
BƏXTİM AYAQ ÜSTDƏYMİŞ
Ötür gözüm önündən ömrün ötən çağları,
Tale qismət elədi durdum o ucalıqda…
Mən üstünə çıxmışam sinəmdəki dağların, –
Nə gözəl görünürmüş yurdum o ucalıqdan…
Sanki doğma hənirdən xaraba kənd sevindi,
Yaralı xatirələr ürəyimi göynətdi…
Bu divarları uçan ev mənim ilk evimdi,
Bu həyət ayaq tutub gəzdiyim ilk həyətdi…
Ömrün ixtiyar çağı insan olur yalquzaq,
Nə yaxşı ki, dərələr qısqanmır dağa çayı.
Bu, mənim yer üzündə ilk su içdiyim bulaq,
Bu, suyunda çimdiyim ilk çaydır – Ağa çayı…
Heç zaman ürcah olmaz deyirdilər dağ dağa,
Uşaqlıqla qocalıq burda üz-üzə gəlib…
Hanı qaya üstündə bitən nəhəng dağdağan? –
O quruyandan bəri kəndimiz gözə gəlib…
Ömrün ötən çağları çevrilibdir səraba,
Lənət olsun düşmənin ev yıxan nifaqına…
Hacı Hüseyin bəyin yurdu qalıb xaraba,
Düşmən Şahsuvar bəyin od vurub tifaqına…
Məlhəm tək içimdəki dərin yaranı yuyur,
Ağa çayı axdıqca nələr düşür yadına?
Göz yaşıma qarışıb doğma bulağın suyu,
Yeni bir ahəng qatır qəlbimin fəryadına…
Yaralı xatirələr mənə verməyir macal,
Çırmanıb uşaq vaxtı bu çaydan çox keçmişəm…
Çaylaqdakı hər qaya çevrilir addamaca,
Ayaq basıb üstünə adlayıram keçmişə…
Ən ağır məqamlarda yetə bilir dost dada,
Burda hər yol, hər cığır mənə doğma, tanışdı…
Elə bil Ballı qaya dilə gəlib astadan
Mənimçün şirin-şirin xatirələr danışdı…
Sönən ocaq közərir korun-korun, gizlicə,
Bura yenidən dönmək taleyin fürsətidi…
Xarabaya dönsə də, kəndim gözəlmiş necə!
Onu gözəlləşdirən sonsuz yurd həsrətidi…
…Ötür gözüm önündən ömrün ötən çağları,
Bəxtim ayaq üstəymiş, durdum o ucalıqda.
Fövqündə dayanmışam sinəmdəki dağların, –
Nə gözəl görünürmüş yurdum o ucalıqdan…
09.02.2021
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru