Etiket arxivi: Əzizə Fariz

Mənim sizə ehtiyacım yoxdur

Mənim sizə ehtiyacım yoxdur

Ehtiyacım olan vaxtda yanımda olmadınız. Nə səsiniz gəldi, nə varlığınız hiss olundu. O günlərdə susmağı, görməməzlikdən gəlməyi seçdiniz. Mən çətinliklərlə tək üz-üzə qalanda isə yadlar ortaya çıxdı, yadlar soruşdu, yadlar əl uzatdı, yadlar insanlıq göstərdi. Və elə həmin günlərdə bir həqiqət açıq şəkildə üzə çıxdı: yadlar sizdən doğma oldu. Siz isə sadəcə ad üstündə qalan, qohumluqdan başqa heç nə ifadə etməyən bir boşluğa çevrildiniz. İndi isə hər şey bitəndən, hər şey geridə qalandan sonra məni xatırlamağınız nə vicdan göstəricisidir, nə də dəyər. Bu gecikmiş maraq mənim üçün əhəmiyyətsizdir. Vaxtında yanında olmayanın sonradan söz deməyə haqqı olmur. Mən artıq öz yolumu tək getmişəm, öz əziyyətimi tək çəkmişəm, öz qaranlıq dünyamda özüm ağlayıb, özüm göz yaşlarımı silib ayağa qalxmışam, dərsimi almışam, qapımı da bağlamışam. Bu qapı nə izah üçün açılacaq, nə də “qohumuq axı” bəhanəsi üçün. Mənim sizə ehtiyacım yoxdur. Sakitliyimə hörmət edin və bir daha məni narahat etməyin.

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

Sənsizliyin 5 ili bugün tamam oldu, Fariz…

Sənsizliyin 5 ili bugün tamam oldu, Fariz…
Sənə yazıram, amma oxumayacağını bilirəm.. Səni son dəfə qucaqladığım gün hiss etdim ki, ürəyimin bir hissəsi səninlə getdi. Sən getdin biz qaldıq, amma sənlə birlikdə zaman da dayandı. Saatlar, illər keçir amma mən o günün içində qalmışam.Getdiyin gündə…
Bu gün məzarının başındayıq.. Üzərində güllər var,amma bu güllər göz yaşından daha az yaşadı…
Anan sağımdadır, mənə sarılıb, sənin qoxunu məndən alır..O artıq susur. Əlini tuturam titrəyir… “Qəhrəman oğlum” deyir… amma səsi sanki “balam” deyə haray çəkir içindən. Heç kimə göstərmədiyi bir ağrını gözünün içindən süzür…Gecələr səssiz ağlayır, yorğanı başına çəkib səsini gizlədir, elə bil biz bilməyək deyə…
Şəhid anası olmaq böyük ad, böyük dərd..
Çünki danışmaqdan yorulub, çünki içindəki ağrı sözə çevrilmir. O səni hər gün gözləyir. Yuxusunda səni axtarır, səhər oyananda boş otağa baxır.. və yenə anlayır, sən artıq heç vaxt gəlməyəcəksən.
Mən isə güclü görünürəm.
Hamı deyir, “səninlə fəxr edirik.”
Amma heç kim bilmir gecələr başımı yastığa qoyanda sənin adını pıçıldayıb
səssizcə ağladığımı… Sən Vətənə can verdin.Böyük ad qoydun bizə “Şəhid ailəsi”. Amma bu adla yaşamaq hər gün bir az ölmək kimidir. Sənsiz nəfəs almaq belə günah kimi gəlir… Səni qucaqlaya bilmədiyim illər keçir. Ad günlərimiz, bayramlarımız, ailə şəkillərimiz.. Hamısında bir boşluq var. Heç nə tamamlanmır, çünki sən yoxsan. Amma bir şeyi bil:
Səni unutmadıq,unutmayacağıq..
Sənin yoxluğuna öyrəşməyəcəyəm.
Öyrəşmək xəyanət kimi gəlir mənə.
Hər dəfə gəlib səninlə danışacağam, hər dəfə bu məzar daşına söykənib
susaraq səninlə yaşayacağam.. Çünki
səni torpağa verdim, amma sevgimi yox…
Sevgim sağdır. Səni gözləyir…
Hələ də…
Şəhadətin mübarək, qəhrəmanım!

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

Bugün o gündür, Fariz..

Bugün o gündür, Fariz..

Bugün o gündür, Fariz.. Bugün Şəhid xəbərini aldığımız gündür… Lənət olsun sənə, Oktyabr! Bu, sənin adını hər an ağzımızdan düşürmədiyimiz, amma bu dəfə daha ağır, daha dərindən bir acıyla çəkdiyimiz gündür. O an ürəyimizə bir yaraya dönən o xəbəri aldıq. Amma sənin cismindən ayrıldığının xəbərini heç bir zaman qəbul edə bilmədik. Hələ də düşünürəm,necə oldu ki, odun alovunun içindən sənə bir toxunuş belə edə bilmədik? Bir neçə gün sənin şəhid olduğun ərazidə tərk edildin..Ruhu göylərdə, yüksək yerlərdə uçan bir qəhrəman,amma bədəni döyüşdə yan yana qaldığın şəhid qardaşlarınla birgə bir boş ərazidə qaldı.
Evdə çay dəmləyirdim.Sən gələcəksən deyə…Qapıya baxırdım.Bəlkə bir xəbər gələr. Amma gələn səs “O, şəhid olub” -deyə çökdü içimə. Dərindən, axıradək yandırdı. O çay soyudu, Fariz.. O çay da sənsiz qaldı.Sən odu keçdin, barıtı udqundun, qanla sulanmış torpaqda iz qoydun.
Adın sadəcə bir Şəhid adı deyil.
Sən döyüşdə alovu qucaqlayıb şəhadətə gülərək gedən bir qəhrəmansan.
Və indi bu torpaq səni bağrına basıb yatıb. 16 oktyabrda isə tabutunu qucaqlayıb, son dəfə sənə sarılıb, son mənzilinə yola salacağım gündür…Nə olar 5 il əvvələ qayıtsaq, o xoşbəxt günlərimizi yaşasaq, səninlə evliliyimizin 8-ci ildönümünü qeyd etsək…Nə olar…Zaman çox qəddardır, sevdiklərimizi bizdən alır…Biz qan ağlayırıq, torpaq sevinir…
Vətən səni unudarmı, Fariz? Heç vaxt…

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

13 il

13 il…
Bu gün bizim evliliyimizin 13 ili tamam olur.
8 ili birlikdə sevgi ilə,güvənlə,gülüşlərlə keçdi…
5 ili isə sənsiz səssiz,amma qürurla, həsrətlə,yanğıyla…
Hər il bu gün gələndə içimdə qəribə bir sükut çökür.Bir tərəfim ağrıyır çünki sənsizəm.Digər tərəfim gülümsəyir çünki səninlə yaşadığım hər anım bir ömür qədər dəyərlidir.
Mən çox xoşbəxt idim,Fariz…
Həyatın çətinlikləri olsa da,yanımda sən var idin dağ kimi,dayaq kimi…
Gözlərindəki sevgi mənim üçün bütün dünyanın səssiz və dərin səadəti idi.
Mən sənin gözlərinə baxıb gələcəyimizə inanırdım.Amma sən getdin…
Vətəni,bizi,gələcəyimizi qorumaq üçün canını fəda etdin.Və mən qaldım yarımçıq bir hekayənin içində,amma qürurla başım dik “Mən şəhid həyat yoldaşıyam” deyərək.Sən tək getmədin,bir parçanı da apardın özünlə.Amma içimdə elə bir iz qoydun ki,zaman belə silə bilmədi.Sənin adını hər çəkəndə nəfəsim titrəyir…Amma bu titrək nəfəsin içində həm sevgi,həm həsrət,həm də qürur var.Çünki sən həm mənim həyatımın sevgisi,həm də bu millətin əbədi qəhrəmanısan.
Bu gün səninlə olan evliliyimizin 13-cü ili tamam olur.
Sənsiz 5 il keçdi…
Amma sanki sən hələ də burdasan nəfəsimdə,dualarımda,qəlbimin hər guşəsində.
Səni unutmadım,unuda bilmərəm.
Çünki mən hələ də səni sevirəm…
Sanki bu gün yenidən “hə” deyirəm sənə səssizliyə,xatirələrə,dualara…
Ruhun şad olsun,Farizim…Səni sevən qəlbimlə bu günü yaşayıram həm ağrıyla,həm təbəssümlə…

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağstafanın Dağ Kəsəmən kəndindəyəm

Ağstafanın Dağ Kəsəmən kəndindəyəm

Ağstafanın Dağ Kəsəmən kəndindəyəm hal-hazırda. Farizin doğulduğu kənddə. Burada hər şey susur… Amma bu sükutun içində bir fəryad var. Qışqırmır, amma ürəyi parçalayır. Elə bil bu kəndin torpağı danışa bilir danışır, amma yalnız anlayana. Burada bir şəhid doğulub. Bu torpaqda ilk dəfə yeriyib, burada ilk dəfə “ana” deyib. Uşaq gülüşü ilə dolub bu küçələr. Amma indi həmin küçələr səssizdir. Ağaclar başını aşağı salıb, elə bil utanır nəyinsə qarşısında. Elə bil kəndin nəfəsi tutulub…
Fariz bu kəndin ümidiydi. Bəlkə də hər kəsin anası öz balasını ona bənzədirdi. Çünki o, təkcə ailəsinin yox, bir xalqın oğluydu. Sadə, sakit, təmiz bir ömür yaşadı. Amma böyük bir ad qoydu getdi Şəhid adı. O ad indi bu kəndin ən uca yerindədir. Bu kənddə hər daşın, hər çayın, hər ağacın bir adı var Farizin adıyla. Çünki şəhid olan birinin doğulduğu yer, artıq sıradan kənd olmur. O kənd müqəddəsləşir. Farizin kəndində olmaq qürurdur… Amma bu qürur sinəni dağa döndərsə də, içində daimi bir ağrı qoyur. Çünki şəhidin kəndində nəfəs almaq belə başqa cür olur. Adam danışmağa utanır. Sanki səsini qaldırsan, ruhunu incitmiş olacaqsan. Bu kənd artıq sadəcə bir kənd deyil. Bu kənd Vətəndir. Çünki burada bir şəhid doğulub. O Şəhidi unutmayın.

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“32 Yaşlı Şəhid Xanımının Səssiz Mübarizəsi”

“32 Yaşlı Şəhid Xanımının Səssiz Mübarizəsi”

Bu gün 32 yaşım tamam olur..
Qarşıma keçib “Ad günün mübarək” deyəcək bir adam yoxdur — çünki o, bu Vətən üçün torpağa qarışıb.
Mən bir şəhid xanımıyam…
Hər kəsin “səbirli ol” dediyi, amma heç kimin nə hiss etdiyini bilmədiyi qadınam.
Susmağı öyrəndim, çünki danışsam, ürəyimin qırıntıları səsi batırar.
Bu gün bir qadının doğum günü deyil,
bir şəhidin yadigarı olan qadının, ananın, yarımçıq qalmış sevginin günüdür.
Bu gün çox gözlədim…
Gözlədim ki, qapı açılsın,
mənim Farizim içəri girsin…
Amma qapı açıldı…
İçəri sükut gəldi…
Mən sevgi ilə evlənmişdim…
Mən Vətənlə paylaşacağımı bilmirdim o sevgini…
Bilmirdim ki, övladlarım “ata” deyə bilməyəcək və mən hər dəfə bu sözlə titrəyəcəyəm.
Bu yaşda mənə nə hədiyyə düşür?
Bir şəkil… çərçivədə donub qalan bir gülümsəmə…
32 yaşımda mən susuram…
Çünki danışsam, dilimin ucunda şəhid qanı damlayar…
Çünki ağlasam, torpaq islanar…
Çünki qışqırsam, Vətən sarsılar…
Bu gün mən təkcə özümə yox,
bütün şəhid xanımlarına arzu edirəm:
Allah bizim övladlarımıza elə güc versin ki, atalarının yoxluğunda boylarından böyük şəxsiyyət daşısınlar.
Fariz…
Sən bu gün yoxsan…
Amma bu yaşımın hər saniyəsində nəfəsinlə yaşayıram.
Bu 32 yaş – mənim həyatımın yubileyi deyil.
Bu, səssiz qəhrəmanlığımın ildönümüdür.
Göz yaşlarımla yazdım bu yaşımı…
Qürurumla imzaladım.
Bu gün – qadınlıq susdu, ana dözdü, Vətən danışdı.
Bu gün – bir şəhidin qadını 32 yaşında tək qaldı, amma diz çökmədi..!

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzizə Fariz məzun oldu

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Fariz – Əzizə Həsənova ali məktəbdən məzun olub.

Modern.az xəbər verir ki, bu barədə şəhid xanımı özünün sosial şəbəkə hesabında  paylaşım edib.

“Tam 4 il bundan öncə, Farizin şəhid olmağından 1 il sonra özümü sınadım və ali məktəbə qəbul olundum. Təbii ki, mənim ali təhsil almağım onun ən böyük arzusu idi və mən onu yerinə yetirdim. Bu gün böyük fəxr və qürur hissi ilə deyirəm ki, mən artıq məzunam. Ruhun şad olsun, Fariz. Əzizən ali təhsil müəssisəsini başa vurdu. Və artıq bundan sonra uğurla addımlayacağım bir hədəfə çatmaq üçün səylə çalışmalıyam. Ən əsası mənə yadigar qalan iki övladımın təhsilli, vətənpərvər və vicdanlı bir şəxsiyyət kimi formalaşmasında əlimdən gələni etməliyəm. Bu mənim həm ata, həm də ana kimi valideyn olaraq vəzifə borcumdur. Var gücümlə çalışacam ki, övladlarımın üzərində hər zaman günəş olsun. Kölgə onların üzərinə qaranlıq salmasın. Həyatda ən böyük silahım nailiyyətlərim və övladlarımın qarşısında aciz qalmamağım olsun».

Qeyd edək ki, Əzizə Həsənova “Odlar Yurdu” Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu ve audit ixtisasını bitirib.



Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Füzuli rayonunun işğaldan azad olunması əməliyyatında iştirak edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əzizə Farizin digər yazıları

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru