
MƏNİM XƏRİTƏM
Çiçək arzulara kəfən biçibdir
Üstümüzə düşən qara kölgələr…
Bütöv xəritəmi qayçılayanlar
Yanımda yaradıb yamaq ölkələr…
Dolarmı quyuya su tökmək ilə?
Gərək öz köksündən bulaq çağlaya…
Mərdin ömür yolu mərdanəlikdi,
O, çətin namərdə könül bağlaya…
Sədəqə dilənib ömrü uzunu,
Kimsə sümük atdı ağzına bəlkə?
Bizə nə ağılla meydan oxuyur
Cırıq cındırından cin hürkən ölkə?!
Uzaq əsrlərdən ləngərlə gələn
Ömür karvanıma hürmək əbəsdi…
Onu cəhənnəmə vasil etməyə
Qayamızdan qopan çınqıl da bəsdi…
Arxalı köpəklər hürsə də bizə,
Xalqımın qolunda haqqın gücü var…
Namərddir nahaqqa havadar olan,
Onun da məhvinin tezi-geci var…
Gözüm xəcalətdən kölgələnməyib,
Xətir-hörmətim var el arasında.
Xəritəm ayna tək çiliklənsə də,
Xalq bütöv görünür hər parasında….
15.01.2021
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru