Şükür bizi qovuşduran Allaha!

DOĞMA YURDA QƏDƏM
BASDIM BU SƏHƏR

Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!

Sanki həsrət məlhəmidir hava, su.
Qismət məni bir də bura göndərdi.
Ciyərimə doldu vətən havası,
Bəxtim məni bəxtəvərə döndərdi.

Necə tapım dədə-baba evini?
Dərd göyərib ürəyimin çatında.
Elə bil ki, gəlişimə sevinir,
Torpaq gülür ayağımın altında…

Abad yurdu gör qoyublar nə günə?
Qu söyləsən burda qulaq tutular…
Yağıların birə düşüb kürkünə,
Oğulları haraylayır atalar…

Doğmaları, əzizlər ara bir!
Dözə bilmir ürək həsrət közünə.
Gözümüzü gizləyirik arabir,
Utanırıq baxaq yurdun üzünə…

Bu evdən o evi seçə bilmədim,
Sanki tüstü qalxdı mənim başımdan.
Qubadlıda su da içə bilmədim,
O, su içdi gözlərimin yaşından…

Nə umursan qəlbi, ruhu sınıqdan?
Bəxş edən var belə gözəl günləri.
Ulu yurdum, çıxdın ağır sınaqdan,
Qarşıdadır hələ gözəl günlərin…

Göynərtini yumaq olmur yağışla,
Dözmək olmur nakamların ahına!
Ulu yurdum, qalanları bağışla,
Həsrətindən ölənlərin ruhuna!

Çətin kəsə bu intizar yağışı? –
Göyüm-göyüm göynəyirdi bu torpaq.
Qayıdanda ayağımdan yapışıb,
Sanki “getmə” söyləyirdi bu torpaq…

Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir