Etiket arxivi: 20 YANVAR

Müzəffər Məzahim – SALAM, EY ŞƏHİDİM…

SALAM, EY ŞƏHİDİM

(Neftçala rayonundan şəhid pilot
İbrahim Möhsüm oğlu Mənəfovun əziz xatirəsinə)

Salam, ey şəhidim! İbrahim balam,
Müqəddəs şəhidlik adın müəbarək.
Vüqarım, qürurum, iftixar qalam,
Əbədi məşəlin, odun mübarək.

Arzu toxumutək, ümid dənitək,
Anan ürəyinə əkmişdi səni.
Qürur mənbəyitək, inam kanıtək,
Atan zirvələrə çəkmişdi səni.

Ananın diləyi çin olsun deyə,
Sən neçə arzular göyərtməliydin.
Ata inamıyla ucalıb göyə,
Nə qədər zirvələr fəth etməliydin.

Fəqət, arzularla üzü inama,
Ucaldın əlçatmaz ucalara sən.
Dedin: -Əziz anam, məni qınma,
Bu gün oğul qurban istəyir Vətən.

Adın şərəf yeri, and yeri oldu,
Ucaltdın başını bir boy da xalqın.
Canınla Vətənin sipəri oldun,
Yurd saldın qəlbində bu boyda xalqın…

07.02.2018

Müəllif: Müzəffər MƏZAHİM

MÜZƏFFƏR MƏZAHİMİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli Nəcəfxanlı – ŞƏHİDLƏR

ŞƏHİDLƏR
Sizi köynəyindən keçirtdi Vətən,
Sizi dəstə-dəstə götürdü torpaq.
Sevgilu qəlbiniz neçə gül açdı
Güllələr dinəndə taraqhataraq.

Son dəfə göyləri gözüünə çəkdi,
Qocanız, qarınız, körpəniz belə.
Bir dağ da ucaldı Dağüstü bağda-
Bu imiş dağ üstə dağ qoymaq belə.

Torpağa can deyib son nəfəsdə də,
Əyilib öpdünüz torpağı, qardaş…
Babəkin qolları yaşıl ağacdır,
Siz onun qırmızı yarpağı, qardaş…

Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarixə qısa ekskurs – 20 yanvar hadisələri

Təqvimdən tarixə dönən gün

(Yazıların xronoloji ardıcıllığı gözlənilməyib)

“Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir”.
Lev Tolstoy

“Ədəbiyyat və İncəsənət” qəzetinin 1990-cı il yanvar nömrəsinin lk səhifəsi “Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçovun Sovet xalqına yeni il müraciəti” başlıqlı yazı ilə başlayır.
1989-cu ilin son dəqiqələridir.
“…qurtarmaqda olan ildə elə toxumlar səplib ki, bunlar şübhəsiz cücərəcəkdir. Bizim torpaqda onlar asan cücərmir, onlara daim qulluq etmək və qayğı göstərmək tələb olunur. Lakin onlar tələf olmayıb kök salsalar onda bizim ölkəyə və hər kəsə bolluca bar gətirərlər”. Sosializmi demokratiya ilə birləşdirməyin zəruri olduğunu bildirir.
Sətirlər tanış gəldi, xüsusilə də “toxum əkməklə onun cücərməsi”. Deyəsən, “Vremya” proqramı idi. Atamla anam baxıb müzakirə edirdilər. Biz uşaqlar da səssizliyə riayət edirdik. Proqram başa çatdıqdan sonra anam dedi ki, deyir, biz elə bir toxum əkmişik ki, o cücərəcək. Soveti dağıtmaqideyasını nəzərdə tutur. Atam tərcüməyə düzəliş etdi. O düzəlişindi qəzetdə gözlərimin qarşısında daş altından çıxmış qarışqalar kimi qaynayırdı.
Sabiq ABŞ prezidenti Franklin Delano Ruzvelt deyir ki, “…Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutlub”. Bu fikrə əsaslanaraq 1989-cu ildən üzü bəri başımıza gələnlərin hamısının ssenari olduğu məlum olur.
Uşaq vaxtı evimizdə Qulam Məmmədlinin “Dostluq şarjları” kitabçasında gördüyüm şarjlar qəzetin bu nömrəsində səhifələrə səpələnmişdi.
Növbəti səhifədə Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı verilib. Fərmanda deyilir:
Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çox saylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (8-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova,
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi R.Qazıyeva.
Bakı şəhəri, 30 dekabr 1989-cu il.
Əliağa Bakirin “Gəncə” şeiriniFərmandan sonra oxuyuruq:
“Gözün aydın qayıdıb ismi-vüqarın, Gəncə.”
Demək, addım-addım müstəqilliyə doğru gedirik. Biz olmağa başlayırıq, amma bu yolda cəmi on beş gün sonra başımıza nələr gələcəyini bilmirik.
Fevralın 16-da qəzetin 5-ci nömrəsində Famil Mehdinin “Cavab istəyirəm” yazısından artıq nə baş verdiyi bəlli olur. Müəllif mərkəzi qəzetlərin “Bakıda qan tökülüb” ikibaşlı sözlərini tez-tez işlətdiyinə etiraz edir: “Xeyir, qan tökülmək nədir, Bakıda bir xalqa açıq-aşkar qəsd edilib, əli-ayağı yalın günahsız insanlar, qocalar, analar, uşaqlar gülləbarana tutulub, al qanına qəltan edilib.” Şairin: “…bu düşünülmüş milli-qəsd deyildisə nə üçün fövqəladə vəziyyət elan edilmədən qaragüruhçu adamöldürənlər dəstəsi şəhərə daxil olmuşdur?” soruşması o zaman bütöv bir xalqın cavabını bilmək istədiyi sual idi.
Azərbaycan KP MK-nın plenumu haqqında məlumatı, Azərbaycan KP MK-nın birinci katibi A.N.Mütəllibovun 1990-cı il yanvarın 27-də respublika televiziyası ilə çıxışının, Azərbaycan KP Bakı şəhər komitəsiylə Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin şəhidlərin, həlak olanların ailələrinə verdikləri başsağlığının mətnini oxuduqca müstəqilliyə necə çətinliklə nail olduğumuzu bir daha dərindən dərk edirik. 20 Yanvar faciəsinə Türkiyə, Özbəkistan yazıçıları, Tiblisidən gənc alimlər, Pravoslav gürcülər, Parisdən Azərbaycana Yardım Komitəsi münasibət bildirir, Qorki vilayətində hərbi xidmətdə olan əsgərlər xalqa başsağlığı verirlər.
Azərinformın “Zərərçəkənlərə yardım” elanı adamın yarasını qoparır.
29 yanvar – doqquz gündür millət yas içindədir.
“Nə təsəlli sözləri tapıram, nə ürək-dirək vermək istəyirəm”. Bütün sözlər deyilib qurtarıb, deməyə söz qalmayıb, elə bil sözlərin içi boşalıb. Dünya sanki sözsüzlük səhrasıdır…Danışa bilmirəm, düşünə bilmirəm, söz tapmıram deməyə”.
Yazıçı Anarın “Danışa bilmirəm” mətnindən.
B.Vahabzadə də millətini “Dərdə dözümlü xalqım” deyib oxşayır.
Fevralın üçündə Hamlet Xanızadənin ölüm xəbəri yayılır.
Elçinin siyasi mövzuda “Ağır sınaq günləri” məqaləsinə də nəzər salaq:
“Mərkəzi mətbuat, televiziya, radio teleqraf agentlikləri Azərbaycan xalqının problemlərini, ilk növbədə isə Qarabağ problemini tendensiyalı, bir tərəfli yarımçıq işıqlandırır”.
Yazıçı Moskvada erməni mədəniyyət cəmiyyəti tərəfindən “Hay gruver” adlı qəzetin nəşr olunduğunu, Moskvada Azərbaycan mədəniyyət Mərkəzinin açılmasını tezləşdirməyin vacibliyini bildirir.
Qəzetin bütün nömrələrində faciəni əks etdirən fotolar yer alır.
Fevralın 9-da 20 Yanvar hadisələrinin xəstəxanada yatan iştirakçıları ilə aparılan söhbət “Bu faciə olmaya da bilərdi” adlı məqalədə yer alıb.
Sinəmizdəköhnə dərdlərimiz dəyurd salıb. Sağalası yaralar deyil. Teymur Elçinin 1937-ci və sonrakı illərdə Stalin zindanlarında həlak olmuş azərbaycanlıların xatirəsinə həsr etdiyi “Analar yanar ağlar” şeiri bunu sübut edir.
Bir dərdimiz də Kamilə Nemətin “Xatirəyə döndülər” məqaləsinin sətirlərindədir. Bir səhifə bütövlükdə Ermənistana yardım aparan təyyarənin qəzaya uğramasından bəhs edir: “1988-ci il, dekabr ayının 11-də Azərbaycana bir bəd xəbər yayıldı. Bakıdan Leninakana (Ermənistan SSR) uçan İl-76 hərbi nəqliyyat təyyarəsi nəzərdə tutulan şəhərin aeroportuna yaxınlaşarkən qəzaya uğramışdır. Doqquz nəfər heyət üzvü və zəlzələnin nəticələrinin ləğv edilməsində iştirak etmək üçün Leninakana göndərilmiş 80 hərbi qulluqçudan 79-u həlak olmuşdur.
Gərək ki, hamının yaxşı yadındadır. O vaxt baş vermiş ikinci təyyarə qəzasına uğramış yeddi nəfər Yuqoslaviya vətəndaşı üçün Ermənistan hökuməti başsağlığı verdi. Azərbaycanlı ailələrinə başsağlığı vermək isə tamamilə unuduldu. İstər Mərkəzi mətbuat, istərsə də yerli qəzetlər bu hadisənin üstündən elə sükutla keçdilər ki, Qazaxstan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi Oljas Süleymənovun SSRİ xalq deputatları qurultayında dediyi kimi həlak olanların haqqında yalnız gözüyaşlı anaları bildi.
Bu da görünür, təsadüfi deyil ki, Ermənistan hökuməti qəzaya uğramış Yuqoslaviya vətəndaşlarının xatirəsini əbədiləşdirmək üçün bu günlərdə hadisə yerində abidə qoydular. Azərbaycanlılarınsa heç adları belə çəkilmədi.
Almaz Binnətovanın “Ülviləşən Ülvim”, Süleyman Vəliyevin “Şəhidlərin əziz xatirəsinə” məqaləsi, Aqil Abbasın “Bu yaradan qan damır” yazısı dərdlərimizinçoxluğundan xəbər verir. (Aqil Abbas yazını Qarabağ hadisələrində ilk qurbanların- Əli ilə Bəxtiyarın ölümünün 2-ci ilinə həsr edilib.)
Martın 2-də şəhidlərin qırx mərasimi olur. Qəzet “Azərinform”un şəhidlərin qırx mərasimi xəbəri ilə başlayır. Faciəni əks etdirən fotolar görür,(S.Rasim, H.Enura məxsus), bəstəkar Şəfiqə Axundovanın “Belimiz bükülməsin” yazısını oxuyuruq.
Ayın 16-daisə (9-cu nömrədə) ilk səhifədə Novruz bayramını əks etdirən fotolarvə“Novruz nəğmələri” adlı şeirdərc edilib.Xonça tutub şəkil çəkdirən xanımın üzündə bayram sevincindən əsər-əlamət görünmür, əksinəcizgilərindən kədər yağır. Yanvarın 20-də faciə, martın 2-də şəhidlərin qırx mərasimi, 16-da novruz bayramı… başqa necə olacaqdı ki?
Qəzetin tam orta hissəsində iri hərflərlə verilmiş: “İngiltərə Azərbaycan görüşləri” başlığı diqqətimi çəkir. Cabir Novruz İngiltərə təəssüratlarını bölüşür. Tutuldum. “Anaların, bacıların ahı dəhşət!” yazan şair deyəsən, “Kaş millətdə ruh yaşasın” dediyinə birinci özü əməl edir. Xalqının matəm günündə şair səyahətmi həvəsinə düşüb? Oxuyanda bunu özünün də vurğuladığını bildim. Şair səfərin əvvəldən planlaşdırıldığını bildirir. Hava limanına gedəndə küçələrin qərənfillərə qərq edildiyini gördüyünü yazır.
23 martda Novruz ab-havası davam, A.Mütəllibov da xalqa müraciət edir.
6 aprel 1990-cı il Azərbaycan KP MK Bürosunun məruzəsi geniş şəkildə dərc edilib.
“Ən yaxşı estrada mahnısı” üçün müsabiqə elanı B.Vahabzadənin “Dərdə dözümlü xalqım” mətnini doğruldur. Yanvar ayından üzü bərimillət qan-yaş tökür, aprel ayında estrada müsabiqəsi elan edilir. Adətən, qonşuda yaşlı adam öləndə də yas saxlanar,ruhuna hörmət əlaməti olaraq televizor açılmaz, musiqi dinlənilməzdi. Xalqın faciəsindən cəmi dörd ay sonra estrada müsabiqəsi həvəsinə düşənlər olub. Yaxşı ki estrada musiqisi ilə yanaşı milli alət də unudulmayıb. “Sazın hikməti” Müzəffər Şükürlü(9 fevral 1990-cı il № 4 (2399), “Bu bulaq niyə quruyub?” Mahud Ələsgəroğlu (aşıq Şamaxıdan), “Gəncədə çatılan ocaq” Tərlan Göyçəlinin yazıları saza həsr olunub.
Folklorçu-tədqiqatçı Əkbər Yaşılyurdun (Türkiyə) “On min il əvvəldən bu günə qədər türk xalq oyunları” yazısı da təqdirəlayiqdir. “Yallı” Urfanın halayları” türk bağlılığından bəhs olunan mətniHüseyn Sadıqov tərcümə edib.
Oxunulması vacib olan daha bir yazı professor Həbib Babayevdən: “Bakını nə gözləyir?” Erməni-Azərbaycan münaqişəsindən bəhs edir. “Nə üçün heç yerdə düz və açıq-aşkar deyilmir ki, Bakı talanlarının birbaşa səbəbi Dağlıq Qarabağla Ermənistanın “birləşdirilməsi” (1 dekabr 1989-cu il) və xüsusən Dağlıq Qarabağı Ermənistanın təsərrüfat planına daxil etmək barədə (9 yanvar 1990-cı il) Ermənistan SSR Ali Sovetinin qərarları olmuşdur? Məhz həmin qərarlar ölüm və zorakılıq dalğasını qaldırdı”.
Dərdi şeirə çevirmək də bir ayrı dərd verir. Dərd sözə dönəndə ağı, səsə qoşulanda nalə olur.
12 yanvar tarixində Qabilin dərc edilən “Türkün qəbri” şeiri ilə başlayan poeziyanı getdikcə ağrılardan doğulan digər poeziya nümunələri(N.Kəsəmənlinin sözlərinə M.Babayevin bəstəsi “Ağlama, torpağım, ağlama”, Svetlana Nəcəfovanın “Analar şərəfinə elegiya”, Fikrət Əfəndiyev “Cavanların məzarına”, Fəsat Zeynal “Qərənfil”, Elnarə Buzovnalı “Vətən şəhidlərinin xatirəsinə”, Nəriman Həsənzadənin “Ankarada Rəsulzadənin məzarı önündə”) davam etdirir. Bundan başqa Camal Yusifzadənin Ülvi Bünyadzadə haqqında yazdığışeirlər, Ülvinin qəlbindən axan misralar, B.Vahabzadənin “Şəhidlər” poemasından parçalar da dərc edilib.
“Biz sizin zəkanıza inanırıq” – Azərbaycan və Ermənistan xalqlarının mədəniyyət xadimlərinə bir qrup əcnəbi ziyalıların, o cümlədən Çingiz Aytmatovla, Tengiz Abdullazadənin və31 avqust SSRİ Prezidenti M.Qorbaçova Azərbaycan yazıçılarının müraciət etmələri də üzücüdür.
Həmin il qəzetin müxtəlif nömrələrində xarici mətbuatın Azərbaycana qərəzli mövqeyi dədiqqətdə saxlanılır:
Milis baş leytenantı Mehman Mehmanovun “Həqiqəti günəş kimi görmək lazımdır” məqaləsindən bilinir ki, rus mətbuatı bizə qarşı qərəzli məlumat yayır. “Son iki ildən artıqdır ki, Mərkəzi mətbuat sayıb daha sanballı, daha nüfuzlu təbliğat vasitəsi hesab elədiyimiz və yazdığının “daşdan keçənliyinə” yəqinlik hasil etdiyimiz “Pravda”, “İzvestiya”, “Literaturnaya qazeta”, “Krasnaya zvezda”nın Azərbaycanla bağlı ürəksiz, soyuq, bəzən ikrah, bəzən də lağ, istehza işartıları açıq-aydın hiss olunan məqalələrini oxuduqca, “Zaman” xəbərlər verilişinə baxdıqca həm içində qovrulur, həm öz SSR Vətəninin bir parça torpağına bu cür ögey-doğmalıq istər-istəməz səndə ümumi Vətən hisslərini öldürür,həm də 70 ildir ki, saf bildiyimiz bir xalqın bu cür jurnalist oğullarının belə riyakar və ikiüzlüyü sənin başından elə bil bir qazan qaynar su tökür. Axı mətbuat işçisi lap münasibətimiz pis olan hər hansı bir xarici ölkədən də yazanda faktları təhrif etməməli, öz qələminə, jurnalist məfkurəsinə, nəhayət bir şəxsiyyət kimi həqiqət adlı müqəddəs bir mənəvi sərvətə ehtiramla yanaşmağı bacarmalıdır. Lakin çox təəssüf…
Mən bu yazımda, “Literaturnaya qazeta”nın 7 fevral tarixli nömrəsində dərc olunmuş “Baku do i posle prikaza” məqaləsi haqqında öz rəyimi bildirmək istəyirəm. Müəllifi Andrey Krujilindir. Yazının ümumi ruhundan xəbərdar olmaq üçün onun sərlövhəsinə diqqət yetirmək kifayət edər. Müəllifə görə ordu Bakıya gəlməmişdən qabaq bura dünyanın ən hərc-mərclik yuvası imiş, Sovet hökuməti yıxılıbmış, hamı dönüb ekstremist, terrorçu olubmuş və ordunun buraya yeridilməsi dərdimizə ən yeganə məlhəm imiş. Müəllifin bu qənaəti bilavasitə onun məsələləri kökündən bilməməsi və cərəyan edən hadisələrə əvvəlcədən birtərəfli yanaşmasından irəli gəlir.
Axı Bakıdakı son həyəcan (Dağlıq Qarabağ bir yana dursun) Şaumyan rayonunda, Xanların Kamo, Azad, Çaykənd yerlərində ermənilərin necə deyərlər gəmidə oturub gəmiçiylə dava etməsi, Azərbaycan respublikasının nəinki suveren hüquqlarına hörmətsizliyi, eləcə də bu xalqın şərəfinə, milli hisslərinə meydan oxuması ilə bağlı idi.
Bir şey də qəribədir, vaxtilə A.Volski, bizi siyasi cəhətdən naşı adlandırırdı, indi də A.Kurujilin bizi liberal, kor hesab edir. Biz kor deyilik, həqiqəti günəş kimi görürük. Ancaq sizin kimi əlinə qələm alanlar kor yapalaq kimi günəşdən qorxub ağa qara deyirsiniz. Lakin unutmayın, “haqqın da əyilməz qolu, dönməz üzü vardır.”
“Şeytan yuvaları yaxud erməni mətbuatının uydurmaları”
Rövşən Vəliyev:
“Ətrafımızı bürüyən şübhələrdən, yaranmış ziddiyyət və uçurumlardan ideoloji düşmənlərimiz, xüsusən Qərb mətbuatı və kütləvi məlumat vasitələri geniş və istədikləri tərzdə istifadə edirlər. Necə deyərlər, bu hadisələrin gedişində düşmən tərəf həmişə ümidləri, közü el tərəfinə çəkir. O da təəssüf doğurur ki, bəzilərimiz hətta bu axına qoşulmaqdan da çəkinmirik. Belə olanda şübhəsiz, qurunun oduna yaş da yanır. Dağlıq Qarabağ hadisələrini nə unutmaq olur, nə də biganə qalmaq. Bütün bəlaların düyünləri də məhz, Dağlıq Qarabağın ətrafında və mərkəzində baş verən hadisələr zamanı açılır. Həmin hadisələrin ilk aylarını müşahidə edən Qərb jurnalistləri belə bir ssenarinin mətnini xatırladırlar:
“Qarabağ hadisələri əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında baş verdi. Fikrimizcə, bədbəxt hadisələr vilayətə rəhbərlik edən Boris Sarkisoviçik Gevorkovun adı ilə bağlıdır.
Onu da qeyd edək ki, Qərbdə Azərbaycanı öyrənən səkkiz yeni müxtəlif mərkəz yaradılıb. Yaponiyada, Almaniya federativ Respublikasında, Amerikada, Fransada açılmış bu təxribat mərkəzlərinin məqsədi də aydındır: Sovet azərbaycanını bütövlükdə tədqiq etmək, onun ədəbiyyat və tarixini, adət və ənənəsini saf-çürük etmək, tarixən qədim inqilabi ənənələrini saxtalaşdırmaq.”
“Bakı hadisələri xarici mətbuatda” adlı daha bir məqalənin müəllifi tarix elmləri doktoru, professorYaqub Mahmudovdur.
Əməkdar müəllim Mirhaşım Talışlının “Yalan ayaq tutar yeriməz” məqaləsində Erməni alimi Vartan Qriqoryannın talış milləti ilə azərbaycanlıların qarşı-qarşıya qoyulması pislənilir.
“Milli Azərbaycan hərəkatı” Akademik Ziya Bünyadov. Mövsüm Vəliyev. Tarixdən 1905-1911, 1917-ci illər hadisələri vərəqlənir, 1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan olunması ilə başa çatır.
Nəsib Nəsibzadənin “Azərbaycan Parlamenti” adlı məqaləsində 1918-ci ildə baş verən siyasi hadisələrdən bəhs olunur. Qəzet səhifəsində həmin hadisələri oxuyanda adamda azadlıq duyğuları baş qaldırır. “Azərbaycan hökuməti” məqaləsi, (“Azərbaycan hökumətinin tərkibi”nin siyahısı) “Vicdan komissiyasının sədri” Murtuz Sadıqovun “Rəsulzadənin ailə üzvlərinin taleyi”, Nəriman Əbdülrəhmanlının “Bir dəfə yüksələn bayraq” adlı Rəsulzadədən bəhs edən yazısı artıq milli özünəqayıdışın başlanğıcıdır.
R.Rzanın Azərbaycan KP MK katibi C.Cəfərov yoldaşa məktubunda Azərbaycanda yer adlarının dəyişdirilməsindən şikayət var.
Nəsib Ələkbərov atanın şəhid oğlu haqqında danışdıqlarını “Belimi bükdün” məqaləsində ipə-sapa düzüb.“20 Yanvar gecəsi”, (Hikmət Mahmudov)“Üç dostdan ikisi(K.Aslan və Elman Bədəlov),“Susmaq həmişə qızıldırmı?”(Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun rektoruZemfira Verdiyeva), “Cavabsız sual” (“Kəmərli xeyriyyə Cəmiyyəti İdarə heyyətinin sədri” Aslan Kəmərli), “Naxçıvanda dörd gün”(Aydın Uluxanlı)məqalələri vəİ.Əhmədovun “İz” hekayəsiağrılarımızın sözlə ifadəsidir. Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin əməkdaşları “Quldurlar” mətnində son dörd ayda Kəlbəcərdə şəhid olanların siyahısını veriblər.Güldəstənin yazısının mövzusu da adından bəllidir: “Məhəbbət ölüncə var” İlhamla Fərizə haqqında”.
“Namərd gülləsi Bəhruza dəydi”, İnqilab imzalı “Ayıl ey, millət, ayıl” oxucu məktublarının, Almaz Binnətovanın “İgid Rüstəm-şəhid Rüstəm” və Xankəndindən Ramiz Məmmədzadənin “Bəsdir, Sero xanzodyan” yazılarının hər birində xalqın faciəsi əks olunub. Almaz Binnətovanın daha bir məqaləsində (“Qazax: torpaq namusumdur”)sakinlər danışdırılır,Qazaxdakı yurd yerlərindən, ermənilərin orda törətdiklərindən bəhs olunur.
Qəzet o zamankı Azərbaycanı, mühiti, ab-havanı, siyasi hadisələri tam ehtiva edir. Bütün nömrələrdə 20 Yanvar faciəsi tez-tez xatırlanır. Lap əvvəldən Qarboçovun nitqindən başlayaraq son nömrəyədək oxuyanda böyük faciələrə doğru getdiyimiz bəlli olur. Müstəqillik, ana dili problemi və digər vacib mövzulara həsr edilən mətnlərlə zəngin olan qəzet vətənpərvərlik ruhu aşılayır. Təkcə bu qəzetin illik nömrələrini oxusaq, o illərdə nələr baş verdiyindən ətraflı məlumat ala bilərik.
Şəhid fotoları. (H.Elnurun), “Hələ yara istidir”,“Şəhidlər bizim qəlbimizdədir”. (Ağəli Mansurzadə), “Sərhəd rayonlarımız”, Şəhidlər xiyabanı (fotolar), (Erməni quldurlarından alınmış silah şəkilləri)
“Azərinform”un çap olunan iki kitab haqqında məlumatı. “Qara yanvar, Bakı – 1990 sənədlər və materiallar” “İki ildən bəri davam edən faciə, hadisələrin fotoxronikası” albomu “Azərinform”un jurnalistləritərəfindən hazırlanmışdır.
“Qızıl qərənfillər” Zemfira Rzayeva 20 Yanvar hadisəsi haqqında:
“Şəhidlərin qırxı verilən gün dəfn komissiyası öz işini bitmiş elan etdi. Amma nahaq. Komissiya heç olmasa şəhidlərin ilinə kimi işini davam etdirməli idi.
Şəhidlər üçün ağlayırıq. Bəs itkin düşənlərin, yaralıların taleyi necə oldu?”
“Yaralılardan birinin ərizəsini oxuyanda gözlərimə inanmadım. Ayağını və qolunu itirmiş yaralının vəziyyəti çox ağırdır. Həyat yoldaşı işləmir. Körpə uşaqları var. Özü də hara gedirsə eyni cavabı alır: “Kim sənə demişdi ora gedəsən?” Deməli, şəhidlər üçün ağlayır, Vətən yolunda öldükləri üçün onları qəhrəman adlandırırıq, sağ qalan yaralıları isə ekstremist.”
Nizami Cəfərovun Gürgüstan təəssüratları, Dilarə Əliyevanın “Dərdimizə şərikdirlər” yazısı,Vəli Musayevin gürcü xalqına minnətdarlıq məqaləsi Gürcüstan-Azərbaycan əlaqələrinə həsr edilib.
Dilarə Əliyevanın daha bir mətni də (“Ürək harayı, vicdan səsiylə”) Gürcüstan-Azərbaycan şəhidlərinə həsr olunub.
Nəriman Baxışlı (Əliyev) isə “Dərdimiz birdir” adlı məqaləsində gürcülərlə gərgin münasibətdən yazır.
“Beynəlmiləlçilik, yoxsa millətçilik?”
Məqalədə dil məsələləri, milli şüurun formalaşması, xalqların birgəyaşayış qaydalarına, beynəlmiləlçilik, erməni həyasızlığı və s.mövzulara toxunulub. Müəlliflərfəlsəfə elmləri doktoru professoru Nurələm Mikayılov və fəlsəfə elmləri namizədi dosent Əlikram Tağıyevdir.
“Səbr acı olsa da…” Atabala Hacıbabayevin (?) məqaləsi Bakı şəhər təcili yardım xəstəxanasında yatan Ermənistandan döyülüb təhqir olunaraq qovulan azərbaycanlılardan bəhs edir. Məqaləni oxuyanda adam dəhşətə gəlir.
Faciədə itkin düşənlərin sonda Xızır İlyas kimi qayıdacaqlarına inamhissini Musa İsmayılsoylunun “İtkin düşən balam hey” məqaləsi oyadır.
Valideyn harayını bu dəfə “Ağlar ana məktubu” adıyla Nəriman Həsənəliyevhazırlayıb. Mövzunun daim diqqətdə saxlanıldığı Əminə Tuncayın (Abbasova) “Şəhid anasıyla görüş” yazısından da bəllidir.
Qərənfil Dünyamalıqızının “Gərək belə olmayaydı”, İntiqam Səmədovun “Vüsal Baxışov və Elşad İsmayılov haqqında” yazıları da eyni mövzudadır.
“Qarabağ dərsləri” “Ləmbəli həsrəti” yenə soydaşlarımızın doğma yurdlarından qovulması haqqında.
Qılman İsmayılov tarix elmləri namizədi. Səfalı Nəzərli
Aprelin 27-də “Ümidlə gözləyirik” başlığıyla Gədəbəyin Şınıx kəndinin iqtisadi vəziyyəti ilə əlaqədar məktub dərc edilib. Məktubda Şınıxın boş, viran qaldığı bildirilir. Uşaqlığımı xatırladım. Müharibənin ağır havası bizi də az vurmadı. Təpəyə çıxıb atəşə tutulan kəndlərə baxıb ağlayırdıq.Ermənistanla sərhəddə yaşayan qohumlar kəndimizəüz tuturdular, onların qorxu və həyəcanları bizə də sirayət edirdi.
28 dekabrda Atabala İsmayıloğlunun “Şəhidlər, didərginlər” yazısı faciənin ildönümünün yaxınlaşmasından xəbər verir. 1991-ci ilin yanvar ayının 11-dən faciənin il dönümü iləbağlı yazılar görünməyə başlayır.
Ağdam Dövlət Dram Teatrınıntəqaüddə olan aktrisası ilə söhbəti Yaqub Məmmədov“ Rollarım yuxuma girir” sərlövhəsilə qələmə alıb.Məqalə hazır olunca Ağdam şəhəri noyabr ayının 20-də işğaldan azad edildi.Erməni vandallarının dağıtdığı şəhərin yayılan görüntülərində sözügedən teatrın binasını xaraba vəziyyətdə gördük.
Qələbə qazansaq da ehtiyatlı olmalıyıq. Erməni xisləti dəyişməyib. Havadarları da iş başındadırlar. Buna sübut olaraq xronologiyanı pozub qəzetdə ilk aylarda dərc edilən oxucu məktubunu sona keçirməli oluram.
“Oxucu səsləri” Əşrəf İbrahimov:
“Şəkidən S.Məmmədov yazır ki, nə üçün təzə qoşun hissəsi çağırmaq fikrinə düşmüşük? Yaxşı olardı ki, o qoşun torpağımıza gözünü dikənlərin respublikasına göndərilsin və orada sakitlik yaradılsın. Bir də qol gücünə yaradılan sakitliyin (Dağlıq Qarabağdakı) daimi olacağına kim təminat verə bilər?”
Göründüyü kimi, bu gün də Qarabağa rus sülhməramlılarının gətirilməsi məsələsi müzakirə olunur.Faciələrimizin təkrarlanmaması üçün bu gün bu hadisəni tərəddüdlə qarşılayırıq.Xalq haqsız deyil, tarixdən dərs götürmüşük. Şuşanı əlbəyaxa döyüşlərlə azad etməyimiz Xocalını ovundura bilərmi?
Otuz bir yaşlı 20 Yanvar faciəmiz yaşa dolduqcaçox şey dəyişdi, həqiqətisə yerindən tərpədə bilmədilər – Qarabağ Azərbaycandır!
Nə vaxtsa kimsə məni kimi kitabxanalarda 2020-ci ilin dərgilərini axtaracaq. Qəzetlərin və yaxud jurnalların səhifələrində Azərbaycan xalqının 2020-ci il boyunca pandemiya dövründəki çətinliklərindən bəhs olunacaq. Araşdırmaçı isə daha çox bir mövzu üzərində dayanacaq – sentyabrın 27-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin başladığı müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu onu göstərdi ki, aləm koronavirusa dönsə də yaddan çıxmadı Qarabağ! Azərbaycan xalqı qırx dörd gün ərzində işğalda olan torpaqlarını düşmən tapdağından azad etdi.

Məlumatı hazıladı: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aynur Məhərrəmli – O gecə

O GECƏ

(esse)

Bir insan, bir toplum, məsum insanlardan ibarət günahsız xalq, sadəcə, müstəqil yaşama sahib olmaq, asılılığı inkar etmək üçün nə qədər vəhşətlə üz-üzə, göz-gözə gəlmiş ola bilər?
Cəfakar xalqımdan, yaşlımdan, uşağımdan, balasının bayrağa bələnmiş tabutuna sarılan ağbirçək anamdan soruşun. Soruşun ki, nə gördü millətin qaranlıqda, qan içində? Nə görə bildi kor edilən millət o dəhşət gecəsində? Nələri evində qoyub bir daha qayıda bilmədi? Ocağının hənirtisi bir də heç vaxt canına dəymədi.
Bəlkə, qara buludlar çəkilər, gün üzü görünər deyə “Öldü var, döndü yox”a sarılan candan sədlərin qəlblərindəki vətən eşqi, ruhlarındakı azadlıq atəşi, damarlarındakı qaynar qan günlərdir olduğu kimi, şaxtanın insanı kəsdiyi o gecə də ölümə sinə gərən heç kəsi üşütmürdü.
Lakin əliyalın, gülləyə, bədəni parçalayan tanklara qarşı ruhuyla vuruşan ana yurdun övladları buz kəsəcəklərini, qanlarının quruyub, bitib, donacağını təxmin etməmişdilər. Düzdür, atılan güllələrə alışırdılar, amma bilirdilərmi ki, “Ziyansızdır, narahat olmayın” deyə tanıdılan düşmənlər onlara nə divan tutacaq?
Sağa-sola insafsızcasına, qana susamış şəkildə açılan atəşlər nə köksünü ötürməmiş, şəhadət gətirməmişlərin canını göyə sovurdu. Məhəbbətlər, həyatlar, böyük xəyallar pərən-pərən ətrafa səpələndi, viran oldu.
Səbirsizliklə gözlənən xəyallardan biri Məmmədovların ailəsində, evin qızının qəlbində yarım qaldı. Adına görə uşaqlar arasında xoş qarşılanmayan gələcəyin, elə indinin gözəl piano müəlliməsi olacaq Larisa adını dəyişəcəyi, anası Qalina xanım isə qızının böyüyəcəyi zamanları dörd gözlə gözləyirdi. Fəqət Larisa “Leyla” ola bilmədi, anası 13-ünü gördüyü övladının 43-ünü görmədi. Larisa heç böyümədi. Atası Fərman bəy ilə bərabər ikən can verən balaca Larisanın yarası yalnız onun deyil, o dəhşətli anlarda balasından xəbər tuta bilməyən çarəsiz ana və atanın da ürəyində açılmışdı sanki. Qanla islanan Larisanın paltosu idi, doğrudur, amma bir o qədər qanı da anası qəlbinə axıtmış, körpəsinə ağlamışdı.
Baş verdiyi ilk gündən şeirlər, yanğınlı nəğmələr, əsərlərin saysız olduğu bu vicdansız əməl – soyqırım – parlaq istedadı, fədakar maarifçimizi əbədiyyətə, ülviyyətə, ən yüksək məqam – şəhidliyə ucaltdı.Suverenlik üçün mübarizənin ən qızğın nöqtəsindəki can qardaş-bacılarına hərəkatda, ocaq başında dəstək olurdu çiçəyi burnunda, hələ 21-ində olan Ülvi. Hisli və solğun bənizinin halını düşünmədən müəlliminin can yandırıb verdiyi şirin çayla imtahanını verən o misilsiz tələbə buradakı dərsini tamamlayıb, fərqli bir dünyada imtahanından keçməyə yollandı. Evin səssiz, amma dahi ruhlu uşağı Ülvi balaca vaxtından yazırdı. Əsl eşqi vətənindən, sevdiyi qızdan yazırdı. Şübhəsiz ki, torpağı üçün ölməyə, torpaq olmağa hazır idi, ancaq şeirlərində həmişə bir hüzün, qüssə vardı, elə bil ölümə tələsirdi. Sanki hiss edirdi Ülvi nakam gedəcəyini. “Dedim , köçsəm bu dünyadan, köks ötürüb anasısan”, – deyirdi o. Anırıq, Ülvi, səni dillər anır. “Adsız uyuyuram bu qərib yerdə” yazmışdın, adın hamıya tanışdır indi, vətən oğlu. Anandan nigaran idin, qardaş axtarmışdın onu ovutmağa, sən ananı nigaran etdin.
Ədəbiyyatın özülü eşq dastanlarını boynu bükük qoyanları unutmaq, şəksiz, günahdır. Bəlkə, canına qıymaq da günahdır, ancaq məhəbbətinin arxasınca bətnində körpəni atasına, özünü sevgilisinə çatdırmaq üçün edilən qəsdə Tanrı belə səssiz qalmağı seçir. Silahsız millətinə zirehli texnikayla hücum edilməsi kimi bir şərəfsizliyi qəbul etmək istəməyən İlham gecə yarısı tankın önü düşmənin dilində “İnsanlar silahsızdırlar, güllə atmayın!” deyərək çıxır. Körpəyə belə rəhm etməyənlərin namərd gülləsi İlhamın sinəsini paralayır. Səhər ən azından yaralı olsa da həyatda olmasını diləyərək anası və qardaşı xəstəxanaları axtarmağa çıxanda yol üstündə gördüyü qan gölməçəsinə “Hansı anası ölmüşündür, nə şirin qandır”, – deyir Ofeliya xanım. Bilmir ki, içində Fərizəni daşıdığı, bağrı yarılan doğmaca oğlunun qanıdır. Onun tapıldığını anası özü aldığı yerdəki qırmızı şərfdən anlayır.İlhamın vəfatına tab gətirə bilməyən Fərizə vəsiyyətini göz yaşları içində, qıvranarkən “Məni ağlamayın” yazdığı yarım məktubla açıqlamağa çalışır. “Onsuz da bu…” deyə qalır, tamamlanmır yazı, amma onsuz da bu sarsılmaz sevgi bağı idi, elə deyilmi, Fərizə? Hər adət-ənənəyə uyğun yuva quran cütlük adətdən kənarlaşdırılıb dəfn edilir. Fərizə orada uyuyan hər şəhidin bacısı olur. Hər zamanki kimi İlhamın sol yanı olur.
Hər kəs əlindən gələni edərkən balaca İlqar da edə biləcəyi heç nəyi əsirgəmir. Sırf isinə bilsinlər deyə kazarmadakılara odun daşıyan 12 yaşlı İlqar içərisində olduğu maşının üzərindən tankın keçməsi ilə dünyasını dəyişir. O, bu gün də şagirdi olduğu və digər məktəblərdə yad edilir. Onun yaşıdlarına və ondan balacalara qürurla danışılır.
Elə qəhrəman soydaşlarımız var ki, hissələrə ayrılmış vücudundan dəfnində yalnız qolunu basdırırlar. Yusif kimi.
Bəlkə də , adları, yaşları bilinmir, amma bu qanlı və şanlı tarixin üzərindən illər ötdükcə, hər il onları da görməyə gəlirlər. Kim olduğundan agah olmadığımız o rəşadətli kəslər onları ziyarət edişimizlə təsəlli, təskinlik tapırlar.
İnsanlığın bətərini görmədiyi, şənliklər yaraşığını qana bulayıb matəm çiçəyi edən Azərbaycanın bu qara tarixi indiki və sonrakı nəsillər dərk etdikcə anılacaq və anılmalıdır. Unudulması qeyri-mümkün olan bu vahiməli və dəhşət dolu hadisələr bu torpağa məxsus hamının əbədi matəmidir.
Onlar bizim üçün öldülər, amma bizim üçün ölməyəcəklər.

Aynur Məhərrəmli,
şagird-həvəskar yazar

Aynur Məhərrəmlinin yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Axıdılmış qanın izi ilə”

“AXIDILMIŞ QANIN İZİ İLƏ”

ALTMIŞ ÜÇÜNCÜ YAZI

(Nigar Səttarzadənin eyni adlı kitabı haqqında)

Salam olsun, çox dəyərli oxucum! Yurdumuzun şanlı (hərb) tarixində qurumuş qan rəngində heç vaxt silinməyəcək, ləkə kəsmiş bir iz var. Zaman-zaman “qanlı yanvar”, “20 yanvar”, “hüzn günümüz”, “qürur günümüz” kimi xatırladığımız bu gün (günlər) yaxınlaşmaqdadır. Həmin müdhiş günlərin ərəfəsindəyik. Aşağıda yuxarıda böyük əminliklə vurğuladığım “heç vaxt silinməyəcək” məsələsinə bir daha aydınlıq gətirəcəm. O barədə bir az sonra… Mətləbə keçməzdən əvvəl həmin günlərə (1990-cı ilin 20-si yanvar və ondan sonrakı günlərə) qısa tarixi ekskurs etmək istəyirəm. Həmin vaxt mən Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində X sinfdə oxuyurdum (Artıq “Lenin yolu” qəzetində demək olar ki, müntəzəm dərc olunduğum vaxtlar idi). 19-undan 20-sinə keçən gecə Bakıda baş vermiş qanlı qırğından 20-si sübh tezdən kəndə gələnlərdən şifahi məlumatla xəbər tutduq. Həmin gün dərs olmadı. Müəllim və şagirdlər, bütün kənd camaatı kəndin Ağdam tərəfdən girişində toplaşıb xeyli müzakirə (mitinq)  etdilər. Bakıdan gələn şahidlər danışdı biz dinlədik. O gün həmin yerdə 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidənin bünövrəsi qoyuldu (şəhidlərin 40-na qədər abidə hazır olmuşdu 40-da abidənin önündə yenə mitinq oldu – mitinqdə  tanınmış hərbi foto-reportyor  mayor Nağı Yusifcanlı tərəfindən çəkilmiş foto indi də şəxsi arxivimdə qalmaqdadır). Bir müddət sonra kəndin girişindəki post da orada qurulacadı… İndi də həmin yerə “Abidə”, “Abidənin yanı” deyirik… Sonrakı günlərdə  Şuşadan televiziya qısa yayımlar etməyə başladı (Bakıda televiziyada baş verənlərdən hamının xəbəri var idi)…  Şəhidlərin 40-na qədər və  ondan sonara qısa bir müddət ərzində çox saylı  fotolarla qəzet məqalələri (xüsusilə “Vətən” cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetini vurğulamaq istəyirəm) ilə yanaşı tərtibçilərindən biri Azərbaycanın Xalq  yazıçısı Çingiz Abdullayev olan, fotolarla müşayət olunan publisistik yazılardan ibarət rus dilində “Черный январь Баку – 1990” kitabı və Azərbaycanın Xalq şairi rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərdən ibarət ana dilimizdə “Şəhidlər” kitabı nəşr olunmuşdu. Sonrakı illərdə həm televiziya və radio efirlərindən, həm də müxtəlif mətbuat orqanlarından çoxlu sayda şahidlərin xatirələri ilə tanış olduq… Hər il təkrar-təkrar baxdıq, dinlədik, oxuduq… Nəhayətdə “20 yanvar” qurumuş qan rəngində qapqara qan yaddaşımıza çevrildi… Yuxarıdakı “HEÇ VAXT SİLİNMƏYƏCƏK” körpüsü üzərindən mətləbə, söhbərimizin məğzinə, görüşümüzün səbəbinə keçmək istəyirəm.

HEÇ VAXT SİLİNMƏYƏCƏK “AXIDILMIŞ QANIN İZİ …”

Yuxarıdakı qısa haşiyədə qeyri-adi heç nə yoxdur. Bu qeydlər həmin günləri yaşamış canlı şahidin – yeniyetmənin gördüklərinin, eşitdiklərinin təzahürü-inkasıdır. Ancaq haqqında söhbət açacağım “Axıdılmış qanın izi ilə” kitabının mövcudluğu artıq hadisə, tarix, milli kimlik, qan yaddaşı, genefond məsələsidir. Kitabın müəllifi Nigar Səttarzadə 7 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. Atası Nazim (Allah rəhmət eləsin) müəllim də tanınmış qələm adamı olub. Hətta atasının da yazıçı olması belə Nigarın qəhrəmanlıq göstəricisinə xələl gətirmir, onun gördüyü işin miqyasını kiçiltmir, əhəmiyyətini azaltmır. 20 yanvar hadisələrindən bir il sonra həmin hadisələrin baş verdiyi şəhərdə (şəhərin mərkəzində) dünyaya göz açan Nigar Səttarzadə eşitdikləri, gördükləri (lent yazıları və filmlərdə) əsasında özündə formalaşdırdığı milli təəssübkeşlik ruhundan güc alaraq belə bir məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlmişdir. Bu məqamda yuxarıdakı qeyidlərimə daha bir nümunəni əlavə etmək istəyirəm. Mərhum Qələndər Xaçınçaylının “Güllə işığında” məlum hadisələrdən bəhs edən povestilə də tanışam və rəhmətliyin sağlığında (AYB-nin “Natəvan” zalında təqdimat zamanı da) kitab barədə özü ilə söhbətimiz – müzakirəmiz olub. Yəqin ki, mənim hələ rastlaşmadığım başqa nümunələr də var. Bu qəbildən olan demək olar ki, bütün mətnlərdə publisistikanın təsiri hiss olunur, izləri aydın görünür… Məhz bu baxımdan  “Axıdılmış qanın izi ilə” başqa izlərə qarışmır. Nigar Səttarzadənin əsəri bütün məziyyətləri ilə sırf bədii əsərdir. Məncə gənc yazar bir az da irəli gedərək oxucunu ələ almaq üçün kitabçılıq sənayesinin və oxucu bazarının tələbləri ilə vacib fəndlər işlədib.

KİTABIN ÜSTÜNLÜKLƏRİ

Müəllif böyük təvazö göstərərək, özünü hər vəchlə gənc yazar kimi təqdim etməyə çalışsa da, Nigar Səttarzadə imzası Azərbaycan və Türkiyə oxucusuna kifayət qədər tanışdır. Bu fikrimi təkcə son 20-25 gün ərzində ən azı 3-4 dəfə fərqli məkanlarda olduqca müxtəlif auditoriyanın iştirakı ilə  təşkil olunmuş imza günləri, müzakirələr, görüşlər də təsdiqləyir. Məncə, Nigar Səttarzadə kitabçılıq sənayesində ilk uğurlu addımlarını atan, oxucu bazarı uğrunda istənilən müasir yazıçı ilə ədalətli rəqabət apara biləcək gücdə olan püxtələşmiş (və ya püxtələşməkdə olan) yazıçıdır. Müəllifin və şübhəsiz ki, kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin qərarı ilə bədii-tarixi roman kimi səciyələndirilərək təqdim olunmuş “Axıdılmış qanın izi ilə” əsəri sözün əsl mənasında həm bədiilik, həm də tarixilik baxımından böyük nümunəvi, eyni zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. “Kitabçı” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın fiziki göstəriciləri demək olar ki, müasir tələblərə tam cavab verir. Əsas məsələyə – kitabın içindəkilərə gəlincə, əsərin qayəsi insan, insanlıq, ayrı-ayrı fərdlər, onların özünü cəmiyyətdə necə aparması, ailə, ailədaxili münasibətlər, uşaqlar, böyüklər, xalqlar, onların fərqli dilləri, müxtəlif zümrədən olan fərqli peşə sahibləri və s. və il. … bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq  xüsusilə indiki dövrdə belə uzunçuluğa ehtiyac yoxdur. Çünki, qoyulmuş problemdən, qaldırılmış məsələdən asılı olmayaraq mərkəzdə insan, onun  milliyətindən, dilindən, dinindən, mənsəbindən asılı olmayaraq səhvləri, yalnış qərarları, sonra aradan qaldırılması mümkün olmayan nəticələr dayanır.

Nigar Səttarzadə nəql edəcəyi hekayətə birbaşa mərkəzdən – kuliminasiya nöqtəsindən başlayır ki, bu da zamanın tələbi ilə ayaqlaşmanı göstərən daha bir təqdirəlayiq addım kimi qeyd olunmalıdr.  Oxucunu ilk sözdən, cümlədən ələ almaq olduqca önəmlidir. Əgər, diqqətli oxucu, izləyici, dinləyici fikir versə görər ki,  xüsusilə son 5-6 il ərzində əksər filimlər, hətta cizgi filmləri, hekayətlər, əhvalatlar kəskin və qızğın hərəkətlə başlayır. Bu başlanğıcda yeganə məqsəd oxucunu, dinləyicini, izləyicini, tamaşaçını sonra nə olacağın ardınca aparmaqdan ibarətdir.

Nigar Səttarzadə də dünyanın harsında yaşayıb-yaratmasından asılı olmayarq  öndə olan müasirləri kimi hadisənin “ən hərəkətli” (qəhrəmanı yartaqda uzanıqlı olsa belə) yerindən – ortasından (“0” nöqtəsindən) Miladdan Öncə, Milladdan Sonra prinsipi ilə öz hekayətini nəql etməyə başlayır və böyük ustalıqla (yazıçı peşəkarlığı ilə) olduqca müxtəlif zaman və məkanlarda baş vermiş hadisələri bir-birilə bağlayır. Olduqca fərqli və ibrətamiz insan talelərini əlaqələndirir. Keçidlər edir. Demək olar ki, əsər boyu zamanın itməsi və qəfildən peyada olma halları ilə rastlaşmırıq. Rüstəm doktorun daxil edilməsindən tutmuş, Qədirin ailə hekayətinə kimi bütün hallar “qanlı izi” sürməyə xidmət edir. Məncə, müəllifin hayqırarq demək istədiyi bircə fikir var: İNSAN OLUN!

XIRDA NÖQSANLAR

Əlbəttə, ümumi işin xeyirinə olaraq belə bir gözəl və faydalı nümunənin növbəti nəşrlərdə daha da təkmilləşməsi üçün gördüyü hər bir xırda nöqsanı göstərmək  yaxşı dostun, qələm yoldaşının vəzifə borcu olmalıdır. Yuxarıda qeyd etdiyim kimi kitab demək olar ki, poliqrafik məhsul kimi ideal – müasir bazarın tələblərinə tam cavab verə biləcək səviyyədə çap olunub. Mövzu seçimində, əhatəlilikdə, faydalılıqda, məzmunda, ifadə tərzində heç bir problem yoxdur. Əksinə yüksək peşəkarlıq, ustalıq hiss olunur. Eyni zamanda xırda texniki qüsurlar da var. Belə ki, bütün kitab boyu bir neçə eyni orfoqrafik xətanın davamlı şəkildə təkrarlanması halı var. Ümidvaram ki, növbəti nəşrlərdə bu xırda nöqsanlar da aradan qaldırılacaq.

KİTABIN FAYDASI VƏ ƏHƏMİYYƏTİ

Nigar bu əsəri yazmaqla  qanlı yanvar hadisələrinin silkələyib oyatdığı şəhərin, məmləkətin övladı olduğunu həm mənəvi, həm də fiziki baxımdan sübut edir, təsdiqləyir. Digər maraqlı məqam ondan ibarətdir ki, hələ neçə belə Nigarlar doğulacaq. Nigar Səttarzadənin bu kitabı gələcək nəsillərə  gözəl bir nümunə olmaqla yanaşı, müəyyən dairələr üçün də tutarlı ismarıcdır.  Tomrislər, Saray xatunlar, Nüşabələr, Həcərlər var olduqca bu izi itməyə qoymayacağıq! Axıdılmış qanın izi ilə sona qədər gedəcəyik!

TÖVSİYƏ

20 yanvar hadisələrinin növbəti il dönümü ərəfəsində 1990-cı il qanlı yanvarın 19-undan 20-sinə keçən gecəsinin qaranlıq küçələrinə işıq salan “Axıdılmış qanın izi ilə” kitabını mən bu Yurdun övladıyam deyən hər bir kəs mütləq oxumalıdır. Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabını oxumaq istəyənlər  Bakı şəhərinin mərkəzində, 28 may metro stansiyası yaxınlığında, M.Qaşqay 8 ünvanında yerləşən “Kitabçı” kitab evindən əldə edə bilərlər. Kitabı əldə edib oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Kitab haqqında resenziyalar ilboyu “Yazarlar” jurnalında və “yazarlar.az” saytında dərc olunacaq. Seçilmiş məqalələr 2025-ci ilin sonunda “İZ SÜRƏNLƏR” adı altında toplu kimi çap olunacaq. Bu yazı sənin ilk məqalən, bu kitab sənin ilk kitabın ola bilər. Niyə də olmasın. Kitab haqqında irili-xırdalı rəylərinizi zauryazar@mail.ru ünvanına göndərməyi unutmayın. İşıtırakçılar üçün sürpriz hədiyyələr nəzərdə tutulub. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZI – ŞƏHİDLƏR

20 YANVARA AİD ŞEİRLƏR

ŞƏHİDLƏR
Millətim yol gəlir neçə min ildir,
Yolunu-izini çəkər şəhidlər.
Yerdə aslan kimi durar marıqda,
Göydə şahin kimi səkər şəhidlər.
* * *
Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
* * *
Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər.
* * *
Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar,ömrünü bağban eyləyər.
Canını xalqına qurban eyləyər,
Qanını yurd üçün tökər şəhidlər.
* * *
Özü qocalmaz ki,əsri qocaldar,
Gələcək,gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.
* * *
Bayraqtək ucadır adı onların,
Adları titrədir yadı onların
Qanında doğmaqçün qəhrəmanların,
Millətin ruhuna çökər şəhidlər.
* * *
Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD – ŞƏHİDLƏRİN RUHUNA

20 YANVARA AİD ŞEİRLƏR

QƏRƏNFİL
Ağladın Azadlıq şəhidlərinə,
Bir az da dənizə ağla,qərənfil.
Ağla ölənlərin itmiş ruhuna,
Bir az da kükrəyib çağla,qərənfil.
* * *
Bizdən yan keçmədi ölüm,fəlakət,
Günah işlətmişik,yoxsa qəbahət?
Baxışlar nigaran, ürək narahat…
Bir az da sinələr dağla,qərənfil.
* * *
Bu nə intizardı,bu nə sualdı,
Dəniz susub,dinmir,elə bil laldı,
Son ümid şöləsi közərə qaldı,
Bir az da yaramı bağla,qərənfil.

DEYİRLƏR, KİŞİ AĞLAMAZ…
(20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…)
Deyirlər,kişi ağlamaz,
Ancaq hamı ağladı o gün,
Anam ağladı,
bacım ağladı…
Göz yaşları gildir-gildir,
elə bil ki,
seldir…
O vaxt atam da ağladı-
1990-da…
Onda ərşə qalxdı,
sinə dağladı atamın
anamın,bacımın naləsinə
qarışan yanıqlı
fəryadı…
O ağladı,sızladı,mən düşündüm,
Sakit,təbiətən mülayim
atam niyə ağlayır?
Üşüdüm…
Mənə elə gəldi ki,o ayazlı,
şaxtalı gecədə
küçədə əliyalın,sinəsini düşmən gülləsinə
Sipər edən mən idim…
Atam mənə görə ağlayırdı,
Sən demə,
Vətən oğulları üçün
sızlayırdı.
Deyirlər,kişilər ağlamaz,ancaq
ağladı atam o şənbə gecəsinin
dəhşətinə,vəhşətinə…
İlham üçün özünü qurban
verən Fərizənin həsrətinə.
Yandı şair təbiətli Ülvinin
gəncliyinə,nakam ömrünə
O gecə şəhidlik zirvəsinə ucalan
oğullar üçün ağladı atam…
Deyirlər,kişi ağlamaz,ancaq
atam ağladı,mənə görə yox-
Şəhid olmuş qardaşıma,bacıma…
5.05.2014. Quba-Zərdabi.

ŞƏHİDLƏRİN RUHUNA
Güllər buta bağlayanda,
Çaylar daşıb çağlayanda,
Qərənfillər ağlayanda
Ağla şəhid ruhlarına
Bir dəstə gül bağla
şəhid ruhlarına.
* * *
Gəncdi Ülvi Bünyadzadə,
Nakam ömrü getdi bada,
Gətirib sən onu yada
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Leyli-Məcnun əfsanədir,
Sədaqətə nümunədir–
Onlar İlham-Fərizədir.
Ağla şəhid ruhlarına
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Bir olmuşuq həmişə biz
Azad olsun Vətənimiz.
Mövlud,çatar zəfərimiz…
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına….
13.12.2014. Quba-Zərdabi.

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GECƏNİN NAĞILI – NAİBƏ YUSİF

20 YANVARA AİD ŞEİRLƏR

GECƏNİN NAĞILI

Hava sakit idi o gecə…
Ulduzlar sayrışır,
Ay gecəylə yarışır,
yorğun bulud sərin mehlə barışır,

topa-topa üzürdü dənizə sarı.
Çəkilmişdi qınına Xəzərin dalğaları…

Xəzri daradıqca çal tellərini
köpüklər öpürdü sahillərini…

Qayalar dərd-səri başdan atmışdı,
Suların qoynunda rahat yatmışdı…

Qağayı qoşurdu sevgidən bəstə,
Zümzümə edirdi həzin, ahəstə…

Hava sakit idi… Şəhər nigaran…
Meydanlar qaynayır, gecikir fərman…

“Azadlıq!” sədası dəlir səmanı,
Gətirir salama bütün dünyanı.

Birləşən əllərim deyir:”Azadlıq!”
Oyanan ellərim deyir:”Azadlıq!”
Nəğməkar dillərim deyir:”Azadlıq!”

Sədalar ucalır, sərhədlər aşır,
Mavi səmaların üstə dolaşır…

Hava sakit idi… Gecə yarısı
Gizləndi buludda Ayın yarısı…

Ulzdular sönərək yumdu gözünü,
Çəkdi kül altına odlu közünü.

Gurultu bürüdü bütün şəhəri,
Başladı güllənin “ölüm” səfəri.

Kinin, xəyanətin, məkrin qarısı,
Süründü şəhərə gecə yarısı…

Yarışdı güllələr biri-biriylə,
Yedi cavanları odlu diliylə…

Birləşən yumruqlar kövrəlmədilər,
Ölüm qorxusundan seyrəlmədilər.

Yeridi ölümün üstə şəhərim,
Zülməti qanında boğdu səhərim.

Qeyrətlər çevrildi odlu silaha,
Çiləndi al qanı gələn sabaha…

Hər damla çevrildi al qərənfilə,
Döndü sinəmizdə ötən bülbülə…

Dolandı həftələr, döndü fəsillər,
İllərin üstünə qalandı illər.

Sönmədi qəlblərin arzu-diləyi,
Çökdü önümüzdə ölüm mələyi.

Üçrəngli bayrağım səmanı yardı,
Qüdrəti düşməni lərzəyə saldı.

İmzalar içində anıldı adım,
Kimliyim, mənliyim – türklük soyadım.

Doğuldu şəhidim hər doğan günlə,
Uyudu qəlblərdə imanla, dinlə.

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ – 20 YANVAR

SƏLİM ABBASZADƏ
Səlim ABBASZADƏ

NORVEÇDƏ YAŞAYAN SƏLİM ABBASZADƏ – 20 YANVAR

SƏLİM ABBASZADƏ

Müəllif: Səlim ABBASZADƏ

SƏLİM ABBASZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru