Ötür gözüm önündən ömrün ötən çağları, Tale qismət elədi durdum o ucalıqda… Mən üstünə çıxmışam sinəmdəki dağların, – Nə gözəl görünürmüş yurdum o ucalıqdan…
Sanki doğma hənirdən xaraba kənd sevindi, Yaralı xatirələr ürəyimi göynətdi… Bu divarları uçan ev mənim ilk evimdi, Bu həyət ayaq tutub gəzdiyim ilk həyətdi…
Ömrün ixtiyar çağı insan olur yalquzaq, Nə yaxşı ki, dərələr qısqanmır dağa çayı. Bu, mənim yer üzündə ilk su içdiyim bulaq, Bu, suyunda çimdiyim ilk çaydır – Ağa çayı…
Heç zaman ürcah olmaz deyirdilər dağ dağa, Uşaqlıqla qocalıq burda üz-üzə gəlib… Hanı qaya üstündə bitən nəhəng dağdağan? – O quruyandan bəri kəndimiz gözə gəlib…
Ömrün ötən çağları çevrilibdir səraba, Lənət olsun düşmənin ev yıxan nifaqına… Hacı Hüseyin bəyin yurdu qalıb xaraba, Düşmən Şahsuvar bəyin od vurub tifaqına…
Məlhəm tək içimdəki dərin yaranı yuyur, Ağa çayı axdıqca nələr düşür yadına? Göz yaşıma qarışıb doğma bulağın suyu, Yeni bir ahəng qatır qəlbimin fəryadına…
Yaralı xatirələr mənə verməyir macal, Çırmanıb uşaq vaxtı bu çaydan çox keçmişəm… Çaylaqdakı hər qaya çevrilir addamaca, Ayaq basıb üstünə adlayıram keçmişə…
Ən ağır məqamlarda yetə bilir dost dada, Burda hər yol, hər cığır mənə doğma, tanışdı… Elə bil Ballı qaya dilə gəlib astadan Mənimçün şirin-şirin xatirələr danışdı…
Sönən ocaq közərir korun-korun, gizlicə, Bura yenidən dönmək taleyin fürsətidi… Xarabaya dönsə də, kəndim gözəlmiş necə! Onu gözəlləşdirən sonsuz yurd həsrətidi…
…Ötür gözüm önündən ömrün ötən çağları, Bəxtim ayaq üstəymiş, durdum o ucalıqda. Fövqündə dayanmışam sinəmdəki dağların, – Nə gözəl görünürmüş yurdum o ucalıqdan… 09.02.2021
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Hər yarpağın öz rəngi var, Qırmızı, qızılı, sarı… Sanki xəzəllər ah çəkib, Boylanır şəhərə sarı…
…Burda yarpaqlar hamısı, Bir boyda, bir biçimdədi… Mən payızı axtarıram, Payız mənim içimdədi…
28.10.2018
SƏNİN HƏSRƏTİN
Mən səni sarı bir yarpaq kimi öpdüm, oxşadım. Gecə-gündüz həsrətinlə yaşadım. Elə ki, taleyin yelləri əsdi, hansı bəxtəvərinsə ovcuna düşməyə tələsdin… İndi sənin həsrətin sevdalı bəbəklərimə çöküb. Yarpaq kimi saralıb gözümün kökü…
31.10.2003 Qayakənd
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Təzə uşaq kitabının çıxması dünyaya təzə uşaq gəlməsi kimi fərəhli hadisədir. Ayaq açanda ilk yerişi ilə doğmaları sevindirən, qəribə hərəkətləri ilə yadda qalan uşağın özü kimi uşaqlar üçün yazılmış kitabın da maraqlı, təzə səhifələri yadda qalmalıdır. Mən Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı “Ətirli düymələr” kitabını belə bir maraqla oxudum. Kitabda toplanan şeirlərin əsas qisminin mövzusu uşaqları müşahidədən, onların aləminə yaxınlıqdan alınmışdır. Səmimi ifadəsi ilə seçilən şeirlər təzə qol-budaq atan ağacın yaşıl yarpaqları arasından görünən çiçəklər kimi kitabın müxtəlif səhifələrinə səpələnmişdir. Şeirlər kitabda dörd bölmədə – “Çəmən çiçəyi ilə, insan əməyi ilə”, “Ukraynada keçən günlər”, “Ağacın kökü torpaqda, insanın kökü eldədi”, “Hamısı göyçək balalar, kəlməsi çiçək balalar” başlıqları altında toplanmışdır. Başlıqlar özü müəllifin məqsədini, uşaqlara hansı mətləblərdən söz açacağını bildirir. Torpağa məhəbbət, uşaqlara qayğı, dostluq, balacaların hazırcavablığı, əyləncəli şən dünyası Rafiqin şeirlərinin qayəsidir. O öz fikirlərini əsasən uşaqların dilindən verməyə çalışmış, onların maraqlı müşahidələrini şeirlərinin obyektinə çevirmişdir. Biz uşaqların özünü də bu şeirlərdə görürük. Həmin uşaqlar bəzən çox fərəsətli və bacarıqlı, bəzən də sadəlövh görünürlər. “Araba”, “Antena”, “Sevincimdən uçuram” şeirlərindəki uşaqlar həm müşahidələrini söyləyirlər. Həm də diribaş uşaqlardır. “Araba” şeirini misal gətirirəm: Qızınırıq qışda biz Ağacların oduna. Ay araba, araba, Get meşəyə oduna!
Tez elə, uşaqların Yerə salma sözünü. Əgər əliboş dönsən, Yandırarıq özünü…
“Qəfəsdə tək qalan bülbül” şeirində də uşaq fərasətlidir. Tayı ölüb qəfəsdə tək qalan bülbül darıxmasın deyə uşaq qəfəsə güzgü qoyub. Bülbül qəfəsdəki güzgüdə öz əksini görüb, elə bilir taylıdır. Mahnı oxuyur. Uşaq da öz əməlinə sevinir. Çünki qoçaqdır, ağıllıdır. Rafiq Yusifoğlunun “Usta külək”, “Buldozer”, “Balığın pulu” şeirlərindəki müşahidələr də maraqlıdır. Rafiq Yusifoğlunun “Ətirli düymələr” kitabı əsasən həssas müşahidələrin məhsuludur. “Bizim dağlar”, “Yaşıl körpü”, “Şirin yağış”, “Pənsərədən baxan güllər”, “Saat”, “Dəniz neftçiləri”, “Araz üstündə körpü”, “İşığın yolu”, “Güllər sakitlik sevir” şeirləri idraki əhəmiyyətli, sadə və aydın şeirlərdir. Dil və ifadə, sözləri mənalandırmaq cəhətdən “Saat”, “Sokirnoda səhər”, “Küknar meşəsində yağış”, “Mavi küçə”, “Su”, “Alaq və balaq” kitabdakı uğurlu şeirlərdəndir. “Alaq və balaq” həm də şən şeirdir, oxuyana təbəssüm bəxş edir:
Bostanın ortasına Buraxmışam balağı, Mənə kömək eləsin, Gedib yesin alağı.
Babam deyir: – Ay dəsəl, Korlamısan aləmi. Alaq qalıb kənarda, Balaq yeyib kələmi…
Rafiq Yusifoğlunun “Saat” şeiri də uğurludur. Yığcam, mənalı, axıcıdır. Uşaq şeirindən də tələb olunan birinci bu xüsusiyyətdir.
Gecə-gündüz işləyir, Bu nə yaxşı saatdı. Əqrəblərin hərəsi Elə bil köhlən atdı.
Irəliyə can atır, Gedir səs sala-sala. Minib əqrəb atlara Zaman çapır dördnala…
Bu kitab göstərir ki, Rafiqin “Ətirli düymələr”i təravətlidir, ətirlidir. Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan gənc qələm dostuma arzum budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr qalmasın, hamısı xoş ətri ilə bizi və balasa oxucuları sevindirsin.
İlyas Tapdıq, “Ədəbiyyat və incəsənət” qəzeti, 15 avqust 1986-cı il.