Zaur Ustacın “Heydər və Azad” essesində qəhrəmanlıq, vətən sevgisi və insan iradəsi Azərbaycan ədəbiyyatında vətən mövzusu, xüsusilə Qarabağ müharibəsi ilə bağlı hadisələr həmişə xüsusi yer tutmuşdur. Müasir dövrdə bu mövzunu bədii-publisistik dillə oxucuya çatdıran müəlliflərdən biri də tanınmış qələm adamı Zaur Ustacdır. Onun “Azərbaycan” jurnalının 2026-cı il fevral sayında dərc olunmuş “Heydər və Azad” essesi həm tarixi yaddaşın qorunması, həm də qəhrəmanlıq salnaməsinin bədii söz vasitəsilə yaşadılması baxımından diqqətəlayiq publisistik nümunədir. Esse 1992-ci ilin 17 fevralında Xocavənd rayonunun Qaradağlı kəndində baş verən faciəli hadisələr fonunda qurulmuşdur. Müəllif həmin dövrün ağır müharibə şəraitini, kəndin üzərinə çökmüş təhlükəni və insanların içində yaşanan qorxu ilə yanaşı, onların iradəsini və torpaq sevgisini təsirli şəkildə təsvir edir. Mətnin süjet xəttində iki gənc – Heydər Quliyev və Azad Rüstəmov dayanır. Müəllif bu iki obraz vasitəsilə müharibənin insan talelərinə necə təsir etdiyini, gənclərin vətəni qorumaq naminə necə fədakarlıq göstərdiyini göstərir. Esse yalnız döyüş səhnələrinin təsviri ilə məhdudlaşmır. Əksinə, müəllif hadisələrin arxa planında insan talelərinə toxunur. Azadın toyundan cəmi bir həftə keçməsi kimi faktlar müharibənin insan həyatına necə qəfil və amansız müdaxilə etdiyini göstərir. Bu detal oxucuya müharibənin yalnız cəbhədə deyil, ailələrdə, sevgilərdə və ümidlərdə də iz buraxdığını xatırladır. Zaur Ustacın publisistik üslubu məhz bu cür emosional məqamların üzərində qurulmuşdur. Essedə diqqət çəkən əsas məqamlardan biri qəhrəmanlıq ruhunun təsviridir. Müəllif göstərir ki, say və texnika baxımından üstün olan düşmən qarşısında belə kənd müdafiəçiləri geri çəkilməyi düşünmürlər. Heydər və Azad obrazları burada təkcə iki fərdi qəhrəman deyil, bütövlükdə Azərbaycan gəncliyinin simvolu kimi təqdim olunur. Onların davranışları – yaralı halda belə döyüşü davam etdirmələri, kənd sakinlərini qorumağa çalışmaları – vətənpərvərlik ideyasını gücləndirir. Zaur Ustacın esse janrına xas olan xüsusiyyətlərdən ustalıqla istifadə etdiyi görünür. Mətn həm sənədli faktlara, həm də bədii təsvirlərə əsaslanır. Müəllifin dili sadə, lakin təsirlidir. Döyüş səhnələrinin təsviri, kəndin üzərinə çökmüş sükut, insanların həyəcanı və qorxusu canlı detallar vasitəsilə oxucunun gözündə canlanır. Bu xüsusiyyət esseyə həm tarixi sənəd, həm də bədii əsər kimi dəyər qazandırır. “Heydər və Azad” essesi yalnız iki gəncin qəhrəmanlığından bəhs etmir. Əsər bütövlükdə Qarabağ müharibəsinin acı reallıqlarını, xalqın mübarizə ruhunu və milli yaddaşın qorunmasının vacibliyini vurğulayır. Belə əsərlər bir tərəfdən tarixə işıq salır, digər tərəfdən isə gələcək nəsillərə vətən sevgisi və fədakarlıq nümunəsi göstərir. Bu baxımdan Zaur Ustacın essesi Azərbaycan publisistikasında mühüm yer tutan nümunələrdən biri kimi qiymətləndirilə bilər. “Heydər və Azad” essesi müharibə mövzusunun publisistik və bədii vəhdətdə təqdim olunduğu təsirli əsərlərdən biridir. Zaur Ustac bu yazı vasitəsilə təkcə bir hadisəni xatırlatmır, həm də milli yaddaşı diri saxlayan, qəhrəmanlıq ənənəsini yaşadan bir ədəbi nümunə yaradır. Bu esse oxucuya bir daha xatırladır ki, tarix yalnız kitab səhifələrində deyil, insanların taleyində, xatirələrində və ədəbiyyatın gücündə yaşayır. “Heydər və Azad” məhz belə yaddaş abidələrindən biridir.
“Qarabağ” uduzdu. Udsaydı daha yaxşı olardı, əlbəttə. Amma bizə sevinc yaşatdığı oyunları unutmayaq. “Qarabağ” Avropanın bütün futbol cameəsində, “var imzamız imzalar içərisində” deməyimizə vəsilə oldu. Btün Avropa, elə bütün dünya “Qarabağın” inadlı mübarizəsinin şahidi oldu, adın ardınca düşdü, haqqımızda bilgilər əldə etdilər, xəritədə ölkəmizin yerini bilməyənlər ölkəmizi daha yaxından tanıdı. Bu dəfə Azərbaycan “ağ qızılı”, “qara qızılı”, kəhrəba salxımlı üzümü, kürüsü ilə deyil, Ağdamın “Ağdam” çaxırı ilə deyil, Ağdamın “Qarabağ” futbol komandası ilə tanındı. İllər boyu işğal altında qalan, 2020-ci ilin 27 sentyabrından sonra cəmi 44 gün ərzində azad olunan Qarabağımızın dünyada bizə məxsus olduğunu tanıtmağımız üçün aparılan siyasi, mədəni, elmi, tarixi təbliğatımızdan daha hər bir oyununda sərgilədi. Sevdik “Qarabağı”, Qarabağımız, bütöv Azərbaycanımız qədər. Bəli uduzduq. Amma uduzanda da udduq, Qarabağın əlbəttə bizim olmağına hər oyunu ilə möhür vurudu “Qarabağ”ımız.
Anası Günəşdi, atası Aydı, “Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!! Tanrı ərmağanı, butası, payı, Baratdı, muraddı, Qarabağ Atı!!!! * * * Rəngini veribdi, ana-atası, Hələ görünməyib, ola xatası, Telinin əksikdi, şana, fatası, Namusdu, iffətdi, Qarabağ Atı!!!! * * * Cahanı edibdi, özünə heyran, Utanar baxmağa üzünə ceyran, Tüm aləm səkməyən gözünə qurban, Hörmətdi, izzətdi, Qarabağ Atı!!!! * * * Qumralı, səkili, məxsus qaşqası, Bu dərdi anlamaz, əfsus başqası, Gəzir oylağında donuz çoşqası, Küskündü, incikdi, Qarabağ Atı!!!! * * * Bir dünya incisi çəkir əziyyət, Əriyir, yox olur, itir məziyyət, Ustaca tanışdır təbir, vəziyyət, Köçkündü, qəribdi Qarabağ Atı!!!!
2-7 hesabı ilə rəqib üzərində qəti qələbə qazanmış Ağdamın “Qarabağ” komandası oyundan sonra azarkeşlər üçün belə poz verdi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ” komandaları arasında cavab oyunu keçirilib.
Komandalar arasında ilk matç “Ludoqorets”in 1:2 hesablı qələbəsi ilə yekunlaşdığından, qarşılaşmada əlavə vaxt oynalıb.
Yekunda 2-7 hesabı qeydə alınıb. Bununla da Azərbaycanın “Qarabağ” komandası UEFA çempionlar liqasının “play-off” mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi olacaq. “Köhlən atlar” Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.
( Bakı, Şuşa, Xankəndi, Ağdam, Bərdə yollarında) Əraf (Cənnətlə cəhənnəm arasındakı səddin yüksəklikləri) əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” -deyəcək. (Əraf.48.)
Bəzən meşələr seyrəlmədən, tədricən deyil, birbaşa çəmənlik əraziyə keçir. Elə bil xətkeş qoyub, meşənin bir hissəsini kəsib götürmüsən. Sanki gözə görünməz sədd, sərhədd var. Sərhəd varsa, təbii ki onu qoruyan da var. Mən bu barədə bioloq həmkarlarla çox söhbət etmişəm, amma ağlıma batan izah eşitməmişəm. Məsələ burasındadır ki, bunun elmi izahı olmalıdır. Axı bu xətti, sərhəddi, səddi hansı amillər yaradır? Mahiyyəti nədir? — Minin aftobuslara, yola düşürük. – aftobus sürücüsü bir- birləri ilə söhbət edən, siqaret çəkən sərnişinlərə müraciət edir. Aftobuslar karvan kimi düzülüb Bakıdan Şuşaya doğru hərəkətə başlayır. Yanımda Əhməd Qəşəmoğlu əyləşib. Onu əvvəldən də qiyabi tanıyırdım. İndi danışdıqca aydınlaşır, daha çox tanımağa başlayıram. ” Ahəng qanunu” nəzəriyyəsindən, həyat yolundan danışır. Diqqətlə qulaq asıram, suallar verirəm. Məttəl qalıram, bu müdrik adam necə olub ki, üç qurulşda- sovetlər, keçid dövrü və indiki zamanda yaşayıb, yaşayır, amma rüşvətin, haramın xəttini, sərhəddini keçməyib? Dürüst, işıqlı qala bilib, qaranlıqlaşmayıb. — Bir dəfə tanıdığım, ehtiyacı olan tanışımı işə düzəltdim. 500 m pul şirinlik kimi vermək istədi, nə qədər etdi, götürmədim. — Niyə götürmədiz? — Axı mən indiyə kimi belə iş görməmişdim. Sonuna qulaq as, gəldim evə, yoldaşım başladı ki, evdə heç nə yoxdur, niyə bazarlıq etməmisən? Dinmədim. O yenə dedi, gəl soyuducuya bax, nə edim mən, heç nə yoxdur. Gəlib baxdım, soyuducunun boşluğu və uşaqların yemək istəyi arasındakı xətt, sərhəd, fərq adamın vicdanını sərinlədib, üşüdürdü, sonra dondururdu. Gəldim ev telefonuna tərəf, xeyli tərəddüdən sonra dəstəyi qaldırıb, mənə şirinlik vermək istəyən tanışımı yığımağa başladım. Soyuducunun boşluğu və uşaqların yemək istəyi arasındakı sərhəd, xətt.. Bu pulsuzluqdan yaranmşdı. Bəs meşələr və çəmənlik arasındakı o xətt, sərhəd nədən yaranmışdır? Axı o səddin beş- on metr sağında ağaclıq, solunda açıq sahə, çəmənlik vardı. Ağaclar niyə bu tərəfə keçə bilməmişdir? Ekoloji amillər bu səddi yaradıb? Beş- on metrlik məsafədə torpaq, nəmlik, külək, istilik və s. Amillər necə kəskin fərqlidir ki, belə sərhədd yaranıb? Yox burada ekoloji amillər rol oynamır, amma həm də oynamalıdır, başqa necə ola bilərdi ki? Bu sərhədd nədən ibarətdir? — Qulaq asırsan? — Bəli, zəng edib pulu necə istəyə bildiz? — Telefonun sonuncu rəqəmlərini yığa bilmədim. Gəlib oturdum düşünməyə başladım. Qapının zəngi çalındı, açdım, deputatımız idi, çox sevindim. Yəqin qonorar gətirmişdir. Ancaq tez də qanım qaraldı, o hərdən 8- 10 m qonorar gətirirdi. Bununla kasıbın gözündə əjdaha, varlının önündə siçovul mədəsinə bənzəyən bu soyuducu dolmazdı, yoldaşımdan və uşaqların ac qarnının səs- küyündən canım qurtarmazdı. — Deputat? O niyə qonorar gətirirdi ki? — O həm də bizim poçtolyon idi. Qabaqlar belə şeylər olurdu. — Deputat poçtalyon, maraqlıdır, amma indiki bəzi deputatlara baxanda faydalı iş görürmüşlər- deyib, güldüm. Sonra soruşdum: — Nə qədər pul gətirmişdir? — Poemam çıxmışdı, 876 m. Pul verdi, sağollaşıb getdi. Və beləliklə mən rüşvət, şirinlik almaq youna düşmədim, əzabdan canım qurtardı, elə bil ALLAH saxladı bu işdən məni. — Əlbəttə ALLAH istədiyini əyri yoldan saxlayar, onun böyüklüyüənə sonsuz şükürlər olsun- dedim. Pəncərədən baxıram, ətraf aftobusun sürətindən asılı olaraq dəyişir. Sürət və zaman hər şeyi dəyişdirir. Yaxşı bəs Quranda “Əraf” surəsində Əraf- cənnətlə cəhənnəm arasındakı səddən söhbət açılır. Bəs sədd nə vaxta qədər qalacaq? Zaman onu dəyişməyəcək, aradan götürməyəcək? Orada zaman necədir? Aftobusdakı yoldaşlar qələm dostları, alimlər, ziyalı insanlardır. Hərdən şeir deyirlər, öz şerlərinə yazılan mahnıları telefondan qoşub, səsləndirirlər. Amma nədənsə mənə elə gəlir ki, burada da insanlar arasında bir sədd, sərhədd var . Hamı eyni ola bilməz axı. Eyni olsa belə, onlara eyni cür baxış olmaycaq. Əgər şeytan olmasaydı, insanlar mələkləri fərqləndirib, ” şeytan” yaradacaqdılar. İnsan beyni belədir, xətt, sərhədd çəkməyə, fərqləndirməyə meyillidir. Yaxşı bu insanları nədə fərqləndiriblər? Bilikləri, yaradıcılıqları, istedadları- hər şey eyni olsa da belə, mütləq bir şey tapıb, fərq yaratmalı, sərhədd çəkilməlidir. Yəni meşədən çəmənliyə keçən həmən xətt, sədd burada da olmalıdır. Mümkünsüzdü olmasın. Elə bu yoldaşları da digər qələmdaşlardan fərqləndirib, “sədd çəkib” Şuşaya aparmırdılar? Hər dəfə də bu fərqləndirməyə, səddə etirazlar olur. Səddin mahiyyətini soruşurlar. Hacı Loğman Qorqud da məndən küsür, ərk eləyir, ya məndən fağırını tapmır, ya da elə bilir mən sədd çəkənəm, adam seçib aparanam… Loğman filosof şairdir, ona yaxşı ad da qoymuşam- Göyçəli Loğman… Elə burada, aftobusda da həmən sədd, sərhəd var idi. Sərhədlər, sədlər sonsuzdur. Bu dünyadan başlayıb, o dünyay keçir. Bəlkə də fırlanıb, bir də bu dünyaya qayıdır. Burada elə aftobuslara minəndə bu sədlər görsənmişdir: ” Qarabağ” otelinə minənlər bura minsinlər, ” Xarı bülbül”ə gedənlər o biri aftobuslara- demişdilər. Əslində həmən o səddi, sərhəddi göstərmişlər. Füzulinin yanından keçirik. Gözəl bir şəhər salınıb çox qısa bir vaxtda. Hamı buna sevinir, dövlətimizlə fəxr edir, şəhidlərimizə rəhmət deyirlər. — Bir dənə də maraqlı əhvalat danışım.- Əhməd müəllim deyir. — Danışın. — Ən yaxın qohumun oğluna elçi getmək üçün xahiş etdilər. Getdik, baxdım qızın atası mənim dostlarımdan biri imiş. Qız da ağıllı mələk kimi bir insan. Artıq hər şey həll olunurdu, qalırdı dostumun son qərarı. Çıxdıq eyvana. Dostuma dedim ki, qızı vermə. Çox məətəl qaldı. Amma mənə inanırdı, sonralar həmişə təşəkkür edirdi. — Niyə qoymadız? — Oğlan ən yaxınım olsa da belə, uyğub bilmədim. Mən ziyalıyam , düz bildiyimi deməliyəm. Bax Əhməd müəllim də hansısa ailə qurulmasına mane olub, sədd çəkib. O səddin də mahiyyəti varmış. İşıqlığın içində də fərqli sahələr, aralıranda səddlər var. Elə ağ işığın içində qırmızdan bənövşəyiyə doğru rənglər arasında səddlər, sərhədlər var. Birazdan Əhməd müəllimlə mənim də yoldaşlığımıza son qoyacaq sədd yarandı. Ona zəng gəldi ki, ” Qarabağ” otelində düşərsiz. Biz isə ” Xarı bülbülə getdik. Beləliklə Bakıdan başlayan bütövlük Şuşada meşə və çəmənlik kimi ” xətkeş”lə ayrıldı, həmən o sədd, sərhədd çəkildi. ” Qarabağ” otelinin qarşısında çoxu düşdü, ya azı düşdü bilmədim ki, amma bölündüyümüz dəqiq idi, aftobusdan görürdüm, xətt çəkilirdi… Rəşad Məcidi də gördüm, otelin önündə var- gəl edirdi. Bəlkə xətt, sədd çəkənlərin biri də bu idi? Bilmədim, amma qayğılı və yorğun idi deyəsən… Bir neçə gün əvvəl də Şuşada idi, indi də buradadır, bir gün sonra- mən bu yazını yazanda da gələcəkdi. -Reshad Mecid müəllim, Siz köçün Şuşaya, onsuz da çox tez- tez orada olursuz tədbirlərlə əlaqədar. Həm də Mətbuat Şurasını, AYB- ni köçürün. Qoy Sizə baxıb, Bakıda rahatlıqla işləyən qurumların də bəziləri köçsün Şuşaya, Ağdama, işğaldan azad olunmuş şəhərlərə. Həm Bakı seyrələr, həm də oralar da həyat canlanar. Sizə bu çətin və faydalı işlərinizdə sağlamlıq, yorulmazlıq və usanmazlıq arzu edirəm- yazdım ona. Onunla zamanın müxtəlif vaxtlarında dostlaşırıq, gah da arada sədlər yaranır. Bu sədd haradan peyda olur bilmirəm, amma mənim yazılarımla onun ” 525- ci qəzeti” arasında çəkilir… “Xarı Bülbül” otelinə gəldik, ayaqqabının içinə tüpürüb tərsinə yerə qoyanda durana qararı qarışan kimi, burada yerləşənə qədər biz də qarışdıq bir- birimizə. Etibar Muradxanlı ilə otaq yoldaşı olduq. Ona zəng gəldi ki, bir qurup adamla Xankəndində otelə gedə bilər. Tərəddüdə qaldı. Xankəndini də görmək istəyirdi. O özü qazi, oğlu qazi, qardaşı oğlu Əlqismət isə Şuşa uğurunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızdan idi. İndi də otaq yoldaşımla, yazıçı dostumla aramızda sədd çəkiləcəkdi, o çıxıb gedəcəkdi. Bir hərbi paltarll şəxs girdi otağa, məlum oldu ki, Yetim Qacar təxəllüslü yazar yoldaşımızdır. Onu da qiyabi tanısam da, burada yaxından tanıdım. Qürurlu, imanlı, sadə və çox vətənpərvər şəxs idi. Birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Amma onunla digər qələm dostları arasındakı fərq, sədd onun Bakıdan hərbi formalı paltarla gəlməsi idi. Axıra qədər də çıxarmadı. Yetim bəlkə də 30 il ərzində hərbiçi kimi qalib gəlib, Şuşaya gəlmək istəmişdi. Ona görə hərbi paltarda “Vaqif poeziya günləri” tədbirinə gəlmişdir. Yetimlə Etibar namaz qıldılar. Ondan sonra Etibar çox düşünəndən sonra Xankəndinə getmədi. Yoldaşlıq arasında sədd çəkmədi, məni tək qoymadı. Etibarlı etibar, imanlı bəndə, zəfərləri romanlarına köçürən yazıçı. Tədbir qəşəng təşkil edilmişdir. Görülən iş varsa ideal olmaz, qüsurlar, xətlər, səddlər də olar. Amma ümumi işin miqyası ilə müqayisədə bu xətalar nəzərə alınmaya bilər. Və bunlar zaman baxımından unudulan, tez yox olan səddlərdir. Tədbir vaxtı da qəribə sədlər, xətlər vardı. Xüsusilə şəkil çəkdirmək- dünyanın müasir bəlası olan mərasimlər zamanı bu xətlər aydın görsənirdi. İştirakçıları şəkil çəkdirməyə meyl edənlər, ortalıqda gəzənlər və özləri ilə şəkil çəkdirməyə yanaşanları gözləyın bir az yekələrə bölürdü bu xətlər. Ortada gəzənləri tanıyırdım, onları çox yerdə, zamanda görmüşdüm, qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən, öz yolu olan adamlardı. Şəkil çəkdirmək istəyənlər insan, dostsevərlər, gözləyənlər isə təkəbbür kölgəsi özündən uzağa düşənlər idilər. İsa Həbibbəyli çıxış edirdi. Vaqifin yaradıcılığını qısa, lokanik, elmi əsaslarla təhlil etdi. Bu onun işidir, məşğul olduğu elm sahəsidir, sözüm yox. Məni həmişə maraqlandıran İsa müəllimin sürətlə düşünə, ümumiləşdirə bilmək və dərhal da mühakimə yürüdə bilmək bacarığıdır. Bu təkcə humanitar elmlərə mümkün deyildi. Riyazi təfəkkür mütləq lazım idi. Sonralar öyrənmişdim ki, riyaziyyatı əla oxuyurmuş, hətta onun ədəbiyyat fakültəsinə daxil olduğunu bilən riyaziyyat müəllimi çox əsəbləşmiş, qabağındakı içində pivə olan 3 litrlik şüşə balonu yerə vurub, sındırmışdı. Bəlkə də bu şüşə qırıntıları İsa müəllimin riyazi təfəkkürü ilə ədəbi bilikləri arasında sədd yaranmağa mane olmuş, xəttləri kəsmişdir. Yekunda İsa müəllim həmən riyaziyyat müəlliminə borclu qalmışdır. Biz Bakıya qayıdanda yenə birləşdik, bütövləşdik, səddlər yox oldu. Müxtəlif rənglər necə ki, birləşib, ağ işığı əmələ gətirir. Bakıya qayıdanda Xankəndindən keçdik. Bəlkə də heç keçmədik, bu yuxu ilə gerçəklik arasında səddin üstündə gəzinti idi. Xocalı, Ağdam yolu ilə gedirik. İlahi, bu yol qısa deyil axı, qışda, qarın içində ayqyalın, qucağında uşaq, ya kürəyinə şəllədiyi uşaqla insanlar bu boyda yolu, meşəni, necə keçib gediblər? İti dişli çaqqallar da ətraflarında, arxalarınca dümüş vəziyyətdə.. Ağdamda yol çəkilir. Qəsəbələr salınır. Ağdam özü uzaqdan görünür, aftobusun pəncərəsindən baxıram. Baxdıqca, gəlib Quzanlıya, işğal dövrü bizdə olan, kəndlərə çatanda əsl Əraf səddini görürəm. İraq bizim üzümüzdən, torpağımızdan, vətənimizdən, bu quleybanılar, şeytanlar sanki işğal altında olan ərazilərimizi cəhənnəmə çevriblər. Onları heç cür bağışlamaq, əl çəkmək olmaz. Füzulinin Alxanlı kəndini keçəndə fikir verin, Ağdamın Quzanlısına çatanda baxın. Elə bil Əraf səddini keçirsən, hər yeri cəhənnəmə çevriblər. O boyda Ağdamda bir ev, ev nədi evin çardağı qalmayıb. Bir ağac, kol yoxdur. Səhradır, cəhənnəmdir elə bil. Əkin sahəsi, yaşıllıq heç nə yoxdur, sadəcə yovşanlı , tikanlı susuz çöllər. Bərdəyə çatanda şəhəri insanları, binaları, yolları ağacları, kolları ilə birlikdə hazırkı Ağdamla müqayisə edirəm. Ağdam elə bil yoxa çıxıb… Füzuli, Kəlbəcər və digər rayonlarımız yoxa çıxıb. Dağıdılmayıb, əriməyib, tikələnməyib e, sadəcə yoxa çıxıb. Bir şəhər göz önünə gətirin, sonra da onu ani yox olduğunu, yerində səhra qaldığını təsəvvür edin. Şəhərlərimiz, kəndlərimiz sublimasiya edib- yod kimi ərimədən, buxarlanıb, yox olub. indi Görün 30 ildə necə dəhşətli zərbə, ziyan vurublar bizə? Ermənizm bəşəri bəladır. Təkcə biz azərbaycanlılara qarşı yox, dünya camaatına, floraya, faunaya, çaylara, bulaqlara, göyərçin yuvasına, əsən küləyə ümumən mövcudluğa qarşı bir xəstəlik, bəladır. Ona faşizm demək doğru deyil, ermənizm insanlıqla şeytanlıq arasında səddin, xəttin, sərhəddin o tayındadır. Bütün var olanlara qarşı yönəlmişdir. Azərbaycan dövləti, qəhrəman şəhidlərimiz işğal, ordumuz, xalqımız əsarət xətlərini, sərhədlərini, səddlərini keçdi, dağıtdı. 30 ildə mövcud olmuş bu səddlər bizim şəhər və kəndlərimizi yox etmişdir. Düzdür sürətli, geniş miqyaslı tikinti, quruculuq işləri gedir. Bu müharibəni udmaq bir qəhrəmanlıq idi, səhranı, cəhənnəmi cənnətə çevirmək də daha çox zəhmət, qəhrəmanlıq tələb edir. ALLAH Prezident İlham Əliyevə daha da sürətlə düşünmək, yorulmazlıq, daha gərgin işləyə bilmək nəsib etsin. Dövlətimizə, xalqımıza kömək olsun. Biz səhraya çevrilmiş ərazilərimizi də abad edək. Səddi, fərqi aradan götürək. İnanıram ki, bu olacaq. İnanıram ki, daha uzun müddətli, zamanın geniş parçasını əhatə edəcək həqiqi Əraf xətti, səddi şeytanlarla aramızda çəkiləcək dövlət sərhəddindən sonra gerçək olacaq. Onlar əbədiyyətə qədər öz cəhənnəmlərində qalacaqlar. Bizim səhralaşmış ərazilərdə sular axacaq, ağaclar, kollar, güllər çiçəklər böyüyəcək. Yoncalıqların biçilmiş yerində inəklər otlaycaq, şəhərlərimiz də yol polisi içkili sürücünü saxlayacaq, məktəblilər dərsə qaçacaq, dərsdən qaçacaq. Daha gözəl şəhər və kəndlərimiz olacaq, damlarda göyərçinlər yuva quracaq, həyat gerçəkdə olduğu kimi mövcud olacaq. Yoxluqla varlıq arasındakı sədd götürləcək.. Ancaq, zamanın xətkeş kimi kəsib götürdüy, sədd çəkdiyi, meşə ilə çəmənliyin qarışmadığı aləmlərə bənzər bir fərq əbədi qalacaqdır. Bu da əvvələr var olub, sonra yoxa çıxmış kənd və şəhərlərimizlə, indi qurub, var edəcəklərimiz arasındakı görünməyən səddlərdir.
Bakıya çatmışdıq. Yeni sədlər çəkilirdi-sərnişinlərin sayı qədər. yoldaşlar bir- bir düşüb gedirdilər, bütövlük pozulurdu. Dünya özü zərrələrdən, onları bütövləşdirən, ayıran xəttlərdən ibarətdir. Ümumilikdə isə Şuşa səfərinin sonuna xətt çəkilirdi, hər şey qalırdı səddin, zamanın, ömrün o tayında.
Təranə Sevdalının (Quliyeva Təranə Deputat qızı) “Yurd yarası” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunan “Yurd yarası” geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun “Əsir düşən şeirlərin yeni şöləsi, yaxud həsrətdən üzü bəri yoğrulan şeirlər…” başlıqlı ön sözü ilə başlayan kitabın redaktoru Elbar Şirinovdur.
Kitaba T.Sevdalının son dörd ildə qələmə aldığı şeirlər daxil edilib. Kitabda toplanmış şeirlərdə şairin özünəməxsusluğu, yaşadığı ictimai kədərin poetik ifadəsi əks olunur, vətənə, yurda, torpağa sonsuz məhəbbət, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş cəsur oğullarımızın qəhrəmanlığı, xalqımıza tarixi qələbənin sevincini yaşadan şəhidlərimizin igidliyi və şücaəti tərənnüm edilir.
Tezadlar.azQ.Bayramovun “Yurd yarası” haqqında sözügedən yazısını təqdim edir:
ƏSİR DÜŞƏN ŞEİRLƏRİN YENİ ŞÖLƏSİ, YAXUD HƏSRƏTDƏN ÜZÜ BƏRİ YOĞRULAN ŞEİRLƏR…
Onun imzasını beynəlxalq poeziya antologiyalarında, nüfuzlu ədəbi dərgilərdə və internet saytlarında görə bilməzsiniz. Lakin əldə olan şeirlərini oxuduqca rəğbətlə qarşılanan şair kimi onu tanıyacaq, şeirini özünəməxsus poetik tapıntılarla, bədii çalarlarla zənginləşdirən bir istedad sahibi ilə tanış olacaqsınız… Onun şeirləri zərif, şikəst düşmüş lirizmi və bədbinlikdən, əsirlikdən xilas olmuş ruhun ehtizazı təkin mahiyyət kəsb edir…
Bəli, yanlış eşitmədiniz… Əsirlikdən xilas olunmuş poetik ruh… Biz əsir düşmüş insanları, döyüşçüləri, yurdlarımızı bu son 30 ildə az görmədik, faciələrlə az rastlaşmadıq… Kataklizmilər, dövrün dilemmaları ilə qarşılaşdıq, faciəli talelər gördük, şəhid tabutu qarşısında qol götürüb oynayan anaları, şəhid tabutuna çiyin verən gəlinləri gördük… Lakin əsir-yesir düşmüş poeziya barəsində eşitməmişdik… Dünya ədəbiyyatı tarixində əsir düşmüş poeziya faktı bizim ədəbiyyatın bəxtinə düşübdür… Əsir düşmüş poeziya dəftəri və ilhamının qanadları sındırılmış şair taleyi…
Fakt bundan ibarətdir ki, Təranə Sevdalı şeir yazmağa tələbəlik illərindən başlasa da, yazdığı bütün şeirləri əlyazma şəklində yurdu ilə bərabər əsir qalıb. Bu faciədən sarsılan, düz 30 il əlinə qələm almayan Təranə Sevdalı 2020-ci ildə torpaqlarımızın düşməndən azad olunması sevincindən, torpaq uğrunda canlarından keçən vətən övladlarının qəhrəmanlıq və şücaətindən ruhlanaraq yenidən yaradıcılığını ikinci bir şövqlə davam etdirir… Bu gün isə o, “Yurd yarası” adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib.
Onun çap üçün tərtib edilmiş bu şeirlər toplusunu mənə “kimsəsizlər kimsəsi” olmağa çalışan, istedadlı qələm əhlinin qolundan tutmağı bacaran şair-publisist, tərcüməçi, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru Zaur Ustac təqdim elədi, münasibətimi bildirmək xahişində bulundu… Mən də bu tragik taleli şairin toplusunu xüsusi maraqla oxudum…
Təranə Sevdalı – Quliyeva Təranə Deputat qızı 1963-cü ildə Ağdam rayonunun Tağıbəyli kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini Tağıbəyli kənd orta məktəbində başa vurduqdan sonra Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil alıb. 1983-cü ildə institutu bitirib və təyinatla Tağıbəyli kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 1994-cü ildə, Birinci Qarabağ müharibəsi dövründə doğma yurdundan didərgin düşərək, bir müddət Bərdədə, sonra isə Bakıda yerləşən Ağdam köçkün tam orta məktəblərində müəllim işləyib. Həmişə içində gizli-gizli qövr edən yurd yarası gəzdirən Təranə müəllimə indi başqa bir tərzdə, sevinc, qürur notları üzərində, Qarabağ sevdalısı olaraq müəllimlik fəaliyyətini davam etdirir…
Bir yara yatırdı köksümün altda,
Həsrət yarasıydı, dərd yarasıydı.
Yoxuydu dincliyim bircə saat da,
Yaram sızlayırdı, yurd yarasıydı.
…Qaçıb gizlənirdim, dəymirdim gözə,
Tənə etsələr də, vurmurdum üzə,
Qaçqın çağıranda dözmürdüm sözə,
Sözlər sızlayırdı, söz yarasıydı.
Keçdi aylar, illər, ötüşdü zaman,
Tanrı bizi dedi, yetişdi dövran,
Tapıldı məlhəmim, bitişdi yaram,
Yaram sızlayırdı, yurd yarasıydı.
Yaxşı haldır ki, şanlı qələbəmizdən sonra Təranə xanımın yatmış poeziya bəxti yenidən oyanıb, 30 ildən artıq müddətdə ədəbiyyatı tədris edən bu sinədəftər müəllimənin şeir mələyi reanimasiyadan ayılıb, Qarabağına qovuşub, yenidən qələminə sarılıb, yaradıcılığında nikbin notlar müşahidə olunmağa başlayıb… Yazdığı lirik şeirlərində öz ürək çırpıntılarını poetik sözün sehri ilə təqdim etməyə çalışır və əksər məqamlarda buna nail olur. Onun özünəməxsus şair dünyası var. Və bu könül dünyasının rəngləri mövcud olduğumuz real dünyanın rəngləri ilə, qövsi-qüzeh tərtibində üst-üstə düşür…
Onun “Yollar açılıbdı” adlı şeiri “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri zamanı” təsuratına həsr edilib, şeirin hamının ürəyindən olan major tonu qürur hissi doğurur:
Qəlbimiz sevinsin bizim, ay ellər,
Yollar açılıbdı Şuşaya bu gün.
Ali Baş Komandan – xalqın ümidi,
Yollara çıxıbdı Şuşaya bu gün.
Həsrətdik Şuşaya illər boyunca,
İçək bulağından indi doyunca,
Düzülüb bayraqlar dağlar boyunca,
Yollar açılıbdı Şuşaya bu gün.
Biz artıq onun tarixi Zəfərimizdən ilhamlanaraq qələmə aldığı yeni şeirləri ilə tanış olmaq imkanı əldə etdik:
Türk türkə dar gündə yar-yoldaş desin,
Kökünə, soyuna həmsirdaş desin,
O taylım bu taya can qardaş desin,
Türk Turan birləşib olsunlar bir can,
Sənə canım qurban, can Azərbaycan!
Bir telli sazam mən, köhlənmiş taram,
Oxunsun şikəstəm qoy aram-aram,
Gəzim Qarabağı sağalsın yaram,
Yolumu gözləsin Ərdəbil, Zəncan,
Sənə canım qurban, can Azərbaycan!
Təranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürürük. Görürük ki, müəllifin də, müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur… İç dünyası ilə dış dünyası müvazidir, aldadıcı deyil, sünilikdən uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa çatdığı bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var və bunlar onun şeirlərinin spesifikası kimi qəbul edilə bilər. Əslində Təranənin timsalında ortaya çıxan bu işartılar, bəlkə də, yeni bir istiqamətin və ya dövrün başlanğıcıdır. Otuz il ərzində həsrətdən yoğrulmuş giley-güzar dolu şeirlər yazıb, ürəklərini boşaldan, öz yaralarını sarıyıb, başqalarının yaralarına mələhəm olan qələm adamları yeni dövrdə yeni ruhlu bədii nümunələr ortaya qoymağa başladılar.
Açılsın qoynunda yenə gül-çiçək,
Dağlar yamacına qoy xalı sərək,
Gəl, tutaq əl-ələ, bir yallı gedək,
Unudaq ağrını, canım Qarabağ,
Alışım yolunda yanım, Qarabağ.
“Yurd yarası” Təranənin ilk kitabıdır və şeirlərinin bir qismidir. İxtisasca ədəbiyyatçı olsa da, şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, öncə yurd həsrətindən doğan, sonra isə Zəfər sevinci ilə rövnəqlənən bu şeirlərdə zərif təbiətli və həssas müşahidə qabiliyyəti olan bir qərinə məhrumiyyətlərlə dolu ömür yaşamış xanımın həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi və s. doğru-dürüst, həzin bir lirizmlə əksini tapıb. Özü kimi sözü də səmimidir. “Yollar açılıbdı” şeirində olduğu kimi:
Həsrətdik Şuşaya illər boyunca,
İçək bulağından indi doyunca,
Düzülüb bayraqlar dağlar boyunca,
Yollar açılıbdı Şuşaya bu gün.
Şairdə, ümumiyyətlə, qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq və gələcəyə yönəlik duyum, həssaslıq olsun. Təranə Sevdalı “Can Azərbaycan” şeirində bu hiss-həyəcanı da içdən gələn dərin bir səmimiyyətlə ifadə etməyi bacarıb:
Bilirəm, ayrılıq olurmuş yaman,
Bəxtsiz taleyindən küsmə heç zaman,
Çağır, səslə məni, səslədiyin an,
Könlüm şad olacaq, cavabım “ay can”,
Sənə canım qurban, can Azərbaycan!
Onun şeirlərində yurda, Qarabağa dönüşün sevincindən yaranan işıq, şəfəq, nur selini də aşkar görmək mümkündür və doğrusu, vətənsevər insanın sevinci hüdudsuzdur… Ağdamın işğaldan azad olmasının iki illiyi münasibəti ilə qələmə aldığı “Ağdam” şeirində hisslərini bu cür şeirə yansıdır:
Qaytar hörmətini, şan-şöhrətini,
Açılıb Tanrının dərgahı, Ağdam.
Dönəcək Qarabağ cənnət bağına,
Oxu muğamatı, segahı, Ağdam.
Əksər şairlərdə olduğu kimi, Təranə Sevdalının da lirikasının bir qismi sevgi, məhəbbət mövzusundadır. Bu şeirlərdə əsasən ayrılıq, hicran, kədər motivi, “sən gəlməz oldun” ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları və s. öz əksini tapıb. O şair yaradıcılıqda müəyyən nailiyyət qazana bilir ki, təkcə öz hisslərini deyil, başqalarının da hiss və düşüncələrini dinləyir, anlayır, özününküləşdirir və qələmə almağı bacarır. Belə ki, kitabın “Dost etirafları” adlı bölməsində məlum olur ki, şair bir çox dost və rəfiqələrinin sevgi etiraflarını, yarımçıq qalmış eşq hekayələrini dinləmiş, onların uğursuz məhəbbət yolunda çəkdikləri əziyyətləri duymuş, acılarını özününküləşdirib yaşamış və bu hissləri özəl poetik ifadələrlə qələmə almışdır.
Elə bil olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınaları sakitləşdirmək üçün yazılır və bu qəbildən olan duyğu və hisslərin müəyyən qismini gənclikdəmi, sonramı hamı keçirib… Hər kəsin içini yandıran belə duyğuları var… Ona görə də belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir… “Sev ki, sevən mərd olar!” (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur… “Ölümsüz sevgi” lirikası, balladası yaranır, “öyrətmə özünü, öyrətmə mənə” (Musa Yaqub) serenadasına dönür…
Təranə Sevdalı bir qələm sahibi kimi bədii-poetik vasitədən bacarıqla istifadə edir, elə “Başqa birisini sevməyəcəyik” şeirindəki kimi:
Unuda bilmədim şirin sözləri,
Qoşa gəzdiyimiz dağı, düzləri,
Kor edib tökəcəm həsrət gözləri,
Başqa birisini sevməyəcəyik.
Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir… Təranə Sevdalı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbindəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülviləşdirir. İnanıram ki, o, şair kimi ara verdiyi şairlik addamacını uğurla keçərək getdikcə daha maraqlı mövzuları əhatə edəcək, özünün də “Ana vətən” şeirində dediyi kimi:
Sən arzumsan, diləyimsən,
Varlığımsan, gərəyimsən,
Sinəmdəki ürəyimsən,
Aşiqəm mən sana, vətən,
Ulu vətən, ana vətən.
Onun şeirlərində böyük bir sevgi var. Çox vaxt incik düşdüyü, dönə-dönə səbrini sınayan dünyaya, varlığını fəda etməyə hazır olduğu bir insana, daim sonsuz eşqlə sevilməyə layiq Allaha, kiçik bir yarpağını belə əzizləyib bağrına basdığı ana təbiətə… Nəhayət, bütövlükdə qəlbinə hopan, ən pakizə hisslərin, duyğuların ünvanı olan vətənə qarşı ülvi SEVGİ. Türklük qanıyla tarixin dərin qatlarından gələn torpaq qeyrətini, ulu Türkün ən qədim sevdasını – vətən eşqini mənsub olduğu böyük xalqın genetik yaddaşından alan, şeirlərində xüsusi vurğunluqla dilə gətirən şair üçün doğulub böyüdüyü torpaq – Qarabağ ən müqəddəs məfhumdur. İndi azad, bütöv Qarabağ onun əsrlikdən xilas olmuş poeziyasının başlıca ilham mənbəyidir…
Ulduzların yoluna nur səpələdiyi kəhkəşan parıltılı, baharda qaranquşun, yayda günəşin sevgi ilə salamladığı bərəkətli Qarabağ bu azad poeziyanın döyünən qəlbi, vuran nəbzidir. Bağ-bağatlı, gül-çəmənli, kəpənəklərin ucsuz-bucaqsız, al-əlvan çöllərinə zər naxışı saldığı, Cıdır düzlü, İsa bulaqlı, Xarı bülbüllü vətən şairin “ürəyində işıq dalğası”dır. Təranə xanım vətən sevdalı şairdir, onun üçün gerçəklərin ən böyüyü, duyğuların nura bürünmüş halı, sözlərin ən təsirlisi vətəndir. “Ana vətən” şeirində yazdığı kimi:
Səndən ötrü tökərəm qan,
Gərəkdirsə, verərəm can,
Bütöv olsun Azərbaycan,
Borcumuz var sana, vətən,
Ulu vətən, ana vətən.
Oxucuya sevdirən onun şeirlərindəki səmimiyyət və lirik mənin daxili saflığı, dürüstlüyüdür. Təranə Sevdalı üçün bu həyatda bircə yol var – Haqq yolu. Və o bu yolda hər zaman qəlbinin səsini dinləyərək sabaha ümidlə addımlayır…
Vətən deyib sevənləri,
Ömrün qurban verənləri,
Vaxtsız məzar seçənləri
Unutmayaq!
Qana batan torpaqları,
Şahid olan sərt dağları,
Söndürülmüş çıraqları
Unutmayaq!
Haray çəkən meşələri,
Viran qalan şəhərləri,
Dağıdılmış qəbirləri
Unutmayaq!
Qara şallı qadınları,
Sağalmayan yaraları,
Bağrıyanmış balaları
Unutmayaq!
Qoruyaq biz yurd daşını,
Tarixlərin yaddaşını,
Anaların göz yaşını
Unutmayaq!
Bəli, həqiqət budur, dərdlərimizi, müsibətlərimizi unutsaq unudularıq… Mənə elə gəlir ki, bu şair xanım – Təranə Sevdalı bildiyi, bacardığı, qavraya bildiyi işlərlə məşğul olur və bu cəhət onun şeirlərindən boylanır. Elə bil ki şeir yazmaq da onun alın yazısıdır… Bütün bunları yaşının bu müdriklik çağında onun “Yurd yarası” adlandırdığı bu kitaba topladığı vətən, ana, qardaş, yurd yeri haqqında olan şeirləri bir daha sübut edir…
Yolunuz açıq, uğur bələdçiniz olsun, Təranə xanım! Doğma Ağdama qayıdıb, yazıb-yaratmaq nəsibiniz olsun!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.