini ön sırada görmək”. Normal istəkdir. Tanıdıqlarını, görmək istədiklərini yüksək kürsülərdə görəndə, qazanılan titullar sırasında adını, mötəbər məclislərdə səsini eşidəndə ürəyin dağa dönür. Qürurlanırsan. Daxili bir rahatlıq tapırsan.
Mövcud elmi nəzəriyyələrə eyham kimi baxmayan, elm avtoritetləri qarşısında baş əyməyən, dünya elmi ictimaiyyəti tərəfindən qəbul və geniş istifadə olunan elmi nəzəriyyələri, o cümlədən “Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi” və “Yeni qeyri-müəyyən ədədlər hesabı” ilə millətə baş ucalığı gətirən, hamının uğurlarına sevinən, hamımızı ruhlandıran professor Rafiq Əliyev kimi.
R.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olub. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə və İranda 150-dən çox elmlər namizədi, 30 elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi elmlər doktorları sırasında bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışan alimlər var.
Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, o, Amerikadan çox əzəmətli görünür. Məşhur amerikan alimi Ronald Yager
Rafiq Əliyevin üstünlüklərindən və uğurlarından biri də dünyanın qəbul etdiyi RAFIQ ƏLIYEV MƏKTƏBİdir. Onun dünyanın aparıcı elm ocaqlarından, nüfuzlu (indeksli) jurnallarından səsi gələn tələbələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Kanada, Türkiyə, Rusiya, İran və s.) davam etdirirlər.
R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Computing”, 2000-ci ildən başlayaraq hər iki ildən bir müxtəlif şərq ölkələrində “Sistem təhlilində, qərar qəbuletmə və idarəetmədə sözlə hesablama və Soft Computing” üzrə beynəlxalq elmi konfranslar keçirilir.
O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə, Kipr və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədridir. Onun rəhbərliyi altında keçirilmiş belə konfransların sayı 30-dan çoxdur. O, bu konfransların birincisini hamımızın nağıllar, röyalar şəhəri olan doğma Təbrizdə keçirib. Bu da təsadüfü deyil. Rafiq müəllim o illəri belə xatırlayır: “Təbriz mənim yuxularımın şəhəri idi. Tanrı elə qismət elədi ki, 3 il Təbriz Universitetində çalışmalı oldum (1992-1994, ildə 3 dəfə 1 ay). Bu illər ərzində yeni ixtisaslar açdıq, elmlər doktorları hazırladıq, müasir elm sahələri üzrə ingilis dilində 3 kitab dərc elətdirdik. Ancaq düşünürdüm ki, Təbrizin adını yüksəklərə qaldırmaq, yaşatmaq üçün bu azdır. Dostum, Təbriz Universitetinin rektoru, professor Hüseyn Pur Feyzi ilə dünyada Təbrizin adını yüksəltmək üçün ilk beynəlxalq elmi konfransı Təbriz Universitetində keçirməyi qərarlaşdırdıq. Bütün elmi, təşkilati işləri həyata keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən – Amerika, Almaniya, Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrdən – 500-ə yaxın alim və mütəxəssislər gəlmişdilər. Konfransa bir neçə gün qalmış belə bir fikir irəli sürüldü ki, bu konfrans Tehranda keçirilsin. Mən qətiyyətlə bildirdim ki, bu elmi konfransın keçirilmə yeri Təbriz olmalıdır. Dünya Təbrizi qoy bir elmi mərkəz kimi də tanısın. Bu təkid nəticə verdi. Axı mən düşünürdüm ki, böyük Nizami demişkən;
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Konfrans çox uğurla keçdi. Bu Təbrizimizin uğuru idi”.
Rafiq Əliyev haqqında açıqlama verən Lütfi Zadə görkəmli professorun “İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala biləcəyini deyib. (Yəni hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin).
Bütün bunları eşitdikcə qürur hissi keçirirsən.
Rafiq müəllimin dünyanın aparıcı universitetlərində tədris olunan xeyli sayda kitabları var. Adama elə gəlir ki, 74 kitabın müəllifi olan Rafiq müəllim durmadan kitab yazır. Rafiq müəllim isə kitabı qonorara, mükatafa, təltifə görə yox, ancaq yeni ideyası olanda yazır.
Bəşəriyyəti tərəqqiyə, inkişafa aparacaq, yeni nailiyyətlərin özülü qoyulacaq bu kitabların müəlifinin səninlə bir zamanda yaşaması, sənin həmvətənin olmasının özü bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, Rafiq müəllimlə eyni zamanı və eyni məkanı bölüşürük.
Biz çox zaman özümüzünkülərin – yanımızdakıların qədrini, dəyərini bilmirik. Onlar haqqında əcnəbilərin fikrini eşidəndən sonra qayıdıb ona yenidən baxmalı oluruq. Amma içimizdə hələ də tərəddüd qalır. İnana bilmirik ki, dahi deyilən adamlar bizimlə bir arada yaşaya bilərlər. Onlardan biri bizim tanıdıqlarımızdan biri ola bilər. Biz zamanında özümüzünkünləri qiymətləndirmirik. Bizi daima artıq gec olan yoxluq silkələyir. Tərpədir…
Rafiq müəllimin bütün məsələlərə yanaşması qlobaldır, fundamentaldır. Onun yanaşmasında məsələnin özündən çox onu yaradan səbəbləri – qaynaqları öyrənmək, onu törədənlərin nədənlərini açmaqdır. Hadisəni, situasiyanı, onu doğuran səbəbləri araşdıraraq nəticə çıxarmaq, fikir yürütmək məsələsidir.
Bu ən xırdadan tutmuş, ən böyük məsələlərə, hadisələrə zaman və məkan baxımını nəzərə almaqla elmi baxış etmək, əsaslanmış qərarlar qəbul etməkdən doğaraq qənaətə gəlmək bacarığıdır. Bu fikirlərdə, yanaşmalarda dəqiq elm sahəsi ilə məşğul olan adamın baxışının, gəldiyi qənaətin olduğu açıq-aydın hiss olunur. Məhz, fərqlilik də elə bundadır.
Rafiq müəllimin uğurlarının fövqündə insanın azadlığı, azad düşüncə sahibi olması dayanır. Daxili azadlığını həmişə qoruyan Rafiq müəllim hərəkətləri, davranışları ilə nümunədi. Bir də nəfsə qarşı olmağı. “İnsanı şəxsiyyət edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı adam, yaradıcı insan olsan, elmi dərəcən olsa və ya hər hansı yüksək vəzifə sahibi olsan belə, onda şəxsiyyət olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxsiyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə, onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda məhz nəfsinə hakim olanlar yaddaşlarda qalır, xatırlanır…”.
Həyat çətinliklərlə zənginləşir.
Zəhmət insanı ən uca zirvəyə qaldırır. İnsanı çətinliklər bərkidir. Püxtələşdirir.
Bir də gendən gələn şeylər var. Sən onun daşıyıcısısan. Daşıyırsan və ötürürsən.
Təmizlik, daxili saflıq, xarakter…
Rafiq müəllim təmiz yaşamaqdan, öz zəhmətinin sayəsində qazandığınla dolanmaqdan söz düşəndə daima iki şeyi misal gətirir: “Atam Ağdamda idarə müdiri işləsə də, ailəmizi ancaq maaşıyla dolandırırdı. Bu pul ailənin yeməyinə və geyiminə çatırdı. Uşaqların kitab-dəftərinə pul qalmırdı. Uşaq vaxtı barama qurdu saxlayırdıq ki, il ərzində lazım olan kitab-dəftəri ala bilək. Bir dəfə tut ağacına çıxıb budağı qıranda dəhrə əlimdən çıxıb ayağıma dəydi. O iri göy yara yeri qıçımda indi də qalır. Hər dəfə onu görəndə o günləri xatırlayıram. Qıçımdakı o göyərti mənim “Həyat mayakımdır”.
“Moskvada aspiranturada oxuduğum illəri tez-tez xatırlayıram. Təzə evlənmişdik. Aldığım təqaüd ayın axırına çatmırdı. Aidə xanım utana-utana mağazadan bir alma, iki kartof alırdı. Amma mənə heç nə demirdi. Sonra müdafiə etdim. Maaşım artdı. Ev aldım. Mükafat aldım. Kitablarım çıxmağa başladı…. İmkanlarım xeyli genişləndi. Amma o günləri heç vaxt unutmadım…
Bir dəfə elmi rəhbərim bizi evinə qonaq çağırdı. Qış vaxtı idi. Aidə xanım nazik ayaqqabı geymişdi. Professor Petrov ayaqqabını görüb təəccübləndi ki, qarda belə ayaqqabımı geyərlər? Dinmədik. Deyə bilməzdik ki, elə olanı budur. Yəni biz bu əzablardan keçib gəlmişik”.
Rafiq müəllim çox dözümlüdür. Ən ağır hadisələrə, situasiyalara müdrikcəsinə yanaşma var bu müdrik insanda. Yaxınlarını, doğmalarını belə əsəbləşdirən, özündən çıxaran insanlara, hadisələrə ötəri bir təbəssümlə yanaşır. Alim olmayıb özünü alim kimi (hətta dünya səviyyəli alim kimi) təqdim edənlərə də, danışıqlarında özü olmayanlara da, yalançı vətənpərvərlərə də. “O da elədi. Mən onu olduğu kimi qəbul edirəm”, söyləyir. Emosiyasız. Sakitcə… Böyük olaraq. “Siz ona niyə elə reaksiya verirsiz. Hamı eyni cür olsa, dünya yeknəsək olar” deyərək.
Onun təbəssümü qarşısında boşalırsan, yumşalırsan. Qeyri-ixtiyari sən də olanları elə o təbəssümlə də qarşılamalı olursan. Hər halda o anda…
İlk baxışdan, danışıqdan, təmasdan sadə, sakit görünən, səsində, baxışında daima qəribə bir mülayimlik hiss olunan bu insanda işinə, yoluna, əqidəsinə qarşı inanılmaz bir prinsipiallıq var. Dönməzlik var. Və bir də xoşlamadığı, fikir və düşüncələri üst-üstə düşməyən insanların yaxşı işini görəndə, xoş xəbərini eşidəndə onları o məqam üçün qiymətləndirməsi və hadisəyə sevinməsi. Bəlkə də budur insanların ona olan sevgisinin səbəbi.
“Dünyanın tanınmış alimisiz, tez-tez elmi konfranslarda sədr, ya iştirakçı kimi iştirak etmək üçün ABŞ-a, Avropa ölkələrinə getməli olursunuz. Niyə gedib ABŞ-da, ya Avropa ölkələrinin birində yaşamırsız?” – deyə soruşanlara, “mən indi işğalda olan Qarabağda doğulmuşam. Onu bu vəziyyətdə qoyub hara gedim?” – cavabını verən Rafiq müəllim söhbətlərində, hətta elmi müsahibələrindəki pauzalarda da xəyalən o yerlərə gedir. O yerləri gəzib gəlir. Ağdamdakı, evlərinin eyvanındakı mizin siyirtməsində qalan uşaqlıq xatirələrini yada salır. Olanlardan-keçənlərdən danışır. O illərlə söhbət edirmiş kimi…
Musiqini çox sevir. Bəlkə də bu onun doğulub boya-başa çatdığı yerlə, məkanla – Qarabağla bağlıdır. Klassik musiqini, muğamları, bəstəkar mahnılarını sevə-sevə dinləyir. Orta məktəbdə tar sinfinə getməsi ona musiqi ilə bağlı fikrini bildirmək imkanı verir. “Zəminxarə”yə qulaq asmaqdan doymur.
İnsan kənara çıxdıqca Vətənini, yurdunu və millətini daha çox sevməyə başlayır.
Yəqin məsafə sevgiylə düz mütənasibdir.
Dünyanın harasında olursa olsun, onun adının yanında, adıyla yanaşı Azərbaycanın, Ağdamın, doğulduğu Novruzlu kəndinin adının yazılması, səslənməsi və onunla bağlı, əsasən də xarici dilli yazılarda bu adların olması ona xüsusi xoş bir əhval-ruhiyyə gətirir. Zövq verir. “Mən yurdumu, vətənimi, Azərbaycanımı dünyada tanıtmağa çalışıram”, söyləyir. Fikirləri, düşüncələri, ideyaları ilə dünyanı gəzən, dünyanın elm nəhənglərini öz düşüncəsi, ideyaları ilə təccübləndirən bu adamın məmləkətinə, millətinə xüsusi bir sevgisi var.
Hər şeydə nəfsini saxlaya bilən Rafiq müəllim dostlara olan sevgi nəfsini saxlaya bilmir. Düşüncəsi, əqidəsi üst-üstə düşən insanları görəndə, “Bu gün mən daha çox qazandım”, – deyir. “Sizləri tanıdım. Dost qazandım”, – söyləyir. İnsanın yeni nailiyyətinə, uğuruna çox sevinir. Demokratik düşüncəli, daxilən azad insan görəndə, “hələ bu millət ölməyib, öləziyib”, – deyərək, daxilən bir rahatlıq tapır.
Milləti, xalqı, dövləti tanıdan, ucaldan hər kəsin uğurunu öz uğuru sayır. Uğura sevinir.
Nə yaxşı ki, sevə-sevə ömrünü həsr etdiyi elm sahəsi var. Ona, ölkəsinə, hamımıza uğur və sevinc gətirən elmi nailiyyətləri var. Gözəl övladları, nəvələri. Bir də dəyər verdiyi yaxşı dostları var.
Rafiq müəllim ayrılıqdan da ayrıla bilmir. Ayrılmaq istəmir. Qarabağ itkisindən sonra onun da içində bir həsrət, ayrılıq var. Yurd həsrəti. Yurd ayrılığı. Bu ayrılıqların üstünə bir əbədi ayrılıq da gəldi. Onu xatirələrin qoynuna alıb aparan, hər an yada salan, yadlaşmayan, onu tək buraxmayan həyat yoldaşı Aidə xanımın ayrılığı…
Rafiq müəllim son vaxtlar bağ evinə ancaq dostları ilə gedir. Hər dəfə hamı oranı tərk edəndə bağı bir neçə dəfə təkcə addımlamağa başlayır. Hərdən əlini çənəsinə dayayaraq nələrəsə cavab verirmiş kimi dayanıb gözünü bir nöqtəyə zilləyir. Üzünün ifadəsi dəyişir. Baxışlar dəyişir…
Sanki “Ayrılıq nə yaman çətin, ağır olurmuş”, – söyləyir özü-özünə. Heç kim onu o ovqatdan ayırmaq istəmir. Hamı bilir ki, o, indi tək deyil. (Əslində son vaxtlar həmişə belə olur.) Yanındakı xəyalıyla üstünü qum örtmüş köhnə addım izlərinin üzəri ilə qoşa addımlarla həyəti gəzməyə başlayır. Hərdən budağı yuxarı qaldırır ki, yanındakına toxunmasın. Əlini qolundan keçən əlin üstünə qoyub yanındakına nəsə pıçıldayır, nəyisə xatırladır. Ağacın yarpağını sığallayır, çiçəyini qoxlamaq üçün ona tərəf əyir. Uzaqlardakı, xatirələrdəki sevincli günləri sanki təzədən yaşayır. Həyətin sonundakı hasara çatıb dayanır. Bir vaxtlar yaşıl, güllü-çiçəkli bağın nə tez solduğunu, saraldığını sanki indi görür. İndi hiss edir. Geriyə dönüb ətrafa saralan, quruyan güllərə, çiçəklərə baxır… O, olan hər yerlərdə onu axtarır. Sonda başını qaldırıb yoxluğu evin eyvanında axtarır. Səhərlər, axşamüstü o eyvandan bəslədiyi güllərə, çiçəklərə, ağaclara və ona baxan, ONA…….
Üzünə qonmuş müvəqqəti təbəssüm sönür. Gözündəki sevinc yox olur. Dayanıb uzaqlara baxır.
Həyət qapısı bağlanmamış bir də geri dönüb olanları yerinə qoyur. Xatirələri bir həftəlik könülsüz baş-başa buraxıb, artıq o, doğma, sevinci yox olmuş, şənliyi sönmüş bağ evindən çıxır…
Ən çox danışan sükutdur, deyirlər. Rafiq müəllimin sükutu adama hər şeyi deyir. Eşitmək istədiyini də, demək istədiyini də. Onunçün pauza fikirlə qərar arasındakı son aralıqdır. Qərarlaşma zamanıdır.
Söhbət, danışıq əsnasında yaranan pauzadan sonra bilirsən ki, fikrin tam əhatəli yekunu veriləcək.
Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Hər bir ölkə istəyər ki, onun Rafiq Əliyev kimi alimi olsun. Lütfi Zadə.
Rafiq müəllim həqiqətən xalq üçün, millət üçün lazım olan çox əziz bir varlıqdır. Töhfədir. Bu reallıqdır.
Aristotel məntiqini qəbul etməyən, 0-la 1 arasında nə qədər rəqəmlərin, ağla qara arasında çoxlu sayda rənglərin, rəng birləşmələrin, kəskin fərqlər arasındakı keçidlərin olduğunu sübut edən, bunlarla bağlı yeni nəzəriyyələr yaradan adamın niyə daha çox qara geydiyi başa düşülən deyil. (Onun qara rəngi sevdiyini bilirəm). Bəlkə bu onun xarici görünüşünün eyniyyətinə oxşarlığından doğur. Bəlkə də…
Dümağ saçı qarayanız sifətinə, ümumi ortamda bir uyğunluq gətirir. Rafiq müəllimin qarayanız üzündə bir parıltı var.
Özü nefti sevməsə də, nədənsə Rafiq müəllimə kənardan baxanda o, mənə nefti xatırladır. Amma Azərbaycan neftini yox, Norveç neftini. (Onu neft buruqlarına bənzədirəm. Uzaqdan səmanın qoynunda görünən neft buruqlarına). Xalqın, insanların gələcəyinə yönələn, xeyir verən, hamının ola bilən və ondan hamıya pay düşəsi milli sərvətə.
Rafiq müəllim işıqlı adamdı. Nurlu adamdı. Adam onunla söhbətdən doymur. Yeni enerji, güc, yaşamaq həvəsi alır. Hər dəfə ondan ayrılanda mənən doyduğunu hiss edirsən. Çox pozitivdi. Səmimiyyətiylə, qayğısıyla. Doğmalığıyla. Onda xüsusi bir cazibə var. Təmizlikdən, saflıqdan, səmimiyyətdən doğan cazibə. Heç bir umacağı olmayan bu adam insana sevgi, ümid və xoş ovqat bəxş edir.
Rafiq müəllim söhbət əsnasında Əhməd Ağaoğlundan “Qarabağlılar yaman and içən olurlar” iqtibasını gətirir. “Sənin əziz canın üçün”, – deyib, sözünü davam etdirir. Bu, Rafiq müəllimin kimə nəyi isə inandırmaq fikrindən irəli gəlmir. Onsuz da hamı onun səmimiyyətinə, dürüstlüyünə qeyri-şərtsiz inanır. Hamı bilir ki, bu and, and içdiyi adamın ona əziz, doğma olduğunu bildirmək üçündür. Rafiq müəllim bunu o qədər səmimi və gözəl edir ki, hamının içindən Rafiq müəllimin onun canına and içməsi keçir.
Mən bilirəm Rafiq müəllim ingilis dillilər üçün yazdığı kitabları ingiliscə, alman dillilər üçün almanca, rus dillilər üçün yazdığı kitabları rusca yazır. Amma bilmirəm, Rafiq müəllim ingilis, alman, rus dillərində də Qarabağ ləhcəsiylə belə şirin danışırmı? Azərbaycan türkcəsində elə şirin danışır ki, bu adamın sənə nə qədər doğma, əziz olduğunu bir daha hiss edirsən.
Eynəyin arxasından gözlər eyni bir nöqtəyə dikiləndə düşünürsən ki, beyində hansısa bir hesablama, əməliyyat gedir. Çox dəqiq bir analiz aparılır. Bu proses bir müddət davam edir. Hansısa bir qənaətə gələnə kimi.
“Vaxt Rafiq müəllim üçün daha əhəmiyyətlidir, vacibdir”, – deyib, növbəti görüşü, ünsiyyəti gözləməli olursan. Narahat etməkdən çəkinirsən. Hansısa ideyanın gecikməsindən ehtiyatlanırsan.
Onunla keçən zamanın necə keçdiyini duymursan. Çünki yorulmursan. Öyrənirsən. Saflaşırsan… Üzünə xoş təbəssüm qonur. İçinə rahatlıq gəlir. Ovqatın təzələnir. Təmizlənirsən. Durulursan.
Ziyarətə getmiş kimi…

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qeyri-səlis məntiqin ən sadə izahı

Professor Rafiq Əliyev:

“Qeyri-səlis məntiqin iki müddəası var, üçüncüsü yoxdur. Birinci müddəa odur ki, dünyada hər bir şeyin, hər bir münasibətin, hər bir hadisənin dərəcəsi var, bircə Allahdan başqa. Mütləq olan ancaq Allahdır. Ailədə övlada olan məhəbbətin, qardaşa olan məhəbbətin də dərəcəsi var.
İkinci müddəa odur ki, qeyri-səlis məntiq hadisəni rəqəmlərlə qəbul etmir. Ümumiyyətlə, dünyada informasiya iki cürdür. Biri ölçü informasiyasıdır ki, onu ölçmək olur. Məsələn, temperaturu, təzyiqi ölçmək olur. Amma xoşbəxtliyi necə ölçəcəyik? Bunu ölçmək üçün heç bir cihaz yoxdur. Yaxud da iqtisadiyyatın dərəcəsini götürək, bunu necə ölçəcəksən? Deyirlər ki, qalxan iqtisadiyyatdır, enən iqtisadiyyatdır, sabit iqtisadiyyatdır, amma demirlər ki, əlli tam onda beşdir, altmış tam onda üçdür… Buna persepsiya informasiyası, qavrama informasiyası deyirlər. O yerdə ki ölçmə informasiyası işləmir, orada qeyri-səlis məntiq nəzəriyyəsi işləyir. Qeyri-səlis məntiq söz ilə işləyir, rəqəmlərlə işləmir. Həm də bu persepsiya informasiyanı hissə-hissə deyil, toplu halında qəbul etməyi əsas tutur.”

Məlumat hazırladı: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RAFİQ ƏLİYEVİN İMZA ATDIĞI İLKLƏR

RAFİQ ƏLİYEVİN İMZA ATDIĞI İLKLƏR

Zamanı qabaqlayanlar, sükutu pozanlar, yenilik yaradanlardır İLKlər. Adlarını tarixə yazanlar, tarixi yaşadandanlardır İLKlər. İmzası imzalar içində olanlardı İLKlər. Bütün zamanların adamlarıdır İLKlər.
Nə yaxşı ki adları tarixə düşən, dünyanın yönünü dəyişən, imzası imzalar içində, adı ilk sıralarda olanlarımız var. Dünya şöhrətli alim Rafiq Əliyev kimi.
Keçən əsrin 60-cı illərinin axırlarında R.Ə.Əliyev intellektual sistem lərdə idarəetmə və qərar qəbuletmə proseslərinin inteqrasiyası ideyasını irəli sürdü. Çoxsəviyyəli mürəkkəb sistemlərdə koordinasiyanın (əlaqələndirmənin) yeni metodları təklif edildi. İlk dəfə olaraq onun təklif etdiyi koordinasiya funksiyası anlayışı əsasında yeni sinif sistemlər yaradıldı. Müəllifin bu sahədə əldə etdiyi elmi nəticələr onun 1981, 1983, 1987 və 1989-cu illərdə nəşr olunmuş monoqrafiyalarında əks olunmuşdur.
R.Ə.Əliyevin tədqiqatlarının başqa yeni bir istiqaməti də süni intellekt üsullarına əsaslanan qeyri-səlis ekspert sistemlərin yaradılması oldu.
R.Ə.Əliyev qeyri-səlis mühitdə fəaliyyət göstərən intellektual robotların yaradılması sahəsində yeni elmi istiqamətin müəllifidir.
R.Ə.Əliyevin qeyri-səlis məntiq və Soft Kompütinq nəzəriyyəsinin işlənilməsi və tətbiqi sahəsində əldə etdiyi sanballı nəticələr ölkəmizdə və xaricdə yüksək qiymətdirilmişdir. Dünya elmi ədəbiyyatında ilk Soft Computing monoqrafiyası onun tərəfindən yazıldı və 3-4 il müddətində bestseller oldu.
R.Ə.Əliyev insan mühakiməsi meyarlarına daha dürüst cavab verən 3 qeyri-səlis məntiq (ALİ-1, ALİ-2, ALİ-3) təklif etmişdir. Bunun üçün lazımi teoremlər verilmiş və isbat olunmuşdur. 1996-1999-cu illərdə dünya alimləri və mühəndisləri bu üç məntiqin digər məntiqlərə nəzərən daha səmərəli olduğunu eksperimental nəticələrlə təsdiq etmişlər. Bu sahədə elmi nəticələr 1991-ci ildə (Almaniya), 1991-ci ildə (Moskva), 1993-cü, 2000-ci illərdə (Almaniya, L.Zadənin ön sözü ilə), 2001-ci ildə (ABŞ, L.Zadənin ön sözü ilə) çap olumuş monoqra¬fiyalarında şərh olundu.
Hazırda elm və texnikanın başlıca istiqamətlərindən biri də paylanmış süni intellektdir. R.Ə.Əliyev 1988-ci ildə qeyri-səlis paylanmış intellektual sistemlərin elmi konsepsiyalarını və qurulma üsullarını təklif etdi. O, paylanmış intellektual sistemlərin qurulmasının başlıca prinsiplərini, modellərini vermiş, nəzəri əsasını işləmişdir. Mövcud elmi istiqamətə alternativ olan və qeyri-səlis mühitdə işləyən paylanmış multiagent intellektual sistemlər adlanan yeni elmi istiqamət təklif etdi.
Professor Əliyev professor Lütfi Zadə ilə birlikdə qeyri-səlis dayanıqlıq konsepsiyası ideyasını irəli sürərək dinamik sistemlərin ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyəsinin əsaslarını işləyib hazırlamışdır.
Əliyev qeyri-səlis məntiqə əsaslanan ümumiləşdirilmiş qərarlar nəzəriyyəsini təklif etmişdir. Qeyri-səlis məntiqə əsaslanan qərarların təhlili sahəsində tədqiqatın yeni mərhələsində professor Əliyev davranış qərarlarının təhlili üçün yeni prinsip kimi kombinəedilmiş vəziyyət konsepsiyasını təklif etmişdir.
Professor Əliyev Z-ədədlər nəzəriyyəsinin müəllifidir. Bu işlərə Z-ədədləri üzərində əsas hesab və cəbri əməllər, Z-ədədlərinin sıralanması, Z-çoxluqlar üzərində əməllər və digər nəticələr daxildir.
İlk dəfə, şərt və nəticə hissəsi Z-ədədlərlə ifadə edilən ƏGƏR-ONDA qaydaları ilə məntiqi çıxarış üsulu təklif etmişdir.
Professor Əliyev kombinə olunmuş vəziyyət və Z-ədəd konsepsiyalarına əsaslanan ümumi qərar qəbuletmə nəzəriyyəsini təklif etmişdir. İnformasiyanın qismən etibarlılığının nəzərə alınması dəyişkənlik, natamamlıq və mürəkkəbliklə xarakterizə olunan iqtisadi davranış üçün, xüsusilə, vacibdir. Ümumi qərar qəbuletmə nəzəriyyəsi insanların davranış determinantları ilə problem göstəricilərin qarşılıqlı əlaqəsini nəzərə alır. Nəzəri və eksperimental olaraq sübut olunub ki, Gözlənilən Faydalılıq (Fon Neyman, Nobel ödülçüsü), Prospekt Nəzəriyyəsi (Kanenman Nobel ödülçüsü) Rafiq Əliyevin təklif etdiyi ümumi qərar qəbuletmə nəzəriyyəsinin xüsusi hallarıdır.
İlk dəfə sosial elmlərdə qeyri-səlis məntiqin tətbiqi ilə Kamal Abdulla və Ziya Səlcuqla birlikdə araşdırmalar aparmışdır. Nəticələr “Kitabi-Dədə Qorduq” dastanının yeni çalarlarına, süni intellektin gələcəyi olan təbii dil proseslərinin tədqiqinə və hamıya ünvanlanmış qeyri-səlis məntiq əsərləri “Springer” nəşriyyatında Almaniyada, Türkiyədə, Özbəkistanda müxtəlif dillərdə çap olunmuşdur.
Rafiq Əliyevin sədrliyi ilə qeyri-səlis məntiqə, süni intellektə, idarəetmə və qərar qəbuletməyə həsr olunmuş dünyanın müxtəlif ölkələrində bu sahədə ekspertlərin, tanınmış alimlərin iştirakı ilə keçirilən 3
– International Conference on Theory and Application of Fuzzy Systems, Soft Computing and AI tools – ICAFS;
– International Conference on Theory and Application of Soft Computing, Computing with Words, Perceptions and Artificial Intelligence ICSCCW;
– World Conference on Intelligent Systems for Industrial Automation WCIS;
beynəlxalq elmi konfransların təşkilatçısıdır.

Beləliklə, Rafiq Əliyev bütün zəngin elmi yaradıcılıq boyu 5-6 mühüm nəzəriyyəyə imza atmışdır.

Rafiq müəllimin 60 illik pedoqoji fəaliyyəti də ilklərlə zəngin olmuşdur. Birbaşa qeyd edək ki, R.Ə.Əliyevin pedaqoji fəaliyyəti təhsilin bütün pillələrini harmonik əhatə edir. O, yüksək ixtisaslı mütəxəssislər – elmlər namizədləri (fəlsəfə doktorları) və elmlər doktorları yetişdirməklə yanaşı mühəndis kadrları hazırlama işinə, müasir tələblərə cavab verən biznesin idarə edilməsi üzrə mütəxəssislər və orta məktəb şagirdlərinin informatika sahəsindəki təhsilinə də böyük diqqət yetirmişdir. O, 200-dək fəlsəfə doktoru, 30-dan çox elmlər doktorları hazırlayıb, onların arasında Azərbaycanla yanaşı Türkiyə, Almaniya, Rusiya, İran, ABŞ, Şimali Kipr və digər ölkələrdən olan yetirmələri də var.
Professor Rafiq Əliyev ilk fundamental “Fuzzy logic theory and application”, (L.Zadeh, R.Aliev) monoqrafiyasının, dünyada ilk “Soft Computing” dərsliyinin, dünyanın yüzlərlə universitetində tədrisdə istifadə olunan və türk dilinə tərcümə olunan “Soft Computing and Its Applications in Business and Economics” (Esnek hesaplama: İşletme ve Ekonomide uygulamaları) dərsliklərinin müəllifidir.
Rafiq Əliyev süni intelekt sahəsində 1992-ci ildə “Süni intelektin mifləri və reallıqları” kitabını və 2024-2026-cı illərdə “Süni intelekt” (600 səhifəlik) 4 dildə dərsliyini yazmışdır.
Səksəninci illərin axırlarında prof. R.Ə.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasını yaratdı. O, kafedranın nəzdində “İntellektual sənaye idarəetmə sistemləri” adlı elmi-tədqiqat problem laboratoriyasını da yaratdı.
Rafiq Əliyev ilk dəfə olaraq Azərbaycana MBA Proqramları gətirmiş, müxtəlif maneələrə və qısqanclıqlara rəgmən bunlar 28 ildir davam edir və ölkənin müxtəlif universitetləərində tədris olunur.
Onun iştirakı ilə respublikanın ali tədris müəssisələrində 6 yeni ixtisas açılıb. Bu ixtisaslar mühəndis, süni intellekt, yeni informasiya texnologiyaları, Soft Kompütinq sahələrindəki bilikləri özündə cəmləşdirir, iqtisadiyyatımızın gələcəyinə yeni, qeyri-adi baxışları əks etdirir, perspektiv inkişafı müəyyən edir. Bu ixtisasları nəzərdən keçirək: Kompüter informasiya sistemləri, Biznesin idarə olunması, Menecment, Biznes informatikası, Mexatronika və s.
Təkcə bunu qeyd etmək kifayətdir ki, onun köməyi ilə Təbriz Universitetində avtomatik idarəetmə üzrə yeni ixtisas açılmış, neyron şəbəkələr və qeyri-səlis məntiq kursları təşkil edilmişdir.
Corciya Dövlət Universitetinin professoru seçilən R.Ə.Əliyev bu Universitetin tədris planlarına yeni – Qərar qəbuletmə sistemlərində yeni texnologiyalar – kursunu daxil etmiş və özü mühazirələr oxumuşdur.
Məlumdur ki, alimin, müəllimin elmi-pedaqoji fəaliyyətini qiymətləndirərkən əsas meyarlardan biri də onların əsərlərinə istinad etmələrin miqdarıdır. Professor R.Əliyevin kitablarından dünyanın məşhur universitetlərində bir dərslik kimi istifadə edildiyini, onun elmi irsinə yüksək qiymət verildiyini eşitdikdə adam daxili bir iftixar hissi keçirir. Məsələn, Almaniyanın Münxen şəhərində Franzis-Verlag GmbH nəşriyyatında 1994-cü ildə dərc olunmuş 316 səhifəlik Messen, Steuern und Regeln mit FUZZY-LOGIK kitabı Zigen Universitetində, Berlindəki Technik Verlag nəşriyyatında 2001-ci ildə çap edilmiş 448 səhifəlik Soft Computing eyne grundlegende einfyhrung əsəri Neyron şəbəkələr kursunun proqramına uyğun olaraq Almaniyanın Darmştadt Universitetində, məşhur World Scientific nəşriyyatında (ABŞ, İngiltərə) dərc olunmuş 450 səhifəlik Soft Computing and its Application kitabı isə Amerika, Avropa, Asiya və Avstraliyanın bir çox universitetlərində, o cümlədən Koliforniyadakı Berkli Universitetində, Boston Universitetində tədris proqramlarına əsas dərslik kimi daxil edilib.
O həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin aşağıdakı ixtisaslarının akkreditasiya olunması işinə böyük əmək sərf etmiş və özü tərəfindən açılması təklif olunan aşağıdakı ixtisasların beynəlxalq akkreditasiya olunmasına nail olmuşdur:
FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən akkreditə olunmuş ixtisaslar bunlardır: İqtisadiyyat; Sənaye mühəndisliyi; Kompüter mühəndisliyi; Menecment; Biznesin idarə edilməsi; Biznesin təşkili və idarəedilməsi; İdarəetmədə informasiya sistemləri; Heyətin idarə edilməsi; Marketinq ASIIN (Accreditation in Engineering Computer Sciences Natural Sciences Mathematics) tərəfindən akkreditə olunmuş ixtisas Mexatronika və robototexnika mühəndisliyidir.
Professor Rafiq Əliyevin mühazirə oxuduğu Universitetlər: Corciya Dövlət Universiteti (ABŞ); Azərbaycan Dövlət Neft və Sənaye Universiteti; Bakı Dövlət Universiteti; Sumqayıt Dövlət Universiteti; Təbriz Universiteti; Zigen Universiteti; Yaxın Doğu Universiteti (Şimali Kipr); Toronto Universiteti (Kanada); Berkli Universiteti (ABŞ); Daşkənd Texniki Universiteti və s.
Yenilikləri, böyük uğurları ilə tarixdə qalanlar həmişə yaşayanlardır.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                    

VAQİF OSMANLI YAZIR

VİCDANININ SƏSİNİ DİNLƏYƏN İNSAN

Çox zamanlar “ziyalılıq” anlayışını yerli-yersiz, sağa-sola işlədərək dəyərini kiçiltməkdəyik. Subyektiv düşüncəmə görə, vicdanlı, ədalətli, əqidəli, intellektli, səmimi, sadə, humanist, ləyaqətli, azadfikirli, cəsarətli, qürurlu, əyilməz, əzilməz, sınmaz, vətəndaş mövqeyini qorumağı bacaran, milli mənafeyini, xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, həqiqətin keşiyində dayanan və digər müsbət mənəvi keyfiyyətləri özündə cəmləşdirən insan olmaq ziyalılığın meyarıdır. İnsanlıq belə şəxsiyyətlərin çiynində yaşayır. Onlar Vətənini, yurdunu, millətini urvatlandıranlardır.
Professor Rafiq Əliyev belə ziyalılarımızdandır. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, uzaq Avstraliyada və başqa ölkələrdə Vətənimizi ləyaqətlə təmsil edən Rafiq müəllim təfəkkürü Qərbə, əxlaqı Şərqə uyğun gələn mənəviyyat adamıdır. Yaxından tanıyanlar onu “Şərqlə Qərb arasında möhtəşəm körpü”, yaxud “bir ölkədən başqa ölkəyə işə gedən” bilim adamı kimi təqdim edirlər.
Rafiq müəllimin fikrincə, “ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən, ağlı ilə xalqın yoluna işıq salan şəxsiyyətdir”. O, özü də “bunu bacaran, buna nail olan alimi, fikir adamını ziyalı adlandırır. Özünün şəxsiyyəti də bu kriteriyalara uyğun gəlir. Bir də professor tam əmindir ki, əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyəndir.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Jurnalist Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanin bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək dəyə bilmir”.
Bu izahda – 6-7 cümlədə elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da…
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim “böyüklüyü sadəlikdə görən əxlaq, insanlıq nümunəsi, mənəviyyat adamıdır” (R.Tağızadə), “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), vicdanın və elmin həmişəyanar işığıdır.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir.
Biz ətrafımızdakı örnək götürüləsi insanların dəyərini yetərincə bilmirik. Lütfizadə kimi böyük elm adamı Rafiq müəllimlə dostluğu özünə şərəf bilirdi. Mənəvi və bilim dünyası ilə nümunə olan Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, hər yerdən görünə, izi qala. Rafiq Əliyev hətta məşhur amerikalı alim Ronald Yagerin təbirincə desək, uzaq ABŞ-dan – yeddi min mil uzaqlıqdan görünən əzəmətli qaladır – özünün tikdiyi qala…

14.11.2025

Hörmətlə:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

Mustafa Müseyiboğlu adına kitabxana

Rafiq Əliyev haqqında kitab

RƏFAİL TAĞIZADƏ – SU KİMİ SAKİT VƏ GÜCLÜ – PDF

RƏFAİL TAĞIZADƏ – SU KİMİ SAKİT VƏ GÜCLÜ – PDF:

rafiq-aliyev-su-kimi-sakit-ve-guclu-e-standart

Download


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru