Ehtiyacım olan vaxtda yanımda olmadınız. Nə səsiniz gəldi, nə varlığınız hiss olundu. O günlərdə susmağı, görməməzlikdən gəlməyi seçdiniz. Mən çətinliklərlə tək üz-üzə qalanda isə yadlar ortaya çıxdı, yadlar soruşdu, yadlar əl uzatdı, yadlar insanlıq göstərdi. Və elə həmin günlərdə bir həqiqət açıq şəkildə üzə çıxdı: yadlar sizdən doğma oldu. Siz isə sadəcə ad üstündə qalan, qohumluqdan başqa heç nə ifadə etməyən bir boşluğa çevrildiniz. İndi isə hər şey bitəndən, hər şey geridə qalandan sonra məni xatırlamağınız nə vicdan göstəricisidir, nə də dəyər. Bu gecikmiş maraq mənim üçün əhəmiyyətsizdir. Vaxtında yanında olmayanın sonradan söz deməyə haqqı olmur. Mən artıq öz yolumu tək getmişəm, öz əziyyətimi tək çəkmişəm, öz qaranlıq dünyamda özüm ağlayıb, özüm göz yaşlarımı silib ayağa qalxmışam, dərsimi almışam, qapımı da bağlamışam. Bu qapı nə izah üçün açılacaq, nə də “qohumuq axı” bəhanəsi üçün. Mənim sizə ehtiyacım yoxdur. Sakitliyimə hörmət edin və bir daha məni narahat etməyin.
VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış…
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. – Bakı.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
Sənin o üzündə İlahi bir nur, Sənin o üzündə xoş bir təbəssüm. Demək, sən Allahın seçilmişisən, Demək, sən Allahın sevimlisisən. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Səndən başqa o zirvəyə kim qalxar? Səndən başqa o zirvəni kim alar? Ucalığa qalxa-qalxa ucalar. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sevgilərin sevimlisi Vətəndi. Ona qurban, axan qandı, bədəndi. Şəhid sonda arzusuna yetəndi. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sən övladsan, sən igidsən, sən ərsən. Düşmənlərə qan udduran ərənsən. Sən özün də bizim üçün Vətənsən. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sənin yolun zirvələrə gedən yol, Sənin yolun o müqəddəs, Vətən, yol, Sənin yolun Bayraqlarla bitən yol. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim! 12.12.2020.