ALİ BAŞ KOMANDANIN QUBADLI SƏFƏRİ

ALİ BAŞ KOMANDANIN
QUBADLI SƏFƏRİ

Bitdimi bu qara-qorxulu nağıl?
Ürək xiffət çəkir ötən çağ üçün.
Torpağı ölümdən qurtaran oğul
Gedir xəstə yurdu yoluxmaq üçün…

Yanır, şölələnir köksündə məşəl,
Can atır kəndləri qurub tikməyə…
Düşmənin başında yumruq olan əl,
Gedir küskün yurda sığal çəkməyə…

Sevincdən uçunur bərələr, bəndlər,
Divarlar dikəlmək, qalxmaq istəyir.
Yaralı şəhərlər, viranə kəndlər
Xilaskar oğluna baxmaq istəyir.

Elə bil budaqda yarpaq sevinir,
Könlündən dil açmaq arzusu keçir.
Doğma qədəmlərdən torpaq sevinir,
Qəlbindən gül açmaq arzusu keçir…

Böyük də, kiçik də olub səfərbər,
Çirkinə vermərik gözəlimizi!
Əlini Arazda yumasa rəhbər,
Zəfərdən yumuşduq biz əlimizi…

Güclü ol, zamanın budur tələbi,
Sanki köks ötürür Araz dərindən…
Sevinc karvanları keçir elə bil
Əsrlər şahidi Xudafərindən…

Qaçıbdır Mollunun gözündən yuxu,
Bənd uçub, Həkəri dolama gəlir.
Qəhrəman Nəbinin, Həcərin ruhu
Bir cüt nəvəsini salama gəlir…

Gülür Şah İsmayıl, Babək, Koroğlu,
Bu zəfər çevrilib heyrət rəmzinə.
Elin qeyrətini çəkən oğulun
Özü də çevrilib qeyrət rəmzinə.

Nəğməkar Bərgüşad gəlibdir coşa,
Kükrəyən çayların ilhamı gəlib.
Sevinir ürəyi yaralı Şuşa,
Onun görüşünə İlhamı gəlib…

Payız gülləri də ətir qoxuyur,
Duman get, sevirik biz aydınlığı.
Sanki Ağa çayı nəğmə oxuyur,
Verir doğma yurda göz aydınlığı…

Açır gözlərini yaralı törpaq,
Üzləri təbəssüm bəzəyir indi.
Zirvədə yellənən üçrəngli bayraq
Zəfər çələnginə bənzəyir indi…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir