Etiket arxivi: Rafiq Yusifoğlu

Rafiq Yusifoğlu haqqında

Rafiq Yusifoğlu – 70

Ədəbiyyat sevdalısı

Rafiq Yusifoğlu haqqında məqalə yazmaq fikrinə düşəndə sərlövhə kimi ağlıma ”ədəbiyyat sevdalısı” ifadəsi düşdü. Sonra nəşr olunan kitabları ilə tanış olanda “sevdalı” sözünün iki kitabının titul səhifəsinə çıxarıldığını gördüm. ”Bir sevdalı ürəyim var”, “Təzə sevdalara doğru”, ”Sevdalı sabahlar”, ”Sevdalı ömür yaşadım” şeirlər toplusunu nəzərdən keçirəndə bir daha hiss etdim ki, o, sözün həqiqi mənasında ədəbiyyat sevdalısıdır. Bu ”ədəbiyyat sevdalısı” 50 ildən çoxdur yorulmadan, usanmadan yaradıcılığın müxtəlif sahələrində elmi-nəzəri, ədəbi-bədii, fəaliyyətini vəhdətdə davam etdirir, tərcüməçilik fəaliyyətində olur, naşir və baş redaktor kimi peşəkar fəaliyyət göstərir.
Uzun müddət mətbuat sahəsində çalışdığına görə qələmi çox çevik və ustad səviyyəsindədir.Yaradıcılığındakı çeviklik, dinamiklik və professionallıq da mətbuatdan gəlir. Biz bunu yaradıcı adamların fəaliyyətində də izləmişik. M.C.Cəfərov, B.Nəbiyev, Q.Qasımzadə, V.Yusifli qələmində bu örnəyin mükəmməl nümunəsini görmüşük.
Həm elmi, həm də bədii yaradıcılıqla məşğul olan elə ədəbi şəxsiyyətlər var ki, bu iki yaradıcılıq sahəsinin onlarda hansının əsas olduğunu dəqiqləşdirmək çətin olur. Rafiq Yusifoğolu daha çox alimdir, yoxsa yazıçı sualına cavab tapmağa mən özüm də çətinlik çəkirəm. Bircə onu bilirəm ki, o hər iki sahədə ədəbiy¬yat sevdalısıdır.
Mən özüm də 1987-ci ildən 2012-ci ilə kimi müxtəlif mətbuat orqanlarında işləmişəm. Və Rafq Yusifoğlu ilə demək olar ki, hər gün qarşılaşmışam, həyatının böyük bir hissəsi gözlərimin qarşısında olub. Cavanlığında da indiki kimi səliqə-sahmanlı, yaraşıqlı və şux idi. Mətbuatda nüfuzu və hörməti də öz yerində.
Tale elə gətirdi ki, doktorluq dissertasiyamın müdafiəsində də Rafiq Yusifoğlu parlaq bir çıxış etdi və haqqımda yadımda qalan fikirlər səsləndirdi. O da yadımdadır ki, dissertasiya şurasının sədri akademik Bəkir Nəbiyev onun bu səmimi çıxı¬şina diqqətlə qulaq asırdı. Həta nitqini tamamlayanda haqqında xoş sözlər dedi. Bundan bir neçə il əvvəl bacım Xanımın müdafiəsində opponent kimi çıxış etmişdi.
Bədii yaradıcılığa hələ orta məktəbdə oxuyanda başlayan Rafiq Yusifoğlu elmi fəaliyyətdə də vaxt itirməyib. Dövrü mətbuatda fəaliyyət göstərməklə yanaşı, uzun müddətdir ki, Sumqayıt Dövlət Universitetinin ”Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasında professor kimi çalışır, filoloq kadrların hazırlanmasında yaxından işitrak edir. Tale elə gətirib ki, burda da eyni kafedrada işləməli olmuşuq və onu görkəmli pedaqoq alim, ziyalı, şair, tərcüməçi kimi daha yaxından tanımışam. Rafiq Yusifoğlu 1984-cü ildə ”Azərbaycanın sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik, 2006-ci ildə ”XX əsr Azəbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzu¬sunda doktorluq dissertasiyası müdafiə edib. Bu tədqiqatlar əsasında onun araya-ərsəyə gələn iki sanballı kitabı –“Azərbaycan poeması: axtarışlar və perspektivlər” (1998) və “Azərbaycan poemasının sənətkarlıq axtarışları” (2010) monoqrafiyaları elmi ictimaiyyətin diqqətini cəlb edib, haqqında məqalələr yazılıb.
Hər iki tədqiqatında milli poeziyanın təşəkkül və inkişaf mərhələləri geniş aspektdə araşdırılıb. Tədqiqat predmet göstərir ki, o, poeziya ilə nəfəs alır, həm elmi, həm də bədii yaradıcılığı eyni istiqamətdədir. Belə deyə bilərik ki, hər iki sahədə ustad olduğunu təsdiq edib.
Elmi-pedaqoji fəaliyyəti ilə bağlı iki kitabının adını xüsusi qeyd etmək istəyirəm: ”Ədəbiyyatşünaslığın əsasları” (2001, 2006, 2009), ”Uşaq ədəbiyyatı” (2002, 2006), “Müasir ədəbi proses və ədəbi tənqid” (2004, 2014). Hər üç kitab bu sahədəki müəyyən boşluğu doldurmaq üçün yazılıb. Düzdür, sovet dövründə bir neçə ədəbiyyat nəzəriyyələri və ədəbiyyat¬şünas-lığın əsasları dərslikləri və dərs vəsaitləri yazılmışdı. Ancaq müstəqil dövlətin humanitar siyasəti bu sahədə yeni kitabların yazılması zərurətini ortaya qoyurdu.
Rafiq Yusifoğlu ”Ədəbiyyatşünaslığın əsasları” kitabı ilə elmi-nəzəri fikrimizə yeni nəfəs gətirdi, bir sıra nəzəri kateqoriyalara münasibətdə orijinal elmi mövqe bildirdi. Ədəbi cərəyanlara, ədəbi növlərə və janrların nəzəri kateqoriyalarına çağdaş elmi-nəzəri mövqedən yanaşdı.
Eyni nailiyyəti ”Uşaq ədəbiyyatı” kitabında da izləmək müm¬kündür. Kitabda maarifçi-realist uşaq ədəbiyyatı sovet dövrü və müstəqillik illəri Azərbaycan uşaq ədəbiyyatının mərhələləri ədəbi şəxsiyyətləri hərtərəfli təhlil olunub, uşaq ədəbiyyatının predmeti, məqsəd və vəzifələri, ayrı-ayrı dövrlərin təsnifatı elmi prinsiplərlə aparılıb. “Müasir ədəbi proses və ədəbi tənqid” (2004, 2014) kitabı isə anoloqu olmayan bir dərs vəsaitidir. Belə ki, nənki ölkəmizdə, eləcə də bütün sovetlər birliyi məkanında indiyə qədər tədris proqramına əsasən belə maraqlı strukturlu əsər yaranmayıb.
Alim, şair, ədib Rafiq Yusifoğlunun taleyinə həm də müəllim-pedaqoq kimi şərəfli bir fəaliyyət yazılıb. O hansı səviyyədə alim və şairdirsə, eyni səviyyədə müəllim-peda¬qoqdur. Uzun illərdən bəridir ki, Sumqayıt Dövlət Universi¬tetində tələbələrə ədəbiyyat nəzəriyyəsi və milli ədəbiyyat tarixindən mühazirələr oxuyur, müntəzəm olaraq orta və ali məktəblərdə onunla görüşlər keçirilir. Bu da səbəbsiz deyil. Çünki Rafiq Yusifoğlu eyni zamanda müasir dövrün bənzərsiz şairi, ədəbiyyatşünası, görkəmli uşaq yazıçısıdır. ”Görkəmli” sözü burda tam yerinə düşür. Demək olar ki, təxminən 50 illik yaradıcılıq fəaliyyətində uşaqların yaş, bilik səviyyəsinə uyğun kifayət qədər maraqlı, məzmunlu şeirlər yazıb, əsərləri dərsliklərin bəzəyinə çevrilib.
Rafiq müəllim eyni zamanda ”Uşaq ədəbiyyatı” dərsliyində maarifçi-realist Azərbaycan ədəbiyyatında, müasir Azərbaycan uşaq ədəbiyyatında özünü göstərən bədii-estetik amilləri yüksək elmi-nəzəri səviyyədə ümumiləşdirib, uşaq ədəbiyyatı nümayən-də¬lərnin portret-oçerklərini yaradıb.
Bu gün 70 yaşın zirvəsində Rafiq Yusifoğlu çox nikbin və gümrah görünür. Onu belə ovqatda saxlayan isə kövrək hissləri və duyğularıdır. Elmi fəaliyyətdə nə qədər ciddi və nəzəri təfəkkür sahibidirsə, poetik yaradıcılığında da eyni səviyyədə duyğulu, kövrək, həssasdır. Ruhu və duyğuları pak olan Rafiq Yusifoğlunun şeirləri müxtəlif mövzuları əhatə edir. Sevgidən də, vətənpərvərlikdən də, təbiətdən də, etibardan da, vəfasızlıq-dan da – bir sözlə onun ruhunu oxşayan, qəlbini narahat edən hər şeydən yazır. Söhbət nədən yazmasından yox, necə yazma¬sından gedəndə birmənalı olaraq deyə bilərik ki, istənilən halda oxucu ilə yaxın təmas qurmağı bacarır, insanların həm beyninə, həm də hisslərinə təsir edə bilir.
Rafiq Yusifoğlunun müxtəlif illərdə 40-dan çox şeirlər kitabı nəşr olunub. “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı çığır”, “Qəm karvanı”, “Həsrət köçü”, “Təzə sevdalara doğru”, “Çiçək yağışı”, “Ayrılığın qəm hasarı”, “Həsrət sazağı”, “Sevdalı sabahlar”, “Dəniz, sən və mən”, “Eşqin qarlı yollarında”, “Könül səltənəti”, “Arzular kəhkəşanı”, “Üçüncü qərinə”, “Ömür ağacından düşən yarpaqlar”, “Sevdalı ömür yaşadım” və sair kitablarında toplanan şeirlər öz orijinallığı, mükəmməl bədii səviyyəsi ilə seçilir. Təsadüfi deyil ki, bu kitabların hamısı haqqında çox görkəmlı şairlər, yazıçılar, ədəbiyyatşünaslar mətbuatda maraqlı məqalələrlə çıxış etmiş, bu bənzərsiz şairin yaradıcılığına yüksək dəyər vermişlər.
Peşəkarlıq və məhsuldarlıq göz qabağındadır. Hər yeni kitabı oxucularla yeni görüş, yeni bir ədəbi hadisədir. Çünki əvvəlki kitablardakı şeirləri növbəti kitablarda yenidən yer almır. Ən maraqlısı isə budur ki, o, 70 yaşında da 20 yaşındakı cavanın həvəsi və potensial imkanları ilə yazır, mətbuatda və sosial mediada hər gün yeni əsərləri ilə çıxış edir. Şeirlərindəki şair obrazı daim cavan, təravətli, əsil sevgini ləyaqətə, dəyərə çevirən bir insandır, onun özü kimi mənəviyyatlı və sabitdir. Sevgini dəyərə çevirən şair yazır:

Sənin yaz ətirli sevgin, əzizim,
Məni həsrət qoyub ömrün qışına.
Bağışla günahım böyükdür mənim,
Gərək çıxmayaydım sənin qarşına…

Rafiq Yusifoğlunun ”Dəniz, sən və mən” (2009) şeirlər top-lu¬sunun bir bölümü ”Dəniz nəğmələri” adlanır. Demək olar ki, onun bütün kitablarında bu mövzuda yazdığı maraqlı şeirlərlə rastlaşırıq. Dəniz obrazının Rafiq Yusifoğlunun şeirlərində dəfələrlə təkrar olunması da təsadüfi deyildir. Onun yarım əsrdən artıq bir vaxtda hər səhər dənizə getməsi faktı da şairi tanıyanlara yaxşı məlumdur. Bu mənada ki, o dənizi qəlbinə daha yaxın bilir, dəniz onun üçün saflıq, sədaqət və dərinlik simvoludur; vaxtaşırı ona müraciət edir:

Bilsə ki, eşqimə xəyanət edim,
Onda haqq-salam kəsər bu dəniz.
Vaxtında gəlməsəm görüşə əgər.
İnciyər bu dəniz, küsər bu dəniz.
Rafiq Yusifoğlu həmişə qırmızı işığa doğru yol gedir. Bu işıq onun ürəyinin qanı ilə yazdığı şeirlərinin simvoludur. Qırmızı işıq eyni zamanda yol qaydalarında qadağan və dayanma işarəsidir. Rafiq Yusifoğlunun poeziyası isə həmişə yaşıl işiğa can atır, bu yolda heç bir qadağa, maneə gözünə görünmür. Ünvan isə dəniz rəngli göylər, səmavi bir dünya¬dadır…

Məhəmmədəli Mustafayev
Filolofiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – MƏNİM ŞEİRLƏRİM

MƏNİM ŞEİRLƏRİM

Heç vaxt öz yolumdan dayanmamışam,
Ocaq qalamışam mən öz közümə.
Özgə ilhamından pay ummamşam,
Haram qatmamışam halal sözümə…

Doğma əzablardan ayrılmaq çətin,
Həsrət alovuyla göynəyib ürək.
Sizə hopdurmüşam dərdin, həsrətin
Halal şirəsini son qətrəyədək.

Mənim aydan arı təmiz adıma
Can atan olsa da kölgə salmağa,
İmkan verməmişəm bircə adama
Sözün namusuna ləkə salmağa…

Qıra bilməsəm də həsrət buzunu,
Qızaran dan yeri köçüb gözümə.
İpəkqurdu kimi ömrüm uzunu
Kəfən toxumuşam özüm özümə…

Başımın üstünü duman alanda
Sizə söyləmişəm ürək sözümü…
Mənim şeirlərim, mənsiz qalanda
Qara eləməyin mənim üzümü…

26.03.2022

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Azərbaycanım

FƏXRİ ADIM, MÜKAFATIM

Qəlbimi nurla dolduran
Yurdumun dağı, düzüdü.
Dünyanı gözəl göstərən
Hikmət, bəsirət gözüdü…

Adi daşdı bil, altun da!
İlanlar var gül altında,
Mənim qəlbim kül altında
İşaran həsrət közüdü…

Şahə qalxıb ilham atım,
Gərək zirvələrə çatım!
Fəxri adım, mükafatım
Azərbaycanın özüdü…
22.11.2019

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – XOŞBƏXTLİK

XOŞBƏXTLİK

İstidə isinib,
soyuqda üşüyürsənsə,
Xəyallara dalıb,
kimisə düşünürsənsə,
Bu dünyaya gəlib,
insan kimi yaşayırsansa,
Daha nə istəyirsən?

Zirvələrə dırmanmağa
ayaqlarının gücü çatırsa,
Bu dağlar, bu meşələr
könlünə yatırsa,
Şəlalələrin şaqraq səsi
Sevincinə
sevinc qatırsa,
Daha nə istəyirsən?

Ətirli çəmənlərdə
gəzə bilirsənsə,
Dənizlərdə, göllərdə
üzə bilirsənsə,
Məhəbbətin şirin əzabına
dözə bilirsənsə,
Daha nə istəyirsən?

Gözəl görəndə
gözlərin gülürsə,
Ürəyin sevgidən
inləyə bilirsə,
qulaqların
yarpaqların pıçıltısını,
ləpələrin, quşların səsini
dinləyə bilirsə,
Daha nə istəyirsən?

Baxışların
güllərin rəngini görə bilirsə,
Əllərin
sevgilinin saçlarını
hörə bilirsə,
qızlara vermək üçün
çiçək dərə bilirsə,
Daha nə istəyirsən?

Gözlərin
bir cüt ilahi gözə əsirsə,
Qəlbinin telləri
sevgidən əsirsə,
Sevdalı ürəyin
görüşə tələsirsə,
Daha nə istəyirsən?

İnsanların doğmasını,
yadını bilirsənsə,
Dünyada hər şeyin
adını bilirsənsə,
Yaşamağın ləzzətini,
dadını bilirsənsə,
Daha nə istəyirsən?

Tanrı səni
bu dünyaya gətiribsə,
Gözlərindən qəflət pərdəsini
götürübsə,
Qəlbində arzu gülləri
bitiribsə,
Səni səadətə, xoşbəxtliyə
yetiribsə,
Daha nə istəyirsən? –
Xoşbəxtlik bu deyilmi?!
11. 08. 2001

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlunun çoxcildliliyinin XX cildi çap olunub – Təbrik!

Tanınmış alim, pedaqoq, şair Rafiq Yusifoğlunun çoxcildliliyinin XX cildi çap olunub – Təbrik edirik!

Rafiq Yusifoğlu sevincini oxucuları ilə bölüşüb:

“İlin axır çərşənbəsində “Seçilmiş əsərləri”min XX cildinin də hazır olması mənə bayram sovqatı oldu… Sevincimi dostlarımla bölüşür, onların da bayramını təbrik edirəm.”

Rafiq Yusifoğlu – Zaman

ZAMANIN GERİYƏ
YOLU YOXDU

İndi ata-ana olan övladlarımın
uşaqlıq şəkillərinə baxıram…
O ötən xoşbəxt günlər üçün
burnumun ucu göynəyir;
o uşaqlar üçün
yamanca darıxıram…
Zaman –
Tanrının yayından
qopan yel qanadlı oxdu,
Zamanın üzü gələcəyədi,
zamanın geriyə yolu yoxdu…
Üzü günəşə gedirəm
Məni geriyə səsləsə də
xatirələr ölkəsi.
Üzümdə gələcəyin işığı,
Arxamda
keçmişin kölgəsi…
04.08.2020

Rafiq Yusifoğlu – DÜŞÜNCƏ SELLƏRİ

DÜŞÜNCƏ SELLƏRİ

Bir yağış gəldi ki, tufan gücündə, –
Səngərdən yan ötüb, Kəpəzi tutdu…
Yoxsa qərq olardıq sel-su içində,
Bizi bu leysanın şəpəsi tutdu…

Gövdəsi mamırlı qoca palıddan
Quru budaqları ayırdı gəldi…
Görünməz bir qüvvə qara buluddan
Şimşək qılıncını sıyırdı gəldi…

İldırım çevrildi qorxunc fişəngə,
Leysan ot tapdayır, çiçək əzirdi.
Buludlar dönmüşdü topa, tüfəngə
Gurultu səsindən yer, göy əsirdi…

Güllə yağışıydı elə bil dolu,
Hara dəyirdisə, yaralayırdı…
Quşlar, kəpənəklər dibində kolun
Başını soxmağa yer arayırdı…

Qara buludlardan üzülən yağış,
Qarışqa boydaydı, filə dönürdü…
Dağın dabanından süzülən yağış
Dərənin qoynunda selə dönürdü…

Bir-birinə dəyib axırdı daşlar,
Hücuma keçmişdi leysan qoşunu…
Susurdu qanadı islanan quşlar,
İnsan düşünürdü tutub başını…

Özü tənzimləyir dünya balansı,
Perikən durnalar gölə dönərmiş.
Buluddan ayrılıb damla olan su
Yerlərdə birləşib selə dönərmiş.

Gözlər boylansa da ulduza, aya,
Yaralı quş kimi ürək ağlayır.
Güman buludları dönüb damlaya,
Düşüncə selləri coşub çağlayır…

06.07.2021

Rafiq Yusifoğlu- 75

Rafiq Yusifoğlu- 75

“Yaşadım” şeirində yazır:-

“Mən sevdalar diyarında
Olub ulu şah yaşadım!
Bir kimsəyə əyilmədim,
Ömrüm boyu şax yaşadım!

Az dodaqdan söz çəkmədim,
Az ocaqdan köz çəkmədim,
Gözəllərdən göz çəkmədim,
Edib yüz günah yaşadım.

Yarı yalan, yarı doğru,
Hey can atdım yara doğru.
Ürəyimdə nisgil, ağrı,
Dodağımda ah yaşadım.

Danışanda sözüm güldü,
Nəfəsinlə közüm güldü,
Həmişə bir gözüm güldü, –
Gah ağladım, gah yaşadım…

Qonaq çağır yar, odana!
Alovlanım yar oduna!
Ömrüm boyu Yaradana
Aparıb pənah yaşadım…”

Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.
Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aydın Hacıyev – RAFİQ YUSİFOĞLU (1950)


RAFİQ YUSİFOĞLU
(1950)
Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlıda anadan olmuşdur. O, orta təhsilini Qubadlıda aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət Sumqayıtın orta məktəblərində öz ixtisası üzrə müəllimlik etmişdir. Bu illərdə R.Yusifoğlu Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, “Azərbaycan poemalarının inkişaf problemləri” mövzusunda dissertasiya yazım müdafiə etmişdir. “Göyərçin” jurnalında əvvəl əməkdaş, məsul katib, sonra baş redaktor vəzifəsində çalışmışdır.
Rafiq Yusifoğlu ”Yurdum-yuvam”, ”Ətirli düymələr”, ”Aylı cığır”, ”Ocaq yeri”, ”Qəm karvanı”, ”Həsrət köçü”, ”Böyük arzuya gedən yol”, ”Söz çəməni”, ”Təzə sevdalara doğru”, ”Çiçək yağışı”, “Şirin yağış” və sair kitabların müəllifidir.
Rafiq Yusifoğlu “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz”, “Qızıl qələm” və s. ədəbi mükafatlarına layiq görülmüşdür. Onun tərbiyəvi-əxlaqi məna kəsb edən şeirləri Azərbaycan məktəblilərinin dərsliklərində özünə xüsusi yer tutmuşdur. Şairin şeirləri xarici dillərə də tərcümə olunmuşdur.
Onun əsərləri gənc oxucuları doğma torpağımızın zəngin gözəlliyi ilə tanış edir. Şair oxucusuna gah xalqımızın tarixi keçmişi haqqında məlumatlar verir, gah da oxucuları canlı təbiətlə tanış edir. Bütün bu mövzuların təsvirində canlı peyzaj yaradarkən oxucuların yaş xüsusiyyətləri və bilik səviyyələri nəzərə alınmışdır. Ona görə Rafiqin təsvir etdiyi mənzərələrə istinadən söylədiyi fikirlər oxuculara asanlıqla ğatır və onları razı salır.
Rafiq Yusifoğlunun vətənpərvərlik duyğuları şeirləri vasitəsilə oxuculara sirayət edir. Ümumiyyətlə, Rafiqin şeirlərinin böyük bir qismi Azərbaycan torpağının bədii təsvirinə həsr edilmişdir. Müəllif uşaqlar üçün yazdığı şeirlərin quruluşuna xüsusi diqqət verir. Şairin uşaq şeirlərinin əksəriyyəti 4, 5, 6, 7 hecadan ibarət olur. Çünki şeirdə hecaların sayı çox olanda uşaqlara çətin gəlir. Ona görə də uşaqlar üçün çoxhecalı şeirlər təqdim etmək məsləhət görülmür.
Problemin həllinə bu prizmadan yanaşsaq görərik ki, Rafiq Yusifoğlu əlinə qələm alanda uşaqların bu keyfiyyətini nəzərə alır. Bu baxımdan, “Adam balaca olanda” şeiri səciyyəvidir. Müəllif təsvir edir ki, adam balaca olanda onun arzuları böyük olur:
Adam balaca olanda
Çiçəyin dilini bilir.
Kəpənəyin, qarışqanın,
Böcəyin dilini bilir.

Ağacı, otu, sünbülü,
Dağı, daşı danışdırır.
Yerdə çəpişi, quzunu,
Göydə quşu danışdırır.

Adam balaca olanda
Uçmağa qanadı olur.
Adam böyüdükcə, həyat
Gözlərində adi olur.
Uşaq aləminin, uşaq psixologiyasının təsviri Rafiqi maraqlandıran əsas məsələlərdən biridir. Şair uşaqların yeni il arzularını belə təsvir edir:
Təzə il, ay təzə il,
Gəlməyəsən gözə,il.
Uğurlu qədəminlə
Ömrümüzü bəzə, il.

Kaman gətir, saz gətir,
Şirin bir avaz gətir.
Dön zəfərlər ilinə,
Ürəklərə yaz gətir.

Tez gəl, bizi sevindir,
Yolu, izi sevindir.
Doğmaları gözləyən
Dağı, düzü sevindir.

Üzlərə işıq gətir,
Gözlərə işıq gətir.
Kül altında uyuyan
Közlərə işıq gətir.

Sevincdən əsir dilim,
Xoş gördük, təzə ilim!
Gəlişinlə yurdumdan
Dərd itsin ilim-ilim.

Yaxamı külək açsın,
Qədəmin ürək açsın.
Sevənlərin qəlbində
Arzular çiçək açsın…

Müəllif bu şeirdə balaların bayram ovqatını bədii sözün qüdrəti ilə oxuculara çatdırır.
Xalqımızın illərdən bəri müstəqillik uğrunda mübarizədə şəhid olmuş mərd oğulları şairin diqqətindən yayınmır. Xalqımızın and yeri olan şəhidlər xiyabanına həsr etdiyi şeirdə Rafiq Yusifoğlu balaca oxucularına elə gözəl duyğular aşəlayır ki, oxucuların nifrət dolu qəzəbini söndürmək olmur. “Şəhidlər xiyabanı” şeirində yazır:
Şəhidlər xiyabanı –
Müqəddəs and yerimiz.
Mərmər daşlara hopub
Bayatımız, şeirimiz.

Bizə güllə dəyəndə
Bu torpaq yaralanıb.
Onun sinəsi üstdə
Məzarlar sıralanıb.

Mərdləri qorxutmayıb
Namərdlərin gülləsi.
Hər qəbir – azadlığa
Gedən yolun pilləsi…

Əlimizdə qərənfil,
Dilimizdə haqq sözü.
Bu günahsız millətə
Kömək olsun haqq özü!

Hər baş daşı çevrilib,
Şərəf, qeyrət büstünə.
Bir güllə qoyulubdur
Hər məzarın üstünə.

Igid oğullarımız
Cərgə ilə keçirlər.
Məzarların önündə
Diz çöküb, and içirlər.

Güllələri götürüb,
Döyüşlərə gedirlər.
Günahsız qurbanların
Ruhunu şad edirlər.

Şəhid məzarlarından
Gedən odlu güllələr,
Düşmənlərin başına
Alov saçar, kül ələr.

Geri dönər Xocalı,
Geri qayıdar Şuşa.
Şəhid ruhu şad olar,
Dönər bir qızıl quşa.

Qarabağ torpağının
Üstündə uçar, uçar.
Hamımızın qəlbində
Arzular çiçək açar…

Yaxın keçmişimizdə baş verən Xocalı soyqırımı hadisəsinə şairin həsr etdiyi “Xocalı şəhidlərinə” şeirini həyəcansız oxumaq mümkün deyil. Uşaq və gəncləri vətənpərvərlik ruhunda tərbiyələndirmək, düşmənə qarşə amansız nifrət hissi oyatmaq üçün bu əsərin böyük əhəmiyyəti vardır:
Qan ağlayan nəmli gözlər
Nə qədər yerə baxacaq?
Allah, mənim ürəyimdən
Bu tikan nə vaxt çıxacaq?

Qələm titrəyir əlimdə,
Göynəyir bağrımın başı.
Qaldırmağa oğul gərək
Kirpikdən asılan daşı.

Hər papaqlı layiq deyil
Kişi adı daşımağa!
Biz almasaq bu qisası,
Haqqımız yox yaşamağa!…
Şeirin ümumi ideyasından məlum olur ki, erməni faşistləri Xankəndində yerləşən sovet qoşunlarının köməyi ilə azərbaycanlıların yaşayışməskəni olan böyük bir rayonun – Xocalının əhalisini qırıb, rayonun adını xəritədən silməyə çalışmışlar. Ermənilərin XX yüzılliyin sonunda törətdikləri bu faciə tarixə “Xocalı faciəsi” kimi daxil olmuşdur. Azərbaycan xalqı bu faciəni unutmayacaqdır.
Rafiq Yusifoğlu uşaq və gənclərimizin qan yaddaşına öz şeiri ilə həkk etdiyi “Xocalı faciəsi”nə gələcək nəslimiz illər ötdükcə dönə-dönə müraciət edəcək, beləliklə, erməni millətçilərinə nifrət heç zaman azalmayacaqdır.
Şairin mövzu dairəsi tükənməzdir. Onun “Ana dili” adlı şeiri Azərbaycan dilinin saflığı, şirinliyi, müqəddəsliyi uğrunda aparılan mübarizəyə həsr olunubdur. Balalarımız bu şeir vasitəsilə Azərbaycan dilinin Şərq aləmində ən potensional, enerjili dillərdən biri olduğunu öyrənirlər.
Ananın özü kimi
Ana dili müqəddəs.
Damarımızda qandı,
Ciyərimizdə nəfəs.

Şirin layla eşidib,
Körpə dinclik tapıbdır.
O dil ana südüylə
Ruhumuza hopubdur.

Bəxtəvər ömrümüzün
Mənasına dönübdür.
Müqəddəs ruhumuzun
Aynasına dönübdür.

Ana dili qürbətdə
Vətənə dönə bilər.
Düşmənlərin başında
Mərmi tək dinə bilər.

Odur ən çətin anda
Köməyimizə yetən.
Ana dili yoxdusa,
Nə ana var, nə vətən…


Şair Rafiq Yusifoğlu ədəbi irsinin böyük bir qismi uşaq və gənclərə ünvanlanmışdır. Bu baxımdan “Söz çəməni” kitabı böyük əhəmiyyət kəsb edir. Bu kitabda uşaqlara ana dilinin qrammatikası öyrədilir. Nitq hissələrinin, cümlə üzvlərinin, durğu işarələrinin hərəsinə ayrı-ayrılıqda şer həsr olunmuşdur. Məsələn, Əvəzlik haqqında belə yazılır:
Çətinə düşənlərin
Köməyinə gəlirəm.
Neçə nitq hissəsini
Əvəz edə bilirəm.
Mən isimin, sifətin,
Sayın, zərfin dostuyam.
Neçə-neçə növüm var,
Öz işimdə ustayam.
Nə əmr etsən, hazıram,
Demə həvəsim yoxdu.
Əvəzliyəm, əvəzlik,
Mənim əvəzim yoxdu…
Rafiq Yusifoğlu şeirləri vasitəsi ilə dilimizdə az işlənən bir çox sözlər, eləcə də kənd təsərrüfatı və məişətdə işlənən alətlər ilə uşaqları tanış edir. Məsələn, herik şumu, sadaq, dəryaz, qəzil, cicim, örüş, dabbaq, çaşır, səllimi, sapand, teşi və s. Azərbaycan dilində az işlənən sözlərin izahını bilmək hər bir uşağa çox vacibdir. Etiraf etməliyik ki, dilimizdə işlənən bu sözləri nəinki uşaqlar, hətta mqəllimlərin çoxu bilmir.
– Toyuğun ayağında
Üzüyə bax, üzüyə.
–Heç belə də şey olar? –
Hamı güldü Həziyə.
–Üzük deyil, bəs nədir?
–Bax, əskidi, badışdı.
Çəpərdən aşıb gedir,
Çil toyuq çox nadincdi.
Biz bu əskini onun
Ayağına tikmişik,
Qonşunun toyuğuyla
Düşməsin tay-dəyişik.
Şeirin məğzi uşaqlara öyrədir ki, toyuqlar dəyişik düşməsin deyə ayaqlarına tikilən rəngli parçaya badış deyilir.

Aydın Hacıyev,
pedaqoji elmlər doktoru, professor.
“Azərbaycan uşaq ədəbiyyatı tarixi”, Bakı, “Təhsil” nəşriyyatı, 2004, s. 221-226.

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – PAYIZ DÜŞÜNCƏLƏRİ

PAYIZ DÜŞÜNCƏLƏRİ

Xiyabanda tək-tənha
gəzə-gəzə
için-için yanıram,
özüm boğuluram
öz tüstümə.
Elə bil payız ağlayır,
bəbəklərindən
sarı-sarı damlalar
yağır üstümə…
Gözlərim kimisə
görməyə tələsir,
Ürəyim köksümdə
bir sarı yarpaq kimi
tir-tir əsir…
Boylanıram uzaqlara,
elə bilməyin ki,
duyğularım korşalıb,
hisslərim keyləşib.
Parkdakı skamyaların
üstündə
bir vaxt gözəllər
əyləşirdi,
indi xəzəllər
əyləşib…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru