Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncam əsasında “Sözün xaqanı” böyük Azərbaycan şairi Xaqani Şirvaninin irsinə və Qərbi Azərbaycan mövzusuna həsr olunmuş möhtəşəm ədəbi-mədəni tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir sözün həqiqi mənasında bir məktəb proqramı deyil, milli yaddaşın canlı dərsi idi. Zala daxil olan hər kəs hiss edirdi ki, burada yalnız bir şair yad edilmir tarix, poeziya və kimlik eyni səhnədə görüşür. Tədbirin yüksək təşkilatçılığı isə ilk andan hiss olunurdu. Qonaqların səmimi qarşılanması, zalın estetik tərtibatı, proqramın ardıcıllığı və hər detalın düşünülmüş şəkildə hazırlanması Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilovun bu layihəyə necə böyük məsuliyyət və sevgi ilə yanaşdığını açıq göstərirdi.
Qonaqlar məktəb kollektivinin xüsusi diqqəti ilə qarşılandı. Məktəbin direktoru Mahnur Hüseynovanın rəhbərliyi altında müəllim heyəti tədbiri sadəcə təşkil etməmiş, onu bir mədəniyyət bayramına çevirmişdi. Şagirdlərin geyimindən səhnə mizanına, musiqi seçiminə qədər hər məqam müəllim əməyinin və peşəkar hazırlığın nəticəsi idi. Uşaqların çıxışlarında hiss olunan inam və səhnə mədəniyyəti onların uzunmüddətli hazırlıq prosesindən keçdiyini açıq nümayiş etdirirdi.
Qərbi Azərbaycanda doğulmuş yaradıcı yazar kimi tədbirin mənəvi yükünü xüsusi hiss etdim. Müəllifi olduğum “Göyçə” şeirindən və Xaqaniyə həsr etdiyim poemadan parçalar şagirdlərin ifasında səsləndi. Uşaqların səsində həm həsrət, həm qürur, həm də gələcəyə uzanan milli ruh duyulurdu. Tədbirin ən duyğulu anlarından biri də şagirdlərlə səmimi görüş zamanı onlara müəllifi olduğum şeir jurnallarının hədiyyə edilməsi oldu. Bu görüş sadəcə təqdimat deyil, sözün nəsildən-nəsilə ötürülməsi kimi yadda qaldı.
Tədbirin ən təsirli məqamlarından biri gənc şagirdlərin
Məmmədli Abdullah Canpolad (8 “A”) və
Xəlilova Ayişə Rəsulun (7 “A”)
səhnə boyu Xaqani Şirvaninin portretini canlı şəkildə çəkmələri oldu. Daha sonra şairin həyatının ən dramatik səhifələrindən biri həbs səhnəsi teatral kompozisiya ilə canlandırıldı. O qədər təsirli idi ki, sözlə ifadə etmək çətindir bunu görmək lazım idi.
Tədbirdə çıxış edən qonaqlar proqramın elmi və ictimai əhəmiyyətini daha da artırdı.
ADPU beynəlxalq əlaqələr üzrə prorektoru, dr.professor Mahirə Nağıqızı şagird və müəllimlərə dəyərli tövsiyələr verdi, milli ədəbiyyatın gənc nəslin formalaşmasındakı rolundan danışdı.
Milli Məclisin deputatı və Qərbi Azərbaycan Qadınlar Şurasının sədri Məlahət İbrahimqızının tədbirə qatılması iştirakçılara xüsusi ictimai məzmun qatdı.
Türkiyədən təşrif buyurmuş Kerem Karabulut, Erzincan Binali Yıldırım Universitetinin dekanı və Atatürk Universitetinin professoru kimi türk dünyasının ortaq ədəbi dəyərləri və “Sözün xaqanı” kitabı barədə fikirlərini bölüşərək və iki kitabın ön söz müəllifi olaraq tədbirə beynəlxalq ruh gətirdi. Xızı rayon Giləzi qəsəbəsi Mikayıl Müşfiq adına məktəbin direktoru Svetlana Rüstəmovanın çıxışı da yadda qalan məqamlardan oldu.
Abşeron rayonun təhsil nümayəndələri, məktəb rəhbərliyi, müəllim kollektivi, müxtəlif məktəblərdən gəlmiş direktorlar və Bakıdan qatılan ədəbiyyatsevərlər tədbirin miqyasını daha da genişləndirdi. Qadın qonaqlara göstərilən yüksək diqqət, səmimi münasibət, tər çiçəklərlə qarşılanması və təşkilati mədəniyyət Abşeron təhsil mühitinin nümunəvi səviyyəsini nümayiş etdirdi. Bu cür genişmiqyaslı tədbirlərin həyata keçirilməsində rayon rəhbərliyinin göstərdiyi diqqət və dəstək xüsusilə hiss olunurdu. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin təhsilə və milli-mənəvi layihələrə verdiyi önəm belə təşəbbüslərin reallaşmasına mühüm stimul verir.
Eyni zamanda belə böyük və ideya baxımından əhəmiyyətli tədbirin ərsəyə gəlməsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin sistemli fəaliyyəti də aydın şəkildə görünürdü. Təhsildə milli dəyərlərin qorunması və məktəblərdə ədəbi-mədəni mühitin gücləndirilməsi istiqamətində göstərilən diqqətə görə idarənin müdiri İlhamə Abdullayevaya təşəkkür hissləri tədbirin ümumi ruhunda öz əksini tapırdı.
Səmimi çay süfrəsi isə bu mənəvi görüşün isti və yadda qalan yekunu oldu. Şagirdlərin hazırlığı xüsusilə diqqət çəkirdi hər çıxışda müəllim zəhməti, hər misrada milli tərbiyə, hər addımda isə məktəbin ruhu hiss olunurdu. Bu tədbir bir daha sübut etdi ki, məktəb yalnız dərs deyil, millətin ruhunun yetişdiyi müqəddəs məkandır.
Tədbirin yüksək səviyyədə təşkilinə görə Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilova və xüsusilə məktəbin direktoru Mahnur Hüseynovaya dərin təşəkkürlərimi bildirirəm. Çünki belə günlər sadəcə keçirilmir yaddaşa çevrilir.
Sonunda xatirə şəkilləri də unudulmadı.

Prezident mükafatçısı
Yazıçı-Jurnalist
Sona Abbasəliqızı İsmayılova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir